” mövzusunda magistr dissertasiyasi ixtisasın şifri və adı 060401 “Dünya İqtisadiyyatı”



Yüklə 0,67 Mb.
səhifə2/8
tarix04.02.2018
ölçüsü0,67 Mb.
#23646
1   2   3   4   5   6   7   8
Dünya Bankının krеdit siyasətindəki əsas yеri uzun müddətli krеditlər tutur ki, bu krеditlər 20-25 illik müddətə vеrilir. Оrta müddətli krеditlər bankın krеditləri arasında çоx az paya malikdir. Çünki krеditlərin çоxu investisiya qоyuluşu üçün istifadə еdilir.

Dünya Bankı idarəetmə şurasının rəhbərliyi altında fəaliyyət göstərir. İdarəedici şura Bankın siyasətini müəyyən edən və qərar qəbul edən ali orqandır. Hər bir üzv ölkə idarəedici şurada təmsil olunur və hər bir üzv dövlət adətən nazir səviyyəsində hökumət rəsmisindən ibarət olan başçı təyin edir. Üzv olan ölkələrin icraçı direktorları idarəetmədə öz payları olan aksionerlərdir. Hansı ki, son qərar qəbul olunanda onların fikri nəzərə alınır. Hər üzv olan ölkə idarəçi və alternativ idarəçi təyin edir ki , onlar da Baş İdarə Heyyətinin qərarlarını yerinə yetirir. İdarəçilər hökumətin nümayəndələri ilə Dünya Bankının hər ilin payızında Vaşinqtonda keçirilən iclasında görüşürlər. Onlar Dünya Bankının əsas fəaliyyət prinsipləri haqqında qərarlar qəbul edir və ya üzvlükdən azad edir, ilkin kapital haqqqında dəyişikliklər barədə qərar qəbul edirlər və Dünya Bankının gəlirlərinin bölünməsini, büdcəni və maliyyə hesabatlarını təsdiqləyirlər. Göründüyü kimi hökumət nümayəndələrinin görüşü ildə bir dəfə keçirilir. Əsas işi isə Direktorlar Şurası görür. Dünya Bankının ştabında hər üzv ölkənin öz ştab kvartirası var. Onlar daimi Vaşinqtonda fəaliyyət göstərirlər.

Beş iri aksionerin – ABŞ, Fransa, Almaniya, Yaponiya və İngiltərənin ayrılıqda öz icraçı direktorları var. Qalan üzvlər isə 19 icraçı direktor təyin edirlər. Çin və ona birləşən ölkələr bir; Rusiya və ona birləşən ölkələr bir; Səudiyyə Ərəbistanı və ona birləşən ölkələr bir və beləliklə başqaları çoxsaylı şəkildə bir icraçı direktor təyin edirlər. Beləliklə, 24 icraçı direktoru həftədə iki dəfə yığışıb Dünya Bankının fəaliyyətinin bütün sahələrini müzakirə edir , məsələləri həll edirlər. Ənənəyə görə Dünya Bankının prezidentliyinə 5 il müddətinə ən iri aksioner ölkənin–ABŞ-ın vətəndaşı seçilir. O, Direktorlar Şurasına rəhbərlik edir və Dünya Bankının ümumi fəaliyyətinə cavabdehdir.

Dünya Bankı inkişaf məqsədilə yardım göstərən dünyada ən iri maliyyə mənbələrindən biri sayılır. Onun əsas məqsədi, əhalinin ən yoxsul təbəqələrinə və eləcə də ən yoxsul ölkələrə yardım göstərməkdən ibarətdir.

Dünya Bank Qrupuna - Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Beynəlxalq İnkişaf Assosiasiyası, İnvestisiyaların Təminatları üzrə Çoxtərəfli Agentlik və Beynəlxalq İnvestisiya Konfliktərinin Aradan Qaldırılması Mərkəzi daxildir. Dünya Bank Qrupuna daxil olan bu institutların ümumi məqsədi maliyyə və məşvərətçi (konsultativ) yardım, kadrların hazırlığı üçün yardım göstərilməsi vasitəsilə daha az inkişaf edən dövlətlərin iqtisadi və sosial inkişafına yardım göstərməkdir. Dünya Bankının qarşısına qoyduğu məqsəd yoxsulluğu aradan qaldırmaq və həyat səviyyəsini artırmaqla dayanıqlı inkişafa yardım göstərməkdir.



Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı - beynəlxalq investisiya təsisatı, ən iri beynəlxalq maliyyə təşkilatlarından biridir. BMT-nin beynəlxalq valyuta-maliyyə konfransının (Bretton-Vuds, 1944) qərarına əsasən Beynəlxalq Valyuta Fondu (BVF) ilə eyni vaxtda təsis edilmişdir. Çox vaxt Dünya bankı adlanan BYİB hüquqi baxımdan BMT-nin ixtisaslaşdırılmış maliyyə təsisatıdır. Mənzil qərərgahı Vaşinqtonda (ABŞ) yerləşir. 1946-cı ildən fəaliyyət göstərir. BYİB-in üzvləri yalnız BVF-ə daxil olmuş ölkələr ola bilər. BYİB-in rəsmi məqsədləri bankın üzvləri olan ölkələrə uzunmüddətli kreditlər və zəmanətlər verilməsi yolu ilə həmin ölkələrin iqtisadiyyatının yenidən qurulmasına və inkişafına yardım və kömək etməkdir. BYİB həm hökumətlərə, həm də borcalan ölkələrin hökumətlərinin zəmanəti ilə borclar verir. İnvestisiyaların kreditləşdirilməsi məsələsinə BYİB-in yanaşması layihə tsikli adlanan xüsusi prosedurda təzahür edir. Bu tsikl beş mərhələdən ibarətdir: layihənin seçilməsi, hazırlanması və qiymətləndirilməsi; danışıqlar aparılması; layihənin icraçı direktorlar şurasına təqdim edilməsi; layihənin həyata keçirilməsi və onun gedişinə cari nəzarət; layihənin reallaşdırılmasının nəticələrinin qiymətləndirilməsi.1

Kreditin təqdim edilməsi şərtləri bank ilə borcalan ölkə arasında sazişə əsasən müəyyən edilir. Kreditlərin əksəriyyəti, bir qayda olaraq 15-20 il müddətinə verilir. Bu müddətin 3-5 ili güzəştli dövrdür. Həmin müddətdə borc alan yalnız borcun cari məbləği üzrə faizlər ödəyir, əsas borcun məbləğini isə bu dövrdə ödəmək tələb olunmur. Borcun ödənilməsinin standart şərtləri ölkələrin kateqoriyalarına, o cümlədən borcalan ölkənin tədiyyə qabiliyyətinə və onun əhalisinin adambaşı gəlirlərinə əsaslanır. BYİB tərəfindən təqdim edilən bütün borclar üzrə borcun verilməsi barədə saziş imzalanandan 60 gün sonra xərclənməmiş qalığın 0,75%-i həcmində öhdəlik haqqı tutulmağa başlanır. Borc məbləğinin xərclənmiş və ödənilməmiş məbləği üzrə faiz dərəcəsi bankın borc vermək məqsədi ilə cəlb etdiyi borc vəsaitlərinin dəyərinə əsaslanır. BYİB borcların iki formasını təklif edir: valyuta pulu (pul-birlik mənasında işlədilir) əsasında borc və çoxvalyutalı borc; bu formalar borcun verildiyi valyutanın növü ilə və bazis faiz dərəcəsi ilə bir-birindən fərqlənir. BYİB-in maliyyə resursları aşağıdakı mənbələr hesabına yaranır: BYİB üzvləri tərəfindən ödənilmiş kapital; beynəlxalq kapital bazarlarından alınmış borclar; borclar və investisiyalar hesabına əldə edilmiş mənfəət.

Bank pul vəsaitlərinin əsas hissəsini dünya maliyyə bazarlarında səfərbər edir. BYİB bütün ölkələrin pensiya fondlarına, sığorta şirkətlərinə, korporasiyalarına, başqa banklarına və fiziki şəxslərə istiqrazlar və qiymətli kağızlar şəklində başqa borc öhdəlikləri satır. BYİB-in nizamnamə kapitalı üzv ölkələrin onun səhmlərinə abunə yazılması yolu ilə yaranır. Əvvəlcə nizamnamə kapitalının məbləği 10 milyard dollardan çox deyildi, 1993-cü ilin ortalarında isə bankın abunə kapitalı artıq 165 milyard dollara bərabər idi. BYİB-in düşünülmüş maliyyə siyasəti onun özəl kapital ilə inkişaf etməkdə olan ölkələrin hökumətləri arasında vasitəçi kimi fəaliyyətinin səmərəliliyini artırır. BYİB tərəfindən buraxılan qiymətli kağızlar bütün dünyada ən etibarlı qiymətli kağızlardan biridir. Bunun nəticəsində bank kapital bazarlarında ən yüksək reytinq olan AAA reytinqinə malikdir. Onun ən sərfəli şərtlərlə borc almaq və qənaət edilmiş vəsaitləri inkişaf etməkdə olan ölkələrə vermək imkanına malikdir, halbuki bu ölkələrin çoxu başqa yollarla özəl investisiyalardan istifadə edə biləməzdi.

BYİB-in təşkilati strukturu bankın ali orqanı olan Müdirlər Şurasından və icra orqanı olan Direktorlar Şurasından ibarətdir. Müdirlər Şurasında bankın iştirakçısı olan ölkələrin hər birinin öz nümayəndəsi var. Adətən bu nümayəndə nazir səviyyəsində yüksək vəzifəli şəxs olur. Müdirlər şurasının tapşırığına əsasən onun funksiyaları Vaşinqtonda yerləşən icraçı direktorlar şurası tərəfindən həyata keçirilir. İcraçı diretorlar şurası bankın fəaliyyətini tənzimləyən qaydalar barəsində qərarlar qəbul edilməsinə və təqdim edilən bütün borcların bəyənilməsinə görə məsuliyyət daşıyır. Yeni üzvlərin qəbul edilməsi, bankın səhmdar kapitalının məbləğinin artırılması və ya azaldılması, eləcə də ölkənin bankda üzvlüyünün müvəqqəti dayandırılması hüquqları müdirlər şurasının səlahiyyətlərinə daxildir. Müdirlər şurasının və direktorluğun qərarları səs çoxluğu ilə qəbul edilir. Bankda «çəkili» səslər prinsipi qüvvədədir: iştirakçı ölkələrin hər birinin 250 səsi və hər bir səhmə görə 1 əlavə səsi var. Üzv ölkənin BYİB-də kvotası həmin ölkənin BVF-də malik olduğu kvotaya müvafiqdir. Səslər üzvlərə məxsus səhmlərin sayına mütənasib olaraq bölünmüşdür.

BVF-in və Dünya Bankının müdirlər şuraları ildə bir dəfə birgə müşavirə keçirir. İl ərzində ayrı-ayrı hökumətlərin mövqelərini icraçı direktorlar şurasının üzvləri təmsil edir. 1991-ci ilin iyul ayında Sovet İttifaqı BVF-ə və Dünya Bankı qrupunun dörd təşkilatına - Dünya Bankına, Beynəlxalq Maliyyə Korporasiyasına (BMK), Beynəlxalq İnkişaf Assosiasiyasına (BİA) və İnvestisiya Zəmanətləri üzrə Çoxtərəfli Agentliyə (İZÇA) üzv olmaq üçün sifariş vermişdir.

1944-cü ildə yaranmış və hal-hazırda 188 üzvü var. Ümumi kreditləşmə həcmi 2005-ci ildən başlayaraq 433 mlrd ABŞ dolları həcmindədir. BYİB-in məqsədi orta gəlirli, eləcə də aşağı ödəmə qabiliyyətli ölkələrdə kreditlər, təminatlar və analitik və konsultasiya xidmətləri göstərmək hesabına davamlı inkişafa nail olmaq yolu ilə yoxsulluğun azaldılmasıdır. Uzun illər boyu əldə edilmiş gəlir hesabına BYİB inkişaf sahəsindəki fəaliyyətini maliyyələşdirir, eləcə də ona kapital bazarında ucuz vəsaitlər cəlb etməyə bu vəsaitləri daha əlverişli şərtlərlə borcalanlara təqdim etməyə imkan verən maliyyə sabitliyini təmin edir.

1995-ci il Nizamnamə dəyişikliklərindən sonra, BYİB – in işinin 4 başlıca istiqaməti müəyyənləşdirildi:

- İnkişaf etməkdə olan ölkələrin tələbatlarını ödəmək məqsədilə,ehtiyatların cəlb edilməsi üçün yeni sazişin imzalanmasına çalışmaq;

- Göstərilən siyasəti dəyişməz şəkildə davam etdirmək üçün, bankın inkişafına vahid yanaşma;

- Dünya Bankı tərəfdaşlarının dairəsini qlobal və regional səviyyələrdə genişləndirmək və möhkəmləndirmək;

- Bankın fəaliyyəti təkmilləşdirmək;

BYİB-in maliyyə vasitələri üzvlük haqqları, investisiyalar və dünya kapital bazarı (fond əməliyyatlarının 90%) hesabına yaradılır. Yarandığı dövrdən indiyədək BYİB –in Afrika, Asiya, Avropa və Latın Amerikasında regional missiyaları fəaliyyət göstərir. Bankın 70 regional və ölkə büroları və nümayəndəlikləri mövcuddur. Hər bir ölkənin payı, həmin ölkənin iqtisadiyyatının, dünya iqtisadiyyatına nisbəti ilə müəyyənləşir. Sənayecə İnkişaf Etmiş ölkələrin payına (Böyük Yeddilik –Group 7) 45% düşür. Bu onların beynəlxalq iqtisadi əlaqələrdə tutduğu əhəmiyyətli yerlə izah olunur. Amerika Birləşmiş Ştatlarının payı 17 % təşkil edir.

BYİB – in Ali orqanı İcrayə Şurasıdır, İcraedici orqan isə Direktorlar şurasıdır (Board of Executive directors). İcarəyə Şurasına, üzv dövlətlərin Maliyyə Nazirlikləri və ya Mərkəzi Bankların rəhbərləri daxildirlər. Rəhbərlər ildə bir dəfə görüşürlər. Direktorlar Şurası, Bankın siyasəti haqqında qərar qəbul edir və maliyyə vəsaitlərinin ayrılmasını təsdiqləyir. Əsas operativ şöbə 1974- cü ildə təsis olunmuş İnkişaf Komitəsidir. Bankın struktur elementlərindən biri də, fəaliyyətin qiymətləndirilməsi üzrə Departamentdir (Operations Evaluation department). Onun əsas vəzifəsi bank tərəfindən maliyyələşdirilən layihələrin monitorinqi və nəticələr haqqında Direktorlar Şurasına hesabat verməkdir.

BYİB - in fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardır: ortamüddətli və uzunmüddətli kreditlər vasitəsilə layihələrin maliyyələşdirilməsi; İnvestisiya layihələrinin hazırlanması, texniki və maliyyə -iqtisadi cəhətdən əsaslandırılması; İnkişaf edən post-sosialist ölkələrində struktur yenidənqurma proqramlarının maliyyələşdirilməsi.

Əksər humanitar və texniki yardımdan savayı Bank qrantlar ayırmır. Bank tərəfindən ayrılan bütün maliyyə vəsaitləri geri qayıtmaq xarakteri daşıyır.( yəni gələcəkdə geri qaytarılmalıdır ) İnkişaf etməkdə olan ölkələr Bankdan ona görə vəsait götürürlər ki , bu onların inkişafı üçün vacibdir.

Bankın əsas əməkdaşları, üzv dövlətlər hesab edilir. Bankın Nizamnaməsinə uyğun olaraq maliyyə vəsaiti yalnız üzv dövlətlərə verilir. Məhz hökumətlər Bankın əsas məlumatlarını əldə edir və bütün layihələr milli qanunvericiliyə uyğun olaraq dövlətin yurisdiksiyası altında həyata keçirilir. Bank, dövlət orqanları ilə qeyri-hökumət təşkilatlarının (QHT) əlaqələrini dəstəkləyir. Bankın əsas prioritetlərindən biri, özəl sektorun stimullaşdırılmasıdır. BYİB-in Nizamnaməsi özəl sektora birbaşa vəsait ayrılmasına imkan vermir, bu işlə Beynəlxalq Maliyyə Korporasiyası məşğul olur.



Beynəlxalq İnkişaf Assosiasiyası - beynəlxalq maliyyə-kredit təşkilatı, BMT-nin ixtisaslaşmış müəssisəsi, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (BYİB) filialıdır. 1960-cı ildə yaradılmışdır , hazırda 162 üzvü var. Bu təşkilata üzv olmaq üçün ölkə ilk növbədə BYİB-ə üzv olmalıdır. BİA-nın rəsmi məqsədi onun üzvü olan İnkişaf Etməkdə Olan Ölkələrə BYİB-in adi borcları ilə müqayisədə daha yüngül şərtlər daxilində kreditlər verilməsi yolu ilə həmin ölkələrdə iqtisadi tərəqqiyə və həyat səviyyəsinin yüksəldilməsinə kömək etməkdir. Kreditlər, bir qayda olaraq, ödənişə 10 ildən sonra başlamaq şərti ilə 50 il müddətinə verilir. Sonrakı 10 ildə hər il kreditin 1%-i və qalan 30 ildə hər il kreditin 3%-i ödənilir. Kreditin müqabilində hər il borc məbləğinin 0,75%-i ödənilir. Hər nəfərə görə illik gəlirin məbləği müəyyən edilmiş həddən az olan ən yoxsul ölkələr faizsiz kreditlər alır. Kreditlər milli valyuta ilə verilir. Assosiasiyanın maliyələşdirdiyi hər bir layihə siyasi-iqtisadi ekspertizaya məruz qalır. Kredit almağın zəruri şərtləri bunlardır: borc alan ölkə üçün BYİB kreditlərinin əlyetərli olmaması, kredit vermə layihələrinin olması, kreditor ölkələrlə, məsələn, onlardan alınmış borcların ödənilməməsi və ya mülkiyyətin qəsb edilməsindən dəymiş zərəri kompensasiya etməkdən imtina olunması ilə bağlı siyasi və iqtisadi münaqişələrin olmaması.

BİA-nın maliyyə mənbələri - BYİB-in mənfəəti, iki qrupa bölünmüş üzv dövlətlərin qaytardığı kreditlər və onların üzvlük haqlarıdır. Birinci qrupa 24 İnkişaf Etmiş Ölkə daxildir. Onlar abunə üzrə bütün məbləği dönərli valyutada ödəyir və assosiasiyanın fondunun artırılmasının çox hissəsini təmin edirlər. İkinci qrupa daxil olan ölkələr (138 ölkə) abunə üzrə məbləğin 10%-i dönərli valyutada , qalan hissəsini isə milli valyutada ödəməlidirlər.1

Assosiasiyanın və BYİB-in rəhbər orqanları müştərəkdir. BYİB-in prezidenti, müdirləri və direktorları BİA-da analoji vəzifələri tuturlar. BİA-da «çəkili» səslər prinsipi qüvvədədir: üzv ölkə 500 səs və bundan əlavə abunə üzrə ödənilmiş hər 5000 dollara görə əlavə 1 səs alır. Assosiasiya kreditlər verilməsinin şərtlərini və maliyyə normativlərini nəşr edir. Beynəlxalq İnkişaf Assosiasiyasının başlıca maliyyə mənbəyi üzvlük haqlarından gəlir.

BYİB və BİA paralel işləyirlər. Onların işçi heyəti eynidir, eyni rəhbərləri var və eyni Prezidentə hesabat verirlər, eləcə də layihələrin qiymətləndirilməsində eyni standartlardan istifadə edirlər. Fərq yalnız kreditin şərtlərində və maliyyənin mənbələrində özünü biruzə verir.

Beynəlxalq İnkişaf Assosiasiyası yalnız yoxsul ölkələrə kreditlər verir (adambaşına gəliri 905 dollardan çox olmayan) , o ölkələr ki, BYİB-dən kredit ala bilmirlər. Bu gün 80-a yaxın ölkə bu kateqoriyaya daxildir. Bu ölkələrdə 3,2 milyarda yaxın insan yaşayır. Onların təxminən 1,2 milyardının gündəlik gəliri 1 dollardan azdır. Ölkənin ÜMM-i BİA-nın qoyduğu sərhədi keçdikdə (artdıqda) , dövlət artıq BİA-dan faizsiz kredit almır və gələcəkdə BYİB - ə faizli kreditlər üçün müraciət edə bilər. BİA kreditləri 25-40 illik müddətə verir, ödənilməsinə isə 10 ildən sonra başlanılır. 1960-cı ildən başlayaraq , BİA 90 ölkəyə 97 milyard dolllar kredit vermişdir. Bu ildə təxminən 6 milyard dollar deməkdir. BİA –nın kreditlərinin 45- 50%-i Afrika ölkələrinin (Saxara) payına düşür. Digər faizlər Asiya ölkələri – Banqladeş , Hindistan , Pakistan və Nepal arasında bölüşdürülür. Həmçinin bu qrupa Çin , Latın amerikası və Karib hövzəsi dövlətləri , Yaxın Şərq , Avropa və Mərkəzi Asiya da daxildir. Yuxarıda deyildiyi kimi BİA – nın əsas gəlir mənbəyi üzvlük haqlarıdır, bundan əlavə gəlirlər isə BYİB - dən və kreditlərin geri qaytarılmasından gəlir. Həmçinin müxtəlif donorlar hər üç ildən bir BİA fonduna vəsait qoyurlar. Ən böyük donorlar ABŞ , Yaponiya , Almaniya , Fransa , Böyük Britaniya və İtaliyadır. Türkiyə və Koreya da donorlar sırasındadır.

Beynəlxalq Maliyyə Korporasiyası (BMK) 1956-cı ildə yaradılmışdır , hazırda 175 üzvü var. Əsas məqsədi özəl sektorun inkişafına yardım edilməsidir. BMK öz fəaliyyət illəri ərzində 21,6 milyard dollar vəsait xərcləmişdir. BMK-nın Nizamnamə Kapitalı 2,45 milyard dollar təşkil edir. BMK Dünya Bank Qrupunun digər üzvləri ilə əlaqə saxlasa belə o, hüquqi və maliyyə cəhətdən müstəqildir. Onun özünün Nizamnaməsi var, öz maliyyə -idarə və ştat strukturu mövcuddur. Onun maliyyə resursları üzv dövlətlərdən əldə edilir. Burada Rəhbərlər Şurası və Direktorlar Şurası mövcuddur. Direktorlar Şurası 24 direktordan ibarətdir. Dünya Bank Qrupunun Prezidenti həm də Beynəlxalq Maliyyə Korporasiyasının prezidentidir. İcraçı vitse – prezident BMK-nın gündəlik fəaliyyətinə nəzarəti həyata keçirir.1

Beynəlxalq Maliyyə Korporasiyasının fəaliyyətinin 3 əsas istiqaməti var : özəl sektorun layihələrinin maliyyələşdirilməsi; Ehtiyatların səfərbərliyə alınması və İEOÖ-in şirkətlərinə yardım; biznes və hökumət qurumlarına texniki və konsultativ (məsləhətləşmələr) yardım.

BMK özəl şirkətlər üçün maliyyə proqramlarının və xidmətlərin geniş dairəsini təklif edir. BMK bütün sahələrdə layihələri dəstəkləyir- kənd təsərrüfatı sahəsindən başlamış dağ-mədən sənayesinədək. BMK-nın Afrikada , Asiyada , Avropa və Latın Amerikasında 27 nümayəndəliyi fəaliyyət göstərir. Təşkilatın fəaliyyətini intensivləşdirmək və daha səmərəli etmək üçün 1986-ci ildə onun tərkibində 3 yeni orqan yaradılmışdır:

- xarici investisiyalar üzrə məsləhət xidməti - başlıca məqsədi, xarici kapitaldan alınan uzunmüddətli tələbatın ödənilməsini təmin etməkdən ibarətdir;

- Afrika qitəsi üçün layihələrin işlənməsi üzrə məsləhət bürosu - başlıca məqsəd Afrikada xüsusi bölmənin və sahibkarlığın fəaliyyətinin genişləndirilməsi üçün müxtəlif tövsiyə və layihələrin təklif edilməsindən ibarətdir;

- Sakit okeanın cənub hissəsi ilə bağlı layihələrin işlənməsi üzrə məsləhət bürosu – BMK- nin üzvü olan 9 ada dövlətində bank işinin təşkili və aparılması məsələləri ilə məşğul olur.



İnvestisiyaların Təminatları üzrə Çoxtərəfli Agentliyi (İTÇA) - hazırda Dünya Bankı Qrupunun tərkibində özünəməxsus fəaliyyət sferası olan İnvestisiyaların Təminatları üzrə Çoxtərəfli Agentliyin yaradılması barədə 1985 - ci ildə qəbul olunan qərar 1988-ci ildə qüvvəyə minərək həyata keçirilmişdir.

İTÇA - nın əsas məqsədi üzv dövlətlərdə iqtisadi artımın sürətlənməsi üçün bu dövlətlərə investisiya qoyuluşuna yardım edilməsidir. İTÇA inkişaf etməkdə olan ölkələrdə investisiya qoyuluşu imkanları barədə məlumatlar toplayır və potensial investorlara ötürür.1

İTÇA maliyyə cəhətdən BYİB - dən müstəqildir. Lakin BYİB - in prezidenti həm də İTÇA - nın prezidentidir. İTÇA-nın fəaliyyətinin ildən ilə genişlənməsi, ilk növbədə xidmət müxtəlifliyi və texniki yardımların gücləndirilməsi , siyasi riskin azaldılması ilə bağlıdır.

Beynəlxalq İnvestisiya Mübahisələrinin Nizamlanması Mərkəzi - əsası 1966-cı ildə qoyulmuşdur. Başlıca məqsədi, investisiya mübahisələrini nizamlamaqdan ibarətdir. 119-dan çox üzv dövləti öz sıralarında birləşdirir.

1.3. İnkişaf etməkdə olan və keçid iqtisadiyyatı ölkələrin sosial- iqtisadi

inkişafında beynəlxalq maliyyə qurumlarının rolu.

Ümumiyyətlə, cəmiyyətin ictimai-iqtisadi inkişafında maliyyə sisteminin düzgün qurulması, valyuta-kredit münasibətlərinin hərtərəfli inkişafı, maliyyə ehtiyyatlarından səmərəli istifadə olunması böyük əhəmiyyət kəsb edir. Əlbəttə bütün bunlar maliyyə institutlarının yaranmasını şərtləndirir.

Beynəlxalq valyuta-kredit və maliyyə təşkilatları şərti olaraq beynəlxalq maliyyə institutları adlandırılırlar. Beynəlxalq maliyyə institutlarının məqsədi dünya təsərrüfatının sabitləşməsinə, tamlığına və əməkdaşlığın inkişafına nail olmaqdır.

Beynəlxalq və regional valyuta-kredit və maliyyə təşkilatları çoxsaylı olub , əsasən aşağıdakı vəzifələri yerinə yetirir: valyuta-kredit və maliyyə münasibətlərinin tənzimlənməsi; valyuta-kredit və maliyyə siyasəti sayəsində tövsiyələrin hazırlanması; valyuta-kredit və maliyyə informasiyasının yığılması , aktual problemlər üzrə elmi-tədqiqat işlərinin nəşr edilməsi.

Regional valyuta-kredit və maliyyə təşkilatlarının yaranmasının əsas səbəbi , İEOÖ - in dünya təsərrüfatında mühüm yer tutmağa can atması, milli iqtisadi problemlərin əməkdaşlıqla həll etməyin sərfəli olmasıdır.

Qlobal xarakterli beynəlxalq institutlar sırasına birinci növbədə BVF aiddir. Qeyd etdiyimiz kimi bu təşkilat beynəlxalq valyuta əməkdaşlığı və mübadilə stabilliyini təmin etmək, ödəmə balaslarında yaranan problemlərlə əlaqədar dövlətlərə müvəqqəti maliyyə yardımı etmək məqsədlərilə təsis edilmişdir. 1987-ci ildə fondun dünyada fəaliyyətini genişləndirmək və daha səmərəli etmək üçün genişləndirilmiş fond yaradıldı ki, onun əsas vəzifəsi BVF-ə üzv olan İEOÖ-ə daha güzəştli şərtlərlə kreditlərin verilməsindən ibarətdir. İnkişaf komitəsi isə bu sahədə fəaliyyəti daha da gücləndirərək, 1996-cı ildə BVF/BYİB proqramı hazırladı ki , həmin proqrama görə böyük xarici borca malik yoxsul ölkələr Fondun və Bankın maliyyə yardımlarından istifadə etmək imkanı qazanırdı.

BVF Dünya Bankı ilə birgə yoxsulluğun azaldılmasına yönəldilmiş tədbirlər görür. Belə tədbirlərə hər şeydən əvvəl yoxsul ölkələrin borclarının azaldılması daxildir. 2000-ci ildə dünyanın yoxsul 22 dövlətinin 20 milyard dollara yaxın borcu silinmişdir. Yoxsul ölkələrdə iqtisadi artımın stimullaşdırılmasında və yoxsulluğun azaldılmasında mühüm rolu onların xarici siyasəti oynayır. Lakin son 20 il ərzində dünya ticarətində yoxsul ölkələrin payı azalmışdır. Bunun səbəbi bir neçə amillərlə izah olunur: göstərilən ölkələrin iqtisadiyyatında struktur problemləri, dövlət institutlarının zəifliyi, milli ixracatçıların dövlət tərəfindən dəstəklənməməsi, həmçinin İEÖ-in hökumətlərinin apardığı proteksionist siyasət.

Yoxsul ölkələrin dünya ticarətinə aktiv cəlb olunması üçün onların hökumətləri bu ölkələrdə iqtisadi və siyasi vəziyyətin yaxşılaşdırılması üçün şərait yaratmalı, həmçinin investisiyalar üçün əlverişli məkan düzəltməlidir. Digər tərəfdən İEÖ İEOÖ-in ixracına mane olan sədləri azaltmalı, mümkündürsə aradan qaldırmalıdırlar. Bu sədlərə İEOÖ-də milli istehsalçılar üçün ayrılan subsidiyalar və İEÖ-in bazarlarına, İEOÖ-dən gələn əmtəə və xidmətlərə qoyulan məhdudiyyətlər aiddir. Əksər sənayecə inkişaf etmiş ölkələrdə proteksionizm siyasəti xüsusilə də kənd təsərrüfatı , tekstil və paltar istehsalı sahələrində hələ də güclüdür. Varlı ölkələr öz bazarlarını İEOÖ-in KT malları üçün açsalar buradan həm gəlir götürə, həm də yoxsulluğun aradan qaldırılmasına yardımçı ola bilərlər. Dünya Bankının heablamalarına görə əgər ABŞ, Avropa İttifaqı ölkələri və həmçinin Kanada və Yaponiya öz bazarlarına 49 İEOÖ-dən əmtəə və xidmətlərin çıxışına məhdudiyyətsiz şərait yaratsalar , sonuncuların ixracının həcmi 11% artardı.

BVF üzv ölkələrə texniki yardımın göstərilməsində yaxından iştirak edir. 2001-ci ildə BVF tərəfindən Avropa 29%, Afrika 27%, Asiya 23%, Yaxın və Orta Şərq 11%, Latın Amerikası və Karib hövzəsi regionuna 10% həcmində texniki yardım ünvanlanmışdır.1 BVF-nin texniki yardım proqramı maliyyə böhranı yaşamış ölkələrin makroiqtisadi sabitliyinin bərpa edilməsinə kömək edir. Texniki yardım və təhsil proqramı həm BVF-in öz büdcəsindən, həm də donor ölkə və təşkilatlar vasitəsilə malliyyələşdirilir. BVF tərəfindən hazırlanan tədris proqramları dünyanın müxtəlif ölkələrində həyata keçirilir. Məsələn, Çin Milli Bankı ilə dövlət rəsmilərinin təlimi proqramı həyata keçirilmişdir. BVF və Braziliya hökuməti ölkədə regional tədris mərkəzinin açılışı haqqında razılaşma əldə etmişlər.

Dünya Bankı İEOÖ-də demək olar ki, bütün sahələrdə 1800-ə yaxın layihəni maliyyələşdirir. Maliyyələşdirilən layihələr müxtəlif sahələrə aiddir: mikrokreditlər sisteminin inkişafından başlayaraq, AİDS problemi haqqında məlumatların əhaliyə çatdırılmasınadək. Bura həmçinin qız uşaqlarının təhsil alması , səhiyyə sahəsində xidmətin keyfiyyətinin artırılması və s. aiddir. Bank 2002-ci ildə öz müştəri - dövlətlərinə 19.5 milyard ABŞ dolları məbləğində istiqraz ayırmışdır. Bu gün Dünya Bankı yüzdən artıq İEOÖ - də fəaliyyət göstərir. Bank hər bir üzv ölkə ilə ayrılıqda fəaliyyət strategiyası hazırlayır, həmin ölkənin dövlət orqanları, qeyri-hökumət təşkilatları və özəl sektoru ilə əlaqələr qurur və əməkdaşlıq edir. Bank eyni zamanda səhiyyənin, təhsilin və pensiya təminatının inkişafına xüsusi diqqət yetirir. Dünya bankının üstünlük verdiyi yeni istiqamətlərə gender inkişafı, etnik xalqların problemləri, yoxsul əhali üçün həyat əhəmiyyətli infrastrukturun yaradılması daxildir.

Dünya Bankı təhsilin maliyyələşdirilməsinin ən iri beynəlxalq mənbələrindən biridir. Dünya Bankı təhsil sahəsini maliyyələşdirməyə hələ 1963-cü ildən etibarən başlamışdır. Bu zaman təhsilə kredit və istiqraz formasında 31 milyard dollar ayrılmışdır. Hal-hazırda Bank təhsil sahəsində 83 dövlətdə 158 layihə maliyyələşdirir. Dünya Bankı təhsil səviyyəsinin artırılması üçün BMT ixtisaslaşmış qurumları, üzv dövlətlərin hökumətləri, qeyri-hökumət təşkilatları və digər qurumlarla sıx əməkdaşlıq edir. Əsas məqsəd ondan ibarətdir ki, 2015-ci ilə qədər bütün uşaqlar, xüsusən də qızlar və aztəminatlı ailələrin uşaqları ibtidai təhsil alsınlar və təhsillərini davam etmək üçün imkan əldə etsinlər. Məsələn, Hindistanda qız uşaqlarının savadsız böyüdülməsi böyük problemdir və bu problemi həll etmək üçün Dünya Bankı orta məktəblərdə qızların təhsil alması üçün layihələr həyata keçirir. İndiyənədək Hindistanın 29 ştatından 18-də 60 milyon şagird bu proqrama cəlb edilmişdir. Anoloji layihələr Braziliyada, El salvador və Trinidad və Tobaqoda həyata keçirilir.

Dünya Bankı AİDS-lə mübarizədə də öz səylərini əsirgəmir. Dünyada hər gün 14000 insan AİDS virusunun daşıyıcısına çevrilir,onların yarısını gənclər təşkil edir. Bu xəstəlik İEOÖ-in son 50 ildə sosial-iqtisadi inkişaf prosesində qazandıqları uğurları yox edir. Problemlə mübarizə üçün BMT-nin UNAİDS proqramı çərçivəsində mübarizə aparılır. DB bu proqrama 1.7 milyard dollar ayırmışdır. DB bütün dövlətləri nəmin etmişdir ki, hansı dövlət AİDS-lə mübarizədə daha effektiv strategiya hazırlasa bu layihə maliyyəsiz qalmayacaq. Təkcə 2002-ci ildə DB tərəfindən Afrika ölkələrinə ayrılmış vəsaitin miqdarı 1milyard dollar təşkil etmişdir və proqram əsasən xəstəliyin profilaktikası, müalicə edilməsi və xəstələrə qulluq formasında həyata keçirilmişdir. Bundan savayı DB Karib hövzəsi ölkələrinə 155 milyon dollar ayırmışdır.

Dünya Bankı yoxsul əhali üçün elementar tibbi xidmətin və qidanın təmin edilməsinə, yoxsulluğun səviyyəsinin azaldılmasına və iqtisadi artıma yardım edir. Baxmayarq ki, dövlətlər səhiyyə sahəsində son bir neçə onillik ərzində mühüm uğurlar əldə etmişlər , bir sıra məsələlər hələ də öz həllini tapmamışdır. İEOÖ-də hər il ölən 11 milyon uşaqdan 70%-i infeksion xəstəliklərdən(pnevmoniya, malyariya,diarreya, AİDS) və aclıqdan ölür. Dünya Bankı hər il bu problemin həlli üçün 1 milyard dollar vəsait ayırır. Ayrılan vəsaitlər hesabına 46 ölkədə malyariya ilə mübarizə aparılır, 30 ölkədə isə vərəm xəstəliyinə qarşı tədbirlər görülür. Çində ailələrin 90%-i yodlaşdırılmış duzla təmin edilmişdir, bu da yeni doğulan uşaqların sağlam olmasına, vaxtından əvvəl doğuşların azaldılmasına səbəb olmuşdur. Seneqalda Dünya Bankı uşaqların aclığı ilə mübarizə aparır və kompleks müalicə-profilaktik tədbirlər həyata keçirir. Dünya Bankı yoxsul ölkələrin borclarının azaldılması ilə bağlı tədbirlər görür. 1996-cı ildə bu təşəbbüslə Dünya Bankı və BVF çıxış etmişlər. Hal-hazırda 26 ölkə bu proqramdan yardım alır. Bu təşəbbüs çərçivəsində ölkələr öz büdcə prioritetlərini sosial inkişafın və insan resurslarının inkişafının əsas sahələrinə yönəldirlər. Məsələn, Ruandada məktəblərdə uşaqların sayının artması və müəllimlərin bu işə cəlb edilməsi xüsusi göstəricilərlə müəyyən edilir. Hondurasda yoxsul əhali üçün elementar tibbi xidmətin təmin edilməsi, ana və körpə uşaqların sağlamlığının qorunması məqsədilə proqram həyata keçirilməsi nəzərdə tutulur. Kamerunda əhali arasında AİDS barəsində maarifləndirmə işləri aparılır. İnsanlara xəstəlikdən qorunmaq metodları çatdırılır.

Dünya Bankı 1988-ci ildən başlayaraq ətraf mühitin qorunması sahəsində tədbirlərə qoşulub və bir sıra layihələr həyata keçirib. Dünya Bankı Conservation İnternational təşkilatı, Qlobal Ekologiya Fondu və Makartur Fondu, eləcə də Yaponiya hökuməti ilə birgə yeni Ümumdünya Fondunun yaradılmasını planlaşdırır. Bu fondun ətraf mühitin daha effektiv qorunmasına yardım məqsədilə, müxtəlif layihələri həyata keçirməsi nəzərdə tutulur. Ətraf Mühit problemlərinin həll olunması, Dünya Bankının fəaliyyət strategiyasının əsas və ayrılmaz hissəsidir. Hal-hazırda bu sahəyə qoyulacaq vəsaitin məbləği 14 milyard dollar təşkil edir.

Dünya Bankı beynəlxalq miqyasda korrupsiyaya qarşı mübarizə aparır. Korrupsiya inkişafa mane olan əsas problemlərdən biridir: o, yoxsul əhalinin vəziyyətini daha da ağırlaşdırır. 1996-cı ildən başlayaraq Dünya Bankı bu sahədə 600 proqram maliyyələşdirmişdir. 100 ölkədə korrupsiyaya qarşı mübarizə aparılır. Korrupsiya ilə mübarizə müxtəlif tədbirlər vasitəsilə aparılır: dövlət qulluqçuları öz gəlirləri və mülkiyyətləri haqqında bəyannamə doldurur , hakimlər və jurnalistlər üçün müxtəlif təlimlər keçirilir və s. Bu yeni layihələrin dörddən biri dövlət xərcləri və maliyyə islahatlarına həsr olunmuşdur. Bank həmçinin öz maliyyələşdirdiyi layihələrdə korrupsiya hallarına yol verməmək üçün bir sıra addımlar atmışdır. Son illər ərzində Bank ciddi qaydalar müəyyən etmiş anonim “qaynar xətt” yaratmışdır ki , bura korrupsiya faktları haqqında məlumat vermək olar.

Dünya Bankının fəaliyyətində vətəndaş cəmiyyəti mühüm rol oynayır. Bank tərəfindən həyata keçirilən layihələrin üçdə ikisi, qeyri-hökumət təşkilatlarının aktiv iştirakı ilə həyata keçirilir. Bu gün Bankın 70-dən çox regional nümayəndəlikləri vardır. Cənubi Asiyada bank vətəndaş cəmiyyəti üçün gendər inkişafına dair strategiya hazırlayır, Şərqi Avropa ölkələrində silahlı münaqişələrin nəticələrinin aradan qaldırılması məqsədilə yardım göstərir və dövlət idarəetməsinin səmərəliliyini artırır, Latın Amerikasında sosial islahatların aparılması istiqamətində işlər görülür.

Dünya Bankı silahlı münaqişə yaşamış ölkələrə yardım edir. Hal-hazırda Bank silahlı münaqişədən əziyyət çəkmiş 40-a yaxın ölkədə işləyir. Bankın bu ölkələrdə gördüyü işlər sahəsində iqtisadi fəaliyyətin bərpa olunması, həmin regionlara investisiya qoyuluşu, hərbi əməliyyatlar nəticəsində dağıdılmış infrastrukturun bərpa olunması, əhalinin zərərçəkmiş təbəqələrinə yardım və s vurğulamaq olar. Bundan savayı bank silahsızlaşdırma, demobilizasiya və reinteqrasiya üzrə işləri dəstəkləyir, eləcə də minaların tapılması və zərərsizləşdirilməsi üzrə proqramlara yardım göstərir. Bank tərəfindən maliyyələşdirilən daha genişmiqyaslı və daha keyfiyyətli layihələr arasında, Əfqanistanda infrastrukturun bərpa edilməsi, Şərqi Timorda və Haitidə dövlət qulluqçularının təlim keçməsi və s. layihələr də var.

Dünya Bankının əsas məqsədi özünün maliyyə, kadr və geniş təcrübə imkanlarından istifadə etməklə kasıb ölkələrin yoxsul əhalisinə yardım etmək, ölkələrə yoxsulluğun aradan qaldırılması, iqtisadi artımın təmin olunması və əhalinin həyat səviyyəsinin yüksəldilməsi məqsədilə kömək etməkdir. 100-dən artıq İEOÖ-lə əməkdaşlıq etməklə Dünya Bankı həmin ölkələrdə səhiyyə və təhsil sistemini inkişaf etdirməyə, korrupsiya ilə mübarizə aparmağa, kənd təsərrüfatının inkişaf etdirilməsinə, yol və limanlarn tikilməsinə və ətraf mühitin qorunmasına kömək edir. Dünya Bankının yoxsulluğun azaldılması strategiyasının 2 mühüm prinsipi aşağıdakılardır: əlverişli investisiya mühitinin yaradılmasına dəstək; kasıb əhaliyə səlahiyyətlərin verilməsi.

Dünya Bankı onun qarşısında duran başlıca vəzifə olan yoxsulluğun aradan qaldırılması məsələsində, konfliktlərin aradan qaldırıması və konfliktdən sonrakı bərpanı mərkəzi element kimi götürür. 1997-ci ildə Dünya Bankı tərəfindən konfliktdən əziyyət çəkən ölkələrə iqtisadi artım və problemlərin həllinə yeni yanaşma məsələlərində dəstək olmaq üçün konflikdən sonrakı bərpa Fondu (KSBF) təsis edilmişdir. Qeyd edək ki, Bankın kreditlərinin 16%-i konfliktlərin nəticələrinin aradan qaldırılmasına yönəldilir. 2004-cü maliyyə ilində DB özünün KSBF fondu vasitəsilə konfliktdən əziyyət çəkən ölkələrə 10.6 mln ABŞ dolları həcmində yardım ayırmışdır. 1998-ci ildən bəri Fond ümumi dəyəri 66.7 mln ABŞ dolları həcmində olan 137 qrant ayırmışdır. Yardımın əsas hissəsi Afrika regionuna yönəldilir. Liberiya , Sudan , Somali və Haiti kimi konflikdən əziyyət çəkən ölkələr üçün ümumi dəyəri 25 mln ABŞ dolları həcmində olan trast fond yaradılmışdır.

Son olaraq həyata keçirilən ən iri layihələr:



  • Filippin: Mindanaonun bərpası və inkişafı fondu. Bu qrant hökumətin Banka müraciətindən sonra yaradılmışdır və digər donorlardan 40-50 mln ABŞ dolları həcmində vəsaitin cəlb olunması gözlənilir.

  • Kolumbiyada məcburi köçürülmüş əhaliyə yardım.

  • KSBF İraqda dul qalmış və bu yaxınlarda müharibədən əziyyət çəkmiş qadınların mikrokreditləşdirilməsi üçün qrant ayırmışdır.1

Digər iri layihələr aşağıdakılardır: Əfqanıstanda: İdarəetmə orqanlarının dəstəklənməsi (10 mln ABŞ dolları); İcmaların hüquqlarının və imkanlarının artırılması (42 mln ABŞ dolları);Təhsil (15 mln ABŞ dolları); İnfrastuktur (33 mln ABŞ dolları); Nəqliyyat (108 mln ABŞ dolları). Bu layihələr həcmi 150 mln ABŞ dolları olan yenidənqurma fondunun fəaliyyətini tamamlamaq üçün həyata keçirilir.

Dünya Bankı hər il inkişafa kömək məqsədi ilə 20 mlrd ABŞ dolları dəyərində öhdəlik qəbul edən ən iri təşkilatdır. Dünya Bankı yalnız donor kimi deyil, eyni zamanda dünya iqtisadiyyatının inkişafına kordinasiya kimi dəyərində çıxış edir. Yəni şəxsi, hökumət və qeyri-hökumət təşkilatları ilə ehtiyyatların istifadə olunmasında, cari inkişaf proqramlarının müdafiə olunmasında böyük rol oynayır.

Dünya Bankının Azərbaycanda sosial xidmətlərin effektivliyinin artırılmasında, ətraf mühitin qorunmasında, iqtisadi artımın əsaslarının yaradılmasında xidmətləri xüsusilə vurğulamaq lazımdır. Bu günə kimi Dünya Bankının əsas məqsədi ölkənin keçid dövründə onun iqtisadi sosial - inkişafı siyasəti ilə əlaqədar həm investisiya axınını, həm də dövlət büdcəsinin maliyyələşdirilməsi üzrə tövsiyyələr vermək və bu cür yardımın koordinasiyasını aparmaqdan ibarət olub. Xüsusilə Dünya Bankı neft ehtiyyatlarını idarə etmək üçün dövlətin təşkilati bacarığını gücləndirmək və siyasi xətdəki dəyişiklikləri qısa və dürüst ifadə etməklə islahatı tezləşdirmək məqsədilə hökumətlə işləyir. Bank layihələri maliyyələşdirir, analitik tədqiqatlar aparır və ölkəyə tövsiyyələr verir. DB-nın Azərbaycanda layihələşdirdiyi bütün layihələr ölkənin ümumi inkişaf strategiyasının ayrılmaz hissəsini təşkil edir. Əsas məqsəd Azərbaycan əhalisinin rifahının artırılmasıdır. Baxmayaraq ki, Azərbaycan ÜMM-nun əsas hissəsi neft sektorunun payına düşür, burada yalnız əhalinin 1%-i çalışır. Əgər nəzərə alsaq ki, əhalinin yarısı Kənd Təsərrüfatı ilə məşğuldur, yoxsulluğun azaldılması üçün Azərbaycanın regionlarında biznes aktivliyinin və iqtisadi inkişafın stimullaşdırılmasına ehtiyac var. Dünya Bankı Azərbaycan hökumətinə əhalinin məşğulluğu sahəsində yardım edir, xüsusilə özəl sektorun inkişafı üçün nəzərdə tutlmuş layihələr maliyyələşdirilir, maliyyə sahəsində islahatlar dəstəklənir və regionlarda infrastrukturun yaradılması sahəsində işlər görülür.

İqtisadiyyatın möhkəmləndirilməsinə, yoxsulluğun azaldılmasına və həyat səviyyəsinin yüksəldilməsinə cəhdlər o zaman uğurlu ola bilər ki, təhsilə lazimi diqqət yetirilsin. Azərbaycanda Dünya Bankı tərəfindən maliyyələşdirilən pilot layihəsi çərçivəsində hökumətə təhsil sistemində islahatlar keçirilməsi sahəsində kömək göstərilir. DB-nın maliyyə resursları həmçinin, müəllimlərin hazırlanmasına, yeni dərsliklərin hazırlanmasına və yeni dərs proqramlarının tərtib olunmasına yönəldilir.

Dünya Bankı Azərbaycana ətraf mühitin qorunması işlərində yardım göstərir. Xüsusilə Xəzər dənizində nərə balıqlarının qorunması, çirklənmiş rayonların təmizlənməsi və zərərli maddələrin təhlükəsiz yerlərə yerləşdirilməsi və s. sahədə işlər görülür.

İnfrastruktur və əsas xidmətlər inkişafın təməl daşlarıdır. DB-nın maliyyələşdirdiyi layihələrdən biri çərçivəsində Abşeron yarmadasında su təchizatı sistemin effektivliyinin artırılmasına yardım edilmişdir. Bundan savayı Dünya Bankı yolları müasirləşdirməyə və əhalinin daha təhlükəsiz su təchizatı mənbələrinə çıxışını təmin etməyə yardım edir.

Hər il bankın personalı Azərbaycan iqtisadiyyatının analizini aparır və hesabatlar dərc edir. Dünya Bankının hesabat və digər sənədlərinə çıxış Bakıda yerləşən İctimai İnformasiya Mərkəzi vasitəsilə əldə edilir.

BVF və Dünya Bankı İEOÖ-də və Keçid iqtisadiyyatlı ölkələrin dünya bazarına struktur uyğunlaşmasına nail olmaq və onun bir parçası halına gəlməsi üçün xarici kredit və borclan-dırma mexanizmlərini istifadə etməkdə bu prosesi zəmanət altına almaq üçün də həmin ölkələrə , stabillik və struktur uyum proqramları tövsiyyə edir.



Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə