1 Akif Əli: “Xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması işinin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub”



Yüklə 25,38 Kb.
tarix04.11.2017
ölçüsü25,38 Kb.
#8376

“50 milyonluq böyük bir xalq olduğumuzu dərk edirik”
http://olaylar.az/news/diaspora/92314
http://olaylar.az/foto/xeberler/akif-1.jpg

1

Akif Əli: “Xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması işinin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub”

Olaylar.az \ 03.09.2014 12:54 |

Vətəndən kənarda yaşayan soydaşlarımız Vətən həsrətini doğma eldən gələn xəbərlərlə ovudur. Televiziya, mətbuat vasitəsilə olsa da, göz atdıqları bir xəbər,  duyduqları bir səs yetərli olur. Bu baxımdan İTV-nin efirində yayımlanan “Vətənin səsi” proqramı yurdun sədasını ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımıza, onların səsini isə doğma ellərə ötürür. Bu səsi çatdırmaqda  soydaşlarımıza elçi olan, proqramın müəllifi və aparıcısı, yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru Akif  Əli ilə söhbətləşdik.

-Akif müəllim, Vətəndən kənarda yaşayan milyonlarla azərbaycanlını bir araya gətirən “Vətənin səsi” proqramı ilə efirə çıxırsınız. Necə oldu ki, bu veriliş ərsəyə gəldi?

-İctimai Televiziyanın efirində əvvəllər xaricdə yaşayan azərbaycanlıların həyatı ilə bağlı “Qərib axşamlar” adlı proqram təqdim olunurdu. Müəyyən müddət efirə gedən veriliş öz auditoriyasını toplamışdı. Ancaq əbədi heç nə yoxdur, həyat bir yerdə dayanmır, zamanla hər şey dəyişir. Xüsusən müasir dövrdə informasiya texnologiyaları sürətlə inkişaf etdikcə, müxtəlif yeni məqamlar, yeni tələblər ortaya çıxır. Ona görə İTV-nin rəhbərliyi qərara almışdı ki, bu proqramı da zamana uyğun bir qədər yeniləşdirsin. Bu verilişi aparmaq mənə təkif olundu. Mövzunun maraqlı olduğunu bildirdim, ancaq vaxtilə AzTv-dəki  təcrübəmə əsaslanaraq, verilişə müəyyən dəyişikliklər də təklif etdim. Müasir Azərbaycan adamının simasını efirdə daha dolğun əks etdirmək, azərbaycanlı obrazını dünyaya daha yüksək səviyyədə tanıtmaq baxımından mövzuya yanaşma üslubu, dövlətçilik  mövqeyi, çıxışçılar və musiqili qonaqlar kontinqentinin seçilməsi, aparıcılıq manerası və s. ilə bağlı müəyyən təkliflərim oldu. Razılaşdılar. Müasir dövrdə xaricdəki soydaşlarımızın heç də qərib durumda, bədbin, küskün, boynuburuq vəziyyətdə  olmadığı düşüncəsi ilə daha nikbin, daha işıqlı “Vətənin səsi” adını təklif etdim, o da qəbul olundu… Artıq beşinci aydır veriliş efirdədir və hələ ki, müsbət rəylər alırıq. Azərbaycanın görkəmli ziyalıları ölkəmiz üçün çox əhəmiyyətli maarifləndirici proqram olduğunu bildirirlər. “Vətənin səsi” dünya azərbaycanlılarına ünvanlandığı üçün efirin vaxtı da xaricdəki saata uyğun nəzərdə tutulub.



-Xaricdə yaşayan həmvətənlərimizlə ünsiyyətdə olmaq, yaxından əlaqələr qurmaq hansı duyğuları yaşadır?

- Azərbaycan imperiya dövründə dəmir darvazalarla bağlı olduğundan əvvəllər xaricdə yaşayan soydaşlarımızla əlaqələrimiz olmayıb. Biz  sadəcə onu bilmişik  ki, Azərbaycanda yaşayan bir necə milyonluq millət deyilik, xaricdə də  həmvətənimiz var. İndi Azərbaycan öz siyasətini özü müəyyənləşdirən tam müstəqil bir dövlət kimi, xaricdə yaşayan soydaşlarla mütəmadi əlaqə yaradır. Diasporamızla bağlı çox ciddi dövlət siyasəti mövcuddur. Bu siyasətin əsasında Ulu öndər Heydər Əliyevin vaxtilə işləyib hazırladığı azərbaycançılıq ideyası durur. Azərbaycan dövlətinin xarici siyasətinin əsas prioritetlərindən biri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasıdır. Bu yaxınlarda cənab prezident İlham Əliyev diplomatik nümayəndəliklərimizin rəhbərləri ilə geniş müşavirə keçirdi. Orada həmin prioritetləri açıqlayaraq bildirdi ki, biz Azərbaycanın həqiqətlərini daha əzmlə, hücum taktikası üslubunda dünyaya çatdırmalıyıq. Bunun üçün diplomatlarımız, səfirliklərimiz xaricdə yaşayan azərbaycanlılarla - diaspor fəalları ilə sıx işbirliyində çalışmalıdırlar. Azərbaycanın həqiqətlərini dünyaya çatdırmalı, torpaqlarımızın işğal altında olduğunu, bir milyondan çox qaçqın və məcburi köçkün soydaşımızın olduğunu deməli və Ermənistanın Azərbaycana qarşı ədalətsiz hərəkətlərini, təcavüzkar siyasətini hər yerdə ifşa etməliyik. İndi bu istiqamətdə geniş arealda işlər gedir.



-Sizcə, bu gün xaricdə yaşayan azərbaycanlıların təşkilatlanmasına nə mane olur?

-Bu çox böyük mövzudur. Artıq qeyd etdim ki, xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması işinin əsası Ulu öndər tərəfindən qoyulub. Vaxtilə xarici səfərləri zamanı onun çox gərgin iş qrafiki olsa da, dövlət səviyyəsində görüşlərin  siyahısına mütləq azərbaycanlılarla görüş də salınırdı. Və Ulu öndər həmin ölkələrdə yaşayan azərbaycanlıların nümayəndələrini qəbul edib onlarla ətraflı söhbətlər edir, birlik istiqamətində tövsiyyələrini verirdi. Azərbaycanın həqiqətlərini dünyaya yaymaqda vətənə kömək etməyi məsləhət görürdü. Bu iş sonralar get-gedə daha da sürətləndi. Artıq dövlətin bu sahədə siyasəti xüsusi Diaspora  Komitəsi  vasitəsilə yürüdülür. Soydaşlarımızın təşkilatlanması üçün  Azərbaycan dövləti əlindən gələni edir. Bəzən müəyyən çətinliklər olur ki, bunlar da artıq azalmaq üzrədir. Açığı, bizdə  belə bir mental şüur var ki, hərə özünü  lider görmək istəyir. Ancaq zaman bunların hamısının aradan qaldırılmasını tələb edir. Bakıda  keçirilən dünya azərbaycanlılarının qurultayları birliyimizə çox kömək edir. Qurultaylarda bütün dünyadan azərbaycanlılar gəlirlər, ünsiyyətdə olurlar. Bu isə birləşmə mexanizminə kömək edir. Mən bu sahədə nikbinəm. Dünya miqyasında tam birliyimiz məhz müstəqil Azərbaycan dövlətinin mövcudluğu ilə mümkündür. Odur ki, bizim üçün ən böyük dəyər Azərbaycanın müstəqilliyidir. Bütün dünya azərbaycanlıları müstəqilliyin qədrini bilib onun göz bəbəyi kimi qorunmasına xidmət etməlidir.



-Vaxtilə mühacirətdə yaşayanlarımızın fəaliyyətini nəzərə alsaq,  Azərbaycanın diaspor fəaliyyətinin tarixi qədimdir. Sizcə, bu gün Azərbaycan diasporu keçdiyi inkişaf yoluna layiq şəkildə fəaliyyət göstərə bilirmi?

-Dünyada yaşayan azərbaycanılar çoxdur və müxtəlif  ölkələrə  səpələniblər. Sovet hakimiyyəti illərində törədilən repressiyalarla bağlı Azərbaycandan  gedənlər çox olub. Yaxud Cənubda yaşayan soydaşlarımız rejimin basqısından yurdu tərk ediblər. Ancaq bu proses diaspora hərəkatı yox, daha çox siyasi mülahizələrə görə mühacirət olub. Sərhədlər bağlı olduğuna görə onlar bir daha ölkə ilə əlaqə qura bilməyib, qayıda bilməyiblər. Ancaq bu gün vəziyyət tam başqadır. Soydaşlarımız sərbəst surətdə Vətənə gəlib-gedirlər. Xaricdə azərbaycanlı tələbələr oxuyur, mütəxəssislər çalışır, ailələr köçüb birləşiblər və s.Yəni bu gün azərbaycanlılar mühacirətdə sıxıntı içində deyil, istədikləri zaman Azərbaycana gəlir, əlaqə qururlar, yurda xidmət edirlər. Əlbəttə, burada əsas rol dövlətin üzərindədir və onların müasir tələblər səviyyəsində Azərbaycana yardım üçün təşkilatlanmasına yardım edir. Onu da deyim ki, xaricdə yaşayan azərbaycanlılar təkcə Azərbaycan türklərindən ibarət deyil. Vaxtilə burada yaşamış müxtəlif millətlərin nümayəndələri də Azərbaycana sevgi ilə əllərindən gələn köməyi əsirgəmir. Məsələn, buradan getmiş yəhudilər Azərbacana çox dəstək verirlər. Azərbaycanın dostu olan bu adamlar bizim diaspor təşkilatları ilə əlaqədə çalışırlar. Bu məqamda vaxtilə adını çəkmək belə yasaq olan türkiyəli qardaşlarımızın adı xüsusi qeyd olunmalıdr. Türk diasporu ilə Azərbaycan diasporu indi bütün tədbirlərdə bir yerdədirlər. Türkiyə və Azərbaycan bayrağı hər zaman yanaşı ucalır. Artıq bu böyük qüvvədir və bədxahlar özləri də bu qüvvəni görüb çəkinirlər.



-Sizcə, xaricdə yaşayan həmvətənlərimizn ən çox üzləşdikləri problemlər hansılardır?

-Yerli şəraitdən asılı olaraq hərəsinin öz problemi ola bilər. Məskunlaşma ilə, işə düzəlməklə bağlı… Bundan başqa, müxtəlif  mənəvi diskomfortlar, psixoloji  sıxıntılar və mentalitet fərqi də ola bilər. Əhatələrində başqa xarakterli adamlar var, mühit, şərait ayrıdır. Adaptasiya üçün yaşadığın yerin adət-ənələrini, dilini öyrənməlisən. Həm də çalışmaq lazımdır digər xalqların nümayəndələri kimi yaşadığın yerdə dövlət strukturlarında, bələdiyyələrdə, seçkili orqanlarda özünə mövqe tutasan. Uyğunlaşmaq və sərbəst yaşamaq üçün ölkənin tarixini, xalqın mentalitetini, mədəniyyətini, adət-ənənəsini bilmək vacibdir. Belə olanda öz vətəninə də daha səmərəli xidmət göstərəcəksən… Bununla yanaşı öz milli-mənəvi dəyərlərimizi də qoruyub-saxlamaq vacibdir. İcma daxilində və yaxud ailədə azərbaycançılıq ideyasından çıxış edərək bizim mənəvi dəyərlərin qorunmasına çalışılmalıdır. Uşaqlara ailə tərbiyəsi vermək, süfrə mədəniyyətindən başlayaraq hər özəlliyi öyrətmək lazımdır. Xüsusilə indiki qloballaşma dövründə azərbaycanlılar milli-mənəvi dəyərlərindən muğayat olmalı, başqa xalqların arasında assimilyasiyaya uğramamalıdırlar. Əlbəttə, qloballaşmaya əks getmədən, bu prosesin dəyərli cəhətlərini öz dəyərlərimizlə, əxlaq və mənəviyyat normalarımızla uzlaşdırmaq lazımdır. Biz qədim mədəniyyətə malik, inkişaf  etmiş müasir bir xalq olaraq dünyanın ən yaxşı dəyərlərini dərk etməli, münasib  olanı qəbul etməliyik. Zamana uyğun olmayan dəyərlərimizi isə cəsarətlə redaktə etməyi bacarmalıyıq. Bundan çəkinmək lazım deyil. Ölkəmiz multikultural tolerantlığı ilə məşhurdur. Biz bu cəmiyyət modelini dünyaya nümunə kimi təqim edə bilərik.



-Müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların bir-birinə inteqrasiyası ilə bağlı nə deyə bilərsiniz?

-“Vətənin səsi” verilişini hazırlayanda müxtəlif insanlarla əlaqə zamanı görürəm ki, xaricdə yaşayan azərbaycanlılar üçün məkan maneəsi yoxdur. Bir ölkədə yaşayan soydaşımız başqa bir ölkədə yaşayanla çox yaxşı dostluq əlaqəsindədir. Mütəmadi ünsiyyətləri var. Gedirlər, gəlirlər, görüşürlər, danışırlar, məktublaşırlar, internetdə yazışırlar... Danimarkada yaşayan İspaniyada yaşayanla, ABŞ-da yaşayan Almaniyada yaşayanla isti münasibətdədir. Bütün dünya belə yaşayır, özünə  qapanıb qalmaq mənasızdır. Azərbaycan respublikasında yaşayan insanlar da bu gün dünya ilə əlaqələrini sıxlaşdırmalıdırlar. Belə əlaqələr nə qədər çox olsa, öz həqiqətlərimizi bir o qədər geniş yaya bilərik.



-Verilişlə bağlı dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızla ünsiyyətdə olursunuz, məlumatınız var. Xaricdə yaşayan soydaşlarımızın arasında hər bir azərbaycanlının qürur duya biləcəyi məqama yüksələnlər çoxdurmu?

-Ən böyük qürur duyulacaq məqam ondan ibarətdir ki, biz 50 milyonluq xalq olduğumuzu artıq dərk edirik!  Xaricdə yaşayan azərbaycanılar arasında peşəsindən  asılı olmayaraq çox maraqlı insanlar var. Bu insanlar müxtəlif səbəblərdən xaricdə  yaşasa da, Azərbaycanı unutmurlar. Vətən naminə çalışırlar. Elə adamlar çoxdur və biz onlarla qürur duyur, onların səsini Vətənin səsinə qatırıq. Vaxtilə özünü ifadə üçün şərait yaradılmadığına görə ölkədən gedən peşəkar kadrlar olub, ona da təəssüflənirik.  Amma bu gün ölkə prezidenti bütün dünya azərbaycanlılarının prezidenti kimi onların hamısını Vətən üçün faydalı iş görməyə dəvət edir.  Onlar da imkanları daxilində o işi görürlər. Xaricdə Azərbaycanla bağlı müxtəlif  tədbirlər keçirənlər kifayət qədər çoxdur.  Öz bilikləri ilə qabaqcıl ali məktəblərə daxil olan qürurverici gənclərimiz var. Yüksək səviyyəli yaradıcı isanlar, sənət adamları, mətbuat işçiləri, həkimlər, mühəndislər, alimlər var ki, onlar həqiqətən də Azərbaycan üçün qürur mənbəyidir. Bu gün Azərbaycan sürətlə inkişaf edir, eləcə də diaspora quruculuğu sahəsində fəaliyyətimiz genişlənir. Ulu öndərin vaxtilə uzaqgörənliklə dediyi kimi, indi Azərbaycan həqiqətən dünyaya bir günəş kimi doğmaqdadır.Və bunu təkcə özümüz demirik. Bunu xaricdə yaşayan azərbaycanlılar da, Azərbaycana gələn xarici qonaqlar da fəxrlə, qururla, heyrətlə deyirlər. Bizsə sadəcə onların səsini Vətənin səsinə qataraq İctimai Televiziyanın efirindən dünyaya yayırıq.
Yüklə 25,38 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə