1. Azərbaycan ərazisində pul dövriyyəsi



Yüklə 62,5 Kb.
tarix14.09.2018
ölçüsü62,5 Kb.
#68362


1. Azərbaycan ərazisində pul dövriyyəsi

        Azərbaycanın dövlətçilik tarixi hələ antik dövrdən başlayır. Antik Azərbaycan dövlətçiliyini sübut edən amillərdən biri onun ərazisində mövcud olmuş Albaniya (Qafqaz Albaniyası) və Atropatena dövlətlərində zərb edilən yerli sikkələrin aşkar edilməsidir. Azərbaycan ərazisində tapılan ilk pullar Makedoniyalı İsgəndərin (Aleksandrın) dövrünə aiddir. Artıq eramızdan əvvəl III əsrin ikinci yarısından beynəlxalq ticarətə qoşulmuş albanlar və atropatenalılar daxili bazarın ehtiyaclarını ödəmək məqsədilə İsgəndərin gətirilmə sikkələrinə bənzər pullar zərb etməyə başladılar. Bu və sonrakı dövrlərə aid "AT" və "ATR" monoqrammalı (numizmatlar bunu Atropat və ya Atropatena kimi oxuyurlar) gümüş dirhəmlər (draxmalar) Azərbaycan, Gürcüstan və Dağıstan ərazilərində geniş aşkar edilmişdir. Alimlər həmin sikkələrin Qəbələdə, Ərdəbildə və başqa yerlərdə olan zərbxanalarda basıldığını güman edirlər. Eyni zamanda Albaniyada isə Selevkilərin gümüş sikkələrinə bənzədilən pulların tədavülü eramızdan əvvəl II-I əsrlərə təsadüf edir.

        III əsrin ikinci yarısında Azərbaycan ərazisinin böyük hissəsi Sasani imperiyası tərəfindən işğal olundu. Bununla belə artıq VI-VII əsrlərdə Sasani hökmdarları öz gümüş dirhəmlərini Naxçıvanda zərb etdirirdilər. Lakin həmin dövrdə Sasaniləri məğlub etmiş Ərəb Xilafəti Azərbaycanı da özünə tabe etdi. Xilafət tarixinin ilk dövründə (VII-IX əsrlər) pul tədavülü, xüsusilə qızıl və mis sikkələrin zərbi mərkəzləşdirilmişdi. Eyni zamanda Xilafətin gümüş dirhəmləri Azərbaycanda da zərb edilirdi.

        Xilafətin zəifləməsi və Səlcuq yürüşləri nəticəsində başlanan feodal parçalanma artıq X əsrdə Azərbaycanda bir sıra faktiki müstəqil olan kiçik dövlətlərin yaranmasına səbəb oldu. Digər hökmdardan vassal asılılıqda olan bu dövlətlərin sikkələrində (adətən gümüş dirhəmlərində) süzerenin adı da göstərilirdi. Belə ki, məsələn, XI əsrdən başlayaraq Şirvanşahların Şamaxıda zərb etdikləri sikkələrin bir üzündə dini başçı olan Abbası xəlifəsi ilə yanaşı süzeren kimi Səlcuq sultanının, digər üzündə isə Şirvanşahın adları yazılırdı. Buna baxmayaraq sikkələrdə Şirvanşahların adlarının dəbdəbəli ləqəblərlə müşayiət olunması onların iri feodal dövlətinin məşhur hökmdarı kimi müstəqilliyini göstərir. Analoji olaraq həmin dövrdə Sacilər Bərdədə, Salarilər Ərdəbildə, Şəddadilər Gəncədə, Rəvvadilər isə Təbrizdə öz gümüş dirhəmlərini zərb edirdilər. XII-XIII əsrlərdə Azərbaycan ərazisində Səlcuq və Atabəylər dövlətlərinin də mis dirhəmləri zərb edilirdi.

        XII əsrdə baş verən monqol yürüşləri nəticəsində Azərbaycan beşinci monqol üsulu hesab edilən Hülakülər (Elxanilər) dövlətinin mərkəzinə çevrildi. Hülakülər dövlətinin gümüş dirhəmləri əsasən Naxçıvanda və Bərdədə zərb edilirdi. Hülakülər dövlətinin timsalında həmin dövrdə sikkə zərbinə Şərqlə Qərbin fərqli münasibəti açıq-aydın görsənir. Məlumdur ki, orta əsrlər dövründə Avropada az qala hər bir feodalın öz sikkəxanası mövcud idi və onlar qısamüddətli mənfəət naminə ümumdövlət maraqlarını qurban verirdilər. Şərqdə isə xütbə oxunuşu mərasimi ilə yanaşı sikkə zərbi də dövlət rəmzi hesab olunurdu. Məhz buna görə də XIV əsrdə Hülakülər dövləti faktiki olaraq Çobani feodalları tərəfindən idarə edilsə də, sikkə zərbi və xütbə oxunuşu mərasimi onların adından deyil, Hülakü şahzadələri adından həyata keçirilirdi.

        XIV əsrdə Azərbaycan Hülakülər dövlətini məğlub etmiş Cəlairilər dövlətinin mərkəzinə çevrildi. Cəlairilər öz gümüş dirhəmlərini əsasən Bakıda, Şabranda, Qarqarda və Qaraağacıda zərb edirdilər. XIV əsrin sonunda Azərbaycan ərazisi Qızıl Orda və Teymuri dövlətlərinin biri-digərini əvəz edən hücumlarına məruz qaldı. Bununla belə, işğalçılar sikkə zərbinə də xüsusi diqqət yetirməyi unutmurdular. Belə ki, məsələn, 1356-cı ildə Təbrizi çox qısa müddətə işğal etmiş Qızıl Orda xanı Canibəy tez bir zamanda öz adından şəhəri öz ərazisi kimi və müvafiq ili göstərməklə sikkələr zərb etdirmişdi. Lakin son nəticədə XV əsrin əvvəlində bu müharibələrdən qalib kimi Teymurilər və onların vassalı olaraq Azərbaycanı zəbt etmiş Qaraqoyunlular çıxdı. İlk dövrdə Qaraqoyunlular Astarada Teymuri hökmdarlarının adına gümüş təngələr zərb edirdilər. Bir qədər sonra isə həmin gümüş təngələr artıq özlərini sərbəst hiss edən Qaraqoyunlular hökmdarlarının adına Urmda zərb edilirdi. Lakin tezliklə XV əsrin ikinci yarısında Qaraqoyunlular dövlətinin süqutu nəticəsində Ağqoyunlular dövləti yarandı. Ağqoyunlu sultanları da əsasən gümüş təngələr zərb etdirirdilər (məsələn, Ərzincanda). Qeyd etmək lazımdır ki, həmin dövrdə müstəqilliyinin son dövrünü yaşayan Şirvanşahlar da Şamaxıda gümüş təngələr zərb edirdilər.

        XV əsrin əvvəlində Azərbaycan yeni yaranmış Səfəvilər dövlətinin mərkəzinə çevrildi. Səfəvi hökmdarlarının müxtəlif dövrlərdə və yerlərdə (Təbriz, Gəncə, Şamaxı, Ordubad, Naxçıvan) zərb etdirdikləri sikkələr fərqli idi: qızıl əşrəfi, iki şahılıq gümüş pul, gümüş məhəmmədi, gümüş abbası, gümüş pəncşahı və s. Səfəvilər dövləti Şimali və Mərkəzi Avropa dövlətləri ilə çox sıx ticarət edirdi. Bunu xüsusilə numizmatik materiallar təsdiq edir. Məsələn, Azərbaycanda aşkara çıxarılmış Mirik pul dəfinəsi 1541-1572-ci illərdə zərb edilmiş Qərbi Avropa talerlərindən ibarətdir. Dəfinədəki sikkələr tərkibinə görə olduqca müxtəlifdir: burada Almaniya (Şvabiya,Bohemiya, Bavariya, Friziya, Saksoniya, Köln, Drezden, Nürnberq, Hamburq və s.), Avstriya, İsveçrə (Sürix), Beiçika (Lyöj) və başqa ölkələrin knyazlıqlarında zərb edilmiş sikkələr var idi.

        XVIII əsrin əvvəlində Səfəvilər dövlətinin zəifləməsi nəticəsində Azərbaycan əsasən qapalı həyat sürən çoxsaylı xanlıqlara parçalandı. Təbii ki, bu dövrdə Azərbaycanda vahid pul sistemi yox idi. Demək olar bütün böyük şəhərlərdə hər xanın xüsusi mis və gümüş pulu zərb olunurdu: məsələn, Şəkidə (Şəki xanlığı) mis fulus və gümüş, yarım abbası, Şuşada (Qarabağ xanlığı), Qubada (Quba xanlığı), Dərbənddə (Dərbənd xanlığı), Naxçıvanda (Naxçıvan xanlığı) və Təbrizdə (Təbriz xanlığı) gümüş abbası, Gəncədə (Gəncə xanlığı) gümüş abbası və yarım abbası, mis fulus, Bakıda (Bakı xanlığı) mis fulus və s. Bu pulların sabit qiyməti də yox idi; hər bir xanlığın pulu demək olar yalnız öz ərazisində əsas pul kimi işlədilirdi; başqa ərazidə o öz dəyərini xeyli itirirdi. Xanlıqların hərc-mərcliyi nəticəsində 1828-ci ildə Rusiya ilə İran arasında bağlanan Tükmənçay müqavilsinə görə, Azərbaycan iki hissəyə bölündü: Şimali Azərbaycan Rusiyanın, Cənubi Azərbaycan isə İranın müstəmləkəsinə çevrildi.

        Azərbaycanın Rusiya imperiyasının tərkibinə qatılması sonucunun kapitalizmə qədəm qoyması ilə eyni vaxta təsadüf etdi. Belə ki,1860-cı ildə Rusiya imperiyasının Dövlət Bankı təsis edildi və artıq bir il sonra onun Bakı bölməsi açıldı. Bölmənin əsas məqsədi əmtəə dövriyyəsini genişləndirməkdən və kredit sisteminin inkişafının sürətləndirilməsindən ibarət idi. Dövlət Bankının Bakı bölməsi veksellərin uçotu və yenidən uçotu, malların girovu ilə təmin edilmiş kreditlərin verilməsi və digər əməliyyatlar aparırdı. Həmin dövrdə imperiyanın hər yerində ödəniş vasitəsi kimi sikkələrlə yanaşı "rubl" adlanan dövlət biletləri də istifadə olunurdu.

        Artıq XIX əsrin sonunda Azərbaycan Qafqazın digər regionları ilə müqayisədə kapital quruluşuna xas olan ən inkişaf etmiş kredit-bank sisteminə malik idi. XX əsrin əvvəlində Azərbaycanın kredit sistemi 200-ə yaxın kredit idarəsini birləşdirirdi. Onların sırasında kommersiya kredit banklarının 28 bölməsi, 7 ipoteka bankı, 8 qarşılıqlı kredit cəmiyyəti, 5 bank idarəsi, 135 xırda kredit idarəsi və çoxsaylı əmanət kassası mövcud idi. Bu dövrdə Azərbaycanda bank və sənaye (neft sənayesi) kapitalının birləşməsi müşahidə olunurdu. Məsələn, 1917-ci ildə Nobel qardaşları tərəfindən reallaşdırılan neft layihələrində 15 rus və xarici bank iştirak edirdi.




2. Azərbaycan Dövlət Bankı

        1917-ci ilin fevral ayında Rusiyada baş vermiş inqilab nəticəsində hakimiyyət Müvəqqəti Hökumətə keçdi. Dövlət Bankı dövlət kredit biletlərinin (rublun) emissiyasını əvvəlki kimi davam etdirirdi (sadəcə olaraq "Nikolayevka"ları "Kerenka"lar əvəz etdi). 1917-ci ilin oktyabrında Rusiyada baş vermiş növbəti inqilab nəticəsində hakimiyyət bolşeviklərə keçdi. Bundan istifadə edən müstəmləkələr, o cümlədən Azərbaycan müstəqilliyə can atmağa başladı. Lakin 1918-ci ilin əvvəlində Rusiya bolşeviklərinin əli ilə Bakı Xalq Komissarları Soveti yaradıldı. Əmtəə mübadiləsi sferasında pul nişanlarına artmaqda olan tələbatı ödəmək məqsədi ilə artıq 1918-ci ilin yanvar ayından etibarən Bakı şəhər idarəsi və Bakı Sovetinin şəhər təsərrüfatı tərəfindən "Bakı bonları" adlanan kağız pullar dövriyyəyə buraxılmışdı.

        1918-ci il may ayının 28-də Azərbaycan öz müstəqilliyini elan edərək müsəlman aləmində ilk dəfə olaraq demokratik respublika - Azərbaycan Xalq Cumhuriyyətini yaratmışdır. İlk dövrdə müstəqil respublikada Rusiya pulları və Bakı bonları ilə yanaşı Zaqafqaziya bonlarından da geniş istifadə olunurdu. Həmin vaxtda keçmiş Rusiya Dövlət Bankının Bakı bölməsi də öz fəaliyyətini davam etdirirdi. Lakin artıq 1919-cu il mart ayının 7-də Azərbaycan Respublikası hökumətinin qərarı ilə Azərbaycan Dövlət Bankının (mərkəzi bankın) təşkil edilməsi təklifi bəyənildi və onun nizamnaməsinin hazırlanması Maliyyə nazirinə tapşırıldı. Elə həmin il sentyabr ayının 16-da Azərbaycan Respublikasının parlamenti Maliyyə Nazirliyinin kredit şöbəsi tərəfindən hazırlanmış Azərbaycan Dövlət Bankının Nizamnaməsini qəbul etdi. 1919-cu il 30 sentyabr tarixdə isə Azərbaycan Dövlət Bankının təntənəli açılışı oldu və həmin gündən etibarən o, fəaliyyətə başladı. Dövlət Bankının mərkəzi aparatının binası Bakının Qorçekovski (indi H.Z.Tağıyev) küçəsində yerləşirdi. Dövlət Bankının sədri səlahiyyətlərini maliyyə nazirinin müavini Mark Mixayloviç Abequz icra edirdi. Sədr müavini vəzifəsinə isə Həsənbəy Fəttahov təyin edilmişdi. 1919-cu il noyabr ayının 9-da Dövlət Bankının Gəncə bölməsi açılmışdır. Sonralar digər regionlarda da Dövlət Bankının bölmələri təsis edilmişdir.

        Azərbaycan Dövlət Bankı əsas məqsədi pul dövriyyəsini asanlaşdırmaq, ticarət, sənaye və kənd təsərrüfatına yardım etmək, habelə pul sistemini möhkəmlətməkdən ibarət olan hökumət idarəsi idi. Dövlət Bankının nizamnamə (əsas) kapitalı 50000000 rubl idi. Nəzərdə tutulurdu ki, hər il bu kapital illik gəlirin 10%-i məbləğində vəsait hesabına artırılacaq. Ehtiyat kapitalı isə 10000000 rubl məbləğinə çatana qədər illik gəlirin 20%-i məbləğində, sonra isə 10%-i məbləğində vəsait hesabına formalaşdırılmalı idi. Ehtiyat kapitalı Bankın əməliyyatları üzrə yaranmış ziyanın örtülməsi üçün yaradılmalı idi. Bu kapital da az olduqda əsas kapitaldan istifadə edilməli idi. Öz növbəsində əsas kapitalın çatışmayan hissəsi dövlət büdcəsi hesabına örtülməli idi. Eyni zamanda Bankın saxlanması üçün gəlirin kifayət olmadığı təqdirdə xüsusi ehtiyat fondunun yaradılması nəzərdə tutulurdu. Həmin fond illik gəlirin 5%-i məbləğində ödəmələr hesabına formalaşdırılmalı idi.

        Pul nişanlarının emissiyası səlahiyyəti Dövlət Bankına mənsub idi. Bütövlükdə Demokratik Respublika dövründə Azərbaycanda 2 milyard 345 milyon rubl məbləğində pul nişanları emissiya edilmişdir. Milli valyutanın dönərliyini təmin etmək məqsədi ilə hökumət Bakı bonu ilə digər valyutaların mübadilə məzənnəsini aşağıdakı kimi müəyyən etmişdir:

        1000 rublluq "Kerenka" - 1850 bon (rubl)


        500 rublluq "Romanovka" - 1600 bon
        100 rublluq "Romanovka" - 350 bon
        1 ingilis funt sterlinqi - 310-315 bon
        1 ABŞ dolları - 280 bon
        1 fransız frankı - 8-10 bon
        1 italyan liri - 7 bon
        1 İran tüməni - 125-130 bon
        1 türk qızıl lirəsi - 390 bon
        1 rus qızıl onluğu (çervon) - 420 bon və s.

        "Banklar bankı" olan Azərbaycan Dövlət Bankı ölkədə mövcud olan kredit təşkilatlarının fəaliyyətinə nəzarət edirdi. Ümumiyyətlə, Demokratik Respublika dövründə Azərbaycanın pul-kredit sistemi xeyli inkişaf etmişdi. Bank təşkilatları ilə yanaşı ölkədə digər kredit institutları da fəaliyyət göstərirdi. Belə ki, 1919-cu il 1 dekabr tarixdən Azərbaycanda əmanət kassaları fəaliyyət göstərməyə başlamışdır. Əhalinin əmanətləri üzrə illik faiz dərəcəsi 3,6% idi. Eyni zamanda poçt-teleqraf təşkilatlarının bazasında fəaliyyət göstərən poçt-teleqraf kassaları da öz fəaliyyətlərini genişləndirmişdi. Onlar 15 xəzinədarlığın yurisdiksiyasında olan mərkəzi əmanət kassalarına aid idi. Mərkəzi kassalar keçmiş rus əmanət kassalarının borclarını ödəmək üzrə öhdəlik götürərək hər həftə hər kitabça üzrə əhaliyə 200 rubl ödəyirdi. Kənd təsərrüfatının kreditləşdirilməsi ilə isə ipoteka bankları, xüsusi ssuda-əmanət kassaları və ssuda-əmanət ittifaqları (1919-cu il 1 oktyabr tarixdən fəaliyyət göstərirdi) məşğul olurdu.

        Lakin 1920-ci il 28 aprel tarixdə bolşevik Rusiyasının Azərbaycanı istila etməsi nəticəsində dövlətin müstəqilliyi formal olaraq saxlanılsa da (Azərbaycan Sovet Sosialist Respublikası adı ilə), ölkənin mövcud pul-kredit sistemi məhv edildi. Maliyyə Komissarlığının 1920-ci il 31 may tarixli Əmri ilə Azərbaycan Dövlət Bankı Azərbaycan Xalq Bankı adlandırıldı (qulluqçuların öz vəzifələrində saxlanılması ilə). Azərbaycan İnqilab Komitəsinin 1920-ci il 9 iyun tarixli qərarı ilə bütün banklar və digər kredit təşkilatları milliləşdirilərək Xalq Bankının tərkibinə qatıldı. Beləliklə də bank işi dövlətin müstəsna inhisarına keçdi. İnqilab Komitəsinin 1920-ci il 2 avqust tarixli qərarı ilə milliləşdirilmiş bütün kredit təşkilatlarının, o cümlədən Azərbaycan Dövlət Bankının 1920-ci il 28 aprel tarixə qədər yaranmış borcları ləğv edildi.

        Azərbaycan Xalq Bankının əsas vəzifəsi kağız pulların (rublların) emissiyası idi. Maliyyə Komissarlığının tərkibində olan Xalq Bankı xalq təsərrüfatını maliyyələşdirir və smeta-büdcə işi ilə məşğul olurdu. Hərbi kommunizm siyasətinin həyata keçirildiyi vaxtda dövlət müəssisə və idarələri arasında pulsuz hesablaşmaların tətbiqi Xalq Bankının kredit əməliyyatlarına son qoydu. Xalq Bankının hesablaşma mərkəzi kimi rolu minimuma endirildi, çünki dövlət büdcəsi ilə bütün hesablaşmalar müəssisələrin smeta maliyyələşməsi qaydasında aparılır və onların gəliri büdcə hesablarına oturulurdu. Beləliklə, qısa müddət ərzində Xalq Bankının mahiyyəti tamamilə dəyişdi. O, mərkəzi bankdan maliyyə orqanları ilə yanaşı büdcə əməliyyatlarına xidmət göstərən orqana çevrildi. Təbiidir ki, iki paralel strukturun fəaliyyət göstərməsi məqsədəuyğun deyildi. Eyni zamanda Xalq Bankı adlı qurumun mövcudluğu bolşeviklərin o zaman qurmaq istədikləri pulsuz təsərrüfat xülyası ilə ziddiyyət təşkil edirdi. Buna görə də Azərbaycan İnqilab Komitəsinin 1920-ci il 14 avqust tarixli qərarı ilə "əvvəlki mənada dövlət kredit idarəsinə" ehtiyac olmadığı səbəbindən Azərbaycan Xalq Bankı ləğv edildi və onun olan-qalan bank əməliyyatlarını Mərkəzi Büdcə-Hesablaşma İdarəsi həyata keçirməyə başladı.

        Lakin artıq 1921-ci ilin sonlarında bolşeviklər yeni iqtisadi siyasət həyata keçirmək zorunda qaldılar. Bununla əlaqədar mərkəzi bankın da fəaliyyətini barpa etmək lazım idi. Azərbaycan Xalq Komissarları Şurasının 1921-ci il 16 oktyabr tarixli qərarı ilə başda Əliağa Həsənov olmaqla Azərbaycan Dövlət Bankı yaradıldı və onun Maliyyə Komissarlığı tərəfindən hazırlanan Nizamnaməsi qəbul edildi. Fəaliyyəti ilə yanaşı ilkin adını da bərpa etmiş Dövlət Bankı Milyutinski və Baqratinski küçələrinin kəsişiyində yerləşən keçmiş Qafqaz Bankının binasında yerləşdirildi.

        1922-ci il martın 12-də Azərbaycanı, Gürcüstanı və Ermənistanı özündə birləşdirən Zaqafqaziya Sovet Sosialist Respublikaları federativ ittifaqı (ZSFSR) təşkil olundu. 1922-ci ilin dekabrın 30-da isə ZSFSR Sovet Sosialist Respublikaları İttifaqının tərkibinə qatıldı. ZSFSR-nin İttifaq Şurasının 1923-cü il 10 yanvar tarixli Dekreti ilə Zaqafqaziya vahid pul sisteminə keçdi və beləliklə də Azərbaycan Dövlət Bankının pul emissiyası sahəsində fəaliyyətinə xitam verildi. Maraqlıdır ki, həmin dövrdə Azərbaycan Dövlət Bankını Azərbaycan Milli Bankı adlandırmaq təklif edilirdi. Lakin əhalini çaşdırmamaq üçün bu fikirdən imtina edilmişdir. Buna baxmayaraq mətbuatda (məsələn, "Bakı fəhləsi" qəzetində) Azərbaycan Dövlət Bankları tez-tez Milli Bank adlandırılırdı. Faktiki olaraq bu respublikanın formal müstəqilliyinin də tezliklə heçə endirilməsindən xəbər verirdi. Həqiqətən də Azərbaycan Xalq Komissarları Sovetinin 1923-cü il 3 iyul tarixli qərarı ilə Azərbaycan Dövlət Bankı Azərbaycan Dövlət Kənd Təsərrüfatı Bankı adlandırılmış və beləliklə də onun mərkəzi bank funksiyalarına xitam verilmişdi. Düzdür, ilk dövrlərdə Azərbaycan Dövlət Kənd Təsərrüfatı Bankı kənd təsərrüfatının inkişafına yardım etməklə yanaşı pul və əmtəə dövriyyəsi məsələlərini də tənzimləyirdi.

        1923-cü ildə SSRİ Dövlət Bankının yaradılması ilə əlaqədar onun Bakı bölməsi yaradıldı. 1936-cı ilin dekabrında qəbul edilmiş SSRİ Konstitusiyasına müvafiq olaraq Azərbaycan SSRİ tərkibinə "suveren" respublika kimi daxil oldu. Bundan sonra 1991-ci ilin sonlarına kimi mövcud olmuş SSRİ Dövlət Bankının Azərbaycan İdarəsi fəaliyyət göstərmişdir.

3. Azərbaycan Respublikasının Milli Bankı

        1991-ci il 18 oktyabr tarixində Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi. Maraqlıdır ki, müstəqil Azərbaycan Respublikasının bank sisteminin, o cümlədən Milli Bankın yaradılması üçün hüquqi baza bundan bir qədər əvvəl formalaşmışdır. Belə ki, "Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında" Azərbaycan Respublikasının 1991-ci il 25 may tarixli Konstitusiya Qanununun "Bank sistemi və pul tədavülü" adlanan 14-cü maddəsi bütövlükdə məhz bu məsələləri əhatə edirdi. Azərbaycanda müstəqil bank sisteminin və milli pul vahidinin tədavülünün hüquqi əsaslarını təsbit etməklə yanaşı həmin maddə Milli Bankın da statusunu və səlahiyyətlərini müəyyən etmişdir. Belə ki, Milli Bank kredit, pul tədavülü, hesablaşmalar və valyuta münasibətləri sahəsində dövlət siyasətini yeridən, bütövlükdə bank sisteminin fəaliyyətini tənzimləyən və ehtiyat bank funksiyalarını icra edən ali emissiya idarəsi elan edilmişdir.

        Bununla belə həmin dövrdə Milli Bank hələlik yaradılmamışdı. Eyni zamanda "Respublikanın iqtisadi və ictimai-siyasi həyatını sabitləşdirmək sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikasının 1991-ci il 8 oktyabr tarixli Qanununa əsasən büdcə-maliyyə sisteminin tənzimi, habelə mərkəzi dövlət idarəetmə orqanlarının yaradılması və ləğvi məsələləri Azərbaycan Respublikası Prezidentinin fərmanları ilə müəyyən olunurdu. Məhz bu Qanuna əsasən, habelə yuxarıda qeyd edilən Konstitusiya Qanununa uyğun olaraq "Azərbaycan Respublikası Milli Bankının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 11 fevral tarixli Fərmanı ilə Dövlət Bankının, keçmiş SSRİ Sənaye-Tikinti Bankının, SSRİ Aqrar-Sənaye Bankının Azərbaycan Respublikası bankları bazasında Azərbaycan Respublikasının Milli Bankı yaradılmışdır.

        Artıq 1992-ci il 7 avqust tarixdə "Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanunu ilə yanaşı "Azərbaycan Respublikasının Milli Bankı haqqında" Qanun da qəbul olunmuşdur. Həmin ayın 15-də Azərbaycan Respublikasının milli valyutası - manat tədavülə buraxılmışdır (rublla bərabər). 1992-ci il 1 dekabr tarixdə isə Azərbaycan Respublikasının Milli Məclisi "Azərbaycan Respublikasının Milli Bankının Nizamnaməsinin təsdiq edilməsi haqqında" qərar qəbul etmişdir. Bank işi üçün əhəmiyyətli dərəcədə vacib olan bu qanunvericilik aktları milli bank hüququnun təməlini qoymuş və bank fəaliyyətinin yeni ictimai-iqtisadi şəraitə uyğunlaşmasına şərait yaratmışdır. Sözügedən aktlarda Milli Bank tədavülə pul nişanları buraxılmasına müstəsna hüququ olan və ehtiyat sistemi rolunu yerinə yetirən dövlətin mərkəzi bankı kimi müəyyən edilmişdir. Eyni zamanda Milli Banka bank sistemi üzərində tənzimləyici və nəzarətedici səlahiyyətlər verilmişdir.

        1994-cü il yanvarın 1-dən manat ölkənin yeganə ödəniş vasitəsi elan olundu. 1995-ci il 12 noyabr tarixdə keçirilən referendumda qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının 19-cu maddəsinin II bəndində isə pul nişanlarının tədavülə buraxılması və tədavüldən çıxarılması hüququnun yalnız Milli Banka mənsub olması bir daha təsdiq edilmişdir. Eyni zamanda həmin bənddə Milli Bankın dövlətin müstəsna mülkiyyətində olması da təsbit edilmişdir. Yeni Konstitusiyanın qəbulu Azərbaycanda hüquqi dövlət quruculuğu sahəsində keyfiyyətcə yeni mərhələnin başlanmasından xəbər verirdi. Məhz buna görə də bütün sahələrdə olduğu kimi bank qanunvericiliyi sahəsində də yeniliklər zəruri idi.

        Buna görə də 1996-cı il 10 iyun tarixdə "Azərbaycan Respublikasının Milli Bankı haqqında", 14 iyun tarixdə isə "Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında" Qanunlar yeni redaksiyada qəbul edildi. Yeni bank qanunları respublikanın bank sisteminin qabaqcıl dünya bank təcrübəsinə yaxınlaşmasına və etibarlı kredit təşkilatlarının yaradılmasına imkan yaratdı. Belə ki, Milli Bank haqqında müvafiq Qanunda onun əsas funksiyalarından biri olan dövlətin pul-kredit siyasətinin həyata keçirilməsi vasitələri və metodları göstərilmişdir. Burada sərbəst bazarda əməliyyatların aparılması, valyuta bazarına müdaxiləsi, bank əməliyyatlarının məhdudlaşdırılması və s. tədbirlər nəzərdə tutulmuşdur.



        Bununla belə bank qanunvericiliyinin təkmilləşdirilməsi işi və ümumiyyətlə bank islahatları bir an belə yerində durmamış və hal-hazırda bu p
roses davam edir.
Yüklə 62,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə