Hüquqi nəticəyə səbəb olan hüquqi faktlar üç dərəcəyə (kateqoriyaya) bölünür:
1. Hüquq yaradan hüquqi faktlar;
2. Hüquq dəyişən hüquqi faktlar;
3. Xitamverici hüquqi faktlar.
Hüquq yaradan hüquqi faktlar mülki hüquq münasibətlərinin yaranmasına səbəb olur.
Buna alqı-satqı müqaviləsini misal göstərmək olar. Burada, alıcıda aldığı əşyaya mülkiyyət
hüququ yaranır. Adətən, hüquq yaradan hüquqi faktlarda subyektə hüquq ilk dəfə verilir.
Hüquq dəyişən faktlar o hüquqi faktlara deyilir ki, burada fakt mütləq hüquq
münasibətlərinin dəyişməsinə səbəb olur. Bu cür faktlara borcun tələb edilməsinin güzəşti və
ya başqa şəxsə keçirilməsini misal göstərmək olar. Mülki hüquq münasibətlərinin dəyişməsi
təkcə bu münasibətlərin subyektiv tərkibində deyil, həm də obyektlərinin, məzmununun
dəyişməsində özünü göstərir. Məsələn, əmlak kirayəsi (icarə) müqaviləsinə əsasən, kirayəçi
(icarəçi) əşyanı itirərsə, onun dəyərini ödəməlidir.
Xitamverici hüquqi faktlar elə faktlardır ki, burada mövcud hüquq normaları əsasında
mülki hüquq münasibətlərinə xitam verilir. Mülki hüquq münasibətlərinə xitam verilməsi
şəraitdən asılı olaraq müxtəlif cür olur. Məsələn, mülkiyyət hüququ olan obyektin məhvi,
sıradan çıxması, hüquq münasibətlərinə girən iştirakçılardan birinin ölməsi, borclunun borcu
ödəməsi və s.
Mülki hüquqi nəticələrin baş verməsi üçün tələb olunur ki, onları yaradan şərait
qanunla müəyyən olunsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü maddəsində
deyilir: «Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan,
habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki
qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən
əmələ gəlir». Hüquqi nəticələr müxtəlifdir. Məsələn, insanın doğulması faktı ilə onun mülki
hüquq qabiliyyəti yaranır, vətəndaşın 18 yaşına çatması ilə o, tam fəaliyyət qabiliyyəti əldə
edir, iddianın irəli sürülməsi iddia müddətinin axımını kəsir.
Hüquqi faktların daha çoxsaylı qrupunu mülki hüquq münasibət-ərinin əmələ gəlməsi,
dəyişməsi və ya xitamı ilə bağlı vəziyyətlər (əsaslar) təşkil edir (MM-nin 14-cü maddəsinin
2-ci hissəsi). Həmin əsaslara əqdlər, müqavilələr, səlahiyyətli orqanların verdiyi aktlar, elm,
ədəbiyyat, incəsənət əsərlərinin yaradılması, başqa şəxsə zərər vurulması, əsassız varlanma
və s. daxildir. Qanun mülki hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və xitam
olunmasını çox vaxt bir vəziyyətlə deyil, hüquqi və ya faktiki tərib adlanan hüquqi faktların
məcmusu ilə əlaqələndirir. Məsələn, vəsiyyətnaməyə görə vərəsə üç hüquqi faktın yaranması
ilə miras əmlakına sahib olur: vəsiyyətnamənin tərtib olunması, vəsiyyət edənin ölümü,
mirasın qəbul edilməsinə razılığın olması.
Yaratdığı hüquqi nəticələrdən və insanların iradəsi ilə əlaqəsindən asılı olaraq hüquqi
faktlar təsnifləşdirilir. Mülki qanunvericilikdə hüquqi faktların iki növü fərqləndirilir.
1. Hadisələr;
2. Hərəkətlər.
İnsanların iradəsi ilə əlaqəsi olmayan hüquqi faktlara hadisələr deyilir. Hadisələrə
insanın anadan olması, onun təbii ölümü, zəlzələ, ildırım çaxması və s. misal ola bilər. O
hadisələr hüquqi əhəmiyyət kəsb edir ki, onların baş verməsi hüquqi nəticələrə səbəb olur.
Məsələn, insanın anadan olması, valideynlərin uşağı saxlamaq və tərbiyə etmək vəzifəsini
əmələ gətirir, yaxud insanın ölməsi, bir hüquqi fakt kimi vərəsələr arasında hüquq
münasibətlərinin əmələ gəlməsinə səbəb olur və s.
Mülki hüquqda hadisələr də iki qrupa bölünür:
1. Mütləq və yaxud fors-major hadisələr;
2. Nisbi hadisələr.
Mütləq hadisələr elə hadisələrdir ki, onların yaranması və inkişafı insanın iradəvi
fəaliyyəti ilə bilavasitə bağlı deyil. Məsələn, zəlzələ, vaxtın keçməsi və s.
Nisbi hüquqi hadisələr insanların fəaliyyəti nəticəsində yaranır, ancaq bu hərəkətdən
asılı olmayaraq inkişaf edir. Məsələn, yanğın, insan ölümü, insanın doğulması və s.
Hərəkətlər insanların iradəvi hərəkətlərinin, yəni şüurlu fəaliyyətinin nəticəsi olan
həyati faktlardır. Qanun isə onları müəyyən hüquqi nəticə ilə əlaqələndirir. Hüquqi faktların
əksəriyyətini hərəkətlər təşkil edir. Hərəkətlər də öz növbəsində hüquqauyğun və hüquqazidd
hərəkətlərə bölünür.
Hüquqauyğun hərəkətlər o hərəkətlərə deyilir ki, onlar hüquq normalarının (qanunun)
tələbləri ilə üst-üstə düşür, heç bir halda qanuna zidd olmur. Qanun əsasında bağlanılmış
bütün mülki-hüquqi əqdlər alqı-satqı, dəyişmə və s. müqavilələr belələrindəndir.
Hüquqauyğun hərəkətlər içərisində hüquqi aktlar və hüquqi əməllər mühüm yer tutur.
Mülki hüquqda mülki hüquq münasibətlərinin yaranmasına, dəyişməsinə və xitam edilməsinə
yönəldilmiş hüquqi fəaliyyət hüquqi akt adlanır. Mülki hüquqi aktlar sistemində əsas yerlərdən
birini əqdlər tutur. Hüquqi aktlara, həmçinin, səlahiyyətli dövlət orqanlarının fərdi aktları,
ərizələr, şikayətlər, sazişlər və s. aiddir. Vətəndaşların və təşkilatların müəyyən hüquqi
nəticələr əldə edilməsinə yönəldilmiş hüquqauyğun fəaliyyəti saziş adlanır. Sazişlərin əhatə
dairəsi olduqca genişdir.
Hüquqi əməl mülki hüquq subyektinin elə hüquqauyğun hərəkətidir ki, burada hüquqi
nəticə şəxsin arzusundan asılı olmayaraq baş verir. Hüquqi əməllərə elmi əsərin yaradılması,
müəssisələrdə malların hazırlanması və s. misal ola bilər.
Mülki hüquqda bəzən hərəkətsizlik də, yəni qanunla nəzərdə tutulmuş müəyyən
hərəkətləri etməmək də hüquqi nəticələrə səbəb olur. Məsələn, kreditorun vaxtı çatmış və
ona təklif olunmuş icranı qəbul etməməsi və ya borclunun öz öhdəliyini icra edə bilmək üçün
ondan gözlədiyi hərəkətləri yerinə yetirməməsi və s.
Hüquqauyğun hərəkətlərdən fərqli olaraq, hüquqazidd hərəkətlər hüquq pozuntusuna
səbəb olan hərəkətlərdir. Öhdəliklərin yerinə yetirilməməsi, başqasının mülkiyyətinə ziyan
vurulması və s. hüquqazidd hərəkətlərə misal ola bilər. Hüquqazidd hərəkətlər hüququ pozan
şəxs üçün xoşagəlməz hüquqi nəticələrə səbəb olur. Bu hərəkətlər hüquq normaları və
cəmiyyətin mənafeyinə zidd olduqlarına görə mülki hüquqi məsuliyyət yaradır.
Mülki hüquq münasibətlərinin məzmunu və forması. – Mülki hüquq
münasibətlərinə onların strukturu aspektində baxılmalıdır. Digər hüquq münasibətlərində
olduğu kimi mülki hüquq münasibətləri də öz strukturuna görə aşağıdakı hissələrdən
ibarətdir:
1) məzmun və forma;
2) subyektlər;
3) obyektlər.
İctimai münasibətlərin mülki hüquqi tənzimi prosesində onların iştirakçılarına verilən
subyektiv hüquq və vəzifələr, mövcud olan hüquq münasibətləri çərçivəsində onların gələcək
davranışlarını qabaqcadan müəyyən edir. İstənilən ictimai münasibət kimi, mülki hüquq
münasibətləri də insanlar arasındakı qarşılıqlı əlaqələr nəticəsində formalaşır. Hüquq
münasibətlərində iştirakçıların qarşılıqlı əlaqələri, onların malik olduqları subyektiv
hüquqlara və daşıdıqları vəzifələrə uyğun olaraq həyata keçirilir. Belə ki, alqı-satqı
müqaviləsi üzrə hüquq münasibətlərində satıcı satdığı əşyanı müqavilə ilə müəyyən edilmiş
şərtlərlə və müddətdə alıcının mülkiyyətinə verir, alıcı isə müqavilədə nəzərdə tutulmuş
müddətdə müəyyən pul məbləğini satıcıya ödəyir.
Mülki hüququn predmetinə daxil olan ictimai münasibətlər hüquqi nizamasalınma
nəticəsində yoxa çıxmırlar, əksinə, hüquqi forma əldə edirlər. Buna görə də mülki hüquq
münasibətlərinin məzmunu onların iştirakçılarının subyektiv hüquq və vəzifələrinə uyğun
olaraq həyata keçirilən qarşılıqlı əlaqələrini əmələ gətirir.
Mülki hüquq münasibətlərinin iştirakçılarına aid olan subyektiv hüquq və vəzifələr onun
hüquqi formasını təşkil edir. Subyektiv hüquq dedikdə, səlahiyyətli şəxsin mümkün
Dostları ilə paylaş: |