1. Dövlətin anlayışı. Dövlətin formaları. Dövlət və dövlət hakimiyyəti. Dövlət və vətəndaş cəmiyyəti. Hakimiyyətin cəmiyyətdə rolu və mahiyyəti



Yüklə 218,67 Kb.
səhifə1/3
tarix27.10.2017
ölçüsü218,67 Kb.
#7024
  1   2   3

MÖVZU 2: HÜQUQ SİSTEMİNİN KONSTİTUSİYA ƏSASLARI

P L A N


1. Dövlətin anlayışı. Dövlətin formaları.

2. Dövlət və dövlət hakimiyyəti. Dövlət və vətəndaş cəmiyyəti.

3. Hakimiyyətin cəmiyyətdə rolu və mahiyyəti.

4. Dövlətin əsas qanunu kimi konstitusiyanın anlayışı və sosial-iqtisadi mahiyyəti.

5. Azərbaycan Konstitusiyasının inkişaf mərhələləri.

6. Azərbaycan dövlətinin konstitusiya statusu.

7. İnsan və vətəndaşın hüquqi statusunun anlayışı və prinsipləri. İnsan və vətəndaşın əsas hüquq və azadlıqları: sosial-iqtisadi və hüquqlar.

8. Azərbaycan Respublikası vətəndaşlığı .

9.Qeyri-hökumət təşkilatlarının (İctimai birliklərin) hüquqi statusunun əsasları.
1. Dövlətin anlayışı. Dövlətin formaları.

Dövlət, cəmiyyətin daxili təkamülünün məhsulu olub, obyektiv olaraq, təşkilati yetkinliyə məruz qalmışdır. Müxtəlif zamanlarda və müxtəlif şəraitdə dövlət cəmiyyəti idarə edən təşkilati, hökmranlıq mexanizmi kimi çıxış edir. Dövlətin daimi mahiyyəti yoxdur, o, deyildiyi kimi ibtidai icma cəmiyyətində olmamış, yalnız ibtidai icma cəmiyyətinin final mərhələsində müxtəlif səbəblərdən, hər şeydən əvvəl yaşamağın yeni təşkilati-əmək formaları və insanların təkrar istehsalı ilə əlaqədar yaranmışdır. Söhbət təsərrüfat həyatının təşkilinin yeni formasına keçiddən gedir ki, bu da cəmiyyətin sosial təbəqələşməsinə, siniflərin meydana gəlməsinə, dövlətin cəmiyyət həyatının yeni təşkilati forması kimi təşəkkül tapmasına gətirib çıxarır.

Dövlət, cəmiyyətin təşkilati forması kimi bir sıra əlamətlərə malikdir.

Bu əlamətlər aşağıdakılardır:



  1. Dövlət orqanlarında təmsil olunan, dövlət hakimiyyəti kimi çıxış edən ictimai hakimiyyətin xüsusi olaraq mövcudluğu. Onu idarəetmə və məcburetmə vəzifələrini yerinə yetirən insanların xüsusi təbəqəsi həyata keçirir. İnsanların bu xüsusi təbəqəsi dövlət hakimiyyətinin səlahiyyətləri verilmiş dövlət aparatını təşkil edirlər, yəni icra üçün məcburi olan aktları yaratmaq, zəruri hallarda insanların davranışlarını dövlət orqanlarının qəbul etdiyi qərarlarda öz ifadəsini tapan tələblərə tabe etdirmək üçün dövlət təsirinə əl atmaq imkanları olur.

2. Əhalinin ərazi üzrə bölünməsi. Dövlət hakimiyyəti müəyyən ərazi çərçivəsində həyata keçirilir və bu ərazidə yaşayan bütün insanlara şamil edilir. İbtidai icma cəmiyyətində insanların hakimiyyətə tabeliyi onların müəyyən qəbiləyə məxsusluğu, yəni qan qohumluğu əlaqələrindən asılı olmuşdur. Dövlətin əlaməti həmin dövlətin ərazisində olan bütün insanlara onun hakimiyyətinin təsirilə xarakterizə olunur.

  1. Dövlətin suverenliyi, yəni dövlət hakimiyyətinin daxildə və xaricdə hər hansı digər hakimiyyətdən asılı olmaması. Dövlət suverenliyi dövlətə öz işlərini sərbəst və azad surətdə həll etmək hüququ verməklə onu başqa əlamətləri ilə bərabər cəmiyyətin digər təşkilatlarından (məsələn, siyasi partiyalar) fərqləndirir.

  2. Bütün dövlət orqanlarının fəaliyyəti hüquq normalarına əsaslanır. Dövlət cəmiyyətdə yeganə təşkilatdır ki, qanunvericiliyi həyata keçirir, yəni, bütün əhali üçün məcburi olan qanunlar və digər normativ aktlar qəbul edir.

Dövlətə - sosial qrupun, xalqın iradə və maraqlarını ifadə edən xüsusi dövlət aparatına malik olan cəmiyyətin siyasi hakimiyyətinin xüsusi təşkilatı kimi tərif vermək olar.

Dövlət, onun mexanizmi (dövlət orqanları sistemi) birdəfəlik və həmişəlik olaraq dəyişməz şəkildə qalmır.

Dövlət onun təşkilatının siyasi forması kimi cəmiyyətin dəyişməsi ilə bərabər dəyişir. Biz quldarlıq, feodalizm, burjua cəmiyyətlərinin və s. dövlət mexanizminin xüsusiyyətlərindən danışa bilərik. Bu dövlətlərin təsnifatına bir növ yanaşmadır, bunlarla yanaşı başqaları da mövcuddur. Məsələn, avtoritar, totalitar, hüquqi dövlətləri də dövlət rejiminə görə təsnifləşdirmək olar. Əgər hüquqi dövlət mənən azad, səlahiyyətli insan şəxsiyyətini tanımağa əsaslanırsa, totalitar dövlətdə insanların şəxsi təşəbbüsü nəzərə alınmır.

Totalitar dövlət hədd qoyulmadan vətəndaşların şəxsi həyatına öz müdaxiləsini genişləndirərək, onların bütün fəaliyyətini öz hakimiyyətinin əhatəsinə və məcburi qaydada tənzimləməyə düçar edir. «Totus» sözü latınca «tam, bütöv» deməkdir. Totalitar dövlət vətəndaş cəmiyyətini udan hər cür rəzalətə qadir dövlətdir. Belə idarəetmə, bir qayda olaraq, hakimiyyət bölgüsü mexanizminin olmamasına, sahibkarların inhisarına, təkpartiyalılığa və s. əsaslanan diktaturada mövcud ola bilər.

Avtoritar dövlət onunla xarakterizə olunur ki, o, cəmiyyətin bütün sferalarına nüfuz etmir, onun güclü mərkəzləşdirilmiş hakimiyyəti totalitar rejimdə olduğu kimi hər şeyə qadir deyil. Lakin avtoritar dövlət cəmiyyətin həyat fəaliyyətinin elə sahələrinə müdaxilə edir ki, demokratik rejim şəraitində dövlət bu işlərə qarışmır. Avtoritarizm adətən, şəxsi diktatura elementləri ilə birləşir.

Əgər hüquqi dövlət tipi haqqında danışılsa, onun meydana gəlməsi və inkişafı Avropa ölkələrində XVIII əsr və XIX əsrin sonlarına aid edilir. Hüquqi dövlət quruculuğuna bu gün respublikamızda da başlanılmışdır. Azərbaycan Respublikasının demokratik, hüquqi, dünyəvi və unitar dövlət kimi inkişafı aşağıdakıları nəzərdə tutur:

Azərbaycan Respublikasında suverenliyin daşıyıcısı və dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır;

demokratiya (xalq hakimiyyəti) siyasi və iqtisadi cəhətdən müxtəliflik, çoxpartiyalılıq əsasında həyata keçirilir;

dövlət, onun orqanları, idarələri, vəzifəli şəxslər bütün cəmiyyətə xidmət edirlər, onun hər hansı bir hissəsinə yox, insan və vətəndaş qarşısında məsuliyyət daşıyırlar.

insan, onun hüquq və azadlıqları - ali dəyərdir.

dövlət hakimiyyəti sistemi qanunverici, icraedici və məhkəmə hakimiyyətinin bölgüsü ilə səciyyələnir.

Dövlətin sosial təyinatı, onun fəaliyyətinin xarakter v məzmunu öz ifadəsini dövlətin funksiyasında tapır ki, bu da onun fəaliyyətinin əsas istiqamətləri ilə əlaqədardır.

Funksiyanın təsnifatının əsasında dövlətin fəaliyyət sahəsi durur, yəni ictimai münasibətlərin o sahəsi ki, dövlət ona təsir edir. Bundan asılı olaraq dövlətin funksiyaları daxili və xarici funksiyalara ayrılır.

1. Daxili funksiya - bu ölkə daxilində dövlət fəaliyyətinin başlıca istiqaməti olub, dövlətin daxili siyasətini xarakterizə edir. Bunlara aiddir: qoruyucu və nizamlayıcı funksiya.

Qoruyucu funksiyaların həyata keçirilməsi bütün maddiləşmiş və hüquqla nizamlanan ictimai münasibətlərin müdafiəsi və təmini üzrə dövlət fəaliyyətini nəzərdə tutur:


  1. vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi, qanunçuluğa və hüquq qaydalarına riayət etməsi;

  2. bütün mülkiyyət formalarını bərabər şəkildə müdafiə etmək;

  3. ətraf mühitin mühafizəsi və s.

Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq insan və vətəndaşların hüququnun tanınması, onlara riayət olunması və müdafiəsi - dövlətin ali məqsədidir. İnsan doğulduğu andan ona məxsus, ayrılmaz olan təbii hüquq və azadlıqlara malikdir. Dövlət hər kəsin hüquq və azadlığının məhkəmədə müdafiəsini təmin edir. Cinayətdən və hakimiyyətin özbaşınalığından zərər çəkən vətəndaşın hüququ qanunla qorunur. Hər bir şəxsin dövlət hakimiyyəti orqanları və ya onun vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (yaxud hərəkətsizliyi) nəticəsində ona vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ var.

Azərbaycan Respublikasında xüsusi, dövlət və bələdiyyə mülkiyyət formaları eyni cür tanınır və müdafiə olunur.

Dövlət hər bir şəxsə ətraf mühitdən faydalanmaq, ekoloji hüquqpozmalar nəticəsində onların əmlakına və səhhətinə dəyən ziyanın ödənilməsinə hüquq verir.

Nizamlayıcı funksiya ictimai istehsalın təşkilində, ölkə iqtisadiyyatının inkişafında, şəxsiyyətin formalaşması üçün zəruri şəraitin yaradılmasında dövlətin rolunu xarakterizə edir. Bu məqsədlə dövlət insanların maddi rifahının və mənəvi inkişafının qayğısına qalaraq, insanların və cəmiyyətin maraqları naminə təsərrüfat həyatını nizamlayır.

Nizamlayıcı funksiyalara iqtisadi, sosial funksiyaları, vergiqoyma funksiyasını və vergilərin yığılmasını və s. aid etmək olar.

Dövlətin iqtisadi funksiyası aşağıdakı müddəalarla xarakterizə olunur:



  1. iqtisadi siyasətin işlənib hazırlanmasına;

  2. dövlət müəssisə və təşkilatlarının idarə edilməsi;

c) qiymət siyasətinin və bazarın hüquqi əsaslarının müəyyən
edilməsi;

ç) dövlətin xarici iqtisadi münasibətlərinin nizamlanması.

Azərbaycan Respublikası demokratik dövlət kimi iqtisadi məkanın vahidliyinə uyğun olaraq maliyyə vəsaitlərinin, malların və xidmətlərin sərbəst hərəkətinə, rəqabətin həvəsləndirilməsinə, iqtisadi fəaliyyətin sərbəstliyinə təminat verir.

Dövlətin sosial funksiyası insanın layiqli həyat şəraitinin inkişafını və onun təmin edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasında insanların əmək və sağlamlığı mühafizə olunur, təminatlı minimum əmək haqqı müəyyən olunur, ailələrə (analara, atalara və uşaqlara), əlil və ahıl vətəndaşlara dövlət himayəsi göstərilir, sosial xidmət sistemləri inkişaf edir, dövlət müavinət və pensiyaları müəyyən edilir.

Vergiqoyma və vergilərin yığılması - dövlətin mühüm funksiyası hesab olunur. Bu onunla əlaqədardır ki, dövlət büdcəsi müxtəlif növ vergilərdən, rüsumlardan, yığımlardan və başqa məcburi ödəmələrdən təşkil olunur. Azərbaycan Respublikasında vergi xidməti yaradılmış və fəaliyyət göstərir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə uyğun olaraq hər kəs qanunla müəyyən olunmuş həddə vergi və rüsumlar ödəməlidir.

2. Xarici funksiya dövlətin xarici fəaliyyətində, onun başqa dövlətlərlə qarşılıqlı münasibətində təzahür edir. Xarici funksiyalara aiddir: qarşılıqlı faydalı beynəlxalq əməkdaşlıq, xarici hücumlardan dövlətin müdafiəsinin təminatı və başqaları.

Beynəlxalq əməkdaşlıq iki əsas istiqamətdə həyata keçirilir:


  1. xarici siyasi fəaliyyət;

  2. humanitar sahədə, təbiətin mühafizəsi və digər sahələrdə beynəlxalq iqtisadi fəaliyyət və əməkdaşlıq.

Azərbaycan Respublikasının xarici siyasi fəaliyyəti bütün ölkələrin dövlət suverenliyinin, suveren bərabərliyinin tanınması və bunlara hörmət edilməsinə; bərabərhüquqluluq və onların daxili işlərinə qarışmamağa; ərazi bütövlüyünə və mövcud sərhədlərin pozulmazlığına hörmətə; zor tətbiq etmək və zorla hədələməkdən, iqtisadi və başqa metodlarla təzyiq tətbiq etməkdən imtinaya; azlıq təşkil edən xalqlar da daxil olmaqla insanların hüquq və azadlıqlarına hörmətə; götürdüyü öhdəliklərə və hamılıqla qəbul edilmiş beynəlxalq hüququn prinsip və normalarının vicdanla yerinə yetirilməsinə əsaslanır.

Azərbaycan Respublikası - 1991-ci ildən BMT-nin, 2001-ci ildən etibarən Avropa Şurasının üzvüdür. O, bir çox digər beynəlxalq təşkilatlarla qarşılıqlı fəaliyyət göstərir.

Azərbaycan Respublikasının müdafiə funksiyası Azərbaycanın milli təhlükəsizlik tələblərinə cavab verən ölkənin müdafiə qabiliyyətinin lazımi səviyyədə saxlanılması prinsipinə, onun ərazisinin tamlığının və toxunulmazlığının təminatı prinsipinə əsaslanır.

Dövlətin daxili və xarici funksiyaları qarşılıqlı əlaqələndirilir və bir-birini şərtləndirir.



Dövlətin formaları. Dövlətin forması onun xarici əlamətlərinin məcmusu kimi bu dövlətdə hakimiyyətin təşkilinin necəliyini, hakimiyyətin necə, hansı orqan və metodlarla həyata keçirildiyini göstərir. Dövlətin forması onun ibarət olduğu üç elementlə xarakterizə olunur: idarəetmə forması, dövlət quruluşu forması və siyasi rejim, yaxud dövlət rejimi.

1. İdarəetmə forması dedikdə, dövlətin dövlət başçısının hüquqi statusu və ya ali dövlət hakimiyyəti orqanları arasında hakimiyyət səlahiyyətlərinin bölgüsü ilə xarakterizə olunan təşkili forması başa düşülür. Bu baxımdan bütün dövlətlər monarxiya və respublikaya bölünür.

Monarxiyada ali hakimiyyət tam şəkildə və ya qismən təkhakimiyyətli dövlət başçısının (kral, çar, şah və s.) əlində birləşir. Bu ali hakimiyyət adətən irsi olur. Monarxiya, bir qayda olaraq orta əsrlərin son dövrləri üçün xarakterik olan mütləq monarxiyaya (belə dövlətdə monolit hakimiyyət heç nə ilə məhdudlaşmır) və məhdud monarxiyaya (burada isə dövlət başçısı (monarx) ilə bərabər başqa bir ali orqan məsələn, parlament olur) bölünür. Məhdud monarxiyanın müasir forması parlamentli monarxiyadır. Burada monarxın rolu ancaq formal xarakter daşıyır, dövlətin idarə olunmasında aparıcı rol parlament tərəfindən formalaşan hökumətə məxsusdur. Parlamentli monarxiyaya tipik misal olaraq müasir Böyük Britaniyam göstərmək olar.

Respublikada hakimiyyətin bütün ali orqanları müəyyən müddət üçün seçilir və ya təşkil olunur. Respublikalar parlamentli və ya prezidentli ola bilər.

Parlamentli respublikada dövlət başçısı - prezident seçkili vəzifəli şəxsdir. Hökumətin təşkilində də ölkənin idarə edilməsi kimi onun rolu nominal xarakter daşıyır. Baş nazirin başçılıq etdiyi hökumət parlament tərəfindən formalaşdırılır və onun qarşısında siyasi məsuliyyət daşıyır (məsələn, parlament hökumətə etimadsızlıq göstərə bilər ki, bu da hökumətin istefasına gətirib çıxarır). Bununla bərabər parlamentli respublikada dövlət başçısı parlamenti vaxtından əvvəl buraxa bilər. Lakin bu bir qayda olaraq prezidentin şəxsi təşəbbüsü ilə deyil, hökumətin tələbi ilə baş verir. Belə ki, Italiya prezidenti (parlamentli respublika) ölkənin Konstitusiyasına müvafiq olaraq iki müxtəlif pilləli parlamentlərin sədrlərini dinləyərək hər iki, yaxud bir palatam buraxa bilər. Bu hal onların mövqelərində qarşısıalınmaz ziddiyyətlərin mövcud olduğu halda mümkündür. Hal-hazırda parlamentli respublika, artıq adı çəkilən İtaliyadan başqa, Türkiyə, Almaniya, Avstriya və s. bu kimi ölkələr hesab olunur.

Prezidentli respublika ilk növbədə onunla səciyyələnir ki, prezident dövlət başçısı və hökumət başçısı səlahiyyətlərini daşıyan ali vəzifəli şəxsdir. Dövlət başçısı xalq tərəfindən birbaşa seçilir və odur ki, onun mandatının hüquqi qüvvəsi parlamentin mandatının hüquqi qüvvəsinə bərabər olur. Belə respublikada hökumət prezidentin özü tərəfindən təşkil olunur və parlament qarşısında siyasi məsuliyyət daşımır. Hökumət prezident qarşısında məsuliyyət daşıyır və ona hesabat verir, yalnız prezident qarşısında istefa verir. Xalq tərəfindən seçilən prezidentin, bununla bərabər parlamenti buraxmaq hüququ yoxdur. Prezidentli respublika kimi, məsələn, Amerika Birləşmiş Ştatlarını, Azərbaycan Respublikasını göstərmək olar.

Bəzi ölkələrdə qarışıq xarakter daşıyan respublika idarə forması mövcuddur, yəni prezidentli respublikanın əlamətləri ilə yanaşı (dövlət başçısı əhali tərəfindən seçilir, icra hakimiyyətinin başçısıdır, hökuməti təşkil edir və s.) parlamentli respublikanın (hökumət parlament qarşısında cavabdehlik daşıyır, prezident tərəfindən parlamentin vaxtından əvvəl buraxılması mümkündür və s.) əlamətlərinin mövcud olduğu ölkələrdir. Qarışıq idarəetmə forması olan ölkələrə Fransanı, Rusiya Federasiyasını aid etmək olar.

Bir sıra Latın Amerikası ölkələri, Tropik Afrika dövlətləri üçün idarəetmənin başqa forması - super prezidentli respublika xarakterikdir. Onun əsas əlaməti həddən artıq böyüdülmüş və mahiyyət etibarilə nəzarət edilməyən prezident hakimiyyətidir (prezident əhali tərəfindən seçilir, parlamenti buraxmaq, referendum keçirmək və s. hüququ var).

2. Dövlət quruluşunun forması dedikdə, dövlətin ərazi və ya milli-ərazi təşkili başa düşülür, yəni bu dövlətin ərazisi necə qurulub, hansı hissələrdən ibarətdir və onların hüquqi vəziyyəti necədir.

Dövlət öz quruluş formasına görə unitar və federativ ola bilər. Dövlətlərin birləşmə forması, onların arasında ittifaq konfederasiya hesab olunur.

Unitar dövlət (latın dilində «unus» - «vahid», «tək» deməkdir) – sadə, bəsit, vahid dövlətdir ki, onun tərkibi bir qayda olaraq inzibati - ərazi vahidlərindən (vilayət, mahal, rayon, departament və s.) ibarətdir. Unitar dövlətə Azərbaycan, Yaponiya, Fransa, İtaliya, Efiopiya misal ola bilər. Belə dövlətlərdə federasiyadan fərqli olaraq vahid konstitusiya, dövlət hakimiyyətinin vahid ali nümayəndəli orqanları, vahid hökuməti, vahid vətəndaşlığı, vahid maliyyə - kredit və pul sistemi və s. olur. Ayrı-ayrı hallarda milli azlıqlar olduqda unitar dövlətin tərkibinə muxtar dövlət quruluşunun xüsusi statusundan istifadə edən bir və ya bir neçə siyasi ərazi vahidi də daxil ola bilər. Muxtar qurumların mövcudluğu belə dövlətlərin unitarizminə heç bir xələl gətirmir.

Federativ dövlət (latın dilində «fedus» - «ittifaq» deməkdir) - mürəkkəb ittifaq dövləti olub, bir sıra dövlətlərin və dövlət qurumlarının - federasiya subyektlərinin birliyinin nəticəsidir.

Federasiya subyektləri (ştat, torpaq, dövlət) öz xüsusi inzibati-ərazi bölgüsünə malikdirlər.

Unitar dövlətdən fərqli olaraq federasiya ali hakimiyyət orqanının iki sisteminə - federal orqanlar və federasiya subyektlərinin müvafiq hakimiyyət orqanlarına, iki növ hüquqi aktlara - federasiya və federasiya subyektlərinin hüquqi aktlarına, həmçinin federasiyanın subyektlərinin vətəndaşlığına malikdir. Federativ dövlətlərə Rusiya Federasiyası, ABŞ, Almaniya və s. aiddir.

Konfederasiya (latın dilində «konfederasio» - «birlik» deməkdir) - federasiya ilə müqayisədə dövlətlərin bu və ya digər məqsədlərlə müvəqqəti olaraq birləşdiyi, çox da möhkəm olmayan birliyidir ki, burada dövlətlər tam şəkildə müstəqilliklərini saxlayırlar. Federasiya ittifaq dövləti, konfederasiya isə dövlətlər ittifaqıdır. Federasiyanın hüquqi statusu milli qanunvericiliklə müəyyən olunduğu halda, konfederasiyanın hüquqi statusu bir qayda olaraq beynəlxalq hüquqla müəyyən olunur, lakin burada milli qanunvericiliyin, xüsusilə konstitusiya hüquqi müddəalarında əhəmiyyəti az deyildir. Konfederasiyanın tərkibinə daxil
olan dövlətlər beynəlxalq hüququn müstəqil subyekti olaraq qalır və öz
dövlət suverenliyini saxlayır. Konfederasiyada federasiyadan fərqli olaraq vahid ərazi yoxdur, onun ərazisi konfederasiya üzvlərinin - ayrı-ayrı dövlətlərin ərazilərindən ibarətdir. Konfederasiyada vahid vətəndaşlıq da yoxdur. İttifaqa daxil olan hər bir ayrıca dövlətin öz vətəndaşlığı var. Konfederasiya subyektlərinin ittifaqdan sərbəst çıxmaq, habelə ittifaq hakimiyyətinin qəbul etdiyi aktları qəbul etməkdən imtina etmək və ya tanımaq hüququ var. Odur ki, konfederasiyanın dövlət quruluş forması
hesab edilməsi məqsədə müvafiq deyil.

Konfederasiya müəyyən məsələlərlə bağlı formalaşdırıldığına görə onun həll etdiyi işlərin predmeti çox da genişsahəli məsələləri əhatə etmir (xarici siyasət, müharibə və sülh məsələləri, vahid ordunun formalaşdırılması, vahid iqtisadi məkanın yaradılması və s.). Konfederasiyanın büdcəsi üçün məcburi surətdə üzvlük haqlarının yığılması imkanı kimi, konfederasiyanın bilavasitə vergi qoymaq hüququ da yoxdur. Onun büdcəsi konfederasiya subyektlərinin könüllü ödəmələri əsasında təşkil olunur. Bir qayda olaraq konfederasiyada vahid pul dövriyyəsi mövcud deyil.

Başqa sözlə, bir neçə dövlətin konfederasiyada (federasiyadan fərqli olaraq) birləşməsi bir qayda olaraq yeni dövlətin yaranmasına gətirib çıxarmır. Konfederasiyada dövlətlər, adətən müəyyən məqsədə çatmaq üçün birləşir. Bu zaman onlar öz fəaliyyətlərini əlaqələndirmək üçün xüsusi birgə orqanlar yaradırlar. Bir qayda olaraq onların qərarları konfederasiyaya daxil olan ayrı-ayrı ölkələrin vətəndaşları üçün bu dövlətlərin orqanları tərəfindən təsdiq edildikdən sonra məcburi xarakter daşıyır. Məsələn, 1848-ci ilədək İsveçrə konfederasiya olmuşdur. 1982-ci ildə konfederativ ittifaqda Qambiya və Seneqal birləşmiş, bununla da Seneqambiya konfederasiyası meydana gəlmişdi ki, o da bir neçə ildən sonra süqut etdi. Azərbaycan Respublikası bu gün MDB-yə daxildir ki, bu birliyə konfederasiyanın bir sıra əlamətləri məxsusdur.

Yuxarıda deyilənlərlə bərabər dövlətin idarə olunmasının demokratikliyi və ya antidemokratikliyi nöqteyi-nəzərindən dövlətin formasını xarakterizə etmək olar. Belə dövlət formasının mahiyyəti «siyasi rejim» adlanır.

Siyasi rejim cəmiyyətdə siyasi azadlıqların səviyyəsi, şəxsiyyətin hüquqi vəziyyəti, dövlət hakimiyyətini həyata keçirmək vasitəsi olan metod və üsullarla (demokratik, antidemokratik) xarakterizə olunur.

Demokratik rejim vətəndaşlara məxsus geniş hüquq və azadlıqların tanınmasını, müxalifət partiyalarının leqal fəaliyyətini, hökumətin müvafiq seçkilərdə qələbə çalmış partiyalardan təşkil olunmasını və s. nəzərdə tutur.

Antidemokratik rejim şəraitində insanların hüquq və azadlıqlarının boğulması, dövlətin vətəndaş cəmiyyətinin bütün sferalarına müdaxilə etməsi, hakimiyyətin ali nümayəndəli orqanının (parlamentin) ləğv edilməsi və ya onun oyuncaq idarəyə çevrilməsi, hökumətin hakimiyyəti ələ alan ordu tərəfindən təşkil olunması və s. istisna edilmir.

Dövlət formasını, onun siyasi rejimini xarakterizə etmək üçün «demokratiya» (xalq hakimiyyəti) anlayışı mühüm əhəmiyyət kəsb edir. Bu anlayışla dövlət quruluşu məlum olur, buna görə idarəetmə əksəriyyətin iradəsi ilə həyata keçirilir, hakimiyyətin yeganə mənbəyi xalq sayılır. Demokratik dövlətdə qanunvericilik hakimiyyəti əhalinin seçdiyi nümayəndəli orqan (xalq məclisi, parlament) tərəfindən həyata keçirilir. Nümayəndəli orqanlara seçkilər ümumi, bərabər, birbaşa seçki hüququ ilə gizli səsvermə yolu ilə həyata keçirilir. Demokratik dövlətdə insanların hüququ beynəlxalq hüquqla müəyyənləşdirilmiş prinsip və normalara, həmçinin həmin ölkənin konstitusiyasına uyğun olaraq həyata keçirilir.

Xalq hakimiyyətinin təzahür forması kimi «bilavasitə (birbaşa) demokratiya» və «nümayəndəli demokratiya» anlayışlarını fərqləndirmək lazımdır. Bilavasitə demokratiya o deməkdir ki, xalq dövlət işlərində birbaşa iştirak edir, məsələn, referendum yolu ilə - qanun layihəsi, yaxud başqa mühüm əhəmiyyətli problemlər üzrə öz iradəsini ifadə edir. Nümayəndəli demokratiya - xalqın, dövlətin idarə olunmasında iştirakının elə formasıdır ki, bu zaman o, özünə məxsus olan hakimiyyəti, seçkili orqanlarda təmsil olunan nümayəndələri vasitəsilə həyata keçirir.
§2. Dövlət və dövlət hakimiyyəti. Dövlət və vətəndaş cəmiyyəti

Dövlət və dövlət hakimiyyəti anlayışları bir-birilə sıx qarşılıqlı əlaqədə olan anlayışlardır. Dövlət hakimiyyəti, onu insan cəmiyyətinin digər sosial strukturlarından, qeyri-hökumət təşkilatlarından: partiyalardan, dini birliklərdən, həmkarlar təşkilatlarından və s. fərqləndirən çox mühüm əlamətdir.

Hüquqi dövlətdə dövlət hakimiyyəti sistemi hakimiyyətin bölgüsü, hüquqi qanunların aliliyi, hamının qanun qarşısında bərabərliyi prinsiplərinə əsaslanır. Hüquqi qanunun aliliyi o deməkdir ki, dövlət orqanları qanuna bağlıdırlar, yəni qarşısında duran vəzifələri yerinə yetirmək üçün onlara ayrılmış dövlət hakimiyyəti səlahiyyətləri həddində, öz səlahiyyətləri çərçivəsində ciddi surətdə konstitusiyaya və qanunlara riayət edərək fəaliyyət göstərirlər. Qanunlar isə haqqa və ədalətə, bərabər mənafelərə bərabər münasibət prinsipinə əsaslanır.

Demokratik dövlətdə dövlət hakimiyyəti xalqdan bəhrələnir. Yalnız xalq, hakimiyyətin əsas mənbəyi sayılır. Lakin xalqın iradəsinin ifadəçisi, xalq hakimiyyətinin daşıyıcısı olaraq dövlət, bütün cəmiyyətin rəsmi nümayəndəsi kimi çıxış edir. Bununla bərabər xalqın bilavasitə öz iradəsini ifadə etmək, ona məxsus olan hakimiyyəti bilavasitə həyata keçirmək hüququ vardır (məsələn, dövlət və ya ictimai həyatın hər hansı bir məsələsi üzrə ümumxalq səsverməsi olan referendum yolu ilə).

Dövlət və dövlət hakimiyyəti özünün norma yaratma, nizamlayıcı təsirini əməli olaraq cəmiyyət həyatının bütün əsas sahələrinə göstərir. Düzdür, cəmiyyət yalnız onun dövlət təşkilatı formasıyla məhdudlaşa bilməz. Cəmiyyətdə dövlət strukturları ilə yanaşı insanların birgə fəaliyyət və başqa birlik formaları da mövcuddur ki, bu da onların həyatına mühüm təsir göstərir. Söhbət vətəndaş cəmiyyətindən gedir ki, bunlara ictimai qurumların, siyasi partiyaların, həmkarların, yaradıcı birliklərin, dini birliklərin təşkilat və fəaliyyətləri, habelə iqtisadiyyat sahəsi (mülkiyyət, əmək, sahibkarlıq), elm və texnika, təhsil, tərbiyə sahəsi, cəmiyyətin ilkin əsası olan ailə, kütləvi informasiya vasitələri daxildir.

«Vətəndaş cəmiyyəti» - dövlətdən asılı olmayan, elə ictimai institutlar və münasibətlər (sosial, mənəvi, mədəni sahələr) sistemidir ki, bunun vasitəsilə insanların həyat fəaliyyəti, onların yaradıcılığı və bunların nəsildən-nəsilə ötürülməsi üçün fərdlərin və kollektivlərin xüsusi maraq və tələbatlarının reallaşmasında lazım olan şərait təmin edilir.

Nəzərə almaq lazımdır ki, «vətəndaş cəmiyyəti» anlayışı sadəcə olaraq «vətəndaş» və «cəmiyyət» terminlərinin şərti birləşməsi kimi çıxış etmir. Vətəndaş cəmiyyətinin mövcudluğu o zaman mümkündür ki, sosial əlaqələrin bütün sahələrində, o cümlədən, iqtisadi, siyasi, mənəvi sferalarda şəxsiyyətin yaradıcılıq imkanlarının aktiv təzahürü şəraitində münasibətlər yaranır.

Dövlət vətəndaş cəmiyyətinə onun strukturlarının hüquqi çərçivəsini müəyyən etməklə təsir edir və bununla bərabər o, vətəndaş cəmiyyəti tərəfindən əks-təsirə məruz qalır. Məsələn, dövlətin qanunvericilik fəaliyyəti, xalqın nümayəndəli orqanlarının işi siyasi partiyaların, ictimai təşkilatlarının fəaliyyəti ilə sıx qarşılıqlı əlaqədədir. Belə nəticəyə gəlmək olar ki, dövlət mexanizminin, cəmiyyətin siyasi hakimiyyətinin bütün təşkilatlarının normal və səmərəli işi, şəxsiyyətlə dövlət arasındakı mühüm həlqə, özünəməxsus şəkildə vasitəçi olan vətəndaş cəmiyyətinin inkişafı olmadan mümkün deyil. Vətəndaş cəmiyyəti elə bir sosial mühitdir ki, burada vətəndaş və onların birliklərinin əsas hüquq və azadlıqları həyata keçir.



Yüklə 218,67 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə