1. Əmtəə və xidmətlər bazarında rəqabətin vəziyyətinin, təmərküzləşmə səviyyəsinin, qiymətin formalaşmasında inhisarçılığın təsirinin statistik tədqiqinin yekunları



Yüklə 0,61 Mb.
səhifə1/8
tarix31.08.2018
ölçüsü0,61 Mb.
#65526
  1   2   3   4   5   6   7   8

1. Əmtəə və xidmətlər bazarında rəqabətin vəziyyətinin, təmərküzləşmə səviyyəsinin, qiymətin formalaşmasında

inhisarçılığın təsirinin statistik tədqiqinin yekunları
Müqəddimə
Bazar əmtəələrin (xidmətlərin) və digər obyektlərin alqı-satqısı ilə əlaqədar təsərrüfat subyektləri arasında olan sosial-iqtisadi münasibətlər sistemidir. O əmtəə təsərrüfatının iqtisadi kateqoriyası kimi, özündə əmtəə-pul tədavülü sferasını təcəssüm etdirir, əmtəə və xidmətlərin istehsalçıları ilə istehlakçıları arasında konkret əlaqə və münasibətlərin məcmusunu əhatə edir.

Müasir bazar mürəkkəb struktura malikdir və çoxsahəli sistem üzrə fəaliyyət göstərir. Bazarın quruluşu və sistemi onun obyektləri, subyektləri, məkan əlamətləri, əmtəə təminatı, rəqabət səviyyəsi, satış xarakteri, əmtəənin çeşidi və s. xüsusiyyətlərə görə xarakterizə edilir.

Alqı-satqı münasibətləri sistemi, qiymət və investisiya siyasətinin işlənib hazırlanması, idarəetmənin müxtəlif səviyyələrində bazar proseslərinin tənzimlənməsi, bazar mexanizminin, onun qanunauyğunluqlarının və inkişaf istiqamətlərinin, tələb və təklifin nisbətlərinin proqnozlaşdırılmasının dərin statistik tədqiqini tələb edir.

Bazarın statistik tədqiqinin əsas məqsədi müəyyən dövr ərzində bazarın vəziyyətini obyektiv və tam əks etdirmək, onun struktur və dinamikasını xarakterizə etmək, tərəddüdlərini qiymətləndirmək, bazar faktorlarının təsirini aşkar etmək, modelləşdirmək və ən nəhayət, onun gələcək inkişafını proqnozlaşdırmaqdır.

Bazarın inkişaf meylləri onun əsas parametrlərinin (təchizat, satış və qiymət) dəyişməsinin təhlili əsasında təyin edilir.

Əmtəə və xidmətlər bazarının statistik tədqiqinə aşağıdakılar daxildir: bazarın ölçülərinin və xarakterinin müəyyən edilməsi (bazarın real və potensial tutumunun hesablanması; bazarın özünəməxsus xüsusiyyətlərinin təhlilinin nəzərə alınması; inkişafına təsir edən amillərin təhlili; bazarın təmin olunma səviyyəsinin müəyyən edilməsi və s.), istehlakçıların növlərinin müəyyən edilməsi, bazara xidmət göstərən ticarət-satış şəbəkəsinin gücünün (pərakəndə və topdansatış ticarət müəssisələrinin sayının, ticarət, anbar və köməkçi binalarla təmin edilmə dərəcəsinin və s.) tədqiqi, bazarın inkişafına xarici amillərin təsirinin təhlili və s.

Əmtəə və xidmətlər bazarının tədqiqinin əsas istiqamətlərindən biri ayrı-ayrı əmtəə (xidmət) növlərinin ümumi bazarda yerinin (pay göstəricisi) və müxtəlif növ tələbin həcmi və quruluşunun mövcud və perspektiv vəziyyətinin müəyyən edilməsindən ibarətdir.

Bu baxımdan bazar iqtisadiyyatı statistikasının funksional məsələlərini aşağıdakı ardıcıllıqla təsvir etmək olar:



  • statistik məlumatların toplanması və işlənməsi;

  • bazar konyunkturasının tədqiqi;

  • bazarın struktur nisbətlərinin xarakteristikası;

  • bazar parametrlərinin qiymətləndirilməsi və tədqiqi;

  • bazarın regional tədqiqi;

  • bazarın inkişafının iqtisadi və sosial nəticələrinin xarakteristikası.

Statistika bu məsələlərin həllində əmtəə və xidmətlər bazarını xarakterizə edən kəmiyyət və keyfiyyət göstəricilərindən istifadə edir.

Bu göstəricilər sistemi aşağıda göstərilən iqtisadi və sosial kateqoriyalara əsaslanır:



  • əmtəə təklifi;

  • alıcı tələbi;

  • qiymət;

  • mal dövriyyəsi;

  • əmtəə ehtiyatı;

  • ticarətin əsas və dövriyyə vəsaitləri;

  • əmtəə satışından əldə olunan mənfəət.

Bazar konyunkturası dedikdə, müəyyən dövr ərzində müxtəlif qüvvə və faktorların təsiri nəticəsində bazarda yaranan konkret iqtisadi vəziyyət başa düşülür. Bu, konkret əmtəənin tələb və təklifinin müəyyən nisbəti, həmçinin qiymət səviyyəsi ilə xarakterizə edilir. O, bazarın idarə edilməsinin iqtisadi təşkilati sistemində mühüm rol oynayır və onun öyrənilməsi marketinq tədqiqatlarının ayrılmaz hissəsini təşkil edir.

Bazar konyunkturasının mikro-səviyyədə qiymətləndirilməsi və təhlili sahibkarlıq qərarlarının qəbul edilməsinin, marketinq strategiyasının işlənib hazırlanmasının, rəqabət mübarizəsinin və s. əsasını təşkil edir.

Bazar konyunkturasının makro-səviyyədə öyrənilməsi dövlətin iqtisadi və sosial siyasətinin təyin edilməsi, inflyasiyaya qarşı mübarizə, bazar iqtisadiyyatını tənzimləyən qanunların işlənib hazırlanması üçün çox vacibdir.

Bazar konyunkturasının statistikası bazar hadisə və proseslərinin operativ, eləcə də strateji kompleks tədqiqini nəzərdə tutur.

Bazar iqtisadiyyatı sistemindəki dövlətlərdə istehsalın idarə və təşkil edilməsi bazarın qanun və qaydaları əsasında aparılır. Bazar qanunlarının fəaliyyət göstərməsinə geniş şərait yarandığına görə istehsalçılar arasında rəqabət yaranır.

Qloballaşma prosesinin güclənməsi və yeni əsrin astanasında onun dünya miqyasında vahid bazar iqtisadiyyatı mexanizmi üzərində formalaşması rəqabətin qorunması məsələsini dünya miqyasında intensiv müzakirə predmetinə çevirmişdir.

Rəqabətin inkişafı və iqtisadiyyatın inhisarsızlaşması sahəsində dövlət siyasətinin son məqsədi qanunvericilikdə nəzərdə tutulan xüsusi hallar və təbii inhisar sahələri istisna olunmaqla, bütün digər fəaliyyət sahələrində azad rəqabət prinsiplərinin formalaşmasına nail olmaqdan ibarətdir.

Ümumiyyətlə, rəqabət hansı maldan nə qədər istehsal etməyin lazım olduğunu bazara diqtə edir. Odur ki, bazarın statistik tədqiqi üçün onun rəqabət mühitini dərindən öyrənmək və təhlil etmək lazımdır.

Əmtəə bazarlarında rəqabət proseslərinin statistik müşahidəsi, öyrənilməsi və təhlili iqtisadiyyatın bütövlükdə və əmtəə bazarlarının ayrı-ayrılıqda tənzimlənməsi və nəzarətinin vahid məlumat sisteminin müstəqil və vacib hissəsidir.

Bazar konyunkturasının statistik tədqiqini rəqabət mübarizəsinin həqiqi silahı adlandırmaq olar.

Rəqib müəssisələrdə qiymət səviyyəsinin tədqiq edilməsi zamanı istehsal və tədavül xərcləri, məhsulların qiymətlərinin səviyyəsi, istehlakçıların müəssisənin və rəqib müəssisələrin məhsullarının qiymətinə münasibəti, qiymətlərin elastikliyi və qiymətə təsir edən digər amillər haqqında informasiya toplanır və təhlil edilir, həmçinin müəssisənin məhsullarının qiyməti rəqib müəssisələrin məhsullarının qiymətləri ilə müqayisə edilir və məhsulun rentabelliyinin səviyyəsi müəyyənləşdirilir.

Rəsmi statistika dərin elmi və eyni zamanda kifayət qədər operativ tədqiqat aparatına malik olduğuna görə, bazarın vəziyyətini əks etdirmək, onun struktur (quruluş) və dinamikasını xarakterizə etmək, tərəddüdlərini qiymətləndirmək, bazar faktorlarının təsirini aşkar etmək, modelləşdirmək və ən nəhayət onun gələcək inkişafını proqnozlaşdırmaq imkanına malikdir.

“2008-2012-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın təkmilləşdirilməsinə dair Dövlət Proqramı” na əsasən “Əmtəə və xidmətlər bazarında rəqabətin vəziyyətinin, təmərküzləşmə səviyyəsinin, qiymətin formalaşmasında inhisarçılığın təsirinin statistik tədqiqi” bu kimi məsələlərin tədqiqinə yönəldilmişdir.

Qeyd olunmuş məqsədə çatmaq üçün aşağıdakıların həyata keçirilməsi planlaşdırılmışdır:



  • bazar konyunkturası məlumatlarının toplanmasının yeni sistemini yaratmaq;

  • bazar konyunkturasının müxtəlif tərəflərini göstərən əlaqəli və bir-birini tamamlayan göstəricilər sisteminin hesablanma metodlarını beynəlxalq standartlara uyğun olaraq təkmilləşdirmək.

Əmtəə və xidmətlər bazarının statistik təhlili zamanı aşağıdakı iqtisadi-statistik metodlardan istifadə edilir:

  • qruplaşdırma;

  • indeks və qrafiki metod;

  • dinamika sıraları;

  • korrelyasiya və reqressiya metodu və s.

Qeyd edilən metodlarla bazarın ümumi həcmi, quruluşu, tipi, əmtəə istehsal edən müəssisələrin (firmaların) bazar payı, inhisarçılığın və rəqabətin səviyyəsi, tələb və təklifin nisbəti, əhalinin pul gəlirləri, xərcləri və s. barədə konkret nəticə və təkliflər vermək mümkündür.

Tədqiqat üçün beynəlxalq statistika standartlarından istifadə edilmişdir. Xüsusən Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən təsdiq edilmiş “İqtisadi fəaliyyət növləri təsnifat”ı və “Məhsul növləri təsnifat”ından istifadə edilmişdir.

Tədqiqat mövcud nörmativ-hüquqi aktlara müvafiq olaraq müəssisə səviyyəsində deyil, iqtisadi fəaliyyət növləri səviyyəsində aparılmışdır. Çünki müəssisə göstəricilərinin məxfiliyi statistika qanununa müvafiq qaydada təmin edilməlidir.


Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə