15 Sentyabr Bilik Günüdür. (Metodiki vəsait)



Yüklə 15,38 Kb.
tarix08.09.2018
ölçüsü15,38 Kb.
#67525
növüDərs

15 Sentyabr Bilik Günüdür.

(Metodiki vəsait).


Azərbaycanda 15 sentyabr tarixi Bilik günu kimi qeyd olunur.Bu gün 2004 - cü ilə qədər sentyabrın 1- nə təsadüf edirdi.Lakin prezident İlham Əliyevin 21 avqust 2004- cü il tarixli fərmanına əsasən Azərbaycanın bütün təhsil müəssələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınıb və beləliklə həmin gün bilik günü kimi qeyd olunub.Ümumiyyətlə tarix boyu elmə, biliyə yiyələnmək şərəfli iş hesab olunur.Müəllim əməyinin nəticəsində formalaşan cəmiyyətdə savadli, bilikli, geniş dünya görüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir.Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirirlər.

Bilik günü məktəb həyatına qədəm basan birincilər üçün səbirsizliklə, sevinc və həyacanla gözlənilən, xüsusi qayği və məmnuniyyətlə, təntənəli şəkildə qarşılanacaqları bir gündür.Onlar əlifba ilə tanış olub, kitablar oxuyub, şeirlər əzbərliyəcək və beləcə ilk zəngin sədası ilə yeni həyata məktəb həyatına qədəm qoyacaqlar.

Son illərdə Azərbaycan təhsili yeni inkişaf dövrünə qədəm qoyub.Prezident İlham Əliyevin qayğısı, Heydər Əliyev fondunun həyata keçirdiyi layihələr ulu öndərin təhsil siyasətinin uğurlu davamının göstəricisidir.Bir faktı xatırlatmaq kifayətdir ki, ölkəmizdə təhsil sisteminin bütün pillələri üzrə dövlət proqramları uğurla həyata keçirilir. Azərbaycan təhsilində ən uğurlu nəticələrdən biri məktəb tikintisinin geniş vüsət almasıdır.

2003 cü ildən indiyənədək, ölkəmizdə iki mindən çox yeni məktəb binası tikilib, o cümlədən bir sıra məktəblər üçün əlavə korpuslar inşa olunub, əsaslı təmir həyata keçirilib.Yeni məktəblərin tikintisi ,əlavə korpusların inşası, onların əsaslı təmiri, müasir avadanlıqlarla təminatı, infrastrukturunun yeniləşdirilməsi nəticəsində ümumilikdə ölkə üzrə bir milyondan çox məktəbin təlim şəraiti yaxşılaşdırılıb. Son illərdə məktəb tikintisi sahəsində həyata keçirilən proqramlar sayəsində iki növbəli məktəblərin , eyni zamanda ikinci növbədə təhsil alan şagirdlərin faizi aşagı düşüb. Bu iş indidə davam etdirilir.

Ümumilikdə yeni dərs ilində bütün təhsil işçilərini o cümlədən tələbə və şagirdləri yeniliklər gözləyir.Yeniliklər isə həmdə uğurlarin başlanğıcı deməkdir.Bilik gününüz mübarək.

Keçiriləcək tədbirlər.

15 Sentyabr Bilik günü ilə əlaqədar MKS-də və onun filiallarında bir sıra tədbirlər keçirilməlidir.Bununla əlaqədar respublikamızın hər yerində, xüsusilə mədəni-maarif müəssisələrində o cümlədən kitabxanalarda geniş tədbirlər planı hazırlanmalıdır.Bu məqsədlə kitabxanalar əyani və şifahi təbliğatın: kitab sərgiləri, ucadan oxu, oxucularla söhbət , oxucu konfransı və s. formalardan istifadə edə bilərlər.Tədbirdə orta məktəb müəllimlərinin, məktəblilərin iştirakı tədbiri daha da maraqlı edər.Bunlardan əlavə kitabxanada sərgi təşkil olunmalıdır.Sərgi zövqlə tərtib edilməli, kitablar xüsusi bir sistemlə düzülməlidir.“15 Sentyabr Bilik günüdür”, “Yeni dərs ili başladı”, “Şagirdlərimizin səbirsizliklə gözlədiyi gün”, “Daha bir dərs ili yazıldı xatirələrə” və s. adlı sərgi məqsədəuyğundur.

Dövrü mətbuat.

1.Babayeva, Mənsumə.Yeni dərs ili başladı / M.Babayeva // İki sahil qəzeti.-2016.-

15 sentyabr.-№166.-S.23.

2.Mükərrəmoğlu, M.Bu gün yeni dərs ili başlayır / M.Mükərrəmoğlu // Xalq qəzeti.-

2016.-15 sentyabr.-№201.-S.9.

3.Səttarova,Gülayə.Şagirdlərimizin səbirsizliklə gözlədiyi gün / G.Səttarova //

Respublika qəzeti.-2016.-15 sentyabr.-№200.-S.4.

4.Qurbanqızı, Zümrüd.Biz birincilərik / Z.Qurbanqızı // Respublika qəzeti.-2016.-

16 sentyabr.-№202.-S.5.

5.Əliyeva, Mehparə.Daha bir ilk dərs günü yazıldı xatirələrə / M.Əliyeva // Respublika

qəzeti.-16 sentyabr.-№202.-S.5.

6.Bağırov, Taleh.İlk dərs günü / T.Bağırov // İki sahil qəzeti.-2016.-16 sentyabr.-

№168.-S.22.



Mərkəzi kitabxananın Metodika və biblioqafiya şöbəsinin metodisti: L.Əfəndiyeva.

18 Sentyabr - Milli Musiqi günüdür.

Sentyabrın 18-də Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir bəy Hacıbəyovun doğum günüdür.Həmin gün təkcə musiqisevərlərin deyil, həm də bütün xalqımızın bayramıdır.

Çünki elə bir azərbaycanlı tapmaq olmaz ki, onun qəlbində Üzeyir bəyə məhəbbət, onun ölməz sənətinə hörmət hissi olmasın.Böyük bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoymuşdur.

Görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş.Üzeyir bəyin doğum gününün musiqi tariximizin ən əlamətdar hadisəsi kimi anılması tez bir zamanda ənənə halını almışdır.1995-ci ildə isə Prezident Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınmışdır.Üzeyir Hacıbəyov 1908-ci il yanvarın 18-də Bakıda H. Z. Tağıyevin teatrında tamaşaya qoyulan "Leyli və Məcnun" operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsasını qoymuşdur.

O, həm də Azərbaycanda musiqili komediya janrının yaradıcısıdır.Ü. Hacıbəyovun "Ər və arvad", "O olmasın, bu olsun", "Arşın mal alan" musiqili komediyalarında o dövr Azərbaycan məişəti, xalq adət və ənənələri öz əksini tapmışdır.Ü. Hacıbəyov milli musiqi xəzinəsini yeni janr və formalarla zənginləşdirən bir sıra əsərlər, o cümlədən Azərbaycan peşəkar musiqi sənətinin şah əsəri, dünya musiqi xəzinəsinin incilərindən olan dahiyanə "Koroğlu" operasını bəstələmişdir.

O, həm Azərbaycan Xalq Cümhuriyyəti, həm də yeni Azərbaycan Respublikasının Dövlət himnlərinin musiqisinin müəllifidir.Üzeyir bəy elmi-musiqişünaslığın, musiqi təhsilinin əsasını qoymuş və ömrünün sonunadək musiqi mədəniyyətinin inkişafına rəhbərlik etmişdir.O, müasir bəstəkarlıq məktəbinin beşiyi başında durmuş, onun qabaqcıl dünya bəstəkarlıq məktəbləri ilə yanaşı dura bilməsi üçün fədakarcasına çalışmışdır.

Dahi bəstəkarın yaratdığı musiqi inciləri dünya şöhrəti qazanmış, dünya musiqi mədəniyyətinin qızıl fonduna daxil olmuşdur.Görkəmli musiqi xadimləri onu "professional Şərq musiqisinin atası" adlandırmışlar.Azərbaycan və dünya musiqi mədəniyyətinin inkişafında misilsiz xidmətləri olmuş Ü. Hacıbəyovun anadan olmasının 100 illik yubileyi YUNESKO-nun qərarı ilə beynəlxalq miqyasda qeyd olunmuşdur.



Mərkəzi kitabxananın Metodika və biblioqafiya şöbəsinin metodisti: L.Əfəndiyeva.

Yüklə 15,38 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə