1991 – 1995-ci İLLƏRDƏ azərbaycan – rusiYA



Yüklə 273,45 Kb.
Pdf görüntüsü
tarix01.08.2018
ölçüsü273,45 Kb.
#60262


 

 193


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№2                           Humanitar elmlər seriyası                        2010 

 

 

 

1991 – 1995-ci İLLƏRDƏ AZƏRBAYCAN – RUSİYA 

MÜNASİBƏTLƏRİNDƏKİ PROBLEMLƏRƏ DAİR 

 

A.Ş.ŞAHMURADOV 

Bakı Dövlət Universiteti 

agil 1965@mailşru

 

1991-1995-ci illərdə Azərbaycan ilə Rusiya arasındakı münasibətlərdə müəyyən prob-

lemlər mövcud olumuş və onların meydana gəlməsinin əsas səbəbi Rusiyanın Azərbaycanı öz 

siyasi və iqtisadi təsiri altında saxlamaq cəhdlərindən ibarət idi. Buna nail olmaq üçün 

Azərbaycana müxtəlif vasitələrlə  təzyiqlər edilirdi: Ermənistan – Azərbaycan, Dağlıq 

Qarabağ münaqişəsində Rusiya Ermənistanı müdafiə edir, onu silahlandırırdı, müstəqil neft 

siyasətinin həyata keçirilməsinə mane olur, vaxtaşırı Azərbaycanın şimal sərhədlərində prob-

lem yaradır, separatçılığı dəstəkləyirdi. Sonrakı illərdə Azərbaycanın regiondakı mövqelərinin 

möhkəmlənməsi nəticəsində Rusiya öz siyasətində müəyyən dəyişikliklər etmiş, Azərbaycan – 

Rusiya münasibətləri yeni mərhələyə daxil olmuşdu.  

 

SSRİ-nin süqutundan sonra dövlət müstəqilliyini bərpa etmiş Azərbaycanın xarici 

siyasətində qarşıda duran əsas məsələlər beynəlxalq aləm tərəfindən müstəqil və 

suveren dövlət kimi tanınmağa nail olmaqdan, yaxın və uzaq xariclə çoxtərəfli və 

ikitərəfli əlaqələr qurub inkişaf etdirməkdən, beynəlxalq və regional təşkilatlara üzv 

olaraq onlarla əməkdaşlığı genişləndirməkdən, qarşılaşdığı problemləri beynəlxalq 

hüququn hamı tərəfindən tanınmış norma və prinsipləri əsasında həll etməkdən ibarət 

olmuş və həmin istiqamətdəki fəaliyyət bu gün də davam etdirilir.  

Azərbaycan siyasi, iqtisadi, mədəni və s. sahələrdə, uzun müddət bir dövlətin 

tərkibində olmuş və bir-birilə qarşılıqlı əlaqələr yaratmış keçmiş sovet respublikaları 

ilə əlaqələrin qorunub saxlanılmasında maraqlı olduğunu dəfələrlə bəyan etmişdir. Bu 

mənada Rusiya ilə münasibətlərin xarakteri və vəziyyəti xüsusi əhəmiyyət kəsb edir.  

Məlumdur ki, Azərbaycan – Rusiya münasibətləri müsbət və  mənfi xarakterli 

hadisələrlə müşayiət olunan çoxəsrlik tarixə malikdir. Çoxəsrlik tarixi əlaqələr 

nəticəsində Azərbaycan və rus xalqlarının müştərək siyasi, iqtisadi və  mədəni də-

yərləri formalaşmış və bu dəyərlər iki xalq arasında qonşuluq münasibətlərinin inkişaf 

etdirilməsinin əsasını təşkil etmişdir. Bununla yanaşı, onu da qeyd etmək lazımdır ki, 

Şimali Azərbaycanın çarizm tərəfindən işğalından keçən tarixi dövr ərzində Rusi-

yanın hərbi-siyasi dairələri böyük dövlətçilik mövqeyindən çıxış edərək Azərbaycan 

xalqının müstəqil inkişafına imkan verməmiş, müstəqil dövlətçilik ənənələrini bərpa 

etmək üçün tarixi imkan yarandıqda isə buna qısqanclıqla yanaşaraq hər vasitə ilə 

mane olmağa çalışmışlar.  

Tarixə imperiyaların dağılması  əsri kimi daxil olmuş XX əsrin sonunda kom-

munist ideologiyasının böhranı son nəticədə SSRİ adlı dövləti tarixin arxivinə gön-

dərdi, lakin özünü bu dövlətin varisi hesab edən Rusiya Federasiyası digər respub-

likaların Moskvanın siyasi orbitindən çıxması ilə barışmaq istəmir, onların müstə-

qilliklərinin real deyil, formal xarakter daşıması üçün müxtəlif ssenarilər hazırlayıb 



 

 194


həyata keçirirdi. Bunu XX əsrin 90-cı illərinin birinci yarısında Kremlin Azərbaycan 

Respublikasına münasibətdə həyata keçirdiyi və birmənalı qiymətləndirilməsi müm-

kün olmayan siyasət aydın surətdə göstərir.  

Azərbaycan Respublikası 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa 

etdi və dünyanın bir çox dövlətləri ilə diplomatik əlaqələr qurdu. Rusiyanın Azər-

baycan ilə diplomatik əlaqələr qurmuş dövlətlər sırasında 32-ci olması faktının özü 

Azərbaycanın müstəqilliyinin Moskva tərəfindən rahatlıqla qəbul olunmamasını 

söyləməyə imkan verir. Belə ki, Rusiya Azərbaycan ilə diplomatik əlaqələri Türkiyə, 

Ukrayna, İspaniya, Fransa, Böyük Britaniya, ABŞ, Almaniya, hətta coğrafi cəhətdən 

Azərbaycandan çox uzaqda yerləşən Meksika, Banqladeş, Qvineya kimi dövlətlərdən 

sonra, 1992-ci il aprelin 4-də yaratmışdı (1, 517-520), baxmayaraq ki, bu dövrdə 

Azərbaycanın iqtisadi-ticarət  əlaqələrinə malik olduğu dövlətlər arasında Rusiya 

birinci yerdə idi, Rusya Silahlı Qüvvələrinin HHM bölməsinin 4-cü ordusu, Rusiya 

sərhəd qoşunlarının hissələri Azərbaycan ərazisində yerləşirdi, Qəbələ RLS Rusiyanın 

nəzarətində idi, Azərbaycanda çoxsaylı rus icması yaşayırdı.  

Nəzərdən keçirilən dövrdə Rusiyanın Azərbaycan ilə əlaqələrində mövcud olmuş 

problemlərdən biri də Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 

idi. Sirr deyil ki, Cənubi Qafqazda strateji maraqları olan Rusiya, Kreml rəsmilərinin 

Rusiyanın forpostu kimi qiymətləndirdikləri, regionda separatçılığın və dövlət ter-

rorizminin mənbəyi olan Ermənistandan bir vasitə kimi istifadə edir. Rusiyanın hakim 

dairələrinin Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Moskvanın 

neytral mövqedə durması, problemin sülh yolu ilə  həll edilməsində maraqlı olması 

haqqında dəfələrlə  bəyanatlar verməsinə baxmayaraq, baş vermiş hadisələr, üzə 

çıxmış faktlar tamamilə bunun əksini göstərir. B. Yeltsinin rəhbərlik etdiyi və anti-

azərbaycan mövqeyi ilə seçilən o vaxtkı rus hakimiyyəti Ermənistana siyasi dəstək 

verməklə kifayətlənməyərək, erməni separatçılarını silahlandırır, hərbi əməliyyatlarda 

rus hərbçilərinin Ermənistan tərəfdən iştirakına şərait yaradırdı. XX əsrin ən dəhşətli 

faciələrindən olan Xocalı soyqrımı  məhz Rusiyanın 366-cı alayının iştirakı ilə baş 

vermişdi.  

Ermənistanda və Xankəndində yerləşən rus qoşunları müxtəlif bəhanələrlə öz 

silahlarını ermənilərə ötürürdülər. Tomas de Vaal qeyd edir ki, “Silahların bir hissəsi 

1991-ci ildə Qarabağda yerləşdirilmiş SSRİ daxili qoşunlarının dörd alayından götü-

rülmüşdü. Dekabrın 22-də bir qrup erməni Stepanakertdəki daxili qoşunların kazar-

masına soxulub, döyüş sursatı və zirehli texnika anbarını ələ keçirtdilər... ola bilsin ki, 

hücum məxfi sövdələşməni ört-basdır etmək üçün səhnələşdirilmişdi” (2, 195).  

Münaqişə zonasında yerləşdirilmiş 366-cı alayın tərkibinin müəyyən hissəsinin 

ermənilərdən komplektləşdirilməsi də Rusiyanın Cənubi Qafqazdakı siyasətini başa 

düşmək baxımından diqqəti cəlb edir. Belə ki, “366-cı alayın təxminən 350 əsgə-

rindən 50-si erməni idi.... Qarabağ erməniləri üçün bu alay və onun böyük ehtiyatları 

göydən düşmə oldu... Amerikalı hüquq müdafiəçisi Skott Horton deyir ki, 1991-ci ilin 

iyulunda Yuri Nikolayeviç adlı bir zabit onu biznesmen hesab edib, üç min dollara 

tank almağı  təklif etmişdi. Danışırlar ki, ermənilər alayın zabitlərinə sadəcə araq və 

ya pul verib, onlardan atəş açmağı və texnikanı çıxarmağı istəyirdilər” (2, 195).  

B.Yeltsin hökumətinin Azərbaycanla normal, dostluq münasibətləri yaratmaq 

arzusunda olması haqqındakı  bəyanatlarının saxta xarakter daşıdığını 1993-1996-cı 

illərdə Ermənistana gizli surətdə ötürülmüş silahlar haqqında yayılmış məlumatlar da 

təsdiq edir. Ermənistanın Rusiya tərəfdən gizli surətdə silahlandırılması haqqında 

Rusiyanın MDB dövlətləri ilə  əməkdaşlıq üzrə naziri A.Tuleyev 1997-ci il fevralın 




 

 195


14-də keçirdiyi mətbuat konfransında məlumat vermişdi. Rusiya Dövlət Dumasının 

müdafiə  işləri üzrə komitəsinin sədri L.Roxlin Dumanın 1997-ci ilin aprelində ke-

çirilmiş qapalı iclasında ermənilərə bir milyard dollar dəyərində silah verildiyini 

təsdiq etdi. Bu silahlar arasında R-17 operativ-taktiki raket kompleksləri və onlar 

üçün raketlər, “Kruq” zenit-raket kompleksləri və onlar üçün raketlər, T-72 tankları, 

PDM-2, “Qrad” reaktiv qurğuları, “İqla” zenit raket kompleksləri və onlar üçün 

raketlər və başqa müasir silah növləri vardı (3, 314-316). 

Şübhə yoxdur ki, Ermənistan məhz bu silahlardan və rus hərbçilərinin kömə-

yindən istifadə etməklə Azərbaycan torpaqlarını işğal edə bilmişdi. Rus hərb tarixçisi 

və yazıçısı A.V. Şişov bildirir ki, “erməni-Qarabağ qoşunlarının hücum əməliyyatları 

T-72 tankları, Mi-24 vertolyotları,  ən yeni hərbi təyyarələr kimi müasir hərbi 

vasitələrdən istifadə etməklə həyata keçirilirdi” (4, 448).  

Rusların ermənilərlə əlbir olmasını, 1992-ci ildə Dağlıq Qarabağda hərbi əməliy-

yatlar zamanı ermənilər tərəfdə vuruşan rus hərbçilərindən ibarət dəstənin azərbay-

canlılar tərəfindən  əsir götürülməsi faktı da təsdiq edir (3, 302). Bundan başqa, 

Ümumkyban kazak qoşunlarının atamanı, polkovnik Vladimir Qromovun Kuban, 

Don və Terek kazaklarına ünvanladığı müraciətinə  əsaslanaraq, kazakların da 

ermənilərlə birlikdə azərbaycanlılara qarşı vuruşduqlarını söyləmək olar. Müraciətdə 

deyilir: “Bizə məlum olmuşdur ki, kazakların az bir hissəsi Azərbaycanla Ermənistan 

arasındakı hərbi əməliyyatlarda ermənilərin tərəfində iştirak edir...” (5, 260).  

Göründüyü kimi, XX əsrin 90-cı illərinin birinci yarısında Ermənistan-Azər-

baycan, Dağlıq Qarabağ münaqişəsində Moskvanın tutduğu ermənipərəst mövqe Ru-

siya – Azərbaycan münasibətlərində ciddi bir problemə çevrilmişdi. Ümumiyyətlə, 

nəzərdən keçirilən dövrdə Rusiya Azərbaycanın  ərazi bütövlüyünə  qəsd etmiş  təkcə 

erməniləri müdafiə etmirdi, eyni zamanda, tarixən bir ailə kimi yaşayan Azərbaycan, 

ləzgi, talış və s. xalqlar arasında ədavət salmaq kimi uğursuz cəhdlərindən də əl çək-

mir, Azərbaycanın etirazlarına baxmayaraq, “Sadval”, “Talış Muğan Respublikası” və s. 

separatçı qurumlara himayədarlıq edir, onlardan bəzilərinə ərazisində sərbəst fəaliyyət 

göstərmək, təbliğat işi ilə məşğul olmaq imkanı verirdi. Məsələn, 1995-ci ildə S.Pe-

terburqda, ixtisasca fizik olan, Azərbaycan xalqının  əleyhinə köklənmiş Hacı Ab-

durrahimovun tamamilə tarixin saxtalaşdırılmasına həsr edilmiş “Qafqaz Albaniyası – 

Ləzgistan” kitabı rus dilində böyük tirajla nəşr olunmuşdu. Məzmunu tarixi həqi-

qətdən uzaq olan bu nəşrin  əlavələr hissəsində, ləzgi separatçılarının Azərbaycanda 

qeyri-qanuni elan edilmiş “Sadval” cəmiyyətinin Nizamnaməsinin, cəmiyyətin 

Rusiyada nəşr etdirdiyi “Sadval” qəzetindən götürülmüş  qərəzli məqalələrin, “Talış 

Muğan Respublikası”, talışlar haqqında araqızışdırıcı  məlumatların yer alması (6, 

461-605), onun Rusiya rəsmi dairələrinin xeyir-duası ilə  və siyasi məqsədlərlə  işıq 

üzü gördüyünü deməyə imkan verir.  

Müstəqilliyin ilk illərində tərəflər arasındakı problemlər bununla məhdudlaşmırdı. 

Azərbaycan Respublikasının öz təbii ehtiyatlarından müstəqil surətdə istifadə etməsi, 

bu sahədəki tərəfdaşlarını dövlət maraqlarından çıxış edərək müəyyənləşdirməsi 

Kreml tərəfindən birmənalı qarşılanmırdı. 1993-1994-cü illərdə Azərbaycanın Xəzər 

dənizindəki neft yataqlarını istismar etmək üçün dünyanın iri neft şirkətləri ilə danı-

şıqlar apardığı zaman, Rusiya bu danışıqları pozmaq, Xəzər dənizinə xarici şirkətləri 

buraxmamaq, Azərbaycanı öz təsir dairəsində saxlamaq üçün müxtəlif vasitələrdən 

istifadə edirdi. Hətta ölkə daxilində qarışıqlıq yaratmaq və bu yolla xarici şirkətləri 

Azərbaycana sərmayə qoymaqdan çəkindirmək məqsədilə maraqlı dairələr tərəfindən 

dövlət çevrilişlərinə cəhdlər edilir, rəsmi şəxslərə qarşı sui-qəsdlər həyata krçirilirdi. 




 

 196


1994-cü ilin fevralında Londonda Böyük Britaniyanın baş naziri C.Meycor və Azər-

baycan Respublikasının prezidenti H.Əliyev arasında neft hasilatına aid höku-

mətlərarası saziş imzalandıqdan sonra, aprelin 27-də Kreml Londona nota göndərmiş 

və Rusiya ilə  əvvəlcədən razılaşdırılmayacağı  təqdirdə, hazırlanmaqda olan neft 

müqaviləsinin heç bir hüquqi qüvvəyə malik olmayacağını  bəyan edərək Britaniya 

hökumətinə təzyiqlər göstərməyə çalışmısdı. Qərb şirkətləri ilə əməkdaşlıqda qərarlı 

olan Azərbaycan Moskvanın daha böyük təhdidlərinə  məruz qalırdı. Sentyabrın 12-

də, “Əsrin müqaviləsi”nin imzalanmasına bir həftə qalmış, Rusiya Federasiyası XİN-

nin Azərbaycan XİN-nə təqdim etdiyi hədə-qorxu məzmunlu notada deyilirdi: “...Xə-

zərə münasibətdə birtərəfli hərəkətlər qeyri-qanunidir və pozulmuş qayda-qanunu 

bərpa etmək üçün zəruri saydığı tədbirləri həyata keçirmək hüququnu özündə saxla-

yan Rusiya Federasiyası  tərəfindən tanınmayacaqdır...” Bu siyasət 1994-cü ilin 

sentyabrında, Rusiyanın Lukoyl şirkətinin də iştirak etdiyi “Əsrin müqaviləsi” imza-

landıqdan sonra da davam etmiş, hətta Rusiya XİN hökumətdən Azərbaycana qarşı 

sanksiyalar tətbiq etməyi tələb edirdi (3, 309 - 310). İmzalanmış müqavilənin həyata 

keçirilməsinə yol verməmək üçün, müəyyən müddət ərzində Xəzərin hüquqi statusu 

ilə əlaqədar məsələlər süni surətdə qabardılırdı. 

Müstəqil siyasət yürüdən Azərbaycan Respublikasının  əl-qolunu bağlamaq 

məqsədilə Moskvanın tətbiq etdiyi vasitələrdən biri də iqtisadi blokada idi. 1994-cü il 

dekabrın 19-da Rusiya, guya Azərbaycanın Çeçenistana silah ötürməsi, çeçen döyüş-

çülərinə  sığınacaq verməsi və başqa bu kimi uydurma iddiaları  əsas götürərək 

Azərbaycanla sərhədləri bağladı. Bu addım Azərbaycan – Rusiya əlaqələrinə, xüsusilə 

də iqtisadi-ticarət münasibətlərinə ciddi zərbə vurdu. Belə ki, blokadanın tətbiqinə 

qədər Rusiya Azərbaycanla ticarətdə birinci yeri tuturdusa, onun tətbiqindən sonra 

birincilik  İrana keçdi, Azərbaycanın Rusiya ilə mal dövriyyəsinin həcmi isə 40 % 

azaldı (3, 306). 

1996-cı ilin yanvarında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 

Moskvaya səfəri zamanı Çeçenistana kömək olunması haqqında Rusiya tərəfinin 

təqdim etdiyi faktları araşdırmaq üçün Rusiya Federal Sərhəd Xidməti direktorunun 

müavini L. Kojevnikovun rəhbərliyi altında komissiya yaradılması barədə razılıq əldə 

olundu. Bu komissiyanın istər quruda, istərsə də Xəzər dənizindəki hərbi obyektlərdə 

apardığı yoxlamalar nəticəsiz qurtarmışdı (3, 307-308).  

1991–1995-ci illərdə Azərbaycan – Rusiya münasibətlərində, yuxarıda qeyd 

olunan problemlərə baxmayaraq, rəsmi Bakı Rusiya Federasiyası ilə ikitərəfli və 

bərabərhüquqlu münasibətlərin qurulmasında və inkişaf etdirilməsində maraqlı oldu-

ğunu dəfələrlə bəyan etmiş, mövcud problemləri daha da kəskinləşdirmək yox, onları 

aradan qaldırmaq siyasətinə üstünlük vermişdi. Bu siyasətin və Azərbaycanın region-

dakı mövqeyinin güclənməsi nəticəsində sonrakı illərdə, xüsusilə V. Putinin haki-

miyyətə  gəlişindən sonra qarşılıqlı münasibətlərdə müsbətə doğru müəyyən dönüşə 

nail olunmuşdu. Rusiya Federasiyasının prezidenti V. Putinin 2001-ci il yanvarın 9-

10-da Bakıya səfəri zamanı onun şərəfinə təşkil olunmuş rəsmi qəbulda Azərbaycan – 

Rusiya əlaqələrinə münasibət bildirən Azərbaycan Respublikasının prezidenti H.Əli-

yev demişdi: “Azərbaycan müstəqillik  əldə etdikdən sonra münasibətlərimizi mü-

rəkkəbləşdirmiş ayrı-ayrı  mərhələlər olmuşdur. Bəlkə  də bu, belə bir səfərin həyata 

keçirilməsinə nail ola bilməməyimizin səbəblərindən biri idi. Ancaq bugünki gün 

göstərdi ki, görüşümüzə, sizin səfərinizə mane olan məsələlərin çoxu süni idi, uydur-

ma idi və gerçəkliyə uyğun deyildi. Gerçəklik isə ondan ibarətdir ki, bu gün biz çox 

səmərəli iş gördük. Ona görə də, cəsarətlə demək olar ki, səfər çox uğurludur, səfər 




 

 197


baş tutmuşdur, özlüyündə mühüm dövrdür, Rusiya Federasiyası ilə Azərbaycan 

arasında qarşılıqlı münasibətlərdə yeni mərhələ açır” (7). 



 

ƏDƏBİYYAT 

1. Diplomatiya: ensiklopedik lüğət. Bakı: Diplomat, 2005, 577 s. 

2. Tomas de Vaal. Qarabağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında. Bakı: İlay 

MMC “Azər-Mediya”, 2008, 344 s.  

3. Чернявский С. И. Новый путь Азербайджана. М.: Книга и бизнес, 2002, 352 с.  

4. Шишов А.В. Схватка за Кавказ. XVI-XXI века, M.: 2007, 480 c.  

5. Заплетин Г., Ширин-заде Г. Русские в истории Азербайджана. 2008, Ганун, 366 с. 

6. Абдурагимов Г.А. Кавказская Албания – Лезгистан: история и  

 современность. С.-Петербург: ГПП «Печатный двор», 1996, 607 с. 

7. "Azərbaycan" qəz., 2001, 10 yanvar. 



 

О ПРОБЛЕМАХ ВОЗНИКШИХ В 1991 – 1995 гг. В ОТНОШЕНИЯХ МЕЖДУ 

АЗЕРБАЙДЖАНОМ И РОССИЕЙ 

 

А.Ш.ШАХМУРАДОВ 

 

РЕЗЮМЕ 

 

В 1991–1995 гг. в азербайджано-российских взаимоотношениях имели место опре-

деленные  проблемы,  возникшие  в  результате  политики  Кремля,  направленной  на  сох-

ранение  экономической  и  политической  зависимости  Азербайджана.  По  этой  причине 

на Азербайджан оказывалось разностороннее давление: в армяно-азербайджанском, На-

горно-Карабахском конфликте Россия защищала и вооружала Армению, препятствовала 

осуществлению независимой нефтяной стратегии, периодически создавала проблемы на 

северных  границах  Азербайджана,  поддерживала  сепаратизм.  В  последующие  годы  в 

результате  упрочения  позиции  Азербайджана  в  регионе,  Россия  внесла  определенные 

изменения в свою политику, и отношения между Азербайджаном и Россией вступили в 

новый период.  

 

THE PROBLEMS ENCOUNTERED IN 1991 – 1995 YEARS IN THE RELATIONS 



BETWEEN AZERBAIJAN AND RUSSIA 

 

A.Sh.SHAKHMURADOV 

 

SUMMARY 

 

The present article deals with the problems encountered betwen 1991 - 1995 in the 



relations between Azerbaijan and the Russian Federation. Russia's attempts to keep Azerbaijan 

under political and economic dependence are the major causes of these problems. For this 

reason, Azerbaijan faced pressures by various means: in the Armenian-Azerbaijan Nagorno 

Karabakh conflict, Russia defended and armed Armenia, impeded the implementation of the 

independent oil strategy, periodically created problems on the northern borders of Azerbaijan 

and supported separatism. In subsequent years, as a result of the consolidation of Azerbaijan's 

position in the region, Russia made some changes in its policy and relations between 

Azerbaijan and Russia entered a new period. 



 

Kataloq: Xeberler%20Jurnali -> Humanitar%202010%202
Humanitar%202010%202 -> Azərbaycanda miqrasiyanin səBƏb və İSTİqaməTLƏRİ
Humanitar%202010%202 -> Baki universitetiNİn xəBƏRLƏRİ №2 Humanitar elmlər seriyası 2010
Humanitar%202010%202 -> Azərbaycanda partizan həRƏkatini doğuran səBƏBLƏr və qaçaq həRƏkati
Humanitar%202010%202 -> Baki universitetiNİn xəBƏRLƏRİ №2 Humanitar elmlər seriyası 2010
Humanitar%202010%202 -> Baki universitetiNİn xəBƏRLƏRİ №2 Humanitar elmlər seriyası 2010
Humanitar%202010%202 -> Baki universitetiNİn xəBƏRLƏRİ №2 Humanitar elmlər seriyası 2010
Humanitar%202010%202 -> S. M. Qocayeva
Humanitar%202010%202 -> Azərbaycan-alman əDƏBİ ƏlaqəLƏRİ
Humanitar%202010%202 -> Tarix XIX əSRİN 60-90-cı İLLƏRİNDƏ ŞƏRQİ slavyan öLKƏLƏRİNDƏ

Yüklə 273,45 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə