2. Milli Məclis deputatının hüquqi statusu. Qanunvericilik prosesi



Yüklə 188,53 Kb.
səhifə1/3
tarix29.10.2017
ölçüsü188,53 Kb.
növüQaydalar
  1   2   3

MÖVZU 3. AZƏRBAYCAN RESPUBLİKASINDA QANUNVERİCİLİK, İCRA VƏ MƏHKƏMƏ HAKİMİYYƏTİ.

P L A N


1. Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətləri və fəaliyyətinin əsasları.

2. Milli Məclis deputatının hüquqi statusu.

3. Qanunvericilik prosesi.

4. Azərbaycan Respublikası Prezidentinin Konstitusiya statusunun əsasları. Azərbaycan Respublikası Prezidentinin seçilməsi və səlahiyyətlərinin xitam edilməsi qaydaları.

5. Məhkəmə hakimiyyəti - dövlət hakimiyyətinin müstəqil qolu kimi.

6. Hakimlərin hüquqi statusu.

7. Azərbaycan Respublikasının məhkəmə sistemi: məhkəmə müdafiə hüququ və məhkəmə üsulunun formaları.

8. Azərbaycan Respublikası Prokurorluğu.

1. Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətləri.



Hakimiyyət bölgüsü mexanizmində ən əsas vasitə hakimiyyətin bölünməsini təmin edən elementlər - səlahiyyətlərdir. Məhz bu səlahiyyətlərin bir-birinə olan münasibətindən, onların həcmindən asılı olaraq hakimiyyət bölgüsünün mövcud olub olmadığını demək olar. Ona görə də hakimiyyət bölgüsünü analiz edərkən, əsas diqqət onlara yetirilməlidir. Hakimiyyət bölgüsünün elementləri bu və ya digər hakimiyyət budağına aid edilən bütün səlahiyyətləri əhatə etmir. Buraya məhz o səlahiyyətlər aiddir ki, hakimiyyət budaqlarının bir-birinə təsir etməsi, bir-birinin fəaliyyətinə müdaxilə etməməsi və nəzarət etməsini təmin edir. Bu səlahiyyətlər istisnasız olaraq məhz hakimiyyət bölgüsü mexanizminin həyata keçirilməsi naminə müdaxilə imkanmı təmin etməlidir. Başqa sözlə, bu səlahiyyət mütləq digər hakimiyyət budağına yönəlməli, ən başlıcası onun fəaliyyət sahəsinə təsir etməyə imkan verməlidir. Lakin iş sadəcə olaraq bununla bitmir. Ayrı-ayrı hakimiyyət budaqlarının bölgüsü sistemində tutduğu yeri müəyyənləşdirmək üçün onların formalaşdırılması əsaslarını, təyinatını müəyyən edən normalar da nəzərə alınmalıdır.

Azərbaycan Respublikasının Konstitusiyasında hakimiyyətin bölünməsi ilə əlaqədar səlahiyyətlər yalnız bir hakimiyyət budağına münasibətdə kəskin fərqləndirməklə təsbit edilmişdir. Bu da qanunverici hakimiyyəti həyata keçirən Milli Məclisdir. Milli Məclisin səlahiyyətinə aid edilən məsələlər 94 və 95-ci maddələrdə öz əksini tapmışdır. 95-ci maddə Milli Məclisin həll etdiyi məsələlər adlanır və burada bu və ya digər şəkildə icra hakimiyyətinin fəaliyyətinə müdaxilə etməyə imkan verən məsələlər əks olunmuşdur. Milli Məclisin həll etdiyi məsələlər içərisində 1-5-ci bəndlər istisna olmaqla yerdə qalan bütün məsələlərin həlli üçün qərar qəbul edilir. Konstitusiyasının 95-ci maddədə əsasən prezidentin vəzifəyə təyin etdiyi ayrı-ayrı şəxslərin və irəli sürdüyü müxtəlif proqramların, təkliflərin təsdiqlənməsindən söhbət gedir. Bu maddədə əks olunan məsələlərin bir qismi investitura institutu ilə əlaqədardır. İnvestitura - konkret şəxslərin vəzifəyə təyin olunması ilə bağlı səlahiyyətlər məcmusudur. İnvestitura icra hakimiyyətinə müəyyən üstünlüklər verən institutdur. Belə ki, vəzifəyə təyin edilən şəxslərin şəxsi keyfiyyətləri nəzərə alındığından, bir çox hallarda icra hakimiyyətinin bundan sui-istifadə ehtimalı mövcud olur. Yəni icra hakimiyyəti başçısı təyin edilən şəxslərin peşəkarlıq, təcrübəlilik meyarları ilə yanaşı, onların sədaqətlilik, partiya mənsubiyyəti və sair keyfiyyətləri də nəzərə alınır. 95-ci maddəyə görə Milli Məclis prezidentin təqdim etdiyi hərbi doktrinanı, dövlət büdcəsini təsdiq edir, Baş nazirin təyin olunmasına razılıq verir, yuxarı instansiya məhkəmələrinin - Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin, apelyasiya məhkəmələrinin hakimlərini vəzifəyə təyin edir, Baş prokurorun təyin olunmasına və vəzifədən kənarlaşdırılmasına razılıq verir, beynəlxalq müqavilələri, Milli Bankın İdarə Heyətinin üzvlərini təsdiq edir. Bundan başqa qanunverici orqan Nazirlər kabinetinə etimad, prezidentin impiçment qaydasında vəzifədən kənarlaşdırılması, prezidentin müraciətinə əsasən müharibə və sülhə razılıq verilməsi, ordunun təyinatı ilə bağlı olmayan işlərə cəlb edilməsi məsələlərinə razılıq verir. Bunların da içərisində ən təsirlisi dövlət büdcəsinin təsdiqi və onun icrasına nəzarətdir. Dövlət büdcəsini təsdiq etməklə qanunverici orqan bütövlükdə icra hakimiyyətinə təsir edə bilir və çox vacib faktor olan maliyyə sferasında bu hakimiyyət budağının fəaliyyətinə müdaxilə edir. Lakin bu səlahiyyətdən ildə, ancaq bir dəfə istifadə edilməsi dövlət büdcəsinin icrası zamanı baş verən dəyişikliklərə Milli Məclisin əsaslı və adekvat cavab vermək imkanını məhdudlaşdırır. 95-ci maddənin 1-5-ci bəndlərində nəzərdə tutulan məsələlər üzrə (MM-in işinin təşkili, prezidentin təqdimatı ilə diplomatik nümayəndəliklərin təsis olunması, inzibati ərazi bölgüsü, dövlətlərarası müqavilələrin təsdiqi, dövlət büdcəsinin təsdiqi) qanunlar qəbul edilir. Milli Məclis konstitusiya ilə nəzərdə tutulan hallarda prezident fərmanlarını təsdiq edir. 111 və 112-ci maddələrə görə hərbi və fövqəladə vəziyyət elan edilməsi haqqında fərmanlar Milli Məclisin təsdiqinə verilir. O cümlədən, Milli Məclis Baş nazirin vəzifəyə təyin edilməsinə razılıq verir.

İcra hakimiyyətinin Milli Məclisin fəaliyyətinə müdaxilə etməsinə imkan verən əsas səlahiyyət promulqasiya - qanunları imzalamaq və dərc etmək, habelə veto qoymaq hüququdur. Prezidentin veto hüququ Konstitusiyada birbaşa göstərilməsə də 110-cu maddənin I hissəsində deyilir ki, qanun prezidentin etirazını doğurursa, o, qanunu imzalamayıb öz etirazları ilə Milli Məclisə qaytara bilər. Bu maddənin II hissəsində isə nəzərdə tutulur ki, Milli Məclis 83 səs çoxluğu ilə qəbul olunan qanunları 95 səs çoxluğu, 63 səs çoxluğu ilə qəbul olunan qanunları isə 83 səs çoxluğu ilə qəbul edərsə, belə qanunlar təkrar səsvermədən sonra qüvvəyə minir. Qanunlar isə Milli Məclisin hər sessiyası zamanı qəbul olunur və hər biri də mütləq prezident tərəfindən imzalanmalıdır. Bu isə icra hakimiyyətinə böyük imkanlar verir.

Azərbaycan Respublikası Milli Məclisinin hakimiyyətin digər qolu - məhkəmə hakimiyyəti ilə də qarşılıqlı əlaqəsi vardır.

Məhkəmə hakimiyyətinin fəaliyyəti müəyyən mənada qanunverici hakimiyyətdən asılıdır. Məhz qanunverici hakimiyyət məhkəmə quruluşu, hakimlərin statusu, məhkəmə icraatı və s. ilə bağlı məsələləri nizama salır. Belə hüquqi tənzimlənmənin əsasını isə Konstitusiya təşkil edir. Məhz konstitusiyalarda məhkəmə hakimiyyətinin Konstitusiya əsasları yığcam şəkildə təsbit olunur.

Qanunverici hakimiyyətin məhkəmə hakimiyyətinə təsiri eyni zamanda hakimlərin təyinində və amnistiya aktlarının tətbiqində özünü göstərir.

Lakin qanunverici hakimiyyətin məhkəmə hakimiyyətinə təsiri birtərəfli deyildir. Məhkəmə hakimiyyəti də qanunverici orqanın qəbul etdiyi aktların Konstitusiyaya zidd olduğu barədə qərar qəbul etməklə qanunverici hakimiyyətə qarşılıqlı təsir göstərir. Bu təsir eyni zamanda Milli Məclis deputatlarının seçkilərinin nəticələrinin yoxlanılması və təsdiqində də özünü göstərir. Konstitusiyanın 86-cı və 2003-cü il 27 may tarixli «Azərbaycan Respublikasının Seçkilər Məcəlləsi»nin 171-ci maddəsinə görə Milli Məclis deputatları seçkilərinin nəticələrini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi yoxlayır və təsdiq edir.



Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyətinin əsasları

Azərbaycan Respublikası Konstitusiyasının 7 və 81-ci maddələrinə görə Azərbaycan Respublikasında qanunvericilik hakimiyyəti Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən həyata keçirilir. Milli Məclis 125 deputatdan ibarət tərkibdə fəaliyyət göstərir. Milli Məclisin deputatları majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər.

Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir. Daxili nizamnaməyə görə Milli Məclis öz fəaliyyətində aşağıdakı prinsipləri üstün tutur:

- aşkarlıq;



  • siyasi plüralizm, çoxpartiyalılıq;

  • məsələlərin sərbəst müzakirə və müstəqil həll olunması.

Milli Məclisin iclaslarının məcmusu Milli Məclisin sessiyaları adlanır.

Milli Məclis hər il iki növbəti sessiyaya yığılır:



  1. yaz sessiyası - martın 1-dən mayın 31-dək davam edir;

  2. payız sessiyası - sentyabrın 30-dan dekabrın 30-dək davam edir.

Növbədənkənar sessiyaları isə Milli Məclisin sədri Azərbaycan Respublikası Prezidentinin və ya Milli Məclisin 42 deputatının tələbi əsasında çağırır. Əgər bu sessiyalar deputatların tətil dövründə cağırılarsa, bu zaman tətil dayandırılır və deputatlar məzuniyyətdən geri çağırılır. Növbəti və növbədənkənar sessiyalar dövründə Milli Məclis iclaslar keçirir. Növbəti çağırışın I iclasını ən qocaman deputat açır, seçilmiş deputatların siyahısını oxuyur. O, sədr seçilənədək I iclası aparır. I iclasda hesablayıcı komissiya, sonra isə sədr seçilir və bununla da I iclas işini bitirir. Sədrin seçilməsi üçün onun 63 deputatın səsini alması tələb olunur.

Daxili nizamnaməyə görə Milli Məclisin iclasları ayda 2 dəfədən az olmayaraq keçirilir. İclasların günü və saatını Milli Məclisin sədri təyin edir. Əgər 83 deputat iclasda iştirak edirsə, iclas səlahiyyətli hesab olunur. Milli Məclisin iclasları açıq, aşkarlıq şəraitində keçirilir və kütləvi informasiya vasitələri ilə işıqlandırılır. İclaslar qapalı keçirilə bilər. Bu haqda qərar qəbul olunmalıdır. Bunun üçün deputatların sadə səs çoxluğu tələb olunur. Milli Məclisin iclaslarında Respublika Prezidenti, kütləvi informasiya vasitələrinin nümayəndələri və sədrin dəvətilə başqa şəxslər iştirak edə bilər. Milli Məclisin iclasları protokollaşdırılır və stenoqrama alınır. İclasın protokolunu sədr imzalayır. Açıq iclasların stenoqramları dərc olunur. Amma qapalı iclas stenoqramı dərc oluna bilməz. Stenoqram dərc olunanadək deputat öz çıxışının mətni ilə tanış ola bilər. Bununla əlaqədar mübahisə yaranarsa, məsələni intizam komissiyası həll edir. Milli Məclisin iclaslarında çıxışların vaxtı və ardıcıllığı onun daxili nizamnaməsi ilə müəyyən olunur. İclaslarda deputatların iştirakı məcburidir. Əgər deputat üzrlü səbəbdən iclasda iştirak etmirsə, əvvəlcədən Milli Məclisin katibliyinə məlumat verməlidir. Daxili nizamnaməyə görə Milli Məclisin iclaslarını sədr aparır.

Daxili Nizamnamədə Milli Məclisin orqanları kimi Milli Məclisin daimi komissiyalarının, hesablama palatası, hesablayıcı komissiya və intizam komissiyasını adı çəkilir.

Hesablama palatası - Milli Məclisə hesabat verən, daimi fəaliyyət göstərən dövlət büdcə nəzarəti orqanıdır. Bu orqan sədr, sədr müavini və 7 auditordan ibarətdir. Onlar Milli Məclis tərəfindən təyin olunurlar.

Hesablayıcı komissiya - elektron sistemindən istifadə etmədən açıq və gizli səsvermələri keçirmək və onların nəticələrini müəyyən etmək məqsədilə yalnız Milli Məclisin iclaslarında fəaliyyət göstərir. Bu orqan bir il müddətinə 7 üzvdən ibarət tərkibdə seçilir. Hesablayıcı komissiyanın iclası onun azı 4 üzvü iştirak etdikdə səlahiyyətli hesab olunur. Hesablayıcı komissiyanın bütün qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir.

İntizam komissiyası - deputatların parlamentdaxili məsuliyyətə cəlbetmə işlərinə, deputat toxunulmazlığına xitam verilməsi və səlahiyyətlərinin itirilməsi işlərinə baxır və həll edir. Bu komissiya 7 üzvdən ibarət tərkibdə bir il müddətinə seçilir.

Parlament Konstitusiya və Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi əsasında fəaliyyət göstərir. Milli Məclisin Daxili Nizamnaməsi 17 may 1996-cı il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq edilib. Bu nizamnamə 4 fəsil və 53 maddədən ibarətdir:

I fəsil - Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyətinin ümumi qaydaları.



II fəsil - Milli Məclisin orqanları.

  1. fəsil - Milli Məclis deputatının parlamentdaxili məsuliyyəti.

  2. fəsil - Keçid və yekun müddəaları.

Nizamnamənin 50-ci maddəsində göstərilir:

Milli Məclisin Daxili Nizamnaməsi Milli Məclis tərəfindən qanunla təsdiq edildikdən və Prezident tərəfindən imzalandıqdan sonra dərc olunduğu gündən qüvvəyə minir. Nizamnamədə dəyişikliklər Azərbaycan Respublikası qanunları üçün nəzərdə tutulmuş qaydada edilir. Milli Məclisin deputatları Daxili Nizamnaməyə riayət etməlidir. Bu işə Milli Məclisin rəhbərliyi nəzarət edir.

Milli Məclis öz səlahiyyət müddətində daimi və başqa komissiyalarını yaradır.

Milli Məclisin hər cağırışının I sessiyasında daimi komissiyaları yaradılır. Daimi komissiyalar «Daimi komissiyalar haqqında» Qanun əsasında fəaliyyət göstərirlər.

Onların fəaliyyəti aşağıdakı prinsiplərə əsaslanır:


  • siyasi plüralizm;

  • fikir plüralizmi;

  • aşkarlıq;

  • məsələlərin sərbəst müzakirəsi.

Daimi Komissiyaların say tərkibi Milli Məclis tərəfindən müəyyən olunur, azı 5, çoxu 20 deputatdan ibarət olmalıdır. 15 üzvdən çox tərkibə malik daimi komissiya köməkçi komissiya yarada bilər. Hər bir deputat daimi komissiyalardan birinin üzvü olmalıdır. Daimi komissiyanın sədri, müavini və üzvləri azı 63 deputatın səs çoxluğu ilə seçilirlər. Daxili Nizamnaməyə görə deputat heç bir daimi komissiyanın üzvlüyünə daxil olmursa, Milli Məclisin sədri sərəncamla həmin deputatı daimi komissiyaların birinə daxil edir.

Daimi komissiyalar iclaslar keçirir. Əgər komissiyanın üzvlərinin yarısı iştirak edirsə, iclas səlahiyyətli hesab olunur. İclası daimi komissiyanın sədri, o, olmadıqda və ya onun tapşırığı ilə müavin aparır. Milli Məclisin sədrinin tələbi ilə Milli Məclisin daimi komissiyasının növbədənkənar iclası çağırılır. İclas haqqında komissiya üzvü, iclas gününə azı 2 gün qalmış xəbərdar edilməlidir. Komissiya üzvlərinin daimi komissiyanın iclasında iştirakı məcburidir. Amma üzrlü səbəbdən icazə almaq şərtilə iştirak etməmək olar.

Nizamnaməyə görə 2 və ya daha çox komissiya birgə iclas keçirə bilər. Daimi komissiyaların fəaliyyət forması qərar və rəydir. Azərbaycan Respublikasının Milli Məclisi aşağıdakı daimi komissiyaları yaradır:


  1. Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyası;

  2. Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyası;

  3. İqtisadi siyasət daimi komissiyası;

  4. Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyası;

  5. Aqrar siyasəti daimi komissiyası;

  6. Sosial siyasət daimi komissiyası;

  7. Regional məsələlər daimi komissiyası;

  8. Elm və təhsil məsələləri daimi komissiyası;

  9. Mədəniyyət məsələləri daimi komissiyası;

  10. İnsan hüquqları daimi komissiyası;

  11. Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyası.

Daxili nizamnaməyə görə Milli Məclisin deputatlarından müvəqqəti komissiyalar yaradıla bilər. Müvəqqəti komissiyaların fəaliyyəti Milli Məclisin qəbul etdiyi qərarlarla müəyyənləşdirilir.

2. Milli Məclis deputatının hüquqi statusu

Məlum olduğu kimi, hakimiyyətin bölgüsünə əsasən, qanunverici hakimiyyət parlamentin əlində cəmləşir. Parlament üzvləri müxtəlif dövlətlərdə müxtəlif cür adlandırılır. Azərbaycanda isə parlamenti (Milli Məclisi) Azərbaycan Respublikasının deputatları təşkil edir. «Deputat» termini serb sözü olub hərfi mənası «elçi göndərilmiş» deməkdir. Deputatların əsas vəzifəsi qanunvericilik prosesində iştirak etmək və qanunda göstərilmiş funksiyaları həyata keçirməkdir. Belə ki, Russo deyirdi: «Deputat xalqın nümayəndəsi hesab olunmalıdır. O, seçicilərin müvəkkil olunmuş, səlahiyyətli nümayəndəsidir». Yəni xalq deputatı seçir və o, xalqın ümumi iradəsinə uyğun hərəkət etməlidir. Bu fikirdən «imperativ mandat» prinsipi meydana gəlir ki, bu, deputatın hüquqi statusunu müəyyən edir. Bu prinsipə görə, deputat onu seçən şəxslərin - seçicilərin qarşısında məsuliyyət daşıyır. Əgər deputat onların mənafeyinə uyğun hərəkət etməzsə, seçicilər onu geri çağıra bilər. Əslində imperativ mandat məqsədəuyğun deyil. Çünki parlamentdə qanun qəbul olunarkən deputat heç də bütün seçicilərin ayrı-ayrılıqda mənafeyini nəzərə ala bilməz.

Başqa bir prinsip «azad mandat» prinsipidir. Bu prinsip alman hüquqşünasları tərəfindən irəli sürülüb. Mahiyyəti ondan ibarətdir ki, hansı dairədən seçilməsindən asılı olmayaraq deputat bütün xalqın nümayəndəsidir. Yəni, deputat konkret seçicilərin deyil, xalqın mənafeyini təmsil edir. Prelo azad mandatın məzmununu aşağıdakı qaydada ümumiləşdirib:


  1. bu mandat ümumi hesab olunur. Yəni deputatlar ayrı-ayrı dairələrdən seçilməsinə baxmayaraq, onlar bütün xalqı təmsil edir;

  2. bu mandat imperativ deyil, konsultativdir. Yəni deputat məcburiyyətdən uzaqdır, onu konkret olaraq nəyisə etməyə məcbur etmək qadağan olunur, deputat seçicilər qarşısında məsuliyyət daşımır;

  3. bu mandat geri çağırıla bilməz;

4) bu mandat, həyata keçirən deputat üzərinə öhdəlik qoymur

Bu dörd xüsusiyyət azad mandatın əsas əlamətləridir və müxtəlif Konstitusiya normalarında öz əksini tapır. Əksər dövlətlərdə, o cümlədən Azərbaycanda da bu mandat tətbiq olunur.

Deputatın səlahiyyət müddəti, adətən seçkilərdən sonra başlanır. Azərbaycan Respublikası Konstitusiyanın 84-cü maddəsinə görə, deputatın səlahiyyət müddəti Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti ilə məhdudlaşır. Milli Məclisin hər çağırışının səlahiyyət müddəti 5 ildir. Deputatlıqdan çıxanların yerinə yeni seçkilər keçirilərsə, yeni seçilən deputatın səlahiyyət müddəti deputatlıqdan çıxanın qalan səlahiyyət müddəti ilə məhdudlaşır. 87-ci maddəyə görə, deputatların səlahiyyətləri Milli Məclisin yeni çağırışının ilk iclas günü bitir. Milli Məclisin deputatlıqdan çıxanların yerinə yeni seçkilər Milli Məclisin səlahiyyət müddətinin bitməsinə 120 gündən az müddət qalarsa, keçirilmir. Milli Məclis 83 deputatın səlahiyyətləri təsdiq olunduqda səlahiyyətli hesab olunur.

«Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında» 1996-cı il 17 may tarixli Qanunun 4 və 5-ci maddələrində deputatın səlahiyyətləri və fəaliyyət formaları göstərilir. Qanuna görə deputatın aşağıdakı səlahiyyətləri var:



  • Milli Məclisin iclaslarında iştirak etmək;

  • Milli Məclisin orqanlarına seçmək və seçilmək;

  • qanunvericilik təşəbbüsünü həyata keçirmək;

  • deputat sorğusu vermək;

  • məlumat almaq və yaymaq;

  • toxunulmaz olmaq;

  • Konstitusiya ilə müəyyən edilmiş hallarda şahid qismində ifadə verməkdən imtina etmək;

- vəzifəli şəxslər tərəfindən təxirə salınmadan qəbul edilmək.
Qanuna görə deputat aşağıdakı formalarda fəaliyyət göstərir:

  1. Milli Məclisin iclaslarında iştirak edir;

  2. komissiyaların işində iştirak edir;

  3. Milli Məclisin sədrinin, komissiyaların tapşırıqlarını yerinə yetirir;

  4. deputat sorğuları verir;

  5. seçicilərlə iş aparır.

Konstitusiyanın 89-cu maddəsinə görə, Milli Məclisin deputatı aşağıdakı hallarda mandatdan məhrum edilir:

  • seçkilər zamanı səslərin düzgün hesablanmadığı aşkar olunduqda;

  • Azərbaycan Respublikası vətəndaşlığından çıxdıqda və ya başqa dövlətin vətəndaşlığını qəbul etdikdə;

  • cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda;

  • dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla);

  • özü imtina etdikdə.

Deputat öz səlahiyyətlərini daimi icra edə bilmədikdə və qanunda nəzərdə tutulmuş digər hallarda onların səlahiyyətləri itirilir. Bu haqda qərarın qəbul olunma qaydası qanunla müəyyən olunur. Belə ki, 1996-cı il 17 may tarixli qanuna görə bu barədə intizam komissiyası rəy verir. Rəyə Milli Məclis növbəti iclasında baxır. Milli Məclis bu məsələyə bir qayda olaraq səlahiyyətlərinin itirilməsi qaldırılan deputatın iştirakı ilə baxır. Tələb olunan səs çoxluğu ilə bu haqda qərar qəbul olunur.

1996-cı il 17 may tarixli Qanununa əsasən deputatın hüquq və vəzifələri göstərilir. Deputatın hüquqları aşağıdakılardır:



  1. Deputatın Milli Məclisin iclaslarında iştirak etmək hüququ və səs hüququ. Deputat müzakirə olunan məsələ barədə fikrini bildirə, təklif və qeydlərini verə bilər.

  2. Deputatın seçmək və seçilmək hüququ. Milli Məclisin sədrinin, sədr müavinlərinin, komissiya sədrlərinin və üzvlərinin seçkiləri zamanı deputat özünün və başqa deputatların namizədliklərini irəli sürə bilər, namizədlərin müzakirəsində və səsvermədə iştirak edə bilər.

  3. Deputatın qanunvericilik təşəbbüsü hüququ. Deputat qanunvericilik hüququnu aşağıdakı formalarda həyata keçirir:




  • yeni qanun və ya qərar layihəsinin qəbul olunmasını təklif edə bilər;

  • qüvvədə olan qanuna və ya qərara dəyişikliklər və əlavələr edilməsi haqqında layihə təklif edə bilər;

  • qüvvədə olan qanunun və ya qərarın qüvvədən düşməsi haqqında layihə təklif edə bilər;

  • Milli Məclisdə baxılan qanuna və qərar layihəsinə dəyişiklik və əlavə edilməsi haqqında təkliflər irəli sürə bilər.




  1. Deputatın sorğu hüququ. Deputat mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, məhkəmə hakimiyyəti orqanlarına, Baş Prokurora, yerli özünüidarə orqanlarına, Milli Bankın İdarə Heyətinə, Hesablama Palatasına sorğu verə bilər. Deputat sorğusu deputat tərəfindən fərdi qaydada və ya iclasda yazılı şəkildə verilir. Bu sorğuya müvafiq orqanlar və ya vəzifəli şəxslər bir ay müddətində rəsmi surətdə yazılı cavab verməlidir.

  2. Deputatın məlumat almaq və ya yaymaq hüququ. Deputat öz fəaliyyəti ilə əlaqədar zəruri materialları və sənədləri almaq üçün müvafiq orqanlara müraciət edə bilər. Həmin orqanlar materialları və sənədləri 10 gün müddətində deputata təqdim etməlidirlər.

  3. Deputatın toxunulmazlığı. Bu hüquq deputatın evinin, mənzilinin, əşyalarının şəxsi və xidməti nəqliyyat vasitələrinin, istifadə etdiyi rabitə vasitələrinin, ona məxsus sənədlərin, yazışmaların toxunulmazlığını əhatə edir.

  4. Deputatın şahid qismində ifadə verməkdən imtina etmək hüququ.

8. Deputatın vəzifəli şəxslər tərəfindən təxirə salınmadan qəbul
edilmə hüququ. Deputat müvafiq dövlət orqanları, təşkilatları
tərəfindən təxirə salınmadan qəbul olunmalıdır.

9. Deputatın öz çıxışlarının mətni ilə tanış olmaq hüququ.


Qanuna görə deputatın vəzifələrinə aşağıdakılar daxildir:

  • deputat öz vəzifələrini icra edərkən vətəndaşların hüquq və azadlıqlarını, Azərbaycan Respublikasının mənafelərini qorumalı, konstitusiya və qanunları rəhbər tutmalı, deputat etikasını gözləməlidir;

  • deputat Milli Məclisin iclaslarında və üzvü olduğu komissiyanın iclaslarında iştirak etməlidir. Üzürsüz səbəbdən 30 dəfə iclaslarda iştirak etməyən deputat 63 səs çoxluğu ilə deputat mandatından məhrum edilə bilər;

  • deputat qanunazidd hərəkətlərə, adına xələl gətirə biləcək davranışa, insanın şərəf və ləyaqətini alçaldan kobud, təhqiramiz sözlər və hərəkətlərə yol verməməli, başqalarını bu cür hərəkətlər etməyə çağırmamalıdır.

Deputatlıq fəaliyyətinin təminatlarından danışdıqda birinci növbədə immunitet indemniteti qeyd etmək lazımdır. İmmunitet dedikdə, deputatın toxunulmazlığı başa düşülür. Konstitusiyanın 90-cı maddəsinə görə, səlahiyyət müddəti ərzində deputatın şəxsiyyəti toxunulmazdır. Deputat səlahiyyət müddəti ərzində cinayət başında yaxalanma hallarından başqa, cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz. Azərbaycan Respublikası Milli Məclisinin deputatı cinayət başında yaxalanarkən tutula bilər. Belə olduqda Azərbaycan Respublikası Milli Məclisinin deputatını tutan orqan bu barədə dərhal Azərbaycan Respublikasının Baş prokuroruna xəbər verməlidir.

Azərbaycan Respublikası Milli Məclisinin deputatının toxunulmazlığına yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə xitam verilə bilər. Nizamnamədə göstərilir ki, bu barədə təqdimata Milli Məclis onun daxil olduğu vaxtdan 7 gün müddətində baxır, təqdimat intizam komissiyasına göndərilir və komissiyada bu məsələyə baxılır. Komissiya təqdimata dair rəy qəbul edir. Rəydə deputat toxunulmazlığına xitam verilib-verilməməsi barədə intizam komissiyasının qənaəti söylənilir. İşə həmin deputatın iştirakı ilə baxılır. Tələb olunan səs çoxluğu ilə deputat toxunulmazlığına xitam verilir.

İndemnitet termini iki mənada başa düşülür:

Birinci mənada, indemnitet - deputatın öz fəaliyyətinə, səsverməyə və söylədiyi fikrə görə məsuliyyət daşımaması və şahid qismində ifadə verməkdən imtina etməsidir. Bu, Konstitusiyanın 91-ci maddəsində öz əksini tapıb.

İkinci mənada, indemnitet - deputatın fəaliyyətinə görə əmək haqqı almasıdır. Əmək haqqının məbləği Milli Məclisin qərarı ilə müəyyən olunur.

Milli Məclisin Daxili Nizamnaməsinin 45-ci maddəsində deputatın parlamentdaxili məsuliyyətə cəlbolunma əsasları göstərilir:



  1. Milli Məclis və onun komissiyalarının iclaslarının aparılmasına mane olduqda;

  2. Milli Məclis və onun komissiyalarının iclaslarında çıxış edənlərin sözünü kəsdikdə;

  3. Milli Məclis və onun komissiyalarının iclaslarında sakitliyi və iş qaydasını pozduqda;

  4. Milli Məclis və onun komissiyalarının iclaslarında insanın şərəf və ləyaqətini alçaldan kobud, təhqiramiz sözlərə və hərəkətlərə yol verdikdə;

  1. deputat adına xələl gətirən hərəkətlər etdikdə;

  1. Milli Məclis və onun komissiyalarının iclaslarında üzürsüz səbəbdən iştirak etmədikdə.

Bu əsaslara görə aşağıdakı intizam tədbirləri tətbiq oluna bilər:

  1. xəbərdarlıq;

  2. sözkəsmə;

  3. iclas salonundan çıxarma;

  4. töhmət;

  5. deputat səlahiyyətlərinin itirilməsi.

1996-cı il 17 may qanununda deputatın müalicə olunması və istirahət etməsi üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı nəzərdə tutulur. Qanuna görə deputat, səlahiyyət müddəti qurtardıqdan sonra işə düzələnədək bir il müddətində deputatın əmək haqqının 80%-i məbləğində pul təminatı alır. Səlahiyyət müddəti qurtardıqdan sonra təqaüd yaşına çatmış deputat, əmək haqqının 80%-dən az olmayan məbləğdə təqaüd alır. Qanuna əsasən deputatın dövlət icbari sığortası nəzərdə tutulur.

: images -> muhazireler
muhazireler -> Ii fəSİl hüquq: ÄnlayişI, normalari, sahəLƏRİ
muhazireler -> İnformasiya iqtisadiyyatının yaranması tarixi. Müasir cəmiyyətin sosioloji konsepsiyaları
muhazireler -> Mövzu 7: ekspert sistemləRİ
muhazireler -> MühaziRƏ 2: MÜASİr ehm- ləRİn təSNİfati
muhazireler -> İnformasiya iqtisadiyyatının kateqoriyaları: kapital və bölgü Kapital nəzəriyyələri Kreativ kapital
muhazireler -> İnformasiya mikroiqtisadiyyatının əsas xüsusiyyətləri
muhazireler -> Mühazirə İnformasiya emalının inkişaf tarixi İnformasiya sistemlərinin inkişaf tarixi
muhazireler -> Mövzu 8: BİLİKLƏRİn təQDİm ediLMƏSİNİn produksion modeli Plan
muhazireler -> Mövzu 2: perspektiv təDQİqatlar və İntellektual sistemləRİN İŞLƏNİLMƏLƏRİ VƏ İntellektual hesablamalar texnologiyalarinin model və metodlari
muhazireler -> Yeni İnformasiya texnologiyalari


Dostları ilə paylaş:
  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə