2. Milli Məclis deputatının hüquqi statusu. Qanunvericilik prosesi



Yüklə 188,53 Kb.
səhifə2/3
tarix29.10.2017
ölçüsü188,53 Kb.
#7493
növüQaydalar
1   2   3

3. Qanunvericilik prosesi

Qanunvericilik, hüquqyaratma fəaliyyətinin əsas, ən mühüm formasıdır. Qanunvericilik fəaliyyəti dedikdə, ali dövlət hakimiyyəti orqanının qanunlar qəbul etməyə yönəldilmiş fəaliyyəti başa düşülür.

Qanunvericilik fəaliyyəti qanunvericilik prosesi vasitəsilə reallaşır. Parlament qanunvericilik fəaliyyətini yerinə yetirərkən qanunvericilik prosesinə ciddi əməl edir, çünki qanunvericilik prosesinin pozulması qəbul edilmiş qanunun qeyri-legitimliyinə səbəb olur.

Qanunvericilik prosesi, istənilən hüquqi proses kimi aşağıdakı mərhələlərdən ibarətdir:



  1. Qanun layihəsi və ya qanun təklifinin verilməsi (qanunvericilik təşəbbüsü);

  2. Qanun layihəsinə parlament palataları və komitələrində (komissiyalarında) baxılması;

  3. Qanunun qəbul edilməsi;

4) Qanunun sanksiyalaşdırılması, promulqasiya və dərc edilməsi.
Bəzən sonuncu mərhələni iki yerə bölürlər:

1) Qanunun sanksiyalaşdırılması və dövlət başçısı tərəfindən imza edilməsi;

2) Rəsmi dərc etmə ilə promulqasiya (elanetmə).
Qanunvericilik prosesinin ilkin mərhələsi qanunvericilik təşəbbüsüdür.

Qanunvericilik təşəbbüsü - səlahiyyətli subyektin qanun layihəsi və ya qanuna dair təkliflərin parlamentin səlahiyyətli orqanına rəsmi surətdə təqdim edilməsidir. Qanun layihəsi və qanuna dair təkliflər arasında fərq hərfi mənada özünü göstərir. Belə ki, qanun layihəsi gələcək qanun olduğu üçün qanunun bütün atributlarına - preambulaya, maddələrə, bəndlərə, normaların dəqiq formulalarına və s. malikdir. Qanuna dair təklif isə - gələcək qanun barəsində ideya, bəzən nəzəri konsepsiya şəklində olur.

Subyektin qanunvericilik təşəbbüsü hüququna malik olması o deməkdir ki, parlament həmin subyekt tərəfindən təklif olunmuş qanun layihəsinə mütləq baxmalıdır. Onun qəbul edilməsi isə zəruridir. Parlament müvafiq olan qanun layihəsini olduğu kimi qəbul etməyə borclu deyildir və ola bilər ki, onu bütünlüklə və digər formada qəbul etsin. Konstitusiyanın 96-cı maddəsinə əsasən Azərbaycan Respublikasında qanunvericilik təşəbbüsü hüququ (qanun layihələrinin və başqa məsələləri Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim etmək hüququ) Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına, Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikası Prokurorluğuna və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə mənsubdur və onlar tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə verdiyi qanun və ya qərar layihələri müzakirəyə təqdim olunmuş şəkildə çıxarılır və iki ay ərzində səsə qoyulur.

Qanunvericilik təşəbbüsü hüququna malik olanlar sistemində Azərbaycan Respublikasının Milli Məclisinin deputatları xüsusi yer tutur. Belə ki, deputat mandatını qazanmış hər bir şəxs xalqın adından danışır və səs verir, xalqın hakimiyyətini ifadə edir. Lakin bir şeyi də nəzərdən qaçırmaq olmaz ki, hakimiyyətin digər budaqları - icra və məhkəmə hakimiyyəti də xalqın içərisindən, xalqın iradəsi əsasında təşkil edilir. Prezident istər seçki vasitəsilə, istər sadə parlament tərəfindən seçilsin, fərqi yoxdur. Çünki o, hər iki halda xalqın nümayəndəsidir. Lakin subyektiv olaraq parlamentarilərin qanunvericilik təşəbbüsü hüququnu digərlərindən daha önəmli hesab edirik. Çünki digər hakimiyyət orqanları parlamentin qəbul etdiyi qanun və qərarlar əsasında fəaliyyət göstərir. Lakin bu icra hakimiyyətinin qanunvericilik prosesində rolunu azaltmır.

Digər dövlətlərdə isə qanunvericilik təşəbbüsü hüququna əsasən hökumət və parlament malikdir. Amerika Birləşmiş Ştatlarında qanunvericilik təşəbbüsü hüququna yalnız parlamentin üzvləri malikdir; təkcə büdcənin layihəsini prezident təqdim edir. Bir çox dövlətlərdə bu hüquqa - ali dövlət orqanları, mərkəzi dövlət təsisatları, parlamentdaxili orqanlar, parlamentin orqan və təsisatları, seçki qrupları malikdir.

Qeyd etdiyimiz kimi Azərbaycan Respublikası Konstitusiyasının 96-cı, «Azərbaycan Respublikasının Milli Məclisi deputatlarının statusu haqqında» qanunun 4-cü və 9-cu maddələrinə əsasən deputatın qanunvericilik təşəbbüsü hüququ vardır. «Azərbaycan Respublikası Milli Məclisi deputatlarının statusu haqqında» qanunun 9-cu maddəsinə əsasən deputat qanunvericilik təşəbbüsü hüququnu aşağıdakı formalarda həyata keçirir:



  • yeni qanun və ya qərar layihəsinin qəbul olunmasını təklif edə bilər;

  • qüvvədə olan qanuna və ya qərara dəyişikliklər və əlavələr edilməsi haqqında layihə təklif edə bilər;

  • qüvvədə olan qanunun və ya qərarın qüvvədən düşməsi haqqında layihə təklif edə bilər.

Qanunvericilik prosesinin digər mərhələsi qanunların müzakirəsi mərhələsidir. Qanunların müzakirəsi mərhələsi qanunvericilik prosesinin sistemində çox mühüm yer tutur. Qanunvericilik təşəbbüsü hüququ ilə daxil olmuş qanun layihəsi parlament tərəfindən müzakirəyə çıxarılır. Onu da qeyd etmək lazımdır ki, qanunların müzakirəsi mərhələsi qanunvericilik prosesinin ən geniş mərhələsidir. Bu prosesdə parlament iclaslarında və komissiyalarında qanun layihəsi üzərində işlənilir. Palataların plenar iclasları və komitələri (komissiyalar) müxtəlif qanun layihəsini müzakirə etməyə borcludur. Palataların plenar iclaslarında qanun layihəsinin müzakirəsi, çox vaxt layihənin oxunması adlanır. Qanunun oxunması termini bir çox parlamentlərdə saxlanılır. Bu zaman layihə üç oxunuşdan keçir. Hər bir ölkədə bu mərhələnin öz xüsusiyyətləri vardır, ümumiyyətlə, o, aşağıdakı mərhələlərdən ibarətdir.

İlk oxunuşda məqsəd, ümumiyyətlə, belə qanunun qəbul edilməsinə ehtiyacın olub-olmaması məsələsi həll edilir. Parlament, adətən qanun layihəsini təqdim edənin məruzəsini dinləyir, layihəyə konseptuallıq baxımından qiymət verilir: qanun layihəsinin predmetinin varlığına qanunvericilikdə ehtiyac varmı? Bu mənada qanun layihəsinin əsas ideyasına qiymət verilir; mövcud problemləri müvəffəqiyyətlə həll edib-etməməsi məsələsinə baxılır. Əgər parlament üzvlərinin böyük əksəriyyəti, ikisindən biri müəyyən suallara rədd cavabı verirsə, qanun layihəsi növbəti oxunuşa verilmir. Əgər suallara qənaətbəxş cavab verilirsə, qanun layihəsi birinci oxunuşda qəbul olunur və növbəti mərhələyə hazırlanır. Layihənin ikinci oxunuşa hazırlanması üçün parlamentin və ya palatanın sədri onu müvafiq komissiyaya göndərir və ya bununla bağlı xüsusi komissiya yaradır.

Qanun layihəsi ilk oxunuşda qəbul olunana qədər layihənin təşəbbüskarı tərəfindən layihə geri götürülə bilər.

İkinci oxunuşda layihə mahiyyəti üzrə bütün detallarına qədər müzakirə edilir. Parlament layihə ilə işləyən komissiyanın hesabatını dinləyir.

Beynəlxalq praktikada olan qaydalar Azərbaycan Respublikasında da qanunvericilikdə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Milli Məclisinin Daxili nizamnaməsində müəyyən olunub ki, qanun layihəsi üç oxunuşdan keçməlidir. Milli Məclisin sədrinin qərarı ilə və ya Milli Məclisin protokol qaydasında qəbul etdiyi qərarla qanun layihəsinə bir oxunuşda baxıla bilər (maddə 16).

Qanun layihəsinə birinci oxunuşda baxılması nəticəsində Milli Məclis aşağıdakı qərarlardan birini qəbul edir:



  • layihə birinci oxunuşda qəbul edilsin və söylənilmiş təkliflər və iradlar nəzərə alınmaqla onun üzərində iş davam etdirilsin (bu qərar protokol qaydasında qəbul olunur);

  • layihə qəbul edilməsin;

  • qanun qəbul edilsin.

Birinci oxunuşda qəbul edilmiş qanun layihəsinə dair təklifləri və iradları aparıcı daimi komissiya öyrənir və ümumiləşdirir. Layihənin ayrı-ayn maddələri üzrə qruplaşdırılmış dəyişikliklərə aparıcı daimi komissiyanın iclasında baxılır və daimi komissiya bu dəyişikliklərlə razı olduqda onları layihənin mətninə daxil edir. Yenidən işlənilmiş qanun layihəsi ikinci oxunuşda baxılmaq məqsədilə Milli Məclisin iclaslarının gündəliyinə salınmaq üçün Milli Məclisin sədrinə göndərilir.

Milli Məclisdə ikinci oxunuşda baxılmasına azı beş gün qalmış qanun layihəsi onun təşəbbüsçüsünə göndərilir.

Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisin müzakirəsinə verdikləri qanun layihələri təqdim olunmuş şəkildə müzakirəyə çıxarılmalı və səsə qoyulmalıdır. Belə qanun layihələrində dəyişikliklər yalnız həmin orqanların razılığı ilə edilə bilər.

Qanun layihəsinin ikinci oxunuşda müzakirəsi aparıcı daimi komissiyanın nümayəndəsinin məruzəsi ilə başlanır. Məruzəçi daimi komissiyada layihəyə baxılmasının nəticələri haqqında məlumat verir.

Layihənin ikinci oxunuşda müzakirəsi bir qayda olaraq qanun layihəsi təşəbbüsçüsünün və ya onun nümayəndəsinin çıxışı ilə davam edir.

Daha sonra, ikinci oxunuşda müzakirə edilən qanun layihəsinin əsas kimi qəbul edilməsi barəsində protokol qaydasında qərar qəbul edilir. Bu cür qərar qəbul edilməzsə, qanun layihəsi qəbul edilməmiş sayılır. Qanun layihəsi əsas kimi qəbul olunduqdan sonra Milli Məclisin iclasına sədrlik edən deputatlardan qanun layihəsində edilmiş dəyişikliklərə etirazların olub-olmamasını öyrənir.

Bundan sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilir. İkinci oxunuşda qəbul edilmiş qanun layihəsi müzakirə zamanı müəyyənləşdirilmiş daxili ziddiyyətlərin aradan qaldırılması və redaktə edilməsi üçün aparıcı daimi komissiyaya qaytarılır.

Bu iş başa çatdıqdan sonra aparıcı daimi komissiya üçüncü oxunuş üçün hazırlanmış qanun layihəsini Milli Məclisin sədrinə göndərir. Milli Məclisin sədri qanun layihəsinə üçüncü oxunuşda baxılmasını Milli Məclisin iclasının gündəliyinə salır.

Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin 19-cu maddəsinə əsasən, üçüncü oxunuş zamanı qanun layihəsi bütövlükdə səsə qoyulur. Qanun layihəsinin üçüncü oxunuşu zamanı onun mətnində dəyişikliklər edilə bilməz. Müstəsna hallarda Milli Məclisin iclasında iştirak edən deputatların əksəriyyətinin tələbi ilə üçüncü oxunuşda olan qanun layihəsi ikinci oxunuşa qaytarıla bilər.

Qanunların qəbulunda sonrakı mərhələ - qanunun sanksiyalaşdırılması, promulqasiyası və dərc edilməsidir. Qanunun sanksiyalaşdırılması dövlət başçısının onun rəsmi mətninə imza atması ilə həyata keçirilir. Əks halda dövlətin başçısı imza atmaqdan imtina edir və ona «veto» qoyur.

Azərbaycan Respublikasının Konstitusiyasının 97-ci maddəsinə əsasən qanunlar qəbul edildiyi gündən 14 gün müddətində Azərbaycan Respublikasının Prezidentinə imzalanmaq üçün təqdim edilir.

Konstitusiyanın 110-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Prezidenti qanunları ona təqdim olunmuş gündən başlayaraq 56 gün ərzində imzalayır. Qanun Azərbaycan Respublikasının Prezidentinin etirazını doğurarsa, o, qanunu imzalamayıb, öz etirazı ilə birlikdə göstərilən müddət ərzində Azərbaycan Respublikasının Milli Məclisinə qaytara bilər. Konstitusiya qanunları Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmazsa, qüvvəyə minmir. Azərbaycan Respublikası Milli Məclisi 83 səs çoxluğu ilə qəbul edilən qanunları 95 səs, 63 səs çoxluğu ilə qəbul edilən qanunları isə 83 səs çoxluğu ilə yenidən qəbul edərsə, belə qanunlar təkrar səsvermədən sonra qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidentinin qaytardığı qanunu Milli Məclisin sədri müvafiq aparıcı daimi komissiyanın və ya xüsusi yaradılmış komissiyanın rəyinə göndərir. Həmin komissiya məsələyə 10 gün müddətində baxır, aşağıdakı qərarlardan birinin qəbul olunmasını təklif edir:


  • qanun Azərbaycan Respublikasının Prezidentinin təklif etdiyi dəyişikliklərlə qəbul edilsin;

  • Azərbaycan Respublikasının Prezidentinin qanunun məqsədəuyğun olmaması barədə təklifi qəbul edilsin;

- qanun qəbul edilmiş redaktədə saxlanılsın.
Bu barədə Prezidentə dərhal məlumat verilir.

Təkrar baxılma Prezidentin nümayəndəsinin çıxışı ilə başlanır.

Yuxarıda (Konstitusiyanın 110-cu maddəsi) qeyd etdiyimiz formada, təkrar səsvermədən keçən qanun dərc olunmaq üçün 7 gündən gec olmayaraq, Azərbaycan Respublikasının Prezidentinə göndərilir.

Qanunun dərc olunması qanunvericilik prosesinin ən son mərhələsidir. Dərc olunma - qanunun mətninin rəsmi olaraq nəşrindən ibarətdir.


4. Azərbaycan Respublikası Prezidentinin Konstitusiya

statusunun əsasları

Müasir sivilizasiya, həyatın digər sahələrində olduğu kimi dövlət quruculuğu sahəsində də əldə edilən yeni-yeni nailiyyətlərlə xarakterizə edilir.

İdarəetmə forması kimi prezidentli respublika ilk dəfə 1787-ci il-də ABŞ-ın Konstitusiyasında təsbit edilmişdir. Lakin dövlətin funksiyalarının hakimiyyət orqanları arasında bölüşdürülməsi bir anlığa baş verməmişdir. ABŞ-da təsis olunmuş prezidentlik institutu özünün nəzəri əsasını hakimiyyətin bölgüsü nəzəriyyəsindən götürmüşdür. Hakimiyyətin bölgüsü nəzəriyyəsi də ilk dəfə XVIII əsrdə Monteskyö tərəfindən irəli sürülmüşdür. Monteskyö hakimiyyətin bölgüsü nəzəriyyəsini irəli sürərkən o nöqteyi-nəzərdən çıxış edirdi ki, «harada hakimiyyət ciddi şəkildə bölüşdürülməyibsə, orada azadlıq ola bilməz».

Müxtəlif dövlətlərdə prezidentlik institutu ayrı-ayrı dövrlərdə idarəetmə formasından asılı olaraq tətbiq olunmuşdur.

Prezidentlik institutu dövlətçiliyimizin inkişafı tarixində qısa müddəti əhatə edir. Respublikamızda prezidentlik institutu 1990-cı ilin may ayında təsis edilmişdir, sonradan, yəni 1991-ci il iyunun 26-da Azərbaycan Respublikası Ali Soveti tərəfindən «Azərbaycan Respublikası Prezident seçkiləri haqqında» qanun qəbul edilmişdir. Lakin respublikamızda prezidentlik institutunun tətbiqindən sonra bu institutun nəzəri və tarixi, həmçinin, ali hakimiyyət orqanlarına əhəmiyyətli təsirinin mahiyyətini açan xüsusi tədqiqat aparılmamışdır. Bununla belə, respublikamızda prezidentlik institutu müasir konstitusion təcrübəni, milli ənənələri, bütün dünyada, habelə Müstəqil Dövlətlər Birliyi üzvləri ölkələrində siyasi reallıqları nəzərə almaqla daha əlverişli modeli seçməklə tətbiq edilir. Məlumdur ki, ölkədə baş verən islahatların müvəffəqiyyəti birbaşa siyasi rejimdən asılıdır. Bununla əlaqədar olaraq müasir dövr üçün mühüm əhəmiyyət prezident institutuna verilir.

Respublikamız keçmiş SSRİ respublikaları içərisində prezident institutunu ilkin olaraq təsis etmişdir. Əlbəttə, prezident institutunun səmərəliliyinin artırılmasında prezidentin şəxsi keyfiyyətləri də mühüm əhəmiyyət kəsb edir.

1991-ci il oktyabrın 18-də qəbul edilmiş «Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında» Konstitusiya Aktında dövlət hakimiyyətinin hakimiyyətin bölgüsü prinsipinə əsaslanması təsbit edilmişdir. 13-cü maddənin III hissəsində deyilirdi: «Ali icra hakimiyyəti Azərbaycan dövlətinin başçısı olan Azərbaycan Respublikası prezidentinə məxsusdur».

Buradan göründüyü kimi, ali icra hakimiyyətinin dövlət başçısı - prezidentə məxsusluğu artıq hakimiyyət orqanları arasında səlahiyyətlərin dəqiq bölüşdürülməsini zəruri edirdi. Bu da öz növbəsində yeni Konstitusiyanın qəbulu ilə həyata keçirilməli idi.

Məlumdur ki, 12 noyabr 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası referendum (ümumxalq səsverməsi) yolu ilə qəbul edildi. Konstitusiyanın 8-ci maddəsi «Azərbaycan dövlətinin başçısı» adı altında verilmişdir. Burada deyilir: «Azərbaycan dövlətinin başçısı Azərbaycan Respublikasının Prezidentidir». Həmçinin Konstitusiyanın 7-ci maddəsinin 3-cü hissəsində və 99-cu maddəsində qeyd olunur ki, «Azərbaycan Respublikasında icra hakimiyyəti Azərbaycan Respublikasının prezidentinə mənsubdur».

Konstitusiyanın bu müddəalarından göründüyü kimi, Azərbaycan Respublikasının Prezidenti həm dövlət başçısıdır və həm də icra hakimiyyəti prezidentə mənsubdur.

Prezident ölkənin daxilində və xarici münasibətlərdə dövləti təmsil edir; Azərbaycan xalqının vahidliyini təcəssüm etdirir; Azərbaycan dövlətçiliyinin varisliyini təmin edir. O, dövlət müstəqilliyinin, ərazi bütövlüyünün, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət olunmasının və məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısıdır. Qeyd olunan bu funksiyalar dövlət başçısı üçün tarixən xarakterik olan bütün əlamətləri əhatə edir.

Bununla yanaşı, Konstitusiyanın 7 və 99-cu maddələrinə görə Prezident, həmçinin, icra hakimiyyətini həyata keçirir. Deməli, Azərbaycan Respublikasında Prezident həm dövlət başçısıdır, həm də icra hakimiyyəti ona mənsubdur. Prezidentin hüquqi statusunun əsaslarını ilk növbədə onun səlahiyyətlərinin məcmusu təşkil edir.

Prezidentin səlahiyyətlərini şərti olaraq dörd qrupa bölmək olar.

I. Milli Məclisin fəaliyyəti ilə bağlı səlahiyyətlər. Bura daxildir:



  1. Prezident Milli Məclisə seçkiləri təyin edir;

  2. qanunvericilik təşəbbüsü hüququnu həyata keçirir;

  3. qanunları imzalayır və dərc etdirir, veto hüququndan istifadə edir. Bu promulqasiya adlanır. Bəzi dövlətlərdə (Məsələn, Peruda) qanunu prezidentlə birgə parlamentin sədri də imzalayır. Bizdə də 90-cı illərin əvvəllərində belə bir məsələ ortaya qoyuldu, amma sonra aradan qalxdı. Çünki 1995-ci il Konstitusiyası bunu təsdiq etmədi;

  4. Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və Apellyasiya məhkəmələri hakimlərinin namizədliyini Milli Məclisə təqdim edir;

  5. Baş prokurorun namizədliyini Milli Məclisə təqdim edir;

  6. Milli Məclisin razılığı ilə Baş Naziri vəzifəyə təyin edir;

  7. Azərbaycan Respublikası Milli Bankının İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi barədə Milli Məclisə təqdimat verir;

  8. Azərbaycan Respublikasının hərbi doktrinasını Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə verir.

II. Hökumətin fəaliyyəti ilə əlaqədar olan səlahiyyətlər. Bura daxildir:

  1. Prezident Baş Naziri təyin edir;

  2. Nazirlər Kabinetinin iclaslarına sədrlik edir;

3) hökumət üzvlərini vəzifəyə təyin və azad edir;

  1. Nazirlər Kabinetinin iş qaydasını təsdiq edir;

  1. Nazirlər Kabinetinin təqdim etdiyi dövlət büdcəsini təsdiq üçün Milli Məclisə təqdim edir;

  1. Nazirlər Kabinetinin istefası haqqında qərar qəbul edir.

III. Xarici siyasət, milli təhlükəsizlik və müdafiə sahəsində olan səlahiyyətlər. Bura daxildir:

  1. ölkənin daxili və xaricində ölkəni təmsil edir;

  2. Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda diplomatik nümayəndələrini təyin edir; Azərbaycan Respublikasının xarici ölkələrdə diplomatik nümayəndəliklərinin açılması haqqında Milli Məclisə təqdimat verir;

  3. Xarici ölkələrin diplomatik nümayəndəliklərinin etimadnamə və övdətnamələrini qəbul edir;

  4. dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələri bağlayır;

  5. dövlətlərarası beynəlxalq müqavilələrin ratifikasiyası və denansasiyası üçün Milli Məclisə təqdim edir;

  6. silahlı qüvvələrin ali baş komandanıdır; silahlı qüvvələrin ali komanda heyətini (Müdafiə Naziri, onun müavinləri və baş qərargah rəisini) vəzifəyə təyin və azad edir;

  7. Milli Məclisin razılığı ilə fövqəladə və hərbi vəziyyət elan edir;

  8. Milli Məclisin razılığı ilə müharibə elan edir və sülh bağlayır;

  9. ölkənin hərbi doktrinasını təsdiq edir;

  10. Təhlükəsizlik Şurasını yaradır.

IV. Müvafiq hakimiyyət strukturlarının fəaliyyətinin əlaqələndirilməsi və sair məsələlərlə bağlı səlahiyyətlər. Bura aiddir:

1) Prezident icra hakimiyyəti orqanlarının Konstitusiyaya, qanunlara və onun fərmanlarına zidd olan qərarlarını ləğv edir;

2) Prezident icra hakimiyyəti orqanları arasında baş verən münaqişələrin nizama salınması üçün razılaşdırıcı proseduradan istifadə edir;

3) insan və vətəndaşların hüquq və azadlıqlarını və dövlətin suverenliyini, ərazi bütövlüyünün qorunması ilə əlaqədar tədbirlər görür;



  1. referendum təyin edir;

  2. icra başçılarını vəzifəyə təyin və azad edir;

  3. vətəndaşlıq məsələlərini həll edir;

  4. fəxri fərmanlarla təltif edir, fəxri adlar verir.


Azərbaycan Respublikası Prezidentinin seçilməsi və səlahiyyətlərinin xitam edilməsi qaydaları. Azərbaycan Respublikası Konstitusiyasının 100-cü maddəsinə əsasən yaşı otuz beşdən aşağı olmayan, Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan, o cümlədən ağır cinayətə görə məhkum olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı prezident seçilə bilər. Konstitusiyaya görə prezident 5 il müddətinə seçilir və heç kəs iki dəfədən artıq təkrarən Azərbaycan Respublikasının Prezidenti seçilə bilməz.

Azərbaycan Respublikası Prezidentinin seçilmə qaydası 2003-cü il 27 may tarixli «Azərbaycan Respublikasının Seçki Məcəlləsi» ilə tənzimlənir. Məcəlləyə görə Prezident seçkilərinin keçirilməsi günü Mərkəzi Seçki Komissiyası tərəfindən seçki gününə azı 120 gün qalmış təyin olunur. Seçki günü prezidentin səlahiyyət müddəti başa çatdığı son ilin oktyabr ayının üçüncü həftəsinin çərşənbə günü hesab olunur. Əgər növbədən kənar seçkilər keçirilərsə, bu zaman Milli Məclis və Konstitusiya Məhkəməsinin müvafiq qərarı qəbul edildiyi gündən başlayaraq bir həftədən gec olmayan müddətdə Mərkəzi Seçki Komissiyası seçki gününü çərşənbə gününə təyin edir və seçkilər 3 ay ərzində keçirilir. Seçkilər təyin olunduqdan sonra seçki komissiyaları yaradılır. Onlara aşağıdakılar aiddir:



  1. Mərkəzi Seçki Komissiyası;

  2. dairə seçki komissiyaları;

  3. məntəqə seçki komissiyaları.

Seçki Məcəlləsinə görə prezident seçkiləri Azərbaycan Respublikasının ərazisini əhatə edən vahid seçki dairəsi üzrə keçirilir. Seçicilərin səs verməsinin keçirilməsi və səslərin hesablanmasını təşkil etmək üçün seçki məntəqələri yaradılır. Bu zaman aşağıdakı tələblər nəzərə alınmalıdır:

- hər bir seçki məntəqəsi 50-dən az olmayan və 1500-dən çox olmayan sayda seçicini əhatə etməlidir;

- sanatoriyalarda, istirahət evlərində, xəstəxanalarda, seçicilərin digər müvəqqəti məskunlaşma yerlərində, gediş-gəliş çətin olan yerlərdə, dövlət bayrağı altında üzən gəmilərdə seçki məntəqələri seçki gününə 50 gün qalmış, müstəsna hallarda isə 5 gün qalmış təşkil edilməlidir.

Məntəqələrin təşkilindən sonra seçici siyahıları tərtib olunur və namizədlər irəli sürülür. Seçki Məcəlləsinə görə prezidentliyə namizəd siyasi partiyalar, siyasi partiya blokları və bilavasitə seçicilər tərəfindən irəli sürülə bilər. Siyasi partiya bloku azı iki siyasi partiya tərəfindən yaradıla bilər. Prezidentliyə namizədin müdafiəsi üçün 45.000 imza toplanmalıdır.

Bütün bunlardan sonra səsvermə keçirilir və seçki məntəqələrində səslər hesablanır. Mərkəzi Seçki Komissiyası səsvermə günündən başlayaraq 14 gündən gec olmayan müddətdə prezident seçkilərinə yekun vurur və nəticələri təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərir, seçkilərin nəticələrini müəyyən edir. Seçkilərdə iştirak etmiş seçicilərin 50%+1-nin səsini toplamış namizəd prezident seçilir. Əgər bu səs çoxluğu səsvermənin birinci dövrəsində toplanmayıbsa, səsvermə günündən sonra, ikinci bazar günü səsvermənin ikinci turu keçirilir. İkinci turda, ancaq birinci turda ən çox səs toplamış iki namizəd, yaxud ən çox səs toplamış və öz namizədliyini geri götürmüş namizədlərdən sonra gələn iki namizəd iştirak edir. İkinci turda səs çoxluğu toplayan namizəd prezident seçilmiş hesab olunur. Konstitusiyaya görə, Prezident seçkilərinin yekunları haqqında məlumatı, səsvermə günündən sonra 14 gün ərzində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi rəsmən elan edir. Bundan sonra 3 gün ərzində prezident and içir və rəsmi olaraq vəzifəyə qəbul olunur. And içdiyi gündən prezident, səlahiyyətlərinin icrasına başlayır.

Azərbaycan Respublikası qanunvericiliyində müddətinə görə prezidentin səlahiyyətlərinin xitamının iki üsulu fərqləndirilir: prezidentin səlahiyyətlərinin qanunla müəyyən edilmiş vaxtın bitməsi ilə xitamı və vaxtından əvvəl xitamı. Konstitusiyaya əsasən, Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddəti 5 ildir və bu müddət, onun and içdiyi gündən hesablanır. Eyni zamanda heç kəs iki dəfədən artıq təkrarən Azərbaycan Respublikasının Prezidenti seçilə bilməz. Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri yeni seçilmiş Prezidentin and içməsi ilə xitam olunur.

Azərbaycan Respublikasının Konstitusiyasında Prezidentin səlahiyyətlərinin vaxtından əvvəl xitamı da nəzərdə tutulmuşdur.

Prezidentin səlahiyyətlərinin vaxtından əvvəl xitamı aşağıdakı hallarda baş verir:



  1. Prezident istefa verdikdə;

  2. səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini tamamilə itirdikdə;

c) Konstitusiya ilə nəzərdə tutulmuş hallarda və qaydada vəzifəsindən kənarlaşdırıldıqda;

Prezidentin səlahiyyətlərinin vaxtından əvvəl xitam edilməsində üç subyekt iştirak edir: prezident, Milli Məclis, Konstitusiya Məhkəməsi.

Azərbaycan Respublikası Konstitusiyasının 104-cü maddəsinin II—III hissəsinə əsasən, Azərbaycan Respublikasının Prezidenti istefa verdikdə onun istefa ərizəsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim olunur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi istefa ərizəsini Azərbaycan Respublikası Prezidentinin özünün verdiyinə əmin olduğu təqdirdə Azərbaycan Respublikası Prezidentinin istefasının qəbul olunması haqqında qərar qəbul edir. Həmin andan Azərbaycan Respublikasının Prezidenti istefa verdiyinə görə vəzifədən getmiş sayılır.

Azərbaycan Respublikası Konstitusiyasında respublika prezidentinin vəzifədən kənarlaşdırılmasının impiçment (təqsirləndirmə - dövlətin vəzifəli şəxslərinin xəyanət və digər ağır cinayətləri üzrə parlament məhkəməsi icraatı) qaydası təsbit edilmişdir. Konstitusiyanın 107-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Prezidentinin vəzifədən kənarlaşdırılması təşəbbüsü Azərbaycan Respublikasının Prezidenti ağır cinayət törətdikdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin təşəbbüsü ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 gün müddətində verilən rəyi əsasında Azərbaycan Respublikasının Milli Məclisi qarşısında irəli sürülə bilər.

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 95 səs çoxluğu ilə qəbul olunmuş qərar əsasında Azərbaycan Respublikasının Prezidenti vəzifədən kənarlaşdırıla bilər. Bu qərarı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri imzalayır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi həmin qərarın imzalanmasına bir həftə ərzində tərəfdar çıxmazsa, qərar qüvvəyə minmir.

Azərbaycan Respublikası Prezidentinin vəzifədən kənarlaşdırılması haqqında qərar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Milli Məclisinə müraciət etdiyi gündən başlayaraq 2 ay ərzində qəbul olunmalıdır. Bu müddətdə göstərilən qərar qəbul edilməsə, Azərbaycan Respublikasının Prezidentinə qarşı irəli sürülmüş ittiham rədd edilmiş sayılır.

Azərbaycan Respublikasının Prezidenti vaxtından əvvəl vəzifədən getdikdə üç ay ərzində növbədənkənar Azərbaycan Respublikasının Prezidenti seçkiləri keçirilir. Bu halda Azərbaycan Respublikasının yeni Prezidenti seçilənədək Azərbaycan Respublikasının Prezidenti səlahiyyətlərini Azərbaycan Respublikasının Baş naziri icra edir.

Bu müddət ərzində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra edən Azərbaycan Respublikasının Baş naziri istefa verdikdə, səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini, tamamilə itirdikdə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikasının Milli Məclisinin sədri icra edir.

Eyni səbəblərə görə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikasının Milli Məclisi sədrinin icra etməsi mümkün olmadıqda Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini başqa vəzifəli şəxs tərəfindən icrası haqqında qərar qəbul edir.


Yüklə 188,53 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə