2. Milli Məclis deputatının hüquqi statusu. Qanunvericilik prosesi


Məhkəmə hakimiyyəti - dövlət hakimiyyətinin müstəqil qoludur



Yüklə 188,53 Kb.
səhifə3/3
tarix29.10.2017
ölçüsü188,53 Kb.
#7493
növüQaydalar
1   2   3

5. Məhkəmə hakimiyyəti - dövlət hakimiyyətinin müstəqil qoludur

Hər bir demokratik dövlətdə dövlət hakimiyyəti hüquqi dövlətin əsas prinsipi olan «hakimiyyət bölgüsü» əsasında təşkil edilir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin 3-cü hissəsində bu prinsip əks olunmuşdur: Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir: qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir; icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur; məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir.

Hər bir hakimiyyət qolu demokratik cəmiyyətdə müəyyən rolu yerinə yetirir. Demokratik cəmiyyətdə məhkəmə hakimiyyətinin rolu isə müxtəlif hüquqi mübahisələrdə Konstitusiyada, qanunlarda, qanun qüvvəli aktlarda və beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hüququn aliliyini təmin etməkdir.

Beləliklə, məhkəmə hakimiyyəti insan və vətəndaş hüquq və azadlıqlarını müdafiə edən, hüquq qaydasını cinayət və digər hüquq-pozmalardan mühafizə edən və dövlət orqanlarının fəaliyyətinin hüquqi çərçivədən kənara çıxmamasına nəzarət edən dövlət hakimiyyətinin bir qoludur.

Dövlət hakimiyyətinin bir qolu olmaq etibarilə məhkəmə hakimiyyəti dövlət hakimiyyətinin bütün əlamətlərinə malikdir. Buraya aşağıdakı əlamətləri aid etmək olar: a) dövlət hakimiyyətinin universallığı, yəni qərarların hamıya şamil olunması; b) dövlət hakimiyyətinin xüsusi aparat vasitəsilə həyata keçirilməsi; c) dövlət hakimiyyətinin cəmiyyətdə məcburiyyət monopoliyasına malik olması; ç) dövlət hakimiyyətinin suverenliyi.

Bütün bunlarla yanaşı məhkəmə hakimiyyəti müəyyən spesifik əlamətlərlə digər hakimiyyət qollarından fərqlənir:


  1. məhkəmə hakimiyyətinin qanunla müəyyən edilmiş qaydada yaradılmış xüsusi orqan - məhkəmələr tərəfindən həyata keçirilməsi;

  2. məhkəmə hakimiyyətinin məhkəmə iclaslarında işlərə baxılıb həll edilməsi yolu ilə həyata keçirilməsi;

  3. məhkəmə hakimiyyətinin qanunla müəyyən edilmiş prosessual formada həyata keçirilməsi;

ç) onun fəaliyyətinə xüsusi nəzarət sisteminin olması.

Məhkəmə hakimiyyətinin spesifik əlamətlərinə aşağıdakıları da aid edirlər: məhkəmə hakimiyyətinin məqsədləri, demokratizm prinsipləri əsasında məhkəmələrin təşkili, məhkəmə hakimiyyətinin qanun əsasında həyata keçirilməsi, konkret işlərə baxılması nəticəsində məhkəmə tərəfindən dövlət məcburiyyətinin tətbiqi.

Digər hakimiyyət qolları ilə yanaşı məhkəmə hakimiyyəti bir sıra müəyyən funksiyalar yerinə yetirir. Məhkəmə hakimiyyətinin əsas və həmişə mövcud olan funksiyası ədalət mühakiməsinin həyata keçirilməsidir. Bu, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində də təsbit olunur. Həmin maddəyə əsasən Azərbaycan Respublikasının məhkəmələrinin fəaliyyəti yalnız ədalət mühakiməsinin həyata keçirilməsinə yönəlmişdir.

Azərbaycan Respublikasının Konstitusiyasının 127-ci maddəsinə görə ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsip və şərtləri aşağıdakılardır:



  1. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən, və qanunamüvafiq baxırlar.

  2. Hər hansı bir şəxs tərəfindən və hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla məhkəmə icraatına məhdudiyyət qoyulması, qanuna zidd təsir, hədə və müdaxilə edilməsi yolverilməzdir.

  3. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir.

  4. Bütün məhkəmələrdə işlərin icraatı açıq aparılır.

  5. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, cinayət işlərinin qiyabi məhkəmə icraatına yol verilmir.

  6. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir.

  7. Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur.

  8. Ədalət mühakiməsi təqsirsizlik prezumpsiyasına əsaslanır.

  9. Azərbaycan Respublikasında məhkəmə icraatı Azərbaycan Respublikasının dövlət dilində və ya müvafiq yerin əhalisinin çoxluq təşkil edən hissəsinin dilində aparılır.

Azərbaycan Respublikasında qəbul edilən yeni qanunvericilik aktları - Azərbaycan Respublikası Konstitusiyası, 1997-ci il 10 iyun tarixli «Məhkəmələr və hakimlər haqqında» qanun, «Konstitusiya Məhkəməsi haqqında»1997-ci il 21 oktyabr tarixli və 2003-cü il 23 dekabr tarixli qanunlar Azərbaycan Respublikasında məhkəmə sisteminin yeni strukturunu müəyyən etdi. Hal-hazırda Azərbaycan Respublikasının məhkəmə sistemini şərti olaraq iki qrupa bölmək olar:

  1. konstitusiya nəzarəti funksiyasını həyata keçirən məhkəmə orqanı;

  2. ümumi məhkəmələr.

Konstitusiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiyası və «Konstitusiya Məhkəməsi haqqında» 23 dekabr 2003-cü il qanunu ilə onun səlahiyyətinə aid edilmiş işlərə baxır. Bu orqan Azərbaycan Respublikasının ən yuxarı məhkəmə orqanıdır və əsas vəzifəsi Konstitusiyanın aliliyini təmin etməyə yönəlmişdir.

Ümumi məhkəmələrin sistemi və səlahiyyəti «Məhkəmələr və hakimlər haqqında» qanunda göstərilmişdir. Qanunun 19-cu maddəsinə görə Azərbaycan Respublikasında ədalət mühakiməsini Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan aşağıdakı məhkəmələr həyata keçirir:



  • rayon (şəhər) məhkəmələri;

  • ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının məhkəməsi;

  • hərbi məhkəmələr;

  • ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının hərbi məhkəməsi;

  • yerli iqtisad məhkəmələri;

  • beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə dair Azərbaycan Respublikasının İqtisad Məhkəməsi;

  • Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi;

  • Azərbaycan Respublikasının Apelyasiya Məhkəməsi;

  • Azərbaycan Respublikasının İqtisad Məhkəməsi;

  • Azərbaycan Respublikasının Ali Məhkəməsi.

Həmin maddəyə müvafiq olaraq Azərbaycan Respublikasının məhkəmə sistemi daxilində qanunla müəyyən edilmiş qaydada digər məhkəmələr də yaradıla bilər. Bütün demokratik konstitusiyalar fövqəladə məhkəmələrin yaradılmasını qadağan edir. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Konstitusiyası və «Məhkəmələr və hakimlər haqqında» qanuna müvafiq olaraq fövqəladə məhkəmələrin və qanunla nəzərdə tutulmayan qaydada məhkəmənin yaradılması qadağandır.

6. Hakimlərin hüquqi statusu

Hər bir dövlətin Konstitusiyasının daha çox diqqət yetirdiyi məsələlərdən biri məhkəmə hakimiyyətini həyata keçirən şəxslərin - hakimlərin statusu ilə bağlıdır. «Məhkəmələr və hakimlər haqqında» qanunun 92-ci maddəsinə görə hakimlər ədalət mühakiməsini həyata keçirmək üçün qanunla müəyyən edilmiş səlahiyyətlərə malik şəxslərdir.

Hakimlərin hüquqi statusu Konstitusiyada və qanunlarda əks olunmuş bir sıra prinsiplərlə müəyyən olunur. Bu prinsiplər sırasına aşağıdakılar daxildir: hakimlərin təyinatı, hakimlərin dəyişilməzliyi, hakimlərin müstəqilliyi, hakimliklə bir araya sığmayan fəaliyyətlə məşğul olmaması.

Hal-hazırda Azərbaycan Respublikasında hakimlər təyin olunurlar. Lakin bu təyinat kortəbii xarakter daşımır və hakimliyə namizədlərin müsabiqədən keçməsini nəzərdə tutur. Bu müsabiqə isə iki pillədə həyata keçirilir. Birinci pillədə hakimlər test üsulu ilə yazılı imtahandan keçirlər. İkinci pillədə isə Məhkəmə-Hüquq Şurasında hakimliyə namizədlərlə fərdi müsahibə aparılır. Qaydalara görə müsabiqəyə 30 yaşı tamam olmuş, 5 il hüquq ixtisası üzrə işləmiş ali təhsilli hüquqşünas, ikili vətəndaşlığı və digər dövlətlər qarşısında öhdəliyi olmayan, heç bir siyasi fəaliyyət ilə məşğul olmayan, fiziki və psixi qüsurları olmayan, məhkum olunmamış şəxslər buraxılırlar.

Bundan sonra hakim vəzifəsinə müvafiq sayda namizəd təyin edilmək üçün Azərbaycan Respublikası Prezidentinə təqdim edilir. Azərbaycan Respublikası Prezidenti isə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi və Azərbaycan Respublikası Apelyasiya məhkəmələrinin hakimlərini təyin etmək üçün Azərbaycan Respublikası Milli Məclisinə təqdimat verir. Azərbaycan Respublikasının digər məhkəmələrinin hakimlərini isə Azərbaycan Respublikası Prezidenti təyin edir. Naxçıvan MR məhkəmələrinə hakim vəzifəsinə namizədlərin seçilməsində Naxçıvan MR Ali Məclisinin sədri iştirak edir. Azərbaycan Respublikasında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi hakimləri 15 il, Azərbaycan Respublikası Ali Məhkəməsi, Azərbaycan Respublikası Iqtisad Məhkəməsi, Azərbaycan Respublikası Apelyasiya Məhkəməsi, Naxçıvan MR Ali Məhkəməsi hakimləri 10 il, digər məhkəmələrin hakimləri isə 5 il müddətinə təyin edilirlər.

Müasir dövrün konstitusiyalarının hakimlərin statusu ilə bağlı nəzərdə tutduğu mühüm prinsip hakimlərin dəyişilməzliyidir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci və «Məhkəmələr və hakimlər haqqında» qanunun 97-ci maddəsinə görə hakimlər səlahiyyət müddətində dəyişilməzdirlər. Bu prinsipə uyğun olaraq hakim vəzifəsinə təyin olunmuş şəxslər qanunla nəzərdə tutulmuş əsaslar istisna olmaqla özlərinin razılığı olmadan vəzifədən kənarlaşdırıla, daha yüksək və ya daha aşağı vəzifəyə təyin oluna bilməzlər.

Azərbaycan Respublikası Konstitusiyasının 127-ci və «Məhkəmələr və hakimlər haqqında» qanunun 100-cü maddəsinə görə hakimlər müstəqildirlər və yalnız Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına tabedirlər. Qanunun 100-cü maddəsinə görə hakimlərin müstəqilliyi onların səlahiyyəti dövründə siyasətsizləşdirilməsi, dəyişilməzliyi və toxunulmazlığı ilə, vəzifəyə təyin olunmasının, məsuliyyətə cəlb edilməsinin, səlahiyyətlərinə xitam verilməsinin və vəzifədən kənarlaşdırılmasının məhdudlaşdırılması ilə, məhkəmə hakimiyyətinin müstəqil fəaliyyət göstərməsi və ədalət mühakiməsinin qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilməsi ilə məhkəmə icraatına hər hansı şəxs tərəfindən məhdudiyyət qoyulmasının və müdaxilə edilməsinin yolverilməzliyi ilə, hakimlərin şəxsi təhlükəsizliyinin təmin edilməsi yolu ilə həyata keçirilir və onlara vəzifələrinə uyğun sosial təminatlar verilir.

Hakimlərin statusunu müəyyən edən mühüm prinsiplərdən biri hakim vəzifəsi ilə bir araya sığmayan fəaliyyətlə məşğul olmamaq hesab olunur. Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsinə görə hakimlər heç bir başqa seçkili və təyinatlı vəzifə tuta bilməzlər, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməzlər, siyasi fəaliyyətlə məşğul ola bilməz və siyasi partiyalara üzv ola bilməzlər, vəzifə maaşından, habelə elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə görə aldığı vəsaitdən başqa məvacib ala bilməzlər.

Konstitusiyada hakimlərin statusunu müəyyən edən digər mühüm prinsip məhkəmə immunitetidir. Məhkəmə immuniteti dedikdə, məhkəmə hakimiyyətini həyata keçirən vəzifəli şəxslərin - hakimlərin toxunulmazlığı və məsuliyyətə cəlb edilməsinin qanunla nəzərdə tutulmuş xüsusi qaydada həyata keçirilməsi başa düşülür.

Azərbaycan Respublikası Konstitusiyasının 128-ci və «Məhkəmələr və hakimlər haqqında» qanunun 101-ci maddəsinə görə hakimlər toxunulmazdır. Hakimlərin toxunulmazlığı həmçinin, onların mənzillərinə, xidməti otaqlarına, nəqliyyat və rabitə vasitələrinə, poçt, teleqraf yazışmalarına, şəxsi əmlakına və sənədlərinə də şamil olunur.

Hakim cinayət məsuliyyətinə cəlb oluna, tutula, həbs edilə bilməz, onların barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, onlar axtarışa, şəxsi müayinəyə və gətirilməyə məruz qala bilməzlər. Cinayət törətməkdə şübhə edilən şəxs qismində saxlanılmış hakim şəxsiyyəti müəyyənləşdirildikdən sonra dərhal azad edilməli, bu barədə Azərbaycan Respublikası Baş prokuroruna dərhal yazılı məlumat verilməlidir. Əgər hakimlərin əməllərində cinayət tərkibinin əlamətləri varsa, onlar vəzifədən kənarlaşdırıla bilərlər. Hakimlərin vəzifədən kənarlaşdırılması təşəbbüsü ilə Azərbaycan Respublikası Prezidenti Azərbaycan Respublikası Ali Məhkəməsinin rəyi əsasında Azərbaycan Respublikası Milli Məclisi qarşısında məsələ qaldıra bilər. Hakimlər vəzifədən kənarlaşdırıldıqdan sonra Ali Məhkəmənin razılığı və Azərbaycan Respublikası Baş prokurorunun qərarına əsasən, cinayət məsuliyyətinə cəlb edilə və həbs oluna bilər.
7. Azərbaycan Respublikasının məhkəmə sistemi: məhkəmə müdafiə hüququ və məhkəmə üsulunun formaları

Konstitusiya hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin II hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır (Azərbaycan Respublikası Konstitusiyası, maddə 62).

Hal-hazırda Azərbaycan Respublikasında həyata keçirilən məhkəmə hüquq islahatları vətəndaşların məhkəmə müdafiə hüququnun genişlənməsinə səbəb oldu. Bu islahatların mühüm cəhətlərindən biri də xalq iclasçıları (şeffenlər) institutunun ləğv edilməsi və andlı iclasçılar institutunun qanunvericiliyə gətirilməsi oldu.

Vətəndaşların ədalət mühakiməsinin həyata keçirilməsində iştirakının andlı iclasçılar forması şeffenlər formasından daha çox demokratikliyi ilə fərqlənir. Belə ki, şeffenlər sistemində xalq iclasçıları cinayət və mülki işlərin bütün məsələlərini andlılar məhkəmələrində olduğu kimi müstəqil deyil, peşəkar hakimlərlə bir kollegiyada həll edirdilər. Bununla da onlar peşəkar hakimlərin təsirilə öz müstəqilliklərini itirir, faktiki olaraq dekorativ rol oynayırdılar.

Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 359-cu maddəsi konkret işlərə hansı hallarda andlılar məhkəmələrində baxılmasını müəyyən edir. Həmin maddəyə görə hakim aşağıdakı hallarda andlı iclasçıların iştirakı ilə məhkəmə baxışını təyin edir:


  1. Təqsirləndirilən şəxsin məhkəməyə verildiyi cinayətə görə cinayət qanununun norması ilə ömürlük azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi imkanı nəzərdə tutulduqda;

  2. Xüsusi təhlükəli cinayətə görə məhkəməyə verilmiş təqsirləndirilən şəxslərdən heç olmasa biri ona elan edilmiş ittihamla məhkəmədə andlı iclasçıların iştirakı ilə baxılması haqqında arzusunu bildirdikdə.

Beləliklə, yalnız xüsusilə, ağır cinayətlərdə ittiham edilən şəxslərə münasibətdə andlılar məhkəmələrinin tətbiq olunmasını onunla izah etmək olar ki, bu zaman həmin şəxslərin həyatı həll olunur. Ona görə də belə məsələni 1 və ya 3 hakimə deyil, xalq içərisindən seçilmiş və öz vicdanının səsinə qulaq asan 12 üzvə həvalə edilməsi daha məqsədə müvafiq olardı.

Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin I hissəsinə görə məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə məhkəmələr həyata keçirir. Həmin maddənin III hissəsinə görə isə məhkəmə hakimiyyəti konstitusiya, mülki və cinayət məhkəmə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyata keçirilir.

Göründüyü kimi konstitusiya icraatı ədalət mühakiməsinin bir forması kimi qəbul edilir və Konstitusiya Məhkəməsi tərəfindən həyata keçirilir.

Hüquq ədəbiyyatında ədalət mühakiməsinə verilən anlayış əsasında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ədalət mühakiməsini həyata keçirməsini təsdiqləmək olar:


  1. Ədalət mühakiməsi məhkəmələr tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi də Azərbaycan Respublikası məhkəmə sisteminə daxil olan ali instansiyadır.

  2. Ədalət mühakiməsi məhkəmə iclaslarında həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi də onun səlahiyyətinə aid edilmiş işlərə məhkəmə iclaslarında baxır.

  3. Ədalət mühakiməsi Azərbaycan Respublikası Konstitusiyasında və digər qanunvericilik aktlarında müəyyən edilmiş demokratik prinsiplər əsasında həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi də öz fəaliyyətini Azərbaycan Respublikası Konstitusiyasında və «Konstitusiya Məhkəməsi haqqında» qanunun 15 - 19-cu və 25 - 29-cu maddələrində nəzərdə tutulmuş prinsiplər əsasında həyata keçirir.

  4. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş prosessual qaydada həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi də Konstitusiya icraatını «Konstitusiya Məhkəməsi haqqında» qanunda müəyyən edilmiş prosessual qaydada həyata keçirir.

«Konstitusiya Məhkəməsi haqqında» qanunun 40-cı maddəsinə görə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində icraat aşağıdakı 2 üsulla həyata keçirilir:

a) Konstitusiya məhkəmə icraatı;

b) xüsusi Konstitusiya icraatı.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində baxılan Konstitusiya işləri üzrə konstitusiya məhkəmə icraatı aşağıdakı növlərdə həyata keçirilir: Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-6-cı və 8-ci bəndlərində nəzərdə tutulmuş məsələlərin həlli üçün verilmiş sorğularla əlaqədar işlərin icraatı; qanunverici, icra və məhkəmə hakimiyyəti orqanları arasında səlahiyyətlər bölgüsü ilə bağlı mübahisələrlə əlaqədar sorğular üzrə işlərin icraatı.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində baxılan konstitusiya işləri üzrə xüsusi konstitusiya icraatı aşağıdakı növlərdə həyata keçirilir: Azərbaycan Respublikası Konstitusiyasını və qanunlarının şərh edilməsi üçün verilən sorğularla əlaqədar işlərin icraatı; Azərbaycan Respublikası Prezidentinin səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini, tamamilə, itirdiyi barədə məlumatı aydınlaşdırmaq üçün Azərbaycan Respublikasının Milli Məclisinin müraciəti ilə əlaqədar işlərin icraatı; Azərbaycan Respublikası Prezidentinin istefa ərizəsinə baxılması ilə əlaqədar işlərin icraatı; Azərbaycan Respublikası Prezidentinin vəzifədən kənarlaşdırılması məsələsi ilə əlaqədar işlərin icraatı; Azərbaycan Respublikasının Milli Məclisi deputatları seçkilərinin nəticələrinin yoxlanılması və təsdiqi ilə əlaqədar işlərin icraatı; yeni seçilmiş Azərbaycan Respublikasının Milli Məclisinin ilk iclasının keçirilməsi vaxtının təyin edilməsi ilə əlaqədar olan işlərin icraatı; Azərbaycan Respublikası Milli Məclisinin və ya Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişikliklər edilməsi haqqında təkliflərinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəyinin çıxarılması ilə əlaqədar işlərin icraatı.

Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 66-cı maddəsinə görə ədalət mühakiməsinin bir forması olan cinayət mühakimə icraatını aşağıdakı məhkəmələr həyata keçirir: rayon (şəhər) məhkəmələri, hərbi məhkəmələr, ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası məhkəməsi, ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası hərbi məhkəməsi, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi, Azərbaycan Respublikası Apelyasiya Məhkəməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi.

Azərbaycan Respublikasında ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid edilən mülki, cinayət və digər işlər üzrə ali məhkəmə orqanı Azərbaycan Respublikasının Ali Məhkəməsidir. O, qanunla müəyyən edilmiş prosessual qaydalarda ümumi və ixtisaslaşdırılmış məhkəmələrin işinə nəzarəti həyata keçirir, məhkəmələrin praktikasına aid məsələlər üzrə izahatlar verir.

8. Azərbaycan Respublikası Prokurorluğu

Azərbaycan Respublikasında məhkəmə hakimiyyəti sisteminə daxil olan prokurorluq orqanlarının dövlət hakimiyyəti sistemində yerinin müəyyənləşdirilməsi aktual məsələlərdən biridir.

1995-ci ildə Azərbaycan Respublikası Konstitusiyası qəbul edilərkən Konstitusiyaya prokurorluğun məhkəmə hakimiyyəti sistemində statusunu müəyyən edən bir maddə daxil edildi (maddə 133). Həmin maddəyə əsasən, Azərbaycan Respublikası Prokurorluğu qanunla nəzərdə tutulmuş qaydada və hallarda qanunların icra və tətbiq olunmasına nəzarət edir, qanunla nəzərdə tutulmuş hallarda cinayət işləri başlayır və istintaq aparır, məhkəmədə dövlət ittihamını müdafiə edir, məhkəmədə iddia qaldırır, məhkəmə qərarlarından protest verir.

1999-cu il 7 dekabrda qəbul edilmiş «Prokurorluq haqqında» Azərbaycan Respublikası Qanununa əsasən sosializm dövründən qalmış nəzarətini əlindən alaraq, prokurorluğun nəzarət funksiyasını yalnız təhqiqat və əməliyyat-axtarış orqanlarının fəaliyyətində qanunların icra və tətbiq olunmasına nəzarətlə məhdudlaşdırdı. Beləliklə, prokurorluğun «nəzarət hakimiyyətinə» son qoyuldu.

Qanunun 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Prokurorluğu məhkəmə hakimiyyəti sisteminə daxil olmaqla ərazi və ixtisaslaşdırılmış prokurorluqların Azərbaycan Respublikası Baş prokurorun tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqandır.

Azərbaycan Respublikasının Prokurorluğu sisteminə daxildir:



  • Azərbaycan Respublikasının Baş Prokurorluğu;

  • Azərbaycan Respublikasının Hərbi Prokurorluğu;

  • Naxçıvan Muxtar Respublikasının Prokurorluğu;

  • rayon (şəhər) prokurorluqları;

  • hərbi və nəqliyyat ixtisaslaşdırılmış prokurorluqları;

  • tədris-elm müəssisələri, mətbuat orqanları, mətbəə, sosial məişət, təsərrüfat təyinatlı digər qurumlar.

Prokurorluq qanunda nəzərdə tutulmuş hallarda və qaydada:

  • cinayət işi başlayır və ibtidai istintaq aparır;

  • ibtidai istintaqa prosessual rəhbərlik edir və qanunlara riayət edilməsini təmin edir;

  • təhqiqat və əməliyyat-axtarış orqanlarının fəaliyyətində qanunların icra və tətbiq olunmasına nəzarət edir;

  • məhkəmədə iddia qaldırır (ərizə verir), mülki və iqtisadi mübahisələrə dair işlərə baxılmasında iddiaçı kimi iştirak edir;

  • məhkəmədə cinayət işlərinə baxılmasında tərəf kimi iştirak edir, dövlət ittihamını müdafiə edir;

  • məhkəmə qərarlarından protest verir;

  • məhkəmələr tərəfindən təyin edilmiş cəzaların məqsədinə nail olunmasında iştirak edir.

«Prokurorluq haqqında» qanunun 5-ci maddəsinə görə, prokurorluğun fəaliyyətinin əsas prinsipləri aşağıdakılardır: qanunçuluq; hər kəsin qanun qarşısında hüquq bərabərliyi; fiziki şəxslərin hüquq və azadlıqlarına, hüquqi şəxslərin hüquqlarına əməl və hörmət edilməsi; obyektivlik, qərəzsizlik və faktlara əsaslanma; vahidlik və mərkəzləşdirmə, ərazi və ixtisaslaşdırılmış prokurorların Azərbaycan Respublikasının Baş prokuroruna tabe olması; siyasi bitərəflik.

Azərbaycan Respublikası Prokurorluğu qanunvericiliklə müəyyən edilmiş qaydada xarici ölkələrin müvafiq orqanları və beynəlxalq təşkilatlarla əlaqə yaradır və öz səlahiyyətləri çərçivəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn məsələlərin həllində iştirak edir. Hər hansı şəxs tərəfindən, hər hansı səbəbdən bilavasitə, yaxud dolayı yolla prokurorluğun qanuni fəaliyyətinə məhdudiyyət qoyulması, təsir, hədə, qanunsuz müdaxilə edilməsi, habelə prokurorluğa hörmətsizlik göstərilməsi yolverilməzdir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.






Yüklə 188,53 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə