3-Fəzl ibn Yəsar deyir: İmam Baqir (ə)-ın belə buyurduğunu eşitdim: "Hər kəs şərab içsə, namazı qırx gün ərzində qəbul olunmaz."



Yüklə 0,74 Mb.
səhifə1/14
tarix01.08.2018
ölçüsü0,74 Mb.
#60464
  1   2   3   4   5   6   7   8   9   ...   14

1-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs qırx gün müddətində əməllərini ixlasla yerinə yetirsə, elm və hikmət çeşmələri onun qəlbindən dilinə cari olar.”

2-İmam Baqir (ə) buyurmuşdur: “İnsan qırx gün müddətində imanını Allah üçün xalis etsə, Allah-taala onu dünyaya qarşı rəğbətsiz (zahid) edər, dünyanın dərdini və dərmanını ona tanıtdırar, daha sonra hikməti onun qəlbində möhkəmləndirib, dilini hikmət ilə danışığa gətirər.”

3-Fəzl ibn Yəsar deyir: İmam Baqir (ə)-ın belə buyurduğunu eşitdim: “Hər kəs şərab içsə, namazı qırx gün ərzində qəbul olunmaz.”

4-İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs mömin qardaşlarından qırx nəfəri dua etdikdən sonra özünü dua etsə, onun hər iki duası qəbul olunar.”

5-İmam Sadiq (ə) buyurmuşdur: “Bir mömin şəxs dünyasını dəyişdikdə, qırx nəfər mömin şəxs dəfn mərasimində iştirak edib, onun mömin olduğuna şəhadət versələr, Allah-taala onu bağışlayar.”

6-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Bir şəxsin biz Əhli-beytə məhəbbət barədə yaydığı qırx hədis, onun sədəqə verdiyi qırx min dinardan (qızıl puldan) üstündür. Allah-taala ona hər bir hədis üçün bir peyğəmbərin savabını, hədisin hər bir hərfi üçün isə qiyamət günü bir nur verər.”

7-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Ümmətimdən hər kəs camaatın istifadə etməsi üçün qırx hədis əzbərləyərsə, Allah-taala onu qiyamət günü fəqih və alim halında gətirər.”

8-Həzrət Peyğəmbəri-Əkrəm (s) imam Əli (ə)-a vəsiyyət edərək buyurmuşdur: “Ya Əli! Ümmətimdən hər kəs Allahın razılığını və axirət aləminin savabını qazanmaq məqsədilə qırx hədis əzbərləyərsə, Allah-taala onu qiyamət günündə peyğəmbərlər, övliyalar, şəhidlər və layiqli şəxslərlə birgə məhşur edər.”

9-İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs halal və haram (işlər) barəsində bizim hədislərimizdən qırx hədisi hifz edərsə, Allah-taala qiyamət günü onu fəqih və alim halında gətirər və ona əzab verməz.”

10-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Mənim ümmətimdən hər kəs sünnədən qırx hədis əzbərləyərsə, qiyamət günü ona şəfaət edərəm.”

11-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Vəfatından sonra qırx hədisi (başqalarının istifadə etməsi üçün yazılı şəkildə) qoyub gedən şəxs, cənnətdə mənim dostum olacaqdır.”

12-İmam Sadiq (ə) buyurmuşdur: “Şiələrimizdən hər kəs qırx hədisi hifz edərsə, Allah-taala qiyamət günündə onu fəqih və alim halında gətirər və ona əzab verməz.”

13-Asiman imam Hüseyn (ə)-ın matəmində qırx gün ağlamışdır.

14-İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs qırx gün “Əhd” duasını oxusa, imam Zamanın əsgərlərindən olar. Əgər o həzrət zühur etməmişdən öncə ölsə, Allah-taala onu o həzrətə xidmət etmək üçün qəbirdən qaldırar.”

15-İmam Kazim (ə) buyurmuşdur: “Qırx dəfə həcc əməllərini yerinə yetirən şəxsə (qiyamətdə): “İstədiyin şəxsə şəfaət et!” – deyilər.”

16-İmam Baqir (ə) buyurmuşdur: “Allah-taala Fironun dediyi iki cümləyə görə onu qırx il möhlət verdikdən sonra cəzalandırdı: 1-Firon dedi: “Sizin ən uca tanrınız mənəm!” 2-“Mən sizin üçün özümdən başqa heç bir tanrı tanımıram!”

17-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs ardıcıl olaraq qırx cümə günü cümə quslu versə, bədəni qəbirdə çürüməz.”

18-Ana övladının Quran hafizi olması üçün hamiləlik dövründə “Camiə” ziyarətini və ya “Ali-Yasin” duasını qırx dəfə oxusun.

19-Övladınızın Quran hafizi olmasını istəyirsinizsə, hamiləlik dövründə qırx dəfə gecə namazı qılın.

20-Övladınızın Quran hafizi olmasını istəyirsinizsə, hamiləlik dövründə qırx dəfə cümə quslu verib, “Kisa” hədisini oxuyun.

21-Övladınızın Quran hafizi olması üçün hamiləlik dövründə hər gün qırx dəfə salavat göndərin.

22-İmam Hüseyn (ə)-ın qırxında (ərbəinində), o həzrəti ziyarət etmək müstəhəbdir. O həzrətin qırxında onu ziyarət edən ilk şəxs Cabir idi. Şiənin əlamətlərindən biri də “Ərbəin” ziyarətini oxumaqdır.

23-İmam Sadiq (ə) buyurmuşdur: “Gecə-gündüz ərzində qırx böyük günaha batan şəxs xeyir görməz.”

24-Hər kəs “Ya Həyyu, ya Qəyyum, ya Mən la ilahə illa əntə birəhmətikə əstəğisu” – zikrini qırx gün müddətində və hər gün qırx dəfə (sübh namazı ilə onun nafiləsinin arasında) oxusa, qəlbinə heç vaxt aradan getməyən dirilik gətirər.

25-İmam Sadiq (ə) buyurmuşdur: “Hər kim qırx gün heyva yesə, həmişə hikmətli sözlər danışar.”

26-İmam Əli (ə) buyurmuşdur: “Sizə qırx gün həlim yeməyi tövsiyə edirəm; çünki insanda ibadət ruhiyyəsini gücləndirir.”

27-İmam Kazim (ə) buyurmuşdur: “Hər kəs qırx cümə sübh vaxtı acqarına bir ədəd nar yesə, qəlbi işıqlanar.”

28-Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Hər kim nar yesə, qırx gün Şeytanı öz qəlbindən çıxarar.”

29-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Allaha və qiyamət gününə imanı olan hər bir şəxs gərək bədənindəki artıq tükləri təmizləməyi qırx gün tərk etməsin.”

30-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Övladınızı yeddi günlüyündə sünnət etdirin; çünki yer sünnət olunmamış şəxsin bövlü ilə qırx gün nəcis qalır.”

31-İmam Əli (ə) buyurmuşdur: “Məscidin həddi-hüdudu qırx ziradan ibarətdir və dörd tərəfindən qırx ev ona qonşu sayılır.”

32-İmam Sadiq (ə) buyurmuşdur: “Həqiqətən, Allah-taala qırx yaşına çatan şəxsi əzizləyər və səksən yaşına çatan şəxsə əzab verməkdən həya edər.”

33-Hər kəs “Ayətəl-kürsü”nü qırx gün oxusa, onun duaları qəbul olunar.

34-Hər kəs “Yasin” surəsini qırx gün ərzində qırx dəfə üzü qibləyə, həm də oturduğu halda oxusa, onun hacəti qəbul olunar.

35-Hər kəs “Həşr” surəsini qırx gün müddətində hər gün bir dəfə oxusa, onun hacəti qəbul olunar.

36-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “İki rəhim (bətn) qırx nəslə qədər bir-birinə çatır.”

37-İmam Sadiq (ə) buyurmuşdur: “Elə bir mömin yoxdur ki, qırx gecə keçdikdən sonra, (qəflət yuxusundan) ayılmağa səbəb olan ağır bir hadisə ilə üzləşməsin.”

38-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “(Bir vaxt gələr ki,) Bəni Üməyyə Əliyə lənət göndərərlər, ona görə də Allah-taala mələklərə əmr edər ki, onlara min dəfə artıq lənət göndərsinlər, həzrət Məhdi (ə) qiyam etdiyi zaman qırx il onlara lənət göndərər.”

39-Şəriət qanunlarına müvafiq olan hər bir niyyətinizin qəbul olunması üçün qırx dəfə “Zuha” surəsini oxuyun.

40-Allaha təvəkkül etmək, güclü iradəyə malik olmaq və camaata möhtac olmamaq üçün “Bismillahir-rəhmanir-rəhim! Əlhəmdu lillahi Rəbbil-aləmin. Həsbunəllahu və neməl-vəkil. Təbarəkəllahu əhsənul-xaliqin. Və la həvlə və la quvvətə illa billahil-əliyyil-əzim” – zikrini qırx dəfə oxuyun.

1-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Alimlər və elm öyrənənlər savabda şərikdirlər, sair camaat isə xeyir və səadətdən məhrumdurlar.”

2-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Elm Allahın yer üzündə qoyduğu əmanət, alimlər isə Allah elminin əmanətdarlarıdır. Hər kəs öz elminə əməl etsə, həqiqətdə əmanəti layiqincə sahibinə qaytarmışdır.”

3-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs elmi (məlumatı) olmadığı şeylərdə xalqa fikir söyləyib, fətva versə, dində etmək istədiyi xidmətdən daha çox zərbə vurmuş olar.”

4-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Dünya və axirət xeyri elm ilə yanaşıdır.”

5-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Elm öyrənən şəxs gündüzləri oruc tutan, gecələri isə səhərə kimi ibadətlə keçirən şəxs kimidir. İnsanın öyrəndiyi bir elm toplusu Əbu Qübeys dağı qədər qızıla, mal-dövlətə malik olub onları Allah yolunda ehsan etməsindən daha fəzilətlidir.”

6-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Elmin fəziləti Allah yanında ibadətin fəzilətindən daha əzizdir.”

7-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Həqiqətən mömin şəxsin ölümündən sonra gözəl əməllərinə və yaxşılıqlarına əlavə olunan şeylər – onun öyrənib yığdığı elm, qoyub getdiyi saleh əməl, övlad və yadigar qoduğu Qurandır.”

8-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “İnsan öldükdən sonra onun əməl dəftəri bağlanar, yalnız üç yolla ona savab və fayda verilər: 1-Ümumxalq mənfəəti üçün bir şey düzəldən və ardıcıl sədəqə qoyub gedən. 2-Cəmiyyət üçün faydalı şagird yetişdirib lazımlı kitablar yazan alim. 3-İnsanın özündən sonra qoyub getdiyi və onlar üçün ehsan edən əməlisaleh övlad.”

9-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəsdən bildiyi bir şey (məsələ) barəsində soruşsalar və o da öz elmini gizlətsə, (qiyamətdə) ağzına oddan bir cilov vurular.” (Yəni elmsizlik ucbatından sərgərdan qalan və vəzifəsinin nə olduğunu bilməyən cahil şəxslərə yol göstərməyə və onların həyatını səadətə çatdırmağa qadir olduğu halda sükut edən elmli bir şəxs böyük bir günaha mürtəkib olmuşdur.)

10-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Qurani-kərim bir İlahi ədəb məktəbidir. Bacardığınız qədər onun ədəb qaydalarını öyrənin.”

11-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Ümmətim içərisində iki dəstə var ki, əgər onlar saleh və düzgün olsalar, ümmətimin hamısının əmməlləri saleh olar və əgər fəsad törətsələr, ümmətim də fəsada düşər.” Soruşuldu ki, ey Allahın Peyğəmbəri, onlar hansılardır? Buyurdu: “Fəqihlər (din alimləri) və əmirlər (hökumət işçiləri).”

12-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Mənim ümmətimdən olan hər bir ağıl və düşüncə sahibinə dörd şey zəruri və lazımdır.” Soruşuldu: Ey Allahın elçisi! Onlar nədir? Həzrət buyurdu: “Elmi eşitmək, onu qoruyub saxlamaq, elmi yaymaq və ona əməl etmək.”

13-İmam Əli (ə) buyurmuşdur: “Hər bir insanın qiyməti onun elminin dəyəri qədərdir.” (Hər bir sənətkarın dəyəri bildiyi peşə və sənət qədər, təbibin dəyəri sağlamlığın əhəmiyyəti qədər, müəllim və ruhaninin dəyəri isə cəmiyyətə elm öyrədib düz yol göstərmək qədərdir.)

14-İmam Əli (ə) buyurmuşdur: “Elm öyrənmək üçün səy edənlər Allah yolunda cihad edən şəxslər kimidir.”

15-İmam Əli (ə) buyurmuşdur: “Elm asanlıq və rahatlıq axtarmaqla əldə oluna bilməz.”

16-İmam Əli (ə) buyurmuşdur: “Həqiqətən, dinin kamalı elm öyrənmək və ona əməl etməkdir. Agah olun ki, elm kəsb etmək həqiqətdə sizin üçün mal-dövlət qazanmaqdan daha vacibdir.”

17-İmam Əli (ə) buyurmuşdur: “Həqiqətən alimin əcri (savabı) oruc tutan, namaz qılan və Allah yolunda cihad edən şəxsin savabından artıqdır. Bir alim ölən zaman İslama elə ağır xəsarət dəyir ki, bu xəsarəti yalnız onun öz yerinə qoyduğu xələf cübran edə bilər.”

18-İmam Əli (ə) buyurmuşdur: “Mal-dövlət yığanlar diri ikən ölüdürlər. Alimlər isə dünya durduqca diridir (və bəşəriyyət onların elmi əsərlərindən istifadə edir), cəsədləri torpaqlara qarışır, özləri isə qəlblərdə yaşayır.”

19-İmam Həsən (ə) buyurmuşdur: “Öz elmini başqalarına öyrət və çalış ki, digərlərinin də elmini öyrənəsən.”

20-İmam Hüseyn (ə) buyurmuşdur: “Həqiqətən müsəlmanların işləri və səmavi hökmlərin icrası İlahi alimlərin əlindədir. Onlar Allahın halal və haram buyurduğu işlərdə əmanətdardırlar.”

21-İmam Hüseyn (ə) buyurmuşdur: “Hikmət və bilik mömin bir şəxsin itirdiyidir. Hətta müşrikin yanında olsa da onu axtarın ki, hikmət əhli olub, ona daha çox layiq olasınız.”

22-İmam Hüseyn (ə) buyurmuşdur: “Elm və bilikdən sənə Allahın əzəmətindən qorxacağın qədər bəsdir, nadanlıqdan da öz elminlə məğrur və xudpəsənd olmağın qədər kifayətdir.”

23-İmam Hüseyn (ə) buyurmuşdur: “Alimlərdən soruşun, hikmət sahibləri ilə danışın və yoxsullarla oturub-durun.”

24-İmam Hüseyn (ə) buyurmuşdur: “Elmi bəhs və müzakirələr mərifət toxumudur, uzun və çoxlu təcrübələr əqlin çoxalmasına səbəb olur.”

25-İmam Hüseyn (ə) buyurmuşdur: “Dünyada zahid o adamdır ki, başqalarına moizə etsin və başqalarının da moizəsini qəbul etsin, elm öyrənsəin və öyrəndiyi elmə əməl etsin.”

26-İmam Hüseyn (ə) buyurmuşdur: “Elmin üstünlüyü ibadətin üstünlüyündən daha yaxşıdır, dinin kamilliyi təqva və itaətkarlıqdır.”

27-İmam Hüseyn (ə) buyurmuşdur: “Elm və bilikdən başqa, bir şey üçün yaltaqlıq etmək və həsəd aparmaq mömin şəxsin əxlaqi sifətlərindən deyildir.”

28-İmam Hüseyn (ə) buyurmuşdur: “Bir alimin biliyinin nişanələrindən biri onun öz dediklərinə daha çox diqqət yetirməsi, tənqidlə yanaşması, fikir və münazirə fənlərinin həqiqətlərindən xəbərdar olmasıdır.”

29-İmam Hüseyn (ə) buyurmuşdur: “Biz o şəxslərik ki, Allahın kitabının elmi, bəyanı və dərki bizdədir. Bizdə olan şeylər Allahın yaratdıqlarından heç kəsdə yoxdur, çünki biz – Peyğəmbər xanədanı – Allahın sirlərinin əhliyik.”

30-İmam Hüseyn (ə) buyurmuşdur: “Elm imanın, helm isə biliyin layiqli vəziridir.”

31-İmam Zeynül-abidin (ə) buyurmuşdur: “Əgər insanlar elm kəsb etməyin necə böyük dəyərə malik olduğunu bilsəydilər, onu hətta qanlarını axıtmaqla, tufanlı və dalğalı dənizləri yarmaqla belə, kəsb edərdilər.”

32-İmam Baqir (ə) buyurmuşdur: “Elm öyrənməkdə çalışın, çünki elm öyrənmək gözəl əməl, onu axtarmaq isə ibadətdir.”

33-İmam Baqir (ə) buyurmuşdur: “Əgər alimin hüzurunda otursan, danışmaqdan çox eşitmək üçün həris ol; yaxşı danışmağı öyrəndiyin kimi, yaxşı qulaq asmağı da öyrən və heç vaxt danışanın sözünü kəsmə.”

34-İmam Sadiq (ə) buyurmuşdur: “Diqqət edib baxın, görün ki, öz elminizi kimdən öyrənirsiniz!”

35-İmam Sadiq (ə) buyurmuşdur: “Elm kəsb edin və onunla birlikdə elmlə, vüqarla zinətlənin. Elm öyrətdiyiniz şəxs qarşısında isə təvazökarlıq edin.”

36-İmam Sadiq (ə) buyurmuşdur: “Öz yazılarınızı qoruyub saxlayın, çünki sonradan onlara ehtiyac duyacaqsınız.”

37-İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs Allahın razılığı üçün elm öyrənib ona əməl etsə və başqalarına öyrətsə, asimanların mələkut aləmində əzəmətlə yad edilər.”

38-Əbdüs-səlam deyir: İmam Rza (ə) buyurdu: “Allah bizim əmrimizi dirçəldən şəxsə rəhmət etsin!” Soruşdum ki, sizin əmriniz necə dirçələr? Buyurdu: “Bizim elmlərimizi öyrənib onları camaata öyrətməklə; çünki əgər onlar bizim kəlamımızın gözəlliklərini bilsələr, hökmən bizə tabe olarlar.”

39-İmam Rza (ə) buyurmuşdur: “Agah olun və bilin ki, fəqih (din alimi) o şəxsdir ki, xalqa xeyir, fayda versin, onları düşmənlərdən qorusun, Allahın cənnət nemətlərini onlar üçün artırsın, onları düz yola hidayət etməklə onlar üçün Allahın rizvanını kəsb etsin.”

40-İmam Həsən Əskəri (ə) buyurmuşdur: “Bizim şiələrimizin alimləri İslam dininin sərhədçiləridir. Bizim ardıcıllarımızdan hər kəs bu vəzifəni öhdəsinə alsa, Rum qoşunları ilə cihada gedən şəxsdən daha fəzilətli olar. Çünki o, bizi sevənlərin din sərhədlərini müdafiə edir.”

1-Əbuzər demişdir: “Ey camaat! Sizlərdən biriniz səfərə getmək istədikdə, özünüzlə kifayət qədər azuqə və yol ehtiyatı aparırsınız. Lakin bilin ki, axirət səfərinə gedəndə, azuqə aparmaq daha vacibdir.”

2-Hər gecə camaat öz yataqlarına getdikləri zaman imam Əli (ə)-ın səsi ucalardı. Belə ki, qonşuların hamısı o həzrətin səsini eşidərdilər. O həzrət buyurardı: “Hazırlaşın, öz səfər azuqənizi hazırlayın, Allah sizə rəhmət etsin! Həqiqətən ölüm carçısı sizə dünyanı dəyişmək nidasını vermişdir. Dünyadan az yapışın, saleh əməl azuqəsi hazırladığınız halda, axirət səfərinə yola düşün. Siz çətin və ağır mənzillər və hadisələrlə üzləşib, onları ötüb keçməlisiniz.”

3-Axirət səfərinin bir necə mənzili vardır:

Birinci mənzil can verməkdir; onun qorxulu və vəhşətli halətləri vardır. Bu zaman çətinliklər can verənə hər tərəfdən üz gətirər. Bir tərəfdən xəstəliyin və bədəndə olan ağrıların şiddətlənib bədənin taqətsiz olması və dilin tutulması, digər tərəfdən də evdən, əhl-əyaldan, ailə-uşaqlardan, qohum-əqrəbadan, mal-dövlətdən ayrılmaq və başqalarının hüquqları haqqında fikirləşmək. Bunlardan əlavə, onun hökmünü oxuyan qəzəb mələklərinin, canını almağa gələn ölüm mələyinin hansı şəkildə gəlməsi çətinlikləri daha şiddətləndirir.

4-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Ya Əli! Ölüm mələyi kafiri qəbzi-ruh edərkən qızmış şişlərlə onun canını çıxarar.” Əmirəl-möminin Əli (ə) ərz etdi ki, ya Rəsuləllah, sizin də ümmətinizdən belə can verənlər olacaqmı? Peyğəmbər (s) buyurdu: “Bəli, müsəlmanlardan da bir neçə dəstə bu sayaq can verərlər: Zalım hakimlər, yetim malını mənimsəyənlər, nahaq yerə şahidlik edənlər, xəbərçilər, həsəd edənlər və şərab içənlər.”

5-İnsanın asan can verməsinə səbəb olan əməllər aşağıdakılardan ibarətdir: 1-Qohumluq əlaqələrini kəsməmək. 2-Ata və anaya yaxşılıq etmək. 3-Yetmiş dəfə “Ya əsməəs-samiin və ya əsbərən-nazirin və ya əsrəəl-hasibin və ya əhkəməl-hakimin” demək. 4-“Zilzal” surəsini oxumaq.

6-İnsanın axır-aqibətinin yaxşı şəkildə sona yetməsi və dünyadan imanlı halda getməsi üçün aşağıdakı əməlləri yerinə yetirməsi təsirlidir: 1-Gündəlik vacibi namazları əvvəl vaxtında qılmaq. 2-“Zil-qədə” ayının bazar günlərində qılınan namazı tərk etməmək. 3-Həmişə həzrət Fatimeyi-Zəhra (ə)-ın təsbihatını demək. 4-(“Muhəmmədun nəbiyyullah və Əliyyun vəliyyullah” sözləri yazılmış) əqiq üzük taxmaq. 5-Cümə günlərində “Muminun” surəsini oxumaq. 6-Çoxlu salavat çevirmək. 7-“(Xüsusilə sübh namazından sonra) yeddi dəfə “Bismillahir-rəhmanir-rəhim, la hovlə və la quvvətə illa billahil-əliyyil-əzim” demək. 8-Rəcəb ayının 22-ci gecəsi səkkiz rükət gecə namazı qılmaq (və hər rükətdə “Həmd” surəsindən sonra əlli dəfə “İxlas” surəsini oxumaq). 9-“Rəbbəna la tuziğ qulubəna bədə iz hədəytəna və həb ləna min lədunkə rəhməh, innəkə əntəl-vəhhab” ayəsini çoxlu demək.

7-Axirət səfərinin ikinci mənzili qəbirdir: Yaxşı olar ki, meyyiti qəbrə yaxınlaşdırdıqda, onu birdən qəbrə qoymasınlar; çünki qəbrin qorxulu və vəhşətli hadisələri vardır. Həzrət Fatimeyi-Zəhra (ə) imam Əli (ə)-a vəsiyyət etmişdi ki, məni qəbrə qoyub, qəbirimin üstünü örtdükdən sonra, mənim başımın üstündə otur, çoxlu Quran və dua oxu. Çünki həmin saat ölünün diri şəxslərlə ünsiyyət tapmağa ehtiyacı vardır. Seyyid ibn Tavus həzrət Peyğəmbər (s)-dən nəql etmişdir ki, meyyitin ən çətin saatı qəbrə qoyulduğu birinci gecədir.

8-Qəbrin birinci gecəsində öz ölünüzə sədəqə vermək, çoxlu salavat göndərmək, Quran oxumaq və vəhşət namazı qılmaqla rəhmət göndərin.

9-Qəbrin birinci gecəsinin qorxusundan nicat tapmaq üçün aşağıdakı əməlləri yerinə yetirmək faydalıdır: 1-Namazların rükusunu tam və kamil şəkildə yerinə yetirmək. 2-Hər gün yüz dəfə “La ilahə illəllahul-məlikul-həqqul-mubin” demək. 3-Yatmazdan öncə “Yasin” surəsini oxumaq. 4-( Rəcəb ayında qılınan) “Leylətur-rəğaib” namazını qılmaq. 5-Xəstələrin görüşünə getmək. 6-Xoş xasiyyətli olmaq (xüsusilə evdə). 7-Əhli-beyt (ə)-a məhəbbət bəsləmək.

10-İmam Sadiq (ə) buyurmuşdur: “Möminin günahlarının kəffarəsi (cəriməsi) qəbir əzabı və sıxıntısıdır.”

Ondan xilas olmağa səbəb olan əməllər bunlardır: 1-Hər cümə gecəsi “Nisa” surəsini oxumaq. 2-“Zuxruf” surəsini çox oxumaq. 3-Gecə namazı qılmaq. 4-“Təkasur” surəsini oxumaq. 5-Nəcəfi-əşrəf şəhərində dəfn olunmaq. 6-Meyyitin kəfəninə iki yaş çubuq qoymaq. 7-Qəbrin üstünə su tökmək (qəbrin üstü rütubətli olana qədər, meyyitə əzab verilməz). 8-Rəcəb ayında dörd, Şəban ayında isə on iki gün oruc tutmaq. 9-Rəcəb ayının birinci gecəsində on rükət namaz qılmaq (hər rükətdə “Həmd” surəsindən sonra “İxlas” surəsini üç dəfə oxumaq). 10-Rəcəb ayının birinci gecəsində iyirmi rükət namaz qılmaq. 11-“Mülk” surəsini çox oxumaq. Həzrət Peyğəmbəri-Əkrəm (s) bu barədə buyurmuşdur: “Bu surə insanı qəbir əzabından xilas edir.” 12-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Meyyiti dəfn etdikdə üç dəfə “Əllahummə inni əsəlukə bihəqqi Muhəmmədin və Ali-Muhəmmədin ən-la tuəzzibə hazəl-məyyit” desə, Allah-taala əzabı ondan götürər.” 13-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs cümə axşamı hər rükətdə “Həmd” surəsindən sonra on dörd dəfə “Zilzal” surəsini oxumaqdan ibarət olan iki rükət namaz qılsa, qəbir sıxıntısından amanda qalar.” 14-Rəcəb və Şəban ayının gecələrinə, eləcə də Aşura gecəsinə məxsus olan müstəhəb namazları qılmaq. 15-Sədəqə vermək (xüsusilə yetimə). 16-Xalqa xidmət etmək, xüsusilə məscid tikmək, körpü salmaq və yol çəkmək.

Həmçinin cümə ertəsi gününün qürubundan cümə gününün qürubu arasında ölənlərə də qəbir əzabı verilməz. (İnşaallah!)

11-Üçüncü mənzil qəbirdə Nəkir və Münkir adlı mələklərin meyyitdən sorğu-sual etməsidir: Rəvayətlərə əsasən, onlar gələrkən ildırım səsi verərlər, gözlərindən od sıçrayar və saçları yerlə sürünər. Onlar Allah, Peyğəmbər, din, imamlar və s. kimi məsələlərdən soruşarlar. Həmin halda bu suallara cavab vermək çətin olduğundan, meyyitə iki dəfə təlqin etmək müstəhəbdir: Birincisi, meyyiti qəbrə qoyanda, ikincisi isə onu dəfn etdikdən və camaat dağılışdıqdan sonra meyyitin vəlisi qəbrin baş tərəfində otursun və uca səslə təlqin desin. Rəvayətdə bəyan olunduğu kimi, meyyitə təlqin deyilsə, Nəkir və Münkir deyərlər: “Gəl qayıdaq, təlqin höccəti tamamladı, artıq sorğu-suala ehtiyac yoxdur.” Bununla da onlar heç bir sual soruşmadan qayıdarlar.

12-Əbuzərin oğlu vəfat etdikdə, Əbuzər əlini onun qəbrinə sürtüb dedi: “Sən mənə qarşı yaxşılıq etdin, Allah sənə rəhmət etsin! Əgər ölümdən sonrakı çətin və qorxulu hadisələr olmasaydı, qəmgin olmazdım. Mən sənin ölümünə və məndən ayrılığına görə ağlamadım, mənim ağlamağım sənin qəbirdəki vəziyyətinə və sorğu-suallara necə cavab verəcəyinə görədir. Kaş, səndən soruşulan sualları və sənin necə cavab verəcəyini biləydim!”

13-Axirət mənzillərindən biri də qiyamətdir; Allah-taala Qurani-kərimdə qiyamətin böyük, əzəmətli, çətin və qorxulu bir gün olduğunu açıqlamışdır. Həzrət İsa (ə) buyurmuşdur: “Cəbrail qiyamətin adını eşidəndə, lərzəyə düşüb, özündən getdi.” Rəvayətə görə, elə bir mələk, insan, cin, yer, göy, külək, dağ və dəniz yoxdur ki, qiyamət gününün hadisələrindən qorxmasın.

14-Qiyamətin qorxulu hadisələrindən amanda qalmağa səbəb olan əməllər:

a) Hər gün, yaxud hər gecə “Yusif” surəsini oxumaq.

b) Hər gün, yaxud heç olmazsa vacibi və ya müstəhəbbi namazlarda bir dəfə “Duxan” surəsini oxumaq.

v) Hər cümə günü və ya cümə axşamı “Əhqaf” surəsini oxumaq.

q) Nafilə namazlarında “Əsr” sursini oxumaq.

d) Saçını İslam yolunda ağardan şəxslərə ehtiram göstərmək.

s) Məkkə yolunda ölmək.

h) Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs Allahın qorxusundan çirkin işlərdən çəkinsə, Allah-taala da onu qiyamət gününün qorxusundan amanda saxlayar.”

x) Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs camaatı deyil, öz (əmmarə) nəfsini düşmən tutsa, Allah-taala onu qiyamətin qorxusundan amanda saxlayar.”

c) Qəzəbi söndürmək.

f) Allah-taala Qurani-kərimdə buyurmuşdur: “Qiyamət günündə özü ilə yaxşılıq (yaxşı əməllər) gətirən şəxs bu günün qorxusundan amanda qalar.” İmam Əli (ə) buyurmuşdur: “Bu ayədəki “yaxşılıq”dan məqsəd, vilayət və biz Əhli-beytə məhəbbət bəsləməkdir.”

m) İmam Sadiq (ə) buyurmuşdur: “Öz mömin qardaşına kömək edən və qəmli günündə ona rahatlıq yaradan şəxs qiyamətin böyük və qorxulu hadisələrindən amanda qalar.”

e) İmam Rza (ə) buyurmuşdur: “Hər kəs öz (mömin) qardaşının qəbrinin yanına gəlsə və əlini qəbrin üstünə qoyub, yeddi dəfə “Qədr” surəsini oxusa, qəbir əhli qiyamətin qorxusundan amanda qalar.”

15-Axirət mənzillərindən biri də qəbirdən baş qaldırmaqdır: Bu, Adəm övladlarının ən çətin və qorxulu anlarından biridir.

16-Bir neçə tayfanın qəbirdən baş qaldıranda vəziyyəti:

a) Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Əli (ə)-ın fəziləti barəsində şəkk-şübhə edən şəxs qiyamət günündə boynunda üç yüz odlu zəncirdən ibarət bir boyunbağı olduğu və hər bir zəncirdə də bir Şeytan oturub, ağız suyunu onun üzünə atdığı halda gələr.”

b) İmam Sadiq (ə) buyurmuşdur: “Malın haqqını (xums və zəkat) verməyənlər qəbirdən əlləri boyunlarına bağlanmış halda, baş qaldırarlar.”

v) Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs xəbərçilik etsə, Allah-taala onun qəbrinə od göndərər, onun ətini dörd böyük qara ilanın dişləri ilə qopartdığı halda, qəbirdən qaldırar və elə həmin ilanlarla birlikdə cəhənnəmə göndərər.”

q) Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Gözlərini naməhrəmə baxmaqla dolduranlar qəbirdən odlu mıxlara taxıldıqları halda baş qaldırarlar.”

d) Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Şərab içən şəxs qiyamətdə üzü qara, ağzı əyri və dili ağzından çıxmış vəziyyətdə qəbirdən qalxar.”

s) Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “İkiüzlü olanlar qiyamət günündə alovdan iki dili olduğu halda qəbirdən qalxar.”

17-İnsana qəbirdən qalxan zaman fayda verən əməllər:

a) Dəfn mərasimlərində iştirak etmək.

b) Mömin şəxsin qəm-qüssəsini aradan qaldırmaq.

v) Mömin şəxsi sevindirmək.

q) Mömin qardaşı paltarla təmin etmək.


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə