3-Fəzl ibn Yəsar deyir: İmam Baqir (ə)-ın belə buyurduğunu eşitdim: "Hər kəs şərab içsə, namazı qırx gün ərzində qəbul olunmaz."



Yüklə 0,74 Mb.
səhifə3/14
tarix01.08.2018
ölçüsü0,74 Mb.
#60464
1   2   3   4   5   6   7   8   9   ...   14

34-Bir hikmət sahibi demişdir: “Bir neçə qrupa təəccüb edirəm: 1-Allahı tanıyıb, Ona itaət etməyənə. 2-Savab qazanmağa ümidi olduğu halda, heç bir iş görməyənə. 3-Allahın əzabından qorxduğu halda, günahlardan çəkinməyənə. 4-Elmin fəzilətlərini bilə-bilə, onun ardınca getməyib, savadsız qalana. 5-Bütün nemətlərdən ayrılacağını bilə-bilə, onu dünyaya sərf edənə. 6-Axirət aləminə köç edəcəyinə yəqin etdiyi halda, çirkin işlərlə məşğul olub, oranı xarab edənə. 7-Arzular içərisində qərq olub, ölüm haqqında fikirləşməyənə.”

35-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Ramazan ayında Allah xatirinə oruc tutan elə bir mömin yoxdur ki, Allah-taala ona yeddi şeyi əta etməsin: 1-Bədənindəki haram ətlər əriyər. 2-Allahın rəhmətinə yaxınlaşar. 3-Babası Adəmin (behiştdə qadağan olunmuş ağacın meyvəsindən yediyi üçün) xatasınının üstünü örtər. 4-Ölüm anlarının çətinliklərini ona asan edər. 5-Qiyamətin aclıq və susuzluğundan amanda saxlayar. 6-Allah-taala ona behiştin pak yeməklərindən yedizdirər. 7-Allah-taala onu cəhhənmə əzabından uzaq edər.”

36-İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs bir gün acqarına yeddi ədəd xurma yesə, Şeytan ona zərər yetirə bilməz.”

37-Yatan vaxtı yeddi əməli yerinə yetirmək müstəhəbdir: 1-Dəstəmaz almaq. 2-Misvak vurmaq. 3-Üzü qibləyə yatmaq. 4-Üç dəfə salavat göndərmək və yaxud “təsbihati-ərbəə” (Subhanəllahi vəl-həmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər) demək. 5-Həzrət Fatimeyi-Zəhra (ə)-ın təsbihatını demək. 6-Üç dəfə “İxlas” surəsini oxumaq. 7-“Yəhkumu ma yuridu bi-izzətihi” zikrini bir dəfə demək.

38-Hər gün sübh və axşam yeddi əməli yaddan çıxarmayın: 1-Yetmiş dəfə tövbə etməyi. 2-“Qədr” surəsini iyirmi bir dəfə oxumağı. 3-On dəfə salavat göndərməyi. 4-Otuz beş dəfə “La ilahə illəllah” deməyi. 5-Otuz beş dəfə “Əl-həmdu lillah” deməyi. 6-Otuz beş dəfə “Subhanəllah” deməyi. 7-Yüz dəfə “Allahu-əkbər” deməyi.

39-Ariflərdən biri demişdir: Məqam və vəzifəni elmdə, alicənablığı təqvada, qüdrəti qənaətdə, Allahın mərhəmətini itaətdə, rahatlığı xatakar şəxslərdən uzaq gəzməkdə, təvazökarlığı haqqı qəbul etməkdə və həyatın ləzzətini nəfsin istəklərini tərk etməkdə gördüm.

40-Evdən çıxıb bir yerə getmək istədikdə, yeddi əməli yerinə yetirin: 1-Sədəqə verin. 2-On doqquz dəfə “Bismillahir-rəhmanir-rəhim” deyin. 3-“İxlas” surəsini altı dəfə altı tərəfinizə oxuyun. 4-“Kafirun” surəsini bir dəfə oxuyun. 5-“Nas” surəsini bir dəfə oxuyun. 6-“Fələq” surəsini bir dəfə oxuyun. 7-Bir dəfə “Ayətəl-kürsü”nü oxuyun.

1-Qurani-kərimdə buyurulur: “Agah olun, həqiqətən Allah dostları (təqvalılar) üçün heç bir nigaranlıq, qorxu, hüzn və qəm-qüssə yoxdur.”

2-Onlar: Allah-taalanın vacib buyurduqlarını yerinə yetirər, həzrət Peyğəmbər (s)-in sünnəsinə əməl edər və Allahın haram buyurduqlarından uzaq olarlar.

3-Allahdan həqiqi mənada qorxar, düz danışar, təvazökarlıqla yol gedər və çoxlu Quran tilavət edərlər.

4-Gözlərini Allahın haram etdiklərindən saxlayarlar.

5-Həm ağır, həm də xoş günlərdə eyni vəziyyətdə olarlar. (Dünyanın ağır və ya xoş günləri onlara təsir etməz.)

6-Əgər Allah-taalanın müəyyən etdiyi əcəl olmasaydı, onların ruhu behişti görmək şövqündən və cəhənnəm əzabının qorxusundan bir göz qırpımı belə, aram olmazdı.

7-Onlar sanki behişt və cəhənnəmi görmüş, orada yaşamışlar.

8-Qəlbləri qəmgin, istəkləri az və özləri pak-pakizədir.

9-Qiyamətin əbədi rahatlığını əldə etmək üçün dünyanın qısa günlərində səbir edərlər.

10-Dünya onları aldatmaq istəyər, lakin onlar dünya haqqında əsla fikirləşməzlər; dünya onları əsir etmək istəyər, lakin onlar canlarını qurban verməklə özlərini azad edərlər.

11-Gecələri oyaq qalıb ibadətlə məşğul olarlar, Quranı təfəkkürlə oxuyar və öz dərdlərinin dərmanını Qurandan alarlar.

12-Səbirli alimlər və xalqın xeyrini istəyənlərdir.

13-Onlara baxan şəxs, xəstə olmadıqları halda onların xəstə olduqlarını güman edər.

14-Az əməllərindən razı qalmaz və yaxşı əməllərini çox sanmazlar.

15-Daim öz nəfslərini danlayar və gördükləri əməllərdən qorxarlar.

16-Onları tərifləyəndə, qorxuya düşərlər.

17-Uzaqgörən, rəftarları mülayim və dindarlıqda güclüdürlər.

18-İmanları yəqinlə birgədir və elm öyrənməyə hərisdirlər.

19-İbadətdə təvazökar, çətinliklərdə və müsibətlərdə səbirlidirlər. Sakit qalanda qəmgin olmaz və ucadan gülməzlər.

20-Pak və halal ruzini öz zəhmətlərilə və Allahın razılığı üçün əldə edərlər.

21-Dünyanın mal-dövlətinə, cah-cəlalına qarşı zahid və rəğbətsiz olar, mal-dövlət yığıb onunla fəxr etməz və əldə etdikləri mal-dövləti Allahın vacib etdiyi istiqamətdə xərcləyərlər.

22-Qürurdan, xudpəsəndlikdən uzaq olar və başqaları ilə əlaqə yaratmaq istədikdə hiylə işlətməzlər.

23-Gündüzlərini şükür etməklə, gecələrini isə Allahı yad etməklə sona çatdırarlar.

24-Gecələri qorxu halında yatıb, sevinclə durarlar; qorxuları qəflətə düçar olacaqlarına, sevincləri isə onlara şamil olan lütf və mərhəmətə görədir.

25-Nəfslərini istədikləri şeydən məhrum edər və tamahkar olmazlar.

26-Səbirləri elmlə, sözləri əməllə birgədir.

27-Arzuları yaxın, səhv, xata və yeməkləri azdır, işləri asan və nəfsləri qanedir.

28-Dinləri qorunmuş, harama olan ehtirasları ölmüş və qəzəbləri sönmüşdür.

29-Camaat onların xeyir işlərinə ümidvar olar, əzab-əziyyətlərindən amanda qalar, onlar hamıya xeyir verər və kimsəyə əzab-əziyyət verməzlər.

30-Əgər qafillərin arasında olsalar, adları Allahı yad edənlər sırasında yazılar; əgər Allahı yad edənlər arasında olsalar, adları qəflətdə olanların sırasında yazılmaz.

31-Onlara zülm edən şəxsləri bağışlayar və əmanətə xəyanət etməzlər.

32-Pis söz danışmazlar; söhbətləri mülayim, pis işləri gizli və yaxşı işləri aşkar olar, çətin günlərdə səbir və xoş günlərdə şükr edərlər.

33-Onların əleyhinə şəhadət verilməmişdən öncə, haqqı etiraf edər və onlara tapşırılanları layiqincə yerinə yetirərlər.

34-Camaatı pis ləqəb və adlarla çağırmaz, başqalarının müsibətlərində şad olmaz, haqqın mehvərindən çıxmaz və qonşularla gözəl davranarlar.

35-İmam Sadiq (ə) buyurmuşdur: “Yaxşı əməlindən şad, pis əməlindən isə qəmgin olan şəxs mömindir.”

36-İmam Sadiq (ə) buyurmuşdur: “Möminin üç əlaməti vardır: 1-Allaha mərifəti. 2-Allahın dostları ilə dost olmaq. 3-Allahın düşmənləri ilə düşmən olmaq.”

37-İmam Baqir (ə) buyurmuşdur: “Mömin dağdan da möhkəmdir; çünki dağdan bir şey götürmək olar, lakin möminin dinindən bir şey götürmək olmaz (yəni möminin dinini əlindən almaq qeyri-mümkündür).”

38-İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs Allah xatirinə (bir kəsi) sevsə, Allah xatirinə (bir kəsə) nifrət etsə və Allah xatirinə (bir şey) əta etsə, onda o, imanı kamil olan şəxslər sırasındadır.”

39-İmam Baqir (ə) buyurmuşdur: “Həqiqətən, Allah-taala bir möminin xatirinə bir kəndin məhv olmasının qarşısını alar. Həmçinin bir məntəqədə yeddi mömin olsa, o məntəqəyə əzab yetişməz.”

40-İmam Sadiq (ə) buyurmuşdur: “Allah mömini dünyanın bəlalarından qoruyub saxlamaz, lakin dünyaya ürək bağlamaqdan və axirət bədbəxtliyindən amanda saxlayar.”

1-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Allah-taala buyurur: “Əlinin vilayəti Mənim möhkəm (və alınmaz) qalamdır; hər kəs Mənim qalama daxil olsa, cəhənnəm odundan amanda qalar.”

2-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Əlinin vilayəti Allahın vilayətidir; ona məhəbbət bəsləmək Allaha ibadət etmək və ona tabe olmaq isə vacib əməlləri yerinə yetirməkdir.”

3-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəsdə Əlinin vilayətinin bəratı olmasa, Siratdan keçə bilməz.”

4-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Əlinin vilayəti mənim vilayətim, mənim vilayətim isə Rəbbimin vilayətidir.”

5-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Əlinin vilayəti Allahın vilayətidir, onu sevmək ibadətdir.”

6-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Mən hər kəsin mövlası və rəhbəriyəmsə, Əli də onun mövlası və rəhbəridir.”

7-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Övladlarınıza Əli ibn Əbi Talib (ə)-a məhəbbət bəsləməyi əmr edin.”

8-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Səni (Əlini) sevən şəxs mömin, səninlə düşmən olan şəxs isə münafiqdir.”

9-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Əli mənim kimidir; hər kəs ona tabe olsa, mənə tabe olmuşdur və hər kəs ondan üz çevirsə, məndən üz çevirmişdir. Mən və Əli Allahın bəndələrinə olan höccətiyik.”

10-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Ya Əli! Səninlə mənim münasibətim Harunla Musanın münasibəti kimidir; bu fərqlə ki, məndən sonra heç bir peyğəmbər gəlməyəcəkdir.”

11-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Əli (ə) behiştə gedən ilk şəxsdir.”

12-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Əgər bütün insanlar Əli (ə)-a məhəbbət bəsləsəydilər, Allah-taala cəhənnəm odunu yaratmazdı.”

13-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Öz məclislərinizi Əlini yad etməklə zinətləndirin; çünki onda peyğəmbərlərin yetmiş xisləti vardır.”

14-İmam Sadiq (ə) buyurmuşdur: “Peyğəmbər (s)-in Əli (ə)-ı vilayət məqamına seçdiyi gün müsəlmanların (Qədir) bayramıdır.”

15-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Mənim ümmətimin ən üstün bayramı Qədir bayramıdır. Həmin gündə Allah-taala mənə əmr etdi ki, qardaşım Əlini ümmətimin bayraqdarı (rəhbəri) seçim.”

16-İmam Kazim (ə) buyurmuşdur: “Əli (ə)-ın vilayəti bütün peyğəmbərlərin kitablarında qeyd olunmuşdur. Hər bir peyğəmbər yalnız Mühəmməd (s)-in nübüvvətinə və Əli (ə)-ın imamətinə dair əhd-peyman aldıqdan sonra peyğəmbərliyə seçilmişdir.”

17-İmam Baqir (ə) buyurmuşdur: “Şeytan dörd dəfə nalə etmişdir: 1-Allahın lənətinə səbəb olduğu gün. 2-Yer üzünə gəldiyi gün. 3-Peyğəmbəri-Əkrəm (s)-in peyğəmbərliyə seçildiyi gün. 4-Qədir bayramı günü.”

18-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Ya Əli! Sən mənim canişinim və ümmətimin rəhbərisən. Sənə tabe olan şəxs xoşbəxtdir.”

19-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Əli Allahın kitabının təfsirçisi və (insanları) Allaha doğru dəvət edəndir.”

20-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Mən və Əli bu ümmətin atasıyıq. Bizim bu ümmət üzərində olan haqqımız onların həqiqi atalarına qarşı olan hüquqlarından artıqdır. Çünki onlar bizə itaət etsələr, biz onları cəhənnəm odundan (xilas edib) behiştə və səadətə doğru hidayət edərik.”

21-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Mən elmin şəhəri, Əli isə onun qapısıdır. Hər kəs elm öyrənmək istəyirsə, mütləq o qapıdan daxil olmalıdır.”

22-İmam Əli (ə) buyurmuşdur: “Peyğəmbər (s) mənə min elm babını öyrətdi ki, hər babdan min qapı açılırdı.”

23-Həzrət Peyğəmbər (s) bütün elmləri imam Əli (ə)-a təlim verdi.

24-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Məndən sonra ümmətimin ən elmli şəxsi Əlidir.”

25-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Ya Əli! Qiyamətdə mənə əta olunacaq nemətləri sənin üçün də istəyirəm.”

26-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Əlinin məsəli Nuhun məsəli kimidir; hər kəs onun gəmisinə minsə, nicat tapar və hər kəs ondan uzaq düşsə, qərq olar.”

27-İmam Əli (ə) Kəbənin damında azan deyən birinci şəxsdir.

28-Allah evində (Kəbədə) dünyaya gələn və Allah evində (Kufə məscidində) şəhid olan şəxs yalnız imam Əli (ə)-dır.

29-İmam Əli (ə) Xeybər müharibəsində Mərhəbə dedi: “Mən anamın Heydər (həmlənin son məqamında olan şir) adlandırdığı şəxsəm ki, ovu ovlamaq üçün pusquda oturmuşam.”

30-İmam Əli (ə)-ın adı Allah-taalanın “Əliyyun Əla” adından götürülmüşdür.

31-İmam Əli (ə) dünyaya gələndə, həzrət Peyğəmbər (s) öz dilini (təbərrük olaraq) imam Əli (ə)-ın ağzına qoydu və o həzrət Peyğəmbər (s)-in dilini sormağa başladı.

32-İmam Əli (ə) Peyğəmbər (s)-ə iman gətirən birinci şəxsdir. Şeyx Salman Bəlxi deyir: “Peyğəmbər (s)-in peyğəmbərliyə seçildiyi günün sabahı Əli (ə) İslamı qəbul etdi.”

33-İmam Əli (ə) həzrət Peyğəmbər (s)-lə namaz qılan birinci şəxsdir.

34-İmam Əli (ə) Allahın əmri və Peyğəmbərin vasitəsilə evlənən yeganə şəxsdir.

35-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Əli qiyamətdə “Həmd” bayrağını götürən şəxsdir və onun məqamı mənə hamıdan yaxındır.”

36-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Əli “Kövsər” hovuzunun sahibidir.”

37-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Məni sevdiyini deyib, Əlini düşmən tutan şəxs yalan deyir!”

38-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Ya Əli! Bir gün Cəbrail mənim yanıma gəlib dedi: “Ey Mühəmməd! Allah sənin səhabələrinə nəzər saldı, Əli (ə)-ın sənin ən yaxşı dostun olduğunu görüb, onu sənin canişinin və sənin tərəfindən xəbərləri çatdıran bir şəxs qərar verdi.”

39-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Əli haqq ilə, haqq da Əli ilədir.”

40-Allah-taala günəşi Əli (ə) üçün geri qaytardı və bu iş, həzrət Peyğəmbər (s)-in ümmətindən heç bir şəxs üçün baş verməmişdir.

1-Hər gün Allahın adını çək və Ona təvəkkül et.

2-Bizi xatırla, adımızı dilinə gətir və bizə salam göndər.

3-İnsanların yerinə yetirdiyi elə bir əməl yoxdur ki, mən onu görməyim.

4-Bizdən qeyrisindən (və bizə əsaslanmayan) elm və hədis öyrənmə.

5-Hər bir işə və hərəkətə qarşı elmin və mərifətin olsun.

6-Yemək yeyəndə, Allahın adını çək ki, zərər çəkməyəsən.

7-İnsanlara yaxşılıq et, paxıllıq etmə, Allah-taala bu işə görə sənə çoxlu savab verər.

8-Yoldaşlarınla gülərüzlə rəftar et və xidmətçilərinin səhvlərini bağışla və onları ittihamlandırma.

9-Yeməyi qurtarandan sonra Allaha ucadan həmd-səna et ki, başqaları da sənin səsini eşidib, Allaha həmd-səna etsinlər, bununla sənin savabın böyük olar.

10-Doymamışdan bir az öncə, süfrədən çəkil ki, suya və havaya da yer qalsın; bu göstərişə əməl etsən, yemək sənin üçün bərəkətli olar. Bədənin sağlamlığı az yemək və içməkdədir.

11-Zəkat verən, möminlərə yardım edən, yaxın adamları və qohum-əqrəbası ilə əlaqəsini möhkəmlədən şəxsin mal-dövlətində xeyir-bərəkət olar.

12-Yaxın adamlarından olan möminlərə başqalarından artıq yardım et, fəqirlərə sədəqə ver; çünki sədəqə bəlaları dəf edir.

13-Sənə tərəf əl uzadan şəxsi əli boş qaytarma, hətta bir xurmanın yarısı qədər verəməklə olsa belə.

14-Möminin ən gözəl zinəti təvazökarlığıdır.

15-Möminin gözəlliyi iffətindədir.

16-Möminin şərəfi və başıucalığı boş-boş danışmağı tərk etməsindədir.

17-Alçaq adamlarla mübahisə etmə, hətta sənə nalayiq sözlər desələr də belə. Səbirli ol və Allah-taalanın “cahil adam onunla mübahisə etdikdə, o cavabında salam verər” – deyə buyurduğu şəxslərdən ol!

18-Həmişə haqq söz de!

19-Pərhizkarlarla dostluq et və fasiqlərdən uzaq gəz!

20-Münafiqlər və xainlərlə əlaqə yaratma.

21-Zülmkarların qapısını döymə və onlarla kəsb-ticarət etmə. Məbada, onlara baş əyib, ehtiram göstərəsən!

22-Yoxsulluğunu camaata açıqlama, izzətlə yaşa və fəqirlik müqabilində səbir et.

23-Səni çətinliklərdə yalqız qoymayan və müsibət üz verdikdə yardım göstərmək üçün əlindən gələnini əsirgəməyən şəxs sənin qardaşın sayılır.

24-Mömin möminin aynasıdır, onlar bir-birlərilə qardaşdırlar və qardaşa qardaşdan əziz bir şəxs olmaz.

25-Əgər bir şəxs sənə bir söz deyib, onun sirr olaraq saxlamasını səndən istəsə, onu faş etməkdən həzər et, əks halda tövbən də qəbul olunmaz.

26-Çətinliklərdən amanda qalmaq üçün “La hovlə və la quvvətə illa billahil-əliyyil-əzim!” zikrini yaddan çıxartma.

27-Sənə hər bir nemət əta olunduqda, onun artması üçün “Əl-həmdu lillah” de!

28-Ruzin təxirə düşdükdə, tövbə et və Allahdan bağışlanmağını dilə ki, işlərin öz qaydasına düşsün.

29-Vacib olan əməllərin tərk olunmasına qəti icazə verilməmişdir.

30-Allahın sənə əta etdiyi minlərlə nemətin müqabilində, Ona təşəkkür etməyi və Onu yad etməyi unutma.

31-Allahı yad etməyənlərdən olma.

32-İstifadə etdiyin yeməklər halal olmasa, Allah-taala sənin şükrünü və zikrini qəbul etməz.

33-Hər bir şəxsin əmanətini – kimliyindən asılı olmayaraq, – özünə qaytar.

34-Allah-taala bizi Öz əxlaqına doğru yönəltmiş, onu öyrənməyi və insanları ona rəğbətləndirməyi bizə əmr etmişdir.

35-Allaha and olsun, camaatın mənim əmrimə tabe olması üçün, onlara heç vaxt yalvarmaram!

36-Bəziləri bu fani və yalan dünyadan ləzzət aldılar, biz isə əbədi axirət aləmindən fadalanıb ləzzət alacağıq.

37-Bizi yaxşı əməllərə sövq edən Allahın təqvalılara əta etdiyi behiştin yüksək mərtəbəsidir.

38-Behişt fikrində olmayanları ağır və əbədi əzabla müjdələ.

39-Namaz qılmaq, oruc tutmaq və sədəqə vermək (təklikdə) mühüm deyildir, əhəmiyyət kəsb edən məsələ təmiz qəlbə, doğru niyyətə və xalis əmələ malik olmaqdır.

40-Mən Allaha hər bir halda itaət və sitayiş edirəm. (Sən də həmişə Allaha itaət və sitayiş et!)

1-Abdullah ibn Abbas:

O, Peyğəmbər (s)-in əmisi oğlu, imam Əli (ə)-ın səfiri, nümayəndəsi və İslam ordusunun sərkərdəsi idi. İmam Əli (ə) uşaqlıq çağlarından ona İslam maarifini öyrətməyə başladı. O, fiqh, təfsir və təvil elmlərində, hətta ənsab elmində başqalarından tam şəkildə fərqlənirdi. Peyğəmbər (s) onun haqqında belə dua etmişdi: “İlahi! Onu din alimi et və Quranın təvilini ona öyrət.” Cəməl, Siffeyn və Nəhrəvan müharibələrində imam Əli (ə)-ın ordusunda iştirak edərək şücaətlə döyüşürdü. O, Siffeyn müharibəsində imam Əli (ə)-ın ordusunun sol cinahının sərkərdəsi idi, imam Həsən (ə) və imam Hüseyn (ə) da onun ordusunda döyüşürdülər. İbni Abbas imam Əli (ə)-ın tərəfindən Bəsrənin valisi təyin edildi, və o həzrətin şəhadətindən sonra imam Həsən (ə)-ın hüzurunda idi. Abdullah ibn Zübeyr onu Taifə sürgün etdi. Ömrünün axırlarında gözləri tutuldu, amma yenə də İslam maarifini yaymaqdan əl çəkmədi, nəhayət yetmiş bir yaşında ikən Taifdə vəfat etdi.

2-Əbuzər Qəffari:

Əbuzər adı ilə məşhur olan Cündəb İslamı qəbul edən ilk şəxslərdəndir (dördüncü, yaxud beşinci müsəlmandır). Məkkədə həzrət Peyğəmbər (s)-in hüzuruna gəlib İslamı qəbul etmiş, sonra öz tayfasının yanına qayıtmışdı. O, Ühüd, Bədr və Xəndək müharibələrində iştirak etmiş və Xəndək müharibəsindən sonra Mədinəyə köçmüşdür.

Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Allah Əbuzəri bağışlasın! O, tək-tənha yaşayar, tək-tənha ölər və məhşərə də tək-tənha gələr.” Həmçinin buyurmuşdur: “Hər kəs İsa ibn Məryəmin təvazökarlığına baxmaq istəyirsə, Əbuzərə baxsın.”

Osman onu Rəbəzəyə sürgün etmiş və hicrətin 31-ci (yaxud 32-ci) ilində elə orada vəfat etdi.

3-Bilal Həbəşi:

O, həzrət Peyğəmbər (s)-in səhabələrindən və İslamı qəbul edən ilk şəxslərdəndir, qara dərili bir qul olmuş və Bəni-Cəm qəbiləsində yaşamışdır. O, İslamı qəbul etdikdən sonra Peyğəmbər (s)-in qatı düşmənlərindən olan Üməyyə ibn Xələf göstəriş verdi ki, onu Məkkənin yandırıçı qumları üstündə uzadıb, sinəsinin üstünə ağır daş qoyaraq ondan Allahı inkar etməsini istəsinlər. Lakin Bilal yeni qəbul etdiyi dinində sabitqədəm olmuşdur. Həzrət Peyğəmbər (s)-in göstərişi ilə Əbu Bəkr onu alıb, azad etmişdir. Bilal Peyğəmbər (s)-in apardığı müharibələrdə iştirak etmiş və o həzrətin azançısı və Mədinədə də azan deyən ilk şəxs olmuşdur. Peyğəmbər (s)-in vəfatından sonra bir dəfədən artıq azan deməmişdir, o da xanım Fatimeyi-Zəhra (ə)-ın göstərişi ilə olmuşdur. Bəzi tarixçilərin nəzərinə görə, “Həyyə əla xəyril-əməl” (xeyirli əməllərə tələsin) cümləsi azandan çıxarıldıqda, artıq o, azan deməyi tərk etmişdir. O, Əbu Bəkrlə beyət etməmiş və Ömərə demişdir: “Peyğəmbər (s)-in canişin və rəhbər təyin etmədiyi şəxsə beyət etmərəm!” Buna görə də Ömərin göstərişi ilə Mədinədən Dəməşqə sürgün edildi və orada da altmış, yaxud yetmiş yaşında ikən vəfat etdi.

4-Cabir ibn Abdullah Ənsari:

O, Bədr müharibəsində iştirak etmişdir. Atası Abdullah da Ühüd müharibəsində şəhid olmuşdu. Onun vəsfində çoxlu rəvayətlər nəql olunmuşdur. İmam Baqir (ə)-ın dövrünə qədər yaşamış və Peyğəmbər (s)-in salamını o həzrətə çatdırmışdı. Cabir Peyğəmbər (s)-in apardığı bir çox müharibələrdə iştirak etmiş, imam Əli (ə)-ın vəfalı səhabəsi olmuş və Siffeyn müharibəsində şücaətlə döyüşmüşdü. İmam Hüseyn (ə)-ın qırxında o həzrətin qəbrini ziyarət edən ilk şəxs idi. Ömrünün axırlarında gözləri tutulmuş və doxsan yaşında ikən vəfat etmişdir.

5-Şəhid İbrahim Əştər:

Malik Əştərin oğlu İbrahim şiə tarixinin şücaətli qəhrəmanlarından və imam Əli (ə), imam Həsən (ə) və imam Hüseyn (ə)-ın səhabələrindən biridir. O, Siffeyn müharibəsində atası ilə birgə Müaviyənin əleyhinə vuruşmuş və Muxtarla birlikdə Kərbəla şəhidlərinin intiqamını almaq üçün qiyam etmişdi. İbrahim 67-ci hicri qəməri ilində Mosulda Übeydullah ibn Ziyad və Həsin ibn Nümeyri ələ keçirib, hər ikisini qətlə yetirdi. Muxtar məğlubiyyətə uğradıqdan sonra Əbdül-məliklə beyət etmədi, Şam və Müsəb orduları arasında baş verən müharibədə öldürüldü. Onun başını kəsib Əbdül-məlikin yanına apardılar, bədənini isə yandırdılar.

6-Şəhid Üveys Qərəni:

O, həm həzrət Peyğəmbər (s)-in, həm də imam Əli (ə)-ın səhabəsi olmuşdur. Həzrət Peyğəmbər (s) onu İslama dəvət etdikdə, dərhal iman gətirmişdi və İslamı təbliğ edən ilk şəxslərdən biri olmuşdur. Anası xəstə olduğu üçün Peyğəmbər (s)-i heç vaxt görə bilməmişdi. Əlbəttə, bir dəfə Mədinəyə gəlib Peyğəmbər (s)-i görmək istədi, lakin o həzrət evdə olmadığına görə Peyğəmbər (s)-i ziyarət etmədən Yəmənə qayıtdı. Peyğəmbər (s)-ə o qədər məhəbbət bəsləyirdi ki, Ühüd müharibəsində o həzrətin dişlərinin sınmasını eşitdikdə, onun da dişləri ağrımağa başladı. Peyğəmbər (s) Üveys Qərəniyə olan məhəbbətini aşkar edib buyurdu: “Hər kəs Üveys Qərənini görsə, mənim salamımı ona söyləsin.” O, bəzi gecələri rüku, bəzi gecələri də səcdə halında keçirirdi. Həmişə imam Əli (ə)-ın hüzurunda İslamın düşmənlərinə qarşı döyüşürdü. Siffeyn müharibəsində ağır bir döyüşdə şəhadət məqamına nail oldu.

7-Şəhid Əbu İshaq Bəsii:

O, Abdullahın oğlu və Yezid ibn Həsinin bacısı oğlu idi. İmam Əli (ə), İbni Abbas və digər səhabələri görmüşdü. Şiə və sünnü alimlərinin nəzərinə görə o, hədis elmində etimadlı şəxslərdən biridir. Əbu İshaq qırx il işa namazının dəstəmazı ilə sübh namazını (gecəni səhərə kimi oyaq qalıb) qılmışdı. Doxsan yaşında ikən Kərbəlada şəhadətə çatdı.

8-Şəhid Əbul-buxtəri Tayi:

O, imam Əli (ə)-ın xüsusi səhabələrindəndir. Yəmən əhlindən olub, Kufədə yaşamış, şiə alimlərindən, hədisçilərindən olan tabeindir, əmanətdar və etimadlı şəxslərdən olmuşdur. Allah yolunda cihad etmiş, Həccac ibn Yusifin əleyhinə Məhəmməd ibn Əşəsin etdiyi qiyamda iştirak edib, şəhid olmuşdur.

9-Əbu Tufeyl Kənani:

O, imam Əli (ə)-ın xüsusi səhabəsi, Cəməl, Siffeyn və Nəhrəvan müharbələrində o həzrətin bayraqdarı olmuşdur. Siffeyn müharibəsində şücaətlə döyüşmüş və Müaviyənin ordusunu məğlub etməkdə böyük rəşadət göstərmişdir. Buna görə də imam Əli (ə) ona təşəkkür etmişdir. O, Ühüd müharibəsi günlərində dünyaya gəldiyinə görə Peyğəmbər (s)-in səhabələrindən sayılırdı. O, Peyğəmbər (s)-in səhabələri arasında vəfat edən sonuncu şəxs olmuşdur.

10-Şəhid Əbu Heysəm ibn Teyhan:

O, İslam dinindən qabaq Allahpərəst, ənsar arasında İslam dinini qəbul edən ilk şəxs idi və İslam dinini yaymaqda ciddiyyətlə çalışmışdır. Siffeyn müharbəsində iraqlı əsgərləri döyüşə təşviq etdi və elə bu müharibədə Əmmardan sonra şəhadətə nail oldu.

11-Əbu Əyyub Ənsari:

O, Peyğəmbər (s) və imam Əli (ə)-ın səhabəsi olmuşdur. Həzrət Peyğəmbər (s) onun atasının gözlərinə şəfa vermiş və Mədinəyə hicrət edəndə, Mədinə məscidi tikilib qurtarana qədər onun evində məskunlaşmışdı. Əbu Əyyub Peyğəmbər (s)-in apardığı bütün müharibələrdə iştirak etmişdi. O həzrətin vəfatından sonra imam Əli (ə)-ın haqqını müdafiə etmiş, Osmanın qətlindən sonra imam Əli (ə)-la beyət edən ilk şəxs olmuş, Cəməl, Siffeyn və Nəhrəvan müharibələrində döyüşmüş və imam Əli (ə) tərəfindən Mədinəyə vali seçilmişdir.

12-Şəhid Əbu Səmamə:

O, imam Əli (ə), imam Həsən (ə) və imam Hüseyn (ə)-ın səhabələrindən olmuş, Siffeyn müharibəsində iştirak və imam Həsən (s)-la beyət etmişdir. İmam Həsən (ə) şəhid olduqdan sonra Kufədə camaatı imam Hüseyn (ə)-a beyətə dəvət edirdi. Süleyman ibn Sürədin evində toplaşanlarla birlikdə imam Hüseyn (ə)-a bir məktub yazaraq o həzrəti Kufəyə dəvət etdilər. O, Kufədə həzrət Müslümlə birgə İbni Ziyadın əsgərlərilə döyüşdü. Gecə ikən Kufədən çıxıb, imam Hüseyn (ə)-a qoşularaq Kərbəlaya getdi və Aşura günü günortadan sonra şəhadətə çatdı. Onun qəbri imam Hüseyn (ə)-ın hərəmində “şəhidlər məqbərəsi”ndə yerləşir.


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə