3-Fəzl ibn Yəsar deyir: İmam Baqir (ə)-ın belə buyurduğunu eşitdim: "Hər kəs şərab içsə, namazı qırx gün ərzində qəbul olunmaz."



Yüklə 0,74 Mb.
səhifə4/14
tarix01.08.2018
ölçüsü0,74 Mb.
#60464
1   2   3   4   5   6   7   8   9   ...   14

13-Şəhid Əbu Düçaçə:

O, Peyğəmbər (s)-in səhabələrindən olmuş və o həzrətin vəfatından sonra imam Əli (ə)-la beyət etmişdir. Onun Yəmamə müharibəsində göstərdiyi şücaət və apardığı qəhrəmancasına döyüşlər məşhurdur. Bir nəzərə görə bu müharibədə, başqa bir nəzərə görə isə Siffeyn müharibəsində şəhid olmuşdur. İmam Sadiq (ə) onun haqqında buyurmuşdur: “Məhdi (ə) zühur edəndə Əbu Düçaçə onun səhabələrindən olacaqdır.”

14-Əbu Rafe:

O, Abbas tərəfindən Peyğəmbər (s)-ə hədiyyə edilən bir qul idi, Cəfərlə birlikdə Həbəşistana getdi. Həzrət Peyğəmbər (s) onu Səlma ilə evləndirdi. O, Mədinəyə hicrət etdikdən sonra bütün müharibələrdə iştirak etmişdi. Peyğəmbər (s) onun barəsində buyurmuşdur: “Hər bir peyğəmbərin amanı vardır, mənim də amanım Əbu Rafedir.” Peyğəmbər (s) vəfat etdikdən sonra o, imam Əli (ə)-la beyət etmiş və o həzrətin vəfalı dostlarından biri olmuşdur. O, fiqh elmində “Əs-sünənu vəl-əhkamu vəl-qəzaya” adlı ilk kitabı yazmışdır.

15-Səd ibn Malik:

O, ənsarın alimlərindən, həzrət Peyğəmbər (s) və imam Əli (ə)-ın böyük səhabələrindən və imam Əli (ə)-a beyət edən ilk şəxslərdəndir. Sədin atası Malik Bədr müharibəsində şəhadət məqamına çatmışdı, özü isə on üç yaşında ikən Ühüd müharibəsində iştirak etmiş, lakin yaşının az olmasına görə, ona cihad icazəsi verilməmişdi. Sonra Xəndək və digər müharibələrdə həzrət Peyğəmbər (s)-lə birgə olmuşdur.

O, Peyğəmbər (s)-dən min yüz yetmiş hədis rəvayət etmişdir. Hicrətin 64-cü ilində yetmiş beş yaşında ikən Mədinədə vəfat etmiş və Bəqi qəbiristanlığında torpağa tapşırılmışdır.

16-Əbu Səhər ibn Əbrəqə:

O, imam Əli (ə)-ın səhabələrindən idi, Siffeyn müharibəsində Şam əhalisindən olan bir qrupla birlikdə Müaviyənin ordusundan ayrılmış və imam Əli (ə)-ın ordusuna qoşulmuşdur.

17-Əmr ibn Əl-həməq Xüzai:

O, imam Əli (ə)-ın səhabələrindən biridir, pak bir insan olmuş və o həzrətin hüzurunda İslam elmlərinə yiyələnərək yüksək məqamlara nail olmuşdu. Əmr Cəməl, Siffeyn və Nəhrəvan müharibələrində döyüşmüşdür. İmam Əli (ə) şəhadətə çatdıqdan sonra Hücr ibn Ədiyə kömək edir və Bəni Üməyyənin imam Əli (ə) haqqında nalayiq sözlər deməsinə mane olurdu. Buna görə də İbni Ziyad Əmri tutmaq əmrini verdi. Əmr Mosula qaçıb bir mağarada gizləndi. Həmin mağarada onu bir ilan sancdı və o, dünyasını dəyişdi. Əmri təqib edənlər, onun cəsədini tapıb, başını bədənindən ayırıb İbni Ziyadın yanına gətirdilər. O da Əmrin başını Müaviyəyə göndərdi. Müaviyə isə kəsik başı nizəyə keçirtdi. Bu işi İslam tarixində ilk dəfə Müaviyə görmüşdü.

18-Əbu Ümrə:

O, imam Əli (ə)-ın xüsusi səhabələrindəndir. Həzrət onun qulağına “İsmi-əzəmi” (Allahın ən böyük adlarını) oxumuş və bunun sayəsində Quran hafizi olmuşdur. O deyir: “Mənim gözəl səsim var idi, ona görə də şer oxuyurdum. İmam Əli (ə) mənə buyurdu: “Nə üçün Quran oxumursan?!” Dedim: Quran oxuya bilmirəm. Həzrət buyurdu: “İrəli gəl.” Mən o həzrətin yanına getdim, qulağıma bir söz dedi, lakin onun nə dediyini başa düşmədim, sonra ağzının mübarək suyunu mənim ağzıma atdı. Bundan sonra Quranı əzbərlədim.” İmam Baqir (ə) bu barədə buyurmuşdur: “Əli (ə) Əbu Ümrənin qulağına Allahın ən böyük adını oxudu.”

19-Əbu Qütadə Ənsari:

Onun əsl adı Haris ibn Rəbidir. Peyğəmbər (s) və imam Əli (ə)-ın səhabəsi və mahir süvari olmuşdur. Buna görə də onu “Peyğəmbər (s)-in farisi” (at sürəni) adlandırırdılar. O, Ühüd və ondan sonrakı müharibələrdə iştirak etmiş və Peyğəmbər (s)-dən sonra Xalidin ordusunda olmuşdur. Lakin Xalidin çirkin və yaramaz əməllərindən xəbərdar olduqda, ondan ayrılıb, Mədinəyə qayıtdı və and içdi ki, heç vaxt Xalidin bayrağı altında olmayacaq. İmam Əli (ə)-ın dövründə öz şücaətini göstərmiş, o həzrətin bütün müharibələrində iştirak etmiş, nəhayət Kufədə dünyadan getmişdir. Vəfat edəndə ona imam Əli (ə) namaz qıldı.

20-Şəhid Ümeyy ibn Qeys:

O, imam Əli (ə)-ın səhabəsi olmuş və Siffeyn müharibəsində şəhadətə çatmışdı. Onun etimadlı şəxs olmasını sünnülər də qəbul etmişlər. Bir gün qardaşı Əlqəmə onu yuxuda görüb axirət aləmi barədə soruşdu. O, cavabında dedi: “Biz müxaliflərimizlə bir yerə toplaşıb mübahisə etdik və güclü dəlillərlə müxaliflərə qalib olduq.”

21-Übeyy ibn Kəb:

O, həzrət Peyğəmbər (s) və imam Əli (ə)-ın səhabəsi olmuş, Bədr müharibəsində iştirak etmiş və vəhyi yazanlardan olmuşdur. Həzrət Peyğəmbər (s) onunla Səid ibn Zeyd arasında qardaşlıq əqdi oxumuşdu. O, Quran təfsirçisi və qabaqcıl qarilərdən olmuşdur. İmam Sadiq (ə) onun haqqında buyurmuşdur: “Biz Quranı onun qiraəti ilə oxuyuruq. O, Əbu Bəkrin xilafətini qəbul etməyən on iki nəfərdən biridir.”

22-Şəhid Asim Əzdi Kufi:

O, həzrət Peyğəmbər (s) və imam Əli (ə)-ın səhabəsi olmuş, imam Əli (ə)-ın apardığı müharibələrdə iştirak etmiş və nəticədə ayağına bir ox dəyərək onun axsamasına səbəb olmuşdur. O, Aşura hadisəsində Kufədən məxfi şəkildə çıxıb Kərbəlada imam Hüseyn (ə)-a qoşulmuş və Aşura günü sübh çağı İbni Sədin ilk hücumunda qəhrəmancasına döyüşərək şəhadət məqamına nail olmuşdur. Onun qəbri Kərbəlada imam Hüseyn (ə)-ın hərəmində “şəhidlər məqbərəsi”ndə yerləşir.

23-Şəhid Əşrəs ibn Həssan Bəkri:

O, imam Əli (ə)-ın vəfalı səhabəsi olmuş, Siffeyn müharibəsindən sonra “həkəmiyyət” hadisəsində xəvariclə döyüşmüşdür. O, imam Əli (ə) tərəfindən Ənbar şəhərinin valisi təyin edilmişdir. Müaviyə öz qoşunu ilə həmin şəhərə hücum etdikdə, Həssan şücaətlə vuruşmuş, nəhayət şəhadətə çatmışdır.

24-Şəhid Əyən ibn Zəbiə:

O, imam Əli (ə)-ın səhabələrindən olmuş və o həzrətin apardığı müharibələrdə iştirak etmişdir. Müaviyə Abdullah ibn Amiri Bəsrəyə göndərdi ki, Osmanın tərəfdarlarını Əli (ə)-ın əleyhinə döyüşə dəvət etsin. Digər tərəfdən də, imam Əli (ə) Əyəni Bəsrəyə göndərdi ki, orada öz qəbiləsi ilə söhbət edib, onları Abdullah ibn Amirin əleyhinə qiyama qaldırsın. Lakin onun söhbətləri heç bir təsir göstərmədi, geri qayıtmaq istədikdə, xəvaricdən bir qrupu onu şəhadətə yetirdilər.

25-Şəhid Üməyyə Tai Kufi:

O, imam Əli (ə)-ın səhabələrindən, Kufədəki mübariz şiələrdən olmuş və həmişə Həzrətin apardığı müharibələrdə iştirak etmişdir. Onun Siffeyn müharibəsində göstərdiyi şücaət misilsiz idi. O, imam Hüseyn (ə)-ın Kərbəlaya daxil olmasını eşitdikdə, bir qrup şiə ilə birlikdə Kufədən məxfi şəkildə çıxıb Məhərrəm ayının 8-də o həzrətə qoşuldu. Aşura günü sübh vaxtı İbni Sədin qoşununun ilk hücumu nətiçəsində şəhadət məqamına nail oldu. Onun qəbri Kərbəlada imam Hüseyn (ə)-ın pak hərəminin “şəhidlər məqbərəsi”ndə yerləşir.

26-Şəhid Ənəs Kahili Əsədi:

O, həzrət Peyğəmbər (s) və Əhli-beyt (ə)-ın səhabələrindən olmuşdur. İmam Hüseyn (ə)-ın İraqa doğru hərkət etməsini eşitdikdə, (yaşlı olmasına baxmayaraq,) imam Hüseyn (ə)-a kömək etmək üçün Kufədən məxfi şəkildə çıxıb, Kərbəlaya getmişdir. İmam Hüseyn (ə) onun barəsində buyurmuşdur: “Ey şeyx! Allaha şükürlər olsun ki, sənin köməyini mənə nəsib etdi.” Ənəs düşməndən on səkkiz nəfərini qətlə yetirdikdən sonra şəhadətə çatdı. Onun qəbri imam Hüseyn (ə)-ın hərəminin “şəhidlər məqbərəsi”ndə yerləşir.

27-Şəhid Sabit ibn Bünani Ənsari:

O, həzrət Peyğəmbər (s)-in və imam Əli (ə)-ın vəfalı səhabələrindən olmuş, Bədr və digər müharibələrdə iştirak etmişdir. Mərhum Əllamə Əmini onu Qədir-Xum hədisini nəql edən ravilərdən biri saymışdır. Peyğəmbər (s) onun şəhid olacağını ona xəbər vermişdi. O, Siffeyn müharibəsində şəhadət məqamına nail oldu.

28-Şəhid Sabit ibn Übeyd Ənsari:

O, həzrət Peyğəmbər (s)-in böyük səhabəsi olmuş və adı da Bədr səhabələri sırasında yazılmışdır. O həzrətdən sonra imam Əli (ə)-a vəfalı qalmış və Siffeyn müharibəsində şəhadətə çatmışdır.

29-Şəhid Cüveyriyyə:

O, imam Əli (ə)-ın vəfalı və etimadlı səhabələrindən biri idi. O həzrət həmişə onu görməyi arzu edir və ona buyururdu: “Hər dəfə səni görəndə xoşhal oluram.” Cüveyriyyə o həzrətin hədislərini nəql edən şəxslərdən olmuşdur. Nəhayət, Müaviyənin dövründə Əhli-beyt (ə)-a məhəbbət bəslədiyi üçün ayağını kəsdilər və ağacdan asaraq faciəli şəkildə şəhid etdilər.

30-Şəhid Həbib ibn Məzahir:

O, imam Əli (ə), imam Həsən və imam Hüseyn (ə)-ın xüsusi və vəfalı səhabələrindən, habelə elmdə, zahidlikdə, təvazökarlıqda məşhur və Quran hafizi idi, çoxlu Quran tilavət edirdi. Kərbəlada yaşlı olmasına baxmayaraq, canla-başla döyüşüb, küfr ordusundan altmış iki nəfəri öldürdükdən sonra şəhadətə çatdı.

31-Şəhid Hüçr ibn Ədiy:

O, həzrət Peyğəmbər (s)-in yaxın səhabələrindən olmuş, o həzrətin apardığı müharibələrdə iştirak etmiş və təqvası dillər əzbəri olmuşdu. Həmişə dəstəmazlı olar, gecələri ibadətlə keçirərdi. İmam Əli (ə)-ın da vəfalı səhabələrindən olmuş, Siffeyn, Çəməl və Nəhrəvan müharibələrində şüçaətlə döyüşmüş və Siffeyn müharibəsində imam Əli (ə)-ın ordusunun sərkərdəsi olmuşdur. Hücr o həzrətin şəhadətindən sonra Kufədə Müaviyənin əleyhinə çoxlu təbliğat apardı, nəhayət onun əleyhinə qiyam etdi. Ziyadla onun qoşunu arasında döyüş baş verib, onun özü və dostlarının şəhadətə çatması ilə nəticələndi.

32-Şəhid Həkim ibn Cəbələ Əbdi:

O, həzrət Peyğəmbər (s) və imam Əli (ə)-ın səhabəsi olmuşdur. İmam Əli (ə)-ı sevməkdə məşhur idi. İmam Əli (ə) onun barəsində buyurmuşdur: “Həkim xalqı haqqa dəvət etdi və bu dəvətilə yüksək məqama nail oldu.” Cəməl müharibəsi başlamazdan və imam Əli (ə) müharibə meydanına gəlməzdən öncə o həzrətin düşmənlərilə döyüşüb üç qardaşı və bir neçə dostu ilə birgə şəhadət məqamına nail oldu.

33-Şəhid Rüşeyd Hücri:

O, imam Əli (ə)-ın şagirdi, sirdaşı və məxsus səhabəsi olmuşdur. Günlərin birində imam Əli (ə) öz səhabələri ilə birlikdə xurma bağına gedib, bir xurma ağacının altında oturdular. Həzrət buyurdu ki, həmin ağacdan xurma dərsinlər. Onlar da xurma dərib, yedilər. Bu zaman Rüşeyd Hücri dedi: “Ya Əmirəl-möminin, bu nə gözəl xurmadır!” Həzrət buyurdu: “Ey Rüşeyd! Səni bu xurma ağacından asacaqlar.” Bundan sonra Rüşeyd həmişə o ağacın yanına gəlib, ona su verərdi. Nəhayət, bir gün o, həmin ağacın budaqlarının kəsildiyini gördü və öz-özünə dedi: “Deyəsən, mənim əcəlim yaxınlaşıb.” Bir neçə gündən sonra İbni Ziyad məmur göndərib, onu çağırtdırdı və Əli (ə)-a tərəfdarlıq etməməsini tələb etdi. Lakin o, bu işdən imtina etdikdə, onun əl-ayağını və dilini kəsdirib, həmin ağacdan asdırdı.

34-Şəhid Əmmar Yasir:

O, həzrət Peyğəmbər (s) və imam Əli (ə)-ın səhabələrindən idi. Anası Süməyyə İslam yolunda ağır əzab-əziyyətlər, dözülməz işkəncələrə məruz qaldıqdan sonra şəhadətə çatmışdı. Həzrət Peyğəmbər (s) hər dəfə onu gördükdə, buyurardı: “İlahi, Yasirin ailəsini (Əmmarın anasını) bağışla! Əlbəttə ki, Allah onu bağışlamışdır.” Əmmar Peyğəmbər (s)-dən sonra Əbu Bəkrin xilafət kürsüsündə əyləşməsinə etiraz edən on iki nəfərdən biri idi və Siffeyn müharibəsində şəhadətə çatdı. İmam Əli (ə) onun şəhadətindən sonra buyurdu: “Əmmarın matəminə qəmgin olmayan şəxsin müsəlmanlıqdan nəsibi yoxdur. Həqiqətən, Əmmarın yeri behişt, qatilinin yeri isə cəhənnəmdir!” Sonra Həzrət ona namaz qılıb, Siffeyndə torpağa tapşırdı.

35-Şəhid Kumeyl ibn Ziyad Nəxəi:

O, imam Əli (ə)-ın ən yaxın dostlarından olmuşdur və səhabələrin arasında böyük ehtirama malik idi. O, imam Əli (ə) tərəfindən Heyət məntəqəsinə vali təyin edilmişdi və ariflər onu o həzrətin sirlərinin sahibi kimi tanıyırdılar. İmam Hüseyn (ə)-ın da səhabəsi olmuşdur. Həccac İraqın valisi olduqdan sonra onun qətlinə hökm verdi. Kumeyl bu xəbəri eşitdikdə, qaçıb gizləndi. Həccac onu tapa bilmədiyi üçün Kumeylin qohum-əqrəbasının (beytül-maldan olan) hüquqlarını kəsdi. Kumeyl bu vəziyyətdən xəbərdar olduqda, qayıdıb özünü Həccaca təslim etdi və ona dedi: “Allah-taala qiyamət günündə mənimlə sənin aranda hökm edəcəkdir! Əli (ə) mənə xəbər vermişdir ki, məni sən öldürəcəksən.” Həccac əmr etdi ki, onun başını bədənindən ayırsınlar. O, doxsan yaşında şəhadətə çatdı. Qəbri Kufə ilə Nəcəf arasında yerləşən Səviyyədədir.

36-Şəhid Malik ibn Əştər:

O, imam Əli (ə)-ın ordusunun sərkərdəsi, o həzrətin ən yaxın dostu və səhabəsi, güclü, şücaətli, zahid, təvazökar, hörmətli və şan-şöhrətli bir şəxs idi. Malik öz mövlasının məktəbində insaniyyət dərsini öyrənmiş və öz qüdrət və gücünü yalnız haqq-ədalət yolunda sərf etmişdir. Siffeyn müharibəsində xəvaricin həkəmiyyət məsələsi ilə əlaqədar israrları olmasaydı, artıq o, Müaviyənin və onun dostlarının kökünü kəsmişdi.

İmam Əli (ə) 38-ci hicri-qəməri ilində onu Misrə hakim təyin edib, onun üçün hökumət işləri və dünyanın bütün hökmdarları ilə əlaqədar olan nəsihətli və hikmətli bir əhdnamə yazdı. Müaviyə bir casus göndərib, onu Əriş məntəqəsində zəhərlənmiş bal ilə şəhid etdi. İmam Əli (ə) onun şəhadətindən sonra buyurdu: “Mən Peyğəmbər üçün neçə idimsə, Malik də mənim üçün elə idi. Kaş, sizin içərinizdə onun kimi iki nəfər dostum olaydı!”

37-Şəhid Məhəmməd ibn Əbu Bəkr:

O, imam Əli (ə)-ın xüsusi səhabələrindən, şiə aləminin ən böyük və yüksək məqama malik olan şəxsiyyətlərindən biridir. Məhəmməd o həzrətin xüsusi səhabəsi olmaqdan əlavə, həm də onu övladı sayılırdı. Onun anası Əsma, Cəfər ibn Əbi Talibin həyat yoldaşı idi. Cəfər şəhid olduqdan sonra, Əbu Bəkrə ərə getdi və Məhəmməd bu izdivacdan dünyaya gəldi. Əsma Əbu Bəkrin ölümündən sonra imam Əli (ə)-a ərə getdi və bununla da Məhəmməd o həzrətin evində tərbiyə olundu. İmam Əli (ə) Malik Əştərin şəhadətindən sonra Məhəmməd ibn Əbu Bəkri Misrə hakim təyin etdi. Müaviyə Əmr Asın başçılığı ilə Misrə bir qoşun göndərdi və onlarla Məhəmməd ibn Əbi Bəkrin arasında müharibə baş verdi. Əmr As Osmanın tərəfdarları ilə əlbir olub, Məhəmməd ibn Əbu Bəkri məğlub etdi və onun boynunu vuraraq cəsədini yandırdı. Onun qəbri Misirdədir.

38-Miqdad:

O, həzrət Peyğəmbər (s)-in səhabələrindən və İslamı qəbul edən ilk müsəlmanlardandır. Peyğəmbər (s)-dən sonra “Əli (ə) şiəsi” adı ilə məşhur olan birinci şəxs idi. Həzrət Peyğəmbəri-Əkrəm (s) onun barəsində belə buyurmuşdur: “Allah-taala mənə əmr etmişdir ki, dörd nəfərə – Əliyə, Miqdada, Salmana və Əbuzərə məhəbbət bəsləyim.” İmam Baqir (ə) buyurmuşdur: “Üç nəfər kafir olmadı: Salman, Əbuzər və Miqdad.” O, hicrətin 33-cü ilində Mədinənin yaxınlığında vəfat etdi. Qəbri Bəqidə yerləşir.

39-Şəhid Meysəm ibn Yəhya Təmmar:

O, imam Əli (ə)-ın xüsusi səhabəsi, yaxın tərəfdarı, ardıcılı olmuş və o həzrətin məktəbində təlim-tərbiyə görmüşdü. Həzrət ona gizli sirləri və qeybi xəbərləri öyrətmişdi. Bəzən gələcəkdə baş verəcək işlər haqqında xəbər verirdi. Quran təfsirində və fiqh elmində yüksək məqama çatmışdı. O, Bəni Əsəd qəbiləsindən olan bir qadının qulamı idi ki, imam Əli (ə) onu alıb, adını Meysəm qoymuşdu. Meysəm ismət və ədalət arasında olan bir məqama malik idi. Quran elmlərini o həzrətdən əxz etmiş, o da şəhadətindən öncə İbni Abbasa öyrətmişdi. Nəhayət, Übeydullah ibn Ziyad onu tutub dar ağacından asdı.

40-Hani ibn Ürvə:

Hani imam Əli (ə)-ın səhabəsi idi, Fəhd qəbiləsində öz şücaəti ilə məşhur olmuş və Siffeyn müharibəsində iştirak edib, şücaətlə döyüşmüşdü. Bu müharibədə Şam ordusundan Yəmur ibn Üseyd adlı bir nəfər meydana çıxıb, imam Əli (ə)-ın ordusundakı döyüşçüləri mübarizəyə dəvət etdikdə, Hani demişdi: “Sübhanəllah! Nə üçün onunla mübarizə aparmaq üçün tələsmirsiniz?!” O, xəstə və yorğun olduğu halda, meydana gedib, ağır mübarizə apardıqdan sonra, onu qətlə yetirmişdi.

Abdullah ibn Məsud deyir: Günlərin birində səhabələrdən beş nəfərlə – şiddətli qıtlığa düçar olduğumuz halda, – həzrət Peyğəmbər (s)-in hüzuruna gedib, ərz etdik: “Ya Rəsuləllah! Bu qıtlıq nə vaxta qədər davam edəcəkdir?” Həzrət buyurdu:

1-Diri olduğumuz vaxta qədər! Həmişə Allaha şükür etmək lazımdır; çünki mən səmavi kitabları oxumuşam, lakin orada səbir edənlərdən başqa bir kimsənin behiştə daxil olacağını görməmişəm.

2-Onlar Allaha itaət etmək və günahdan çəkinmək müqabilində səbir edir, halal mal qazanır, mötədilliklə xərc edir və öz xərclərinin çoxunu Allah yolunda sərf edirlər, nicat tapanlar və əməli saleh olan şəxslər, məhz onlardır!

3-Onlar vüqar və düşüncə sahibi, mülayimliklə rəftar edənlər, ibrət götürənlər, təqvalılar, (insanlara) yaxşılıq edənlər, İslam düşmənləri ilə Allah xatirinə düşmənçilik edənlər, əmanətə xəyanət etməyənlər, haqq yardımçıları və (onlara) pislik edənləri bağışlayanlardır.

4-Onlar bəlaya (və müsibətə) düçar olduqda dözümlü olur, nemət əldə etdikləri zaman şükür edir, düz danışır və verdikləri vədə xilaf çıxmırlar. Onlardan bir səhv və xata baş verdikdə, dərhal tövbə edir, yaxşı bir əməl yerinə yetirdikdə isə sevinirlər. Gecələri öz Rəbblərinə itaət etmək üçün namaza qalxıb, səcdə edirlər. Allaha and olsun ki, nicat tapanlar, məhz onlardır!

5-(İndi isə) Allahın buyuruğuna qulaq as: “Əgər insanların hamısı eyni səviyyədə olsaydılar, kafirlərin evlərini ləl-cəvahir, qızıl və gümüşlə bəzəyər, evləri üçün müxtəlif qapılar qərar verərdim... Lakin bunların hamısı dünya malıdır və Allah yanında olan axirət aləmi təqvalılar üçündür... Hər kəs axirəti abad etmək əzmində olub, onun üçün çalışsa və imanlı olsa, onun səyi və çalışması təqdirəlayiqdir.”

6-Behşit arzusunda olanlar yaxşı əməllər yerinə yetirmək üçün tələsir, cəhənnəm əzabından qoxur, ehtirası və nəfsin istəklərini tərk edir, maddi ləzzətlərdən üz çevirir və ölümün intizarında olurlar. Zahidlər üçün dünya müsibətləri asan olur.

7-Musa Allah ilə həmsöhbət seçiləndə, arıqlıqdan qarnı belinə yapışmışdı. O, Mədyən şəhərinin arxasında bir divarın kölgəsinə sığındığı zaman Allahdan yalnız aclığını qaldıracaq miqdarda yemək istədi. Əgər Davud peyğəmbərdən söhbət etməyimi istəyirsənsə, bil ki, o, Allahın yer üzündəki xəlifəsi idi. Onun paltarı yundan, yeməyi isə təkcə arpa çörəyindən ibarət idi.

8-Əgər Nuh peyğəmbərdən danışmağımı istəyirsənsə, bil ki, o, doqquz yüz əlli il ərzində camaatı Allaha doğru çağırdı, sübh yaşamağa, gecə isə sübh etməsinə ümidi yox idi. Paltarı yundan, yeməyi arpa çörəyindən ibarət idi. Süleyman peyğəmbərin hökmranlıq etməsinə baxmayaraq, özü arpa çörəyi yeyir, camaata isə ağ buğda çörəyi verirdi. Gecələri Allahla raz-niyaz və münacatla keçirir, əllərini boynuna bağlayıb, sübhə qədər ibadət edirdi.

9-İbrahim peyğəmbərin də paltarı yundan, çörəyi isə arpadan idi. Yəhya peyğəmbərin paltarı xurma lifindən toxunmuşdur, yeməyi isə ağac yarpaqlarından idi. İsa ibn Məryəmin həyatı isə qəribə idi. O, belə demişdir: “Göyərti yeməyim, paltarım yundandır, gecə vaxtları çırağım isə ayın işığıdır. Günlər ötüb keçir, lakin dünya malından heç bir şeyim olmayan halda, yer üzündə məndən ehtiyacsız kimsə yoxdur.”

10-Peyğəmbərlər Allahın düşməni ilə düşmən idilər; Onun bəyənmədiyi şeyləri bəyənmir, onlara qarşı rəğbət bəsləmir və Allahın kiçik saydığı şeylərə də kiçik gözlə baxırdılar.

11-Allah-taala onları Öz kitabında tərifləmiş və Nuh peyğəmbər barəsində buyurmuşdur: “O, şükür edən bir bəndə idi.” İbrahim (ə) haqqında buyurulur: “Allah İbrahimi Özünə dost seçdi.” Davud (ə) barəsində buyurmuşdur: “Səni yer üzündə Öz xəlifəm qərar verdim.” Musa (ə) barəsində buyurmuşdur: “Allah Musa ilə söhbət etdi.” Həmçinin buyurmuşdur: “Mən onu insanlar arasından seçib, Özümə yaxın etdim.” Yəhya (ə) barəsində buyurmuşdur: “Ona uşaqlıqda hökm (hikmət) verdik.” İsa (ə) haqqında buyurmuşdur: “Ey İsa! Sənə və anana verdiyim neməti yada sal, o zaman ki, sənə Ruhul-qudusun vasitəsilə kömək etdim, beşikdə ikən insanlarla danışdın. Sən Mənim iznimlə palçıqdan bir quş surəti düzəldib, öz nəfəsini ona üfürürdün və o da quş olurdu.”

Allah-taala buyurur: “Peyğəmbərlər yaxşılıqlara doğru tələsdilər. Onlar ürəklərində həm qorxu, həm də ümid olduqları halda Bizi çağırır və Bizim müqabilimizdə təvazökarlıqla itaət edirdilər.”

12-Günah əməllərə qurşanan şəxsləri cəhənnəm odu, haram və günah işləri tərk edənləri isə behişt gözləyir. Sənə zahid olmağı (dünya malına məftun olmamağı) və dünyanı tərk etməyi tövsiyə edirəm, çünki Allah-taala onun vasitəsilə mələklərə fəxr edir və onların vasitəsilə sənə nəzər edib, salam göndərir. Məndən sonra elə insanlar gələr ki, ləzzətli yeməklər yeyər, sürətli miniklərə minər, özlərini, qadınların ərləri üçün bəzəndikləri şeylərlə bəzəyər, şərab içər, qumar oynayar, nəfsi istəklərə, maddi ləzzətlərə çulğalaşar, camaat namazını tərk edər, gündəlik və gecə namazlarının vaxtında yatar və gecələri dünyəvi ləzzətlər ardınca gedərlər. Allah-taala buyurur: “Özlərindən sonra namazlarını zay edən və nəfsani istəklər (ehtiraslar) ardınca düşən bir nəsil qoyub getdilər. Onlar azğın və əzaba düçar olan şəxslərdir.”

13-Dünyada maddi ləzzətlər və nemətlər içərisində yaşayıb nəfsin istəklərinə uyanların – axirət aləmində əbədi cəhənnəm odunda yanacaqları halda – onlardan bu dünyada bəhrələnməklərinin nə xeyri vardır?! Onlar böyük evlər və saraylar tikər, məscidləri zinət kimi saxlayar, qarın və qadın düşgünü olarlar, dünya malından başqa heç nə fikirləşməz, yediklərinin halal, yoxsa haram olmasına fikir verməzlər. Onlar məhz zəlalətdə olanlardır. İslam zühur edən ilk çağlarda qərib idi, gələcəkdə də qərib olacaqdır. Buna əsasən, behişt və əbədi səadət qərib olanlar üçündür.

14-Allahdan başqa heç kimdən, heç bir şeydən qorxma. Allah-taala buyurur: “Hər yerdə – (hətta) möhkəm və uca qalalarda olsanız belə, ölüm sorağınıza gələcəkdir. Hər kəs elmi dünya məqsədlərinə çatmaq üçün öyrənib, dünya məhəbbətini və zinətlərini ondan üstün tutsa, Allahın qəzəbinə düçar olar.” Buna görə də onların yeri cəhənnəmin ən aşağı mərtəbəsindədir.

15-Allah-taala elmi öyrənib, ona əməl etməyənləri qiyamətə kor halda gətirər. Bu dünyada da onların ruzisinin xeyir-bərəkətini alar, özbaşına buraxar, nəhayət həlak olarlar. Allahla görüşə ümidvar olanlar saleh əməllər yerinə yetirməli və ibadətdə heç bir kəsi Allaha şərik qoşmamalıdır.

16-Pak, zahid və əməli saleh olan şəxslərlə yoldaşlıq et; çünki Allah-taala buyurur: “Pərhizkarlar müstəsna olmaqla, bu dünya dostları axirətdə bir-birlərinin düşmənləridir.”

17-Allahdan qorxmağı və təqvalı olmağı sənə tövsiyə edirəm! Allah-taala (həqiqi möminlər və təqvalılar barədə) buyurur: “Allah onlardan, onlar da Allahdan razıdırlar.” Bu məqama çatanlar yalnız Allahdan qorxub təqvalı olanlardır.

18-Xeyri olmayan şeyləri boşla və xeyri olan şeylərin ardınca get. Allah-taala belə buyurmuşdur: “O gündə (qiyamətdə) hər bir şəxs üçün məşğul olacağı bir iş (giriftarçılıq) vardır.” Öz ailə-uşaqlarına və qohum-əqrəbana xatir günah işlərlə məşğul olmaqdan və Allaha qarşı itaətsizlik etməkdən həzər et.

19-Haram yeməkdən, dünya və onun cah-cəlalından, ləzzət və şəhvətlərindən uzaq ol!

20-Quran oxuyan zaman əmr və nəhy edən ayələrə çatdıqda, onun haqqında diqqətlə fikirləşib, ibrət dərsi al. Quranın nəhyi səni günahı tərk etməyə, əmri isə yaxşı əməllər görməyə dəvət edir.

21-Heç bir günahı kiçik sayma və böyük günahları tərk et. İnsan qiyamətdə günahlarına baxanda, gözündən yaş əvəzinə qan və çirk gələr.

22-Sənə “Allahdan qorx!” – deyiləndə qəzəblənmə. Arzularını azalt, qəlbini yalnız Allaha bağla; çünki Allah, Onunla görüşü arzulayanları çox sevir və görüşü məkruh olan (bəyənilməyən) şəxslərin görüşünə getməyi bəyənmir.

23-Böyük saraylar, qəsrlər tikmək və bağ-bostan əldə etmək fikrində olma, çünki Allah-taala buyurur: “(Ey qafil insanlar! Mal-dövlət, oğul-uşaq və qohum-əqrəba) çoxluğu ilə öyünmək sizi (Allaha ibadət etməkdən, axirət üçün çalışmaqdan) yayındırdı.”

24-Malına sələm qatanın günahı anası ilə zina edən şəxsin günahından böyükdür. Allah yanında şərab içən şəxs (istər az içsin, istərsə də çox) sələm yeyəndən pisdir və şərab bütün günahların açarıdır.

25-Yaxşı əməl sahiblərinə zülm edib, çirkin işlərlə məşğul olanlara yardım edən, haqqı batil, batili isə haqq kimi qələmə verənlərin məqsədləri məhz dünyadır. Onlar özlərinin əyri yolda olduqlarını yaxşı bilirlər, lakin Şeytan onların pis əməllərini gözlərində zinətləndirmiş və nəticədə haqq yoldan azdırmışdır. Onların yeri cəhənnəmdir!

26-Günaha batmaqdan həzər et. Günahın ləzzəti şərabın ləzzətinə bənzəyir, hətta ondan da pisdir.

27-Əməlləri Allaha xatir və ixlasla yerinə yetir; çünki Allah-taala ixlasla yerinə yetirilməyən heç bir əməli qəbul etməz.

28-Dünyanın nemət və ləzzətlərindən, alçaq və ucalıqlarından əl çək, onlardan qorunub saxlanmaq üçün hazırlaş; çünki onların hamısından sorğu-sual olunacaqsan. Allah-taala bu barədə buyurur: “O gündə (qiyamətdə) nemətlərdən hökmən sorğu-sual olunacaq.”

29-Oruc tutmadığın və gecə namazı qılmadığın halda, camaat səni (bu xüsusiyyətlərlə) təriflədikdə xoşhal olma. Dünya və onun ləzzətləri səni axirət aləmi haqqında fikirləşməkdən saxlamasın. Onları özün üçün oyun-oyuncaq qərar vermə.


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə