3-Fəzl ibn Yəsar deyir: İmam Baqir (ə)-ın belə buyurduğunu eşitdim: "Hər kəs şərab içsə, namazı qırx gün ərzində qəbul olunmaz."



Yüklə 0,74 Mb.
səhifə5/14
tarix01.08.2018
ölçüsü0,74 Mb.
#60464
1   2   3   4   5   6   7   8   9   ...   14

30-Çoxlu yaxşı və saleh əməllər yerinə yetir, günaha və ona mürtəkib olmağa doğru tələsmə, tövbəni təxirə salma.

31-Aldadıcı qanunlar çıxarma; çünki belə bir iş görən hər bir şəxs həm özünə, həm də başqalarına zərər yetirmiş olar. Dünyaya bel bağlama; çünki ondan tez bir zamanda ayrılacaqsan.

32-Aşkarda böyük və kiçik günah etməkdən çəkin, çünki harada olsan da, Allah-taala səni görür. Heç bir yerdə Allahı yaddan çıxarma və Ondan (Onunla müxalifət etməkdən) qorx!

33-Şeytanı özünə düşmən tut, haram mal yemə, haram paltar geyinmə və günah etmə.

34-Sənə tapşırılan mal-dövlətə və əmanətə xəyanət etmə. Ruzi əldə etmək üçün qüssələnmə, çünki Allah-taala yer üzündə yaşayan heç bir varlığı ruzisiz qoymaz.

35-Məni peyğəmbərliyə göndərən Allaha and olsun, dünya malını buraxıb, axirət ticarətinə üz gətirən şəxsə Allah xüsusi nəzər yetirər!

İbni Məsud dedi: “Ya Rəsuləllah! Axirət ticarəti necədir?”

Həzrət buyurdu: “Dilini Allahı yad etməkdən saxlama və həmişə “Sübhanəllahi vəl-həmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər” – de! Heç bir şeyi Allahı zikr etməkdən üstün tutma!

36-Saleh əməl sahiblərini sev, çünki insan qiyamətdə sevdiyi şeylə məhşur olacaqdır. Əgər yaxşı işlər görməyə gücün çatmırsa, (heç olmazsa,) alimlərə məhəbbət göstər.

37-Allahı yad etmək hər bir şeydən üstündür. Allah-taala buyurur: “Ən böyük ibadət Allahı yad etməkdir.” Başqa bir yerdə isə belə buyurur: “Məni yad edin ki, Mən də sizi yad edim!”

38-Vüqarlı ol, qəlbinin aramlığını qoru, işlərində həddindən artıq tələbkar olma, insanları bağışla, onlarla mülayim davran, onlara ürək yandır. İbadət et, düz danış, əməllərini ixlasla yerinə yetir, ağıllı, imanlı, dözümlü, pak-pakizə ol, dünyanı tərk et və sağlamlığını qoru.

39-Əhl-əyalına məhəbbət bəsləməyin səni günaha və haram işlərə sövq etməsin. Çünki Allah-taala buyurur: “Qiyamət günündə pak qəlblə (Allahın hüzuruna) gələnlərdən başqa, övlad və mal-dövlət heç bir fayda verməyəcək.” Sənə Allahı yad etməyi və saleh əməl yerinə yetirməyi tövsiyə edirəm. Dilini qoru, çünki Allah-taala buyurur: “Qiyamət günündə ağızlarınızı möhürləyəcəyik, (onun yerinə) əl və ayaqlar Bizimlə danışacaq və pis işlərinizə şəhadət verəcəklər.”

40-Sənə düz danışmağı tövsiyə edirəm; heç vaxt yalan danışma və insanlarla insafla rəftar et (zərərinə tamam olsa da, haqq söz deməkdən çəkinmə). Yaxşılıq et, camaatı da yaxşı işlərə dəvət et. Qohumluq əlaqələrini kəsmə, xalqı aldatma və əhd-peymana vəfalı ol. Camaata çətinlik törədən şəxslərdən olma, onların rahatlığı üçün səy et. Hər bir işi fikirləşəndən sonra yerinə yetir. Camaata deyil, yalnız Allaha baş əy və günahlara israr etmə.”

1-Bütün işlər sənə asan olsun deyə, ölümü həmişə yad et.

2-Qeybət etmə, töhmət vurma, həsəd və paxıllıq etmə, çox danışma, gözü naməhrəmə baxmaqdan saxla, haqq sözlərə qulaq as, gecə namazını yaddan çıxartma, hər an zikrlə məşğul ol, təfəkkür et və hər gün özündən hesab çək.

3-Şeytan həmişə insanın sorağına gəlib, onu azğınlığa dəvət edir. Allah-taalanı yad etməyi unutma; çünki Şeytan damardakı qana bənzəyir. Çoxlu tövbə edin.

4-Öz taleyindən şikayətlənən şəxs kiçik ruha malikdir. Başqalarının tərifi ilə xoşhal olan şəxs özünə inanmır.

5-Zikrlərin ən gözəli Quran oxumaq, tövbə etmək (“Əstəğfirullah” demək), “La ilahə illəllah” kəlməsini və salvatı demək, dua etmək, imam Zaman (ə) tərəfindən sədəqə verməkdir. Hər vaxt dua etmək ruhiyyəsinə malik olmadınızsa, təklikdə Allahı yad etməyi unutmayın.

6-Həyatınızda proqram üzrə hərəkət etməyə səy edin, belə ki, səkkiz saat işə və dərsə, səkkiz saat istirahət və yatmağa, səkkiz saat ibadət, dua və mütəal Allahla raz-niyaza sərf edin. Heç vaxt bekar qalmayın, hətta faydasız iş tənbəllikdən və işsizlikdən yaxşıdır.

7-cismimiz xəstələndikdə təbibə müraciə edib, bəzi yeməklərdən pəhriz etdiyimiz halda, nə üçün ruhumuz xəstələndikdə (hər kəs imanının zəifliyi qədər ruhi xəstəliyə düçardır), qadağan olunmuş əməllərdən çəkinmirik?! Hər bir sözü danışır, hər bir şeyə nəzər salırıq; dilimizi, gözümüzü, qulağımızı haram şeylərdən saxlamır və əməlimizi ixlasla yerinə yetirmirik.

8-Həm mal-dövlət, həm də sair şeylər qəbrə qədər, elm və əməl isə qiyamət gününə qədər bizimlədir. Belə isə, saleh əməllər yerinə yetir, mal-dövlət yığma. İnsanlarla deyil, mütəal Allahla ünsiyyətdə ol, bil ki, bu dünyada bir müsafir kimisən.

9-Ölülərdən ibrət, keçmişdə yaşayanlardan isə nəsihət al; heç kəsin qəlbini sındırma, seyidlərə ehtiram göstər, xalqın əlində olanlara göz dikmə, dünya əyləncələri, oyun-oyuncaqları ilə məşğul olma; çünki ölüm səni qəfildən haqlayacaq. Dünya ləzzətlərinə ürək bağlayan şəxsləri ağıllı hesab etmə, ruzi barəsində qüssələnmə, nə qədər ki, ömür var, ruzi də var.

10-Məcburi dostlarınla (atan, anan, həyat yoldaşın, qonşuların və s. kimi şəxslərlə) mehriban ol və onların ağrı-acılarına döz.

11-Hədəf, fəaliyyət və müqavimət insanın müvəffəqiyyət rəmzidir. Sənin həyatdakı hədəfin, yalnız Allah olmalıdır. Yaxşı əxlaqlı ol ki, bəsirət gözün açılsın.

12-Keçmişin haqqında fikirləşmə, çünki o, artıq ötüb keçmişdir, hətta günəş də ona çata bilməz. Gələcək üçün də qüssələnmə, çünki sənin Allahın vardır. Allaha təvəkkül et və yalnız hazırkı vəziyyət haqqında fikirləş. Əgər yaxşı əməl yerinə yetirsən, həm dünyada, həm də axirətdə səadətli və başıuca olarsan.

13-Heç vaxt yalan danışma, çünki yalan danışan şəxs Allahın düşmənidir. Yalan danışmaqla bir xatanın üstünü örtmək, parcanın ləkələrini onu deşməklə aradan aparmaq kimidir.

14-Şücaət bədənin, səxavət isə mal-dövlətin bəxşişidir. Şücaətli ol və günahlarından tövbə et, çünki bu iş insanı yüngülləşdirib Allaha doğru yönəldir.

15-Odu su ilə söndürdüyün kimi, şər işi də xeyir əməl yerinə yetirməklə söndürün.

16-Comərd şəxslər yandırıçı olan və dünyanı öz nuru ilə işıqlandıran axan ulduza (meteroidə) bənzəyir.

17-Şirinliklərin tamını dadmaq istəyirsinizsə, çətinliklərdə və müsibətlərdə dözümlü olun. Nəfslə mübarizə aparmaq acı dərmana bənzəyir və onu qəbul etməyin yaxşı təsirləri vardır.

18-Allahı həmişə yad edənləri sən də yad et.

19-Sakit və asudə həyat sürmək istəyirsinizsə, kimsəyə özünüzdən danışmayın (sirrinizi başqasına verməyin). Sirr sizin əsirinizdir, lakin ağzından çıxsa, siz onun əsiri olarsınız.

20-İnsanın nəfsi istəkləri içərisində heç bir şey tənbəllik qədər təhlükəli deyildir. Öz vaxtında fürsətdən istifadə edin.

21-Ölülərinizi yad edin; xüsusilə cümə günündə sədəqə vermək, salavat göndərmək, namaz qılmaq və Quran oxumaqla onları yad edin.

22-Səxavətli və əliaçıq ol, lakin mal-dövlətini xərcləməkdə ifrata varma (israf etmə), onu hesab-kitab üzrə xərclə, lakin çox tələbkar olma.

23-Nə qədər ki, günahların bağışlanmayıb, başqalarının eybini axtarma! Nə qədər ki, İlahi xəzinə vardır, qüssələnmə! Nə qədər ki, Allah vardır, başqasına ümidvar olma! Nə qədər ki, Şeytan vardır ki, onun məkr və hiyləsindən qafil olma!

24-Heç vaxt yersiz xəyallar, puç və uzun-uzadı arzularla yaşama, himmət sahibi ol. Çünki himmət sahibi olan heç bir şəxs həyatın ağrı-acılarında ümidsizliklə üzləşməz, məyus olmaz.

25-Bütün ömrünü Allahı yad etməyə sərf et.

26-Nəfslə mübarizənin ilk şərti xəyallara dalmamaqdır. Çünki xəyal yüksəkliklərdə ucan bir quşa bənzəyir və insanın bədbəxt olmasına səbəb olur. Xəyal Şeytanın məkr və hiyləsindən biridir və insanı bədbəxt edir. Belə isə, xəyalın hər yerə uçmasına icazə verməyin.

27-Gecə namazı qılmaq məqsədilə yuxudan oyanmaq üçün yatanda dəstəmaz alıb, dişlərinizi fırça ilə yuduğunuz və üzü qibləyə oturduğunuz halda, ya üç dəfə “İxlas” surəsini, ya “Kəhf” surəsinin axırıncı ayəsini oxuyun, ya xanım Fatimeyi-Zəhra (ə)-ın təsbihatını, ya da yüz dəfə “La ilahə illəllah” zikrini deyin.

28-Hər ay heç olmazsa, üç gün oruc tutun, ayın birinci gününün (müstəhəb) namazını və quslunu yaddan çıxarmayın. Hər gün sübh və axşam, xüsusilə cümə və ayın birinci günündə sədəqə verin.

29-Gecə və gündüzün müstəhəb (və otuz dörd rükətdən ibarət) olan nafilə namazlarını qılın, əgər vaxtında qıla bilməsəniz, onların (xüsusilə gecə namazının və sübh namazının nafiləsinin) qəzasını qılın.

30-İmam Zaman (ə)-ın və digər imamların namazlarını qılmağı, xüsusilə Əhli-beyt (ə)-a, ölülərə, şəhidlərə, alimlərə və qohum-əqrəbaya namaz qılıb hədiyyə etməyi unutmayın. Heç olmazsa, hər gün bir dəfə imamzadələrin, yaxud qəbir əhlinin ziyarətinə gedib, qəbiristan əhlinin ziyarət duasını oxuyun. Həftədə bir dəfə xəstələrin görüşünə gedin, ölümü və başqalarının çətinliklərini yad edin.

31-Evinizdə tərcüməli bir Quran və bir “Məfatihul-cinan” kitabı olsun, vaxtınız olduqda, onları oxuyun.

32-Başqaları ilə az əhd-peyman bağlayın; əgər əhd-peyman bağlasanız da, hökmən ona əməl edin.

33-Sirrinizi, xəstəliyinizi və yoxsulluğunuzu başqalarından gizli saxlamağa səy edin, çətinliyinizi dərhal dilə gətirməyin; bilin ki, çətinlikləri həll edən yalnız Allahdır!

34-Həmişə zikr etməyə və evdən çölə çıxdıqda, dilinizi qorumağa səy göstərin.

35-Həyatında Allah-taalanın göstərişlərinə əməl edən şəxsin yaxşı yaşamasına, axır-aqibətinin yaxşılıqla sona yetməsinə və hər iki dünyada başıuca olmasına zəmanət verilmişdir.

36-Həmişə dəstəmazlı olun; çünki dəstəmaz nurdur.

37-Əgər Allah-taalanın buyuruqlarına əməl etsəniz, Allah da sizin istədiyinizi əta edər.

38-Heç olmazsa, həftədə bir dəfə “Camieyi-kəbirə”, “Aşura”, “Ərbəin”, “Əminullah” ziyarətini, “Əhd”, “Səmat”, “Ali-Yasin”, “Əşərat”, “Kumeyl”, “Nüdbə”, “Təvəssül” dualarını oxuyun, “Cəfəri Təyyar” və “Tövbə” namazlarını qılın.

39-Allahın ən böyük adları olan surə və ayələri – “Həmd”, “İxlas” və “Qədr” surələrini, eləcə də “Bəqərə” surəsinin 148 və 274-cü, “Ali-İmran” surəsinin 16, 17, 18, 26 və 27-ci, “Əraf” surəsinin 52-56-cı, “Həşr” surəsinin 19-cu ayəsindən axıra kimi və “Hud” surəsinin 90-91-ci ayələrini çox oxuyun.

40-Əhli-beyt (ə)-a məhəbbət bəsləməyi, onların (xüsusilə imam Hüseyn (ə)-ın) matəm Məclisində iştirak etməyi unutmayın!

1-Allah-taala Qurani-kərimdə buyurur: “Həqiqətən, Allah və onun mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər! (Siz də) Peyğəmbərə salavat göndərin, salam deyin və (onun əmrinə) tabe olun!”

2-İmam Sadiq (ə) buyurmuşdur: “Qiyamət günündə ən fəzilətli əməl Mühəmməd və onun Əhli-beytinə salavat göndərməkdir.”

3-İmam Sadiq (ə) buyurmuşdur: “Həzrət Mühəmməd (s)-in adı çəkiləndə o həzrətə çoxlu salavat göndərin; çünki hər kəs o həzrətə bir salavat göndərsə, Allah-taala min mələklə birgə ona min salavat göndərər. Belə bir savabı qazanmaq məqsədində olmayan şəxs nadandır, Allah, Peyğəmbər və onun Əhli-beyti ondan qəzəblidir.”

4-“İmam Sadiq (ə) həzrət Peyğəmbəri-Əkrəm (s)-in belə buyurduğunu nəql etmişir: “Mənə və Əhli-beytimə salavat göndərmək nifaq və ikiüzlülüyü aradan aparır.”

5-İmam Sadiq (ə) buyurur: Peyğəmbər (s) buyurmuşdur: “Mənə uca səslə salavat göndərin; çünki (bu iş) nifaqı aradan aparır.”

6-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs mənə salavat göndərsə, amma Əhli-beytimə salavat göndərməsə, behiştin iyindən məhrum olar.”

7-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Qiyamət günündə mənə ən yaxın şəxs mənə çoxlu salavat göndərən şəxsdir.”

8-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurur: Cəbraildən “ən sevimli əməl hansıdır?” – deyə soruşduqda, o cavab verdi: “Sənə salam-salavat göndərmək və Əli ibn Əbi Talibə məhəbbət bəsləmək.”

9-Ravi deyir: Peyğəmbər (s) sübh namazından sonra üzünü camaata tutub buyurdu: Ötən gecə əmim Həmzəni və qardaşım Cəfər Təyyarı yuxuda görüb, onlardan soruşdum: “Ən fəzilətli əməl hansıdır?” Cavab verib dedilər: “Sənə salavat göndərməkdən, (susuzlara) su verməkdən və Əli ibn Əbi Talib (ə)-ı sevməkdən fəzilətli bir əməl görmədik.”

10-Salavat – Peyğəmbər (s) və onun Əhli-beyti üçün rəhmət diləməkdir və hər kəs onlara salavat göndərsə, sanki özünə rəhmət diləmişdir.

11-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs cümə günü sübh namazından sonra “Kafirun” surəsini on dəfə oxuyub, yüz dəfə “Əllahummə səlli ələn-nəbiyyil-ummiyyi Muhəmmədin və alihi və səlləm!” – ibarəsi ilə salavat göndərsə, məqsədinə nail olar.”

12-Hər kəs borcunu ödəmək, şəfa tapmaq, çətinliyini aradan qaldırmaq, Əhli-beytin şəfaətinə nail olmaq və çətin can verməkdən nicat tapmaq istəyirsə, on dörd min dəfə “Əllahummə səlli əla Muhəmmədin və Ali-Muhəmmədin və əccil fərəcəhum və əhlik ədaəhum!” – desin.

13-İmam Rza (ə) buyurmuşdur: “Mühəmməd və onun Əhli-beytinə salavat göndərmək təsbih (Subhanəllah), təhlil (Əl-həmdu lillah) və təkbir (Əllahu-əkbər) deməyin savabı ilə bərabərdir.”

14-Hər kəs əsr namazından sonra Peyğəmbər və onun Əhli-beytinə yüz dəfə salavat göndərsə, imanı möhkəmlənər, heç vaxt borclu olmaz və qiyamət günündə ondan sorğu-sual edilməz.

15-Peyğəmbər və onun Əhli-beytinə salavat göndərmək Allahın razılığına səbəb olur.

16-Peyğəmbər və onun Əhli-beytinə salavat göndərmək günahların bağışlanmasına səbəb olur.

17-Peyğəmbər və onun Əhli-beytinə salavat göndərmək asan can verməyə səbəb olur.

18-Peyğəmbər və onun Əhli-beytinə salavat göndərmək dünya əzab-əziyyətindən xilas olmağa səbəb olur.

19-Peyğəmbər və onun Əhli-beytinə salavat göndərmək axirət yolunun işıqlanmasına səbəb olur.

20-Peyğəmbər və onun Əhli-beytinə salavat göndərmək behiştə daxil olmağa səbəb olur.

21-Peyğəmbər və onun Əhli-beytinə salavat göndərmək Peyğəmbər (s)-in şəfaətinə səbəb olur.

22-Peyğəmbər və onun Əhli-beytinə salavat göndərmək onlarla birgə məhşur olmağa səbəb olur.

23-Peyğəmbər və onun Əhli-beytinə salavat göndərmək mələklərin sevinməsinə səbəb olur.

24-Peyğəmbər və onun Əhli-beytinə salavat göndərmək, Peyğəmbərin, salavat göndərən şəxsə salam verməsinə səbəb olur.

25-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Allahın adı və mənə salavatla başlanmayan söhbətin heç bir xeyir-bərəkəti olmaz.”

26-Bir gün həzrət Peyğəmbər (s) imam Əli (ə)-a buyurdu: “Sənə müjdə verməyimmi?!” Əli (ə) dedi: “Atam-anam sənə fəda olsun, sən həmişə bütün yaxşılıqlara müjdə verən olmusan.” Həzrət buyurdu: “Elə indicə Cəbrail mənə təəccüblü bir xəbər verdi.” Əli (ə) soruşdu: “Ey Allahın elçisi! O hansı xəbərdir?” Həzrət buyurdu: “Cəbrail mənə xəbər verdi ki, ümmətimdən bir nəfər mənə salavat göndərərək (onun ardınca) Əhli-beytimə də salavat göndərərsə, göylərin qapıları onun üzünə açılar və mələklər ona yeddi yüz dəfə salavat göndərər. O şəxs xatakar və günahkar olarsa, yarpaqlar (payızda) ağacdan (qopub) tökülən kimi, günahları tökülər və Allah-taala buyurar: “Ləbbeyk və sədeyk, ey Mənim bəndəm (yəni hər nə istəsən, əta edər və istəklərini yerinə yetirərəm)!” Həmçinin Allah-taala mələklərinə buyurar: “Ey mələklərim! Siz bu bəndəm üçün yetmiş salavat göndərin, Mən isə ona yeddi yüz salavat göndərirəm.” Amma ümmətimdən bir kəs mənə salavat göndərərkən Əhli-beytimə salavat göndərməsə, onunla asiman arasında yetmiş hicab yaranar və Allah-taala buyurar: “La ləbbeyk və la sədeyk (yəni istədiyinizi yerinə yetirmərəm)! Ey mələklərim! (Bu bəndə) Peyğəmbərlə birlikdə onun Əhli-beytinə salavat göndərməyincə, onun duasını yuxarı aparmayın.” Beləliklə, Əhli-beytimi (salavatda) mənə qovuşdurmayınca, bu hicab və maneə də aradan getməz.”

27-İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs Mühəmməd və Ali-Mühəmməd (s)-ə salavat göndərsə, Allah-taala ona min salavat göndərər.”

28-Həzrət Adəm (ə) oğlu Şeysi çağırıb, onu özündən sonrakı xəlifə təyin edərək belə bir vəsiyyət etdi: “Oğlum! Həmişə Allaha itaət, insanlara isə yaxşılıq et. Mühəmməd (s)-in adını çəkməyi, ona salam göndərməyi yaddan çıxarma; çünki mən onun adının ərşə yazıldığını gördüm, səmalarda onun yad edildiyini və adının çəkildiyini eşitdim.” Şeys dedi: “Bu qədər izzət, şərəf və hörmətlə yad edilən Mühəmməd kimdir?” Həzrət Adəm (ə) buyurdu: “O, peyğəmbərlərin sonuncusu və onların içərisində behiştə daxil olan birinci şəxsdir.”

29-İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs yüz dəfə “Ya Rəbbi səlli əla Muhəmmədin və Ali-Muhəmməd” – desə, onun yüz hacəti qəbul olunar.”

30-İmam Sadiq (ə) Misbah ibn Bəsabəyə buyurdu: “Sənə bir şey öyrədimmi ki, onu deməklə Allah-taala səni cəhənnəm odundan qoruyub saxlasın?” Dedi: “Bəli!” O həzrət buyurdu: “Hər gün sübh çağı yüz dəfə “Əllahummə səlli əla Muhəmmədin və Ali-Muhəmməd” de!”

31-İmam Sadiq (ə) buyurmuşdur: “Cümə gecəsi gəlib çatanda, mələklər əllərində qızıl qələm və gümüş kağız olduğu halda asimandan nazil olar və cümə gününün qürubuna qədər, yalnız salavat göndərənlərə savab yazarlar.” Deməli, cümə günü və cümə axşamı Peyğəmbər və onun Əhli-beytinə min salavat göndərmək müstəhəbdir.

32-İmam Baqir (ə) buyurmuşdur: “Cümə gecəsi heç bir əməl salavat qədər fəzilətli deyildir.”

33-İmam Rza (ə) buyurmuşdur: “Günahlarının kəffarəsini verə bilməyən şəxs Mühəmməd və onun Əhli-beytinə çoxlu salavat göndərsin; çünki salavat günahları məhv edir.”

34-İmam Hadi (ə) buyurmuşdur: “Allah-taalanın İbrahim (ə)-ı Özünə dost seçməsinin səbəbi, onun Mühəmməd və Ali-Mühəmmədə salavat göndərməsi idi.”

35-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Mənim adım çəkilən zaman salavat deməyən şəxs paxıldır.”

36-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Mənə salavat göndərməyi unudan şəxs behişt yolunu itirmişdir.”

37-Malik Cəhəni deyir: İmam Sadiq (ə)-a bir gül dəstəsi verdim. Həzrət gülü alıb, öpdü və gözünə qoydu. Sonra buyurdu: “Hər kəs gülü iyləyib gözünə qoysa, Mühəmməd və Ali-Mühəmmədə salavat göndərsin; çünki həmin şəxs nə qədər ki, gülü əlindən yerə qoymayıb, Allah onu bağışlayar.”

38-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Əməllərin zəkatı mənə salavat göndərməkdir.”

39-İmam Sadiq (ə) buyurmuşdur: “(Qiyamət günü) əməllər ölçüləndə, Mühəmməd və onun Əhli-beytinə salavat göndərməkdən ağır bir əməl olmaz.”

40-İmam Sadiq (ə) buyurmuşdur: “Allaha edilən heç bir dua Mühəmməd və onun Əhli-beytinə salavat göndərməyincə, qəbul olunmaz.”

1-Yalan danışmaq böyük günahlardandır. Allah-taalanın Qurani-kərimdə lənət etdiyi şəxslərdən biri də yalançıdır. Belə ki, “Nur” surəsinin 7-ci ayəsində buyurulur: “Əgər yalan deyirsə, Allah ona lənət etsin!”

2-İmam Rza (ə) buyurmuşdur: “Düz danışın və yalandan uzaq olun.”

3-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Əgər mömin üzürsüz olaraq yalan danışarsa, yetmiş min mələk onu lənətləyər. Onun qəlbindən çıxan üfunətli iy ərşə qalxar. Bu zaman ərşin gözətçiləri ona lənət yağdırar.”

4-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Həqiqətən, ən böyük günah dilin yalana adət etməsidir.”

5-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Sizə ən böyük günahlardan xəbər verimmi?! Ən böyük günah Allaha şərik qoşmaq, ata-anaya qarşı pis rəftar etmək və yalan danışmaqdır.”

6-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Yalan insanın üzünü qara edir.”

7-Qurani-kərimdə yalan Allaha şərik qoşma sırasında vurğulanmışdır. Ayədə buyurulur: “...Murdar bütlərdən qaçın, yalan sözlərdən də çəkinin.”

8-İmam Baqir (ə) buyurur ki, Əli ibn Hüseyn (ə) öz övladlarına belə nəsihət edirdi: “Yalandan çəkinin, istər kiçik olsun, istərsə də böyük. Çünki kiçik yalan insanı böyük yalanı danışmağa cürətləndirir. Məgər bilmirsiniz ki, Allahın Rəsulu (ə): “Bəndə həmişə doğru danışarsa, Allah onu doğru danışanların cərgəsində, yox əgər ömrü boyu yalan danışarsa, onun adını yalançıların sırasına yazar” – deyə buyurub?!”

9-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Yalan kiçik olsa belə, əməl dəftərində qeyd olunur.”

10-Yalan münafiqlik əlamətidir. Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hətta oruc tutub namaz qılsa və özünü müsəlman bilsə də, üç xislətə malik olan şəxs münafiqdir: Əmanətə xəyanət etmək, yalan danışmaq və vədəyə xilaf çıxmaq.”

11-Yalançının imanı yoxdur və onlar İlahi ayələrə qarşı kafir olanlar və onları inkar edənlər cərgəsində hesab edilir. Allah-taala buyurur: “Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uydururlar. Onlar əsl yalançılardır!”

12-İmam Əli (ə) buyurmuşdur: “Yalan danışmağı – istər zarafat, istərsə də ciddi olsun, – tərk etməyən bəndə imanın ləzzətini dada bilməz.”

13-İmam Baqir (ə) buyurmuşdur: “Həqiqətən, yalan imanı məhv edir.”

14-İmam Rza (ə) nəql edir ki, Peyğəmbər (s)-dən sual olundu: “İmanlı adam qorxaq olarmı? Buyurdu: “Bəli.” Soruşuldu: “İmanlı adam simic olarmı?” Buyurdu: “Bəli.” Dedilər: “Bəs yalan necə? İmanlı adam yalan danışarmı?” Buyurdu: “Xeyr.”

15-Həsən ibn Məhbub deyir ki, imam Sadiq (ə)-dan soruşdum: “Mömin simiclik edərmi?” Buyurdu: “Bəli.” Soruşdum: “Mömin qorxaq olarmı? Buyurdu: “Bəli.” Soruşdum: “Mömin kəzzab (çox yalan danışan) olarmı?” Buyurdu: “Xeyr.” Sonra İmam buyurdu: “Mömin xəyanət və yalandan başqa hər şeyə adət edə bilər.”

16-Əbdür-rəhman ibn Həccac deyir ki, imam Sadiq (ə)-dan soruşdum: “Bəzi hallarda yalan danışanlara kəzzab (çox yalan danışan) demək olarmı?” Həzrət buyurdu: “Xeyr, hamı bəzi hallarda yalan danışır, lakin kəzzab odur ki, yalan danışmaq onun bir növ xasiyyətinə çevrilmiş olsun.”

17-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Sələmlərin ən pisi yalandır. (Çünki iqtisadi sələmdə şəxsin var-dövləti əlindən çıxır, yalanda isə imanın kökü kəsilir.)”

18-İmam Əli (ə) buyurmuşdur: “Yalan istər zarafatca olsun, istərsə də ciddi, nalayiq bir hərəkətdir. Məsləhət deyildir ki, bir kəs öz övladına vədə versin, amma sonradan vədəsinə əməl etməsin. Çünki yalan insanı boşboğazlığa və məsuliyyətsizliyə tərəf çəkir. Onun da nəticəsi cəhənnəmdir.”

19-Həzrət Peyğəmbəri-Əkrəm (s) Əbuzərə etdiyi nəsihətlərində buyurur: “Ey Əbuzər! Vay olsun o adamın halına ki, camaatı güldürmək üçün yalan danışır. Vay olsun ona! Vay olsun ona!”

20-Yalançı İlahi hidayətdən məhrum olar. Allah-taala buyurur: “Allah yalançı və nankor olan kimsəni doğru yola müvəffəq etməz.”

21-Qurani-kərimin başqa bir ayəsində buyurulur: “Şübhəsiz ki, Allah həddi aşanı və yalançını hidayət etməz.”

22-İmam Həsən Əskəri (ə) buyurmuşdur: “Allah-taala şər və bəd əməllər üçün müxtəlif qıfıllar təyin etmişdir. O qıfılların açarı şərabdır. Yalan isə şərabdan da pisdir.”

23-İmam Həsən Əskəri (ə) buyurmuşdur: “Bütün çirkin əməllər bir evə yığışsa, o evin açarı yalan olar.”

24-İmam Əli (ə) buyurmuşdur: “Yalan ən pis xəstəlikdir.”

25-Yalanın psixoloji səbəbi alçaqlıq və özünə hörmətsizlikdir. Bu mətləb əxlaqi psixologiyada diqqət mərkəzində olmalıdır. Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Yalanın əsas səbəbi alçaqlıq və şəxsiyyətsizlikdən başqa bir şey deyildir.”

26-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Yalan ruzini azaldır.”

27-İmam Əli (ə) buyurmuşdur: “Söz gəzdirmək, qeybət etmək və yalan danışmaq qəbir əzabına səbəb olur.”

28-İmam Sadiq (ə) buyurmuşdur: “Allah-taala huşsuzluğu yalançılara hakim kəsər.”

29-İmam Sadiq (ə)-dan nəql olunmuşdur ki, həzrət Əli (ə) dəfələrlə minbərdə buyurardı: “Yaxşı olardı ki, müsəlman olan şəxs üç nəfərlə dostluq və yoldaşlıq etməkdən çəkinsin: Həyasız, axmaq və yalançı şəxsdən.”

30-İmam Əli (ə) yalançı şəxs barəsində buyurmuşdur: “Yalançı ilə yaşamaq sənə yaraşmaz; çünki sənin sözlərini başqalarına, başqalarının sözlərini də sənə danışar. Birini qurtaran kimi o birini üstünə artırar. İş o yerə çatar ki, əgər düz danışsa belə, heç kəs inanmaz. Yalançı camaat arasında düşmənçilik və ədavət yaradaraq, ürəklərə kin-küdurət toxumu səpər. Belə isə, Allahdan qorxun və təqvalı olmağa adət edin, ehtiyatlı olun, görün kimlərlə dostluq edirsiniz.”

31-İmam Baqir (ə) buyurmuşdur: “Dörd nəfərlə dostluq etmə və onlardan uzaqlaş: Axmaqla, xəsislə, qorxaqla və yalançı ilə!”

32-İmam Baqir (ə) buyurmuşdur: “Yalançı doğru danışarsa belə, heç kim ona inana bilmir.”

33-Həzrət Əli (ə) bir hədisdə imam Həsən (ə)-a buyurdu: “Yalançı ilə dostluq etmə; çünki o, ilğım kimi sənə uzağı yaxın, yaxını isə uzaq göstərir.”

Yalanın rəva görülən halları:

a) Zəruri hal və çarəsizlik zamanı:

34-İmam Sadiq (ə) buyurmuşdur: “Əgər insan çarəsiz qalıb təqiyyə halında yalandan and içərsə, heç bir eybi yoxdur.” Sonra belə buyurdu: “Hər bir haram zəruri hallarda halal olur.”

b) İnsanlar arasında sülh və barışıq yaratmaq məqsədilə:

35-Həzrət Peyğəmbər (s) imam Əli (ə)-a vəsiyyət edərkən belə buyurdu: “Ey Əli! Allahın sülh və barışıq yaradan yalandan xoşu gəlir. Fitnə-fəsad salan doğru sözdən isə narazıdır.” (Necə deyərlər, xeyirli yalan zərərli doğrudan yaxşıdır.)


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə