3-Fəzl ibn Yəsar deyir: İmam Baqir (ə)-ın belə buyurduğunu eşitdim: "Hər kəs şərab içsə, namazı qırx gün ərzində qəbul olunmaz."



Yüklə 0,74 Mb.
səhifə6/14
tarix01.08.2018
ölçüsü0,74 Mb.
#60464
1   2   3   4   5   6   7   8   9   ...   14

36-Müaviyə ibn Əmmar imam Sadiq (ə)-dan belə nəql etmişdir: “Hər kim sülh və barışıq yaratmaq üçün yalan danışarsa, yalançı deyildir.”

37-İsa ibn Həssan imam Sadiq (ə)-dan belə nəql etmişdir: “Bir gün gələr ki, insan hər bir yalan danışığa görə cavab verməli olar, yalnız üç nəfərdən başqa. Onlardan biri də iki nəfər arasında sülh və barışıq yaratmaq istəyən şəxsdir. Həmin şəxs onları barışdırmaq məqsədilə birinin yanında bir söz, digərinin yanında isə tam başqa bir söz deyir.”

v) Döyüşdə hiylə işlədən və həyat yoldaşına vədə verən zaman:

38-Həzrət Peyğəmbəri-Əkrəm (s) imam Əli (ə)-a etdiyi vəsiyyətlərinin birində belə buyurur: “Ey Əli! Üç yerdə yalan danışmaq olar: Döyüşdə hiylə işlədərkən, kişi öz həyat yoldaşına vədə verərkən və camaat arasında mehribanlıq yaradarkən.”

39-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Ən böyük yalan üç növdür: Mənim demədiyim sözü mənə nisbət vermək, görmədiyi yuxunu yalandan demək və bir şəxsi atasından başqasına nisbət vermək.”

40-İmam Sadiq (ə) buyurmuşdur: “Cəhənnəmə daxil olmağın səbəblərindən biri müsəlmanların haqqını mənimsəmək və mal-dövlətini həbs etmək (saxlayıb verməmək) üçün yalandan and içməkdir.”

1-Allah-taala Öz pak və müqəddəs zatına and içmişdir ki, hər kəs imam Hüseyn (ə)-ı Aşura ziyarətini – istər yaxından, istərsə də uzaqdan – oxumaqla ziyarət etsə, onun ziyarətini qəbul edəcəkdir.

2-Hər kəs onu (İmamın haqqına arif olan halda) oxusa, behiştə daxil olar.

3-İmam Sadiq (ə) Səfvana buyurmuşdur: “Hər kəs bu ziyarəti oxusa, hacətləri rəva olunar.”

4-Hər kəs bu ziyarəti, onun fəzilətli vaxtında – sübh namazından sonra və gün çıxmamışdan qabaq – oxusa, ona həm axirətdə savab verilər, həm də bu dünyadakı hacətləri qəbul olunar.

5-Hər kəs onu oxusa, qiyamət günündə istədiyi şəxsi şəfaət edər.

6-İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs bir xəstəliyə tutulsa və əcəli yaxınlaşmadığı halda, imam Hüseyn (ə)-ın türbətindən istifadə etsə, şəfa tapar.”

7-İnsan “Aşura” ziyarətini oxumaqla şiə olmasını isbat etmiş olur.

8-Aşura ziyarətinin savabı bütün ziyarətlərdən üstündür.

9-İmam Zaman (ə) onun oxunmasına təkid etmişdir.

10-Bu ziyarət ruzini çoxaldır.

11-Borcun ödənməsinə səbəb olur.

12-Oğurlanmış malın tapılması üçün faydalıdır.

13-Aşura ziyarətini oxumaq evlənməyi asan edir.

14-İmam Sadiq (ə) buyurmuşdur: “İmam Hüseyn (ə)-ın türbətindən düzəldilmiş təsbehlə tövbə etmək (və yaxud başqa bir zikr demək) başqa bir torpaqla düzəldilmiş təsbehlə tövbə və zikr etməkdən fəzilətlidir.”

15-Sonsuz qadının övlada sahib olmasına səbəb olar.

16-Bu ziyarəti oxuyan şəxsin salamı imam Hüseyn (ə)-a çatır və hacəti qəbul olunur.

17-Bu ziyarəti oxumaqla insanın qəm-qüssəsi aradan gedir.

18-İnsanı can vermənin çətinliklərindən nicat verir.

19-Qəbiristan əhlindən əzab götürülür.

20-Aşura ziyarətini oxumaqla imam Hüseyn (ə) qəbiristana gəlib, orada uyuşanlara kömək edər.

21-İmam Hüseyn (ə)-ın hərəmi – dörd fərsəxdən dörd fərsəxə qədər – behişt torpağından sayılır və qiyamət günündə behiştə əlavə olunar.

22-Həzrət Fatimeyi-Zəhra (ə) Aşura ziyarəti oxunan məclislərdə iştirak edirdi.

23-İmam Baqir (ə) və imam Sadiq (ə) hər il Aşura günündə “Aşura ziyarəti”ni oxuyurdular.

24-Kərbəla torpağından başqa hər bir torpağı yemək haramdır, lakin onun az miqdarda yeyilməsinə tövsiyə edilmişdir; çünki hər bir dərdin dərmanıdır.

25-İmam Hüseyn (ə)-ın türbəti selin gəlməsinin və zərərin qarşısını alır.

26-Kərbəla torpağı Kəbənin və həzrət Peyğəmbər (s)-in hərəminin torpağından fəzilətlidir.

27-İmam Baqir (ə) buyurmuşdur: “Hər kəs bu ziyarəti oxusa, Allah-taala onun məqamını yüz min dəfə artırar və (adını) imam Hüseyn (ə)-la birgə şəhid olanlar sırasında yazar.”

28-İmam Hüseyn (ə)-ın türbətini üstündə saxlamağın həm savabı vardır, həm də insanı bəlalardan qoruyub saxlayır.

29-İmam Hüseyn (ə)-ın türbətinə səcdə etmək yeddi hicabı aradan götürür, yəni namazın qəbul olunmasına səbəb olur.

30-O həzrətin türbətinə qılınan namaz qəbul olur və savabı çoxdur.

31-O həzrətin türbəti meyyitlə yanaşı qəbrə qoyulsa, o, qəbrin qorxusundan amanda qalar.

32-İmam Zaman (ə)-ın Seyyid Əhməd Rəştiyə belə buyurduğu nəql olunmuşdur: “Siz nə üçün Aşura ziyarətini oxumursunuz? Aşura! Aşura! Aşura!”

33-Mötəbər hədislərdə bəyan olunduğu kimi, imam Hüseyn (ə)-ın qəbrinin torpağı hər bir dərdin dərmanıdır, ən böyük dərman məhz budur!

34-Bu ziyarət Allah tərəfindən təlim verilmişdir.

35-Bir hədisdə göstəriş verilir ki, körpə doğulan zaman ağzına qoyduğunuz ilk şey imam Hüseyn (ə)-ın türbəti olsun ki, bu, onu bəlalardan amanda saxlayar.

36-İmam Sadiq (ə) hər kəsə hədiyyə olaraq bir miqdar mal-dövlət göndərsəydi, onun içinə imam Hüseyn (ə)-ın türbətindən qoyardı və onun bərəkəti sayəsində həmin mal oğrunun əlindən amanda qalardı.

37-Rəvayətdə deyilir ki, hər kəs imam Hüseyn (ə)-ın türbətindən yemək istəsə, əvvəlcə onu öpüb, gözlərinə sürtsün, sonra on doqquz dəfə “Bismillahir-rəhmanir-rəhim” deyib, “qul” (de) ifadəsilə başlanan dörd surəni oxusun. Ondan bir noxud miqdarından artıq meyl etməsin; çünki hər kəs ondan artıq yesə, sanki bizim ətimizi və qanımızı yemişdir.

38-İmam Kazim (ə)-dan nəql olunmuşdur ki, meyyiti dəfn edəndə onun üzünün altına imam Hüseyn (ə)-ın qəbrinin torpağından qoyun.

39-Alimlərdən biri demişdir: Ayətullah Bürucerdi hər gün iki dəfə Aşura ziyarətini (o həzrətin qatilinə və düşmənlərinə) yüz dəfə lənət və (İmamın özünə) yüz dəfə salam göndərməklə oxuyurdu.

40-Hər kəs o həzrətin türbətini gözlərinə sürtsə, gözləri nurlu olar.

1-Qohumluq iki növdür:

a) Nəsəbi (soy, nəsil);

b) Səbəbi.

Qan qohumluğuna nəsəbi qohumluq deyilir, məsələn ata, ana, bacı, qardaş, əmi, dayı, bibi, xala, baba, nənə və onların övladları nəsəbi qohumlardır. Səbəbi qohumluq isə evlənmək, süd vermək və s. vasitələrlə yaranır, məsələn, ərlə-arvad arasında hər iki tərəfin qohumluğu.

2-Allah-taala Qurani-kərimdə buyurmuşdur: “Xeyirxah insanlar mal-dövləti çox sevmələrinə baxmayaraq, qohum-əqrəbaya, yetimlərə, yoxsullara, (pulu qurtarıb yolda qalan) müsafirlərə, dilənçilərə və qulların azad olunmasına sərf edənlərdir...”

3-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hal-hazırkı ümmətimə, burada olanlara və olmayanlara, hələ dünyaya gəlməyən gələcək nəsillərə tövsiyə edirəm ki, bir illik məsafəni ötüb keçsə belə, yenə də qohumluq əlaqələrini kəsməsinlər. Çünki qohumluq əlaqələri dinin bir hissəsidir.”

4-İmam Əli (ə) buyurmuşdur: “Din əhlinin əlamətlərindən biri də qohumluq əlaqələrini bərqərar etməkdir.”

5-Allah-taala buyurmuşdur: “...(Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, eləcə də qohumluq əlaqələrini kəsməkdən həzər edin. Şübhəsiz ki, Allah sizin üzərinizdə nəzarətçidir.”

6-Cəmil ibn Dərrac adlı bir şəxs deyir: İmam Sadiq (ə)-dan “Nisa” surəsinin 1-ci ayəsindəki “ərham” (qohumlar) sözünün mənasını soruşdum. Həzrət buyurdu: “Burada “qohumlar” sözü “insanlar” mənasında işlənmişdir. Allah-taala insanlarla əlaqə yaratmağı əmr etmiş və bunu yüksək qiymətləndirmişdir. Məgər Allah-taalanın bu sözü Öz adı ilə bir sırada yerləşdirdiyini görmürsənmi?!”

7-Allah-taala buyurmuşdur: “Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya, qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonşuya, yaxın dosta, (pulu qurtarıb yolda qalan) müsafirə, sahib olduğunuza (qul və kənizlərə) yaxşılıq edin! Həqiqətən, Allah özünü bəyənənləri, təkəbbür edənləri sevməz!”

8-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Bir içim su ilə də olsa, qohumlarını yada sal. Qohum-əqrəbana və yaxınlarına qarşı ən gözəl yaxşılıq odur ki, onlara əziyyət verməyəsən və narahat etməyəsən.”

9-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Salam verməklə də olsa, özünüzlə qohumlarınız arasında mehribanlıq yaradın.”

10-İmam Əli (ə) buyurmuşdur: “Salam verməklə də olsa, qohum-əqrəbalarınızı yad edin.”

11-Allah-taala buyurmuşdur: “Yadınıza salın o zamanı ki, Biz İsrail övladlarından: “Allahdan qeyrisinə ibadət etməyin, valideynlərinizə, yaxın qohumlarınıza, yetimlərə və yoxsullara yaxşılıq edin, insanlarla xoş danışın, namaz qılın və zəkat verin!” – deyə əhd-peyman aldıq.”

12-Bir nəfər həzrət Peyğəmbər (s)-dən “Allah dərgahında ən pis əməl hansıdır?” – deyə soruşduqda, Həzrət buyurdu: “Allaha şərik qoşmaq.” Dedi: “Bundan sonra hansıdır?” Həzrət buyurdu: “Qohumluq əlaqələrini kəsmək.”

13-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Üç dəstə behiştə daxil olmayacaqdır: Şərab içənlər, sehrbazlar və qohumluq əlaqələrini kəsənlər.”

14-Şübhəsiz, qohumluq əlaqələrinin kəsilməsi böyük günahlardan olub axirət əzabına səbəb olur. Allah-taala Qurani-kərimdə qohumluq əlaqələrini kəsənlərə lənət edərək buyurmuşdur: “Əgər (Mühəmməd (s)-dən) üz döndərsəniz, sizdən yer üzündə fitnə-fəsad törətmək və qohumluq əlaqələrini qırmaq gözlənilməzmi?! Onlar Allahın lənət etdiyi, (qulaqlarını) kar və (gözlərini) kor etdiyi kimsələrdir.”

15-Qurani-kərimin başqa bir ayəsində belə buyurulur: “Allahla əhd bağladıqdan sonra onu pozanlar, Allahın birləşdirilməsini əmr etdiyi şeyləri (qohumluq əlaqələrini) qıranlar, yer üzündə fitnə-fəsad salanlar isə lənətə düçar olacaqlar. Onları axirətin pis aqibəti (cəhənnəm) gözləyir!”

16-Həmçinin başqa bir ayədə buyurulur: “O kəslər ki, Allahla əhd-peyman bağladıqdan sonra onu pozur, Allahın birləşdirilməsini buyurduğu şeyləri parçalayır (möminlərlə dostluğu, qohum-əqrəba ilə əlaqələri kəsir) və yer üzündə fitnə-fəsad törədirlər. Məhz belələri ziyana uğrayanlardır!”

17-İmam Səccad (ə) oğlu imam Baqir (ə)-a etdiyi vəsiyyətlərinin birində belə buyurmuşdur: “(Övladım!) Öz qohumları ilə əlaqəsini kəsən və onlarla pis rəftar edən şəxslə dostluq etmə! Çünki onlar Quranın üç yerində lənətlənmişlər.” Sonra “Mühəmməd” surəsinin 22-23-cü, “Rəd” surəsinin 25-ci və “Bəqərə” surəsinin 27-ci ayələrini oxudu.

18-Həzrət Peyğəmbəri-Əkrəm (s) Mədinəyə daxil olan kimi, camaata belə bir göstəriş verdi: “Ey camaat! Sağ-salamat behiştə daxil olmaq istəyirsinizsə, bir-birinizə ucadan salam verin, qohumluq əlaqələrinizi möhkəmlədin, bir-birinizə əl tutun və hamının yatdığı bir vaxtda gecə namazı qılın.”

19-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Sədəqə verməyin savabı on, borc verməyin savabı on səkkiz, dostlara hədiyyə verməyin savabı iyirmi və qohumluq əlaqələrini davam etdirməyin savabı isə iyirmi dörd bərabərdir.”

20-Həzrət Peyğəmbər (s)-dən “savabı çox olan sədəqə hansıdır?” – deyə soruşulduqda, o həzrət buyurdu: “Pislik edən qohuma verilən sədəqə.”

21-Həzrət Peyğəmbər (s)-dən soruşdular: “Ən fəzilətli sədəqə hansıdır?” Həzrət buyurdu: “Yaxın adamlarından ehtiyaclı olan şəxsə verilən sədəqə. (Sonra buyurdu:) Yaxın adamları ehtiyaclı olduğu halda, başqalarına yardım edən şəxsin yardımı (Allah dərgahında) qəbul olunmaz.”

22-Həzrət İsa Məsih (ə) öz dostlarına buyurdu: “Eşitməmisinizmi ki, Tövratda: “Öz qohumlarınızla qohumluq əlaqəsi yaradın, onların əlindən tutun” – deyə buyurulmuşdur? Lakin mən deyirəm ki, sizdən ayrılan şəxslərlə əlaqə yaradın, sizə əl uzatmayan şəxslərə bəxşiş, pislik edən şəxslərə yaxşılıq edin, sizi söyən şəxslərə salam verin, düşmənlərinizlə insafla davranın, başqlarının sizin pisliklərinizi bağışlamasını istədiyiniz kimi, sizdə (sizə) zülm edənləri bağışlayın...”

23-Həzrət Peyğəmbəri-Əkrəm (s) imam Əli (ə)-a buyurdu: “Əxlaq baxımından mənə oxşayan şəxsdən xəbər verimmi?” Əli (ə) “Bəli!” – deyə cavab verdi. Həzrət buyurdu: “Ən gözəl əxlaqa, böyük helmə və səbrə malik olan, qohum-əqrəbasına yaxşılıq edən və özündən artıq başqalarına qarşı insaflı olan şəxs.”

24-Əbuzər deyir: Peyğəmbər (s)-dən eşitdim ki, o həzrət belə buyurdu: “Qiyamət günü Sirat körpüsünü keçən zaman ən çox əhəmiyyət kəsb edən məsələ əmanət və qohumluq əlaqələridir. Belə ki, əmanətə vəfalı olan və qohumluq əlaqələrini davam etdirən şəxs Sirat körpüsündən keçəcəkdir, əks təqdirdə oradan cəhənnəmə düşəcəkdir.”

25-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Allah-taala qohum-əqrəbasına maddi cəhətdən kömək edən, yaxud onlarla qohumluq əlaqəsi yaradan şəxsə yüz şəhidin savabını verər, bu yolda götürdüyü hər bir qədəminə görə qırx min savab qazanar, qırx min günahı bağışlanar və o qədər də mərtəbəsi artar, sanki səbr etdiyi halda, Allaha yüz il ibadət etmişdir.”

26-İmam Sadiq (ə) buyurmuşdur: Bir kişi Peyğəmbər (s)-in hüzuruna gəlib dedi: “Ya Rəsuləllah! Qohumlarım məndən uzaq gəzdikləri üçün, mən də onlarla qohumluq əlaqələrimi kəsimmi?” Həzrət buyurdu: “Əgər belə bir iş tutsan, onda Allah-taala sizin hamınızı öz başınıza buraxar.” O kişi dedi: “Bəs nə edim?” Buyurdu: “Səndən uzaq gəzən şəxslə qohumluq əlaqəsi yarat, səndən üz çevirən şəxsə bəxşiş et, başqalarının (sənə etdiyi) zülmü bağışla. Əgər bu işi görsən, Allah tərəfindən sənin üçün bir xəzinə ayrılacaqdır.”

27-Qohumluq əlaqələrini davam etdirməyin müsbət təsirlərindən biri də ömrün uzun olmasıdır. İmam Rza (ə) bu barədə buyurmuşdur: “Ömrünün tamam olmasına üç il qalmış insan qohumluq əlaqələrini möhkəmlətdiyinə görə Allah-taala onun ömrünü otuz il uzadar. Allah istədiyini edər!”

28-İmam Rza (ə) buyurmuşdur: “Biz ömrün uzun olması üçün qohumluq əlaqələrindən başqa bir vasitə tanımırıq. Qohumluq əlaqələri uzunömürlü olmaqda o qədər təsirlidir ki, ömrün tamam olmasına üç il qalmış şəxsin ömrünü qohumluq əlaqələrini davam etdirdiyi üçün, Allah-taala otuz il artırır. Belə ki, qalan ömrü otuz üç il olur. Ömrünün tamam olmasına otuz üç il qalmış şəxsin ömrünü isə qohumluq əlaqələrini kəsdiyinə görə otuz il azaldıb üç il edər.”

29-İmam Baqir (ə), yaxud imam Sadiq (ə) Müyəssər adlı bir şəxsə buyurdu: “Deyəsən, qohum-əqrəbana qarşı mehriban və səmimisən, onlara həmişə yaxşılıq edirsən?” Ərz etdi: “Bəli, mən cavanlıqda bazarda bir nəfər üçün işləyirdim. O, mənə iki dirhəm əmək haqqı verirdi. Bu iki dirhəmin birini bibimə, digərini isə xalama verirdim.” Sonra İmam buyurdu: “Allaha and olsun! Əcəlin iki dəfə yaxınlaşmışdı, lakin qohumlarına yaxşılıq etdiyin üçün təxirə salındı.”

30-Qohumluq əlaqələrini möhkəmlətməyin müsbət təsirlərindən biri də ruzinin artmasıdır. İmam Səccad (ə) bir hədisdə həzrət Peyğəmbəri-Əkrəm (s)-dən belə nəql etmişdir: “Uzunömürlü olmaq və ruzisinin artmasını istəyən varsa, gərək qohumluq əlaqəsini qırmasın.”

31-İmam Səccad (ə) buyurmuşdur: “Ruzisinin bol olmasını və əcəlinin təxirə salınmasını istəyən şəxs gərək qohumluq əlaqələrini kəsməsin.”

32-İmam Səccad (ə) buyurmuşdur: “Qohumluq əlaqələrini möhkəmlətmək ömrü uzadır, yoxsulluğu və kədəri aradan aparır.”

33-Hüzeyfə ibn Mənsur nəql edir ki, imam Sadiq (ə) buyurdu: “Haliqədən çəkinin; çünki o, insanı öldürür.” Soruşdum: “Haliqə nədir?” Buyurdu: “Qohumluq əlaqələrini kəsmək.”

34-İmam Rza (ə) buyurmuşdur: “Beş xüsusiyyətə malik olan şəxs mal-dövlət yığa (varlı ola) bilməz: Həddindən artıq paxıllıq, uzun-uzadı arzu və çox hərislik etsə, qohum-əqrəba ilə qohumluq əlaqəsini kəssə və dünyanı axirətdən üstün tutsa.”

35-Qohumluq əlaqələrini davam etdirməyin müsbət təsirlərindən biri də əməllərin pak və xalis olmasıdır. Belə ki, İmam Baqir (ə) buyurmuşdur: “Qohumluq əlaqələrinin davam etdirilməsi əməlləri xalis edir, bəlanı uzaqlaşdırır, mal-dövləti çoxaldır, ömrü uzadır, ruzini bol edir, insanı qohum-əqrəbanın və ailənin yanında sevimli edir. Buna görə də Allahdan qorxub, qohumluq əlaqələrini möhkəmlətmək lazımdır.”

36-Onun müsbət təsirlərindən biri də qiyamət günü haqq-hesabın asanlaşmasıdır. İmam Sadiq (ə) bu barədə buyurmuşdur: “Qohumluq əlaqələrini möhkəmlətmək qiyamət gününün sorğu-sualını yüngülləşdirir, ömrü uzadır və pis ölümdən qoruyub saxlayır.”

37-Onun müsbət təsirlərindən biri də şəhərlərin abadlaşmasıdır. İmam Sadiq (ə) buyurmuşdur: “Qohumluq əlaqələrini möhkəmlətmək və qonşularla xoş davranmaq şəhərləri abadlaşdırır, ömürləri uzadır.”

38-İmam Sadiq (ə) buyurur: “Mən insanın nabud olmasının tezləşməsinə, ölümün yaxınlaşmasına, evlərin xarab olunmasına səbəb olan qohumluq əlaqələrini kəsmək, ata-anaya aq olmaq və onlara pislik etmək kimi günahlardan Allaha pənah aparıram.”

39-İmam Sadiq (ə) buyurmuşdur: “Sizi qohumluq əlaqələrinizi kəsməkdən nəhy edirəm; çünki bu iş qəlbi qəsavətli edir (bərkidir). Belə bir şəxs Allah-taalanın lütf və mərhəmətindən uzaqdır.”

40-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Qohumluq əlaqələrini kəsən şəxs behiştə daxil olmaz.”

1-Ən vəfasız söz Kufədir.

2-Qadının ən gözəl ismət paltarı hicabdır.

3-Aclıq ağılı artırır.

4-Ən böyük dərd nadanlıqdır, tələskən və səbirsiz adam özü-özünün düşmənidir.

5-Məğlubiyyətə uğramaq qələbəyə nail olmaq üçün bir körpüdür.

6-Yaxşı əxlaq insanın qol-qanadıdır.

7-Yaxşı əməl yerinə yetirmək istəyən şəxs bunu təxirə salmasın, çünki Şeytan onu bu əməldən yayındıra bilər.

8-Pis yerlərə gedən şəxs ittiham olunar.

9-Yersiz iş işsizlikdən yaxşıdır və orta səviyyəli iş ən yaxşı işdir.

10-Vicdan insanın daxili qoruqçusudur, qeybət Şeytana pərəstiş etməkdir.

11-Dünya çətinliklərinə dözüb, zirvələrini fəth etmək üçün himmət göstərmək lazımdır.

12-Qəzəbi güzəştlə söndürmək olar.

13-Hadisələr günlər kimi ötüb keçir, ona görə də saleh əməllər yerinə yetirmək üçün tələsmək lazımdır.

14-İnsanlara qarşı kin bəsləmə, çünki səni qəmgin edər.

15-Səbir hər bir çətinliyin açarıdır.

16-Xəstələnməzdən qabaq sağlamlığınızın qədrini bilin.

17-Xeyirxah iş qızıla bənzər, onu əxlaq sandığında qoruyub saxlayın.

18-Pas dəmiri yeyər, həsəd isə qəlbi.

19-Dəlilsiz hadisə olmaz.

20-Hər bir səhv işə görə min dəlil gətirsən, onda min bir səhv olar.

21-Sınıq şeylərin içində yalnız sınıq qəlb çox qiymətlidir, qəlbi yalnız göz yaşları ağardar.

22-İnsan o vaxt təqaüdə çıxar ki, Allah onu dəvət etsin.

23-Şeytanın hücumu səssizdir, nəfəs çəkmək ömürdən gedir.

24-Hər şeyin yanğısı küldür, ömrün yanğısı isə xatirə.

25-Məğlubiyyət yatmış enerjiləri oyadır.

26-Behiştin sənədi, bu dünyada günahlardan çəkinməkdir.

27-İnsanın ömrü behiştə getmək üçün bir (qızıl) fürsətdir və ömrün bərəkəti yaxşı iş görməkdədir.

28-Əgər azad olmaq və zülmə qalib gəlmək istəyiriksə, hər bir şeyimizdən keçməyə hazır olmalıyıq!

29-Məzlumun qarğışı zalımın qılıncından itidir.

30-Yaşamaq üçün fikirləşin, lakin qüssələnməyin.

31-Vicdan həmişə həqiqət yaradır.

32-Dünya arzular qəbiristanlığıdır.

33-Göz yaşı bir gövhərdir ki, yalnız gözdən çıxandan sonra qiymətli olur.

34-Həsəd ruhun zindanıdır.

35-Hər yazı bir dəfə oxumağa dəyər.

36-Ağır iş ilk baxışda qeyri-mümkün görünür.

37-İşin bəlası ona bağlı olmamaqdır.

38-Tövbə daxili yumaqdır.

39-Azadlıqsevərliyi Kərbəla hərəkatından öyrənmək lazımdır.

40-Qəzəb dəlisovluqla başlayır, peşmançılıqla qurtarır.

1-Səbir:

Təcrübə göstərmişdir ki, insan səbir edib ağır hadisələrə sinə gərməklə ali mərtəbələrə nail olur. Səbir etməyin aqibəti, hətta bu dünyada belə, yaxşı nəticədən ibarətdir. Məsələn, Yusif peyğəmbərin çətin sınaqlar və töhmətlərin müqabilində səbir etməsi onu son dərəcə izzətə yetirdi, zalım padşahı ona qul və qardaşlarını ona tabe etdi. İmam Hüseyn (ə) buyurmuşdur: “Səbir məqsədə çatmaq üçün ən yaxşı vasitədir.” Rəvayətlərdən aydın olduğu kimi, səbir üç qismə bölünür: 1-Bəla və müsibətlər qarşısında səbir etmək. 2-Allaha itaət zamanı səbir etmək. 3-Günahlar və haramlar müqabilində səbir etmək. İkincisi birincisindən, üçüncüsü isə hər ikisindən fəzilətlidir. İmam Sadiq (ə) buyurmuşdur: “Qiyamət günü bir dəstə adam gəlib behiştin qapısını döyər. Onlara deyilər: “Siz kimsiniz?” Cavab verərlər: “Biz səbir əhliyik.” Soruşarlar: “Nəyə səbir etmişdiniz?” Deyərlər: “Allaha itaətdə, Onun hökmlərinə baş əyməkdə və günahdan uzaq olmaqda.” Allah-taala buyurar: “Düz deyirlər, onlara yol verin, behiştə daxil olsunlar.” Budur Allahın buyurduğu: “Həqiqətən səbir edənlər öz mükafatlarını hesabsız alarlar.”

2-İxlas:

İxlas – Allahdan qeyrisindən üz çevirməkdir, yəni insan dili ilə Allahın hər bir cəhətdən tək olmasına şəhadət verməli, qəlbi və canı ilə yəqin etməli, əməl, niyyət və ibadətində yalnız Onun razılığını əsas götürməlidir.

Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Allah-taala sizin çöhrənizə və bədəninizə deyil, qəlbinizə və rəftarınıza nəzər edir.”

Qüşeyri, Zun-nun Misridən belə nəql edir: İxlasın üç əlaməti vardır: 1-“Camaatın onu məzəmmət və tərif etməsinin onun nəzərində bərabər olması. 2-Yaxşı əməllərini yaddan çıxartmaq. 3-Axirəti və ölümü yad etmək.” Qəzzali yazır: “Həvarilər İsa (ə)-dan “xalis əməllər hansılardır?” – deyə soruşduqda, o həzrət buyurdu: “Allahın göstərişlərinə əməl etmək və onlara görə təriflənməyi sevməmək.”

Həzrət Peyğəmbəri-Əkrəm (s) də buyurur: Allah-taala buyurmuşdur: “İxlas Mənim sirlərimdən biridir və onu, sevdiyim bəndələrimin qəlbində əmanət qoyaram.”

3-Xovf (qorxu):

Qorxu həm dünya, həm də axirət işlərində işlənir. Allahdan qorxmağın mənası haram işlərdən çəkinməkdir. Allahın hər bir şeyi görüb, eşitdiyini, görülən hər bir yaxşı və pis işdən xəbərdar olduğunu bilən şəxs yalnız Ona xatir, ixlasla ibadət edib, Onun razılığını əldə etmək fikrində olsa, xovf məqamına nail olmuşdur. İmam Hüseyn (ə) buyurmuşdur: “Allahdan qorxu hər bir hikmətin açarıdır.” Əllamə Təbatəbayi deyir: “Allahın müqabilində özünü zəlil bir bəndə hesab edən halda durmaq qorxudan Allaha ibadət etmək deməkdir. Xovf iman və təqvanın həqiqətini əhatə edən bir addır. Heç bir əməl xovf qədər ehtiras və şəhvət hislərinin cilovlanmasına səbəb ola bilməz.”

Allahdan qorxmaq insanın mənəvi kamallarını artırır. Bu, bütün saleh əməllərin mənbəyi sayılır. İmam Sadiq (ə) İshaqa buyurdu: “Allahdan elə qorx ki, sanki Onu görürsən; sən Onu görməsən də, O, səni görür. Əgər Onun səni görməməsini təsəvvür etsən, kafir olarsan. Əgər Onun səni gördüyünü bilə-bilə günah etsən, Onu sənə nəzər edənlərin ən pisi qərar vermiş olarsan.”

4-Tövbə:

Tövbə günahlardan çəkinib Allah dərgahına qayıdış deməkdir. Hədislərdə tövsiyə olunmuşdur ki, insan öz günahlarını başqalarına deməməli və onları yalnız Allah dərgahında etiraf etməklə Ondan bağışlanmaq diləməlidir.

Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Ya Əli, xoş o kəsin halına ki, Allah-taala ona nəzər sala və o da Allahdan başqa heç kəsin xəbərdar olmadığı günahları üçün ağlaya.”

İmam Baqir (ə) buyurmuşdur: “Günahlarından tövbə edən şəxs (ümumiyyətlə) günahı olmayan şəxs kimidir.”

İmam Sadiq (ə) buyurmuşdur: “Xalis tövbə odur ki, insanın batini zahiri kimi, hətta ondan daha da yaxşı olsun.”

5-Riya:


İxlasla deyil, Allahdan qeyrisinə göstərmək məqsədi ilə yerinə yetirilən əmələ “riya” deyilir. Qəzzali deyir: “İbadət etməklə özünə tərəfdar (mürid) yığan şəxs riyakar adlanır. Riyanın ən aşağı mərtəbəsi Allaha şərik qoşmaqdır.

İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs camaata xatir işləsə, onun savabını camaat verir. Lakin hər kəs Allaha xatir iş görsə, onun savabını Allah verir.”

İmam Əli (ə) buyurmuşdur: “Riyanın üç əlaməti vardır: Camaat onu görəndə sevinsin, tək olanda (ibadətə qarşı) süst olsun və camaatın onu tərifləməsini istəsin.”

Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Bir zaman gələr ki, camaatın daxili xəbis, zahiri isə dünyaya tamah etdiklərinə görə gözəl olar və Rəbblərinin yanında olanları istəməzlər.”

6-Təqva:

Nəfsi qadağan olunmuş şeylərdən, günah və çirkin işlərdən qoruyub saxlamağa “təqva” deyilir. Hər kəs həqiqi təqvaya malik olmaq istəyirsə, bütün günahlardan çəkinməli və vacib olan əməlləri yerinə yetirməlidir.

Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “İnsanların cənnətə getməsinə səbəb olan şeylərin ən mühümü Allah qarşısında təqva və gözəl əxlaqa malik olmaqdır.”

İmam Sadiq (ə)-dan təqvanın təfsiri barəsində soruşduqda, Həzrət buyurdu: “Təqva budur ki, Allah-taala səni, əmr etdiyi işlərdə və yerlərdə qaib, qadağan etdiyi yerlərdə isə hazır görməsin.”

7-Arzu:

İnsan ümid və arzu ilə yaşayır, bunlarsız yaşamaq mənasızdır. Dünya və axirət üçün mənfəəti və xeyri olan şeylərə “arzu” deyilir. Arzu insana sevinc gətirir. Təkamül və irəliləyişlə birgə olan arzu “düzgün arzu” hesab olunur. Qurani-kərim insana ömrünü boş yerlərə sərf etməməsini, ümid və arzu ilə yaşamasını göstəriş vermişdir. Düzgün olmayan arzu insanın özündən sonra yadigar olaraq xeyirxah bir iş qoymaq əvəzinə, fani dünyanın maddi ləzzətlərinə çatmasına himmət göstərməsidir. İmam Əli (ə) buyurmuşdur: “Bilin ki, arzu insanın əqlinin qəflətdə qalmasına və Allahı yaddan çıxarmasına səbəb olur.” Həmçinin buyurmuşdur: “Hər kəs qəlbini dünya məhəbbətinə bağlasa, üç şeyə mübtəla olar: 1-Tükənməz qəm-qüssəyə. 2-Ondan ayrılmayan tamaha. 3-Nail ola bilməyəcəyi arzuya.”


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə