3-Fəzl ibn Yəsar deyir: İmam Baqir (ə)-ın belə buyurduğunu eşitdim: "Hər kəs şərab içsə, namazı qırx gün ərzində qəbul olunmaz."



Yüklə 0,74 Mb.
səhifə7/14
tarix01.08.2018
ölçüsü0,74 Mb.
#60464
1   2   3   4   5   6   7   8   9   10   ...   14

8-Təvəkkül:

Acizliyi bildirmək və başqasına arxalanmaq “təvəkkül” adlanır. Allaha təvəkkül edən şəxs Allahdan qeyrisindən üz çevirir, insanlara göz dikmir və onlara ümid bəsləmir; yalnız Allahdan kömək diləyir, Onun qüdrəti haqqında fikirləşir, heç kəs onun haqq söz deməsinin qarşısını ala bilmir və özü də haqq danışmaqdan boyun qaçırmır. Allaha təvəkkül etmək qəlbi sakitləşdirir və qəm-qüssəni aradan aparır. Merac gecəsi Cəbrail Həzrət Peyğəmbər (s)-dən “Allaha təvəkkül etmək nə deməkdir?” – deyə soruşduqda, o həzrət buyurdu: “Təvəkkül yaranmışların (müstəqil şəkildə) heç bir xeyir və zərər yetirə bilməməsini başa düşməkdir.”

9-Aclıq:

Qurani-kərim ac qalmağı bir növ imtahan kimi qələmə vermişdir. Aclığa dözən şəxs həqiqi mömindir. Ac qalmaq insanın əxlaqının düzəlməsinə, təfəkkür qüvvəsinin inkişaf etməsinə və az yemək həyat boyu orqanizmin rahatlığına səbəb olur. Çox yemək insanın düşüncəsini və fikrini artırmır. Rəvayətdə bəyan olunduğu kimi, aclıq hikmət bulududur və ac qalan şəxsə hikmət yağışı yağar.

Əbuzər demişdir: “Allaha and olsun, hər cümə günü mənim yeməyim bir sa arpadan çox olmur.”

Əbu Süleyman demişdir: “Dünyanın açarı tox olmaq, axirətin açarı isə ac qalmaqdır. Ac qalmaq insanın hikmətli olmasına səbəb olur və ariflərin xüsusiyyətlərdən biridir.”

10-Bəla:

Hər bir bəla həqiqəti dərk etmək üçün bir təcrübədir. İnsanlar onun vasitəsilə imtahana çəkilir, kimlərin şükr edən və kimlərin nankor və səbirsiz olduğu ayırd edilir. Hər kəs onun Allah tərəfindən olduğunu qəbul etməsə, taqətsizlik göstərib küfr edər.

Böyük filosof və arif Günabadi deyir: “Allah tərəfindən olan bəla həqiqətin batildən seçilmə vasitəsidir. İlahi imtahan, əgər insanın sevincinə səbəb olsa, şükr; yox əgər zərərə düşməsi ilə nəticələnsə, səbir etməlidir. Deməli, həm nemət, həm də möhnət bir bəladır, nemətin müqabilində şükür, möhnətin müqabilində isə səbir etmək lazımdır.

Bəzən imtahandan məqsəd bir neçə məsələ ola bilər:

a) Sədaqəti bildirmək: Buna həzrət İbrahim (ə)-ı misal göstərmək olar. Belə ki, ondan var-dövlət alındıqda və oğlu İsmailin başını kəsməyə əmr olunduqda, səbir edib Allah qarşısında özünün sədaqətini və həqiqi imanını aşkar etdi.

b) Cəza imtahanı: Bu imtahanın səbəbi imanın zəifliyi, onun nəticəsi də bədbəxtliyə düşməkdir. Buna İblisi misal göstərmək olar. Belə ki, o, Allah əmrinə qarşı çıxdığından, Haqq dərgahından qovuldu.

v) Yüksək məqamlara çatmaq üçün imtahan vermək: Bu imtahanın vasitəsilə insan yüksək və uca məqama nail olur. Buna həzrət İbrahim (ə), həzrət Əyyub (ə)-ı, digər peyğəmbərləri və övliyaları misal göstərmək olar. Belə ki, Nəmrud həzrət İbrahim (ə)-ı oda atdı və o da buna səbir edib imamət məqamına nail oldu. Həmçinin Əyyub (ə) müxtəlif xəstəliklər və bəlalara düçar olduqda, səbir edib, Allah yanında uca məqama malik oldu.

q) Həqiqətin aşkar edilməsi məqsədilə imtahan etmək: Buna həzrət Peyğəmbər (s)-lə pıçıltı ilə söhbət edən şəxsin sədəqə verməsini misal göstərmək olar.

11-Bərzəx:

Bərzəx lüğətdə iki şeyin arasında pərdə asmaq və fasilə salmaq deməkdir. Dini termində isə bərzəx Allah-taalanın dünya həyatı ilə axirət arasında yaratdığı bir aləmə deyilir. İnsanlar öldükdən sonra müəyyən müddətə qədər orada qalacaqlar.

Qurani-kərimdə buyurulur: “Onların (dünya həyatı ilə axirət) arasında “Bərzəx” (aləmi) vardır ki, (bu bərzəx aləmi) qiyamət gününədək davam edəcəkdir.”

İmam Sadiq (ə)-dan bərzəxin vaxtı barədə sual olunduqda, Həzrət buyurdu: “Ölüm saatından başlanır və qəbirdən qaldırılanadək (davam edir).” Həkim Günabadi deyir: “Bərzəx bu dünya ilə axirət arasındakı aləmdir. Dünya imtahan, axirət isə rahatlıq yeridir.”

12-Təsbih:

Təsbih, Allah-taalanın zatının kamallarına layiq olmayan hər bir sifəti Ondan uzaq bilməkdir. “Sübhanəllah” dedikdə, Allah-taalanın əqlən təsəvvür olunan hər bir şeydən üstün olduğu nəzərdə tutulur. O, hər bir xeyir və kamalın mənbəyidir. Yaranmışlar içərisində Allaha təsbih demək təkcə insanın vəzifəsi deyil; yer, göy və onların içərisində olan hər bir varlıq (öz varlığı səviyyəsində) Allah-taalaya səcdə, təsbih və pərəstiş edir və Onun müqabilində baş əyirlər.

13-Təfəkkür:

Təfəkkür qəflətin ziddi və qəlbin saflaşmasında ən mühüm səbəblərdən biridir. Kin-küdurətin aradan getməsində, qürur evini (dünyanı) sadə bilib, əbədi səadət evinə (axirətə) üz tutmaqda təfəkkürün böyük rolu vardır. O, ibadətlərin başı, itaətlərin canı və ruhudur. Allah-taala insanı əql və düşüncə nemətilə heyvandan üstün etmişdir. Rəvayətlərdə bəyan olunduğu kimi, insan Allah-taalanın zatı haqqında deyil, nemətləri barəsində fikirləşməlidir. Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Bir saat təfəkkür etmək yetmiş il ibadət etməkdən üstündür.” Çünki ibadət nəfsi onun xoşlamadığı şeylərə adət etdirməkdir və onun xeyri təkcə ibadət edənə çatır. Təfəkkür isə nəfsi yaxşı şeylərə adət etdirməklə yanaşı, əqlin genişlənməsi, idrak qüvvəsinin inkişaf etməsidir və onun xeyri bütün insanlara çatır. İmam Əli (ə) buyurmuşdur: “Təfəkkür edən şəxsin bəsirəti (qəlb gözü) açılar.”

14-Qəza və qədər:

İlahi qəza və qədər İslam dininin qəti əqidələrindən sayılır. “Qədər” lüğətdə “bir şeyin ölçülməsi və miqdarı”, “qəza” isə “onların həyata gercəkləşməsinin labud və qəti olması mənasını ifadə edir. İmam Rza (ə) qəza və qədərin təfsirində belə buyurmuşdur: “Qədər diri qalmaq və fani olmaq baxımından bir şeyin ölçülməsində, qəza isə həmin şeyin qəti olaraq həyata keçməsindən ibarətdir.”

Qurani-kərimdə “qədər” barəsində buyurulur: “Şübhəsiz ki, Biz hər şeyi müəyyən ölçüdə (lazım olduğu qədər) yaratdıq.” “Qəza” haqqında isə belə buyurulur: “Sizi palçıqdan yaradan, sonra da (sizin üçün) bir əcəl təyin edən Odur!”

Qəza və qədər məsələsi olduqca mürəkkəb olduğu üçün idrak və fikir cəhətindən onu başa düşməyə hazırlığı olmayanlar bu məsələyə girişməsinlər. Əks halda, bu iş onların əqidəsində səhvə, şəkk-şübhəyə yol verər və düz yoldan azmalarına gətirib çıxarar. Elə buna görə də imam Əli (ə) belə şəxslərə xitab edərək buyurmuşdur: “(Qəza və qədər) qaranlıq bir yoldur, onu keçməyin, dərin bir dənizdir, ora girməyin; Allahın sirridir, onu əldə etmək üçün özünüzü zəhmətə salmayın.”

15-Həbt (pis əməllər vasitəsilə yaxşı əməllərin puç olması):

“Həbt” – lüğətdə heyvanların xəstəliyə və köpməsinə səbəb olan bir növ zərərli və öldürücü otdan ibarətdir.

Rağib İsfahani özünün “Müfrədat” kitabında “həbt”i bir neçə qismə bölmüşdür: 1-Qiyamətdə heç bir faydası olmayan dünyəvi əməl. 2-Allahın razılığı əsasında yerinə yetirilməyib, axirətə aid olan əməl. 3-Pis əməllərin müqabilində (və onunla bərabər) olan yaxşı əməllər.

Hər kəs kafir olub, kafir halında da ölsə, əməlləri axirətdə puça çıxar. Rəvayətdə deyilir ki, hər kəs gözəl bir adət qoysa, qiyamətə qədər ona əməl edənlərin savabı qədər həmin şəxsə savab verilər. Lakin hər kəs pis bir adət qoysa, qiyamət gününə qədər, ona əməl edən şəxsin günahı həm ona əməl edən şəxslərə yazılar, həm də onun boynuna yüklənər.

16-Rəhmət:

Yəhya ibn Səlam rəhmətin on bir mənasına işarə etmişdir: 1-İslam dini. 2-Ruzi. 3-Kömək və qələbə. 4-Sağlamlıq. 5-Behişt. 6-Yağış. 7-Nübüvvət. 8-Nemət. 9-Quran. 10-Var-dövlət. 11-İman.

Salman Farsi həzrət Peyğəmbəri-Əkrəm (s)-in belə buyurduğunu nəql edir: “Allah-taala yer və göylərlə birlikdə yüz rəhmət yaratdı və onun təkcə birini yer üzünə göndərdi ki, insanlar onun vasitəsilə bir-birlərinə rəhm edirlər.” (Ananın öz övladına məhəbbət göstərməsini, quşların su içməsini və insanların yaşamasını buna misal göstərmək olar. Allah-taala qalan doxsan doqquz rəhmətini isə qiyamətdə təqvalılara əta edəcəkdir.)

17-İkrah (məcburiyyət):

İslam nöqteyi-nəzərindən fərdi azadlığın nümunələrindən biri də dinin qəbul edilməsində məcburiyyətin olmamasıdır. Qurani-kərimdə buyurulur:

“Dində heç bir məcburiyyət yoxdur. Artıq doğruluq (iman) azğınlıqdan (küfrdən) aydın şəkildə seçilmişdir.”

Çünki İslam bəyənilmiş din, iman və qəlbə aid olan bir inancdır və heç vaxt zorla qəbul etdirilib qəlblərdə yer tuta bilməz. Əksinə bir sıra mühüm müqəddimələrin hasil olması ilə eyni zamanda haqq batildən seçilib ayrılır. Bu aydınlıq hasil olarkən, insan təbii olaraq haqqı qəbul edir.

İnsan işlərində azad və ixtiyar sahibi olması inkar edilməz bir həqiqətdir. İslamın əziz peyğəmbəri həzrət Mühəmməd (s) vəfat etdikdən sonra müsəlmanların arasında ciddi şəkildə mübahisə obyektinə çevrilmiş məsələlərdən biri də insandan baş verən işlərin keyfiyyəti idi. Bəzilərinin əqidəsinə əsasən, insan işlərində tam məcburiyyətə malikdir. Başqa bir qrupun nəzəriyyəsinə görə Allah-taala bütün işləri insanların ixtiyarında qoymuş, Öz qüdrət və hakimiyyətini (qəzavətini), eləcə də təqdirini onlardan götürmüşdür. Birinci qrupun fikrincə, insanın bütün işlərinin səbəbkarı məhz Allahdır. İkinci dəstənin fikrincə isə, insanın işlərinin səbəbkarı tam mənada onun özüdür. Bu iki azğın və yanlış fikrin müqabilində Peyğəmbər Əhli-beytinin bəyan etdiyi həqiqət və doğru əqidə bundan ibarətdir ki, insanın işləri nə tam cəbr (icbar), nə də tam təfviz əsasında deyil; həqiqət bu iki fikrin arasında orta mövqedə olan bir nöqtədir. Yəni insan bu dünyada öz işlərində tam məcbur olmadığı kimi, tam mənada öz başına da buraxılmamışdır.

İmam Sadiq (ə) bu iki etiqad arasındakı orta və mətədil olan haqq yolu məşhur bir cümlədə belə bəyan emtişdir: “İslamda nə tam cəbr vardır, nə də tam təfviz; əksinə (haqq yol) bu ikisinin arasında olan bir yoldur (orta mövqedir).”

18-Röya (yuxu):

Röya insan üçün yaxın və ya uzaq gələcəkdə xeyirli, ya da qorxulu bir hadisənin baş verəcəyini bildirir. Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Düz danışan şəxslərin yuxusu doğrudur.” Həmçinin buyurmuşdur: “Bizi yuxuda görən şəxs, sanki aşkara görmüşdür, çünki Şeytan mənim surətimə düşə bilməz.” Peyğəmbərlərin yuxu görməsi Allah tərəfindən olan bir növ ilhamdır.

İmam Sadiq (ə) öz səhabələrindən birinə buyurdu: “Doğru və yalan yuxular haqqında fikirləş, gör onlar bir-birlərinə necə də qarışmışdır. Bütün yuxular doğru olsaydı, hamı peyğəmbər olardı; əgər hamısı yalan olsaydı, onda yuxunun heç bir faydası olmaz, artıq bir iş sayılardı.”

19-Dua:

Dua oxumaq, Allahla raz-niyaz və münacat etmək şiələrə məxsus olan xüsusiyyətlərdən biridir ki, onun vasitəsilə başqalarından seçilmiş, onun qayda və fəziləti ilə ünsiyyət tapmışlar.

Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Ehtiyaclarınızı (yalnız) Allahdan istəyin, (ağır və xoşagəlməz) hadisələrdə dua edib, Ona pənah aparın; çünki dua ibadətin məğzidir.”

Ən xalis ibadət dua və Allahla raz-niyaz etməkdir. Çünki insan dua edərkən camaatın ixtiyarında olanlardan üz çevirib, yalnız Allaha ümid bağlayır. Hədislərdə buyurulur ki, ən fəzilətli ibadət duadır. Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Yardıma ehtiyacın olsa, onu Allahdan istə; çünki O, (hər bir) xeyrin mənbəyidir və insanın da həmişə bu xeyrə ehtiyacı vardır.”

20-Gözəl əxlaq:

Gözəl əxlaqa sahib olmağın hər iki dünyada böyük faydaları vardır. Bir nəfər imam Sadiq (ə)-dan gözəl əxlaqın nəyə deyildiyini soruşduqda, Həzrət ona buyurdu: “Yumşaq və mülayim davran, danışığını gözəlləşdir və din qardaşlarınla gülərüz, mehriban rəftar et.” O həzrət başqa bir hədisdə belə buyurmuşdur: “Üç əməl vardır ki, hər kəs onlardan birinə malik olsa, Allah behişti ona vacib edər: 1-Yoxsul olduğu halda (Allah yolunda) ehsan və yaxşılıq etmək. 2-Hamı ilə gülərüz olmaq və gözəl rəftar etmək. 3-İnsaflı olmaq (yəni zərərinə də olsa belə, haqqı demək).”

21-Şəfaət:

Qiyamət günündə Allahın iznilə şəfaət etmək İslam dinin əqidələrindən biri sayılır və bu haqda heç bir şəkk-şübhə yoxdur. Qiyamət günündə peyğəmbərlər, məsum imamlar və İlahi övliyalar Allahın iznilə bəzi günahkar insanlara şəfaət edəcək və onları bağışladacaqlar. Qurani-kərim və saleh əməllər də, insana şəfaət edəcəkdir. Şəfaət o kəslərə ediləcəkdir ki, onlar heç vaxt Allah-taala ilə olan əlaqələrini tam şəkildə qırmamışlar və şəfaət olunmağa da ləyaqətli olsun. Allah-taala “Ənbiya” surəsinin 28-ci ayəsində buyurur: “Onlar Allahın razı olmadığı şəxslərdən başqasına şəfaət etməzlər.”

22-Şükür:

Şükür – neməti xatırlayıb izhar etmək, Allaha yaxınlaşmaq və itaət yolunda səy göstərməkdir. Onun antonimi küfrdür, yəni nemətin Allah tərəfindən olmasını yaddan çıxarmaq.

23-Sehr:

Sehr lüğətdə kökü zərif, səbəbi isə gizli olan şey mənasını ifadə edir. Dini termində isə səbəbi gizli olan və heç bir həqiqəti olmadığı halda, həqiqət olması təsəvvür edilən şeylərə deyilir. Buna həzrət Musa (ə)-la mübarizədə məğlubiyyətə uğrayan sehrbazların əməllərini misal göstərmək olar. Belə ki, camaat onların özləri ilə gətirdikləri sadə iplərin əjdaha olmasını təsəvvür edirdilər.

Sehrin bir neçə mənası vardır: 1-Həqiqəti olmayan xəyallar; misal üçün, gözbağlamaq, cəld hərəkət, əli iti olmaq. 2-Şeytana yaxınlaşmaqla, onu özünə cəlb etmək və s.

24-Əbəs (hədəfsiz və hikmətsiz) iş:

Faydasız bir işi yerinə yetirməyə “əbəs” deyilir. Rağib İsfahani özünün “Müfrədat” kitabında yazır: “Düzgün hədəfi olmayan işə “əbəs” deyilir. Allah-taala varlıq aləmini hədəfsiz və boş yerə yaratmamışdır. Onun insanı yaratmaqda əsas hədəfi ibadət və bəndəçilik nəticəsində hasil olan insani kamallara çatdırmaqdan ibarətdir.”

Bir şəxs imam Sadiq (ə)-dan “Allah nə üçün varlıq aləmini yaratmışdır?” – deyə soruşduqda, o həzrət buyurdu: “Allah-taala məxluqları hədəfsiz, boş yerə yaratmamışdır; onları Öz qüdrətini göstərmək üçün yaratmış və onlara Allahın razılığını qazanmaq üçün itaət etməyi vacib etmişdir.”

İmam Hüseyn (ə) öz səhabələrinə buyurdu: “Uca Allah insanları yaratdı ki, Onu tanısınlar.”

Qurani-kərimin “Zariyat” surəsinin 56-cı ayəsində buyurulur: “Mən cini və insanı, Mənə ibadət etmələrindən (Məni tanımalarından) başqa bir məqsədlə yaratmadım.”

Bütün aləm və Allahın işləri mütləq şəkildə haqq olduğundan, hikmət sahibinə layiq olan surətdə yaranmış və heç də nahaq və əbəs yerə yaranmamışdır. Bu, Qurani-kərimin müxtəlif ayələrində qeyd olunmuşdur. Misal üçün, “Əhqaf” surəsinin 3-cü ayəsində buyurulur: “Biz göyləri, yeri və onların arasında olanları yalnız haqq olaraq yaratdıq.” İnsan və dünyanın sonu da qiyamətin bərqərar olunması ilə həqiqətə çevriləcəkdir.

25-Ədalət:

İmam Əli (ə) buyurmuşdur: “Ədalət – hər bir işi öz yerində qərar verməkdir.” Ədalət insana, onun öz haqqı qədər əvəz vermək, zülm isə bu haqqı verməkdən imtina etməkdir. Allah-taala son dərəcə adil, kəramətli, bəxşiş və yaxşılıq edən, rəhimli olub əməllərə əvəz verməyi vəd etmişdir. Hətta yaxşı və bəyənilən arzuları fikirdən keçirmək üçün də yaxşı mükafata zəmanət vermiş və vəd etmişdir ki, yaxşı işlər üçün əlavə əvəz də verəcəkdir. Necə ki, “Ənam” surəsinin 160-cı ayəsində buyurulur: “Kim yaxşı bir iş görərsə, ona həmin işin on qat əvəzi (savabı) verilər.”

26-Əql:


Həqiqətən, Allah-taala bizə təfəkkür, idrak və əql qüvvəsi bəxş etdiyinə görə, bizə əmr etmişdir ki, Onun xəlq etdiyi varlıqlar barəsində fikirləşək, şüurumuzu işə salıb, Allahın hikmətində, kainatdakı nişanələrində və insanın daxili aləmində dərindən düşünək.

İmam Sadiq (ə)-dan “əql nədir?” – deyə soruşulduqda, o həzrət buyurdu: “Əql odur ki, Allah-taala onun vasitəsilə (insandan) sual soruşur və behişt onun vasitəsilə qazanılır.”

Ağıllı insan həyatın çətinliklərinə, ağrı-acılarına dözür, əqli ilə dünyanın puç və müvəqqəti, axirətin isə əbədi və həmişəlik olmasına yəqin edir. Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Allah əqldən də əziz olacaq bir varlıq yaratmamışdır.” Həmçinin buyurmuşdur: “Allahın yaratdığı ilk şey əql idi.” Başqa bir hədisdə buyurmuşdur: “İnsanın dayaq nöqtəsi əqlidir və əqli olmayan şəxsin də dini yoxdur.”

İmam Rza (ə) buyurmuşdur: “Əql Allahın (insanlara) hədiyyəsidir.”

İmam Sadiq (ə) buyurmuşdur: “Allah-taala insandan (nankorluq etdiyinə görə) bir neməti almaq istədikdə, birinci onun əqlini əlindən alır.”

27-Qürur:

Qürur insanın dünyaya aldanması deməkdir. İnsanı süst edib, yaxşı əməlinin qarşısını alan hər bir şeyə “qürur” deyilir. Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Axirəz-zamanda yaşayan insanların qəlbinə qürur hakim kəsiləcəkdir.”

28-Qəzəb:

Qəzəb insanın nəfsində qaralıq və çirkinlik yaradıb, onu tamamilə dəyişir, rahatlığını iztiraba, sevincini kədərə çevirir, yuxusunun, istirahətinin qarşısını alır, orqanizmə də öz mənfi təsirini göstərir. Əgər qəzəb insana qalib gəlsə, sirlərinin üstünü açar. İmam Sadiq (ə) buyurmuşdur: “Allah öz qəzəbini udan şəxsin eyblərini örtər və gizlədər.”

O həzrət başqa bir hədisdə belə buyurmuşdur: “Qəzəb hikmət sahiblərinin hikmətini məhv edər (elə buna görə də onda hikmət əvəzinə səfehlik müşahidə olunar). Hər kim qəzəbinə sahib olmasa (qəzəbini cilovlaya bilməsə), ağlına da sahib ola bilməz.”

29-Qəflət:

Bundan da böyük qəflət ola bilərmi ki, insan əql, düşüncə, istedad və idrak qüvvəsinə malik olduğu halda, onu məqsədsiz, dəyərsiz və boş yerlərdə puça çıxarsın? İnsan Allah tərəfindən ona verilən qüdrəti o zaman puça çıxarar ki, onun dəyər və əhəmiyyətindən agah olmasın. Buna əsasən, qəflət həmin nadanlıq, həyatda batil, mənasız və faydasız işlərlə məşğul olmaqdır. Qəflət insanın diqqətsizlik və ağılsızlıq ucbatından düçar olduğu səhvidir. Alimlərdən biri demişdir: “Qəlbin qəfləti çoxaldıqda, mələyin insana etdiyi ilhamlar da azalar.” Baba Tahir demişdir: “Qəflət məhrum olmaq deməkdir.”

30-Qəlb:

Qəlbə “qəlb” deyilməsinin səbəbi onun iki həyatın – mələk və Şeytan həyatı – arasında dəyişilməkdə olmasıdır. Şərif Cürcani deyir: “Qəlb insanın həqiqətindən ibarət olan İlahi bir zəriflikdir, onun insanın bədənin sol hissəsində yerləşən ürəyi ilə əlaqəsi vardır. İnsanın qəlbi onun elm və iradəsinə bağlıdır və bu, digər canlılarda mövcud deyildir.”

Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “İnsanın qəlbinin ətrafında gəzib-dolaşan şeytanlar olmasaydı, insanlar mələkut aləminə ucalardılar.”

İmam Sadiq (ə) buyurmuşdur: “Qəlb Allahın hərəmidir; belə isə, Allahın hərəmində Ondan başqasına yer vermə (qəlbin məxfi guşələri Allaha məxsusdur, dünya məhəbbətini ondan xaric et).”

31-Kahin:

Sirli qüdrətə malik olan, qeybdən bəzi xəbərlər verən və xariqul-adə şəkildə ruhlarla əlaqədə olan şəxsə kahin deyilir və o, xəbəri cinlərdən alır. Bu, tağut kəlməsi ilə də eyni mənanı daşıyır.

Bir kişi həzrət Peyğəmbər (s)-dən kahinlər haqqında soruşduqda, Həzrət buyurdu: “Çox da mühüm bir iş deyildir.” Dedi: “Ya Peyğəmbər! Axı onların dedikləri bəzi məsələlər doğru idi!” Peyğəmbər (s) buyurdu: “O, cinlərin vasitəsilə Allah tərəfindən alınıb, öz dostlarının qulaqlarına deyilən sözlərdir və onu yüz yalanla qarışdırıb deyirlər.”

32-Cihad:

Cihad Allah yolunda döyüşmək, nəfsi istəklərə və arzulara qələbə çalmaqdır. Nəfs güclü və qalib olduqda, insana hakim olur. Həzrət Peyğəmbəri-Əkrəm (s) düşmənlə cihad etdikdən sonra, nəfslə mübarizəyə işarə edib, onu ən böyük cihad və mübarizə adlandırdı. İnsan düşmənlə bir neçə dəfədən artıq müharibə aparmır və o, bu müharibədə həm qələbə çala, həm də məğlubiyyətə uğraya bilər. Lakin nəfslə mübarizə əbədidir və insanın ömrünün sonuna qədər davam edir. Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Sənin ən böyük düşmənin nəfsindir və ona yalnız mübarizə aparmaqla qələbə çalmaq olar.”

33-Məcnun:

Peyğəmbərlərdən heç biri çətinliklərdən, müsibətlərdən, ağır hadisələrdən və əzab-əziyyətlərdən uzaq olmamışlar. Onların ən kiçik müsibətlərindən və əzab-əziyyətlərindən biri ağılsızlıq və dəliliklə (məcnunluqla) ittiham olunmalarıdır. Lakin həqiqət əhli arasında günah işlərlə məşğul olanlara, təkçə dünyaya arxalanıb, mal-dövlət haqqında fikirləşənlərə “məcnun” deyilir.

34-Vəhy:

Peyğəmbərlərin qeyb aləmi ilə əlaqə yaratması vəhy yolu ilə həyata keçir. Bu əlaqə, başqa sözlə vəhy, əql, idrak və hissiyyatla həyata keçməz. Vəhy Allahın Öz göstərişlərini xalqa çatdırmaq üçün peyğəmbərlərin ixtiyarına qoyduğu xüsusi bir vasitədir. Allah-taalanın Öz bəndələri ilə əlaqə yaratması yalnız üç yolla mümkündür:

a)-Qəlbə ilham etməklə;

b)-Hicab (pərdə) arxasından danışmaqla; belə ki, insan (peyğəmbər) Allahın danışığını eşidir, lakin onu görmür. Allahın Musa (ə)-la danışmasını buna misal göstərmək olar.

v)-Bir elçi (mələk) göndərər ki, o da Allahın izni ilə vəhy edər.

Qurani-kərimdə bu barədə belə buyurulur: “Hər bir bəşər övladına Allahla danışmaq müyəssər omaz. Allah onlarla ancaq vəhylə, yaxud pərdə arxasından danışar və ya bir elçi (mələk) göndərər. O da Allahın izni ilə Allahın istədiyini vəhy edər. Həqiqətən, O, (hər şeydən) ucadır və hikmət sahibidir.”

35-Məkr (hiylə):

Allah tərəfindən olan məkr və hiylənin mənası insanları aldatmaq deyil, cəza, əzab və möhlət verməkdir. Müharibədə düşmənə qarşı hiylə işlətmək halaldır.

36-Əhd-peyman:

Əhd-peymanın Qurani-kərimdə işlənən ən mühüm mənası əmanəti qəbul etməkdir ki, insandan başqa hər bir məxluq onu qəbul etməkdən imtina etmişdir.

37-Ölüm:

Ölüm həyatın sonu deyil, əksinə bir yerdən başqa bir yerə köçməkdir. İmam Əli (ə) buyurmuşdur: “Dünya əbədi deyil, müvəqqəti bir həyatdır, belə isə, ibrət götürün və onu abad etməyin. Çünki siz əbədi həyat üçün yaradılmısınız. (Ölməklə) bir yerdən başqa bir yerə köçəcək və orada əbədi olaraq yaşayacaqsınız.”

İnsanın xilqəti bir damcı sudan (nütfədən) başlayır, o, tədriclə inkişaf edir və bir məqama çatdıqda, onun bədəninə ruh verilir. Qurani-kərim bu mərhələdən sonra Allahı “Əhsənul-xaliqin” (yaradanların ən yaxşısı) adlandırır. İnsanın əcəli yetişdikdə, bu dünyadan tam ayrı olan bir aləmə köçür ki, bu da onun təkamülüdür. Qurani-kərim bu mərhələlərə belə işarə edir: “Sonra ona ayrı bir həyat (xilqət) bəxş etdik. Yaradanların ən yaxşısı olan Allah təzimə (və sitayişə) məxsusdur. Bundan sonra siz öləcək və daha sonra isə qiyamət günündə dirildiləcəksiniz.”

İnsanın təkamülə çatması maddi dünyanı tərk etməsinə bağlıdır. Əgər ölüm olmasaydı, insan təkamül mərhələsinə çatmazdı. İmam Həsən (ə)-dan “ölüm nədir?” – deyə soruşduqda, o həzrət buyurdu: “Möminlər üçün ən böyük sevincdir, çünki çətinliklərlə birgə olan dünya həyatından əbədi behiştə yola düşür. Kafirlərə isə ən ağır həlakətdir, çünki cəhənnəmə yollanırlar.” İmam Cavad (ə)-dan soruşuldu: “Nə üçün müsəlmanların ölümdən xoşu gəlmir?” Həzrət buyurdu: “Çünki onlar ölümün həqiqətini tanımırlar, necə ki, uşaq (xəstələndikdə) dərmanın faydasını bilmədiyi üçün onu qəbul eməkdən imtina edir.”

38-Nemət:

Allaha nisbət verilən nemətlərdən məqsəd, yalnız xeyir və yaxşılıqdır. İnsanın Allah dərgahına yaxınlaşmaq və Onun razılığını cəlb etmək üçün yerinə yetirdiyi əməllərə nemət deyilir. Bütün təfsirçilərin nəzərinə əsasən, Allahın insanlara dinin kamilləşməsi ilə sona yetirdiyi nemət hidayət və doğru yola yönəlməkdir. Hər bir varlığın ən böyük neməti onun həyat sürməsidir. Buna əsasən, hər bir insan axirət aləmindəki həyat haqqında fikirləşsə, ən böyük nemətə malik olmuşdur.

39-Nur:


Gizli və məxfi şeylər nurun vasitəsilə aşkar edilir. Nur Qurani-kərimdə görmək, işıqlandırmaq, hidayət, iman, Quran, xeyir işlər, yol göstərmək, rahatlıq, tövbə, zikr və şükür mənalarında işlənmişdir.

40-Yəqin:

Yəqin elmin xüsusiyyətlərindən olub, mərifət məqamından üstündür və hökmün möhkəmliyi ilə birgə olan nəfsin aramlığına deyilir. İmam Sadiq (ə) buyurmuşdur: “Allah-taala rahatlıq və asayişi yəqin və razılıqda, qəm-qüssəni isə şəkk və tərəddüddə qərar vermişdir.” Yenə də o həzrət buyurmuşdur: “Yəqinin həddi budur ki, özünü daim Allahla bilib heç bir şeydən qorxmayasan.”

Yəqin üç qismə bölünür:

1-Elmül-yəqin: Yəqinin birinci mərtəbəsidir, ondan məqsəd həqiqətlə uyğun gələn dəqiq elmlər, sabit və möhkəm etiqadlardır. Bu məqam alimlərin yorulmaz səy və ciddi cəhdlə nail olduqları dərəcədir.

2-Eynül-yəqin: Canlı şəkildə müşahidə etməyə və dünyadan gedən zaman can vermə halından xəbərdar olmağa deyilir. Bu, ariflərin məqamıdır.

3-Həqqül-yəqin: Aqil ilə məqul arasında mənəvi birliyin və həqiqi əlaqənin yaranmasına deyilir. Yüksək imana malik olmaq nəticəsində kəşf yolu ilə behişt, cəhənnəm və onların necəliyini müşahidə edib qeyb aləmindən xəbər verməkdir.

1-“Fatihə” surəsi: Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs “Fatihə” surəsini oxusa, Allah-taala ona nazil olmuş bütün ayələrin tilavətinin savabını verər.”


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə