BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№4
Humanitar elml
ər seriyası
2015
UOT 94(479.24)
İRƏVAN BƏYLƏRBƏYİ TƏHMASİBQULU XAN QACAR
B.Ş.ŞABİYEV
B
akı Dövlət Universiteti
beymirze.shabiyev@mail.ru
Məqalədə XVII əsrin 20-30-cu illərində Çuxur-Səəd bəylərbəyi olmuş Təhmasibqulu
xan Qacarın bölgədəki fəaliyyətinin müxtəlif aspektləri dövrün ilkin qaynaqlarının materialları
əsasında araşdırılmış, bir sıra faktiki materiallar demək olar ki, ilk dəfə olaraq elmi dövriyyəyə
cəlb edilmişdir.
Açar sözlər: İrəvan, Çuxur-Səəd, Qacar
Azərbaycan Səfəvilər dövlətinin mühüm inzibati ərazi vahidlərindən biri
olan Çuxur-
Səəd bəylərbəyliyinin tarixinin müəyyən dövrü Qacar tayfaları ilə
bağlıdır. XVI əsrdə Çuxur-Səəd bəylərbəyləri əsasən Rumlu və Ustaclı tay-
falarının əmirlərindən təyin edilirdisə, XVII əsrdə bu vəzifəni daha çox Qacar
tayfasının təmsilçiləri tutmuşdular.
Məlum olduğu kimi, 1580-1604-cü illərdə İrəvan vilayəti Osmanlı işğalı
altında olmuş, 1604-cü ildə isə Şah I Abbas İrəvanı işğaldan azad etdikdən
sonra Əmirgünə xan Qacarı Çuxur-Səəd bəylərbəyi təyin etmişdi.(1,638).
Əmirğünə xan 20 ildən artıq bu vəzifəni şərəflə yerinə yetirmiş və 1625-ci ildə
Ğürcüstanda baş vermiş üsyanın yatırılması zamanı ağır yaralanaraq, elə həmin
ildə vəfat etmişdi. Onun ölümündən sonra Şah I Abbasın fərmanı ilə oğlu Təh-
masibqulu xan İrəvan bəylərbəyi təyin edilmişdi (1, 1031; 2, 84-85). Təh-
masibqulu xan 1625-1635-
ci illərdə Çuxur-Səəd bəylərbəyliyini idarə etmişdir.
Lakin Təhmasibqulu xanın Səfəvilər dövləti tarixində siyasi fəaliyyəti bu
hadisədən daha öncə başlanmışdı.
1612-
ci ildə Osmanlı dövləti ilə müharibəni uğurla başa çatdırıb, 1590-cı
il
İstanbul barışığına əsasən itirilmiş əraziləri geriyə qaytaran Şah I Abbas
1613-1616-
cı illərdə Şirvan və Gürcüstanda Səfəvilərə qarşı baş vermiş üsyan-
ların yatırılması ilə məşğul oldu (3, 119). Bu yürüşdə Təbriz bəylərbəyi Pirbu-
daq xan, Qarabağ əmirlərindən Dəli Məhəmməd Şəmsəddinli və Şirvan
bəylərbəyi Yusif xan da Şah I Abbası müşayət edirdi.(4,80). Təbrizli Arakelin
62
məlumatına görə, Şah I Abbas Gürcüstanda olarkən Əmirgünə xan Qacarı da
üsyançılarla savaşda iştirak etmək üçün yanına çağırmışdı. Çuxur-Səəd bəylər-
bəyliyi Osmanlı ilə sərhəddə yerləşdiyinə görə şah bu vilayəti sahibsiz qoy-
mamaq üçün Əmirğünə xanın oğlu Təhmasibqulu bəyi canişin kimi İrəvana
g
öndərmiş və bölgənin qorunmasını ona tapşırmışdı (5, 177). Təhmasibqulu
bəyin İrəvanda canişinliyi dövrünün bəzi hadisələri haqqında fars dilli qay-
naqlarda məlumatlar olmasa da, dövrün erməni mənbələrində bəzi təfərrüatlara
rast gəlmək mümkündür. Məlum olduğu kimi, XVII əsrin əvvəllərində Üçkilsə
katalikosluğu uğrunda Davidlə Melikset arasında kəskin mübarizə gedirdi.
1605-
ci ildə Osmanlı qoşunları əks hücuma keçən zaman Şah I Abbasın əmri
ilə İrəvan və Naxçıvan əhalisinin köçürülməsinə başlandı. Köçürülənlərin
arasında erməni din xadimləri David və Melikset də var idi. Təbrizli Arakelin
yazdığına görə, köçürülənlər Əhər və Meşkinə çatdıqdan sonra Melikset şahın
icazəsi olmadan Üçkilsəyə qayıdaraq katalikosluğu idarə etməyə başlamışdı.
David isə əmrə itaət edərək İsfahana getmişdi (5, 176-177). Yaranmış vəziy-
yətdən istifadə edən David Meliksetin özbaşınalığından şaha şikayət edərək
təklif etmişdi ki, Üçkilsə monastrının daşlarını və Müqəddəs Qriqori Lusaro-
viçin qalıqlarını İsfahana gətirmədən erməni əhalisini İsfahanda saxlamaq
müm
kün olmayacaqdır (5, 172). Buna görə də Şah I Abbas Gürcüstanda olar-
kən Nağdı bəy vasitəsilə Təhmasibqulu bəyə xüsusi məktub göndərmiş, ka-
talikos Meliksetin həbs olunaraq hüzuruna gündərilməsini, həmçinin Müqəddəs
Qriqorinin qalıqlarının tapılıb göndərilməsini tələb etmişdi. Təhmasibqulu bəy
əmri yerinə yetirərək Melikseti, İncili, xaçı və Lusaroviçin qalıqlarını Nəcirli
Qubad ağanın başçılığı altında bir dəstə hərbiçi ilə şahın düşərgəsinə gön-
dərmişdi (5, 178). Katalikos Meliksetlə münasibətləri yaxşı olan Çuxur-Səəd
bəylərbəyi Əmirgünə xan Qacar Melikset şahın hüzuruna gətirilməzdən öncə
üç oğlunu şahın yanına göndərərək katalikosun əhv edilməsini xahiş tmişdi.
Əmirgünə xanın xidmətlərini nəzərə alan Şah I Abbas Melikseti öldürməkdən
vaz keçərək, onu İsfahana göndərmişdi (5, 179). Az sonra Şah I Abbas ka-
talikos Melikseti İrəvana, Təhmasibqulu bəyin yanına qaytararaq göstəriş
vermişdi ki, Üçkilsənin müqəddəs daşlarını çıxararaq digər müqəddəs əşyalarla
birlikdə İsfahana göndərsin. Şahın əmrini yerinə yetirən Təhmasibqulu bəy
əvvəlcə Lusaroviçin qalıqlarını, İncili və xaçı, sonra isə Üçkilsənin müqəddəs
daşlarını Nağdı bəyin başçılığı altında isfahana yola salmışdı (5, 181). Bu ha-
disə 1614-1615-ci illərdə baş vermişdi. Şah I Abbasın erməni katalikosluğunun
mərkəzini İrəvandan İsfahana köçürməkdə əsas məqsədi böyük iqtisadi po-
tensiala malik olan erməni katalikosluğunu öz nəzarəti altına almaqdan və
İsfahana köçürülmüş erməni əhalisini orada saxlamaqdan ibarət olmuşdur.
1616-
cı ildə Şah I Abbas Gürcüstanı tərk edərkən davidi erməni katali-
kosu təyin etmiş, onu Əmirgünə xana tapşıraraq İrəvana yola salmışdı (5, 183).
Lakin David Əmirgünə xanla heç cür münasibətləri yaxşılaşdira bilməyərək,
İrəvanı tərk edərək İsfahana qayıtmışdı. Bundan sonra Şah I Abbas Melikseti
katalikos vəzifəsinə qaytarsa da, üç cinayətinə görə onun üzərinə 100 tümən
63
vergi qoymuşdu (5, 185-186). Arakel Təbrizlinin verdiyi məlumatlar göstərir
ki, Təhmasibqulu bəy hələ İrəvan bəylərbəyi təyin edilməzdən çox öncə, 1613-
1614-
cü illərdən etibarən siyasi fəaliyyətə başlamış və Şah I Abbasın xüsusi
ehtiramına layiq görülmüşdü. 1616-1624-cü illər arasında Təhmasibqulu bəyin
siyasi fəaliyyəti haqqında dövrün mənbələrində heç bir məlumatlara rast gəlin-
mir. Yalnız 1624-cü il hadisələri ilə bağlı erməni mənbələrində onun adı xatır-
lanır. Təbrizli Arakelin məlumatına görə, 100 tümən vergini şah xəzinəsinə
ödəməkdə çətinlik çəkən Melikset Əmirgünə xanın razılığı ilə öz yerinə Saakın
katalikos təyin edilməsinə nail olduqdan sonra İstanbula, oradan Lvova get-
mişdi (5, 192-193). Salnaməçi yazır ki, Əmirgünə xan Saakın katalikos təyin
edilməsi üçün şahın fərmanını almaqdan ötəri onu oğlu Təhmasibqulu xanın
yanına göndərmişdi. Təhmasibqulu xan bu zaman şahın xidmətində olub, onun
möh
rdarı vəzifəsini tuturdu (5, 193). Təhmasibqulu xan tərəfindən Şah I Ab-
basa təqdim olunan Saak katalikos təyin olunması haqqında fərman almağa
müvəffəq ola bilmişdi. Şahın möhrdarı kimi yüksək bir mənsəbə nail olması
Təhmasibqulu xanın Səfəvi sarayında böyük nüfuz sahibi olmasından xəbər
verirdi.
1624-1625-
ci illərdə Gürcüstanda Səfəvi hakimiyyətinə qarşı daha bir
üsyan baş vermişdi. Mənbələrin məlumatına əsasən, h. 1033-cü ildə (1623-
1624) Kaxetiya hakimi Peykar xan Kaxetiya əyanlarının Kaxet çarı Teymu-
razla gizli əlaqəyə girərək şah hakimiyyətinə qarşı qiyam hazırlamaları haq-
qında Səfəvi sarayına xəbərlər çatdırmışdı. Şah I Abbas gürcüləri itaətə gətir-
mək üçün Səfəvi ordusunun baş komandanı Qarçıqay xanı və bu vaxta qədər
10 il
Səfəvi sarayında xidmət etmiş Morav bəyi (Georgi Saakidzeni) Gürcüs-
tana yola salmışdı. Qarçıqay xanın əmri ilə Şirvan bəylərbəyi Yusif xan və
Qarabağ bəylərbəyi Məmmədqulu xan Ziyadoğlu Qacar da köməyə gəlmiş-
dilər. Qızılbaşların Kaxetiya əhalisinə divan tutmasından hiddətlənən Morav
bəy həmyerlilərinin tərəfinə keçərək Qarçıqay xanı və Yusif xanı qətlə yetir-
miş, Səfəvi ordusunu məğlub etmişdi. Şah I Abbasın İsa xan Qorçubaşının
başçılığı altında göndərdiyi qızılbaş ordusu 30 iyun 1625-ci ildə Əlkitçay
vadisində baş vermış döyüşdə üsyanı yatırsa da, Teymuraz və Saakidze qaç-
mağa müvəffəq olmuşdular (3, 126-127; 2, 53-55). Gürcüstanda baş vermiş
1624-1625-
ci illər üsyanı ilə əlaqədar erməni mənbələrində Təhmasibqulu
xanla bağlı ziddiyyətli olsa da bəzi məlumatlar öz əksini tapmışdır. Arakel
Təbrizli yazır ki, Əmirgünə xan gürcülərlə savaşda yaralandığına görə Təhma-
sibqulu
xan İrəvana göndərilmişdi (5, 194). Kənəkirli Zəkəriyyə Əmirgünə
xanın gürcü Ağa Tanki ilə döyüşünü təsvir edərək yazır ki, Əmirgünə xan
yaralansa da gürcü pəhləvanını qətlə yetirdi. Müəllifin məlumatına görə, atası
ilə bu savaşda iştirak edən Təhmasibqulu xan Əmirgünə xanın yaralarını
bağlayaraq onu İrəvana göndərdi, özü isə Səfəvi ordusunun yanında qaldı (2,
56). Kənəkirli Zəkəriyyə bu hadisədən sonra Təhmasibqulu xan haqqında belə
bir əhvalat təsvir edir ki, Əmirgünə xanın yaralanması xəbərini eşidən kürdlər
Masis dağının (Ağrı dağı – B.Ş.) o tərəfindən Şərur vadisinə basqın etdilər və
64
Əmirgünə xan oğlu Təhmasibqulu xanı köməyə çağırdı. Təhmasibqulu xan
qorçubaşıdan (İsa xan qorçubaşı nəzərdə tutulur – B.Ş.) izinsiz İrəvana qayı-
daraq əvvəlcə kürdləri, sonra isə Qars tərəfdən Karbi nahiyəsinə soxulan Os-
manlı qoşunlarını məğlub etdi. Qorçubaşı icazəsiz getdiyi üçün Təhmasibqulu
xandan şaha şikayət yazsa da, şah Təhmasibqulu xanın hərəkətini düzgün
hesab edərək, onun bu addımını tərifləmişdi (2, 83-84). Kənəkirli Zəkəriyyə
özünün təqdim etdiyi bu məlumata şübhə ilə yanaşdığını qeyd edərək yazır ki,
Arakelin verdiyi məlumata görə, Əmirgünə xan yaralandığı zaman Təhmasib-
qulu xan şahın xidmətində idi (2, 85). Müəllif daha sonra yuxarıda yazdığı
əhvalatın doğru olduğuna işarə edərək yazır ki, mən uşaq olanda deyirdilər ki,
Təhmasib bəy Gürcüstan və kürdlər üzərinə yürüşdən qayıdarkən ələ keçirdiyi
əsirləri Kənəkir kəndinə gətirmişdi (2, 85). Dövrün digər mənbələrinin bu ba-
rədə məlumatlarının olmadığından Arakel Təbrizli və yaxud da Zəkəriyyə
Kənəkirlinin hansının düz yazdığını söyləmək mümkün deyildir. Lakin Əmir-
günə xanın gürcülərlə savaşda aldığı yaradan 1625-ci ilin sonunda öldüyü və
yerinə Təhmasibqulu xanın Çuxur-Səəd bəylərbəyi təyin edildiyi fars dilli
mənbələrdən də bəllidir (1, 1031).
1630-
cu ildə Xosrov paşa başda olmaqla Osmanlı ordusunun Bağdada
uğursuz yürüşü zamanı Azərbaycan və Çuxur-Səəd bəylərbəyliyi ərazisinin bə-
zi vilayətləri osmanlı və kürdlərin basqınına məruz qalmışdı. İsgəndər bəy
Mün
şinin məlumatına əsasən, Təhmasibqulu xan bu hadisədən sonra 10000
qoşunla kürdlərin mahmudi tayfasının üzərinə hücum edərək Əhlət və Adil-
civəzə qədər gedib çıxmış, çoxlu əsir və qənimət ələ keçirmişdi (4, 80-81; 6,
70).
XVII əsrin 30-cu illərinin əvvəllərində Şah I Səfinin əmri ilə Təbriz bəy-
lərbəyi Rüstəm xanın rəhbərliyi altında qızılbaş ordusu Vana hücum etmişdi.
Zəkəriyyə Kənəkirlinin məlumatına görə, yürüş ərəfəsində Rüstəm xan Təhma-
sibqulu xandan bu yürüşə qoşulmağı tələb etsə də rədd cavabı almışdı. Təh-
masibqulu xan şahın bu barədə əmrinin olmadığını və İrəvanın üç tərəfdən –
gürcü, kürd və Osmanlı tərəfdən düşmən əhatəsində olmasını əsas gətirərək
vilayəti başsız qoymaq istəmədiyi üçün yürüşdə iştirakdan imtina etmişdi.
Rüstəm xanın Van yürüşü uğursuzluqla başa çatdığı üçün onun Təhmasibqulu
xanla münasibətləri həmişə düşmənçilik xarakteri daşımışdı (2, 86-87). Bu
hadisələri bir qədər fərqli təsvir edən İsgəndər bəy Münşi yazır ki, h. 1043-cü
ildə (1633) Diyarbəkir hakimi Murtuza paşa və Ərzurum bəylərbəyi Xəlil pa-
şanın 40 minlik ordusu Vana doğru hərəkət etdiyi vaxt sərhəddəki qızılbaş
ordusu 10-
15 min nəfərdən çox deyildi. Səfəvi sarayı Çuxur-Səəd bəylərbəyi
Təhmasibqulu xana dərhal özünün 3-4 min nəfərə qədər olan ordusu ilə həmlə
edərək sərhəddəki əsas hərbi hissələrlə birləşmək göstərişi vermişdi (6, 137-
138).
Zəkəriyyə Kənəkirli Təhmasibqulu xanın hakimliyi dövrü ilə bağlı digər
mənbələrdə öz əksini tapmayan bəzi maraqlı məlumatları da qeydə almışdır.
Müəllifin yazdığına görə hələ Əmirgünə xanın dövründə Osmanlı ərazisindən
65
qaçıb İrəvana gələn Murad bəy, sonra onun qardaşı Aslan ağa xan sarayında
yaxşı qarşılanmış, yüksək mənsəb sahibləri olmuşdular. Əmirgünə xandan
sonra hakimiyyətə gələn Təhmasibqulu xan da onlara yaxşı münasibət bəslə-
miş, Murad bəyi özündən sonra ikinci şəxs, Aslan ağanı isə bəylərbəyliyin baş
vergi məmuru təyin etmişdi (2, 87). Salnaməçi Aslan ağanın Kənəkir kəndində
böyük qəddarlıqla əhalini, inəkləri, atları, öküzləri, ulaqları, qoyunları, dəyir-
manlar
ı, bağları, üzümlükləri, düyü əkilən sahələri, sənətkar emalatxanalarını
siyahıya aldığını qeyd etmişdir (2, 87-88). Kənəkirli Zəkəriyyə Təhmasibqulu
xanın gözəl xarici görkəmə, böyük gözlərə, nazik qaşlara, enli kürək və alına
malik olan ədalətli bir adam olduğunu qeyd edərək, onu xristianları sevən, tez-
tez onların evlərinə qonaq gedən şəxsiyyət kimi təqdim etmişdir (2, 90-91).
Çuxur-
Səəd bəylərbəyliyi Osmanlı dövləti ilə sərhəddə yerləşdiyindən
tərəflər arasında intensiv müharibələrin olmadığı dövrlərdə də sərhəddə ara-sıra
toqquşmalar baş verirdi. Kənəkirli Zəkəriyyə yazır ki, Qars şəhərində haki-
miyyət uğrunda sağ ağası və sol ağası arasında münaqişə baş veriyi üçün onlar
məsələnin həllindən ötəri Ərzurum paşasının hüzuruna getmişdilər. Qarsın
sahibsiz qaldığını bilən Təhmasibqulu xan Kələntər Məsumun başçılığı altında
Qarsa qoşun göndərmiş, özü isə ordunun qalan hissəsi ilə Kağızmana hücum
etmişdi. Təhmasibqulu xan Karin vilayətinə (Ərzrum – B.Ş.) qədərki ərazini
qarət edərək çoxlu qənimət və əsirlərlə Qarsa qayıtmış və Kələntər Məsumun
ələ keçirdiyi əsirləri Vaqarşapata (Üçkilsəyə - B.Ş.) göndərmişdi. Müəllifin
məlumatına görə, Sultan Muradın əmri ilə Karin paşası Şapqarasaqda toplaşan
quldur cəlalilərə qarşı yürüşdə olduğu üçün osmanlılar ciddi müqavimət
göstərə bilməmişdilər (2, 91-92). Təəssüflər olsun ki, Kənəkirli Zəkəriyyə bu
hadisənin tarixini göstərməmişdir. Bu hadisədən sonra Qarsa qayıdan sağ ağası
v
ə sol ağası Təhmasibqulu xanın Gürcüstanda Teymuraza qarşı yürüşdə olma-
sından istifadə edərək Şirak, Niq və Kotayk (Qırxbulaq-B.Ş.) vilayətlərini qarət
etsələr də, Təhmasibqulu xanın Gürcüstandan qayıtmasını eşidərək talin
vilayətindən keçməklə Qarsa qayıtmışdılar (2, 103).
Gürcüstan səfərindən qayıdan Təhmasibqulu xan osmanlıların bu basqı-
nını cavabsız qoymamış, onları Qars qalasına qədər qovmuşdu (2, 103-105).
Bu yürüş zamanı Murad bəyin bir dəstə Osmanlı döyüşçüsü ilə savaşdan
qorxub qaçması Təhmasibqulu xanı çox qəzəbləndirmiş və bu hadisədən sonra
onlar arasında münasibətlər pozulmağa başlamışdı. İsgəndər bəy Münşi də
Səfəvi və Osmanlı arasında baş verən sərhəd toqquşmaları haqqında bəzi
məlumatlar vermişdir. Salnaməçinin verdiyi məlumatlara görə, h. 1044-cü ildə
(1634) İrəvan bəylərbəyi Maqazberd qalasının hakimi olan oğlunu öz yerinə
canişin qoyub İrəvana getmişdi. Bu zaman qalada yaşayan Abdal adlı bir nəfər
qala gözətçisinin yatmasından istifadə edərək qala qapılarını Qars rumlularının
üzünə açmış və qalaya daxil olan osmanlılar xanın canişinini əsir aparmışdılar
(6, 153).
1634-
cü ildə Səfəvi dövləti ilə Osmanlı arasında İrəvan uğrunda yenidən
hərbi əməliyyatlar başlandı. Kənəkirli Zəkəriyyənin yazdığına görə, 1634-cü
66
ildə yunan ölkəsindən qayıdan tacirlər xəbər gətirdilər ki, Osmanlı ordusu ya
Bağdad, ya İrəvan, ya da Lvov üzərinə yürüşə hazırlaşır. Bu xəbəri dəqiqləş-
dirmək üçün Təhmasibqulu xan Kənəkir kəndinin kəndxudası Əmircanı Os-
manlı ərazisinə kəşfiyyata göndərmək qərarına gəldi (2, 109-110). Təhmasib-
qulu xandan gizli olaraq onun Osmanlı mənşəli olan müavini Murad bəy
Əmircana Osmanlı sultanı, onun vəziri, sərəsgəri və üləmasına ünvanlanmış
dörd məktub vermiş və məktubda sultanı İrəvana yürüşə dəvət etmişdi. Murad
bəy məktubda İrəvanın öz əlində olduğunu və Osmanlı ordusu yaxınlaşan kimi
qalanı onlara təslim edəcəyini bildirmişdi (2, 110). Beləliklə mənbənin məlu-
matından aydın olur ki, Murad bəy Təhmasibqulu xanla münasibətləri pisləş-
dikdən sonra səfəvilərə xəyanət edərək, IV Muradı İrəvana yürüşə sövq
etmişdi.
Mənbələrdə və tarixi ədəbiyyatlarda IV Muradın İrəvana yürüşü tarixi ilə
bağlı müxtəlif mülahizələr mövcuddur. Ə.Rəhmani Molla Kamala istinad
edərək yazır ki, IV Muradın qoşunları h. 1044-cü il səfər ayının 13-də (10
avqust
1634) İrəvan qalasını mühasirəyə aldılar və 10 gündən sonra Təhma-
sibqulu xan Qacar Səfəvilərə xəyanət edərək İrəvan qalasını osmanlılara təslim
etdi (4,
84). Dövrün digər mənbələri bu tarixi təsdiq etmirlər. Belə ki, hadi-
sələrin müasiri olan İsgəndər bəy Münşi yazır ki, h. 1044-cü ildə (1634) Çuxur-
Səəd bəylərbəyi və İrəvan əmir əl-ümərası Təhmasibqulu xan Qeysərin Üs-
küdərə istiqamətindən qoşunla hücum etməsi haqqında məlumat aldı (6, 154-
155). Salnaməçinin məlumatına əsasən, h.1045-ci ildə (1635) Sultan Muradın
top, mancanaq və qoçbaş ilə silahlanmış ordusu İrəvanı mühasirəyə aldı və
İrəvan hakimi Təhmasibqulu xan altı gün ciddi müqavimət göstərdi. Sonra isə
xan döyüşü davam etdirməyib qala qapılarını Sultan Murada açdı və Sultan
iltifat göstərib onu İstanbula göndərdi. Sultan Murad qalaya Murtuza paşanın
başçılığı altında 10-15 min mühafizəçi qoyub Təbrizə doğru hərəkət etdi (6,
169-
171). Arakel Təbrizlinin məlumatına görə isə, 1635-ci ilin əvvəlində Sul-
tan Murad 700 min qoşunla İrəvan qalasını mühasirəyə aldı və doqquz gündən
sonra qalanı ələ keçirib Təhmasibqulu xanı Konstantinopola göndərdi. Sonra
isə Sultan Murtuza paşanı 15 minlik qoşunla qalada qoyaraq Təbrizə, oradan
isə Vandan keşməklə geriyə qayıtdı (5, 255). Arakel Təbrizli Osmanlı ordu-
sun
un sayını şişirtsə də, İsgəndər bəy Münşi kimi Təhmasibqulu xanın müqa-
vimət göstərdiyini və İrəvan qalasının 1635-ci ildə tutulduğunu göstərmişdir.
XVII əsrin digər erməni tarixçisi Kənəkirli Zəkəriyyə də İrəvan qalasının 1635-
ci ildə doqquz günlük mühasirədən sonra tutulduğunu qeyd edərək yazır ki,
Xondkar öz bacısının əri Murtuza paşanı 15 minlik əsgərlə İrəvan qalasında
qoyduqdan sonra Təbrizə və oradan da Vandan keçməklə Konstantinopola
qayıtmışdı (2, 111). Müəllif İrəvanı tutduqdan sonra Sultan Muradın Təhma-
sib
qulu xanı Yusif paşa, Murad bəyi isə Murad paşa adlandıraraq İstanbula
göndərdiyini qeyd etmişdir (2, 111). XVII əsrin Osmanlı salnaməçisi, IV Mu-
radın bir çox səfərlərinin, o cümlədən 1635-ci il İrəvan yürüşünün iştirakçısı
Katib Çələbi İrəvan qalasının fəthi haqqında ətraflı məlumatlar vermişdir.
67
Yürüşü ətraflı təsvir edən salnaməçi yazır ki, yürüşdən öncə 25 balyeməz və
tuqi topları göndərildi və 1635-ci il iyulun 29-da qalaya hücum başlandı (7,
144-
145). Osmanlı ordusu Zəngi çayının qarşısını kəsib qalaya su verilməsinin
qarçısını aldılar və toplarla qala divarlarını dağıtmağa başladılar. Qala divar-
larının dağıldığını və Osmanlı ordusunun say üstünlüyünü görən Təhmasibqulu
xan müqavimətin mənasız olduğunu başa düşərək avqustun 9-da İrəvan
qalasını təslim etdi (7, 146-147). Katib Çələbinin məlumatına görə, Təhmasib-
qulu xanın Osmanlı xidmətinə keçmək arzusu yerinə yetirildi, ona fəxri xalat,
xəncər, qızılı belbağı və çoxlu digər hədiyyələr verildi. Osmanlı xidmətinə
keçmək istəməyən qalanın 4-5 min tüfəngçisi Mir Fəttahoğlunun başçılığı
altında öz silah-sursatlarını götürüb Ərdəbilə doğru getdilər (7, 142). Osmanlı
salnaməçisi Sultan Muradın İrəvan qalasının mühafizəsini 12 min əsgərlə
Murtuza paşaya həvalə etdiyini qeyd edərək yazır ki, Təhmasibqulu xanın adını
dəyişib Yusif paşa qoyaraq Hələb əyalətini, onun kəndxudası Muradı isə
Tarablus əyalətini idarə etməyə göndərdilər (7, 149). Katib Çələbinin məlumat-
larından belə aydın olur ki, Təhmasibqulu xan Hələbə gedib çatmamış,
Ərzincandan bir mənzil aralıda yerləşən Keşişxana adlı yerdə, öz kəndxudası
Murad tərəfindən öldürülmüşdü. Salnaməçiyə görə, sərxoş halda olan Murad
Təhmasibqulu xanı İrəvan qalasını təslim etməkdə günahlandıraraq bu addımı
atmışdı (7, 149). Kənəkirli Zəkəriyyə Katib Çələbinin Təhmasibqulu xanın
sonrakı taleyi haqqında verdiyi bu məlumatları təsdiq etməyərək yazır ki,
Təhmasibqulu xan İrəvan qalasının təslim edilməsində Murad bəyi günahlan-
dırmış və onun qardaşı Aslan ağanın əli ilə Muradı öldürmüşdü. Sonra isə Sul-
tan Muradın əmri ilə Təhmasibqulu xan Xalkedon vilayətinin Üsküdərə
şəhərinə gələrək ömrünün sonuna qədər orada qalmışdı (2, 112).
Onu da qeyd etmək lazımdır ki, Kənəkirli Zəkəriyyə kitabının XXVI
fəslində Təhmasibqulu xanın sonrakı taleyi haqqında bir qədər fərqli məlumat
vermişdir. Belə ki, salnaməçinin yazdığına görə, Sultan Muraddan sonra oğlu
İbrahim, Şah Səfidən sonra oğlu II Abbas taxta çıxmış və bu zaman Təhma-
sibqulu xan etimad-
üd dövləyə məktubla müraciət edərək əsirlikdən azad
edilməsi üçün şahın təşəbbüs göstərməsini xahiş etmişdi (2, 142). II Şah Abba-
sın xahişi ilə Sultan İbrahim Təhmasibqulu xanı azad etsə də, onun vətənə qa-
yıtmaq arzusu baş tutmamışdı. Belə ki, Təhmasibqulu xanın qayıtması xəbərini
eşidən onun əzəli düşməni Təbriz bəylərbəyi Rüstəm xan qayıtdıqdan sonra
Təhmasibqulu xanın nüfuzunun artacağından ehtiyatlanaraq Osmanlı sultanına
məktub yazmış və bildirmişdi ki, Təhmasibqulu xan Osmanlının bütün sirlərini
öyrəndiyindən onun azad olunması İstanbul üçün böyük təhlükə ilə nəticələnə
bilər. Bundan ehtiyatlanan Osmanlı sultanının vəziri vətənə dönməkdə olan
Təhmasibqulu xanı Nikomediya (İznik) şəhərində qətlə yetirtmişdi (2, 143). II
Şah Abbas Təhmasibqulu xanın ölümündə Rüstəm xanın əlinin olduğunu
öyrəndikdən sonra onun qətlinə fərman vermişdi. Beləliklə, 10 il Çuxur-Səəd
bəylərbəyliyini idarə edən Təhmasibqulu xanın taleyi belə bir acınacaqlı son-
luqla başa çatmışdı.
68
ƏDƏBİYYAT
1.İsgəndər Münşi. Tarix-i aləm aray-i Abbasi. c. I-II. Çap Qolşən. Tehran: h.1350, s. 606; 607-
1235.
2.
Закарий Канакерци. Хроника. Перевод с армянского, предисловие и комментарий М.О.
Дарбинян-Меликян. М.: Наука, 1969, 320 с.
3.Рахмани А.А. Тарих-и алам арай-и Аббаси как источник по истории Азербайджана.
Баку: АН Азерб. ССР, 1960, 192 с.
4.Рахмани А.А. Азербайджан в конце XVI и в XVII веке (1590-1700 годы). Баку: Элм,
1981,
239 с.
5.Аракел Даврижеци. Книга историй. Перевод с армянского, предисловие и коммен-
тарий Л.А.Ханларян. М.: Наука, 1979, 624 с.
6.İsgəndər bəy Türkman və Məhəmməd Yusif Movərrex. Zeyli tarix-i aləm aray-i Abbasi.
Çapxane-
ye İslami. Tehran: 1317, 320 s.
7. «
Джихан-нюма» и «Фезлике» Кятиба Челеби как источник по истории Армении (XVII
в.). Пер. А.А.Папазяна. Ереван: АН Арм. ССР, 1973, 190 с.
БЕГЛЕРБЕГ ЧУХУР-СААДА ТАХМАСПГУЛУ ХАН ГАДЖАР
Б.Ш.ШАБИЕВ
РЕЗЮМЕ
В статъе освещено жизнъ и деятелъностъ правителъя Чухур-Саада Тахмаспгулу
хан Гаджара. Автор на основе первоисточников анализировал период правления Тах-
маспгулу хана и впервые ввел в научный оборот новые исторические факты.
Ключевые слова: Иреван, Чухур-Саад, Гаджар.
THE BEYLERBEY OF CHUKHUR-SA`AD, TAHMASIBQULU KHAN QAJAR
B.Sh.SHABIYEV
SUMMARY
The paper studies the life and activity of the head of the beylerbeylik of Chukhur-Sa`ad
- Tahmasibqulu Khan Qajar. The reign of Thmasibqulu Khan was analysed on the basis of
primary resources and new facts, taken from different modern resources were used.
Key words: Erivan, Chukur-Sa`ad, Qajar
69
Dostları ilə paylaş: |