№4 Humanitar elmlər seriyası



Yüklə 314,71 Kb.
Pdf görüntüsü
tarix31.10.2018
ölçüsü314,71 Kb.
#77319


 

 

21



BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№4    

Humanitar elmlər seriyası    

2010 

 

 

 



ƏDƏBİYYATŞÜNASLIQ 

 

RƏSUL RZANIN "VƏFA" PYESİ  

RƏSUL RZA – 100 

 

Y.M.SEYİDOV 

Bakı Dövlət Universiteti 

seyidov@yahoo.com 

 

Məqalə böyük Azərbaycan şairi Rəsul Rzanın 100 illiyinə həsr edilir. R.Rza Böyük Və-

tən müharibəsi dövründə "Vəfa" adlı pyes yazmışdır. Pyesin mövzusu da bu dövrdə baş verən 

bir epizoda aiddir. Məqalədə bu pyesdən bəhs olunur. 

 

1941-ci ildə "Böyük Vətən müharibəsi" deyilən müharibə başlayanda Azərbay-

can  yazıçıları  da  o  zaman  Sovet  İttifaqı  mənasında  işlənən  Vətənin  müdafiəsinə 

qalxdılar.  Silah  götürüb  cəbhəyə  də  getdilər,  cəbhə  qəzetləri  də  çıxartdılar,  arxada 

qalıb  müharibə  mövzusunda  bədii  əsərlər  də  yazdılar.  Əllərindən  nə  gəldi,  onu  da 

etdilər. Şair şeir yazdı, nasir hekayə yazdı, jurnalist oçerk yazdı. Heç kəs bu mübari-

zədən  kənarda  qalmadı.  Dramaturq  olmayan,  o  vaxta  qədər  səhnə  əsəri  yazmayan 

şairlər  və  nasirlər  arasında  bu  sahədə  (dram  əsəri)  qələmini  sınayanlar  da  oldu. 

Bunlardan biri də görkəmli Azərbaycan şairi, gözəl şeirlər və poemalar müəllifi Rəsul 

Rza idi.  

1943-cü ildə "Vəfa" adlı pyes yazdı. Həm də şeirlə yox, nəsrlə yazdı. Çox yük-

sək  bədii  dildə,  belə  demək  olarsa,  poetik  dildə  yazdı.  Bu  mənada  bir-iki  nümunə 

gətirmək  istəyirəm: 1) "Ayrılıq  qüvvətli  bir  küləkdir  ki,  zəif  alovları  söndürür,  gur 

ocaqları  daha  şiddətlə  yandırır". 2) "Belə  aylı  gecələrdə  mən  kaman    çalardım. 

Onunla  baş-başa  verib  bu  nəğməni  oxuyardıq,  bizim  gənclik  nəğməmizi.  Dəniz  də 

üstü gümüş pullu nəhəng bir balıq kimi, pəncərəmizin qabağında yavaş-yavaş nəfəs 

alardı". 3) "Ümid  qaranlıq  gecələrin  dərin  səmalarına  bənzəyir,  dostum,  diqqətlə 

baxan, onun guşəsində, sönük də olsa, bir ulduz tapır. Ancaq bu ulduz uzaq, soyuq və 

işıqsız olursa, təsəllidən çox qəlb ağrısı gətirir".  

İlk baxışda iki cəhət diqqəti cəlb edir. Birinci cəhət əsərin quruluşudur. "Vəfa" 

adının altında oxuyuruq: "5 pərdəli, 10 şəkilli dram". Bu mənada diqqəti cəlb edir ki, 

pyes  yazmaq  təcrübəsi  olmayan  şair  birdən-birə  bu  həcmdə – "5 pərdə, 10 şəkildə" 

çətin quruluşlu səhnə əsəri yazır. İkinci cəhət – obrazların çoxluğudur. Burada "iştirak 

edənlər"  adı  ilə 28 obrazın  adı  verilmişdir.  Ümumən,  dram  əsərlərindən  danışanda 

onlarda  personajların  çoxluğunu  müəllifin  ustalığı  kimi  qeyd  edirlər.  R.Rzanın 

«Vəfa»  pyesində  üç  obrazdan  başqa,  qalan 25 obrazın  kimliyi  haqqında  məlumat 

verilir.  Maraqlıdır  ki,  bu  obrazların,  demək  olar  ki,  heç  biri  passiv  deyil,  hamısı 

hərəkətdədir,  hamısının  replikası  var,  hadisələrin  gedişində  hamısı  bu  və  ya  başqa 




 

 

22



şəkildə  iştirak  edir.  Burada  inam,  dostluq,  sədaqət,  məhəbbət  də  var:  paxıllıq, 

dönüklük, satqınlıq, ara qarışdırmaq da.  

Vəfa  əsərin  qəhrəmanıdır,  əsərin  adı  da  bununla  əlaqədardır.  O,  prokurordur. 

Cəbhəyə  gedən  əri  Bahadırı  çox  sevir.  Onlar  söz  qoymuşlar  ki,  heç  bir  hadisə  bu 

məhəbbətə  kölgə  sala  bilməz.  Bununla  belə,  konfliktlər  də  baş  verir.  Cəbhədən  qa-

tarla keçən və bir qədər vağzalda dayanan Bahadır Vəfaya məktub göndərir ki, onunla 

görüşsün. Bahadır qatar yola düşənə qədər Vəfanı gözləyir, Vəfa gəlmir. Bahadır belə 

düşünür ki, Vəfa daha onu sevmir və gəlmək istəməyibdir. Səbəbini də bunda görür 

ki, Vəfanı sınamaq üçün məktubda yazmışdı ki, şikəst olubdur. Qatar gedəndən sonra 

Vəfa əlində gül dəstəsi vağzalda görünür və Bahadırı axtarır. Məlum olur ki, xüsusi 

adamlar  var  ki,  onların  bu  görüşünə  mane  olmaq  üçün  məktubu  bilə-bilə  gecik-

dirmişlər, qatar gedəndən sonra Vəfaya vermişlər. Bundan Vəfa da rəncidə olur.  

Bahadır  Vəfanın  rəfiqəsi  İntizara  məktub  göndərir.  İntizar  məktubu  Vəfaya 

verir ki, oxusun. Vəfa oxuyur: "İntizar, əsgərlərə hissə qapılmaq yaramaz. Ancaq qəlb 

ağrısının nə demək olduğunu, bəlkə, sən bilmirsən. Mən Vəfanı itirdim. Onunla bağlı 

olan  bütün  gənclik  xatıratım  da  məhv  oldu.  Mən  şikəst  olduğum  haqqında  məktub 

yazıb  onu  sınamaq  istədim.  Bəlkə  də,  haqsızam.  Ancaq  bir  yoldaşla  mübahisə  et-

mişdim. "Mən cəbhədən şikəst, qolsuz, ya ayaqsız qayıtsam da, o məni sevəcəkdir", - 

deyə  lovğalandım.  Gözlədim,  gəlmədi,  yerimi  sənə  də  yazmıram,  nə  lazım...  Mən 

yenidən  cəbhəyə  qayıtdım.  Vəfaya  bir  söz  demə!  Qoy  o  öz  həyatını  istədiyi  kimi 

qursun". 

Hadisələrin gedişindən məlum olur ki, Vəfa ilə Bahadırın arasını vurmaqda başqa 

məqsəd var. Vəkil Minnətov Vəfaya eşq elan edir, Vəfa onun məktubuna sərt cavab verir, 

onu lağa qoyur. Minnətovla dostu Mirzə Pomoşnik arasında bu barədə xeyli söhbət gedir, 

necə  eləsinlər  ki,  bu,  baş  tutsun.  Bu  adamlar – vəkil  Minnətov,  onun  dostları  Mirzə 

Pomoşnik  və  Vəzir  heç  bir  cəhətdən  yararlı  adamlar  deyillər,  mənfi  tiplərdir.  Hətta 

ölkənin məğlubiyyətinə də biganədirlər. Minnətovun sevgilisi sayılan Vəsfiyyə də müsbət 

cəhətdən  xarakterizə  olunmur.  Dramaturq  onu  belə  təqdim  edir: "Əri  cəbhədə,  özü 

gününü xoş keçirmək istəyən bir qadın".  

Bu dördlüyün söhbəti heç bir cəhətdən oxucuya xoş gəlmir, bunlar arasında sə-

mimiyyət də hiss olunmur. Muğan müəllim gəlir. Gəlir ki, Bahadırdan xəbər tutsun. 

Muğan  müəllim  bu  cərgədən  deyil.  Həm  müəllim,  şəxsiyyət  kimi,  həm  də  xalqa, 

cəmiyyətə  sədaqətinə  görə  müsbət  adamdır.  Xalqın  malını  talamaq,  oğurluq  edib 

gələcəyə  ehtiyat  saxlamaq  haqqında  söhbətlərə  cavab  olaraq  deyir: "Yox,  bu,  na-

musdan deyil. Mən belə şey eləyə bilmərəm. Ehtiyat? Yox... Buna mənim vicdanım 

yol verməz. Xalq necə, mən də elə".  

"Cəbhədə.  Əli  ilə  Bahadır.  Əli  Bahadırı  inandırmaq  istəyir  ki,  Vəfa  onu 

unutmamışdır,  onun  məhəbbətinə  sadiqdir.  Məktubun  ona  gec  çatmasında  "bir 

namərd əli var". Burada tamaşaçı İntizarı görür. O, Muğan müəllimin qızıdır. Könüllü 

olaraq  cəbhəyə  getmişdir.  Xahiş  etmişdir  ki,  onu  Bahadırın  hissəsinə  "sanitar 

taqımına göndərsin"lər. İntizar Vəfa haqqında həqiqəti deyir. İntizar ona bir məktub 

verir.  Bu  məktub  Vəfanın  başqa  məqsədlə  yazdığı  bir  məktubun  saxtalaşdırılmış 

mətnidir.  İntizar  təəccüb  edir,  əl-ayağa  düşür; "yox,  yox,  bu  ola  bilməz.  Yox,  o, 

məktubun  mənim  yanımda  yazmışdır,  bu  deyil...  bu  onun  məktubu  deyil,  yox!" 

İntizar  Bahadırı  inandıra  bilmir.  Oxucu – tamaşaçı  da  qeyri-müəyyənlik  qarşısında 

qalır.  Söhbətin  arası  kəsilir.  Çünki  bir  alman  əsiri  gətirilir.  Əsiri  gətirən  Xasaydı. 




 

 

23



Xasay  da  Bahadırın  dostudur.  Təzəcə  cəbhəyə  gəlibdir.  Burada  bir  dialoqla  tanış 

olmağı lazım bilirik:  

Xasay.  Əsirdi.  Taqım  komandanlığının  əmrinə  görə,  sizin  yanınıza  gətirdim. 

Bıy, İntizar bacı da buradadır ki! 



İntizar. Xasay! 

(Qucaqlaşırlar. Əli içəri girir). 

Xasay.  Yoldaş  kapitan,  üç  gündür,  gəlmişəm,  Sizi  görə  bilmirəm.  Komandir 

tapşırıq verdi, bu zalım oğlunun bütün günü qarovulunu çəkmişəm. Vəfa bacının da 

məktubu məndə qalıb, gərək bağışlayasan.  

Bahadır güman edir ki, bu da əvvəlki məktub kimidir, məktubu almır və deyir 

ki, "Yox, qoy dursun, birini aldım, bəsdir". Xasayın "Budur, özü də deyir ki...", - de-

yə başladığı sözünü kəsərək, əmr edir ki, Xasay kəşfiyyatdan danışsın. Sonra şiddətli 

vuruş başlanır. Xeyli ölən, yaralanan olur, yaralanmış Bahadır və Xasay əsir düşürlər.  

Həmin vuruş səhnəsi o qədər mükəmməl təsvir edilmişdir ki, sanki, dramaturq 

özü də elə o vuruşların içində olubdur. Söhbət cəbhədən getmir. Oxucu bilir ki, Rəsul 

Rza cəbhədə olub, vuruş da görüb, ölüm-itim səhnələri də görübdür. Biz bir konkret 

vuruş səhnəsinin təfərrüatından danışırıq.  

Pyesin beşinci şəkli bir faşist həbsxanası içində baş verən hadisələrin təsvirini 

verir.  Bu  səhnədə  kimlər  iştirak  edir?  Azərbaycanlı  dustaqlar – Bahadır  və  Xasay. 

Qarovulçu  (alman),  Mayor  (alman  zabiti)  və  arada  gəlib-gedən  alman  əsgərləri. 

Xasay  ağır  yaralıdır  və  su  istəmək  məqsədilə  Qarovulçuya  müraciət  edir.  Xasay 

atmacaları ilə onu dolayır. Bu söhbətdə almanın avamlığı, qələbəyə uşaqcasına inamı, 

bu  halda  bir  az  torpaq  alacağı  kimi  xam  xəyallarla  yaşaması;  Xasayın  isə  bu  ağır 

vəziyyətdə  özünü  sındırmaması,  nikbinliyi  özünü  göstərir.  Gör  o,  torpaq  arzusu  ilə 

yaşayan  almana  nə  deyir: "Vuruş  vaxtı  başını  səngərdən  bir  balaca  çıxart,  lap  azca, 

bax  belə...  Mənim  bu  çəkməmin  dabanı  qədər.  Bizim  snayperlər  bircə  gülləynən 

sənin  məsələni  həll  etsinlər.  Düz  bir  metr  yetmiş  iki  santimetr  torpaq  sənin  payın... 

artıq nəyinə lazımdır!" 

Mayor gəlir, Xasayı apartdırır. Bahadırla mayorun söhbəti başlanır. Bu söhbətdə 

Bahadırın yeni keyfiyyətləri görünür. İndiyə kimi, onu böyük məhəbbətlə sevən, eyni 

zamanda,  hiyləyə  inanan  bir  gənc,  bununla  belə  bir  azərbaycanlı  əsgər  olaraq  mə-

tanətini  itirməyən  mərd  mübariz  kimi  görürdüksə,  indi  onu,  həm  də  tarixə,  fəlsəfəyə 

bələd, geniş dünyagörüşlü bir ziyalı kimi görürük; vətənini, xalqını sevən bir ziyalı.  

Bir dialoqa diqqət edin: 



Mayor.  Siz  ağıllı  adamsınız,  kapitan.  Mənim  sizə  heyfim  gəlir.  Bu  böyük 

millət arasında gedən amansız mübarizədir. Siz azərbaycanlılar kimi kiçik bir millət 

bu davada nə qazana bilər? Siz qolunu daha bərk bağlamaq üçün zəncir hazırlayan bir 

qula bənzəyirsiniz.  



Bahadır. Millətin böyüklüyü sayında deyil, cənab mayor. Ali irq dediyiniz siz 

almanların babaları vəhşi dəstələrlə basqın edib Roma mədəniyyətini dağıdanda, kiçik 

millət dediyiniz azərbaycanlılar sənət sarayları yaradırdı. Azərbaycan torpaqlarından 

gələn şeir, musiqi səsləri bütün dünaya yayılırdı. Biz qolumuza bağlanmış zəncirləri 

qırıb qılınc qayırdıq. Bu gün o qılıncları kinimizin alovunda yenidən qızardırıq.  

Görün,  Bahadır  daha  nə  deyir?  Üzünü  alman  zabitinə  tutub  deyir: "Hər 

sındırılan gül budağı, hər parçalanan körpə bədəni üçün bizim qəzəb qılıncımız cavab 

tələb edəcəkdir, cənab mayor!" 




 

 

24



Burada gözlənilməz bir hadisə baş verir. Çox döyülmüş halda Xasayı gətirirlər. 

Belə  çıxır  ki,  o,  cəsus  olmağa  və  cəsus  kimi,  sovetlər  tərəfinə  ötürülməyə  razılıq 

verir.  Bahadır  daxili  bir  əzab  keçirir,  Xasayın  hərəkəti  onu  qəzəbləndirir.  Bahadır 

"Xasay,  mən  yuxu  görürəm,  nədir,  bəlkə,  sən  dəli  olmusan?" – deyir;  bir  daha 

hiddətlənərək,  Xasayı  "xain,  yaramaz"  adlandırır", "Sənin  bu  qədər  alçaq  olduğunu 

mən nə üçün bu vaxta qədər bilməmişəm!" – deyir.  

Ancaq  məsələ  ayrı  cür  imiş.  Xasay  bununla  Bahadıra  kömək  etmək  məqsədi 

daşıyırmış. Yer tutsa da, pyesin bu hissəsini eyni ilə təqdim edirik.  



Bahadır. Heyif Ülkər xalanın südündən sənə! 

Xasay (ona yaxınlaşır). Bahadır, qardaşım, hazırlaş, get, belə lazımdır.  

Bahadır. Necə, mən, hara? 

Xasay.  Mənin  əvəzimə  sən  gedəcəksən.  Atəş  xəttini  keçdin,  qurtardı.  Sən 

kapitansan, daha lazımsan, səninlə gedən heyvanı da orda təhvil verərsən. Onsuz da 

bu yaralarla yaşamayacağam. Bunu onlar bilmirlər. Ancaq mən yaxşı bilirəm.  

Bahadır.  Xasay,  sən  nə  danışırsan?  Səni  burda  min  əzabla  öldürərlər.  Yox, 

mən bunu edə bilmərəm.  

Xasay.  Ləngimək  olmaz,  Bahadır,  səni  gözləyirlər.  Serjant  Xasayı  əvəz  edən 

tapılar, sən daha lazımsan.  



Bahadır. Yox, mən heç yerə getməyəcəyəm. Mən səni burda qoya bilmərəm, 

bir yerdə ölərik.  



Zabit  (paltarlarla  daxil  olur,  əlindəki  fənərlə  otağı  işıqlandırır).  Al,  bu  da 

paltar, tez ol! 



Zabit çıxır.  

Xasay.  Vaxt  keçir.  İndicə  mənim  cəsus  yoldaşım  gələcək.  Ləngimək  olmaz.  Hər 

ikimiz məhv olarıq. Belə bir fürsət əldən çıxar. Düşmən qazanar, bir uduzarıq. 



Bahadır. Yox, yox, necə ola bilər? 

Çöldən səs gəlir. Bahadır geyinməyə başlayır.  

*** 


Cəbhə xətti. Xətti azərbaycanlı əsgərlər qoruyur: Əlimərdan, Cəfərqulu söhbət 

edirlər.  Bu  zaman  bir  cəsusla  Bahadır  sürünə-sürünə  gəlirlər.  Bahadır  casusu  ələ 

verir.  Bahadırın  özünə  də  inanmırlar.  Bu  anda  Firuzə  gəlir,  Bahadırı  tanıyır.  Lakin 

Cəfərqulu buna inansa da, Əlimərdan şübhə ilə yanaşır.  

Pyesin  yeddinci  şəklində  hadisələr  arxa  cəbhədə  cərəyan  edir,  Vəfanın 

kabinetində. Şəkil Vəfanın sözləri ilə başlanır: "İntizar  mənə yazır ki, məktubu kim 

isə  dəyişdirmişdir.  Ancaq  xətt  sənindir.  Mən  özüm  də  bir  şey  anlaya  bilmirəm 

(Mirzəyə). Deyirəm, bəlkə, sən bir şey bilirsən?" Mirzə adlı Pamoşnik "yox" cavabı 

vermək əvəzinə "Yoldaş prokuror. Mənim qırx səkkiz yaşım var. Sinnimin bu çağında 

belə  şey  yaraşarmı?" - deyə  uzun-uzadı  cümlə  işlədir.  Bu,  o  deməkdir  ki,  soğan 

yeməyibsən, için niyə  göynəyir.  Vəfa onu  da fəhm  edib deyir: "Mən  səni  demirəm  ki, 

İntizarın  dediyi  məktubu  deyirəm.  O  mənim  Minnətova  yazdığım  cavab  məktubudur". 

Guya  Pamoşnikin  bundan  da  xəbəri  yoxdur  və  soruşur  ki, "Minnətova  siz  nə  məktub 

yazmışsınız ki?" Sonra söhbət idarənin işinə yönəlir. Vəfa çətin şəraitdə işləyir: bir tərəfdə 

bu  işdə  təcrübəsi  olmayan  gənc  prokuror  qız – Vəfa,  o  biri  tərəfdə  artıq  kök  salmış 

dələduzlar,  rüşvətxorlar.  Bir  tərəfdə  qanun,  insaniyyət,  o  biri  tərəfdə  cinayət  və 

cinayətkarlar.  Vəfa  artıq  bu  cinayətkarları  tanımağa  başlayır.  Bir  qədər  əvvəl  əsirlikdə 

yaralı gördüyümüz Xasayın anası Ülkərə üzünü tutaraq deyir: "Bu, bir dəstədir, get-gedə 



 

 

25



kələfin  ucu  açılır.  Deyəsən,  Minnətov  da  dəstənin  başçılarındandır.  Görünür,  bizim  bu 

Mirzənin də əli var".  

Bir məsələdə Vəfa, necə deyərlər, iki daş arasında qalmışdır. Öz dediyi kimi, 

"Bir tərəfdə cani, o biri yanda günahsız uşaqlar. İndi mən necə qərar verim?" Burada, 

dünya görmüş Ülkər xalanın mənalı sözü var: "Xain atanın balası olmaqdansa, yetim 

qalsalar, daha yaxşıdır".  

Səkkizinci  şəkil  cəbhədə  iki  qızın – Firuzə  və  İntizarın  lirik-psixoloji  müsa-

hibələri ilə başlanır. Uçan durnaların səsi onlara doğma vətən havası gətirir. Doğma 

ev, uşaqlıq illəri yada düşür. İntizar öz mahnısını oxuyur:  

Durnanın qatarı gör nə qəşəngdir! 

Səhər buludları nə lalərəngdir! 

Mehriban gözlərin yol çəkir yenə,  

Bir səs deyir: unut, gəlməyəcəkdir!.. 

Bu sözlər İntizarın acı taleyindən xəbər verir. Yenə şiddətli vuruşlar başlanır, 

düşmən böyük qüvvə ilə hücuma keçir. Lakin bizimkilər – azərbaycanlılar, Bahadırın 

hissəsi  qələbə  çalır.  İntizar  isə  ağır  yaralanır  və  ölür.  Onun  da  qəlbində  Bahadıra, 

aşkarlanmayan,  lakin  yalnız  kağız  üstündə  əks  olunan  sevgi  notları  var  imiş.  Bunu 

bilən Bahadırın dilindən bu sözlər çıxır: "Of... Mənim qəlbim nə qədər möhkəm olsa 

da, üç yaraya davam gətirəcəkmi? Düşmən gülləsi dost vəfasızlığı, cavabsız bir eşqin 

intizarı". 

Xəstəxana. Bahadır yaralı yatır. Bura vətəndir, Azərbaycandır, doğma şəhərdir. 

Həkim  də  vətən  övladı  İlyasdır.  Bundan  xəbər  tutan  Vəfa  xəstəxanaya  gəlir,  həyə-

canlıdır. Onu içəri buraxmayan xidmətçiyə kim olduğunu deyir. İlyas gəlir. Bahadır 

sağalacaqdır,  ölüm  qorxusu  yoxdur.  Onu  həyəcanlandırmaq  olmaz.  Bəs  nə  etməli? 

Vəfa  söz  verir  ki,  sakitcə  onun  üzünə  baxacaqdır.  Ancaq  hadisə  başqa  yön  alır. 

Bahadır ayılır, Vəfanın orada olduğunu bilmir və xidmətçi qadına, yazmaq üçün bu 

sözləri deyir: 

"Xala, yazarsan ki, mənim vəfasız Vəfam. Sən məni şikəst görmək istəmədin. 

Yazarsan  ki,  bahar  olanda  pəncələmizi  aç,  mənim  kamanımı  götür.  Səhər  günəş 

yenicə doğanda, bizim "Səhər" nəğməmizi çal, yazarsan ki, mən öz intiqamımı almı-

şam.  Mən  yurdumuza  vəfalı  oldum.  Yazarsan  ki,  İntizar  da  deyərdi  ki,  mən  ölmək 

istəmirəm. Hələ düşmən sağdır. O, gümüş ulduzunu soruşurdu. Yazarsan ki, mənim 

ulduzum sən idi, Vəfa... Xala, ürək dostu, ömür yoldaşı ağır gündə adamı atarmı?". 

(Əziz oxucu, bir anlığa bu səhnəni göz qabağına gətir. Bu sözləri Vəfa eşidir. 

Mən  bu  əsəri  səhnədə  görməmişəm.  Bilmirəm,  tamaşaçı  bu  səhnəyə  tamaşa  edəndə 

dözə  bilibmi?  Kim  inanır,  inansın;  kim  də  inanmır,  inanmasın.  Mən  dözüm  göstərə 

bilmədim.  Dəfələrlə  həyəcanlandım,  göz  yaşlarımı  saxlaya  bilmədim).  Vəfa  da 

dözmür. "Hıçqırıb özünü Bahadırın üstünə atır. 



Vəfa. Bahadır, sənin Vəfan burdadır! 

Bahadır. Vəfa! 

Vəfa.  Bahadır,  mənim  uzun  ayrılıq  günlərində  sənsiz  yaşаdığım  bir  dəqiqəm 

olmamışdır.  



Bahadır  (ona  sığınmış  Vəfanın  üzünü,  saçlarını,  əllərini  oxşayır,  tellərini 

qoxulayır). Vəfa! Mənim Vəfam! (Hissiz düşür...) 

İlyas. Nəbzi vurur. Bu onun üçün ya son dəqiqə, ya qurtuluş olacaqdır.  

Pyesin  onuncu  şəkli  müharibədən  əvvəlki  xoşbəxt  günlərin  yeni  bir  formada 




 

 

26



qayıdışını göstərir. Hamı öz yerindədir. Vəfa da, Bahadır da, İlyas da, Əli də, Ülkər xala 

da,  Muğan  müəllim  də.  Yalnız  Xasayla  İntizar  yoxdur.  Vəsfiyyə  də  dəyişmişdir. 

Minnətov isə həmin Minnətovdur. Nə qədər çalışsa da, özünü təmizə çıxara bilmir. Bir 

daha  ifşa  olunur.  M.Pomoşnik  də  yoxluğa  çəkilir.  Düzlər,  insanı  sevənlər,  həyata  açıq 

gözlə baxanlar, təmənnasız yaşayanlar mənən də qalib gəlirlər.  

Pyes xoş bir xəbərlə sona yetir: "Qoşunlarımız bütün cəbhə boyu hücuma keçib". 



Bahadır.  Dostlar,  belə  vaxtda  evdə  oturmaq  olarmı?  Mən  fəryad  edən  vətən 

torpağının çağırışına gedirəm. 



Vəfa.  Bahadır,  bərabər  gedərik.  Mən  də  səninlə  gedəcəyəm.  Artıq  heç  bir 

zaman ayrılmayacağıq. Biz doğma Azərbaycanın şirin nəğmələrini vətənimizin azad 

torpaqlarında bərabər oxuyacağıq.  

O zamanlardan təxminən 70 il keçir. Əsər də yetmiş il əvvəl meydana gəlmiş 

və  gur  səslənən  bu  sözlər  də 70 il  əvvəl  deyilmişdir.  Ancaq  Rəsul  Rzanın  "Vəfa" 

pyesi  bu  günümüzün  əsəridir.  İndi  də  həmin  adamlar  var:  yaxşı  olanlar,  vətəninə, 

xalqına sədaqətlə qulluq edənlər də, arada əl-ayağa dolaşanlar da var. İnsana ürəklə 

qulluq göstərənlər də var, dönüklər də var. İndi müharibə getməsə də, müharibə şə-

raitində yaşayırıq. Bu günümüzün də belə səhnə əsərlərinin yaranmasını arzu edərdik.  

 

ƏDƏBİYYAT 

1.

 



Rəsul Rza. Seçilmiş əsərləri. 5  cilddə. IV c., Bakı: Öndər, 2005, 335 s.  

2.

 



Rəsul Rza. Duyğuların izi ilə (Məqalələr məcmuəsi). Bakı: Yazıçı, 1990, 456 s.  

3.

 



İmamverdi Əbilov. Rəsul Rza. Bakı: Yazıçı, 1960, 46 s. 

4.

 



Cəfər Xəndan. Seçilmiş əsərləri. 3 cilddə. I c. Bakı: Çaşıoğlu, 2010, 350 s. 

 

ПЬЕСА РАСУЛА РЗЫ «ВЯФА» 



 

Ю.М.СЕИДОВ 

 

РЕЗЮМЕ 

 

Статья  посвящена 100-летнему  юбилею  выдающегося  азербайджанского  поэта 



Расула  Рзы.  Пьесу  «Вяфа»  Расул  Рза  написал  в  годы  великой  отечественной  войны. 

Содержание  пьесы  отражает  один  из  эпизодов  этого  времени.  В  статье  анализируется 

данная пьеса. 

 

THE PLAY ‘’VAFA’’ BY RASUL RZA 



 

Y.M.SEYIDOV  

 

SUMMARY 

 

The article is dedicated to the 100

th

 anniversary of the outstanding Azerbaijan poet 



Rasul Rza. The play “Vafa” was written during the great Patriotic war. Its content reflects one 

of the episodes of that time. This play is analysed in the article. 



 

Yüklə 314,71 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə