№4 Humanitar elmlər seriyası



Yüklə 420,89 Kb.
Pdf görüntüsü
tarix23.08.2018
ölçüsü420,89 Kb.
#64000


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№4      

 

Humanitar  elmlər seriyası 

  2011 

 

 

 

 

UOT 398 (4/9); 

801.8 (4/9) 

 

CEYHUN  BƏY HACIBƏYLİNİN FOLKLORŞÜNASLIQ İRSİ  

 

A.H.HÜSEYNOVA 

Bakı Dövlət Universiteti 

gunsel_gunsel@yahoo.co.uk

 

Məqalədə Ceyhun bəy Hacıbəylinin folklorşünaslıq fəaliyyətindən bəhs olunur. Burada 

Qarabağ folkloru ilə bağlı Ceyhun bəy Hacıbəylinin topladığı materiallara xüsusi diqqət 

yetirilmişdir. 

Həmin materiallar 1933-cü ildə Parisdə fransız dilində “Asiya” jurnalında (“Journal 

Asiatique” ) “Qarabağın dialekti və folkloru (Qafqaz Azərbaycanı)” adı ilə nəşr olunmuşdur. 

Bakıda həmin tədqiqat  1999-cu ildə nəşr edilmişdir. 

 

Açar sözlər – folklor, Qarabağ, mühacirət, vətən, dialekt 

 

Azərbaycan mühacirət folklorşünaslığı XX yüzilin son illərinə  qədər, 



demək olar ki, tədqiqatlardan kənarda qalmış, onun yaradıcıları –  Əhməd bəy 

Ağaoğlu,  Əli bəy Hüseynzadə,  Əhməd Cəfəroğlu, Məhəmməd  Əmin Rəsul-

zadə, Ceyhun bəy Hacıbəyli, Hüseyn Baykara, Nağı Keykurun (Şeyxzamanlı), 

Almas  İldırım, Səlim Rəfiq,  Əbdülvahab Yurdsevər, Kərim Odər, Kərim 

Yaycılı, Nəbi Turablı, Yunus Lənkəranlı və başqalarının nəinki araşdırmaları-

nı öyrənmək, hətta çox vaxt adlarını belə dilə gətirmək yasaq olunmuş, yalnız 

nadir hallarda onlardan bəhs edilmişsə də, həmin şəxsiyyətlər ya təhqir olun-

muş, ya da yanlış  təbliğə  məruz qalmışlar. Yalnız Azərbaycan yenidən müs-

təqilliyini bərpa etdikdən sonra bu ziyalıların, o cümlədən Ceyhun bəy Ha-

cıbəylinin (Şuşa, 1891-1962, Paris)  fəaliyyətinin yeni baxışlar kontekstində 

öyrənilməsinə başlanmışdır. 

Əslində, C.Hacıbəyli  1919-cu ildə Ə.Topçubaşovun başçılığı ilə Versal 

Sülh konqresində  iştirak etmək üçün xüsusi nümayəndə heyətinin tərkibində 

Fransaya yola düşmüşdü, lakin vətəninin istiqlalını itirməsi onun bir daha geri 

dönməməsilə nəticələnmişdir. Qeyd edək ki, tədqiqatçılardan – filologiya elm-

ləri doktoru Abid Tahirli (14; 15),  Bayram Ağayev (6;7), professor Vaqif Sul-

tanlı (12;13) və başqalarının elmi araşdırmalarında C.Hacıbəylinin ictimai-

siyasi, publisistik fəaliyyətilə bağlı məqamlar daha çox təhlil edilmişdir, onun 

folklorşünaslıq fəaliyyəti isə qısa şəkildə xatırlanmışdır.  

39 



A.Tahirlinin “Dədə Qorqud” dərgisinin 2004-cü il 4-cü sayında  dərc 

edilən “Ceyhun Hacıbəyli folklor tədqiqatçısı kimi” (15) məqaləsində mühacir 

araşdırmaçının xalq ədəbiyyatı ilə bağlı fəaliyyətindən müxtəsər şəkildə bəhs 

olunmuşdur.  

Məlumdur ki, rus köləliyinə etiraz edən Azərbaycan mühacirət folklorşü-

nasları dünyanın müxtəlif ölkələrində – Almaniya, Amerika, Fransa, İsveç, 

Polşa, İngiltərə və başqa ölkələrdə, əsasən də Türkiyədə fəaliyyət göstərmişlər. 

Ceyhun bəy Hacıbəyli Fransada məskunlaşan Azərbaycan ziyalılarından biri idi.  

Məlumdur ki, yalnız Azərbaycanda deyil, bütövlükdə Sovetlər Birliyin-

dəki senzura sistemi “kommunizm əxlaqı” adı altında milli sərvətlərin müm-

kün olduğu qədər öz mənafeləri istiqamətində saxtalaşdırmaq və ya tamamilə 

inkar etmək mövqeyi nümayiş etdirməkdə idi, xüsusilə xalq ədəbiyyatına mü-

nasibətdə yasaqlar bəzən gülünc arqumentlərlə aparılırdı. Bu məsələ Azər-

baycan mühacirət folklorşünaslığının diqqətindən yayınmamış, xalqın sərvə-

tinin siyasi  məqsədlərə uyğunlaşdırılması onların kəskin etirazları ilə müşa-

yiət olunmuşdur. Digər mühacirlər kimi C.Hacıbəyli də folklor örnəklərinə 

xalqın azadlıq, istiqlal arzularının ifadəsi kimi xüsusi həssaslıqla yanaşırdı, 

sovet senzura sisteminin basqılarına, xalq yaradıcılığı nümunələrinə qeyri-

peşəkar  münasibətə  qəti etiraz edirdi. 

Belə ki, 1934-cü ildə Parisdə “Revyue de Monde” dərgisinin yanvar 

sayında nəşr etdirdiyi “SSRİ-də ziyalılar” adlı məqaləsində Ceyhun bəy Hacı-

bəyli sovet senzura sisteminin fəaliyyətinə ayrıca nəzər yetirmişdir və  burada 

bir məqam xüsusilə diqqəti cəlb etməkdədir: “...bir kitab dar bir körpünün 

üstündə rastlaşan iki tərs keçinin səhnəsini əks etdirən xalq nağılının təsvirini 

verdiyi üçün məhkum olundu; heç biri digərinə yol vermək istəmir və nəhayət, 

hər ikisi çaya yıxılır. “Oxucuda belə bir analogiya təsəvvürü yarana bilər ki, – 

deyə senzor yazırdı, – iki keçinin konflikti sinfi mübarizədir və sovet 

hakimiyyəti ilə burjuaziya biri digərinə güzəşt etməlidir, əks təqdirdə hər ikisi 

məhv olacaqdır” (7, 93). 

Görundiyi kimi, Ceyhun bəy xalq ədəbiyyatına qarşı aparılan yanlış mü-

nasibətlə yanaşı, sovet senzurası haqqında təsəvvür yarada bilmişdir. 

Ceyhun Hacıbəylinin mühacirət dövrü yaradıcılığında ictimai-siyasi, 

publisistik tədqiqatlarla yanaşı, folklorşünaslıqla bağlı  məqamların mühüm 

əhəmiyyəti nəzərə alınmalıdır, çünki bu araşdırmalar Azərbaycandan fərqli 

olaraq, hər cür mənəvi basqıdan uzaqda –  Fransa kimi azad bir mühitdə 

aparıldığından obyektivliyini qorumaqdadır. 

Qeyd etmək lazımdır ki, Ceyhun Hacıbəyli mühacirətdə “İlk müsəlman 

respublikası Azərbaycan”, “Azərbaycan”, Azərbaycan mətbuat tarixi kimi 

elmi  əsərlərini yazmışdır, lakin onun folklorşünaslıq fəaliyyətinin  ən böyük 

uğuru “Qarabağın dialekti və folkloru (Qafqaz Azərbaycanı)” (6;8) adlı araş-

dırması hesab oluna bilər.  

Müəllif bu tədqiqatını Aleksandr Nikolayeviç Samoyloviçin (1880-

1938) məsləhəti ilə  Vasili Vasilyeviç (Wilhelm) Radlovun (1837-1918) türk 

40 



dillərinə aid əsərinin (“A Dictionary of the Turkic dialects” 1-4, 1882-1909 – 

“Türk-tatar dialektləri kolleksiyası”) davamı üçün öncə rus dilində hazır-

lamışdır. Lakin  vətənindən didərgin düşdükdən sonra Ceyhun bəy Hacıbəyli 

tədqiqatını fransızca yenidən işləyərək “La Dialecte et la folk-lore du Kara-

bagh” adı ilə 1933-cü ildə “Asiya jurnalı”nın (“Journal Asiatique”) CCXII sa-

yında nəşr etdirdirmişdir. 33 bölmədən ibarət olan bu tədqiqat əsərində bayatı 

və bayatışəkilli şeirlər, tapmacalar, lətifələr, xalq məzhəkələri, frazeoloji ifadə-

lərlə yanaşı,  alqışlar, qarğışlar, hərbə-zorbalar, andlar və  tərifləmələrə  də 

təsadüf olunmaqdadır.  

Ceyhun bəy bu materialların çapından 18 il əvvəl toplandığına diqqəti 

çəkməklə daha geniş bir tədqiqat  əsəri hazırlamaq istədiyini, bu məqsədinə 

mühacirətə getməsilə bağlı çata bilmədiyini təəssüflə bildirmişdir: “Qarabağda 

keçirdiyim məzuniyyətlər zamanı  mən öz tədqiqatlarımı tamamlayırdım. 

Lakin müharibənin və sonradan inqilabın nəticələri mənə öz toplumu sistem-

ləşdirməyə və bitirməyə mane oldular” (6, 7).  

 Bununla  belə, Ceyhun bəyin topladığı materiallar rəngarəngliyilə diq-

qəti cəlb edir, tədqiqatda folklorun bir çox janrları burada əhatə olunmuşdur. 

“Qarabağın dialekti və folkloru (Qafqaz Azərbaycanı)”  əsərində bayatı 

və bayatışəkilli şeirlər sayca daha çoxdur. Məlumdur ki, mühacirətdə folklorla 

bağlı aparılan tədqiqatlarda ayrı-ayrı janrlar üzrə örnəklər təhlilə  cəlb edilsə 

də, bir çox hallarda onların təsnifatı aparılmamışdır.  Lakin C.Hacıbəyli topla-

dığı şeirləri bayatılar, ağılar, beşik nəğmələri adı altında qruplaşdırmış, onlara 

aid çox qısa şərhlər də vermişdir. Onun bayatı seçimi də təqdirəlayiqdir, Tədqi-

qatçı N.Allahverdiyeva bu barədə yazır ki, müəllifin məqsədi “…ilk növbədə 

ümumazərbaycan şifahi xalq ədəbiyyatına xas olan, bədii cəhətdən mükəmməl 

bayatıların seçimi və bununla da onların təkcə Qarabağı deyil, ümumiyyətlə, 

bütün Azərbaycan ədəbiyyatını təmsil etdiyini nəzərə çarpdırmaqdır” (1, 13). 

Qeyd etmək lazımdır ki, C.Hacıbəylidən əvvəl Fransada və Almaniyada 

Azərbaycan bayatıları  nəşr edilmişdir. Belə ki, Xanım O.Şatskaya (M-me 

Chatskaya O.) 1928-ci ildə Azərbaycan bayatılarını N.K.Dimitriyevin dilçilik-

lə bağlı şərhlərilə birlikdə Fransada “Asiya jurnalı”nda (sayı 8, səh. 193-265), 

təəssüf ki, “Tatar xalq şərqiləri” (“Chansons populaires Tatares”) adı altında 

nəşr etdirmişdir (5). 

Azərbaycan dili və  folkloru ilə  əlaqədar dünyada aparılan tədqiqatları 

hər zaman diqqət mərkəzində saxlayan Ə.Cəfəroğlunun  “Azərbaycan yurd 

bilgisi”nin 1932-ci il 11-ci sayında “Təhlil və tənqidlər” bölməsində bu nəşrlə 

bağlı mülahizələri dərc edilmişdir. Ə.Cəfəroğlu N.K.Dmitriyevin Azərbaycan 

dilinin tədqiqatına həsr edilmiş müqəddiməsi və Şatskayanın Gəncə şivəsində 

toplayaraq nəşr etdirdiyi 76 bayatıdan ibarət bu tədqiqatın təhlilini aparmış və 

kəskin tənqid etmişdir.  

Hər şeydən əvvəl, müəllifi qəzəbləndirən tədqiqatın sərlövhəsi olmuşdur 

ki, bu da təbiidir.  Ə.Cəfəroğlu doğru olaraq yazır: “Aşağı-yuxarı bir əsrdən 

bəri Şərqi və dolayısıyla türkləri tədqiq edən ”Journal Asiatique” kimi elmi və 

41 



ciddi bir məcmuədə “Chansons populaire Tatares” – “Tatar xalq şərqiləri” 

sərlövhəsi altında  azəri türklərinin  “tatar” deyə tanıtmaq, təəssüf ki, hələ də 

əski rus təbirini xatırlatmaqdadır. Anadolu qardaşlarından ayırmaq qəsdilə rus-

lar tərəfindən zorla azərilər mühitinə idxal edilən bu təbir artıq bir daha 

tələffüz edilməmək üzrə türk mühitindən tamamilə qalxmış və alim adlandırı-

lan madam Şatskaya və Dmitriyevlərin bu yoldakı xatirələrinə ehtiyac qalma-

mışdır” (3, 408). 

Lakin Əhməd bəyin haqlı iradları bunula bitmir, o, Dimitriyevin tədqiqatı-

nın səthi olduğunun bildirməklə yanaşı, Satskayanın topladığı bayatıların da 

dəqiqliklə yazıya alınmadığı üçün orijinallığını itirdiyini, elmi cəhətdən naqis 

olduğunu bildirmişdir. 1934-cü ildə yazdığı “Şərqdə və Qərbdə azəri tədqiqləri” 

məqaləsində Ə.Cəfəroğlu yenidən həmin araşdırmanı xatırlatmışdır (4, 237). 

Qeyd etmək lazımdır ki, uzun illər Fransada nəşr edilən “Asiya” (“Jour-

nal Asiatique”) dərgisilə bağlı  tədqiqat aparan Nüşabə Allahverdiyevanın

 

“Journal Asiatique”də Azərbaycan  ədəbiyyatı  məsələləri” adlı



 

dissertesiya 

işində xanım Şatskayanın çap etdirdiyi bayatılar haqqında məlumat verilsə də 

(1, 15), təəssüf ki, Ə.Cəfəroğlunun bu haqda olan resenziyası nəzərə alınma-

mış, alimin təhlilə və tənqidə cəlb etdiyi məqamlara diqqət yetirilməmişdir.

   


Xatırladaq ki, bir neçə il sonra həmin “Asiya” (“Journal Asiatique”) dər-

gisində C.Hacıbəylinin “Qarabağın dialekti və folkloru (Qafqaz Azərbaycanı)” 

əsəri nəşr edilmişdir. Tədqiqatçı N.Allahverdiyeva bu tədqiqatdakı bayatıları 

təhlilə  cəlb etsə  də, daha çox onların tərcümə  məsələsinə diqqət yetirmişdir. 

C.Hacıbəylinin  ustalıqla seçdiyi bayatıların yalnız Qarabağ bölgəsini deyil, 

bütövlükdə Azərbaycan dilinin  ifadə imkanlarını və folklorunun zənginliyini, 

bədii koloritini  özündə əks etdirdiyini qeyd edən N.Allahverdiyeva  müəllifin 

tərcümə zamanı verdiyi qısa  şərhləri məhz “poetik nümunənin  ən dərin 

qatlarının açıqlamağa, xalqın tarixi, adət-ənənələri kontekstində izah etməyə” 

(1, 15) yönəldiyini vurğulamışdır.  

 Mühacirətə getmək məcburiyyətində qaldığı üçün C.Hacıbəyli dilçiliklə 

bağlı geniş bir araşdırma apararaq, əsərini təkmilləşdirə bilməmişdir, lakin onu 

nəşr etdirməklə, yəqin ki, müəllifin əsas məqsədi Azərbaycanın folklor mate-

riallarının  əcnəbi oxucuya tanıtdırılması olmuşdur. Azərbaycan dilinin tarixi 

ilə bağlı araşdırmalarında Ceyhun Hacıbəylinin “Qarabağın dialekti və 

folkloru (Qafqaz Azərbaycanı)”  əsərini diqqətdə saxlayan Ə.Cəfəroğlu onun 

mühüm  əhəmiyyətini nəzərə almaqla yanaşı, bu xüsusiyyəti qeyd etmişdir: 

“Lisan xüsusiyyətlərinə təmas edilməmiş  və bu nöqtədən ancaq bir malzəmə 

mahiyyəti daşıyır” (4, 236). Lakin nəzərə alsaq ki, bayatı Azərbaycan folkloru-

nun ən mükəmməl, milli xüsusiyyətləri, xalqın yaşayış tərzini, incə zövqünü, 

şirin dilini özündə  əks etdirən sənət  əsərlərindəndir, həmin illərdə onların 

tərcüməsi və nəşrinin fransız oxucuya olduğu qədər, öz millətimiz üçün də çox 

böyük əhəmiyyətə malikdir. 

Xatırlatmaq lazımdır ki, mərasim folkloru ilə bağlı yaranan kiçik janrla-

rın mühacirətdəki tədqiqi, nəşri və təbliği sahəsində də C.Haçıbəylinin mühüm 

42 



xidmətləri vardır. Belə ki, C.Hacıbəylinin “Qarabağın dialekti və folkloru 

(Qafqaz Azərbaycanı)” kitabında uşaq oyunları, yanıltmaclar, sanamalarla 

bağlı, həmçinin “Alqışlar”(xeyir-dualar), təşəkkürlər”, “Qarğışlar (xüsusilə 

qadınlar arasında yayılmış pis arzular)”, “Yalvarışlar”, “And içmək (İnandır-

maq)”, “Hədə-qorxu”, “Tərifləmələr (komplimentlər, cəsarətləndirici və hey-

ranedici sözlər)” adlı  fəsillərdə müvafiq olaraq, folklor örnəkləri toplanmış, 

bəzilərinə müəllif tərəfindən kiçik şərhlər də verilmişdir.  

Məlumdur ki, kiçik janrlardan alqış, qarğış, and, tərifləmə və s. öyrənil-

məsi üçün yalnız sovet siyasi senzurasının ləğvindən sonra şərait yaranmışdır 

və professor A.Nəbiyevin “Azərbaycan folklorunun janrları”(10) kitabında və 

fundamental “Azərbaycan xalq ədəbiyyatı” dərsliyində onların hər biri ayrılıq-

da tədqiqata cəlb edilmişdir (11, I c., 300-430). 

Qeyd etmək lazımdır ki, C.Hacıbəylinin “Qarabağın dialekti və folkloru 

(Qafqaz Azərbaycanı)” kitabında dördüncü fəsil “Tap baca” adlanır. Müəllif  

fransız oxucusuna otuz Azərbaycan tapmacasını təqdim etmiş, onların bəziləri-

nə kiçik şərhlər versə də, təəssüf ki, təsnifat aparmamışdır (6, 8-10). 

Lakin qəribədir ki, C.Hacıbəylinin “Qarabağın dialekti və folkloru (Qaf-

qaz Azərbaycanı)” kitabında atalar sözləri toplanmamışdır, bu da, yəqin ki, 

müəllifin mühacirət etməsilə bağlı tədqiqatını tamamlaya bilməməsindən irəli 

gəlmişdir. 

Bunlardan başqa, “Qarabağın dialekti və folkloru (Qafqaz Azərbaycanı)” 

adlı  tədqiqatda xalq nəsri örnəklərinə  də diqqət yetirilmişdir. C.Hacıbəyli 

termin olaraq “hekayət” sözündən istifadə edərək,  “Hekayətlərə giriş” başlığı 

altında nağıllarımızda işlənən poetik parçalardan birini (“Hamam hamam 

içində, xəlbir saman içində, dəvə  dəlləklik edir köhnə hamam içində”) daxil 

etmişdir (6, 29). 

Mühacirət nəşrləri içərisində Molla Nəsrəddin və Bəhlul Danəndənin adı 

ilə bağlı gülməcələrə daha çox diqqət yetirilsə də, C.Hacıbəylinin “Qarabağın 

dialekti və folkloru (Qafqaz Azərbaycanı)” əsərində regional lətifələrə təsadüf 

edilməkdədir. Tədqiqatın fəsillərindən biri “Yerli şəxsiyyətlər haqqında məzəli 

və ya baməzə lətifələr” (6, 20-23) adlanır ki, burada Qarabağ regionuna (müəl-

lifin qeydlərinə görə Şuşa) aid lətifələr toplanmışdır. 

Qeyd etməliyik ki, F.Hicranın (Vəliyeva) “Azərbaycan mühacirət folk-

lorşünaslığı” kitabında “Ceyhun Hacıbəylinin Azərbaycan folklorunun araş-

dırılması sahəsində fəaliyyəti” adlı fəsildə mühacirin folklorıünaslıq fəaliyyəti 

haqqında məlumat verilərkən coxlu qüsurlara yer verilmişdir. C.Hacıbəylinin 

həyatı haqqında uzun-uzadı  təsvirlərdən sonra onun “Qarabağın dialekti və 

folkloru (Qafqaz Azərbaycanı)” əsərindən bəhs olunarkən, təəssüf ki, müqayi-

sələr aparılmadan, təhlil edilmədən artıq 1999-cu ildə Bakıda yayınlanmış 

olan,  elm aləminə kifayət qədər məlum həmin tədqiqatdan tapmacalar, lətifə-

lər, bayatılar və s. yenidən “Azərbaycan mühacirət folklorşünaslığı”  kitabına 

köçürülmüşdür (9, 116-138). 

43 



C.Hacıbəyli  əsərinə yazdığı kiçik “Sözönü”nü bu sözlərlə bitirir:”... 

keçmiş Rusiya İmperiyası  ərazisində baş vermiş siyasi dəyişikliklər və  məni 

Fransaya gətirən missiya  məni rus şərqşünasları mühitindən uzaqlaşdırdı. Bu 

şəraitdə  mən bu işi  əvvəl akademik rus əlifbasında olan transkripsiyanı 

dəyişməklə və mətnin əvvəl rus dilinə edilmiş tərcüməsini fransız dilinə tərcü-

mə ilə əvəz edərək  Asiya cəmiyyətinə təqdim etməyi qərara aldım. Oxucu bu 

tədqiqatda lap kiçik yaşlarından azəri dilində danışan adamın türk folkloruna 

töhfəsini görəcək” (6, 7).  

Doğrudan da, C.Hacıbəyli bu əsərilə türk folkloruna öz töhfəsini vermiş-

dir. Onun hələ keçən  əsrin otuzuncu illərində Fransa  elmi-nəzəri fikrinə 

onların döğma dilində  təqdim etdiyi “Qarabağın dialekti və folkloru (Qafqaz 

Azərbaycanı)”  əsəri bu gün belə öz aktuallığını qorumaqdadır.  İlk növbədə,  

tədqiqatın adı diqqəti cəlb etməkdədir, ona görə ki, əsərin üzərində Qarabağ 

sözü ilə yanaşı mötərizədə Qafqaz Azərbaycanı xüsusi olaraq diqqətə çatdırıl-

maqdadır. Müasir dövrümüzdə Qarabağın sovet hökuməti tərəfindən Azərbay-

cana verildiyini iddia edən xain qonşuların cəfəng sözlərinə  hələ sosializm 

dövründən əvvəl qələmə alınan bu əsər tutarlı cavablardan biridir.  

Digər tərəfdən, burada toplanan Azərbaycan xalq yaradıcılığı örnəkləri 

öz təravətini qoruyaraq – Qarabağ dialektində  təqdim olunmuşdur ki, bu da 

folklorşünaslığımız üçün olduğu qədər dilçilik üçün tədqiqatın  əhəmiyyətini 

artırmaqdadır. 

ƏDƏBİYYAT  

1.

 



Allahverdiyeva Nüşabə. “Journal Asiatique”də Azərbaycan ədəbiyyatı məsələləri. Filolo-

giya elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın avtore-

feratı, Bakı: 2004, 26 s. 

2.

 



Azərbaycan ədəbiyyatı tarixi. 6 cilddə, I c., Bakı: Elm, 2004, 760 s.  

3.

 



Caferoğlu Ahmet. Tehlil ve tenkitler, “Azerbaycan Yurt Bilgisi”, İstanbul: 1932, yıl 1, 

sayı 11, s. 408 

4.

 

Caferoğlu Ahmet. Şarkta ve Garpta azeri tetkikleri, “Azerbaycan yurt bilgisi”, İstanbul: 



1934, sayı 27, s. 96-102; sayı 28, s.136-141, sayı  29, s. 197-200, sayı 30, s. 233-238 

5.

 



(M-me) Chatskaya O.,Quatrains populaires de l’Azerbaidjan, Avec introduction de 

N.K.Dimitriyev, “Journal Asiatique”, t.CCXII, №2, Avril-Juin, Paris: 1928, p. 228-265 

6.

 

Hacıbəyli Ceyhun bəy. Qarabağın dialekti və folkloru (Qafqaz Azərbaycanı), Bakı: Ozan, 



1999,  48 s. 

7.

 



Hacıbəyli Ceyhun bəy. Seçilmiş əsərləri (Mühacirət dövrü), Bakı: Elm, 2006, 98 s.  

8.

 



Hadjibeyli Djeyhoun. La Dialekte et le folklore du Karabagh (Azerbaidjani du Caucase), 

Yournal Asiatique, Paris: 1933, CCXII, p. 31-144.  

9.

 

Hicran Fəridə (Vəliyeva). Azərbaycan mühacirət folklorşünaslığı, Bakı: Qartal, 2009, 176 s. 



10.

 

Nəbiyev Azad. Azərbaycan folklorunun janrları. Bakı: ADU, 1983, 87 s. 



11.

 

Nəbiyev Azad. Azərbaycan xalq ədəbiyyatı. I c., Bakı: Turan, 2002, 678 s.; II c., 2006, 



Bakı: Elm, 618 s. 

12.


 

Sultanlı Vaqif. Azərbaycan mühacirət ədəbiyyatı. Bakı: Şirvannəşr, 1998, 160 s. 

13.

 

Sultanlı Vagif. Azerbaycan mühaceret edebiyatı. İstanbul: Avropa yakası yayın evi, 2007, 224 s. 



14.

 

Tahirov Abid. Ceyhun Hacıbəylinin həyat və yaradıcılığı: Filologiya elmləri namizədi 



alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiyanın avtoreferatı, Bakı, 1997, 26 s. 

15.


 

Tahirli Abid. Ceyhun Hacıbəyli folklor tədqiqatçısı kimi // “Dədə Qorqud” jurn. Bakı,  

2004, sayı 4 (13), s.89-93. 

44 



 

ФОЛЬКЛОРИСТИЧЕСКОЕ НАСЛЕДИЕ ДЖЕЙХУН БЕК  ГАДЖИБЕЙЛИ 

 

А.Г.ГУСЕЙНОВА 

 

РЕЗЮМЕ 

 

В статье “Фольклористическое наследие Джейхун бек Гаджибейли говорится о 

фольклористическом  исследовании  одного  из  французских  эмигрантов  Джейхун  бек 

Гаджибейли.  

Особенно выделено большое внимание  к материалам  Карабахского фольклора, 

собранными Джейхун бек Гаджибейли. 

 В 1933 году в Париже  на французском языке он опубликовал эти материалы в 

журнале “Journal Asiatique” под именем “Карабахский диалект и фольклор (Кавказский 

Азербайджан)”. В  Азербайджане это исследование было опубликовано, в 1999 году. 

 

Ключевые слова: фольклор, Карабах, эмиграция, родина, диалект 

 

THE FOLKLORE HERITAGE OF JEYHUN HAJIBAYLI 

 

A.H.HUSEYNOVA 

 

SUMMARY 

 

The article “The folklore heritage of Jeyhun Hajibayli” deals with the folklore activities 



of Jeyhun Hajibayli.  

Special focus has been given to the materials gathered by Jeyhun Hajibayli regarding 

Karabakh folklore. 

These materials were published under the name “Karabakh dialect and folklore 

(Caucasus Azerbaijan)” in “Asia” journal in 1933 in Paris in French. The materials were 

published in Baku in 1999



 

Key words: folklore, Karabakh, emigration, motherland, dialect 

 

45 



Yüklə 420,89 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə