№4 Humanitar elmlər seriyası



Yüklə 482,87 Kb.
Pdf görüntüsü
tarix30.10.2018
ölçüsü482,87 Kb.
#76775


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№4      

 

Humanitar  elmlər seriyası 

  2011 

 

 

 

UOT:894.362 

 

MƏHCUR ŞEİRİNİN MƏNA GÖZƏLLİKLƏRİ 

 

T.K.BƏDƏLOVA  

Gəncə Regional Elmi Mərkəz 

tehmine_b@mail.ru 

  

Məqalədə XVIII əsrdə yaşayıb-yaratmış  şairlərdən biri olan Məhcur  Şirvaninin 

şeirlərindən bəhs edir. Məhcur orta əsr Azərbaycan poeziyasının nümayəndəsi kimi Şərq 

poetika elminin ənənələri ilə yaxından bağlı olmuşdur. Burada M.Şirvani lirikasının poetik 

gözəllikləri araşdırılır, şairin işlətdiyi bədii fiqurlar incələnir. Məhcurun dilindəki obrazlılıq 

və bədiilik, təşbih və metaforik zənginlik, sözün rəngarəng məna çalarlarından istifadə baca-

rığı şairin obrazlı təfəkkürünün qüdrətindən, şair xəyalının fantaziyasından xəbər verir. Məh-

cur  Şirvani lirikasının bədii sənətkarlığının öyrənilməsi təkcə  şairin fərdi yaradıcılığı üçün 

deyil, ümumən XVIII əsr Azərbaycan  ədəbiyyatının bədiyyat problemlərinin öyrənilməsi 

baxımından da əhəmiyyətlidir. 

 

Açar sözlər: lirika, klassik poeziya, təşbih, söz və məna, M.Şirvani

 

 



 

Bu iş Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə 

yardımı ilə yerinə yetirilmişdir – Qrant №EİF 2010-1(1)-40/40-5 

 

Tarix boyu mütəfəkkir sənətkarlar həmişə sözdən dərin məna, hikmət və 



elmi əsas tələb ediblər. Təsadüfi deyil ki, sənətkarın istedad və bacarığına qiy-

mət verərkən onun klassik poetikanın bədii fiqur və rəmzlərindən istifadə qabi-

liyyəti əsas meyar götürülür. Çox doğru olaraq qeyd edirlər ki, məzmun və mün-

dəricə baxımından oxşar və yaxın olan qəzəlləri, müxəmməsləri və s. bir-birin-

dən fərqləndirən də  məhz “yazı forması, işlədilən bənzətmələrin, obrazların 

nadirliyi, poetik ifadənin gözəlliyi, hisslərin təsirliliyi, səmimiliyi”dir (2,52).  

Əgər nəzərə alsaq ki, təkcə mövzu, fikir və ideyaca deyil, bədii ifadə 

vasitələri, yüksək sənətkarlıq baxımından da zəngin və kamil olan Şərq və 

Azərbaycan  ədəbiyyatında hər bir sözün birbaşa lüğəvi mənasından başqa 

çoxlu sətiraltı  mənaları da var, onda saysız-hesabsız incilərin yarandığı bu 

ümmanda yeni, təravətli və hikmət dolu söz deməyin necə ağır və məsuliyyətli 

bir iş olduğunu təsəvvür etmək çətin deyil.  

Klassik nəzəriyyəçilər və “şeir biliciləri sözün məna tutumu üçün işlənən 

poetik fiqurları “sənəthaye-məani”yə, zahiri bəzək, səsləniş və yazılış gözəlliyi 

üçün işlədilən fiqurları isə “sənəthaye-ləfzi” bölməsinə daxil etmişlər” (1,263).  

55 



Hər bir bədii söz ustası kimi Məhcur Şirvani də yaradıcılığında klassik 

poetik fiqurlardan, söz və obrazlardan faydalanmışdır.  

Bədii yaradıcılıqda sənətkarın hər hansı bir obrazın nəzərdə tutulan cə-

hətini – daxili keyfiyyət və mənəvi xüsusiyyətini daha qabarıq nəzərə çatdır-

maq, onun haqqında oxucuda daha müfəssəl və əhatəli təsəvvür yaratmaq və 

eyni zamanda yaratdığı əsərin bədiiliyini, fikri və səsləniş ahəngdarlığını və s. 

gücləndirmək üçün ən çox istifadə etdiyi sənəthaye-məani növlərindən biri də 

təşbihdir.  

Məhcur obrazın daxili aləmini, xarakterinin ayrı-ayrı xüsusiyyətlərini - 

eşqə sadiqliyini, hicrana dözümlüyünü, məşuqənin insafsızlığını, əğyara meyl 

etməsini və s.-ni daha obrazlı və daha təsirli ifadə etmək üçün Şərq ədəbiyya-

tında çox geniş  işlənən müxtəlif keyfiyyətli bənzədilənlərdən (müqayisə 

obyektlərindən) istifadə etmişdir: gül, xar (tikan), bülbül, ay, günəş, tuti, sərv, 

inci, püstə, pərvanə və s. 

Məhcur  şeirini bədii cəhətdən bəzəyən təşbihlərdə  şair  “kimi”, “tək” 

bənzətmə qoşmalarından, bəzən isə əcnəbi dil vahidlərindən istifadə etmişdir. 

 ...Didələrim xunbarü işim ahü zar 

Ağlaram bülbültək fəsli-novbahar...  

Bəzən şair “kimi”, “oxşar”, “bənzər” mənalarını verən manənd sözündən 

də istifadə edir.  

Başlar haman süzülməyə manəndi-şahbaz 

Qəsd eylədikcə şeydi-dilü canə gözlərin.  

Şair məşüqənin ürəyə  və cana qəsd edən gözlərinin süzgün baxışını 

tərlanın səmada süzməyinə bənzədərək maraqlı təşbih yaratmışdır.  

Bəzən isə  şair qoşmasız variantdan istifadə etmişdir ki, söz sərrafları 

təşbihin bu formasına daha böyük önəm vermişlər. Təşbihin bu növünə Məh-

curun lirikasında da rast gəlinir. 

Ədəlibəm məni-Məhcur, işim cəh-cəhü cəh.  

Bu misalda “məhcur” sözü həm lüğəvi mənasında, həm də şairin təxəllü-

sü kimi işlənmişdir.  Şair aşiqin dili ilə özünü unudulmuş, fəraqdan ah-fəğan 

edən bülbülə bənzədir. 

Ümumiyyətlə, poeziyada yalnız bənzəyənlə  bənzədilənin iştirakı ilə 

düzələn təşbihlər obrazlılıq və bədiilik baxımından daha yüksək qiymətləndiri-

lir və söz sənətkarları təşbihin bu növünə daha tez-tez müraciət edirlər. Təsa-

düfi deyil ki, nəzəriyyəçilər belə  təşbihləri mükəmməl təşbih adlandırırlar. 

M.Quliyeva da qeyd edir ki, “orta əsr alimlərinin fikrincə, təşbihin müxtəlif 

növləri içərisində ən təsirli və bəlağət elmi baxımından gözəl, kamil növü mü-

qayisə əlaməti və təşbih ədatları işlənməyən növüdür. Klassik şərq filoloqları 

bu növü təşbihül-bəliğ (yetkin təşbih) adlandırırlar” (3,112). Məhcur  Şirvani 

də gözəlin bədii obrazını yaradarkən daha çox mükəmməl təşbihlərdən istifadə 

etmişdir: 

Qaşların qövsi-qüzeh, qəmzələrin tiri-şəhab...  

56 



Şair gözəlin qaşlarını göy qurşağına, nazlı, işvəli baxışlarını isə göy 

üzündə axan odlu oxa bənzədərək bütöv bir obrazın bir-birini tamamlayan 

ayrı-ayrı cizgilərini maraqlı  bənzətmələrlə canlandırmağa nail olmuşdur. 

Maraqlıdır ki, həqiqətdə  də qaşın altındakı göz parlayan alova bənzəyir. 

Sənətkar müşahidəsi şair qələmində daha poetik gerçəkləşir. 

 Açıldı lalələr, bürüdü dağı, 

 Yüzü gül, kükili reyhan gəlməyir.  

Şərq  ədəbiyyatında təşbih yaradarkən  ən cox müraciət olunan obyekt 



güldür – zəriflik və incəliyin, ətir və təravətin rəmzi olan gül. Məhcur Şirvani 

də  məqsəd və  məramından asılı olaraq eyni obyektin – gülün müxtəlif 

xüsusiyyətlərindən bəhrələnmişdir: gənc və təravətli sevgilini qönçə ilə, həsrət 

oduna yanıb sevgilinin ayrılığından xəstəhal olan aşiqi solmuş gül ilə, öz 

gözəlliyi ilə aşiqi ilhamlandıran gözəli “güli-xəndan” (açılmış gül) ilə qarşılaş-

dıraraq, müqayisə edib həm sözün məna incəliklərini, rəng, çalar əlvanlığını 

göstərməyə nail olmuş, həm də özünün şairlik istedad və məharətini açıqlayan 

maraqlı lövhələr yaratmışdır. Yuxarıdakı misalda da şair gözəlin üzünü (gözəl 

və təravətli olduğunu göstərmək üçün) gülə, saçını isə ətirli reyhana bənzədir. 

 Ey yanağı gül, xəti növrəstə, qurban olduğum, 

 Dişləri inci, dəhanı püstə, qurban olduğum, 

 Gərdəni mina, ləbi mül-məstə, qurban olduğum...  

Sevgilinin dişləri inci mirvariyə, dəhanı püstəyə (hələ “Kitabi-Dədə Qor-

qud” qəhrəmanı – “qoşa badam sığmayan dar ağuzlum” - deyirdi), boynu m-

inaya, dodaqları isə  aşiqi məst edən  şəraba bənzədilir. Belə misalların sayını 

xeyli artırmaq olar: kakilindir nafeyi-sərbəstə (saçın ağzı bağlı müşk dolu bir 

nafədir - ceyran göbəyidir); qədi bir tazə hilal (boyu təzə böyüyən ağacdır); 

gözü cəllad, camalı mahtab, əbru kaman, lalə rüx, məhvəşi-ziba (ay kimi gö-

zəl) və s.  

Məcaz yaratmaq, həssas müşahidə və hərtərəfli biliyi sayəsində həyatın 

obrazlı lövhəsini çəkmək təfəkkürün  ən yüksək pilləsi hesab olunur. Bu 

mənada klassik Şərq poeziyası öz zənginliyi və  məcazlarının çoxçeşidliyi ilə 

seçilir. Söz sənətkarlarımız bu poetik fiqurların sirrindən xəbərdar olmuş, 

yaratdıqları möhtəşəm sənət nümunələrini bu xəzinənin inci və gövhərləri ilə 

bəzəmişlər.  

Təşbihin maraqlı  və çox yayılmış növlərindən biri də təqiddir. Təqidin 

lüğəvi mənası “söz düyünü”dür. Bu poetik fiqur məna baxımından olduğu 

kimi, sənətkarlıq nöqteyi-nəzərindən də  şeirə mürəkkəblik gətirərək oxucunu 

düşünməyə və sözün təsir gücünü artırmağa xidmət edir.  

Məhcurun əldə olan əsərləri içərisində təşbihin bu növünə - örtülü təşbih 

və ya təqlidə, az da olsa, rast gəlmək olur. 

57 



Cahanda hal bilməz yar sevmək, ey könül, müşkül! 

Vüsali-yar içün əğyar sevmək, ey könül, müşkül! 

Həvayi-güldən ötrü xar sevmək, ey könül, müşkül! 

Anub dildar zülfün mar sevmək, ey könül, müşkül!..  

Diqqət etsək görərik ki, şair burada yarı  və sevgilini dolayı yolla gülə, 

əğyarı isə xara (tikana), mara (ilana) bənzədir. Klassik poeziyada tez-tez işlə-

dilən bu müqayisə obyektlərindən istifadə edən Məhcur şeirin digər müxtəlif 

poetik fiqurlarından da bəhrələnərək yaratdığı  qəhrəmanın - aşiqin mənəvi 

dünyasını təlatümə salan eşqinin gücünü və böyüklüyünü sözün ecazkar təsiri 

vasitəsilə canlandırmağa çalışmışdır. 

Məhcurun istifadə etdiyi təşbih növlərindən biri də  təşbihi-təfzili – 

üstünlük bildirən təşbihdir. Şair bəzən obrazın hər hansı bir keyfiyyətini daha 

aydın nəzərə çatdırmaq, daha dolğun və bitkin təsvir yaratmaq və eyni zaman-

da qəhrəmanının bənzətmə obyektindən daha üstün və yüksək olduğunu 

göstərmək üçün sadə bənzətmə ilə kifayətlənmir və klassik poetikanın təşbihi-

təfzili növünə müraciət edir. Məhcur üstünlük bildirən təşbihlərdən rəngarəng 

ifadə üsulları ilə istifadə etmişdir. 

Eşq bazarında yox qan ağlayan bülbül kimi

Heç kimin məşuqu, yarəb, olmasın ol gül kimi...  

Şair bülbülü eşq, sevda yolunda ən çox cəfa çəkən, ah-fəğan edən obraz 

kimi təqdim edir. İkinci misrada isə  məşuqəni gülə  bənzədərək “heç kimin 

məşuqu ol gül kimi olmasın” ifadəsilə onun insafsızlıq və  vəfasızlıqda hər 

kəsdən üstün olduğunu çox qabarıq şəkildə çatdırmağa nail olmuşdur. Eyni za-

manda, misralar arasındakı  təzad (bülbülün cəfakeşliyi müqabilində gülün – 

məşuqənin vəfasızlığı daha aydın görünür) da fikrin emosionallığına kömək 

etmişdir. 

Qeyd etdiyimiz kimi, təşbihin bu növü Məhcur lirikasında müxtəlif 

şəkildə və tərzdə əksini tapmışdır. Klassik ədəbiyyatda ayrı-ayrı keyfiyyət və 

əlamətlərin etalonu kimi simvollaşmış obrazlara müraciət edən  şair sevgilini 

onlardan daha üstün tutur və bu rəmzi obrazları, belə demək mümkünsə, “san-

ki onun ayağına gətirir”. 

Ay ilə gün dövr edər eydi-vüsalın görməyə, 

Mahi-növ sərgəştədir mişkin hilalın görməyə, 

Şahi-hindu müntəzirdir xəttü xalın görməyə, 

Tutilər dil xəstədir şirin məqalın görməyə,  

Xızr sərgərdan gəzər şəhdi-zülalın görməyə, 

Yer yüzün tutmuş günəş ta payimalın görməyə, 

Sərv baş əymiş qiyami-etidalın görməyə, 

Lalənin bağrında dağlar rəngi-alın görməyə, 

Hurilər həsrət çəkər fəzlü kəmalın görməyə, 

Arizu eylər məlayiklər camalın görməyə, 

Ey büti-növrəstə, şuxü mehriban, gəl vəqtdir!  

58 



Şair bir bənd daxilində sevgilinin ayrı-ayrı gözəllik cizgilərini – qaşını, 

xalını, şirin danışığını, al yanaqlarını, ağıl-kamalını, gözəl camalını və s.-ni bu 

atributların rəmzi obrazları ilə müqayisə edir. Aşiqin sevgilisi onlardan daha 

üstün, daha yüksək olduğu üçün ay ilə gün onun vüsalını bayram etmək üçün 

dövr edir (məlumdur ki, ay Yerin ətrafında dövr edə-edə  fırlanır), yeni ay – 

aypara  şəklində olan ay sevgilinin qara qaşını görmək üçün avara-sərgərdan 

qalıb, hind şahı onun xalını görmək üçün intizardadır, klassik ədəbiyyatda 

xöşsəsli, məlahətli danışığın simvolu olan tuti yarın  şirin söhbətini eşitmək 

üçün xəstə düşüb, dirilik suyunun sahibi Xızr gözəldəki sərin, duru və  şirin 

suyu görməyə can atır, Günəş onun ayağının altını görmək üçün yer üzünü 

tutmuşdur, sərv onunla bir boyda, bir bərabərdə olmaq üçün baş  əymişdir, 

hurilər onun ləyaqət, fəzilət və kamalının həsrətindədirlər, məleykələr isə 

gözəl camalını görməyi arzu edirlər. Göründüyü kimi, bu müqayisələr sevgili-

nin obrazının daha görümlü olmasına imkan yaradaraq onun ayrı-ayrı keyfiy-

yətlərinin daha üstün və yüksək olmasının təsvirinə xidmət edir. Bir bənd 

daxilində eyni obrazın ayrı-ayrı xüsusiyyətlərini açıqlayan bu təşbihlər silsiləsi 

eyni zamanda həm də klassik poetikanın  təşbihi-cəm adlanan formasına da 

uyğun gəlir. Bu isə bir daha göstərir ki, bədii fiqurlar arasında kəskin sərhəd 

qoymaq çox çətindir və hətta bəzən mümkün deyil. 

“Di, görüm” rədifli müxəmməsində  də  şair “Nə  xəta eylədim...” sual-

müraciətindən istifadə edərək məşuqənin bənzətdiyi məfhumlardan daha gözəl 

olduğunu incə yumor və nəvazişlə anlada bilmişdir. Şair sevgiliyə müraciətlə 

sual edir ki, onun gözəlliyini parlaq aya, üzünün bəzəyini qırmızı laləyə, qara 

xalını qula, qaşını isə ardıca bənzətdimmi ki, məndən incidin? Şair sanki bu 

bədii suallarla demək istəyir ki, onun sevdiyi gözəli bu məfhumlara bənzət-

mək, onlarla müqayisə etmək bir növ səhv olardı. Aşiq-şair isə bu xətaya yol 

verməmişdir, çünki onun daha gözəl, daha üstün olduğunu bilir. 

XVI əsr türk şairi Baqinin təşbihi-təfzil ilə zəngin olan “Yeg” rədifli qə-

zəlinə (şeir demək olar ki, başdan-ayağa üstünlük təşbihi üzərində qurulmuş-

dur, şairin seçdiyi rədif də buna gözəl imkan və şərait yaratmışdır) yazdığı təx-

misdə böyük sələfinin üslubuna sadiq qalan Məhcur maraqlı təşbihlər yarada-

raq obraza münasibətini və çatdırmaq istədiyi fikri tam açıqlığı ilə təsvir edə 

bilmişdir: Bilən kimdür həbibin mədhi-ruyin ol Xudadan yeg! (həbibin üzünün, 

çöhrəsinin mədhini – tərifini Xudadan yaxşı kim bilər); Nə ziba vəsf olur layiq 



anunçün “ta” vü “ha”dan yeg! (Onun gözəlliyinin vəsfində “Ta” “Ha” surə-

sindən daha layiqli nə ola bilər); Cəhan yad eyləməz bu ömr ilə şol məhliqadan 



yeg! (O ay üzlüdən daha yaxşısı ilə bu ömrü yad eyləmək – keçirmək olmaz); 

Müqəvvas qaşları mehrabeyi-beyti-hərəmdən xoş (qövs şəkilli qaşları müqəd-

dəs ziyarətgahların mehrabından da xoşdur) və s. 

Göründüyü kimi, Məhcur da Baqi kimi bütün şeir boyunca obrazın bu və 

ya digər keyfiyyətini daha qabarıq və anlaşıqlı  nəzərə çatdırmaq üçün onu 

seçdiyi müxtəlif məfhumlarla qarşılaşdırır, müqayisə edir və  hər dəfə  də 

üstünlüyü öz qəhrəmanına verir. 

59 



M.Şirvaninin təşbih yaradıcılığının araşdırılması göstərir ki, şair  əksər 

hallarda  Şərq  ədəbiyyatında artıq sabitləşmiş  və çox işlənmiş müqayisə  və 

təşbih obrazlarından istifadə etsə  də, bu təşbihlərdə  iştirak edən müqayisə 

obyektləri o qədər də rəngarəng və müxtəlifliyi ilə seçilməsə də, şairin sənət-

karlıq qabiliyyəti və sözün bədii gücündən yerli-yerində, məqamında istifadə 

bacarığı sayəsində yeknəsəklikdən xilas ola bilmişdir. Ümumiyyətlə, XVIII 

əsrdə Azərbaycan poeziyasında yaranmış bu vəziyyət Vaqif yaradıcılığınadək 

davam edir və yalnız Vaqifin novator təfəkkürünün məhsulu olan çevik, 

oynaq, xalq dilindən qidalanan və eyni zamanda yüksək poetik tələblərə cavab 

verən dili sayəsində Azərbaycan ədəbiyyatında tamamilə yeni bir mərhələnin 

və ədəbi məktəbin bünövrəsi qoyulur. 

Poetikanın  ən geniş yayılmış,  əsərin bədiilik və obrazlılıq yükünün 

əhəmiyyətli hissəsini öz üzərində daşıyan məcaz növlərindən biri də istiarədir

Heç təsadüfi deyil ki, klassik şeir nəzəriyyəçiləri həmişə istiarəyə xüsusi önəm 

vermişlər. Hətta “Qabusnamə” müəllifi də bu poetik fiqurdan ayrıca bəhs 

etmişdir: “İstəyirsən sənin sözün ali olsun və uzun müddət qala bilsin, müstəar 

(istiarə, istiarəli söz – T.B.) şəklində yaz, mümkün olan istiarələrdən istifadə 

et. Mədhnamə yazdıqda da istiarə işlət” (4,145).  

Məhcur Şirvani də şeirlərində istiarədən istifadə edərək həm aşiqin daxi-

li aləmi, kədərinin, dərdinin gücünü, sevgilinin gözəlliyini, həm də sözün 

ecazkar qüdrətini məharətlə açmağa nail olmuşdur: Bəs ki, ol sərvin ayağına 

gözüm tökdü yaş; Qamətin nazü nəzakətdir, əya tazə nihal; Neyçün bağa güli-



xəndan  gəlməyir; Gəlmədi bağ içrə  güli-gülşənim, Qaldım boynu əgri  sultan 

gəlməyir; Bükülmüş qaməti, bir bədr  eşqindən hilal olmuş; Ey xoşəlhan, 



tutiyi-şəkkərzəban, gəl vəqtdir; Ey güli-nazik, nə  işdir ülfəti-xar etməyin; 

Meyi-eşqin, ey gül, görüncə məxmur olubam və s. Belə misalların sayını xeyli 

artırmaq da olar. Şairin işlətdiyi bu istiarələr onun şeir dilini bədii cəhətdən 

xeyli zənginləşdirmiş və obrazlılığını artırmışdır.  

Qətrə-qətrə dəhənindən tökülür şəhdü nəbat, 

Verir, ey mayeyi-can, Xızra ləbin abi-həyat.  

Burada şair gözəlin şirin danışığını daha cazibəli, emosional təsvir etmək 

üçün onun söylədiklərini (dediyi sözləri) bal və nabata bənzədərək deyir ki, 

sən danışdıqca ağzından damcı-damcı bal, nabat tökülür.  

Bəzən eyni istiarələr ayrı-ayrı şeirlərdə təkrar olunsa da, aid edildikləri 

obyekt müxtəlif olduğu üçün yeknəsəklik yaratmır: Yandı canım, ey əzizim, 

namdar,  əylənmə  gəl!; Bağrım kabab etdi, cigərim büryan (yanan, yanmış); 

Firqətindən yandırıb səbrü qərarı gözlərəm və s. 

Nuki müjganın kimi qəmzə oxun san eylər 

Ki, çəkib tiği-cəfa qəsdi-dilü can eylər... 

Gündə nahəq yerə zalim, neçə min qan eylər...  

Sevgilinin nazlı baxışlrının cəfa qılıncını çəkib ürəyə və cana qəsd etmə-

si, gündə nahaq yerə qan tökməsi istiarədir. Bu məcaz vasitəsilə şair həm gə-

60 



zəlin baxışlarını təsvir etmiş, həm də şeirini yüksək məna tutumlu istiarələrlə 

zənginləşdirmişdir. 

“Gəl, vəqtdir” şeirində Məhcur sevgiliyə olan münasibətini, istək və sev-

gisini ayrı-ayrı obrazların dili ilə bildirərək gözəl istiarələr yaratmış və bunun-

la da şeirin bədii dilinin gözəlləşməsinə, maraqlı təsvirlərin yaranmasına nail 

olmuşdur. 

Paybusun çün bahar əyyamı bağ istər səni, 

Həsrətindən lalənin bağrında dağ istər səni... 

Hər çiçək tutmuş əlində bir çırağ, istər səni, 

Baş əyib olmuş bənəvşə bidamağ, istər səni, 

Nərgisü reyhanlar olmuş göz-qulağ, istər səni... 

Bülbüli-zarə əsər qılmış fərağ, istər səni...  

Məhcurun maraqlı istiarələrindən biri də aşağıdakıdır: 

Buyi-zülfündən cahana can verir hər dəm səba... 

(Səba – səhər küləyi hər an saçının ətrindən cahana – aləmə can verir). 

Burada şair küləyin sevgilinin zülfünün ətrini aləmə yayaraq cahana can ver-

məsi ilə gözəl istiarə yaradır. 

Məhcur insana xas olan ağlamaq, gülmək, gəlmək  kimi xüsusiyyətləri 

gül, bülbül, şam, pərvanə kimi obrazların üzərinə köçürərək maraqlı bənzətmə-

lər yaratmış,  şeirin söz və  məna gözəlliyinin vəhdətinə nail olmuş, eyni za-

manda qəhrəmanının daxili aləmi, fəlsəfi düçüncələri haqqında aydın təəssürat 

oyada bilmişdir. 

Yanmaxlığıma şəm’ ilə pərvanələr ağlar, 

Ağlar mənə Fərhad məzarində bitən gül...  

Məhcur özünü Şərq ədəbiyyatında eşq yolunda ən böyük fədakar obraz-

lar olan şam və  pərvanə ilə müqayisə edir, ancaq şairin cəfakeşliyi onlardan 

daha artıqdır. Özünü oda atıb sevgilisi ilə vüsalı yanmaqda tapan pərvanə də, 

şamın özü də, hətta fədakar aşiq Fərhadın məzarı üstündə bitən gül də onun 

əhvalına ağlayır. 

Beləlilə, Məhcur Şirvani lirikasında işlənmiş istiarələr bir daha göstərir 

ki, “məcaz və müqayisələr o zaman, o yerdə güclü və təsirlidir ki, təsvir olu-

nan məfhum və ya hadisənin daha canlı, daha əyani, daha dürüst ifadəsinə kö-

mək edə bilir. Burada yaradıcının ilham qüdrətinin, həyat anlayışının, biliyi-

nin, hadisələr haqqında təsəvvürlərinin daha zəngin və  ətraflı olması, insan 

psixologiyasına dərindən vaqif olması, sənətkarlıq, ustalıq təcrübəsinin çox 

əhəmiyyəti vardır” (5,92). Belə ki, şair bədii sözün məna tutumu və  ləfzi 

gözəlliklərini vəhdətdə verməyə nail olmuş və gözəl bədii fiqurlar yaratmışdır. 

Məhcur şeirini bədii cəhətdən gözəlləşdirən və bəzəyən poetik fiqurlar-

dan biri də mübaliğədir. “Bədii fikri dərinləşdirmək, təsəvvürü daha da can-

landırmaq məqsədilə  ədəbiyyatda bir hadisənin, işin, xarakterin, keyfiyyətin 

həddindən artıq böyüdülməsi və ya kiçildilməsinə mübaliğə deyilir” (3,87). Bu 

elə bədii vasitədir ki, müəyyən bir hadisə daha təsirli görünmək üçün həddin-

dən artıq böyüdülür, güman olunmayan hadisə  və faktlarla müqayisə edilir. 

61 



Başqa sözlə, bədii obraz yaratmaq üçün çox mühüm vasitələrdən biri olan 

mübaliğə nəzərdə tutulan fikrin, ideyanın oxucuya daha qabarıq çatdırılmasına 

xidmət edir. M.Şirvani də yeri gəldikcə, eşqinin qüdrətini, gücünü, sevgilinin 

gözəlliyini (Şöleyi-xurşid ruyin aləmi bənd eyləmiş), insafsızlığını  (Gündə 



nahəq yerə, zalım, neçə min qan eylər), eşq yolunda çəkdiyi dərd-qəmin 

sonsuzluğunu (Sığışmaz  şərhi-nəzmə qüssəvü dərdü qəm izharı, Tükənməz 



gecə-gündüz söyləsə  Məhcur göftarı; Bülbülün fəryadı  qıldı  dəhr gülzarın 

fəna), və s. göstərmək üçün məcazın bu növündən də bəhrələnmişdir.  

Şair özünü Rüstəm Zalla müqayisə edir, hətta ondan daha qüdrətli, güclü 

olduğunu göstərmək üçün yazır: 

Mən çəkim yayını, çəkməz ola kim Rüstəmi-Zal, 

Bu nə qəddü, bu nə qamət, bu nə gözdür, bu nə qaş?!  

Məhcur yazır ki, sevgilinin gözəlliyinin sədası hər yerə yayılmışdır. 

...Aləmi avazeyi-hüsnün dutubdur cabeca.  

Başqa bir misalda isə göstərir ki, aşiqin ürəyi poladdan da olsa, 

sevgilinin gözəlliyi onu yumşaltmağa qadirdir. 

Dili-aşiq gər pulad olursa nərm edər anı, 

Baqılmaz ol şahi-hüsnə ki, məhparə olmuşdur.  

Şairin sevdiyi gözəl hətta bir baxışı ilə aşiqinin canını almağa qadirdir. 

 Padşahım, sənə cəmiyyəti-ləşkər nə üçün?  

Bəs ki, can almağa bir qəmzə haman bəsdir, bəs!  

Məhcurun eşq yolunda axıtdığı göz yaşları selə dönüb, şair qəzəlini 

təxmis etdiyi türk şairi Baqiyə müraciətən deyir ki, boş yerə ah-zar etməkdən 

nə çıxar, ehtiyatlı ol ki, Məhcurun göz yaşı selə dönüb səni aparar... 

Saqın Məhcuri əşkindən gedərsən söylə, ey Baqi, 

Nolur bihudə hər dəm zarılqdan böylə, ey Baqi...  

Klassik poetikada təfrit adlanan və mübaliğənin  əksi olan “tipik kiçilt-

mə” kimi bədii fiqura da rast gəlirik. R.Əliyev yazır: “Aşiq sevgilini bədii şə-

kildə böyütmək üçün özünü kiçildir, sevgilinin ayağının tozuna və ya qapısı-



nın itinə bənzədir” (6,231). Məhcurun da şeirlərində belə təfritlərə rast gəlmək 

mümkündür. 

Əndəlibəm məni-Məhcur, içim cəh-cəhü cəh, 

Kəlbi-xakindi nə kim, çağıra gər gəh-gəhü gəh...  

Göstərilən misalda şair özünü əvvəlcə bülbülə, sonra isə sevgilinin 

qapısının itinə  bənzətməklə,  əslində  məşuqəsinin böyüklüyünü və ucalığını 

nəzərə çatdırmaq istəmişdir.  

Ey yanağı gül, xəti növrəstə, qurban olduğum, 

Dişləri inci, dəhanı püstə, qurban olduğum...  

Klassik  ədəbiyyatda gözəlin dişlərinin, ağzının balaca, incə  və  zərif 

olduğunu göstərmək üçün onu çox vaxt inciyə, püstəyə bənzədirlər. Məhcur da 

şeirlərində bu bədii vasitədən tez-tez istifadə etmişdir. 

62 



Ümumiyyətlə, qeyd edək ki, klassik ədəbiyyatda aşiqin bu məqsədlə 

sevgilini gül, inci, dürr, özünü isə müvafiq olaraq xar, xak adlandırması çox 

geniş yayılmış məcaz növlərindəndir.  

Araz Dadaşzadə yazır ki, “lirik şeir öz mahiyyəti etibarilə lakonik ifadə-

lər, yüksək emosional qüvvəyə malik söz və ifadələr işlətməyi tələb edir” 

(2,168). Bu baxımdan Məhcurun işlətdiyi ayrı-ayrı məcaz növləri – epitet, təş-

bih, istiarə və mübaliğə kimi bədii təsvir vasitələri öz axıcılığı, ahəngdarlığı, 

ifadəliliyi və təsirliliyi ilə seçilir.  

Təbii ki, Məhcur yalnız bu təsvir vasitələrindən istifadə etməklə kifayət-

lənməmiş, klassik poetikanın digər məşhur və geniş yayılmış növlərindən – 

hüsnüt-təlil (gözəl  əsaslandırma və ya (illət səbəb) göstərmənin gözəlliyi), 

löffi-nəşr və s.-dən də faydalanmışdır. Lakin Məhcurun  əldə edə bildiyimiz 

azsaylı  əsərləri içərisində bu bədii fiqurlar o qədər də  zəngin deyildir. Məs: 

hüsnüt-təlilə misal olaraq aşağıdakı nümunələri göstərmək olar: 

Ay ilə gün dövr edər eydi-vüsalın görməyə... 

Yer yüzün tutmuş günəş ta payimalın görməyə...  

Şair ay ilə günün dövr etməsini belə izah edir: onlar (ay ilə gün) gözəlin 

vüsalını bayram etmək üçün dövr edirlər: günəş sevgilinin ayağının altını gör-

mək üçün yer üzünü tutmuşdur. Yeri gəlmişkən, qeyd edək ki, şairin müqayisə 

üçün seçdiyi obrazlar içərisində Günəş, Ay kimi səmavi cisimlər xüsusi yer 

tutur. Məhcur gözəli daha çox bu obrazlara bənzədir, onlarla müqayisə edir. 

“Bu da təsadüfi deyildir. Ülvilik insan gözəlliyinin ayrılmaz hissəsidir.  İn-

sanlardan çox yüksəklərdə olan səma cisimləri həm ucalığı, həm də gözəlliyi 

ilə tarixən söz sənətkarlarının nəzərini cəlb etmişdir. Yüksək insani keyfiy-

yətlər səma cisimləri ilə müqayisə edilmişdir” (7,117). 

Başqa bir müxəmməsdə şairin yaratdığı leksik paralellər də maraq doğurur. 

Bu nə dişdir, nə gülüşdür, bu nə rüxsareyi-al! 

Bu nə ləbdir, bu nə ağız, bu nə xətdir, bu nə xal!  

Şairin işlətdiyi diş-ləb, gülüş-ağız, al yanaq-üzdəki xal paralelliyi sayə-

sində şeirdə maraqlı bədii fiqur yaranmışdır ki, bu da şeirə məna zənginliyi ilə 

yanaşı forma gözəlliyi də vermişdir. 

Məhcurun dilindəki obrazlılıq və bədiilik, təşbih və metaforik zənginlik, 

sözün rəngarəng məna çalarlarından istifadə bacarığı şairin obrazlı təfəkkürü-

nün qüdrətindən, şair xəyalının fantaziyasından xəbər verir. Onun yaradıcılığı-

nın əlimizdə olan çox az bir hissəsi üzərində araşdırılan bu bədii fiqurlar şairin 

lirikasına özünəməxsus çalar və rəng vermişdir. Şair sözün məzmun əlvanlığı-

nı  və  məna dəyərini incələyən poetik kateqoriyalarla yanaşı onun zahiri, 

tələffüz gözəlliyinə xidmət edən ifadə vasitələrini də sənətkarlıqla işlətmişdir. 

Böyük sələfləri kimi Məhcurun da əsərlərində “şeirin ümumi məzmunu, əsas 

mənası ilə ustalıqla  əlaqələndirilən belə fiqurlar ...zahiri parlaqlıqla yanaşı, 

daxili mənanın daha aydın təqdimi üçün də zəruri görünür” (1,437). 

Məhcur Şirvani lirikasının poetik xüsusiyyətlərinin araşdırılması, təhlili 

və müqayisəli şəkildə öyrənilməsi bir daha göstərir ki, şair dövrünün poetika 

63 



elminin incəliklərinə  bələd olmuş, istedadı  və qabiliyyəti çərçivəsində bu 

qiymətli xəzinənin gövhərlərindən bəhrələnmişdir.  

Məhcur Şirvani lirikasının bədii sənətkarlığının öyrənilməsi təkcə şairin 

fərdi yaradıcılığı üçün deyil, ümumən XVIII əsr Azərbaycan  ədəbiyyatının 

bədiyyat problemlərinin öyrənilməsi baxımından da əhəmiyyətlidir. Mahirə 

Quliyevanın da qeyd etdiyi kimi, “klassik ədəbiyyatın bədii-estetik dəyərinin 

daha bitkin mənzərəsini yaratmaq üçün ayrı-ayrı  sənətkarların yaradıcılığını 

bədiyyat baxımından təhlil etmək lazımdır” (3,22). Çünki hər hansı şairin poe-

ziyasında poetik rəngarəngliyin, təfəkkürün  ən yüksək zirvəsi olan obrazlar, 

məcazlar aləminin araşdırılması onun sənətkarlığından, yaradıcılığının məziy-

yətlərindən xəbər verməklə yanaşı, ümumilikdə dövrün ədəbi prosesinin 

səciyyəsi barədə aydın təsəvvür yaradır. 

 

ƏDƏBİYYAT 

1.

 



Araslı N. Nizaminin poetikası  (ədəbi qaynaqlar və  bədii təsvir vasitələri). Bakı: Elm, 

2004, 454 s. 

2.

 

 Dadaşzadə A. XVIII əsr Azərbaycan lirikası. Bakı: Elm, 1980, 228 s. 



3.

 

Quliyeva M.. Klassik şərq poetikası. Bakı: Yazıçı, 1991, 128 s. 



4.

 

Qabusnamə. Tərcümə edən, qeyd və şərhlərin müəllifi Rəhim Sultanov. Bakı: Şərq-Qərb, 



2006, 216 s. 

5.

 



Paşayev Mir Cəlal. Füzuli sənətkarlığı. Bakı: ADU, 1958, 276 s. 

6.

 



Əliyev R. Ədəbiyyat nəzəriyyəsi. Bakı: Mütərcim, 2008, 360 s. 

7.

 



Budaqova Z. Məcazlar sistemi // Azərbaycan bədii dilinin üslubiyyatı (oçerklər). Bakı: 

Elm, 1970. s. 113-139. 

 

КРАСОТА МЫСЛИ В ПОЭЗИИ МАХДЖУРА 

 

Т.К.БАДАЛОВА 

 

РЕЗЮМЕ 

 

Махджур Ширвани один из поэтов, живших и творивших в XVIII веке. Он, как и 

многие  представители  азербайджанской  поэзии  средневековья  был  прекрасно 

ознакомлен  с  традициями  Восточной  поэтики.  В  статье  исследуется  поэтическая  кра-

сочность  лирики  М.Ширвани,  а  также  утончаются  художественные  фигуры,  исполь-

зуемые поэтом. 

Художественность  и  образность  языка  поэта,  его  богатство  воображения  и 

метафорики,  его  умелость  использования  многообразными  оттенками  смысла  слова 

говорит об образном величии мышления и о широкой фантазии воображения поэта. 

Изучения художественного мастерства лирики М.Ширвани важно не столько для 

его  индивидуального  творчества,  сколько  необходимо  с  точки  зрения  исследования 

проблем художества азербайджанской литературы XVIII века. 



 

Ключевые  слова:  лирика,  классическая  поэзия,  тешбих,  слова  и  смысл, 

М.Ширвани 



 

64 



MEANING BEAUTIES OF THE MAHJUR POEM 

 

T.K.BADALOVA 

 

SUMMARY 

 

Mahjur Shirvany is one of the poets, who lived and created in the XVIII century. The 



article deals with dignities of the poetical figures used in M.Sirvani’s poetry.  

Mahjur Shirvany as one of the member of medieval Azerbaijani literature knew the 

poetic traditions well. The article investigates the poetical beauties of lirycal creativity of 

M.Shirvany, and researches his poetical figures. Poetry and figurativeness in M.Shirvani’s 

language, simile and metaphorical richness, ability of using different forms of the word are 

marked as the power of poetic idea and imaginative characteristics of this poet. 

Learning the poetic mastership of the lyrics by M. Shirvany is important for not only 

individual creation of this poet, but also for research of artistic problems in Azerbaijan in the 

literature in the XVIII century. 

 

Key words: lyrics, classical poetry, teshbih, a word and a meaning, M.Shirvani 

 

 



 

65 

Yüklə 482,87 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə