4 QloballaşMA, yoxsa qlobal siVİLİzasiYA?!



Yüklə 171,37 Kb.
tarix01.11.2017
ölçüsü171,37 Kb.
#7952



4-2. QLOBALLAŞMA,

YOXSA QLOBAL SİVİLİZASİYA?!

Son vaxtlar fəlsəfi və ictimai-siyasi fikirdə ən çox rast gəlinən anlayışlardan biri qloballaşmadır. Lakin təhlil göstərir ki, fəlsəfi kontekstdə bu anlayış heç bir yük daşımır. Belə ki, son dövrlərdə dünyanın coğrafi-siyasi xəritəsində ikiqütb­lü inkişafdan birqütblü inkişaf yoluna keçid tendensiyası mü­şa­hi­də olunursa, bu hal ancaq yaranmış konkret siyasi-iqtisadi situ­a­siyanı ifadə edir və hər hansı obyektiv-zəruri inkişaf qanu­na­uyğunluğunu əks etdirmir.

Fəlsəfə maddi dünyada olduğu kimi, ictimai-siyasi həyatda da konkret tarixi vəziyyətləri yox, insan-dünya münasibətlərinin zəruri mərhələlərini öyrənir. Bu zərurət isə ondan ibarətdir ki, ilk insan cəmiyyətləri yarandığı gündən bu günə qədər insanın əməli fəaliyyəti kiçik ictimai qruplar miqyasından başlayaraq daha böyük ictimai birlikləri və nəhayət, bütün bəşəriyyəti ehtiva edən genişmiqyaslı, qlobal ictimai proseslərin tərkib hissəsi kimi üzə çıxır. Yəni fərdi fəaliyyətlər ancaq ictimai fəaliyyət kontekstində məna kəsb edir.

Bu cür yanaşdıqda qloballaşmanın tarixi bəşər tarixi ilə üst-üstə düşür. Yəni, hər bir insan özünün həyat uğrunda, özünü və dünyanı dərk etmək, onları dəyişdirmək və dünyanı insana tabe etmək istiqamətindəki mücadiləsində gec-tez başqa insanlarla iş birliyi yaratmaq məcburiyyətində qalır və bu proses ta bütün bə­şə­riy­yəti əhatə edənə qədər genişlənməkdə davam edir. Ailə, tayfa, millət, milli dövlət bu inkişaf yolunda pillələrdir.

Lakin buna heç kim qloballaşma demir. Çünki bu proses fər­di insan mahiyyəti ilə ümumi insan mahiyyətinin eyniyyətin­dən irə­li gəlir və bir tendensiya kimi həmişə mövcud olmuşdur.

İndi qloballaşma adı altında baş verən proseslər əslində bir qütb­lü dünyanın mütləqləşdirilməsi və milli dövlətlərin vahid bay­raq altında sıraya düzülməsi, bir dilin başqa dilləri, bir siyasi ira­də­nin başqa siyasi iradələri, bir iqtisadi marağın başqa maraq­ları sı­xış­dırıb çıxarması ilə müşayiət olunur. Fəlsəfədə izlənən ümum­ictimai təşkilatlanma prosesi isə belə subyektiv meyllər föv­qün­dədir.

Kant tərəfindən irəli sürülən vahid planetar dövlət ideyası He­gelin ümumdünya-tarixi təfəkkür ideyası, K.Yaspersin «istiqa­mət­lənmiş zaman» təlimi və s. ictimai zəruri inkişaf tendensiyasnı ifa­də etməklə fərddən millətə, millətdən bəşəriyyətə gedən yolun qa­nu­nauyğunluqlarını, mahiyyətini izah edir. Bu yolun bir mən­təqəsi olan dövlət bir çox mütəfəkkirlər tərəfindən ictimai sazişin nəticəsi kimi izah olunmuşdur. Yəni, in­sanlar cəmiyyəti daha yaxşı idarə etmək üçün ictimai təşkilatlan­ma­nın optimal formalarını ax­tarır və müxtəlif ictimai-siyasi inki­şaf mərhələlərində həmin inki­şaf səviyyəsinə adekvat olan idarə­çi­lik formaları tapılır. Bu məntiqlə bütün bəşəriyyət miqyasındakı vahid idarəçilik sistemi də ictimai sazişin nəticəsi olmalıdır. Bir­ləş­miş Millətlər Təşkilatı, beynəlxalq hüquq normaları məhz bu mən­tiqdən doğmuşdur. Bu proses, əl­bəttə, qloballaşma adlan­dı­rıla bilərdi, lakin belə olma­mış­dır. İn­di qloballaşma adı ilə təqdim olu­nan tendensiya nəzərdən keçir­di­yi­miz bəşər tarixinin məntiqi dava­mı kimi ortaya çıxmır. Ona görə də bu iki proses fərqlən­di­ril­məlidir.

Əvvəlcə, aydınlaşdırmaq lazımdır ki, mahiyyəti etibarilə ümumbəşəriləşmə, ictimai qloballaşma olan real tarixi inkişaf prosesi, fərddən bəşəriyyətə gedən yol fəlsəfi ədəbiyyatda öz əksini hansı terminlərlə tapmışdır. – Şübhəsiz ki, ilk növbədə sivilizasiya ter­mi­ni ilə! Hətta sözün etimologiyasından da göründüyü kimi, söh­bət ictimailəşmədən, fərd müstəvisindən ictimai toplum, cə­miy­yət müstəvisinə keçiddən gedir. Və məhz sivilizasiya insan­la­rın birləşməsindən, birgə əməli fəaliyyətdən doğan yeni enerji po­ten­sialının daşıyıcısı olur. Yəni, toplumun gücü fərdlərin gücünün cə­mindən çox olur. Və fərdlər təbiətlə, dünya ilə qarşılıqlı mü­na­sibətində bu yeni güc potensialından istifadə etməyə başlayır.

Biz sonrakı paraqrafda sivilizasiyanın mahiyyətini daha geniş işıqlandırmağa çalışacağıq. İndi isə məqsədimiz bu ictimai-zəruri prosesin fəlsəfi mənada qloballaşma tendensiyasını ifadə etməsi və geopolitik kontekstdə ortaya çıxmış qeyri-fəlsəfi qloballaşma terminindən fərqini vurğulamaqdır.
İnsan özünü hələ dünyadan, təbiətdən ayırmadığı vaxtlarda o, bütöv idi. Özünü təbiətə qarşı qoyduqca, ayrıldıqca bu, bütövlükdə boş sahələr yaranmağa başladı. Və bu boşluq insanın zehni və əməli fəaliyyəti ilə əsrlər boyu damla-damla yeni məz­mun, yeni mahiyyətlə doldurulmuş oldu.

Dünyanı bir küll halında duyan, hiss edən insan onu rasio­nal düşüncə ilə anlamaq üçün həssələrə ayırdı. Bütöv dünya par­ça-parça oldu, hadisələr toplumuna çevrildi. İnsanın məni də par­ça­landı və yenidən parçalardan, hissələrdə rekonstruksiya olun­du. Pozulmuş intuitiv ahəngin yeni rasional ahənglə əvəzlənməsi üçün neçə-neçə minilliklər ərzində insanın rasional quruculuq fəaliyyəti lazım gəldi.

Rasionallaşma, dünyaya seyrci münasibət, dünyanın mənti­qi dərki insanı özündən ayırıb, bütövlüyündən məhrum edib, təbiətin, maddi dünyanın qoynuna atdı. Mifik dünya, əsrarəngiz dünya, poetik dünya buz kimi soyuq ağlın təmasından çatladı, hissələrinə ayrıldı. Və hissi idrakın tələblərinə uyğun olaraq insan miqyası ilə müqayisə olunacaq lokal tədqiqat sahələrinə ayrıldı. Bu sinkretik sahələr də öz növbəsində duyğu orqanlarının fiziki-fizioloji qavrama imkanlarına uyğun rakurslara bölündü.

Bu bölünmə hissi idrakın hökmü ilə həyata keçirildi. Yeni­dən bütövləşmək, ayrı-ayrı parçaları və rakursları vahid ortaq məx­rəcə gətirmək, hissələrin arxasında tamı görmək, hissi obraz­la­rın arxasında həqiqəti sezmək və nəhayət, haçandan haçana bü­töv­lük­də dünyanın elmi mənzərəsini yaratmaq uğrunda idrak mü­cadiləsi neçə min illər ərzində davam etdi. Lakin insan yenə də bütövləşə bilmədi.

Bir insanın rasional quruculuq fəaliyyətindəki məhdudluq, lokallıq bütövlüyün əldə olunması naminə daha çox insanın birgə fəaliyyətinin, daha doğrusu fəaliyyətlərinin birləşməsini tələb edir­di. Sivilizasiya bu missiyanı da öz üzərinə götürdü.

İnsanların intellektual fəaliyyətinin cəmiyyət miqyasında bir­ləşdirilməsi… Əməli fəaliyyət sahəsindəki səylərin birləşdiril­mə­si, əmək bölgüsü və bölünmüş əməli fəaliyyətlərin inteqrasi­ya­sı, birgə yaradıcıq səyləri ilə yaranan elmi nəzəriyyələr, kəşflər və onların tətbiqinin nəticəsi olan texniki qurğular, maşınlar, sex, manifak­tura, fabrik, zavod, avtomatlaşmış istehsal müəssisələri…

İnsan idrakı ilə bölünmüş təbiətin insan ideyaları əsasında yenidən birləşməsi və ikinci təbiətin yaranması. Bütün bu fəa­liy­yət­lərin, bütün bu intellektual yaradıcı proseslərin subyekti olan… insanmı? Yox, bəşəriyyət.

Bəli, ümumbəşərilik sivilizasiyanın mahiyytəindədir. Bəşə­riy­yət hələ özünü bir tam kimi tanımadığı dövrlərdən, qeyri-aşkar şəkildə ayrı-ayrı fərdlərin fəaliyyətinin arxasında dayanaraq mad­di istehsal prosesini, elmi-texniki tərəqqini, informatizasiyanı, bir sözlə, sivilizasiyanı yaradırdı.

Düzdür, bir çox hallarda bu böyük ictimai birlik, bu böyük ümumbəşəri qüvvə məhz planet miqyasına gəlib çatmamış, lokal və regional sivilizasiyalar mövcud olmuşdur. Lakin bizcə, onların da subyekti yarımçıq bəşəriyyətlər yox, məhz bəşəriyyət özüdür.

Bu gün bəşəriyyət özünü dərk etməyə lap yaxın ikən, min illər ərzində gedən proseslər öz məntiqi yekununa az qala çatır ikən ictimai-siyasi proseslərdə baş verən təbəddülatlar onun üçün təh­lükəyə çevrilmişdir. Sivilizasiyanın obyektiv zəruri gedişatı qlo­­ballaşma deyilən yandançıxma bir proseslə təhlükə altına alınmışdır.

Biz heç də müasir dövrdə qloballaşma adı altında gedən pro­sesin əleyhdarı kimi çıxış etmək fikrində deyilik. Sadəcə ola­raq, adın düzgün seçilməməsi, mahiyyətin təhrif olunması ucba­tın­dan həqiqi böyük qloballaşma prosesinin, yeni, ümumbəşəri sivi­li­zasiyanın arxa plana keçməsinin və nəzərdən düşməsinin əleyhi­nəyik.

Əlbəttə, ictimai hadisələrin miqyası böyükdükcə onları han­sı isə bir, bütöv ideyanın maddi təcəssümü kimi izah etmək çətin­lə­şir. Kiçik miqyaslı hadisələri sonradan müəyyən ideya istiqa­mə­tin­də düzmək və bütövlükdə tarixin məqsədini onun ayrı-ayrı parçala­rı­nın timsalında seyr etmək nisbətən asandır. Lakin bütöv ta­ri­xi pro­sesi sivilizasiya kontekstinə salmaq və intellektual tex­no­loji qu­ru­culuq prosesi ilə ictimai hadisələr, tarix səhnələri ara­sın­da əlaqə yaratmaq və bütün bunların vahid ideya əsasını müəy­yən etmək, əlbəttə, çətindir. Lakin bu, çox önəmlidir. Bəşə­riy­yət bundan sonra hara gedəcəyini dərk etmək üçün buna qədər han­sı ideya əsasında inkişaf etdiyini mütləq anlamalıdır.

Biz bütövlükdə bəşər tarixini bütün lokal sivilizasiyaları əha­tə edən bu geniş əhatəli prosesi məzmununa uyğun olaraq qlo­bal sivilizasiya adlandıracağıq. İdeya müəllifi və icraçısı bütöv­lük­də bəşəriyyət olan bu proses ayrı-ayrı fərdlərin və lokal ictimai qrup­ların, millətlərin, dövlətlərin neçə min illər ərzində göstərdik­ləri məqsədyönlü fəaliyyətlərin vektorial cəmi kimi ortaya çıxır.

Çağdaş mənada qloballaşma da, şübhəsiz, qlobal sivilizasi­ya­nın əhatə etdiyi müxtəlif yönümlü, müxtəlif çeşidli, müxtəlif ömür­lü proseslərdən biridir. Qlobal sivilizasiya qloballaşmadan fərq­li olaraq həmçinin qlobal problemləri də əhatə edir. Ekolo­gi­ya­nın ayrı-ayrı lokal problemlər çərçivəsində yox, bəşər tarixi kon­tekstində, insanın mahiyyəti kontekstində nəzərdən keçi­ril­məsi də məhz qlobal sivilizasiya çərçivəsində mümkün olur.


Məhz qlobal sivilizasiyanın bəşəriyyətin ideya təcəssümü ki­mi nəzərdən keçirilməsi yenidən insanın mahiyyəti probleminə, hə­ya­tın mənası probleminə və həqiqi böyük fəlsəfi problematika­ya qayıdışı da şərtləndirmiş olur.

Uzun bir dövr ərzində ayrı düşmüş mənəviyyatla texnogen cəmiyyət, mədəni-mənəvi dəyərlər sistemi ilə maddi-texniki sis­tem­lər, fərdi-mənəvi yaşantılarla ictimai-siyasi proseslər, adi insa­ni xoşbəxtliklə planetar vətəndaşlıq məsuliyyəti, nəhayət ki, eyni bir ortaq məxrəcə, eyni baxış müstəvisinə gətirilir. «Bəşəriy­yə­tin uşaqlıq çağı» olan antik dövrdə olduğu kimi yenidən mik­ro­kos­mun makrokosmla əks əlaqəyə girməsi, özünü rasional dünyada, süni təbiətdə itirmiş insanın yenidən özünü tapması…


* * *
Üçüncü minilliyin başlanğıcında dünyada gedən ictimai-siya­si və iqtisadi proseslər kontekstində ən çox nəzərə çarpan hadisə­lər­dən biri tarixi İpək Yoluna qayıdışdır. Bu gün neçə yüzillər və mi­nillər keçdikdən sonra bir vaxt­lar dünyanın iki qütbünü bir­ləş­dirən Böyük İpək Yolunun yenidən bərpası məsə­lə­si ortaya çıxır, Azərbay­can da yeni­dən Şərqlə Qərb arasında strateji körpü rolunu oynamağa başlayır.

Lakin nəyə görə məhz indi?

400 il keçdikdən sonra dünyada dəyişən nə olmuşdur? İpə­yə­mi yenidən ehtiyac yaranmışdır, karvanamı?

Karvan dövrü çoxdan keçmişdir. Onun çox güclü alter­na­tiv­lə­ri onu ticarət yollarından çoxdan sıxışdırıb çıxarmışdır və yeni nəq­liyyat vasitələri dünyanın ən ucqar qütblərini ən qısa müddətə birləşdirmək imkanı açmış­dır.

İpək də daha çoxdandır ki, Şərqi səciyyələndirmir. İpəyin də olduqca müxtəlif alternativləri meydana çıxıb. Elm və texnologi­ya inkişaf etdikcə çox müxtəlif çeşid­lərdə istehsal olunan sintetik par­ça­lar ipəyin həm zahiri, həm də fiziki xassələrini asanlıqla əvəz edir. Həm də bu sahədə Qərb Şərqi üstələyir. İndi dəvə də, karvan da, ipək də, köhnə geyimlər, dəblər də, adət-ənənələr də daha çox də­rəcədə ekzotikaya çevrilir. Onlar qərbliləri iqtisadi cəhətdən deyil, başlıca olaraq tarixi və etnoqrafik baxım­dan maraqlandırır. Bir çox Şərq ölkələri iqtisadi partnyor­luqdan çıxaraq istirahət və turizm diyarlarına çevrilir.

Lakin doğrudanmı Qoca Şərq müasir Qərb dünyasını ancaq tarixi ilə, keçmişi ilə, ekzotikliyi ilə cəlb edir? Və doğrudanmı daha Şərqin deməyə yeni sözü qalmamışdır?

Bəli, son əsrlərdə məhz belə bir tendensiya hiss olun­maqda idi. Çoxları elə düşünürdü ki, indi daha qədim tica­rət yollarını turist yolları əvəz edə bilər. Təyyarələr, çar­ter reysləri həqiqətən daha çox dərəcədə turistlərə xidmət edir. Onların yükləri də çox vaxt keçmişə söykənən suve­nirlərdən ibarət olur.

Qərbin Şərqə mara­ğı da­ha çox dərəcədə gəncliyin ağ-saã­qal­la görüşü, keçmişdən ib­rət dərsi almaq xarakteri da­şıyır. Təsa­dü­fi de­yil­dir ki, Şərq­lə Qərb arasındakı dia­loqun başlıca isti­qa­mət­lərindən bi­rini indi mədəniyyətlər arasındakı mübadilə təşkil edir.

Lakin son illərdə başqa meyl də getdikcə güclənməkdə­dir. Qə­dimdə ipək gedən yollarla indi neft və qaz nəql olunmağa başla­mışdır.

Yolların da rolu yenidən artmağa başlamışdır. Düzdür, Bö­yük imperiyalar dövrü artıq çoxdan keçmişdir. Amma böyük siya­sət­lər dövrü hələ keçməmişdir. Əksinə, indi siya­sətin rolu daha çox art­mağa başlamışdır. Əvvəllər qılın­cın dediyi sözləri də indi iq­ti­sadi mənafelərə əsaslanan siyasət deyir.

Tarixdən yaxşı məlumdur ki, müharibələr siyasətə müdaxilə edəndə siyasət gözəlliyini də itirir. Siyasi münasibətlərin öz labi­rint­ləri var və bu labi­rintdən ancaq böyük siyasətçi, bələd­çinin kö­məyi ilə çıxmaq mümkündür.

Lakin çox təəssüf ki, qaba qüvvət, müharibə taktikası ölkə­lər arasında incə siyasət körpüsünü dağıtmış, qarşı­lıqlı iddialar, hər­bi və siyasi qarşıdurmalar yaratmış­dır.

Bəşər tarixinə ilkin nəzər saldıqda çox vaxt ticarət də, iqtisa­diy­­yat da, elm və mə­dəniyyət də arxa plana keçir və ən çox gözə çar­pan müharibələr olur, böyük iddi­alı sərêərdələrin, şahların, kral­­ların böyük-böyük imperiyalar ya­ratmaq uğrundakı mübari­zələrdi...

Əgər müxtəlif ölkələr sər­vətlərinə görə eyni olsa idilər, bəlkə də bu qədər müharibələr olmazdı. Əgər dünya­nın bu başından o biri başına qədər yol keçən müxtəlif yüklü dəvə karvanları rahatca gedib-gələ bilsəydilər bey­nəlxalq münasibətlər tarixində də hərb və siyasət deyil, ti­carət ön yerdə durardı.

Ancaq tarixdə ipək yüklü dəvə karvanları ilə yanaşı həmişə əli qılınclı süvari dəstələri də olub. Qütbləri, diyar­ları birləşdirən sülh məramlı tacirlərlə, karvanba­şûlarla yanaşı ölkələr arasında sərhədlər çəkən, ticarət əlaqələ­rindən bac-xərac tələb edən sər­êər­də­lər, ulu xaqanlar da olub.

İqtisadiyyat, ticarət dünyanı birliyə, vəhdətə, rəyasət və siya­sət isə dönyanı parçalanmağa və hərənin öz ağalıq zona­sını yarat­ma­ğa sürükləyib.

Neçə-neçə imperiyaların ərazisindən və nüfuz dairə­sindən ke­çən qanlı-qadalı Böyük İpək Yolu da bütün çətin­liklərə bax­ma­ya­raq, min illər ərzində yaşamağa da­vam edib.

Ancaq XVI əsrdə nisbətən az xətərli olan böyük okean yol­la­rı kəşf olunduqdan sonra, Böyük İpək Yolu da nəfə­sini dərmək üçün bir qədər arxa plana keçib, karvanları okean gəmiləri əvəz edib.

Azərbaycanın müstəqil dövlət kimi yeritdiyi beynəlxalq iq­ti­sadi siyasət imkan verdi ki, daha kəsə və iqtisadi cəhətdən əlverişli ticarət yolu – ümumiyyətlə beynəlxalq əlaqələrin bütün sa­hə­­lərini əhatə edən yeni yollar salınsın. Məlum oldu ki, bu, vax­ti­lə min illər boyunca fəaliyyət göstərmiş İpək Yolu­nun yeni va­rian­tı ola bilər. Hələ o vaxt ən optimal yol İpək Yolu idi. Qədim İpək Yolunun prioritetliyi b.e.ə. III-II əsrlərdən başlayaraq XVI əsrə qədər davam etmişdi.

XV-XVI əsrlərdə bir tərəfdən imperiyalar arasında münasi­bət­lərin kəskinləşəməsilə əlaqədar olaraq, digər tərəf­dən Şərq ölkələ­rin­dən – Çindən, Hindistandan, Orta Asiyadan quru yolla aparı­lan məhsulların istehsal texno­lo­giyasının artıq neçə illər, əsr­lər ər­zin­də Qərb ölkələ­rində mənimsənilməsi sayəsində ticarətdə priori­tet­lər xeyli də­rə­cədə dəyişildi. Bəzən məh­sul­ların ixracı ilə paralel ola­raq ixtisaslı kadrlar və texnologiyalar ixrac olunurdu və ticarəti yerli istehsal əvəz edirdi. Ona görə də XVI əsrdən sonra müxtəlif səbəblər nəti­cəsində bir neçə əsr ərzində İpək Yolu fəa­liy­yətini da­yan­dırmış və ya məh­dudlaşdırmışdır. O vaxt bu yol da­ha çox dərə­cədə Cənubi Azərbaycan ərazisindən ke­çirdi və XVI əsrdən sonra Çindən gedən ipəyin məhdudlaşması nəticə­sin­də Azərbaycan ipəyi­nin Qərbə ixracı daha da genişləndi. XVII-XIX əsrlərdə Azər­bay­canda ipəkçilik, həm də Şərq ölkələri üçün ənənəvi olan bir sıra məhsulların ixracı da genişlə­nirdi. Yeni dövrdə Azərbaycan daha çox rol oynamağa baş­ladı.

Amma məhz Azərbaycanın müstəqillik əldə etməsi, bütün dünya ölkələrinə münasibətdə açıq iqtisadi siyasət yeritmək stra­te­giyasını seçməsi, Azərbaycanda ictimai-si­yasi sabitliyin yaran­ma­sı, Azərbaycanın iqtisadi cəhətdən ciddi partnyor kimi qiymət­lən­dirilməsi və təsdiq olunması – bütün bunlar elə bir perspektiv açdı ki, yenidən bərpa olunacaq ticarət yolunda Azərbaycan mərkəzi yer­lərdən bi­rini tutdu. Düzdür, analoji statusa Orta Asiya ölkələri də malikdir, onlar da müstəqil, baüımsız ölkələrdir, bö­yük xam­mal ehtiyatları var. Lakin Azərbaycan Asiya ilə Avra­siya arasında xüsusi strateji mövqe tutur. Azər­baycan həm Xəzər dənizi ilə birbaşa əlaqəsi olduğuna, Orta Asiya öl­kələrilə əlaqələr yaratmaq imkanlarına, həm də son illərdə vaqonların, böyük avtomobillərin, yük maşınlarının bərə ilə keçirilməsi asanlaşdığı­na görə mü­əyyən üstünlüklərə malikdir. Ən başlıcası isə Azərbay­canın və ona rəh­bər­lik edən şəxsiyyətin dünya nüfuzuna malik olması və onun si­ma­­sında iqtisadi əlaqələrin, bağlanan müqavilə­lə­rin etibarlılığı Qərb dünyasında bu yolun bərpa olunmasına həvə­si artırır və onu tə­minatlı edir. Eyni zamanda, Uzaq Şərq ölkə­lə­ri və ilk növbədə Ya­po­niya yeni açılan imkanı görür və ona görə də qədim İpək Yo­lu­nun bərpası ideyasından çı­xış edirlər. Böyük İpək Yolunun bər­pa­sı­na dair beynəlxalq konfransın res­publika­mız­da keçirilməsi Azər­baycanın yeni yaradılan bey­nəlxalq magis­tral­da aparıcı rol oyna­masını daha da möh­kəmləndirəcəkdir. Yeni bağlanan müqavilə­lərdə Azərbay­ca­nın strateji mövqeyi təs­bit olu­nur və çəkilən yeni yolların – avtomobil, dəniz, dəmir­yolu – hamısında Azər­baycanın xüsusi çəkisi yüksəkdir. Təsadüfi de­yil­dir ki, Prezident İlham Əliyev iqtisadiyyatın inkişafında yolun böyük rolunu xüsusi qeyd etmişdir: «Yol iqtisadiyyatın, iqtisadi inkişafın əsas amillərindən biridir. Əgər müasir infrastruktur, yol olmasa iqtisadiyyat inkişaf edə bilməz. Xüsusilə, regional iqtisadiyyat çox böyük çətinliklərlə üz­ləşə bilər. bizim məqsədi­miz isə ondan ibarətdir ki, Azərbay­canın hər bir bölgəsi, hər bir regionu sürətlə və hərtərəfli inkişaf etsin. Əlbəttə, bu məqsədə çatmaq üçün ilk növbədə müasir yollar olmalıdır.»1

Dəmir yollarının və yüksək keyfiyyətli avtomobil yollarının salınması XX əsrdə quru yolunu yeni­dən aktual­laşdırmışdır. Bu qayıdış sadəcə nəqliyyat növünün inkişafında tsiklikliyə, dövriliyə dəlalət etmir. Bu qayıdış ənənəvi vasitələrin yeni intellektual və texnoloji imkanlar sayəsində ikinci nəfəs əldə etməsindən xəbər verir.

Bundan əlavə, bu gün Avropa ölkələrinin Şərq dünya­sına marağı artmaqdadır. Bunu bir neçə səbəbdən izah etmək olar. Bi­rin­cisi, SSRİ imperiyasının dağılması ilə ideo­loji baryerin və ma­neə­lərin aradan götürülməsi; ikincisi, Orta Asiya respub­lika­la­rı­nın müstəqil dövlətlərə çevril­məsi; üçüncüsü, Çinlə münasibət­lə­rin yumşaldılması. Çünki ideoloji baryer olanda nə SSRİ daxilində olan Şərq ölkələri ilə, nə də Çinlə sərbəst ticarət əlaqələri yarat­maq mümkün deyildi.

Qərb-Şərq dəhlizinin, TRASEKA proqramının əsas məqsədləri kimi aşağıdakılar nəzərdə tutulmuşdur:

– alternativ nəqliyyat dəhlizləri vasitəsilə yeni yaran­mış müstəqil dövlətlərin Av­ropa bazarına çıxışına şərait yaratmaq və bu yolla onlara siyasi-iqtisadi dəstək vermək;

– müstəqil respublikalar arasında regional (məhəlli) əmək­daşlığa təkan vermək;

– TASİS - TRASEKA proqramının köməyi ilə Beynəlxalq ma­liyyə təşkilatlarının və özəl investorların cəlb edilməsini güclən­dirmək;

– TRASEKA marşrutunu Trans Avropa Şəbəkəsi ilə əlaqə­lən­dirmək.

Sözsüz ki, bu kimi iri həcmli layihələrin reallaşması və bö­yük kapital qoyuluşu istiqamətdə reğion döv­lət­lərindən cəsarətli ad­dım­lar atmasından tələ edirdi. Çox­ları gözləmə mövqei tut­du­ğu halda bütün çətinliklərə və təzyiqlərə baxmayaraq Heydər Əli­ye­vin məqsədyönlü siyasəti və ciddi səyləri uzun müddətə nəzərdə tutul­muş neft strategiyasının ilk mühüm addımı atıldı. “Əsrin kon­trak­tı” adını almış və Xəzərdə iri miqyaslı neft hasilatını nə­zər­də tutan bu müqavilə təkcə Azərbaycanın iqtisadiyyatının yox, həm də Azər­baycanın beynəlxalq siyasətinin əsl təntənəsi idi. Za­man keç­dik­cə o vaxt atıl­mış bu müdrik addımın əhəmiyyəti daha çox hiss olu­nur. Bu kontrakt həm də regionda bütün sonrakı neft layi­hə­lə­rinin reallaşmasına rəvac vermiş oldu.

XXI əsrdə dünyanın bir çox dövlətlərini vahid iqtisadi mə­kan­da birləşdirmək bu proqramın baş xəttini təşkil edir. 70 il xa­ri­ci dünyadan təcrid olunmuş Xəzər hövzəsi ölkələrinin milli iqti­sa­diyyatlarının qlobal təsər­rüfat sisteminə qoşulmasında dəmir və dəniz yolları, boru xəttləri və avtomobil magistralları müstəsna əhə­miyyətə malikdir.

Müasir dövrdə TRASEKA-nın Qərb-Şərq nəqliyyat inteq­ra­si­ya­sında rolu danılmazdır. Bu, milli nəqliyyat sistemlərinin Avropa, dünya nəqliyyat şəbəkələrinə qoşul­ması deməkdir.

İpək Yolu və Trans Avropa Şəbəkəsi beynəlxalq əhəmiyyətə malik reallıqdır. Bu şəbəkə beynəlxalq yükdaşımaların çox böyük hissəsinin həyata keçirilməsində həlledici rol oynayır. TRASEKA istər Avropa, istərsə də digər Qərb dövlətlərinin Şərqlə sıx iqtisadi əlaqələrinin qurulmasında əsas nəqliyyat sektorudur. Təsadüfi de­yil­dir ki, BMT-nin Avropa üçün iqtisadi məsələlər üzrə ko­mis­si­yası, eyni zamanda Asiya və Sakit okean rayonu üçün sosial-iq­ti­sadi məsələlər üzrə komissiyası məhz bu marşruta daha çox diqqət yetirir.

TRASEKA proqramı çərçivəsində yerinə yetirilən investisi­ya­lar, beynəlxalq yükdaşımalarının artması Qafqazda siyasi, geo­politik şəraitin formalaşmasına da birbaşa təsir göstərir. Bu bölgədə Avro­pa ekspertlərinin fəaliyyət göstərdiyi TRASEKA-nın Əlaqə­lən­dir­mə Qrupu təşkil olunmuşdur.

Şərq-Qərb, Şimal-Cənub yollarının kəsişməsində yerləşən Ba­kı şəhəri vahid Avropa-Asiya nəqliyyat sistemində iri nəqliyyat qov­şağı rolunu oynayır. TRASEKA proqramının həyata keçiril­mə­si Bakının nəqliyyat şəbəkəsinin bərpasında həlledici amilə çevrilir.

Əsas İxrac Boru Kəməri – Bakı-Tbilisi-Ceyhanın Xəzər nef­ti­nin dünya bazarla­rına ən səmərəli istiqamətdə çatdıran boru kəməridir.

Bu boru kəmərinin istismar müddəti 40 ildir (2004-2043). Yalnız bir boru kəmə­rindən asılılıq risk ehtimalını artırır. Çoxva­riant­lılıq neft ixrac edən ölkələrin fəaliyyət dairəsini genişləndirir. Ona görə də Azərbaycan neftin ixracı zamanı alternativ yollardan isti­fadə edəcək: neftin bir hissəsi şimal və qərb marşrutları ilə da­şı­nacaq. Lakin yenə də əsas rolu Bakı-Tbilisi-Ceyhan oynaya­caq­dır. 10-12 ildən sonra Azərbaycanda neft hasilatı ildə 50-60 mln. tona çatacaqdır ki, burada da Bakı-Tbilisi-Ceyhan boru kəməri olma­dan keçinmək mümkün deyildir.

Beləliklə, qısa müddət ərzində Azərbaycan Avropa və Asiya arasında körpüyə, mühüm iqtisadi mərkəzə çevrilmişdir. Ümid et­mək olar ki, səmərəli beynəlxalq iqtisadi əməkdaşlıq sahəsində əldə edil­miş uğurlar həm də bölgədə siyasi sabitliyin və mədəni inki­şa­fın rəhni ola bilər.

Lakin dünyanın vəhdəti deyil, bölüşdürülməsi ideyası hələ də üstünlük təşkil etdiyindən, hələ də bir sıra bölgə­lərdə hərb və siya­sət iqtisadi əlaqələrin, ticarətin, mədə­niyyətlərin dialoqunu üstə­ləyir. Ona görə də iqtisadi və mə­dəni-mənəvi əlaqələr diapo­zo­nu­nun daha da genişləndiril­məsinə böyük ehtiyac vardır. Bu ba­xım­dan, «Əsrin kontraktı» TRASEKA pro­qramı və İpək Yo­lu­nun bər­pası üçün göstərè­ëÿí böyük səylər estafetin iqtisadiyyata və mə­dəniyyətə ve­rilməsi naminə atılan ən ciddi addımlar hesab oluna bilər.

İndi planetimiz yeni böyük bir eranın başlanğıcında­dır. İndi bəşəriyyət imperiyalarsız və müharibələrsiz ya­şamaq praktikasını öyrənir... Elə bir praktikanı ki, yol­ları idarə edən ancaq iqtisadi prinsiplər olsun. İndi kon­kret coğrafi ərazilərlə sərhədlənmiş imperiyaları iqtisadi nüfuz dairələri əvəz edir. Və dünyada gedən proseslə­rèí mərkəzində vahid iqtisadi məkan yaratmaq uğrunda müba­rizə dayanır. Bununla belə, Ramiz Mehdiyevin haqlı ola­raq, qeyd etdiyi kimi, «qloballaşma heç də təkcə iqtisadi feno­men, fərdin həyat şəraitini yaxşılaşdırmaq və informasiyadan isti­fa­dənin və onun ötürülməsinin yeni yollarını yaratmaq demək deyildir. Qloballaşma cəmiyyət həyatının bütün sahələrini, o cümlədən sosial-siyasi aspektini əhatə edən çoxsəpkili prosesdir. O, milli sosial-iqtisadi qurumları vahid dünya iqtisadi və ictimai sistemi ilə qarşılıqlı surətdə bağlayan ümumdünya hadisəsidir».1

Şərq və Qərbin vəhdəti kontekstində siyasisələşmiş qloballaş­ma prosesinin əvəzinə, qlobal sivilizasiya ideyasının inkişaf etdirilməsi daha çox elmi əsaslara malikdir.



1 İlham Əliyev. Ələt-Qazıməmməd avtomobil yolunun təntənəli açılış mərasimində nitqi. – «İpək Yolu» jurnalı, 2004, №1, səh. 3.

1 Ramiz Mehdiyev. Azərbaycan qloballaşma dövründə: inkişaf strategiyası. «Azərbaycan» qəzeti, 26 may 2004-cü il.



Yüklə 171,37 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə