5 SİVİLİzasiya və CƏMİYYƏT



Yüklə 140,84 Kb.
tarix29.10.2017
ölçüsü140,84 Kb.
#7417



5-2. SİVİLİZASİYA VƏ CƏMİYYƏT

Bəşəriyyətin bütövləşməsindən böyük qüvvə alınması gözlənilir. Lakin bu qüvvənin həmişə idarə edilə biləcəyi sual altındadır.

Teyyar de ŞARDEN

Texnika inkişaf etdikcə və müasir kommunikasiya vasitələri yarandıqca, elə bil ki, dünya kiçilir.

Təkcə bir qəsəbə, bir şəhər daxilində deyil, həm də xalqlar və dövlətlər arasında əlaqələr artır, məsafələr azalır. Dəvə karvanları komfortabelli reaktiv təyyarələrlə əvəz olunduqca, insanların müx­tə­lif səbəblərdən yerdə­yişməsi çoxalır. Digər tərəfdən, peyk ötü­rü­cüləri ilə teleyayımların və internetin açdığı böyük imkanlar məsafə­ləri ümumiyyətlə aradan götürür. Nəticədə bəzən uzaq qitə­lərdə yaşa­yan adamlarla əlaqə və ünsiyyət ən yaxın qonşu ilə olduğundan çox olur.

Əlaqələrin artması müxtəlif siyasi rejimlərin, sosial quruluş for­malarının, həyat tərzlərinin, düşüncə üsullarının, mədəniy­yət­lə­rin, əxlaqların, dini dəyərlərin daha çox qarşılaşmasına və birbaşa təmaslara şərait yaradır. Müxtəlifliklərin əlaqələnməsi bir tərəfdən qarşılıqlı zən­gin­ləşmə üçün şərait yaradırsa, digər tərəfdən, qarşı­dur­manın artması yeni ziddiyyət və konflikt mənbələrinin yaran­ma­sı üçün də səbəb olur.

Bir sözlə, əlaqələr artdıqca təkcə hansı isə bir ölkənin sakini indi özünü bütövlükdə Yer planetinin sakini kimi hiss etmək is­tə­yir. Lakin hansı yolla; başqa xalqların dilini, mədəniyyətini, həyat tərzini mənimsəmək və onlara uyğunlaşmaq, yoxsa öz mədəni-mənəvi dəyərlərini bütün dünyaya yay­maqla? “Sivilizasiyaların toq­­quşması” ideyası da, “mədəniyyətlərin dialoqu” və “mədə­niy­yət­lərin plüralizmi” ideyası da bu suala cavab axta­rışında ortaya çı­xır. Lakin əvvəlcə dünyada bir-birindən köklü surətdə və ya önəm­­­­li dərəcədə fərqlənən hansı düşüncə üsullarının, həyat tərz­lə­ri­nin, mədəniyyətlərin olması və bunların əsas fərqləndirici xü­su­siy­yətləri öyrə­nilməlidir. Çünki hər bir xalqın, etnosun özünəməx­sus spesifik cəhətləri olsa da, daha böyük miqyasda eyniyyət mə­qamlarının olması bir neçə böyük sivilizasiyalardan və mədə­niy­yətlərdən danışmağa imkan verir.

Belə bölgülərdən biri də xeyli dərəcədə rəmzi səciyyə daşıyan Şərq və Qərb düşüncəsi, Şərq və Qərb sivilizasiyalarıdır. Milli və ya dini bölgülərdən fərqli olaraq, burada cəmiyyətin inkişaf sə­viy­yə­si və tutduğu inkişaf yolu mahiyyət göstəricisi kimi ön plana keçir.


Qərb sivilizasiyasını şərtləndirən, onun Şərqə nisbətən üstün­lü­yünü təmin edən mühüm cəhətlərdən biri fərd–cəmiyyət mü­na­sibətlərinin daha mükəmməl olması, cəmiyyətin daha op­timal təşkilatlanmasıdır. Şərqdə azadlığın hər kəsin öz arzu və istəyinə uyğun surətdə yaşamaq kimi anlamasına rəğmən, Qərbdə hər kəs özünü ilk növbədə cəmiyyətin bir üzvü kimi hiss etməklə, öz azadlığını da qərarlaşmış ictimai münasibətlər çərçivəsində tapır. Burada hər hansı bir şəxs mövcud qayda­lar­la razılaşmırsa, öz etirazını onları pozmaq, «qulaq ardına vur­maq» yolu ilə yox, bütövlükdə ictimai münasibətlərin dəyiş­diril­mə­si, onların əsasında duran ideyanın yeniləşməsi uğrunda mü­ba­rizə ilə ifadə edir.

Cəmiyyətin necə təşkilatlanması hər bir fərdin həyatına təsir edir. Lakin hər bir fərd ümumictimai miqyasda gedən proseslərin məğzini anlamaq, onlara düşünülmüş şəkildə müdaxilə etmək imkanına malik deyil. Ona görə də ən asan yol bu işi kimlərin isə öhdəsinə buraxaraq, ictimai axına kor-koranə surətdə qoşul­maq­dır. Lakin bu yol insanların azadlıq və xoşbəxtliyini nə dərəcədə təmin edir?

Hegelə görə azadlıq dərk olunmuş zərurətdir. Başqa sözlə, adi insanlar azad olmaq üçün mövcud cəmiyyətin qanunlarını, onların təməlində duran, onları zəruri edən prinsipləri mənimsə­mə­lidir. Şəxsi ideyalar, şəxsi fəaliyyət planları da ictimai zərurətlə uyğunlaşdırılmalıdır. Lakin elə şəxslər də olur ki, onlar ictimai zərurətin özünü, onun əsasında duran ideyanı dəyişmək yolunda mübarizə aparırlar. Bütün maddi təzahürlər kimi ictimai gerçəklik, qərarlaşmış ictimai münasibətlər sistemi də hansısa ideyanın təza­hü­rü olduğundan, ictimai həyatın hər hansı bir struktur səviyyə­sin­də­ki islahatlar da ilk öncə ideyalar iyerarxiyasının adekvat pillə­sində dəyişiklik olmasını tələb edir.

Hər bir şəxs öz fərdi həyatını yaşamaqla yanaşı, cəmiyyətin bir üzvü kimi böyük miqyaslı ictimai proseslərin də iştirakçısı olur. Əlbəttə, bu şans hamıya eyni dərəcədə verilmir. Kim isə ictimai hadisələrdə aparıcı rol oynayaraq bəşər tarixinə daxil olduğu halda minlərlə insan ictimai həyatda subyektdən daha çox bir obyekt olaraq iştirak edir və tarixdə heç bir iz qoymur. Bununla belə, min­lər, milyonlar olmasa, kütlə olmasa, ayrı-ayrı şəxslər nə qədər bö­yük düha sahibi olsalar da, cəmiyyəti inkişaf etdirə bilməzlər. Çünki cəmiyyət əhalinin şəxsiyyətlərlə, kütlənin ideya ilə sintezidir. Kim isə o zaman böyük şəxsiyyətə çevrilə bilər ki, onun qərarlaşmış ictimai şüurdan kənara çıxan, fərqli ideyası olsun və bu ideya təkcə keyfiyyətcə, sanbalca deyil, həm də məhz kəmiy­yət­cə, miqdarca böyük proseslərin hərəkətverici qüvvəsinə çevrilmək əzmində olsun.

Məhz ideya çoxlu miqdarda, müxtəlif istiqamətli hadisələrin eyni üstün istiqamət boyunca düzənlənməsinə, təşkilatlanmasına imkan yaradır. İdeya hadisələri canlandırır və yönəldir. Onun öz rolu istiqamətini özü seçə bilməyən yüklü zərrəciklər üçün sahənin oynadığı rola bənzəyir. Təsadüfi deyildir ki, K.Marks kütlələrin ideyaya yiyələnməsindən yox, ideyanın kütlələrə yiyələnməsindən bəhs edirdi.

Lakin ən gözəl, ən böyük ideya da özlüyündə hələ ictimai tərəqqi üçün kifayət deyildir. Bir növ pərakəndə, xaotik material olan kütlənin ideya yönümündə düzənlənməsi üçün xüsusi məq­səd­yönlü fəaliyyət tələb olunur. İdeyanın gerçəkləşməsi, real ictimai müs­təvidə təzahürü üçün görülməli olan işlər mahiyyət etibarı ilə nə ideya yaradıcılığı, nə də maddi bir hadisədir. Bu, əslində ideya­dan gerçəkliyə körpü atılması prosesidir. Bu, ideya ilə siyai ira­də­nin sintezi, cəmiyyətin fərqli ideya əsasında yenidən təşkilat­lan­masıdır.

Cəmiyyəti bir piramidaya bənzətsək onu təşkil edənlərin ək­sə­riyyəti alt müstəvidə yerləşəcəkdir. Yuxarı qatlardakı adamların sayı getdikcə azalacaqdır. Zirvəyə isə ancaq tək-tək adamlar çıxa bilər. Alt müstəvilərdə hadisələr, maddi həyat cərəyan edir. İdeya isə yuxarıdan aşağıya gəlir. Piramidanın zirvə nöqtəini ən yüksək ideya səviyyəsi kimi fərz etsək, burada ideya var, lakin maddi heç nə yoxdur. Hündürlük maksimal olsa da, oturacaq sıfra bərabər olduğundan, həcm də sıfırdır. Aşağıya doğru gəldikcə hündürlük azalır, oturacaq isə genişlənir.

Həyatın dibindən müəyyən ideya səviyyəsinə yalnız ayrı-ayrı şəxslər yüksələ bilir. Bu, insanın başqalarından fərqlənməsi, şəxsiy­yə­tin cəmiyyətdən ayrılması və onun fövqünə qalxması deməkdir. Burada hərəkətverici qüvvə intellektual yaradıcılıq və mədəni-mənəvi potensialdır. Sıxılmış yayın potensial enerjisi olduğu kimi mədəni-mənəvi və intellektual potensial da belədir. Mövcud ictimai münasibətlərin, real ictimai inkişaf səviyyəsinin məhdudlaşdırıcı baryeri bu enerjinin aktuallaşmasına imkan vermir; ta o vaxta qədər ki, sıxılmış ideya və iradi potensialın səviyyəsi bu baryeri keçməyə imkan versin.

Cəmiyyətin strukturu o zaman optimal sayılır ki, onu ideya səviyyəsinə görə piramidanın aşağısında yox, yuxarısında duranlar idarə etsin. Yəni, hökumət intellektual elitadan təşkil olunmuş olsun. Bu isə ilk yaxınlaşmada demokratiya prinsipləri ilə uzlaşmır.

Bir tərəfdən, demokratiya, xalqın özünüidarəsi ideyası çox cazibədar görünür. Digər tərəfdən, intellektual və mədəni-mənəvi inkişaf səviyyəsinə görə yüksəkdə duranların sayı həmişə az, orta və aşağı səviyyəlilərin sayı çox olur. Ona görə də, demokratiya müəyyən mənada aşağı səviyyəlilərin yüksəkdə duranları idarə etməsi kimi də başa düşülə bilər.

Halbuki, daha yaxşı cəmiyyət, yəqin ki, yüksəkdə duranların aşağıda duranları idarə etməsinə əsaslanmalıdır. Məhz bu cəhətə görə də Platon kimi görkəmli simalar hələ o vaxtlar demokratiyanın əleyhinə olub. Demokratiya əleyhdarlarının möv­qeyi buna əsaslanır ki, idarəetmə sistemində meyar azlıq və ya çoxluq deyil, dünyagörüşü və intellektin səviyyəsi, başqa sözlə, şüurun azlığı və ya çoxluğu olmalıdır. Tək adamın (monarxiya) və ya elitar bir qrupun (aristokratiya) hakimiyyəti ideyası belə yaranıb. Şərqdə geniş yayılan ədalətli şah ideyası da bu qəbil­dəndir.

Lakin çoxluq ara-sıra öz sözünü həmişə deyib. Aşağılar hərəkətə gəlib. Üsyanlar olub. Çevrilişlər olub. Kütlə gücünü gös­tə­rib. El gücü – sel gücü. Amma unudulub ki, sel tənzim olun­ma­dıq­da onun gücü ancaq dağıtmağa yönəlir.

İstiqamətlənməmiş, təşkilatlanmamış ictimai güc də hər cür kobud qüvvə kimi, sel kimi dağıdıcı olur. Sel cəmiyyətin arxitek­to­ni­kasını dağıdıb, neçə-neçə əsrlər ərzində ixtisaslaşmış, struk­tur­laşmış cəmiyyətin nailiyyətlərini xeyli dərəcədə yuyub aparıb. (Mark­sizmin tənqid etdiyi təbəqələşmə də əslində strukturlaş­ma­nın, deməli, sivilizasiyanın əlamətlərindən biridir). Düzdür, bu so­sial selə, bu ictimai hərəkatlara da əslində həmişə azların nüma­yəndəsi başçılıq edib. (Əslində, demokratiya o zaman faydalı ola bilər ki, o, bütövlükdə kütləyə deyil, elitaya tətbiq olunmuş olsun, lakin elita daxilində azlıqda qalan tərəf bəzən bu mənada məqbul olmayan metoda əl atır və öz mövqeyini kütlənin köməyilə həyata keçirməyə çalışır. Elitadaxili mübarizə ideyaların mübarizəsindən daha çox kütləyə təsir etmək və onu yönəltmək uğrunda müba­ri­zəyə çevrilir).

«Şəxsiyyət və kütlə», «Şəxsiyyət və cəmiyyət», «Fərd və top­lum» müna­si­bətlərinə olduqca müxtəlif mövqelərdən yanaşmaq müm­kündür. Problem nəzəri-fəlsəfi müstəviyə keçməzdən əvvəl xalq arasında da ona müəyyən münasibət formalaşmışdır. Kiminsə küt­lədən, camaatdan, xalqdan ayrılmasına, toplumdan ya yu­xa­rı­da, ya da aşağıda dayanmasına, ya müsbət, ya da mənfi isti­qa­mət­də seçilməsinə çox vaxt pis baxılmışdır. «Palaza bürün, elnən sü­rün!», «Şəhərə girdin hamı gözü xıpıq, sən də ol gözü xıpıq!» ifa­də­ləri hamıdan biri olmaq, seçilməmək, fərqlənməmək mövqeyini ifa­də edir. Halbuki, fərq olmadıqda inkişaf da ola bilməz. Kimsə irə­li çıxmalıdır, kimsə sürünənlərə şahin zirvəsindən baxmalıdır, kim­sə ürəyinin atəşi ilə qaranlıq meşədə azanların yoluna işıq sal­ma­lıdır, - əks təqdirdə cəmiyyətdə inkişaf ola bilməz.

İctimai tərəqinin hərəkətverici qüvvəsi məhz fərqlənənlərin qalxdığı yüksəkliyin potensial enerjisi ilə ölçülür. Bu fərqdən do­ğan ziddiyyət kütlənin xeyrinə həll olunanda şəxsiyyətlər tərki-dün­ya olur və onları tənhalığın faciəsi gözləyir. Şəxsiyyətin qələbə­si isə cəmiyyətin sosial ideala doğru hərəkətə gətirilə bilməsindən asılıdır.

İnkişafın dialektikası belədir. Eyni səviyyədə olanlar, tama­mi­lə identik olanlar bir-birini inkişaf etdirə bilməzlər. İnkişaf fərq­dən yaranır. Əgər yüzlərlə, minlərlə insanın içərisində bircə nəfər də «standart»dan kənara çıxa bilsə, yeni ideya verə bilsə hamının bu ideyaya yiyələnməsi, səviyyəcə yüksəlməsi və deməli, ictimai in­ki­şaf səviyyəsinin də yüksəlməsi şansı yaranır. Yəni bütövlükdə ic­ti­mai inkişaf əksəriyyətin deyil, tək-tək adamların, liderlərin səviy­yə­si ilə ictimai baryer arasındakı nisbətdən asılı olur. Bütövlükdə cəmiy­yətin səviyyəsinin qalxması üçün onun bütün üzvlərinin mü­va­fiq səviyyəyə qalxmasına ehtiyac yoxdur. Müəyyən çətin prob­lemi həll etmək üçün bir adamın yüksək səviyyəsi kifayət edə bilər. Çətini yerdə qalanların ona inam bəsləməsidir. Vay o gündən ki, kütlə öz içərisindən çıxmış böyüklərin və kiçiklərin yerini dəyişik salsın və mənfi istiqamətdə seçilənlərin dalınca getsin. (Burada ye­nə də təqsir kütlənin yox, şəxsiyyətin üzərinə düşür).

Beləliklə, cəmiyyəti inkişaf etdirən şəxsiyyətlərdir. Şəxsiyyət­lər yeni ideyalarına görə seçilirlər. İctimai inkişaf isə ideyaların kütlələrə yiyələnməsi hesabına həyata keçir.

Sivilizasiya əslində ictimai tərəqqi anlayışına adekvatdır. İcti­mai tərəqqi isə cəmiyyətin təşkilatlanma dərəcəsindən, ideyalarla kütlələr (maddi-ictimai potensial) arasında koordinasiyanın effek­tiv­liyin­dən asılıdır.

Cəmiyyəti insanlar toplusundan mütəşəkkil bir sistemə çevi­rən əmək bölgüsüdür. Sivilizasiyanın da əsasında məhz əmək böl­gü­sü dayanır.

* * *
Yaşadığı müddət ərzində insan bütün ideyalarının reallaşma­sı­na nail ola bilərmi? Axı, bir ömür üçün nəzərdə tutulmuş qısa müddətli hadisələrlə yanaşı ömrə sığmayan uzun müddətli hadi­sə­lər də vardır (hadisənin müddəti dedikdə ideyadan onun tam real­laş­masına qədər tələb olunan zaman nəzərdə tutulur. İnsan ömrü özü də bir hadisədir. Hər bir insanın ömrü gen və tale ilə müəy­yən­ləş­dirilmiş ideyalar kompleksinin reallaşması və tükənməsi pro­se­si­dir). İdeyası, təməli insan üçün kənar olan hadisələrdən fərqli ola­raq insanın öz ideyalarının gerçəkləşdirilməsi doğma hadisələrdir. Və insan ömrünün hissə­lə­ridir. Bir az nasiranə dillə desək, həyat plan­lardan və onların reallaşmasından ibarətdir. Bəs yarımçıq qa­lan planların həyata keçirilməsi məsuliyyəti kimin üzərinə düşür? Kiminsə yarımçıq qalmış planlarını övladımı həyata keçirməlidir? Yəni ideyanın maddiləşməsi proseslərindəki varislik, əgər bu müm­kündürsə, genetik-bioloji varislikləmi əlaqədardır? Yoxsa an­caq ailə-məişət, xüsusi mül­kiyyət sahəsindəmi bu varisliklər adek­vat olurlar? Bəs elm, sənət sahəsindəki yaradıcı fikirlər, yarımçıq qal­mış ideyalar hansı övlad tərəfindən davam et­di­ril­məlidir? İqti­sa­di quruculuq, dövlət quruculuğu sahələrində geopolitik stra­te­gi­ya­lar, ümummilli mədəni-mənəvi amallar, ümumbəşəri sosial ideal­lar kimin tərəfindən davam etdirilməlidir?

Təsadüfi deyil ki, elm adamları da, sənət adamları da öz sağ­lı­ğında davam­çılar hazırlamaq, öz məktəblərini yaratmaq haq­qın­da da düşünürlər. Bununla da öz fərdi cismani həyatları başa çatsa da onların ideyaları davamçıların şəxsində yaşayır. Beləliklə, insan ömrünə verdiyimiz tərif mövqeyindən yanaşdıqda onla­rın həqiqi ömrü davam etdirilmiş olur. İnsan daha böyük müddətli hadi­sə­lə­rə, proseslərə qatılaraq öz həyatını daha böyük miqyaslı ictimai pro­seslərin tər­kibində yaşada bilər. Əslində insanların əksəriyyəti bu və ya digər ictimai proseslərə daxil olduğundan onların cismani ömrü ilə real həyatı arasında fərq həmişə olur. Lakin ölməzlik qa­za­nanlar ideya müəllifləridir. Başqasının ideya­sının ictimai rea­li­za­si­yası prosesinə qatılaraq real ictimai həyatın uzadılması bir şey­dir, sənin ideyanın ictimai prosesə çevrilərək yaşaması başqa şey­dir. Bu artıq sosial-mənəvi sferada ölməzlikdir.
Cəmiyyəti çox vaxt müəyyən zaman kəsiyində, müəyyən dövr­də insanların ittifaqı, sazişi, birgə fəaliyyəti kimi və ya yenə də müəy­yən zaman kəsiyində insan­lar arasında qərarlaşmış mü­na­si­bət­lər sistemi kimi başa düşürlər. Lakin bizcə bu cür başa düşülən cə­miyyət cansızlaşmış, maddiləşdirilmiş bir prosesdir. Əslində cə­miy­yət onu təşkil edən insanların canından, qanından, beynindən, ürə­yindən, fikrindən, hissiyyatından fərqli olaraq özünün iqtisadi və siyasi həyatı, enerji dövranı, informaiya mübadiləsi sistemi, ideologiyası, fikri, hissiyyatı olan canlı bir orqanizmdir. Daha doğrusu, bütövlük naminə belə olmalıdır. Cəmiyyətin həyatı da ümu­mi, yekun ideyaların müxtəlif istiqamətlərdəki realizasiya pro­ses­­lərinə uyğun olaraq insan ömrünə bənzəyir. Əks təqdirdə biz bü­töv cəmiyyət əvəzinə ayrı-ayrı şəxsi həyatların, vahid istiqa­mət­də yönəldilməyən ayrı-ayrı hadi­sə­lərin (ideya-reallıq keçidləri) sa­də­cə toplusu və ya ən yaxşı halda eklektik sistemi ilə rastlaşacayıq.

Bir insanın vahid əqidəsi, həyat məramı olmadıqda, o çoxlu sayda müx­təlif, bəzən bir-birinə zidd istəklərin reallaşması dalınca qaçdıqda onun şəxsi həyatı da təsadüflərdən asılı vəziyyətə düşür. Cəmiyyətin də vahid konseptual ideyası olmadıqda onu təşkil edən ayrı-ayrı adamların ideyalar toplusu ancaq bir xaos və qarşıdur­ma­lar yarada bilər.

Sual olunur ki, cəmiyyət daha böyük insanlar toplusunu əha­tə etdikcə onun inkişaf potensialı artır, yoxsa azalır?

Hər bir adamın müəyyən bilik və bacarıqları vardır. Əgər bun­lar toplana bilsəydi, böyük toplumun imkanları daha böyük olardı. Lakin elə hər şey də bu toplama qaydasının səmərəlili­yin­dən asılıdır. Cəmiyyətlər bir-birindən təşkilat­lan­ma dərəcəsi ilə və fərdi impulsların toplanma mexanizmi ilə seçilirlər. Məsələ bura­sın­dadır ki, insanların əməli fəaliyyətinin faydalılıq dərəcəsi skal­yar yox, vektorial kəmiyyətdir. Biz bu kəmiyyəti şərti olaraq fərdi fəa­liyyət impulsu adlandıra bilərik. Burada ideyadan başlayaraq bilik və bacarıqlar vasitəsilə son nəticənin əldə olunmasına qədərki bütün fəaliyyət prosesi əhatə olunur. Bu hadisə ona görə vektorial kəmiyyətlə ölçülür ki, müxtəlif fərdlərin fəaliyyətləri heç də bir-birinin davamı kimi, eyni istiqamətdəki proseslər kimi ortaya çıx­mır və onları sadəcə olaraq toplamaq mümkün deyildir. Burada vek­torial kəmiyyətlərin top­lan­ma qaydası tətbiq olunur. Fərdi im­puls­ların yönəlmə bucağından asılı olaraq yekun impuls sıfır da ola bilər. Hər halda vektorial cəm həmişə skalyar cəmdən (mütləq qiymətlərin məcmuyundan) kiçik olur. Yekun göstəricinin sıfır ilə mütləq cəm arasında hansı mövqeyə uyğun gəlməsi məhz cəmiy­­tin təşkilatlanma dərəcəsindən asılıdır.

Göründüyü kimi, fiziki enerjinin, əməli fəaliyyətlərin toplan­ma qaydası vektorial cəm prinsipinə uyğundur. Lakin əqli enerji baş­qa prinsiplə toplanır. Məsə­lən, biliklərin toplanması ortaq, tək­rar­lanan hissənin çıxarılması yolu ilə həyata keçir. Biliyin tək­rar­lan­ması ilə yekun bilik artmır. İkinci fərdi bilik birinci fərdi biliyə nis­bətən məhduddursa və ya bərabərdirsə, onun əlavə olunması ye­kun biliyi artırmır.

Əqli qabiliyyətlərin toplanması da başqa prinsiplə həyata ke­çir. Burada çoxluğun bütün hədlərinin cəmi bu çoxluğa daxil olan ən böyük həddin mütləq qiymətinə bərabərdir. Yəni bir qrup ada­mın yekun ağlı bu qrupdakı ən ağıllı adamın səviyyəsi ilə ölçülür. Bu halda cəm toplananların içərisində ən böyüyünün mütləq qiy­mə­tinə bərabər olur.


Riyaziyyatda belə bir prinsip var: toplananların yerini dəyiş­dik­də cəm dəyişmir. Lakin real həyatda bu belə deyildir. Top­la­nan­ların yerini ya məkanca, ya zamanca dəyişdikdə nəticə fərqli ola bilər.

Cəmiyyətdə insanların hansı ardıcıllıqla düzlənməsi sadəcə həndəsi mənada başa düşülmür. Burada ən əsas məsələ hər kəsin öz yerində olmasını təmin etməkdir. Belə ki, cəmiyyətin mükəm­məl bir mexanizm kimi işləməsi üçün insanların müxtəlifliyindən istifadə olunmalıdır. Bütün üzvləri eyni olan cəmiyyət inkişaf edə bilməz. Hamının bilik və vərdişləri, bacarıqları eyni olduqda əmək bölgüsü prinsipi optimal surətdə həyata keçirilə bilməz. Halbuki, inkişaf ancaq müxtəlifliyin vəhdətindən doğa bilər.

Sivilizasiya üçün iki hərəkətverici qüvvə var. Birincisi, hər bir insanın bilik və bacarıqlarının artırılmasıdır ki, bu da insan imkan­la­rının təbii məhdudluğu üzündən müəyyən bir hüdudu aşa bil­məz. Eyni biliklərə malik insanların toplan­masından isə yeni bi­lik­lər hasil ola bilməz. İkinci mənbə müxtəlif istiqamətlərdə ixtisas­la­şan insanların məqsədyönlü kombinasiyasından böyük miqyaslı, güc­lü ictimai mexanizmlərin hazırlamasıdır. Birinci istiqamət fərd­lə­rin inkişafına və ka­mil­ləşməsinə, ikinci istiqamət isə cəmiyyətin inkişa­fına və kamil­ləşməsinə yö­nəldilmişdir. Birinci istiqamət Şərq üçün, ikinci istiqamət isə Qərb üçün daha səciyyəvidir.

Lakin indi Qərbdə paradiqmanın dəyişməsi prosesi gedir. Meyarlar özgə­ləşir, struktur yerdəyişmələri baş verir. Qərbdə elə bir inkişaf səviyyəsi yetişib ki, cəmiyyətdə, demək olar ki, hamı sa­vad­lı, yüksək təhsilli, siyasətə qoşulmaq iqti­darında olan adam­lar­dır. Burada elita orta təbəqədən az fərqlənir. («Fəhlə aris­tokra­ti­ya­sı» ideyaları və s.) Kütlə anlayışına səviyyəcə uyğun gələn aşağı tə­bəqə (cəmiyyətin tör-töküntüsü) isə əslində azlıqda qalır.

Siyasi elita, hakimiyyətdə, yoxsa müxalifətdə olmasından asılı ol­mayaraq böyük əksəriyyətlə, xalq küt­ləsi ilə bir növ qaynayıb-qa­rı­şır. (Səviyyəcə sərt keçid yoxdur, xarizma müm­kün deyil.) Əvvəlki modelə görə, piramidanın zirvəsində durmalı olan­lar əksəriyyəti təşkil etdiyindən piramida sanki tərsinə çevrilmiş olur. Azlıqda qalan təbə­qə, sosial tör-töküntü, «normalardan» kə­nara çıxanlar diqqət mərkə­zin­də olur və cəmiyyətin onlara xüsusi münasibəti, hətta qayğısı for­ma­laşır. Cəmiyyət özünü unudub (öz problemləri artıq həllini tapıb de­yə), azlıqların (etnik, ya seksual azlıq, narkomanlar, AİDS-ə tutu­lan­lar və s.) dərdini çəkməyə və onlara qayğı göstərməyə, onlar üçün hü­quqi baza yaratmağa başlayır.

Dayanıqlılığın təbii prinsipinə görə, sistem geniş oturacağa söykənir və azlıq həmişə üstə çıxır. Ona görə də, piramida çevril­mək məcburiyyətində qalır. Bu hal müasir Qərb cəmiyyətində mü­şa­hidə olunmaqdadır. Piramida təbiət qanunlarına uyğun olaraq çev­rilsə də, cəmiyyətə tətbiq halında bu, əslində tərsinə çevrilşdir. (Sağlam şüur baxımından hansı model daha yolveriləndir: cəmiy­yə­tin bütün ağırlığını hiss edən azlıqlar, yoxsa azlıqları başına min­di­rən cəmiyyət?)

Bizcə, Qərbin süqutu ideyasının əsasında həm də bu cür anormal vəziyyəti şərtləndirən sosial gerçəklik dayanır.

Çoxluq ənənəvi olaraq azlığı öz başı üzərinə qaldırıb və bu Qərbdə yeni ənənənin təməlini qoyur. Son dövrlərdə Qərbdə formalaşan yeni dəyərlər sis­te­mində insan haqlarını qorumaq adı altında azlıqların haqları ön plana çıxır. Qərb ölkələri üçün bu, bəl­kə də anlaşılandır. Lakin onlar bu yeni paradiqmanın tələb­lə­ri­nə uyğun olaraq bizim ölkədə də məhz həmin azlıqları axtarıb tap­maq, onların xüsusi statusunu müəyyənləşdirmək tələbi ilə çıxış edir­lər. Halbuki, bizdə hələ intellektual elitanın özü azlıqdır və cə­miy­yət ona qayğı ilə yanaşmaq üçün xüsusi baza yaratmadığı hal­da, Qərbdəki azlıqların analoqunu axtarıb tapmaq və qayğı ilə əha­tə etmək məcburiyyətində qalır.





Yüklə 140,84 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə