6 kant fəLSƏFƏSİ «İŞraq» İŞIĞinda



Yüklə 89,59 Kb.
tarix05.10.2017
ölçüsü89,59 Kb.
#3122


6-2. KANT FƏLSƏFƏSİ «İŞRAQ» İŞIĞINDA

Kantın vəfatından 200 il keçməsinə baxmayaraq onun fəl­sə­fə­də «Kopernik çevrilişi» kimi dəyərləndirilən bir çox ideyaları ət­ra­fında mübahisələr hələ də səngimək bilmir. Onun idrak nə­zə­riy­yəsi xeyli dərəcədə mənimsənilsə də, istər aprior biliklərin mən­şəyi, istərsə də «özlüyündə şey»in hissi obrazdan fərqli mə­qam­larının qaranlıq qalması bu təlimin birqiymətli şərhinə imkan vermir. La­kin ən böyük çətinlik ontoloji aspektdədir. Əvvəlki fəlsəfi təlim­lər­də ya ideyanın – ya maddi dünyanın, ya Allahın iradəsinin – ya da, in­san hissi təcrübəsinin ön plana çəkilməsi, idrak prosesində duy­ğu­lara, yoxsa təfəkkürə üstünlük verilməsi birmənalı şəkildə həll olun­duğundan hər şey aydın idi. Düzdür, mövqelər müxtəlif idi və bəzən bir-biri ilə ziddiyyət təşkil edirdi, lakin hər bir təlimdə nəyin substansiya kimi götürülməsi, nəyin ilkin, nəyin törəmə olması aydın olduğundan mübahisələrə əsas qalmırdı. Hətta Platon tə­li­min­dən xeyli üzaqlaşaraq nə ardıcıl idealist, nə də ardıcıl ma­te­ria­list mövqe tutmayan Aristotel istər qnoseoloji, istərsə də on­toloji as­pektlərdə Kanta nəzərən daha aydın mövqe tutur. Aristotelin hissi dünyanın obyektiv möv­cudluğunu qəbul etməsi şübhə doğur­mur. Burada ideya nəinki müstəqil substansiya kimi götürülmür, hət­ta «forma» ilə eyni­ləşdirilərək maddi dünyanın cisim və ha­di­sə­lə­rinin mövcudluq üsulu kimi təqdim edilir. Duyğu üzvləri va­si­tə­si­­lə dərk edilən cisim və hadisələr də, sonradan ümu­mi­ləşdirilib əq­­li fəaliyyətin əsasını təşkil edən məntiq prinsipləri də əs­lində mad­di real proseslərdən intixab edilir.

Kantda isə müstəqil varlığı inkar olunmayan «özlüyündə şey»in idrak prosesində rolu əsas deyil, yardımçı xarakter daşıyır. İdrak ancaq maddi dünyadan yox, həm də fikir dünyasının özündən qidalanır. Özü də bu ikiləşmə sadəcə bir dualizm deyil; yəni bu təlim həm maddi, həm ideal başlanğıcın eyni tərtibli qoşa substansiya kimi dəyərləndirilməsi üçün əsas vermir.

Kant təlimi sinkretik xarakter daşıyır. Bu təlim, bir tərəfdən, R.Dekart, B.Spinoza, Leybnis xəttinə uyğun olaraq fikri, düşün­cəni əsas tutan rasionalist ənənəni saxlamaq təşəbbüsü göstərilsə də, digər tərəfdən, F.Bekon və Con Lokk tərəfindən inkişaf etdiri­lən ingilis empirizminin, hətta bu ənənənin idealist variantı olan Berkli sensualizminin aşkar və qeyri-aşkar təsiri duyulmaqdadır. Kantın davamçılarının ona bir-birindən fərqli, hətta bəzən bir-bi­ri­nə zidd şərhlər verməsi onların məsələyə hansı fəlsəfi ənənə möv­qe­yin­dən yaxınlaşması ilə bağlıdır. Kant təliminin rasiona­lizm, em­pi­rizm, aqnostisizm, yoxsa hətta subyektiv idealizm təmə­lin­də izah olun­ması cəhdləri yeni kantçılığın rəngarəngliyini şərt­lən­dirən əsas sə­bəbdir. Əslində isə Kant fəlsəfəsi, bu ənənəvi təlim­lər­dən heç bi­ri­nin kontekstində öz izahını tapa bilmir, çünki bu fəlsəfə yeni ma­hiy­yətli bir fəlsəfədir.

Əslində bu yenilik Qərb düşüncəsi üçün yenilikdir. Şərqdə, orta əsr islam fəlsəfəsində Kantdan altı əsr əvvəl sinkretik fəlsəfi təlim üçün təməl yaranmışdır və bu istiqamətdə ilk addımı böyük Azərbaycan filosofu Şihabəddin Yəhya Sührəvərdi atmışdır.

Mənəvi və maddi, təfəkkür və təbiət qütbləşməsindən Allah, insan, təbiət üçlüyünün daxili münasibətlər sisteminə keçid bu sinkretizmi şərtləndirən başlıca səbəb idi. İnsan kənara çəkildikdə, dünyanı kənardan müşahidə etdikdə, dünya, doğrudan da, qütblər arasında münasibət prizmasından görünür. İnsan özünü bu münasibətlərə daxil etdikdə ya ənənələrə uyğun olaraq bu qütb­lər­dən birində əriməli, ya da dünyanın yeni izahı verilməlidir. İnsanın tə­biətin bir hissəsi kimi, canlı varlıq kimi, cismani varlıq kimi qə­bul edilməsi, hətta ən vulqar materializm belə, son nəticədə Allah tərəfindən xəlq edilmiş dünyanın məhz ikiqütblü izahına gətirib çıxarır. Digər tərəfdən, insanın Allah ideyasında əridilməsi ancaq ideal-mənəvi varlıq kimi, «mən» kimi və ya emosional-mə­nə­vi aləm, hissi yaşantılar arenası kimi götürülməsi də istər-is­tə­məz ya ideyaların kölgəsi şəklində, ya virtual aləm şəklində, ya qeyri-mən şəklində və s. və s. digər qütbün də nəzərdə tutulmasını vacib edir.

Lakin insanın bir ayağı du dünyada, bir ayağı o dünyada götürüldükdə, o, bir tərəfdən, cismani varlıq, digər tərəfdən, ideya-mənəvi varlıq kimi, əksliklərin vəhdəti kimi, mürəkkəb sinkretik varlıq kimi götürüldükdə ənənəvi ontologiyadan kənara çıxmaq zərurəti yaranır. Daha doğrusu, burada da insanı iki hissəyə ayı­rıb, birini (bədən) maddi dünyaya, digərini (əql, mənəviyyat) ideya dün­yasına qatmaqla yenə də ənənəvi qütbləşmənin daha bir va­rian­tını almaq mümkündür. Lakin insanı bu cür iki yerə böl­mə­dik­də, onu bütöv müstəqil varlıq kimi götürdükdə, dünya iki­qütblü yox, üçqütblü olur. Bu isə ənənəvi düşüncə, ilk növbədə həndəsi-məntiqi ənənə baxımından absurddur. Daha doğrusu, bir­ölçülü fəza üçün absurddur. Belə ki, bir xəttin üç yox,iki qütbü, iki kə­nar halı ola bilər. İki və üçölçülü fəzada isə çoxqütblülük normal haldır. Deməli, fəlsəfədə sinkretik təlimlərə keçid müəyyən mənada birölçülü fəzadan çoxölçülü fəzalara keçidi xatırladır.

Ənənəvi varlıqlardan imtina edərək ancaq insanın substan­si­ya kimi götürülməsi – solipsizm tipli bəsit cərəyanlarla yanaşı Al­lah–insan–təbiət üçlüyünün yeni kombinasi­ya­la­rını arayıb tap­maq vəzifəsi bir sıra müasir fəlsəfi cərəyanların mərkəzi məsələsidir.

Kant təlimində maddi varlıq, şeylər dünyası insan idrakının əsas mənbəyi olmasa da, daha doğrusu, bu dünyadan aldığımız in­for­masiya əsl həqiqəti ifadə etməsə də, hər halda onun müstəqil var­lığı və idrak prosesində iştirakı qəbul edilir. Digər tərəfdən, in­san aldığı hissi informasiyanı özünəməxsus olan fikir sisteminə da­xil edir, nizamlayır, qablaşdırır. Zaman, məkan, səbəbiyyət ka­te­qo­riyalarının məhz belə bir rol oynadığı fərz olunur. Lakin, sual olu­nur ki, insan bu fitri qabiliyyəti haradan, necə əldə etmişdir? Di­gər bir sual da qarşıya çıxır ki, əgər idrak prosesinə cəlb olunan, his­si təcrübənin tərəfdaşı olan şeylər, onların təbiəti bizim üçün ye­nə də qaranlıq qalırsa, bəs dərk etdiyimiz nədir? Təcrübədən alı­nan biliklər nəyin inikasıdır? Allah ideyası üçün harada: aprior bi­lik­lərin, yoxsa «özlüyündə şey»lərin təbiətində, mahiyyətində yer sax­lanılmışdır? Kantın bəzi tənqidçiləri onu ob­yek­ti subyektə tabe et­məkdə təqsirləndirirdilər. N.Hartman Kant­da subyektin sadəcə fər­di subyekt yox, ümumiyyətlə subyekt oldu­ğu­nu vurğulayırdı. Be­lə ki, empirik subyekt və empirik obyekt bir-birinə qarşı durur və hər ikisi eyni vaxtda məkan və zamana daxil olur. Subyektin dü­şüncəsi empirik obyekti «transendental ideallıq» vasitəsilə eh­ti­va edir.1 Lakin təəssüf ki, Hartman bu mövqeyini davam etdirmir və bu məsələdə Kant sxemini inkar etməyə tələsir: «Özlüyündə şey­dən kənarda təzahürü dərk etmək mümkün deyil; ya onlar hər ikisi dərk olunandır, ya da heç biri».2 Lakin N.Hartman unudur ki, söh­bət mahiyyət və təzahürdən deyil, «özlüyündə şey» və tə­za­hür­dən gedir. «Özlüyündə şey» isə təkcədir. Hər bir təkcə isə hansı isə bir mahiyyəti yox, mahiyyətlər iyerarxiyasını ehtiva edir. Əlbəttə, bu mürəkkəb sistemdən, iyerarxiyadan hansı isə bir mahiyyət tə­za­hür edərək hissi obraz şəklində və daha sonra empirik ideya şək­lin­də dərk edilə bilər. Lakin dərk olunan ideya «özlüyündə» şeyə ona gö­rə mütabiq deyil ki, şey hələ özündə neçə-neçə dərk olunmamış mahiyyətlər (ümu­mi­lər, formalar, eydoslar) saxlayır və bu sonun­cu­lar sonsuz sayda ola bilər. Burada bir qeyri-müəyyənlik var və onun adekvat idrakı, təbii ki, qeyri-mümkündür.

Şey sonsuz və tükənməzdir, qeyri-müəyyəndir. Bəs insan nəyi adekvat dərk edir? Şeyin özünü yox, onun modelini. Sadələşmiş, son­suz mahiyyətlər, formalar, eydoslar iyerarxiyasından çıxarıla­raq ön plana çəkilmiş konkret bir forma, konkret bir struktur…

Dərk olunan strukturdur. Dərk olunan bütövlükdür. Lakin şey bütövdürmü? Bir şey müxtəlif bucaq altında, müxtəlif miqyas­lar­da, müxtəlif rakurslarda, müxtəlif struktur səviyyə­lə­rin­də müx­tə­lif olur. Yəni, çoxlu sayda bütövlükləri ehtiva edir.

Materiya idrak üçün əlçatmazdır. Mütləq qaranlığı görmək mümkün deyil. Lakin mütləq işığı da görmək mümkün deyil. Süh­rə­vərdi yazır: «İşıqlar işığı öz aşkarlığının şiddəti üzündən görün­məzdir».3

İnsan ideya ilə materiyanın qovuşuğundadır. İnsan ala-qa­ran­­lıqdadır. Hərdən bir işıqlanır və sönür. Parlayır və sönür. Say­rı­şan kəhkəşan kimi!

Beləliklə, Sührəvərdi təlimində «işıq» termininin zəka ilə, «qa­­ranlıq» termininin «özlüyündə şey»lə, materiya ilə uzlaşması bu iki qnoseoloji sistem arasında müəyyən paralellər aparmağa im­­kan verir.



Şihabəddin Yəhya Sührəvərdinin işraqilik adlanan fəlsəfi tə­li­mində idrak məsələləri o vaxta qədər mövcud olan platonçu, neo­pla­tonçu və aristotelçi baxışlardan fərqli, özünəməxsus bir şəkildə həll edilmişdir. Burada işıq və qaranlıq epitetləri ilk baxışda ide­ya­lar aləmi və cisimlər aləminə uyğun gəlsə də, insan şüurunun («dü­şün­cəli nəfs») timsalında bu iki aləmin vəhdətindən söhbət gedir. Yə­ni, Platon təlimində olduğu kimi, həqiqət ideyanın dərkində, yə­ni sadəcə işığa qovuşmaqda görülmür. Əslində söhbət cismani ola­nın işıqlanmasından və insan üçün aydınlaşmasından gedir. Və an­caq işıqlanma (ozarenie) məqamında, kəşf məqamında cismin, ha­di­sənin həqiqi mahiyyəti üzə çıxır və qarşıda duran vəzifə bu ma­hiyyətin duyğu üzvlərimiz vasitəsilə verilən biliklərdən təmiz­lən­məsi, xalis şəkildə dərk olunmasıdır.

1 Bax: Философия Канта и современный идеализм. М. Наука. 1987, стр. 28-29.

2 Yenə orada, səh. 29.

3 Sührəvərdi. İşıq heykəlləri – Şərq fəlsəfəsi, səh. 221.



Yüklə 89,59 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə