7 elm və texnologiya bilik və fəaliyyət



Yüklə 447,59 Kb.
tarix26.09.2017
ölçüsü447,59 Kb.
#1482



7-1. ELM VƏ TEXNOLOGİYA

Bilik və fəaliyyət



Yaxşı ağıl hələ azdır, əsas məsələ onu yaxşı tətbiq etməkdədir.

Rene Dekart
Qərb sivilizasiyasını şərtləndirən mühüm cəhətlərdən biri insanın əməli fəaliyyətinin elmlə vasitələnməsidir. İnsan-təbiət qarşılıqlı təsirində birincinin subyekt kimi çıxış etməsi və planetin təbii resurslarını öz məqsədlərinə uyğun surətdə yönəldə bilməsi üçün əvvəlcə təbiəti öyrənmək tələb olunur.

Lakin öyrənməklə yanaşı öyrənilənləri həyatda tətbiq etməyi də bacarmaq lazımdır. Əgər hər hansı bilik fəaliyyət proqramına daxil edilə bilmirsə, istifadəsiz qalırsa, o, passiv hadisəyə keçərək tədricən unudulur. Sosial miqyasda isə bilik yalnız şəxsi istifadə üçün yox, cəmiyyətin istifadəsinə verilmək üçün nəzərdə tutulur. Seyr və təhlillə əldə edilən biliklər xüsusi saxlanma vasitələri ilə (kitab, disk və s.) gələn nəsillərə ötürülür. Şəxsi həyatda «lazımsız» olan biliklər ictimai miqyasda «lazımlı» bilikləri tamamlamaq üçün lazım olur. Yaxud sonradan əldə olunmuş yeni biliklərlə yer­lə­şərək istifadə olunmaq imkanı əldə edir. «Saxla zamanı, gələr za­ma­nı». Bu el hikməti özünü bilik sahəsində də doğrultduğundan, biliklərin sistemə salınması və tətbiqindən asılı olmadan, nisbi müs­tə­qil bir sərvət kimi yeni nəsillərə ötürülməsi ənənə halını alır.

Yeni bilik əldə etmək özü məqsədə çevrilir və nisbi müstəqil elmi fəaliyyət sahəsi yaranır. Bir-birilə sıx əlaqədar olan və məntiqi yolla biri digərindən alına bilən müəyyən qrup biliklər sistemi formalaşır ki, bunlar da elmi fənlərin əsasını təşkil edir.

O vaxt ki, hər bir adam yalnız özünə lazım olan bilikləri öyrənməklə kifayətlənməli idi – o vaxt arxada qalır. Elm sağlam şüur və əxlaqi meyar hüdudlarını keçərək özünə münasibətdə yeni düşüncə tərzi tələb edir. Əgər o dövrdə Sədi Şirazi öz dediklərinə əməl etməyən alimi əlində çıraq gəzdirən kora bənzədirdisə, indi belə korlardan kənarda elmin inkişafını təsəvvür etmək qeyri-mümkündür. Kimlərsə axtarır, kəşf edir, tapır, lakin özü üçün deyil, başqaları üçün. Özü də konkret mənada başqaları üçün yox, məsələn, öz övladları üçün, ya bir qohumu, tanıdığı bir adam üçün yox, naməlum başqaları üçün. Bütün bəşəriyyət üçün. Kim başa düş­sə, kim istifadə eləsə – onun üçün. Başqasının əldə etdiyi bilik elə bil ki, yəhərli-yüyənli at kimi, qaça-qaça hamının qarşısından ke­çir. Keçir, lakin dayanmır. Bu bir fürsətdir. Lakin hamı onu real­­laşdıra bilmir. Ata minib onu istədiyin səmtə sürmək üçün, ona sahib olmaq üçün də xüsusi məharət lazımdır. Rahatca bir yer­­­də dayanan adam qaçan ata minə bilməz. Gərək sən özün də hə­­­rə­kətdə olasan. Elə bil ki, elm adamı üzünü tətbiqçilərə tutub de­­yir: «Məndən bərəkət, sizdən hərəkət». Yaponlar məhz tətbiq sa­­həsində operativlik nümayiş etdirdikkləri üçün elmi-texniki yü­rüş­­də qabağa çıxa bildilər. Lakin əlbəttə, buradan belə nəticə çı­xart­maq olmaz ki, yeni elmi biliklərin əldə olunması, funda­men­tal el­min inkişafı sahəsində heç bir səy göstərmədən, - ancaq başqa­la­rı­nın elmi nailiyyətlərinə yiyə durmaqla qabaqcıl mövqeni həqi­qə­tən qoruyub saxlamaq mümkün olur. Müasir dövrdə elmi sirlərin qorunması, patentləşdirmə və s. mexanizmlər elmin ön xəttində olan nailiyyətləri ən azı bir neçə il xarici ölkə tədqiqat­çı­la­rı­nın nə­zə­rindən qorumağa imkan verir. Ona görə də yaxşı olar ki, ye­ni tex­nologiyaların yaradılması, tətbiqi elmlərin inkişafı funda­men­tal el­mi tədqiqatlarla üzvü surətdə əlaqələndirilmiş olsun.

Cəmiyyətin mənəvi-intellektual potensialı, əlbəttə, yalnız el­mi və əməli biliklərdən ibarət deyil. Burada fəlsəfi dünya­gö­rü­şü­nün, intuitiv elmi duyumlara yol açan, mənəvi-estetik zənginliyin də rolu az deyil. İnsanın mənəvi aləmi, bədii duyum potensialı, estetik hissləri biliklər dünyasına nəzərən nisbi müstəqilliyə malik olsa da, bu sahələr arasında ilk baxışda nəzərə çarpmayan dərin daxili əla­qə vardır.

İnsan mənəvi aləmini təşkil edən müxtəlif şüur formaları içə­ri­sində ona ən çox yad olan bilikdir. Xüsu­sən, bilavasitə insanın özü ilə, öz fərdi həyatı və taleyi ilə bağlı olmayan biliklər. Əslində bi­lik dedikdə, insa­nıí þç ùÿéàòûíûí äåéèë, îíó əhatə edən obyektiv ger­çəkliyin inikası nəzərdə tutulur. İnsanın öz fərdi həyatını əks et­di­rən, onun öz başına gələn hadisələrin inikası olan şüur forması artıq başqa anlayışla ifadə olunur – xa­tirə hesab edilir. Əlbəttə, bu fərq­ləndirmə yalnız insana doğma və ya yad olan hadisələrin fərq­lən­dirilməsindən irəli gəlmir. Həm də təkcə ilə ümumi arasındakı fər­qi ifadə edir. Belə ki, xatirə hafizədə biliklər şəklində deyil, tə­səv­vürlər şəklində saxlanır. İnsan öz başına gəlmiş hadisələri qav­ra­dığı, áèëàâàñèòÿ éàøàäûüû kimi də yadında saxlayır və ona görə də, xa­tirə həyatın ikinci – mənəvi mövcudluğudur, həm də maddi hə­yat­dan fərqli olaraq zamanın dönməzliyi qanununa tabe olmayan və istənilən vaxt bərpa oluna bilən, yenidən baş verən bir möv­cud­lu­ğudur. Xa­tirə “acı” və ya “şirin”, “solğun” və ya “al-əlvan” ola bi­lər, insanın vaxtilə keçirdiyi hissləri yenidən təkrar et­dirə bilər. Bi­­lik isə cansız və neytraldır, insanın duyğu­ları ilə bilavasitə bağlı de­yil və məhz bu mənada insana yaddır.

Bəs insanın öz həyatı ilə bağlı hadisələr fikirdə ümu­mi­ləş­di­ril­mirmi? Təsəvvürlər, hissi obrazlar müvafiq anlayışlarla bir­ləş­mir­mi və bundan müvafiq biliklər ha­sil olmurmu?

Real mənəvi həyatda nə hissi obrazlar anlayışlardan, nə də anlayışlar hissi obrazlardan tam təcrid olunur. Necə deyərlər, hissi və rasional həmişə vəhdətdə olur və bir-bi­rini tamamlayır. Lakin is­tər duyğu və təsəvvürlər, istərsə də anlayış və mühakimələr müəy­­yən nisbi müstəqilliyə ma­likdir və məhz bu müstəqillik sayə­sin­də biz onları fərq­ləndirir, idrakın müxtəlif pillələri kimi qiy­mət­lən­diri­rik. İnsanın şəxsi həyatını təşkil edən hadisələr iki qrupa ay­rı­la bilər: áirincisi, yalnız bir dəfə və ya çox na­dir hallarda baş ve­rən – unikal hadisələr, ikincisi, müntəzəm surətdə və şəraitdən asılı olaraq tez-tez baş ve­rən, təkrarlanan hadisələr. İkincilərə habelə zahirən müxtəlif görünməyinə baxmayaraq, bir sıra əsas əlamətlə­rinə görə üst-üstə düşən hadisələr də daxildir.

Əlbəttə, heç bir əlamətinə görə heç vaxt təkrarlan­mayan, ta­ma­milə bənzərsiz hadisələr olmur. Lakin insan öz həyatında tək­rar­lanmayan, əsasən bənzərsiz olan unikal ha­disələri ikinci dərəcəli əla­mətlərinə görə başqa hadisə­lərlə müqayisə etməyə ehtiyac duy­mur. Ona görə bu hadisələ­rin hissi obrazları – xatirələr hansı isə əla­mətlərin atılması, başqalarının isə ümumiləşdirilməsindən iba­rət olan idraki əməliyyata məruz qalmır, öz hissi bütövlüyünü, kon­kret­liyini saxlamış olur.

Təkrarlanan hadisələrin isə hər birini bütün konkret­liyi və təfərrüatı ilə yadda saxlamağa ehtiyac yoxdur və bu, mümkün də deyil. Çünki insan həyatının çox böyük qismi məhz təkrarlanan hadisələrdən təşkil olunur. Ona görə də, təfərrüat atılır, hissi obraz diqqətə layiq olmayan əlamət­lərdən azad olunur, təkrarlanan əsas əlamətlər èñÿ ümumi­ləşdirilir – anlayışlar əmələ gəlir və hadisə an­la­yışlar sistemi ilə şərh olunur. Deməli, gündəlik həyatın zəruri tər­kib hissəsi olan təkrarlanan hadisələr bütöv hissi ob­razlar şəklində yad­da saxlanılmır – xatirəyə çevrilmir. Ümumiləşmiş şəkildə, an­la­yış­lar vasitəsilə hafizədə saxlanmış hadisələr, daha doğrusu, müəy­yən qrup hadisələrin “cansızlaşmış” sxemi, insanın hissi halına tə­sir etmir.

Anlayışlarla yalnız düşünmək olar, onlardan təsirlənmək müm­­kün deyil.1 İnsanın ixtisası, peşəkar fəaliyyəti ilə bağlı ol­ma­yan, gündəlik zəruri ehtiyacdan irəli gələn və bütün adamlar üçün harada isə ümumi olan adi həyat hadisələrənin mənimsənilməsi “adi şüur” deyilən id­rak formasına uyğundur. Elmi idrak, bədii id­rak və fəl­səfi təfəkkür kimi professional idrak formaları ilə ya­naşı adi şüur da gerçəkliyi dərk etməyin mühüm üsulların­dan biridir. La­kin onun bir mühüm keyfiyyət fərqi vardır. Adi şüur pro­fes­sio­nal idrak sahəsi olmayıb bütün adamla­rın idraki fəaliyyətinin əsa­sını təşkil edir. Hər bir adamın nəinki fərdi həyatı və məişət fəa­liyyəti, habelə istənilən sahədəki ixtisas fəaliyyəti istər-istəməz ilk növbədə adi şüura istinad edir.

Adi şüurun məhsulu olan biliklər çox vaxt adi bilik­lər adlan­dı­rılır. Bu biliklər insanların gündəlik prak­tik fəaliyyətinin ümu­mi­ləş­miş inikası kimi yaranır və tarixən insanlarda ümumiləşdirmə qa­biliyyətinin forma­laşması sayəsində meydana çıxan ilk bilik nö­vü­dür. Yuxa­rıda qeyd etdiyimiz kimi, hissi obrazlarla dü­şün­mək­dən (məntiqəqədərki təfəkkür), şüurun xatirə və hissi təxəyyül for­ma­sından anlayışlarla düşünməyə, şüurun bilik forma­sına keçilməsi ilk növbədə insanların gündəlik zəruri həyat fəaliyyətini (əmək bölgüsünə məruz qalmayan fəa­liyyəti) əhatə edir. İlk an­la­yış­lar hadisə və şeylərin məhz bu zəruri fəaliyyət zamanı ortaya çı­xan əlamətlərinin ümu­miləşmiş fikrè inikaslarından ibarət olur. Şey­lər ara­sındakı əlaqələr anlayışlar arasındakı əlaqə kimi inikas edir və ilk biliklər yaranır. Hamı üçün ümumi olan zəruri həyat fəa­liyyətini əks etdirdiyinə görə, “adi həyatın” inikası olduğuna görə bu biliklər də adi bilik­lər hesab edilir. Lakin insanların fəa­liy­yət dairəsi ge­nişləndikcə bu biliklər “adi bilik“ dairəsindən kənara çıxır. İnsan-Təbiət münasibətlərinin ağırlıq mərkəzi getdikcə daha çox dərəcədə təbiət tərəfə meyl edir. Bu qar­şılıqlı təsir nəticəsində insan müntəzəm impuls alır və onun fəaliyyəti adi fərdi həyatın zəruri ehtiyaclarından kənara çıxır. “Adi bilik“ getdikcə daha çox dərəcədə adi­liyini itirir. Daha doğrusu, insan fəaliyyətinin bir növ özəyini təşkil edən adi biliklərlə yanaşı onun daha geniş miqyasda fəaliyyətini təmin edən, nisbətən başqa xarak­terli biliklər yaranır. Bu biliklər insanın fərdi həyatı üçün bilavasitə lazım olmayıb cəmiyyətə xidmət edir. Həmin adamın özünə də artıq bilavasitə deyil, cəmiyyət vasitəsilə, cəmiyyətin bir üzvü kimi xidmət edir.

İnsan ilkin formalaşma dövründə əsasən özü üçün ya­şa­maq­dan uzaqlaşaraq getdikcə daha çox dərəcədə cəmiyyətin bir üzvünə çev­rilir, şəxsiyyət kimi formalaşır. Bu dəyi­şiklik onun maddi fəa­liy­yətində təzahür etdiyi kimi, yiyə­ləndiyi biliklərin xarakterində və miqyasında da təzahür edir.

İnsana onsuz da yad olan biliklər onun fərdi həyat dai­rə­sin­dən kənara çıxdığına görə daha da yadlaşır. Digər tərəfdən, bu bi­lik­lər onu daha çox cəmiyyətin bir üzvü edir, onu cəmiyyətlə daha möh­kəm bağlayır. Nə qədər paradoksal görünsə də, insanın icti­mai varlıq kimi, cəmiyyətin bir üzvü kimi formalaşması və deməli, cə­miy­yətin özünün əmələ gəlməsi məhz insan-təbiət mü­na­si­bət­lə­ri­nin genişlənməsi, insanın təbiətə daha çox nüfuz etməsi ilə bağlıdır.

Tarixən insan (onun ilk əcdadı) təbiətin ayrılmaz tər­kib his­sə­si kimi mövcud olmuş, onun başqa hissələrindən prinsipial su­rət­də seçilməmişdir. Hələ həmin dövrdə in­sanın əcdadları sürü ha­lın­da yaşamış, bir-biri ilə müəyyən qarşılıqlı əlaqədə olmuşlar. Lakin bu, təbiətin özünə xas olan bir hadisədir və insanın ictimai mahiy­yə­­tini burada axtarmaq düzgün olmazdı.

Təbii-tarixi inkişafın sonrakı pilləsində insanın özünü tə­biət­dən ayırması prosesi başlanır. Bu mərhələdə hələ şəxsiyyət yoxdur, bio­sosial varlıq yoxdur, yalnız bio­loji varlıq var. Lakin bioloji tə­ka­mülün ən yüksək pillə­sində, ilk şüur komponentlərinin obyektiv ger­çəkliyi məq­sədəuyğun surətdə dəyişdirmək, gerçəkliyə məqsədli mü­nasi­bət bəsləmək üçün artıq kifayət etdiyi vaxtda insanın for­ma­laşması prosesi başlanır və bu proses eyni zamanda in­sanın tə­biət­dən ayrılması və özünü ona qarşı qoyması pro­sesi ilə üst-üstə düşür.

Təbiətlə qarşılıqlı təsir prosesində, öz zəruri maddi ehtiyac­la­rı­nı ödəmək naminə fəaliyyət göstərərkən insan əvvəlcə təbiəti özü­nün davamı kimi, sonrakı dövrdə isə özündən fərqli, əks tərəf kimi dərk etməyə başlayır. İnsan nə qədər ki, özünü təbiətdən ayıra bilmir, onun tə­biət haqqındakı təsəvvürləri də hissi obraz və hissi tə­xəyyüllə məhdudlaşır. İnsan-təbiət münasibətlərinin tari­xən ilkin inikasları olan bu hissi mənzərələr müəyyən di­namikaya malik ol­sa da, gerçəkliyi məhz olduğu kimi, obyek­tiv məzmununa adekvat olaraq əks etdirmir. İnsan özü, onun xatirələri, təsadüflərlə bağlı olaraq hadisələrə verdiyi şərti mənalar, rəmzləşdirmə obyektiv məz­muna elə sirayət edir ki, obyektiv olanı subyektiv olandan ayır­maq hətta müa­sir intellektual səviyyədən yanaşdıqda belə, çox çə­tin olur. Özünü təbiətdən ayırmağı bacaran, anlayışlarla, məntiq qa­­nunlarına uyğun olaraq düşünən müasir insan üçün əcdadla­rın mən­tiqəqədərki sinkretik düşüncə tərzini duymaq həqi­qətən çə­tindir. Duymaq çətindir, lakin başa düşmək olar. Zira məntiq (bu­ra­da dialektik məntiq nəzərdə tutulur) açarı məntiqəqədərki qa­pı­la­ra da düşür.

Bizə çatan qədim xalq yaradıcılığı abidələrinin, ən çox mi­fo­­lo­giyanın təhlili göstərir ki, obyektiv məzmunlu biliklərin əmə­lə gəlməsi, məntiqi döşüncə tərzi, uzun sürən keçid dövrünün məh­su­ludur. Keçid dövründə öz tale­yini, öz şəxsi hiss və arzula­rı­nı, rəmzi mənaları real hadisələrin real obrazları ilə birləşdirmək meyli tədri­cən azalır. Hadisələr onlara geyindirilmiş bər-bəzəkli geyimlərdən azad edilir və onlar bütün çılpaqlığı ilə, sadə, nisbətən sönük, lakin öz rəngində görünür. Təbiət daha insanın davamı kimi götürül­mür, müstəqillik əldə edir. İnsan özünü təbiətdən, tə­biəti özündən ayırır. Mənəvi ilə maddinin getdikcə daha aydın se­zi­lən nisbi bölgüsü başlanır. İnsanların mənəvi aləmi durulduqca bu­rada nə isə başqa bir şeyin deyil, məhz maddi aləmin ob­razının əks olun­duğu aydınlaşır. Nə zaman ki, hissi obraz­lar hələ ümu­mi­ləş­məmiş və anlayışlar şəklinə düşmə­mişdi, dünya insan nəzərində bir xaos idi. Anlayışların formalaşması dünyada mövcud olan qay­dalılığı, àùÿíýè mənəvi aləmə köçürməyə imkan verir. İnsanın mə­nəvi alə­mi durulduqca maddi dünya da onun gözündə Xaosdan Kos­­mosa, müəyyən qayda üzrə “düzülmüş” sistemə çevrilir.

İnsanın təbiəti özündən ayırması, obyektiv gerçəkliyi yalnız şəxsi ehtiyacları baxımından deyil, ümumiyyətlə in­sanın, insan­la­rın, cəmiyyətin ehtiyacları baxımından öy­rənməsi, əldə olunan “şəxs­siz” biliklərin hamı üçün ümumi olan məntiqi formalara sa­lın­ması və sözlərlə ifadə olun­ması – bütün bunlar bioloji varlıqdan bio­sosial varlığın, şəxsiyyətin yaranması yolunda ciddi addımlar idi. An­layışların əmələ gəlməsi ilə sıx bağlı surətdə nitqin ya­ran­ma­sı və onun insanlar arasında ünsiyyət vasitəsi kimi çıxış etməsi – insanın ictimai varlıq kimi formalaşma­sına ciddi təkan verir. İn­san-təbiət münasibətlərindən cəmiyyət-təbiət münasibətlərinə ke­çid sinkretik təfəkkür­dən məntiqi təfəkkürə keçidlə həmahəng su­rət­də baş verir. Belə ki, insan həm də təbiətin bir hissəsi olduğu üçün tə­biətə münasibətdə bəzən özünü ondan ayırdığı halda, bə­zən də ayırmır; sinkretiklik – fərdiliklə ümumiliyin, hissi­liklə mən­ti­qiliyin, emosionallıqla rasionallığın, obraz­ılıqla praqmatikliyin vəh­dəti, bəzən qaydasız, xaotik bir­liyi də buradan irəli gəlir. Cə­miy­yət isə insanların bio­loji varlığını əhatə etmir və təbiətin bir hissəsi kimi deyil, onunla paralel surətdə mövcud olan və buna gö­rə də yeri gəldikdə onunla qurşılaşdırıla bilən, onunla əks­lik təşkil edən müstəqil tərəf kimi çıxış edir. Ona görə də cəmiyyətin bir üzvü kimi, sosial bir varlıq kimi, şəx­siyyət kimi insanın şüuru tə­biəti insandan kənarda, “insansızlaşdırılmış” halda, həqiqətdə (burada ancaq elmi həqiqət nəzərdə tutulur) olduğu kimi əks et­dirir. Biliklərin ta­rixi də bu vaxtdan başlanır.

İnsanların fəaliyyət dairəsi genişləndikcə biliklə­rin əhatə dai­rə­si də genişlənmiş olur. Müxtəlif fəa­liyyət sahələrinə uyğun olaraq müxtəlif bilik sahələri yara­nır. İnsanların hamısı üçün ümumi və zəruri olan maddi fəaliyyətin nəticəsi kimi əmələ gələn adi biliklər və ya məişət bilikləri, heç şübhəsiz, bilik sahələri içərisində tarixən ən qədimidir. Sonrakı bilik sahələri insanlar arasında əmək bölgü­sü sayəsində əmələ gəlir və heç də bütün adamlara deyil, ôÿàëèééÿò ñàùÿñèíäÿí asılı olaraq yalnız müəyyən qrup adamlara mənsub olur. Biliklərin bu ilk for­malaşma dövründə əmək bölgüsü və ix­ti­sas­laşma yalnız maddi fəaliyyət sahələrini əhatə edir; bu dövrdə bi­lik əldə edilməsi hələ müstəqil bir məqsədə çevrilmir və yalnız məq­sə­dəuyğun maddi fəaliyyətin zəruri tərkib hissəsi kimi çı­xış edir. Bi­liklər hələ məxsusiləşməmiş, idrakın müstə­qil obyektinə çev­ril­mə­mişdi.

Hələ eramızdan àëòû əsr əvvəl böyük çin mütəfəkkiri Konfutsi dərk olunmuş və dərk olunmamış biliyi fərqlən­dirərək deyirdi: “Əsil bilik – bildiyin şeyi bildiyini, bilmədiyin şeyi isə bilmədiyini bilməkdir”. Müasir adam üçün az qala taftalogiya kimi görünən bu müdrik kəlam qədim dövrdə biliklərin çox vaxt qeyri-müstəqil şəkildə, maddi fəaliyyətə bağlı, onun əlavəsi kimi, asılı ñóðÿòäÿ mövcud olduğunu, əsil bilik sahiblərinin isə biliyi fəaliyyətdən ayı­ra­raq müstəqil surətdə, “xalis” şəkildə mənimsədiyini göstərir. K. Marks və F. Engels şüurun formalaşmasında maddi fəaliyyətin tarixən nə kimi bir rol oynadığını gös­tərərək yazırlar: ”İdeyaların, təsəvvürlərin və şüurun ha­sil edilməsi əvvəlcə bilavasitə insanların maddi fəaliyyə­tinə və maddi ünsiyyətinə, real həyat dilinə bağlıdır. Tə­səvvürlərin əmələ gəlməsi, təfəkkür, insanların mənəvi ünsiyyəti burada onların maddi fəaliyyətinin hələ bilava­sitə məhsuludur”. “Maddi ünsiyyət”, “real həyat dili” de­dikdə heç də nitq nəzərdə tu­tulmur. Nə qədər ki, fikir fəa­liyyətdən ayrılmamışdı, nitq də hələ müstəqil surətdə möv­cud ola bilməzdi. Lakin bu zaman fikrin, bi­liyin müstəqil­ləşməsi və nitqin formalaşması üçün artıq real zəmin var idi. “İbtidai insan sürüsündəki” ünsiyyət müasir insanlar arasındakı ünsiyyətdən, intellektual ünsiyyətdən keyfiyyətcə fərqli olsa da, sonuncunun formalaşması üçün zəruri ta­rixi mərhələ idi.

K. Marksın dediyi kimi, insanlar fəaliyyətə heç də xa­rici alə­min predmetlərinə nəzəri münasibət bəsləməkdən başlamırlar. Hər bir heyvan kimi onlar da yemək, içmək və s. bu kimi tələbatdan baş­layır, hansı isə münasibətdə “dayanmayaraq” fəal təsir göstə­rir­lər və bu təsir sayə­sində xarici aləmin predmetlərinə yiyələnərək öz ehti­yac­larını ödəyirlər. Bu prosesin təkrarlanması sayəsində bu predmetlərin insanların tələbatını ödəmək qabiliyyəti on­ların beynində həkk olunur”. Beləliklə, biliklərin əmələ gəlməsi insanla­rın (onların ilk əcdadlarınının) öz tələ­batını ödəmək üçün xarici aləmə fəal maddi təsiri ilə bağlı idi. Lakin o dövrdə insan hələ özünün xarici aləmə münasibətini xarici aləmdən ayıra bilmirdi. İnsa­nın əldə etdiyi onun özünə bəlli deyildi, ona yalnız qeyri-aşkar şə­kildə, təbiətə fəal təsirinin tərkib hissəsi kimi mənsub idi. Necə ki, insan özünü təbiətdən, təbiəti özündən tam ayıra bilmirdi, onun bilikləri də bir şüur hadisəsi kimi maddi fəaliyyətdən tam ayrılmamış, müstəqil şüur faktına çevrilməmişdi.

Bununla belə, bu dövrdə insanların fəaliyyəti yalnız maddi fəa­liyyətlə məhdudlaşmırdı. İnsanların təbiətə təsiri artıq məq­sə­də­uyğun təsirə keçirdi. Fərdi maddi tə­ləbatın ödənilməsinə yönəlmiş və “sınaq-səhv” metoduna əsaslanan ilkin fəaliyyət forması get­dik­cə daha çox dərə­cədə nəticəsi qabaqcadan məlum olan fəaliyyətlə əvəz olu­nurdu. Yüz min illər ərzində davam edən bu proses əslində əmə­yin formalaşması və təkmilləşməsi prosesi idi. Lakin insanların şüurlu maddi fəaliyyəti hələ şüurun maddi fəaliyyətdən ayrılma­sı­na, müstəqil mövcudluğuna dəlalət et­mir; bu dövrdə şüur maddi fəaliyyətlə bağlı olmaqdan başqa, həm də əsasən bu fəaliyyətií þçö­íö inikas etdirirdi. İnsa­nın maddi fəaliyyətindən kənarda, on­dan asılı olmadan mövcud olan obyektiv gerçəklik hələ idrak ob­yektinə çev­rilməmişdi. Zehni və fiziki əmək hələ tam ayrılmamışdı.

Şüurun əmələ gəlməsi tarixi insanın bir insan kimi forma­laş­ma­sı tarixi ilə üst-üstə düşür və milyon illərlə ölçülür. Lakin, gö­rün­düyü kimi, bu müddət ərzində əsasən şüurun maddi fəa­liy­yət­dən azad olması – müstəqilləşməsi prosesi getmişdir; onun nisbi müs­təqillik tarixi isə qə­dim sivilizasiyaların yaranması dövründən baş­lanır və yalnız min illərlə ölçülür. Deməli, şüurun praktika ilə vəh­dətdə mövcudluğu tarixi onun nisbi müstəqillik tarixinə nə­zə­rən müqayisə olunmaz dərəcədə qədimdir.



Mənəvi “xalis” şəkildə, nisbi müstəqil surətdə möv­cud olana qədər uzun müddət, milyon il tərtibində olan bir dövr ərzində maddi ilə qırılmaz əlaqədə, praktik fəaliyyə­tin tərkib hissəsi kimi mövcud olmuşdur. Ən başlıcası isə budur ki, bu vəhdət, əlaqəli mövcudluq tarixən artıq ke­çilmiş və sıradan çıxmış hadisə deyil. İnsan orqaniz­mində, beyinin struktur və funksiyalarında köklü iz burax­mış olan bu hadisə insanın həm bioloji, həm də sosial möv­cud­luğunun mühüm şərtidir. Praktik fəaliyyətdən ayrıl­mış, əmək böl­güsü sayəsində özü müstəqil fəaliyyət sahəsinə çevrilmiş aşkar şüur forması nəinki insanın maddi eh­tiyaclarını ödəmir, hətta onun cəmiyyətin bir üzvü kimi fəaliyyətini tam tənzim etmək üçün də kifayət deyil.

Qeyri-aşkar şüurun mühüm formalarından biri olan qeyri-şü­urilik nəinki praktik fəaliyyətdə, müasir insanın mənəvi fəa­liy­yə­tin­də də təzahür edir.

Şüur çox zəngin və çoxcəhətli olduğundan onun tarixi inkişaf yolunun bütöv mənzərəsini yaratmaq çox çətindir. Bizi əsasən biliklərin genezisi maraqlandırır və şüurun yolunu da məhz biliyin məntiqi və tarixi strukturunu aydın­laşdırmaq məqsədilə nəzərdən keçiririk. Həm də şüurun bilavasitə mövcudluğunu, nisbi müstəqil­li­yini, bilikdən kənarda başa düşmək mümkün deyil. Burada məhz dar mənada şüurun, fərdi praktikanın spesifikasından, subyektin xüsusiyyətlərindən azad olmuş, məzmunca obyektivləşmiş və nisbi müstəqillik qazanmış şüurun mövcudluğundan söhbət gedir. İn­sa­nın maddi fəaliyyəti ilə bilavasitə bağlı olan, ondan ayrıla bil­mə­yən şüur da bilik şəklində mövcud ola bilməz. İnsanın şəxsi həyatı ilə, emosional-psixoloji vəziyyəti ilə bilavasitə bağlı olan şüur da bi­lik şəklində mövcud ola bilməz. Yalnız “şəxssizləşmiş”, subyek­tiv amillərdən azad olmuş və maddi fəaliyyətə nəzərən nisbi müs­təqillik əldə etmiş şüur – həqiqətən biliklər şək­lində ifadə olu­nur. Bi­lik xatirədən, təəssüratdan, hissi obrazdan, qeyri-şüuri şüur akt­la­rından və s. fərqli olaraq məntiqi təfəkkürün nəticəsi kimi ortaya çı­xır və an­layışlarla, terminlərlə ifadə olunur. Söz, dil nisbi müs­tə­qil şüurun, “xalis” şüurun – biliyin məddiləşərək insandan, fərd­dən kənara çıxmasına, başqaları üçün də an­laşıqlı olmasına, cə­miy­yətin istifadəsinə verilməsinə, ictimai məzmun kəsb etməsinə imkan verir.

Beləliklə, biliklərin yaranması üçün şüur uzun sürən (milyon il tərtibində) inkişaf yolu keçmişdir. Biliyin tarixi hər cür şüur for­ma­sının deyil, məhz məntiqi tə­fəkkürün tarixi ilə üst-üstə düşür. Bəs “həqiqi şüur”dan əvvəl, şüurun ilk primitiv formaları döv­rün­də, “sürü şüuru” dövründə insanların (insanların əcdadlarının) prak­tik fəaliyyəti nə ilə òÿíçèì olunurdu və insanlar ara­sındakı ün­siy­yət (diləqədərki ünsiyyət) nəyin hesabına hə­yata keçirdi?

Praktik fəaliyyət maddi və mənəvi komponentlərə par­çalan­ma­dığı dövrdə insanlar arasındakı ünsiyyÿtdə təcrü­bənin ötü­rül­mə­si, praktik fəaliyyətin öz bütövlüyündə “mənimsənilməsi” əsas rol oynayır. Bu zaman fəaliyyət haq­qındakı bilik fəaliyyətdən ay­rıl­madığından onu dil vasi­təsilə başqasına təqdim etmək, təsvir et­mək, öyrətmək də mümkün deyil. Başqası həmin fəaliyyəti, hərə­kə­ti əsasən təqlid yolu ilə və şəxsi “sınaq-səhv” metodu əsasında mə­­nimsəyir. Təqlid yolu ilə başlanan ilkin hərəkətlər “yaxşı” nəticəyə gətirdikdə təkrar olunur və əməli vərdiş­lər yaranır.

Hələ beyin özünü aşkar şəkildə büruzə verməmiş əl fəaliyyətə başlayır. İnsanın gerçəkliyə şüurlu münasibəti bilik şəklinə düş­məz­dən və dillə ifadə olunmazdan əvvəl əllə ifadə olunur. Əl şüur­lu­ëóğun ilk təzahür vasitəsinə çevrilir. Nitqin formalaşması əlin for­malaşmasından sonra baş verir və əslində ondan bir nəticə kimi hasil olur.

Bu dövrdə əlin xüsusilə böyük rol oynaması, müstəsna əhə­miy­yət kəsb etməsi nə ilə əlaqədardır? Doğrudanmı tə­kamül nəti­cə­sində əldə bu qədər fiziki və bioloji dəyi­şikliklər yaranmış, əl nə isə yeni keyfiyyətli bir şeyə çevrilmişdi? Bu dövrdə – insanın şüurlu insana (homo sapiens) çevrilməsi prosesi şəraitində əlin kəsb etdiyi ye­ni mahiyyət, şübhəsiz ki, onun məzmun və formasındakı müəy­yən dəyişikliklər sayəsində mümkün olmuşdu. Lakin sağlam dü­şün­cənin əksinə olaraq, heç də bu dəyişikliklər yeni mahiyyəti de­yil, yeni mahiyyət bu dəyişiklikləri şərt­ləndirirdi. Əlin kəsb etdiyi ye­ni funksiya onun təkmil­ləşməsini tələb edirdi və eyni zamanda təkmilləşmə üçün şərait yaradırdı. Yeni mahiyyətli əl əməyin məhsulu idi. “Sağlam düşüncə”yə görə əmək özü əlin sayəsində müm­kün olur. Bu, doğrudan da belədir. Lakin dialektik düşüncə əlin də məhz əmək sayəsində yarandığını dərk etməyə imkan verir.

Əl bioloji təkamülün sadəcə olaraq əlin özündəki tə­zahü­rü­nün nəticəsi deyil. Əl bioloji təkamülün sosial amillərlə birləş­mə­sin­dən hasil olur. Yeni mahiyyətli əl, əmək orqanı olan əl, daha sa­dəcə olaraq əl deyil, əl ilə be­yinin vəhdətidir.

Yuxarıda qeyd etdiyimiz kimi, şüur əmələ gəldiyi ilk dövr­lər­də, “sürü şüurundan” “xalis şüura” qədər davam edən çox uzun müd­­dət ərzində insanın maddi fəaliyyəti ilə vəh­dətdə, ondan ayrıl­maz şəkildə mövcud olmuşdur. Bu dövrdə yüksək təşəkküllü ma­te­riyanın yeni keyfiyyəti müstəqil möv­cud ola bilmədiyindən (bilik və dil hələ yox idi) əldə və əl vasitəsilə təzahür edirdi. Deməli, əlin kəsb etdiyi yeni ma­hiyyət onun beyinlə birləşməsindən irəli gəlirdi. Bu yeni mahiyyəti əlin öz məzmun və formasındakı, quruluşun­da­kı dəyişikliklərlə izah etməyin birtərəfliliyi, çatışmaz­lığı da məhz bu­nunla izah olunur. Əl müstiqil surətdə deyil, son dərəcə mürək­kəb bir orqanizmin üzvlərindən biri kimi yeni mahiyyət kəsb edir. İn­san orqanizminin yüksəldiyi yeni keyfiyyət pilləsi, beyinin inkişafı, şüurun maddi fəa­liyyətlə sintez halında da olsa, artıq mey­­da­na gəlməsi – praktikanın yaranması və s. heç şübhəsiz, yalnız əlin yeni mahiyyət kəsb etməsi ilə məhdudlaşmır. Beyinlə kordinal əla­qədə olan digər orqanlar da dəyişir, yeniləşir və öz yeni funk­si­ya­ları ilə beyinin daha da inkişaf etməsinə təkan verir. Nitqin təkmilləşməsi eşitmə orqanının müvafiq surətdə daim təkmilləşməsinə təsir etdiyi kimi, beynin də inkişafı, birlikdə bütün hisslərin tək­mil­ləş­məsinə səbəb olur.

Əlin özü duyğulardan birinin (lamisə – toxunma) daşıyıcısı olsa da, onun başlıca səciyyəsi insanın maddi fəa­liyyətində oyna­dı­ğı rolla bağlıdır. Hiss orqanlarının – duyğu üzvlərinin maddi fəa­liy­yətdə icraçılıq funksiyası yoxdur. Onlar insanın gerçəkliyə fəal, də­yiş­dirici müna­sibətində bilavasitə iştirak etmir. Duyğu üzvləri in­sandan gerçəkliyə doğru yox, gerçəklikdən insana doğru yönəl­miş bir prosesin icraçılarıdır. Bu proses insanın gerçəkliyi seyr et­mə­si prosesidir. İdrak məhz seyrlə başlanır.

İdrak seyrlə başlanır, lakin seyrdən yaranmır. İdrak prosesi­nə gətirib çıxaran ilkin proses – praktikadır. Praktikanın ən ibtidai for­ması, ilk pilləsi isə insanla­rın bilavasitə öz təbii ehtiyaclarını ödə­məyə yönəldilmiş fəaliyyətidir. Bu pillədə maddimənəvi prak­tikanın strukturuna müstəqil məqamlar kimi daxil olmur; onlar hələ ayrılmayıblar. Bu dövrdə insanın harada isə instinktiv, harada isə məqsədəuyğun maddi fəaliyyətini bilavasitə həyata keçirən yeganə vasitə, orqan əldir. Əl bir hiss orqanı kimi forma­laş­mazdan əvvəl məhz bir fəaliyyət orqanı kimi for­malaşmışdır. La­kin praktika sayəsində, insanın instink­tiv məqsədəuyğun əməli fəa­liyyəti prosesində bu prosesi mümkün edən beyin özü və onunla birlikdə duyğu üzvləri, hiss orqanları da inkişaf edir. Fəaliyyətlə yanaşı, ondan prinsipial surətdə fərqli olan yeni mahiyyətli hadisə – seyr başlanır.

İdrak iki başlanğıcdan qida alır: maddi fəaliyyət və seyr. Məhz bu iki başlanğıc idrakı bir tərəfdən praktika­nın məhsulu ki­mi, digər tərəfdən, obyektiv gerçəkliyin inikası kimi başa düşməyə imkan verir. Praktika və inikas, fəaliyyət və seyr dilemması idrak nəzəriyyəsinin daimi probleminə çevrilmişdir. Metafizik təfəkkür bu iki tərəfi vəhdətdə götürə bilmədiyinə görə, onları qar­şı­laş­dır­mış və onlardan yalnız birinə üstünlük verməyə çalışmışdır. Əs­lin­də isə fəaliyyət, praktika idrakın əsasını, mənbəyini heç də yalnız tarixən təşkil etmir, həm də bütün sonrakı dövrlərdə idrak prosesi ilə sıx surətdə bağlıdır. İdrakın sonrakı inkişaf yolunda onun prak­ti­ka ilə əlaqəsi daha mürəkkəb və çoxcəhətli olur, bu əlaqənin yeni ça­larları açılır. Lakin bizi hələlik biliklərin yal­nız genezisi və id­ra­kın tarixi inkişaf yolunun ilk pil­lələri maraqlandırdığından bu­ra­da fəaliyyəti məhz idrakın əsası kimi nəzərdən keçirəcək və onun seyr ilə tarixən nə kimi bir nisbətdə olduğunu müəyyənləşdirməyə çalı­şa­cağıq.

Əgər vərdişlərə əsaslanan praktik fəaliyyət, əlin “şüur­lu”, ins­tinktiv-məqsədəuyğun hərəkətləri bilavasitə insanın təbii eh­ti­yac­larını ödəməyə yönəldilmişdirsə, seyr müəyyən müstəqilliyə ma­­likdir və insanın maddi tələba­tından bilavasitə asılı olmadan ümu­­miyyətlə təbiətə, ger­çəkliyə reaksiya şəklində meydana çıxır. Bu cəhət sonralar əmək bölgüsü üçün, zehni əməklə fiziki əməyin ay­­­rılması üçün mühüm şərt kimi çıxış edir. Əgər bir insan miqya­sın­­da bölgü prinsipcə mümkün olmasa idi, fəaliyyət və seyr iki nis­bi müstəqil başlanğıc kimi formalaşmasa idi və bir-birindən get­dik­cə daha çox dərəcədə ayrılmasa idi, nə­hayət, hiss orqanları və seyrin inkişafı sayəsində yeni keyfiyyətli fəaliyyət ortaya çıxmasa idi, cəmiyyət miqya­sında bölgü də, prinsipcə mümkün olmazdı.

Seyr özlüyündə heç də o saat biliklərin yaranmasını və nitqin əmələ gəlməsini təmin etmir. Getdikcə təkmilləş­məkdə olan hiss or­­qan­larının verdiyi informasiya hələ ümumiləşdirilə bilmir və mən­­tiqi formalara salınmır. Lakin hər bir hissi təsir müəyyən siq­nal kimi qəbul olunur və insan həmin siqnala müvafiq reaksiya ve­rir. Birinci siqnal sisteminin yaranması və yüksək dərəcədə inkişaf et­məsi instinktiv-məqsədəuyğun fəaliyyətin də müvafiq su­rətdə tək­milləşməsinə səbəb olur.

Seyr maddi fəaliyyəti təkmilləşdirdiyi kimi, fəaliyyət də seyrə konkret istiqamət verir, onu daha məqsədyönlü edir. Hiss orqan­ları insan fəaliyyəti ilə bağlı olan cəhətləri ketdikcə daha mükəm­məl surətdə inikas etdirir. Seyr ilə fəaliyyət arasındakı qarşılıqlı təsir, əlaqə onların hər ikisinə inkişaf impulsu verir. Bununla yanaşı, seyrin hüdudları fəaliyyətə xidmət dairəsi ilə müəyyən olun­­mur. İnsan seyr prosesində heç bir xüsusi reaksiya yarat­ma­yan, onun mənafeyinə bilavasitə təsir etməyən və bu mənada ney­tral olan informasiya da alır ki, onun tədricən yığılması gələcəkdə fəaliyyətlə bilavasitə bağlı olmayan biliklərin yaranması üçün mən­bə rolunu oynayır.

Şüurun nisbi müstəqillik əldə etməsində, biliklərin və nitqin yaranmasında məhz neytral seyrin rolu olmuşdur. Seyr özünə mad­di fəaliyyətdən fərqli olan ikinci çıxış yolu tapır. Bu yol mən­ti­qi təfəkkürdən və onun nəticəsi olan biliklərdən keçir və dil, nitq va­sitəsilə maddi dünyaya gətirib çıxarır. Biliklər sözlə ifadə olun­duq­dan sonra yalnız ayrıca bir fərdə mənsub olaraq qalmır – icti­mai­lə­şir. Bu mərhələdə biliklərin ictimai sintezi və tətbiqi yeni sə­viy­yəli və yeni mahiyyətli praktika doğurur. Mənəvi və maddini özün­də üzvi surətdə birləşdirən və bir fərd miqyasında həyata ke­çən praktika indi getdikcə daha böyük ictimai miqyas alan mü­rək­kəb proseslə – praktikadan baş­lanan və çoxpilləli idrak yolunu ke­çə­rək yenə də praktika ilə tamamlanan halqayla və daha doğrusu, spi­ralvari hərə­kətlə əvəz olunur. İdrak mərhələsindən yeni key­fiy­yət­li praktika mərhələsinə keçid prosesi isə müasir dövrdə elmi-tex­niki tərəqqi ilə bağlıdır.

Maddi fəaliyyətdən doğan, ondan ayrılmayan və yalnız təc­rü­bə şəklində yeni nəslə ötürülən əmək vərdişləri müa­sir dövrdə də is­tehsal prosesində mühüm yer tutur, bilava­sitə icraçılıq işinin, fəh­lə əməyinin əsasını təşkil edir. Lakin ictimai istehsal yalnız bi­la­vasitə icraçılıq fəaliyyəti ilə məhdudlaşmır. Onun çox mühüm xü­su­siyyət­lrindən biri fəaliyyətlə bilavasitə bağlı olmayan müstəqil bi­liklərin fəaliyyətlə birləşdirilməsidir. Bu proses müasir dövrdə el­mi-texniki tərəqqi sayəsində həyata keçir və onun funksional səciy­yəsini vermək üçün mühüm rol oy­nayır. Lakin elmi-texniki tərəq­qinin daha mükəmməl mən­zərəsini yaratmaq, onun funksiyalarını və mahiyyətini daha dəqiq müəyyənləşdirmək üçün bir daha keç­mi­şə qayıtmaq, “müstəqil şüurun”, biliklərin maddi fəaliyyətlə əla­qə­sinin inkişaf yolunu izləmək lazım gəlir. Nəinki yalnız elmi-texniki tərəqqinin, elm və texnikanın genezisi də məhz bu yoldan başlanır.

Əməli bilik, elm, texnologiya



Bilik məqsəd deyil, vasitədir.

Lev TOLSTOY
Müasir dövrdə elmi və texnoloji bilik kimi məlum olan iki əsas bilik növünə müvafiq olaraq hələ insanın əmələ gəldiyi ilk dövr­lərdə də iki müxtəlif bilik növü: koqnitiv və əməli biliklər möv­cud olmuşdur. Birincilərin əsasında canlı seyr, ikincilərin əsa­sın­da maddi fəaliyyət – praktika dayanmışdır.

Zehni biliklər insan-təbiət qarşılıqlı münasibətində ikincinin bi­rinciyə təsirini əks etdirir və təbiəti, dünyanı dərk etmək, "Ni­yə?", "Hansı səbəbdən?" suallarına cavab vermək təşəbbüsün­dən irə­­li gəlir. Bu proses tarixən seyrlə başlansa da, dünyaya fəal, də­yiş­dirici münasibətin nəticələrini də idrak süzgəcindən ke­çir­mək­lə da­ha intensiv xarakter alır. Təbiətin ilkin təsirləri ilə yanaşı in­sa­nın fə­al müdaxiləsinə olan əks təsirlər də informasiya mənbəyinə çevrilir.

İnsanın məqsədəuyqun dəyişdiricilik fəaliyyəti isə bilavasitə bu fəaliyyətə xidmət edən, «necə», «hansı yolla» suallarına cavab verən biliklərə tələbat yaradır. Mücərrəd təfəkkürün və nitqin formalaşması sayəsində sinkretik əməli vərdişlərdə maddi və ideal komponentlərin ayrılması baş verir və əməli biliklər müstəqillik kəsb edir. (Bu gün bir qayda olaraq, biliklər əməli vərdişlərə çevrildiyi halda, tarixən əksinə olmuşdur).

Seyr özü insanla yaşıd olsa da, insanın təbiətə passiv, seyrci münasibətindən törəyən, təməlində inikas prosesi dayanan koq­ni­tiv biliklər nisbətən sonra yaranmışdır. Belə ki, ilk dövrlərdə mən­ti­qi təfəkkür hələ formalaşmadığından, seyr hec də biliklərə yox, yalnız təsəvvürlərə gətirib çıxarmışdır. L. Levi-Bryulun yazdığı k­imi, məntiqəqədərki (praloqiçeskoe) və mistik təfəkkür dövründə an­layış və biliklər əvəzinə yalnız "kollektiv təsəvvürlər" olmuşdur.

Maddi fəaliyyət nəticəsində hasil olan, sonralar həm də onun əsasında dayanan əməli biliklər isə, lap əvvəldən realistik xarakter daşımış, hər cür mistikadan uzaq olmuşdur. Maddi istehsal prosesi sayəsində insanın özünü təbiətdən getdikcə daha çox ayırdığı və hətta özünü ona qarşı qoyduqu bir şəraitdə, mənəvinin maddidən ayrılaraq nisbi müstəqil bir tərəf kimi onunla əkslik təşkil etdiyi bir vaxtda iki müxtəlif bilik növü bir-birindən getdikcə daha aydın, fərqlənsə də, onların arasında müəyyən qarşılıqlı əlaqə və vəhdət yaranmışdır. Ona görə də, bu bilik növlərini fərqləndirmək və tari­xi baxımdan müqayisə etmək çətindir.

Bununla belə, tarixən məhz əməli bilklərin ilkin olması, koq­ni­tiv biliklərin isə mifoloji təsəvvürlərlə, "məntiqəqədərki təfək­kür­lə" əməli biliklərin birləşməsindən, yəni nisbətən sonra yaranması fik­ri xeyli dərin əsasa malikdir. Sadəlövh realizm mövqeyinə görə, əməli biliklər elmi inkişafın yeganə mənbəyidir. Əsasən mifoloji və mistik xarakter daşıyan başqa mənşəli biliklər isə bilavasitə maddi istehsal prosesindən hasil olan əməli biliklər tərəfindən sıxışdırılıb çıxarılmışdır.

Lakin tədqiqat göstərir ki, elmi biliklər hec də yalnız induk­tiv metodla əldə edilməmişdir. İnsanların maddi fəaliyyəti ilə bi­la­va­sitə bağlı olan və çox vaxt ondan ayrılmayan, ayrıla bilməyən, müs­təqilləşməyən, ideal mövcudluq statusu kəsb etməyən əməli bi­lik­lər nəinki elmi biliklərin yeganə mənbəyi deyil, hətta çox vaxt onun­la əks qütb təşkil edir. Elmi biliklərin əsasında ilkin koqnitiv bi­lik­lər dayandığı halda, əməli biliklər nisbi müstəqilliyini indiyə qə­dər saxlamaqla müasir texnoloji biliklərin əsasında dayanır. Ona gö­rə, müasir dövrdə elm ilə texnologiya arasındakı münasibətin mən­şəyi də koqnitiv və əməli biliklərin dialektikasında axtarılmalıdır.

Digər tərəfdən də, bu biliklərin inkişaf yolu insan-təbiət mü­na­sibətlərinin inkişaf yolu ilə üst-üstə düşür. Maddi fəaliyyətin, in­sa­nın təbiətlə münasibətinin xarakteri dəyişdikcə, onun şüur tərzi və malik olduğü biliklərin xarakteri də dəyişmiş olur. C.Bernal ov­çuluqdan əkinçiliyə keçidi bu baxımdan təhlil edərək belə qə­naə­tə gəlir ki, əmək məhz əkinçiliyə keçid sayəsində mümkün olur. Do­ğurdan da, ovçuluq mərhələsində məqsədlə fəaliyyət hələ vəh­dət halında idi, onlar hələ ayrılmamışdı. Məqsəd, fəaliyyət və onun nə­ticəsi arasında vasitələndirici mərhələlər, xüsusi keçid prosesi hə­lə yox idi. Lakin burada C.Bernal belə bir cəhəti qeyd etməyi unu­dur ki, ovçuluğun əkinçiliyə nəzərən belə spesifik cəhəti, struktur fər­qi ovçuluğun yalnız ilk mərhələlrinə aiddir. İnsanın sonrakı in­ki­şafı sayəsində ov məqsədilə qabaqcadan xüsusi alətlər hazırlanır ki, bu da məqsəd, fəaliyyət və nəticənin artıq bir-birindən ayrıl­dı­ğını, məqsədlə əməli nəticənin vasitələndiyini göstərir və bu şüurlu, məq­sədəuyğun fəaliyyət mənasında əmək ovçuluq sahəsinə də aid­dir. Əsas məsələ «mədəniyyətin yaratdığı istehsal alətlərinə» əsas­la­nan əkinçiliyə keçidin bir keyfiyyət sıçrayışı kimi qiy­mət­lən­di­ril­mə­sidir. Bu iki mərhələ arasındakı fərq yalnız əmək səhələrinin fərq­ləndirilməsindən ibərət olmayıb daha prinsipial xarakter daşı­yır və fiziki və zehni əmək bölgüsünün əsasında dayanır. Lakin əkinçilik gözlənilən məhsulun alınması ücün bir sıra aralıq fəa­liyyət formalarının icrasını tələb edirdi. Bu baxımdan, ovçuluğun əkin­çiliklə deyil, maldarlıqla müqayisəsi daha əyanidir. Heyvanı hazır şəkildə ovlayıb yemək (xüsusən bişirmədən yemək; çünki od­dan istifadə aralıq mərhələlər zəncirində daha bir halqadır və va­si­tələndirici fəaliyyətə aiddir) ücün onu bəsləyib-yetişdirmək və bu məqsədlə onun həyatını öyrənmək, bilmək vacib deyil. Lakin əgər insanlar sonradan gərək olacaqları ücün heyvanları əhliləşdirir və bəsləyib böyüdürlərsə, bu artıq vasitələndirici prosesdir və ilkin koq­nitiv və əməli biliklərə əsaslanmadan, kortəbii olaraq həyata ke­­çirilə bilməz. Bu coxpilləli fəaliyyətin müvəffəqiyyətlə icra edil­məsi ücün maddi fəaliyyətdən ayrılmamış əməli biliklərlə yanaşı, məqsədəuyğun surətdə idarə edilməli olan hadisələr haqqında obyektiv məlumat – koqnitiv biliklər zəruri şərtdir. Bu biliklər, yu­xa­rıda artıq göstərdiyimiz kimi, seyrlə başlayır. C.Bernal yazırdı: «...Bu vaxt artıq heyvan və bitki həyatının bütün tarixi müşahidə predmetinə cevrilmişdir. Yalnız heyvanı necə tutmağı, yaxud bitkini necə yığmağı deyil, həm də onların necə çoxaldığını və böyüdüyünü də bilmək zəruri idi».1

Məqsədlə fəaliyyətin nəticəsi arasında dayanan əlaqələndirici vasitə, süni alətlər və bu alətlərdən istifadə vərdişləri ilk texniki nümunələr idi və onların tarixi sivilizasiyanın tarixi ilə üst-üstə düşür. V.M.Mejuyev yazır: «Mədəniyyət, hər şeydən əvvəl, tarixən yaranmış biətə insani münasibətdir».2 Bu fikri dəqiqləşdirərək demək olar ki, mədəniyyət insanın özünü təbiətdən ayrırmasından və ya təbiətə vasitəli münasibətindən başlanır. Bilavasitə əldə, əlin hə­rə­kət­lərində maddiləşən şüur zaman keçdikcə, fəaliyyət coxpilləli qu­ru­luş kəsb etdikcə, vasitələndirici mərhələlərdə maddiləşməyə baş­la­mışdır. Bu vasitə isə məhz texnikadır. Deməli, texnika tarixən elm­dən əvvəldir və sivilizasiyanın təməli məhz texnika ilə qo­yul­muş­dur.

Maraqlıdır ki, mədəniyyətin, sivilizasiyanın mənşəyini əmək alətləri, texnika ilə bağlamaq yalnız müasir nəzəri təhlilin gəldiyi qənaət deyil. Qədim adamlar özləri də texnikanın onların həya­tın­da oynadığı mühüm dəyişdirici rolu görmüş, özlərini vəhşilərdən yal­nız texnikaya malik olmaqla üstün tutmuşlar. Məsələn, b.e.ə. III minilliyə aid olan "Enki və kainat"1 adlı şumer poemasında «əsas etibarilə toxanı, kərpic ücün formanı – qəlibi ixtira edən, evləri, pəyəni, arxacı tikən və cütcü kimi, bir sözlə şumer dünyasını ibtidai icma dünyasından fərqləndirən "texniki" nailiyyətlərin yaradıcısı kimi göstərilmişdir».2 Lakin şübhəsiz ki, qədim adamların özləri haqdakı fikirləri yalnız tarixi məlumat mənbəyi kimi əhəmiyyətlidir, nəzəri təhlil baxımından isə mötəbər mənbə sayıla bilməz. Kecmişin məlumatları müasir məntiqin im­kanları mövqeyindən təhlil edilməlidir.

Tarixi keçmiş müasir intellektual səviyyədən təhlil olunarkən görünür ki, doğrudan da, texnika insanla təbiət arasında qarşılıqlı münasibəti (məhz qarşılıqlı münasibəti, çünki texnika həm də təbiətin insana təsirinə, başqa sözlə insanın təbiətdən informasiya al­masına xidmət edir; məsələn, gözlük, mikroskop, teleskop, loka­tor, rentgen qurğusu və s.) vasitələndirməklə yanaşı, nitqlə birlikdə həm də biliklərin maddiləşməsi və ötürülməsinə xidmət etmişdir. Biliklər çox vaxt sözlə ifadə edilməkdən daha çox əməli şəkildə nü­ma­yiş etdirilirdi. Anlayışlar hələ kifayət qədər təkmilləş­mə­di­yin­dən, əməli biliklər isə fəaliyyətdən tam ayrılmadığından ilk dövr­lər­də biliyin başqalarına əyani nümunə ilə ötürülməsi sözlə ötürül­mə­sindən asan idi. Söz daha çox dərəcədə koqnitiv biliklərin ifa­də­si ücün zəruri idi. Ona görə texnikanın inkişafı ilə müqayisədə məhz elmin inkişafında sözün, dilin rolu böyük olmuşdur.

Göründüyü kimi, elmi-texniki tərəqqinin genezisi problemi elm və texnikanın genezisi ilə sıx əlaqədardır.

Bundan başqa, elmi-texniki tərəqqinin daxili strukturunu ay­dın şəkildə təsəvvür edə bilmək ücün, elmi-texniki inqilabın ma­hiy­yə­tini müəyyənləşdirmək üçün əvvəlcə elm və texnikanın nisbi müs­təqil tarixi inkişaf yolunu öyrənmək tələb olunur. Bu cür tələ­bat təkcə baxılan sahə üçün yox, ümumiyyətlə istənilən ictimai ha­di­sə üçün zəruridir. Doğrudan da, ayrılıqda elm və texnikanın ilkin for­malaşma dövründən başlayaraq keçdikləri tarixi mərhələlər mə­lum olmadan "elm-texnika" sisteminin müasir dövrdəki strukturu­nu müəyyən etmək çətindir.

Elmi-texniki tərəqqi müəyyən tarixi şəraitdə, ictimai tərəq­qi­nin qanunauyğun nəticəsi kimi meydana çıxır və bundan sonra elmi və texniki tərəqqi ilə yanaşı, elmi-texniki tərəqqidən də danış­maq lazım gəlir.

Müasir sistem-struktur təhlil metodunun və "bütövlük" haq­da­kı təlimin əsas məziyyətlərindən biri budur ki, "nisbi müstəqil" an­layışının qeyri-müəyyənliyini aradan qaldırmağa imkan verir. Mə­sələ burasındadır ki, "nisbi müstəqillik" anlayışı istənilən iki əla­qədar tərəf arasındakı münasibətə aid edilə bilər və buna görə də, müəyyən bir hadisənin nisbi müstəqilliyi hələ onun daxili tam­lı­ğına dəlalət etmir. "Daxili tamlıq" şəraiti isə sistemli yanaşmanın mümkünlüyü üçün əsas şərtdir.

Elm və texnika öz inkişafının ilk mərhələsində tam müstəqil ol­masalar da, ayrıca sistemlər kimi mövcud olmuşlar. Onlar müa­sir dövrdə də öz nisbi müstəqilliklərini saxlamaqda davam edirlər. Bun­dan başqa, elm və texnika arasında qarşılıqlı əlaqə, əvvəllər də möv­cud olmuşdur və «nisbilik» şərtini zəruri edən səbəblərdən biri də məhz belə əlaqənin olmasıdır. Bu baxımdan yanaşdıqda yeni "elm-texnika" sisteminin formalaşması haqqında heç bir ciddi elmi qə­naətə gəlmək mümkün deyil. Yeni nisbi mustəqil sistemin - "elm-texnika" sisteminin əmələ gəlməsi yalnız əlaqə ünsürləri çox­lu­­ğunun tədricən müəyyən daxili tamlıq əldə etməsi ilə izah oluna bilər.

Elm və texnikanın bütöv sistem kimi keçdiyi tarixi mərhələ­lə­rin, həmçinin bu sistemlərin daxili strukturunun öyrənilməsi on­la­rın sosial mahiyyətini də müəyyənlşdirməyə imkan verir ki, bu da elmi-texniki tərəqqinin bir ictimai hadisə kimi tədqiq oluna bilməsi ücün əsas şərtdir.

Elm və texnikanın bir sistem kimi formalaşması prosesi hələ lap başlanğıcdan insanın və cəmiyyətin yaranması prosesi ilə bütöv bir tam təşkil edir. Elm ictimai tərəqqinin, ümumi tarixi inkişafın mən­tiqi nəticəsi, mənəvi məhsuludur. Eləcə də texnika. Təkcə bir fərq­lə ki, texnika ictimai tərəqqinin mənəvi məhsulu olmaqla bəra­bər, həm də maddi mənsuludur.

Texnika primitiv şəkildə də olsa, ilk insan qruplaşmaları za­ma­nından, birinin düzəltdiyi əmək vasitələrindən, digərlərinin də is­ti­fa­də etdiyi vaxtdan meydana gəlmişdir. Belə vasitələrin dü­zəl­dil­məsi də müəyyən zəruri ictimai tələbin ödənilməsi – minimal sər­vət bolluğunun yaranması halında mümkün olmuşdur. S.Lilli ya­zır: «Yalnız öz əkin işlərinin öhdəsindən müvəffəqiyyətlə gələn bəzi adamlar və ailələr əmək alətləri düzəltmək üçün sərbəst vaxt əldə edir və ya məhsulun artıq hissəsini verib sənətkarlardan müa­sir əmək alətləri alırdılar» (S.Lilli. Lödi, maşinı i istoriə. M., 1970, s. 21). İnsanlarda şüurluluq və ictimailəşmənin zəif inkişaf etdiyi dövrlərdə – sabahkı həyata inam hissinin azlığı şəraitində əsas məq­­səd gündəlik yem tədarükü görməkdən, öz başına çarə qıl­maq­dan ibarət olub. Ona görə də, yalnız öz maddi ehtiyacını kifa­yət qədər ödəmiş olan adamlar başqa işlə məşğul olmaq üçün sər­bəst vaxt əldə edə bilərdi... Belə bir dövrdə elm və texnikanı so­sial sis­tem kimi qəbul etmək mümkündürmü? Əsla yox. Əvvəla, ona gö­rə ki, həmin dövrdə spesifik əmək bölgüsü yox idi; yəni tex­ni­ki va­sitələrinin hazırlanması ilə məşğul olan adamlar hələ əkin­çi­lik­dən tamamilə ayrıla bilməzdilər, zira bu halda onların şəxsi həyatı şüb­hə altına düşə bilərdi. İkincisi, müxtəlif ərazilərdəki insan qrup­la­rı arasında əlaqələrin zəif olması nəticəsində bir yerdə istifadə olunan texniki vasitələr başqa yerlərə ötürülə bilmirdi və s. Bü­töv­lük­də cəmiyyət miqyasına uyğun gələn, daxili tamlığa malik olan vahid texnika sistemi hələ formalaşmamışdı. Texnikanın istehsal prosesinin ayrılmaz tərkib hissəsi və özünəməxsus daxili tamlığa malik olan bir tərəf kimi formalaşması yalnız kapitalizmin inkişafı sayəsində mümkün olmuşdur və eyni zamanda bu inkişafın özünə böyük təkan vermişdir.

Elmin bir sosial sistem kimi formalaşması da məhz bu dövrə təsadüf edir. Nə zaman ki, informasiyanın ötürülməsi vasitələrinin inkişaf səviyyəsi elmi nailiyyətlərin bütün cəmiyyət miqyasında ya­yıl­masına imkan vermişdir, nə zaman ki, elmi yaradıcılıqla isteh­sa­lın qoyduğu tələblər arasında müntəzəm qarşılıqlı əlaqə ya­ran­mış­dır, o vaxtdan başlayaraq elm də qlobal miqyas kəsb etmiş, bir so­sial sistem kimi formalaşmışdır.

Elə xassələr vardır ki, onlar baxılan tərəfə hec də həmişə xas olmayıb, onun inkişafının yalnız müəyyən mərhələsində təzahür edir. Elmi inkişafın təcilli xarakteri də yalnız elm qlobal, ümum­ic­ti­mai sistem kimi formalaşmağa başlayarkən təzahür etmişdir. Ümu­miyyətlə müasir dövrdə elm və elmi inkişaf hadisəsi ücün sə­ciy­yəvi olan xassələrin əksəriyyəti elmin daxili tamlıq və qloballıq kəsb etməsi sayəsində əmələ gəlmişdir.

Elm bir sosial sistem kimi yalnız XVI əsrdən, vahid qnoseo­loji sistem kimi isə yalnız XVIII əsrdən formalaşmış olsa da, o hələ lap başlanğıcdan ictimai münasibətlər sferası ilə qırılmaz surətdə bağ­lı olmuş və qnoseoloji funksiya daşımışdır. Belə ki, hər hansı el­mi fəaliyyətin mümkünlüyü əvvəlcə elmi işçinin maddi cəhətdən tə­min olunmasını tələb edirdi ki, bu da həmin dövrdə elmi ya­ra­dı­cı­lığın mövcud iqtisadi münasibətlərdən asılı olduğunu göstərir. Mə­sələn, məlum olduğu kimi yalnız köləlik əkinçiliklə sənaye ara­sın­da böyük miqyasda əmək bölgüsünü mümkün etdi, beləliklə də qə­dim dünya mədəniyyətinin – yunan mədəniyyətinin tərəqqisi üçün şərait yaratdı.



Elmin bütün cəmiyyət miqyasında vahid qnoseoloji sistem ki­mi formalaşması da, onun texnikaya tətbiqinin müntəzəm xa­rak­ter alması da məhz elmin sistem statusu kəsb etməsi sayəsində mümkün olmuşdur.

1 Anlayışlardan, daha doğrusu, sözlərdən (çünki sözlər, həm də məcazi, rəmzi mənalarda işlənə bilir) istifadə edərək yenidən hissi obrazlar və insanı düşündürməklə yanaşı, həm də təsirləndirmək xüsusi yaradıcılıq sahəsi olan bədii ədəbiyyatın funksiyasıdır.

1 Дж. Бернал. Наука в истории общества. М., 1956, стр. 61-62.

2 В.М.Межуев. Культура в истории. М., 1977, стр. 107.

1 Bax: С.Н. Крамер. История начинается в Шумере. М., 1965, стр. 116-dan sonra.

2 И.П. Вейнберг. Человек в культуре древнего Ближнего Востока. М., 1986, стр. 23-24.



Yüklə 447,59 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə