7 Fəlsəfə və milli ruh



Yüklə 92 Kb.
tarix25.07.2018
ölçüsü92 Kb.
#58522




7-1. Fəlsəfə və milli ruh



Əlbəttə, fəlsəfə ağlın qüdrəti,

Bir də ürəklərin saf məhəbbəti!

S.Vurğun
Biz ona görə müstəqillik əldə etməmişik ki, yenə də kimləri isə təqlid edək. Azərbaycan fəlsəfi fikrinin öz siması, öz problematikası, öz dəst-xətti olmalıdır. Mütləq ruha ge­dən yol milli ruhdan keçməlidir. Lakin bunun üçün əvvəlcə milli özünüdərk tələb olunur ki, bu vəzifənin də ictimai miq­yasda yerinə yetirilməsi milli fəlsəfi fikrin inkişafından kə­nar­da mümkün deyil.

Lakin nə qədər təəccüblü olsa da, müstəqilliyin ilk illə­rində fəlsəfi fikirdə inkişaf əvəzinə, bir tənəzzül və durğunluq müşahidə olunmağa başladı. İqtisadiyyatda, elmdə, təhsildə azadlıqdan sui-istifadə, qərarlaşmış strukturların dağıdılma­sı halları fəlsəfədən də yan ötmədi. Bir sıra başqa istiqamət­lərdə olduğu kimi, fəlsəfə də də konturları görünməyən bir azadlıq dəryasına qərq oldu. Uzun illər ərzində fikirləri mən­gənədə saxlayan, yaradıcı fantaziyaya meydan verməyən ideoloji qəliblər sındırıldıqdan sonra azad və nə­ha­yətsiz fikir dünyasına qədəm qoyarkən keçirdiyimiz sevinc hiss­ləri tez­liklə dibi görünməyən, sərhədləri müəyyənləşməmiş bu nəha­yət­sizliyin doğurduğu əsrarəngiz bir qorxu ilə müşayiət olun­du. Həmişə nədənsə yapışmağa məcbur olan, divarları özünə bə­ləd­çi seçən kor adam sərhədsiz, geniş meydanda oriyentiri itir­di­yi kimi, azadlığa çıxmış fəlsəfi fikir də büdrəməmək üçün yenidən köh­nə qəliblərin qırıntılarından yapışmağa çalışdı.


Ümumi fəlsəfi problem­lərlə yanaşı, milli fəlsəfi prob­lemlər də vardır ki, onların ümum­bəşəri bilik kontekstində tədqiqi ilə biz özümüz məşğul olmasaq, heç kim məşğul ol­mayacaq. Yəni fəlsəfədə riyaziyyat və təbiətşü­nas­lıqdan fərq­li olaraq, müəyyən avtonomluq da vardır. Bu hal daha çox dərəcədə artıq fəlsəfədən ayrılaraq nisbi müstəqillik əldə etmiş konkret fəlsəfi elmlər sahələrində, sosiologiyada, poli­tolo­giyada, fəlsəfə tarixində və s. özünü göstərir.

Fəlsəfi biliklər sisteminin öyrədilməsi, əslində gərək zaman oxunda, tarixi müstəvidə həyata keçirilsin. Əvvəla, insanlar ümu­miy­yətlə mədəniyyət tarixinin tərkib hissəsi kimi dünya fəlsəfi fikrinin korifeyləri haqqın­da məlumata malik olmalıdırlar. Necə ki, hər bir ziyalı musiqiçi olmasa da – Bethoven, Çaykov­ski, Ü.Hacı­bə­yov haqqında, rəssam olmasa da – Rafael, Rembrant, Van Gog, Pikasso haqqında, ədəbiyyatçı olmasa da Homer, Nizami, Şekspir, Viktor Hüqo haqqında müəy­yən məlumatlara malikdir, eləcə də Sokrat, Aristotel, Bəh­mənyar, Con Lokk, Kant və onların ideyaları haqqında müəyyən bilgilərə malik olmaq «mədəni adam» olmağın əsas şərtləri sırasına daxildir. Digər tərəfdən, ideyaların inkişaf tarixini bilmədən sivilizasiyanın da tari­xini mənimsəmək mümkün deyil.

İkincisi, fəlsəfi biliklər elmdən fərqli olaraq zaman keç­dikcə köhnəlmir. Əgər fizikada, riyaziyyatda hər bir yeni nəsl əvvəlki nəslin çiyinləri üzərində qərar tutursa, fəlsəfədə sonra gələnlər əvvəlkilərlə yanaşı dayanmaq məcburiyyətin-dədir. Bu gün sıravi bir fizik Nyutondan daha çox bildiyi halda, fəlsəfə üzrə ən məşhur akademikin belə fəlsəfəni Aris­toteldən daha yaxşı bildiyini düşünmək sadəlövhlük olardı. Biz bu gün də Platonu, Aristoteli, Hegeli çətinliklə başa düşür (əgər başa düşürüksə) və onların baş vurduğu dərin­liyə girməyə cəsarət göstərmirik.

Fəlsəfə klassikləri bizim müasirlərimizdir. Görünür, ona görədir ki, fizika ilə məşğul olan alimlər özünə rahatca «fizik» deyə bilir, amma fəlsəfə ilə məşğul olanlar özü haqqında «filosof» deməyə çəkinirlər.

Fəlsəfə sahəsində tədqiqatlar aparmaq, yeni söz demək çox çətindir. Çünki burada birbaryer var. Hər fəlsəfə klas­sikinin düzəliş etməyə, başqasının sistemi daxilində yeni söz deməyə isə sadəcə mənəvi haqqımız yoxdur. Yeni fəlsəfi sis­tem yaratmaq isə çox çətindir və bu baryeri ancaq fitrən filo­sof olanlar keçə bilərlər.

Fəlsəfənin rolu və əhəmiyyəti haqqında danışarkən müx­­təlif fəlsəfi nəzəriyyələr haqqında məlumatla, fəlsəfi bilik­lərin sistemli təqdimatı ilə yanaşı, fəlsəfi düşüncə qabi­liyyətinin formalaşdırıl­ması məsələsi nisbi müstəqil bir vəzifə kimi ayrılıqda nəzərdən keçirilməlidir. Belə ki, ola bilsin, müxtəlif fəlsəfi təlimləri öyrən­mək heç də hamıya lazım deyil. Lakin fəlsəfi düşüncə tərzi təfək­kür mə­dəniyyətinin arylımaz tər­kib his­sə­sidir və hamı üçün fayda­lı ola bilər.

Fərdi fəlsəfi düşüncələr, in­sa­nın dünyadakı gözəllik və harmoniya təzahürləri qarşı­sın­dakı heyrətindən doğan suallar, insanın özü ilə və dünya ilə təkbətək söhbətləri – kamilliyə aparan yolun məqamlarıdır. Bu məqamlar özünü maddi dünyadan ayıran, fərqli bir mahiy­yətin təmsilçisi olduğunu dərk edən və özündə dünya­ya qarşı dura biləcək bir mənəvi güc, ideya qaynağı tapan və bu qaynaqdan müntəzəm surətdə bəhrələnərək daim kamil­lə­şən, dünya ilə, cahan ilə tən gələn və nəhayətdə, bu «ca­hana sığmayan» insan-filosofun və ya sözün həqiqi mənasın­da insanın, böyük hərflə İnsanın həyat məqamları, idrakın əzab­lı və möhtəşəm addımları, mənəvi yüksəliş yaşantıları­dır. Heyrətdən başlanan id­rak yolunda əzab və sevincin, eşq və kədərin vəhdət məqam­ları…

Əsl böyük həyatın heyrətdən başlandığını etiraf edən Qərb fəlsəfi fikri, təəssüf ki, 500 il əvvəl Füzulinin poetik zirvəyə qaldırdığı heyrətdən başlanan məhəbbət və idrak fəlsəfəsindən hələ də xəbərsizdir. Azərbaycan fəlsəfi fikri Av­ro­pa üçün hələ də açıl­ma­mışdır. Nəinki Avropa, biz heç özü­müz də vaxtilə yaratdıqları­mızı özümüzə qaytarmağa na­il olmamış, onları inkişaf etdirmək bir yana dursun, sadəcə mü­a­sir fəlsəfi fikir kontekstində yenidən mənimsəyə bilmə­mi­şik. Təəssüf ki, heyrətdən başlanan, məhəbbət­dən keçən və fəlsəfi idraka yüksələn mənəvi-əqli inkişaf yolunda son mərhələni unutmuş, neçə əsrlər boyu elə məhəbbətdət də ili­şib qalmışıq və bəzi rəmzləri hərfi mənada təfsir etdiyimi­zdən, uluları­mızın böyük ideyalarını da yarımçıq mənimsə­mişik. Əbu Turxanın məlum rubaisində deyildiyi kimi:


İdrakı rəmz edib bir gül sandılar,

Aqil olanları bülbül sandılar,

Vaxt keçdi, rəmz itdi, sonra gələnlər

Təkcə bülbül ilə gülü andılar.
Fəlsəfə elmlərdən fərqli olaraq, maddi dünyanın ob­yek­tiv qanunauyğunluqlarını öyrənməklə məşğul olmur. Düz­dür, bir çox filosoflar fəlsəfənin başqa elmlərdən fərqini sadəcə miqyasla izah etməyə çalışırlar. Yəni, konkret elmlər dünyadakı hadisələrin bu və ya digər qismini və cəhətlərini öyrəndiyi halda, fəlsəfə bütöv­lükdə dünyanı, onun ən ümu­mi qanunauyğunluqlarını öyrənir­miş… Belə olduqda fəlsəfə son nəticədə yenə də elmlər sırasına daxil edilir. Hal­buki, fəlsəfə ümumiyyətlə elmdən fərqli olmaqla dünyanı (mad­di dünya nəzərdə tutulur) öyrənmək vəzifəsini qarşı­sına qoy­mur. Fəlsəfənin predmeti dünyadan kənara çıxır və özü­nü mənəvi bir varlıq olaraq dünyadan ayırmış insanın dünya ilə münasibətini əks etdirir. Elm obyektiv dünyanı, insansız (mənsiz, mənəvi faktorsuz) dünyanı öyrəndiyi halda, fəlsəfə məhz insanlı dünyanı, insaniləşmiş, rəmziləşmiş dünyanı öy­rənir. İncəsənət də dünyanı ifadə edir, bədii obrazlarla, rəmz­­lərlə «əks etdirir». Lakin burada söhbət elmdəki məna­da inikasdan deyil, ideya-estetik yaşantıdan gedir.

Ədəbiyyat, incəsənət, elmə nisbətən fəlsəfəyə daha ya­xın­dır. Elmdən fərqli olaraq ədəbiyyat və incəsənət bütün xal­qın istifa­də­sinə verildiyi kimi, fəlsəfə də bütövlükdə xal­qın dünya­görüşünün formalaşmasında əhəmiyyətli dərəcədə iştirak edir. Lakin burada fəlsəfənin iki müxtəlif səviyyəsin­dən söhbət getdiyi nəzərə alınma­lı­dır. Peşəkar fəlsəfə, elmi-fəlsəfi araşdır­malar, təbii ki, geniş kütlə­lər üçün nəzərdə tutulmur. Lakin fəlsəfi düşüncə tərzinin, ideya-mənəvi ya­şantı vərdişlərinin bütün insanlara aşılanması çox önəm­li­dir. Hər bir insan özünü maddi dünyadan ayırmağı, cari hadisə­lə­rin fövqünə qalxmağı, həyata böyük ideallar mövqeyindən bax­ma­ğı öyrənməlidir. Həm də bunu başqalarının nəsihətləri şəklində de­yil, kənardan təsir kimi deyil, özünün fərdi mənə­vi-psixoloji yaşantısı kimi mənimsəməlidir. Bizim məqsədi­miz insanla­ra sadəcə fəlsəfi biliklər öyrətmək yox, fəlsəfi dü­şün­cə tərzini mə­nimsət­mək­dir ki, hər bir insan öz mənəvi-in­tel­lektual potensia­lı­nın verdiyi imkan çərçivəsində filosof­laşa bilsin, İnsan­la­şa bilsin. Gənc­lə­rin mə­nəvi tərbiyəsini di­dak­tikanın, pedaqogi­ka­nın öhdə­sinə burax­maq böyük sadə­lövhlükdür. Əgər insanlar dünyanın ahən­gini du­ya bilməsə, təbii gözəllik qarşısında heyrətlənməsə, öz daxili mənəvi güc qaynağını kəşf etməsə, öz mənəviyyatını dünya ilə təmasda özünüdərk və refleksiya yolu ilə daim təkmilləş­dir­məsə, kə­narda ülvi olan, gözəl olan nə varsa hamısının, əslində, öz daxilində olanların təzahürü, ikinci həyatı olduğunu dərk et­məsə, yəni özünə genetik imkan şəklində təbiətən xas olan po­tensial mənəvi kamilliyi, müqəddəslik duyğusunu aktiv­ləşdirməsə, canlandırmasa, özünün həyat tərzinə, fəaliyyət prinsiplərinə çe­vir­məsə – təkcə kənar bilikləri öyrənməklə kifa­yət­lənsə – insan bəlkə bilikli ola bilər, lakin kamil olmaz, alim ola bilər, lakin İnsan olmaz.

Mənəvi kamilləşmə yolunun, İnsanlaşma yolunun ye­ganə böyük bələdçisi olan fəlsəfi təfəkkür tərzinə necə yiyə­lən­mək olar? Necə etmək olar ki, uşaqlara fitrən xas olan fəl­səfi düşüncə qabi­liy­yəti, mahiyyətə varmaq, cəsarətli sual­lar vermək cəhdləri stan­dart, normal təfəkkür qəliblərinə salı­naraq sıradan çıxmasın, yaşlı nəslin təslimçi və praq­matik düşüncəsi uşaqların üsyankar idrak qanadlarını qır­masın? Gənclərimizin təlim-tərbiyəsini bu istiqa­mət­də necə yenidən qura bilərik? Min illər boyu ata-babaları­mız­dan bi­zə həm də genetik olaraq miras qalmış böyük mənəvi sər­vət­ləri kənardan öyrənməklə yanaşı, öz daxilimizdə necə aşkar edə bilərik? Özümüz mənən yüksəlmədən övladlarımızın tər­biyəsini «müasir tələblər səviyyəsində» necə qura bilərik?

Bircə şeyi nəzərə almaq lazımdır ki, bu gün Avropada aşkar şəkildə etiraf olunsa da, olunmasa da onların qazan­dığı nailiy­yətlərdə fəlsəfi düşüncə tərzinin rolu böyük olmuş­dur. Təsadüfi deyil ki, hələ Siseron fəlsəfəni xeyirxahlığın bə­lədçisi, həyat müəllimi adlandırırdı. Bütövlükdə antik sivili­zasiya fəlsəfi düşüncə üzərində qərar tutmuşdu. Avropanın ikinci böyük inkişaf dövrü, renessans da fəlsəfi düşüncəyə qayıdışdan başlanır. Yeni dövrün bütün siyasi-hüquqi və mədəni-mənəvi dəyərlər sistemi də, demokratiya, insan haq­ları, beynəlxalq hüquq normaları da fransız maarifçi filo­soflarından, Con Lokkdan, Kant­dan qidalanır. Bu gün biz bu də­yərlər sistemini Avropadan ha­zır şəkildə götürməyə çalışırıq. Bu – yaxşıdır. Lakin öz fəlsəfi fikir qay­­­naq­ları­mıza qayıtmaqla biz həmin dəyərlər sisteminə təfəkkü­rün təbii inkişaf yolu ilə də gəlib çıxa bilərik. Onda milli-ictimai şüurla demokratik dəyərlər sistemi arasında müşa­hidə olunan müəyyən ziddiyyətlər də təbii yolla aradan götü­rülmüş olar.

Fəlsəfi düşüncə tərzi fərdi-mənəvi inkişaf üçün, insanın kamilləşməsi üçün nə dərəcədə lazımdırsa, fəlsəfi biliklər sis­temi, elmi-fəlsəfi tədqiqatlar da cəmiyyət üçün, dövlət quru­culuğu üçün, ictimai-siyasi və sosial-mədəni təşkilatlanma üçün bir o qədər vacibdir.



Ölkə miqyasında subyekt kimi ayrı-ayrı fərdlər deyil, dövlət çıxış edir. Başqa sözlə, dövlət sadəcə müəyyən inzi­bati funksiyaları həyata keçirən siyasi qurum olmayıb, həm də düşünən, öz fəa­liyyətini müəyyən bir ideya əsasında qu­ran və bu ideyanın müəllifi, daşıyıcısı və icraçısı olan bir qu­rumdur. Yəni, dövlət sadəcə siyasi subyekt olmayıb, həm də fəlsəfi subyektdir. Xalqın, millətin stra­teji inkişaf konsepsi­yasının hazırlanması, milli maraqların bey­nəlxalq miqyasda təmsil olunması və qorunması, bundan öncə isə milli maraq­ların məhz nədən ibarət olduğunun müəyyənləşdi­ril­məsi bu fəlsəfi subyektin əsas funksiyalarıdır.


Yüklə 92 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə