94 азярбайъан кп мк йанында партийа тарихи институту


K.MARKS «KAPİTAL»IN BİRİNCİ CİLDİNİN 1872-ci İL ALMANCA İKİNCİ NƏŞRİNƏ SÖZARDI



Yüklə 1,16 Mb.
səhifə8/16
tarix01.12.2017
ölçüsü1,16 Mb.
#13379
1   ...   4   5   6   7   8   9   10   11   ...   16

K.MARKS

«KAPİTAL»IN BİRİNCİ CİLDİNİN 1872-ci İL ALMANCA İKİNCİ NƏŞRİNƏ SÖZARDI

Mən, hər şeydən əvvəl, birinci nəşrin oxucularına ikinci nəşrdə edilən dəyişiklikləri göstərməliyəm. Kitabın daha dürüst quruluşu nəzərə çarpır. Əlavə qeydlər hər yerdə ikinci nəşrə qeyd kimi göstərilmişdir. Mətnin özünə gəldikdə, ən mühüm şeylər aşaqıdakından ibarətdir.

Birinci fəslin 1-ci hissəsində hər bir mübadilə dəyərinin ifadə edildiyi tənliklərin təhlilindən dəyərin meydana çıxarılması işi daha artıq bir elmi ciddiliklə icra edilmiş. Habelə dəyərin substansiyası ilə onun kəmiyyətini ictimai zəruri iş vaxtına görə müəyyən etmək arasında olan və birinci nəşrdə ötəri göstərilən rabitə bu nəşrdə aydın ifadə edilmişdir. Birinci fəslin 3-cü hissəsi («Dəyər forması») tamamilə yenidən işlənilmişdir: bu artıq ona görə zəruri idi ki, birinci nəşrdə həmin məsələ iki dəfə şərh olunmuşdu. Yeri gəlmişkən deməliyəm ki, bunu iki dəfə şərh etməyə məni hannoverli dostum d-r L.Kugelman təhrik etmişdi. Mən 1867-ci ilin yazında onun yanına getdiyim zaman Hamburqdan əsərin nümunə üçün ilk təshih səhifələri gəlmişdi və o məndə belə bir qənaət oyatdı ki, oxucuların çoxu üçün dəyər formalırı əlavə olaraq daha didaktik şəkildə aydınlaşdırmaq lazımdır. –Birinci fəslin «Əmtəə fetişizmi və i.a.» adlı axırıncı hissəsi xeyli dəyişdirilmişdir. Üçüncü fəslin 1-ci hissəsi («Dəyər ölçüsü») yenidən diqqətlə nəzərdən keçnrilmişdir, çünki birinci nəşrdə bu hissə səliqəsiz yazılmışdı,–orada oxuculara məsləhət görülürdü ki, «Siyasi iqtisadın tənqidinə dair» kitabında, Berlin, 1859 (Bax: K.Marks. Siyasi iqtisadın tənqidinə dair. Azərnəşr, 1955, Red.), şərh edilənlərə müraciət etsinlər. Yeddinci fəsil, xüsusilə də 2-ci hissə xeyli dəyişdirilmişdir.

Mətndə edilən ayrı-ayrı dəyişikliklərin, çox zaman ancaq üslub cəhətdən edilən dəyişikliklərin hamısını göstərmək faydasız olardı. Bu dəyişikliklərə bütün kitab boyu təsadüf edilir. Lakin Parisdə çıxan fransızca tərcümə üçün hazırlanmış mətni yenidən nəzərdən keçirərkən, indi bu fikrə gəlirəm ki, almanca orijinalın bəzi hissələrində bir para yerləri əsaslı surətdə yenidən işləmək, bir para yerləri üslub cəhətdən düzəltmək və ya nəzərdən qaçan təsadüfi nöqsanları diqqətlə aradan qaldırmaq lazımdır. Bunun üçün isə vaxtım yox idi, çünki yalnız 1871-ci ilin payızında, başqa təxirəsalınmaz işlərlə məşğul olduğum bir zamanda xəbər gəldi ki, kitab satılıb qurtarmışdır və ikinci nəşrin çapına artıq 1872-ci ilin yanvarında başlanmalıdır.

Alman fəhlə sinfinin geniş dairələri içərisində «Kanital»ın tez başa düşülməsi mənim əməyim üçün ən yaxşı mükafatdır. İqtisadi məsələlərdə burjua nöqteyi-nəzərində duran Vyana fabrikçisi c. Mayyer Fransa–Prussiya müharibəsi zamanı çapdan çıxan bir kitabçada49 haqlı olaraq qeyd edirdi ki, nəzəri təfəkkür sahəsində almanların irsi xüsusiyyəti hesab olunan görkəmli qabiliyyət Almaniyanın elmli deyilən sinifləri arasında tamamilə yox olmuşdur, lakin Almaniya fəhlə sinfi içərisində yenidən canlanmaqdadır50.

Almaniyada siyasi iqtisad indiyə qədər xarici bir elm olaraq qalırdı. Qustav Gülix öz «Geschishtliche Darstellung des handels, der gewerbe etc» adlı kitabında, xüsusilə də bu əsərin 1830-cu ildə çapdan çıxan əvvəlinci iki cildində bizdə kapitalist istehsal üsulunun inkişafına və deməli, müasir burjua cəmiyyətinin formalaşmasına da mane olan tarixi şəraiti xeyli dərəcədə artıq aydınlaşdırmışdı. Beləliklə, siyasi iqtisad üçün həyati zəmin yox idi. Siyasi iqtisad İngiltərədən və Fransadan hazır bir matax şəklində idxal edilirdi; alman siyasi iqtisad professorları şagird olaraq qalmaqda idilər. Özgə gerçəkliyinin nəzəri ifadəsi onların əlində ehkamlar yığınına çevrilmişdi və onlar bu ehkamları öz ətraflarındakı xırda burjua aləmi ruhunda, yəni yanlış şərh edirdilər. Onlar özlərinin elmi acizliyi duyğusunu və əslində özlərinə yabançı bir sahədə müəllim rolu oynamağa məcbur olduqlarını başa düşmək kimi xoşagəlməz halı boğa bilməyərək, zahiri bir ədəbi-tarixi bilik zənginliyi arxasında, yaxud ən müxtəlif məlumat qarmaqarışığından ibarət olan və kameral elmlər deyilən sahədən götürdükləri tamamilə kənar materiallar arxasında gizlənməyə çalışmışlar ki, bu məlumat da alman bürokratları sırasına düşmək ümidi bəsləyən hər kəsin keçməli olduğu bir qıl körpüyə bənzər.

1848-ci ildən etibarən Almaniyada kapitalist istehsalı sürətlə inkişaf etmişdir və hazırda qızğın ehtikar yolu ilə tərəqqi etməkdədir. Lakin tale bizim peşəkar alimlərə qarşı yenə əvvəlki kimi mərhəmətsizdir. Nə qədər ki, onların siyasi iqtisadla qərəzsiz məşğul olmaq imkanı var idi, Almaniya gerçəkliyində müasir iqtisadi münasibətlər yox idi. Bu münasibətlər əmələ gəldikdə isə, artıq elə bir şərait yaranmışdı ki, bu münasibətləri burjua görüş dairəsi çərçivəsində qərəzsiz öyrənməyə imkan vermirdi. Nə qədər ki, siyasi iqtisad burjua siyasi iqtisadı olaraq qalır, yəni kapitalizm quruluşuna tarixən keçiçi bir inkişaf pilləsi kimi deyil, əksinə, ictimai istehsalın mütləq, son forması kimi baxır, o ancaq sinfi mübarizənin hələ üstüörtülu qaldığı və ya tək-tək hallarda təzahür etdiyi müddətdə elmi siyasi iqtisad olaraq qala bilər.

İngiltərəni götürək. Onun klassik siyasi iqtisadı inkişaf etməmiş sinfi mübarizə dövrünə ziddir. İngiltərə klassik siyasi iqtisadının son böyük nümayəndəsi Rikardo ən nəhayət bilə-bilə, siniflərin mənafeyi arasında, əmək haqqı ilə mənfəət, mənfəətlə torpaq rentası arasında olan əksliyi öz tədqiqatının başlanğıc nöqtəsi olaraq götürür və sadəlövhlüklə bu əksliyi ictimai həyatın təbii qanunu hesab edir. Bununla birlikdə burjua iqtisad elmi öz son, keçilməz həddinə çatır. Hələ Rikardonun sağlığında və onun əksinə olaraq burjua siyasi iqtisadının tənqidi başlanır ki, bunu da Sismondi təmsil edirdi.

Mənim «Siyasi iqtisadın tənqidinə dair» kitabıma bax. Berlin, 1859, səh. 39. [K.Marks. «Siyasi iqtisadın tənqidinə dair». Azərnəşr, 1955, səh. 50].

Sonrakı dövrdə, 1820–1830-cu illərdə İngiltərədə siyasi iqtisad sahəsində elmi canlanma başlanır. Bu dövr Rikardo nəzəriyyəsinin bayağılaşdırılması və yayılması, eyin zamanda da onun köhnə məktəblə mübarizəsi dövrü idi. Parlaq çarpışmalar olurdu. Bu zaman iqtisadçılar tərəfindən görülən iş Avropa kontinentində az məlumdur, çünki mübahisələrin çox hissəsi jurnal məqalələrində, təsadüfi kitabçalarda və pamfletlərdə səpələnmişdir. O zamankı şərait üzündən həmin mübahisə qərəzsiz xarakter daşıyırdı, hərçənd artıq o zaman Rikardonun nəzəriyyəsindən bir istisna olaraq burjua iqtisadiyyatı üzərinə hücum üçün silah kimi istifadə edilirdi. Bir tərəfdən, iri sənaye özü uşaqlıq yaşından hələ yenicə çıxırdı, bunu isə artıq ondan görmək olur ki, iri sənayenin müasir həyatının vaxtaşırı dövranları ancaq 1825-ci il böhranı ilə başlanır. Digər tərəfdən, kapital ilə əmək arasındakı sinfi mübarizə arxa sıraya keçmişdi: siyasi sahədə bu mübarizəni Müqəddəs ittifaq44 ətrafında birləşən feodallar və hökumətlərlə, burjuaziyanın rəhbərlik etdiyi xalq kütlələri arasındakı çəkişmələr pərdələyirdi; iqtisadi sahədə bu mübarizəni sənaye kapitalı ilə aristokrat torpaq mülkiyyəti arsındakı didişmələr pərdələyirdi; bu didişmə Fransada parsel mülkiyyətinin mənafeyi ilə iri torpaq sahibliyinin mənafeyi arasındakı ziddiyyət arxasında gizlənmişdi, İngiltərədə isə taxıl qanunları30 zamanından etibarən aşkar surətdə meydana çıxırdı. Bu dövrdə İngiltərənin iqtisadi ədəbiyyatı Fransada d-r Kenenin vəfatından sonra siyasi iqtisad sahəsindəki fırtına və təzyiq dövrünü xatırladır, lakin ancaq payızın əvvələrindəki günəşli günlərin bahara bənzədiyi kimi xatırladır. 1830-cu ildə böhran başlandı və bu da hər şeyi bir dəfəyə həll etdi.

Fransada və İngiltərədə burjuaziya siyasi hakimiyyəti ələ keçirtdi. Bu zamandan etibarən həm əməli, həm də nəzəri sinfi mübarizə getdikcə daha açıq ifadə olunan və qorxunc formalar alır. Bununla birlikdə isə elmi burjua siyasi iqtisadının ölüm saatı gəlib çatdı. Bu zamandan etibarən məsələ artıq bu və ya başqa bir teoremin düzgün və ya yanlış olması üzərində deyil, bu teoremin kapital üçün faydalı və ya zərərli, münasib və ya qeyri-münasib olması, polis mülahizələrinə uyğun olub-olmaması üzərində idi. Təmənnasız tədqiqatın yerini satqın cızmaqaraçıların döyüşləri tutur, qərəzsiz elmi axtarışlar tərəfgir və yaltaq məddahlıqla əvəz olunur. Bununla belə, fabrikçilərdən Kobden və Brayt başda olmaqla Taxıl qanunlarına qarşı mübarizə cəmiyyəti tərəfindən buraxılan iddialı əsərciklər torpaq sahibliyi aristokratiyası əleyhinə mübahisə üzündən elmi cəhətdən olmasa da, hər halda tarixi cəhətdən müəyyən dərəcədə əhəmiyyətli idi. Lakin ser Robert Pilin zamanından etibarən fritreder qanunvericiliyi vulqar siyasi iqtisadın bu son dişini də vurub çıxartdı.

1848-ci ildə kontinentdəki inqilab İngiltərəyə də təsir göstərdi. Alimlik iddiasında olub adi sofist və hakim siniflərə yaltaqlıq rolu ilə kifayətlənməyən şəxslər kapitalın siyasi iqtisadını proletariatın artıq etinasız buraxılması mümkün olmayan iddiaları ilə uyğunlaşdırmağa çalışırdılar. Buradan da Con Stüart Mill tərəfindən ən yaxşı təmsil edilən bayağı sinkretizm irəli gəlirdi. Bu isə burjua siyasi iqtisadının iflasıdır və böyük rus alimi və tənqidçisi N.Çernışevski artıq «Siyasi iqtisad oçerkləri (Milin fikrincə)» əsərində bunu məharətlə göstərmişdir.

Beləliklə, Almaniyada kapitalist üsulu ancaq, İngiltərədə və Fransada tarixi mübarizənin gurultulu döyüşləri içərisində bu istehsal üsulunun antaqonist xarakteri meydana çıxdıqdan sonra yetişmişdi, həm də alman burjuaziyasına nisbətən alman proletariatı xeyli artıq dərəcədə aydın nəzəri sinfi şüura malik idi. Beləliklə, burada burjua siyasi iqtisadının bir elm kimi mümkün olması zənn edilə biləcəyi şərait yenicə meydana gələr-gəlməz o artıq yenidən qeyri-mümkün oldu.

Belə bir şəraitdə burjua siyasi iqtisadının nümayəndələri iki cəbhəyə bölündülər. Bunların bir qismi, ağlı başında olan işbazlar, öz qazancını güdən adamlar vulqar iqtisad məddahlığının ən bayağı və buna görə də ən uğurlu nümayəndəsi olan Bastianın bayrağı ətrafında birləşdilər. Digər qismi, öz elminin məziyyətinə güvənib professorcasına fəxr edənlər isə barışmaz şeyləri barışdırmağa cəhd edən Con Stüart Millin ardınca getdilər. Burjua siyasi iqtisadının klassik dovründə olduğu kimi, onun tənəzzülü dövründə də almandar xaricin adi şagirdi, pərəstişkarı və təqlidçisi vəziyyətində, iri xarici firmaların məhsullarını satan çərçi vəziyyətində qaldılar.

Beləliklə, alman cəmiyyətinin tarixi inkişaf xüsusiyyətləri burjua siyasi iqtisadının orijinal surətdə işlənib hazırlanmasına əsla imkan vermir, lakin onun tənqid edilməsi imkanını aradan qaldırmır. Belə bir tənqid ümumiyyətlə müəyyən bir sinfi təmsil etdiyindən, ancaq elə bir sinfi təmsil edə bilər ki, onun tarixi vəzifəsi kapitalist istehsal üsuluna çevriliş yaratmaq və sinifləri qəti surətdə məhv etməkdir, yəni ancaq proletariatı təmsil edə bilər.

Alman burjuaziyasının alim və qeyri-alim nümayəndələri, mənim daha əvvəlki əsərlərim barəsində edə bildikləri kimi, əvvəlcə «Kapital» barəsində də susmaq istədilər. Bu taktika zamanın şəraitinə daha uyğun gəlmədikdə isə onlar «burjua vicdanına təskinlik vermək» üçün mənim kitabımı tənqid etmək bəhanəsi ilə mətbuatda bir sıra məsləhətlər çap etdirdilər, lakin fəhlə mətbuatında–misal üçün «Molksstaat»51da İosif Ditsgenin məqalələrinə bax–çox gözəl əleyhdarlara rast gəldilər və həmin əleyhdarlar bu günə qədər öz yazılarına onlardan cavab almamışlar.

Alman vulqar siyasi iqtisadının çığırğan böşboğazdarı «Kapital»ın üslubunu və ifadə tərzini pisləyirlər. Əsərimin ədəbi nöqsanlarını mən hamıdan yaxşı bilirəm. Bununla belə, həmin cənablara və onların ətrafındakılara ibrət olmaq və ləzzət vermək üçün mən ingilis və rus tənqidinin rəyini sitat gətirəcəyəm. Mənim baxışlarıma şübhəsiz düşmən olan «Saturdan Review»52 Almanca birinci nəşr barəsində yazır ki, «əsərin dili hətta ən quru iqtisadi məsələlərə də xüsusi bir nəfislik (charm) verir». «Sankt-Peterburqskiye vedomosti»53 1872-ci il 8 (20) aprel tarixli nömrəsində həmçinin belə qeyd edir: «Onun əsərinin dili (sırf ixtisasa aid bəzi təfsilatlar istisna edilməklə) öz aydınlığı, hamıya müyəssər olması və, predmetin elmi yüksəkliyinə baxmayaraq, qeyri-adi bir fəsahəti ilə fərqlənir. Bu cəhətdən müəllif... alman alimlərinin əksəriyyətinə əsla bənzəmir, axı onlar... öz əsərlərini elə qəliz və quru bir dildə yazırlar ki, adi oxucuların başı çatlayır». Müasir alman milli liberal professor ədəbiyyatını oxuyanların isə başı deyil, tamamilə başqa bir yeri çatlayır.

1872-ci ilin yazında Peterburqda «Kapital»ın rusca çox gözəl tərcüməsi çapdan çıxmışdı. Əsərin 3000 nüsxədən ibarət olan bu nəşri indi demək olar tamamilə satılmışdır. Kiyev universitetinin siyasi iqtisad professoru c. N.Ziber hələ 1871-ci ildə «D.Rikardonun dəyər və kapital nəzəriyyəsi» adlı əsərində göstərmişdi ki, mənim dəyər, pul və kapital nəzəriyyəmin əsas müddəaları Smit–Rikardo təliminin zəruri surətdə daha da inkişaf etdirilməsindən ibarətdir. Bu qiymətli əsəri oxuduqda, Qərbi Avropa oxucusunu əvvəldən əsas götürülən xalis nəzəri baxışın axıra qədər ardıcıl davam etdirilməsi xüsusilə heyran edir.

«Kapital»da işlədilən metod pis başa düşülmüşdür; bunu həmin metoda bir-birinə zidd xarakteristikalar verilməsi özü sübut edir.

Məsələn, Paris jurnalı «Revue Positivtste»54 məni, bir tərəfdən, bunda töhmətləndirir ki, mən siyasi iqtisadi metafizik surətdə nəzərdən keçirirəm, digər tərəfdən isə,–tapın görək nədə töhmətləndirir?–onda töhmətləndirir ki, mən gələcəyin mətbəxi üçün reseptlər (Kont reseptləri?) icad etmək deyil, mövcud olanları tənqidi surətdə parçalamaqla kifayətlənirəm. Metafizikada töhmətləndirilməyim barəsində prof. Ziber belə deyir:

«Sözün əsl mənasında nəzəriyyədən bəhs olunursa, Marksın metodu bütün ingilis məktəbinin deduktiv metodudur və bu metodun istər nöqsanlarına, istərsə məziyyətlərinə nəzəriyyəçi iqtisadçıların ən yaxşılarında təsadüf olunur»55.

C-b M.Blok «Les Theoriciens du Socialisme en Allemagne. Extrait du «Journal des Economistes», juillet et aout 1872» adlı kitabçada mənim metodumun təhlil metodu olduğunu kəşf edib əzcümlə deyir:

«C-b Marks bu əsəri ilə sübut etdi ki, təhlil sahəsində ən görkəmli zəkalardan biridir».

Alman resenzentləri, əlbəttə, bağırışıb Hegel sofistikasından dəm vururlar. Peterburqda çıxan «Vestink Yevropı»56 «Kapital»ın yalnız metoduna həsr etdiyi məqalədə (1872-ci il may nömrəsi, səh. 427–436) bu fikrə gəlir ki, mənim tədqiq metodum ciddi realist metoddur, şərh metodum isə, bədbəxtlikdən, almansayağı dialektik metoddur. Müəllif (İ.İ.Kaufman. Red.) yazır:

«Şərhin zahiri formasına əsasən fikir yeridilsə, belə nəzərə gəlir ki, Marks böyük bir idealist filosofdur, həm də sözün «almansayağı», yəni pis mənasında idealist filosofdur. Həqiqətdə isə o, iqtisadi tənqid sahəsində bütün öz sələflərinə nisbətən sonsuz dərəcədə daha realistdir... onu artıq heç bir halda idealist hesab etmək olmaz».

Mən müəllifə onun öz tənqidindən bir neçə iqtibas gətirməkdən daha yaxşı cavab verə bilmərəm; həm də bu iqtibaslar mənim oxucularımdan rus orijinalını oxuya bilməyən bir coxları üçün maraqsız deyildir.



Müəllif «Siyasi iqtisadın tənqidinə dair» əsərimdə, (Berlin, 1859) öz metodumun materialist əsasını şərh etdiyim müqəddimədən (səh. IV–VII) (Bax: bu nəşr: 1-ci cild) sitat gətirib sövünə davam edərək yazır:

«Marks üçün ancaq bircə şey əhəmiyyətlidir, bu da tədqiq etdiyi hadisələrin qanununu tapmaqdır. Həm da onun üçün əhəmiyyətli olan qanun yalnız həmin hadisələr müəyyən formada ikən və onlar hazırda müşahidə olunan qarşılıqlı münasibətdə qalarkən onları idarə edən qanun deyildir. Bundan başqa, Marks üçün həmin hadisələrin dəyişilməsi, onların inkişafı, yəni bir formadan başqa bir formaya, bir cür qarşılıqlı münasibətlərdən başqa cür qarşılıqlı münasibətlərə keçməsi qanunu da əhəmiyyətlidir. O həmin qanünu tapdıqdan sonra, ictimai həyatda həmin qanunun təzahür etdiyi nəticələri daha müfəssəl nəzərdən keçirir... Buna uyğun olaraq Marks bircə şeyə çalışır ki, müəyyən cür ictimai munasibətlərin zəruriliyini dürüst elmi tədqiqatla sübut etsin, onun üçün başlanğıc nöqtəsi və istinadgah olan faktları mümkün qədər qəti surətdə qeyd etsin. Marks müasir quruluşun zəruriliyini sübut etməklə: başqa bir quruluşun da zəruriliyini və insanların düşünüb-düşünməməsindən, başa düşüb-düşməməsindən asılı olmayaraq hökmən həmin quruluşa keçilməli olduğunu sübut etdikdə, bu onun üçün tamamilə kifayətdir. Marks ictimai inkişafa elə bir təbii-tarixi proses kimi baxır ki, bu prosesi nəinki insanın iradə, şüur və niyyətindən asılı olmayan, hətta özləri də insanın iradə, şüur və niyyətlərini müəyyən edən qanunlar idarə edir... Əgər mədəniyyət tarixində şüur belə bir tabe rol oynayırsa, onda aydındır ki, mədəniyyətin özünü obyekt götürən tənqid üçün şüurun müəyyən bir forması və ya nəticəsi ən az dərəcədə əsas ola bilər. Yəni bu tənqid üçün ideya deyil, ancaq xarici hadisə başlanğıc nöqtəsi ola bilər. Tənqid bir faktı ideya ilə deyil, başqa bir faktla tutuşdurmaqdan, müqayisə etməkdən və qarşılaşdırmaqdan ibarət olacaqdır. Tənqid üçün əhəmiyyətlisi ancaq budur ki, hər iki fakt mümkün qədər dürüst tədqiq edilmiş olsun və həqiqətən müxtəlif inkişaf dərəcələrini təmsil etsin, bundan əlavə, tənqid üçün əhəmiyyətlidir ki, həmin inkişaf dərəcələrinin təzahür etdiyi qayda, ardıcıllıq və rabitə də eyni dərəcədə dürüst tədqiq edilmiş olsun... Burada bəzi oxucuların ağlına belə bir sual da gələ bilər... axı iqtisadi həyatın umumi qanunları istər müasir həyata tətbiq edilsin, istərsə keçmiş həyat, bu qanunlar eynidir? Məsələ də ondadır ki, Marks məhz bunu qəbul etmir, Marks üçün bu cür ümumi qanunlar mövcud deyildir... Onun fikrincə, əksinə, hər bir böyük tarixi dövrün öz qanunları vardır... Lakin həyat müəyyən inkişaf dövrünü başa vurduqda, muəyyən inkişaf mərhələsindən çıxıb başqa mərhələyə girdikdə, o artıq ayrı qanunlarla idarə olunmağa başlayır. Bir sözlə, iqtisadi həyat burada başqa qisim bioloji hadisələrdə müşahidə etdiyimizə tamamilə bənzər bir hadisədən ibarət olur... Köhnə iqtisadçılar iqtisadi qanunların təbiətini başa duşməyərək, bunları fizika və kimya qanunları ilə yekcins hesab etmişlər... hadisələrin daha dərin təhlili göstərmişdir ki, ictimai orqanizmlər arasındakı fərqlər bitki və heyvan orqanizmləri arasındakı fərqdən az dərin deyildir... Həmin orqanizmlərin quruluşundakı fərq, üzvlərinin müxtəlifliyi, bu üzvlərin fəaliyyət göstərdiyi şəraitin müxtəlifliyi və i.a. üzündən eyni bir hadisə tamamilə müxtəlif qanunlara tabe olur. Məsələn, Marks əhalinin artması qanununun həmişə və hər yerdə, hər bir zaman və hər bir yer üçün eyni olduğunu qəbul etməkdən imtina edir. Əksinə, o iddia edir ki, hər bir inkişaf dərəcəsinin öz törəyib artma qanunu vardır... Məhsuldar quvvələrin inkişaf səviyyəsindəki fərqlərdən asılı olaraq münasibətlər və bunları tənzim edən qanunlar da dəyişilir. Beləliklə, Marks kapitalist təsərrüfat quruluşunu tədqiq və izah etmək məqsədini qarşısına qoymaqla iqtisadi həyatı dürüst tədqiq edirkən qarşıya qoyulan məqsədi ancaq ciddi elmi surətdə ifadə etmişdir... Bu tədqiqatın elmi əhəmiyyəti müəyyən ictimai orqanizmin törəməsini, yaşamasını, inkişafını, ölüb getməsini və onun başqa, daha yüksək ictimai orqanizmlə əvəz olunmasını idarə edən xüsusi qanunları aydınlaşdırmaqdan ibarətdir. Doğrudan da Marksın kitabı belə bir əhəmiyyətə malikdir».

Müəllif mənim həqiqi metodum adlandırdığı şeyi bu „qədər müvəffəqiyyətlə təsvir etməklə və həmin metodun tətbiqində şəxsən mənim işlətdiyim üsullara belə rəğbət göstərməklə, məhz dialektik metodu təsvir etmişdir.

Əlbəttə, şərh üsulu formal cəhətcə tədqiqat üsulundan fərqlənməyə bilməz. Tədqiqat gərək materialı ətraflı öyrənsin, onun müxtəlif inkişaf formalarını təhlil etsin, bu formaların daxili rabitəsini izləsin. Ancaq bu iş turtardıqdan sonra gerçək hərəkət lazımınca təsvir edilə bilər. Elə ki bu iş görüldü və materialın həyatı öz ideal inikasını tapdı, onda elə görünə bilər ki, qarşımızda aprior bir konstruksiya durur.

Mənim dialektik metodum öz əsası etibarilə Hegelin dialektik metodundan nəinki fərqlidir, hətta onun tamamilə əksidir. Hegelin ideya adı ilə hətta müstəqil subyektə çevirdiyi təfəkkür prosesi, onun fikrincə, gerçəkliyin demiurqudur (yaradıcısıdır. Red.), gerçəklik isə təfəkkür prosesinin yalnız xarici təzahürüdür. Mənim fikrimcə isə, əksinə, ideal olanlar insanın başına köçürülüb orada yeni şəklə salınmış maddi varlıqdan başqa bir şey deyildir.

Hegel dialektikasının mistikləşdirici cəhətini mən demək olar 30 il bundan əvvəl, bu dialektika hələ dəbdə olduğu zaman tənqid etmişdim. Lakin vaxtilə, Lessinq zamanı qoçaq Moisey Mendelson Spinozanı «it ölüsü» adlandırıb bədnam etdiyi kimi, mən «Kapital»ın birinci cildi üzərində işlədiyim zaman, müasir ziyalılar Almaniyasında rəhbər mövqe tutan hay-küyçü, iddialı və çox dar düşüicəli təqlidçilər57 Hegeli bədnam edirdilər. Buna görə mən açıqca özümü bu böyük mütəfəkkirin şagirdi adlandırdım və dəyər nəzəriyyəsi haqqındakı fəsildə arabir hətta Hegeləməxsus şərh üsuluna əl atmışam. Hegelin əlində dialektikanın mistikləşdirilməsinə əsla baxmayaraq, məhz Hegel ilk dəfə bunun ən ümumi hərəkət formalarının mükəmməl və şüurlu təsvirini vermişdir. Hegeldə dialektika başı üstədir. Onu ayaq üstə qoymaq lazımdır ki, mistik pərdə altında olan rasional toxum aşkara çıxarılsın.

Öz mistikləşdirilmiş şəklində dialektika Almaniyada dəb olmuşdu, çünki belə nəzərə gəlirdi ki, guya o, mövcud vəziyyəti şərtləndirir. Öz rasional şəklində dialektika burjuaziyada və onun doktrinabaz ideoloqlarında ancaq hiddət və dəhşət doğurur, çünki mövcud olanın pozitiv anlayışına eyni zamanda onun inkarı, hökmən məhv olacağı anlayışını da daxil edir, həyata keçirilmiş olan hər bir, formanı hərəkətdə nəzərdən keçirir, deməli, həmçinin onun keçici cəhətini də nəzərdən keçirir, o heç bir şey qarşısında boyun əymir və öz mahiyyətinə görə tənqidi və inqilabidir.

Əməli cəhətlə maraqlanan burjua kapitalizm cəmiyyətinin ziddiyyətlərlə dolu olan hərəkətini ən çox, müasir sənayenin keçdiyi vaxtaşırı tsiklin dəyişilmələrİndə hiss edir, bu dəyişilmələrin ən yüksək nöqtəsi isə ümumi böhrandır. Böhran yenə də yaxınlaşmaqdadır, hərçənd hələ öz başlanğıc mərhələsindədir; o öz təsirini müxtəlif cəhətli və intensiv olması sayəsində dialektikanı hətta yeni müqəddəs Prussiya–Almaniya imperiyası bambılılarının da beyninə yeridəcəkdir.

Karl Marks. London, 24 yanvar 1873-cü il.



İlk dəfə bu kitabda dərc edilmişdir: K.Marx «Das Kapital». Kritik der politischen Oekonomie». Erster Band. Zweite verbesserte Auflage. Zamburg, 1872.
K.MARKS

«KAPİTAL»

İYİRMİ DÖRDÜNCÜ FƏSİL



İBTİDAİ YIĞIM DEYİLƏN ŞEY

1. ibtidai YIĞIMIN SİRRİ

Biz pulun kapitala necə çevrildiyini, kapitalın necə izafi dəyər istehsal etdiyini və izafi dəyər hesabına kapitalın necə artdığını gördük. Lakin kapital yığımı üçün izafi dəyər olmalı, izafi dəyər üçün kapitalist istehsalı olmalı, kapitalist istehsalı üçün isə əmtəə istehsalçılarının əlində xeyli miqdar kapital kütlələri və iş qüvvəsi olmalıdır. Beləliklə, bütün bu hərəkət, görünür, çıxılmaz bir dairə daxilində cərəyan edir və buradan çıxmaq üçün kapitalist yığımından əvvəl «ibtidai» yığım (A. Smitə görə «previous accumulation») mövcud olduğunu, yəni kapitalist istehsal üsulunun nəticəsini deyil, onun başlanğıc nöqtəsini təşkil edən yığım mövcud olduğunu fərz etməliyik.

Bu ibtidai yığımın siyasi iqtisadda oynadığı rol, din aləmində ilk günahın oynadığı rolun təxminən eynidir. Adəm buğdanı yeməklə bütün bəşər nəslini günaha batırdı. Bu hadisəni izah edirkən, onu çox qədim zamanlarda olmuş tarixi bir lətifə kimi təsvir edirlər. Guya çox qədimlərdə bir dəstə çalışqan, ağıllı və hər şeydən əvvəl, qənaətkar adamlar, bir də əllərinə keçəni israf edən və hətta bundan artığına da əl atan bir yığın lüt tənbəllər varmış. Doğrudur, günah haqqında dini əfsanə bizə, insanın alın təri töküb çörək yeməyə məhkum olunduğunu təsvir edir; iqtisadi günah tarixi isə açıb göstərir ki, buna qətiyyən ehtiyac hiss etməyən adamlar necə meydana gəlmişlər. Lakin bunun heç bir fərqi yoxdur. İş belə gətirmiş ki, birincilər sərvət toplamışlar, ikincilərin isə, ən nəhayət öz canlarından başqa satmağa heç bir şeyləri qalmamışdır. Nə qədər işləsələr də hələ indiyədək öz özlərini satmaqdan başqa heç bir şeyləri olmayan böyük yoxsullar kütləsi, bir də lap qədimlərdən bəri işləmədiklərinə baxmayaraq sərvətləri daim artan bir ovuc varlılar guya həmin günaha batmaq zamanından bəri mövcud imişlər. Məsələn, «propriete»yə [mülkiyyətə] bəraət qazandırmaq məqsədi ilə c. Tyer bir zamanlar iti düşüncə sahibi olan fransızlara bir dövlət adamı ədası ilə təntənəli və ciddi tərzdə bu kimi uşaq nağıllarını təkrar edib durmaqdadır. Lakin bir halda ki iş gəlib mülkiyyət məsələsi üzərinə çıxır, müqəddəs vəzifə uşaq əlifba kitablarındakı bir nöqteyi-nəzəri bütün yaşlarda və bütün inkişaf pillələrində olanlar üçün yeganə nöqteyi-nəzər kimi əsaslandırmağı tələb edir. Məlum olduğu kimi, istila, zülm və talan–bir sözlə, zorakılıq, gerçək tarixdə çox böyük rol oynamışdır. Lakin biçarə siyasi iqtisadda əzəldən idilliyə hökm sürmüşdür. Hüquq və «əmək» varlanmaq üçün lap əvvəldən yeganə vasitə olmuş, lakin «hazırkı il», aydındır ki, həmişə istisna təşkil etmişdir. Həqiqətdə isə ibtidai yığım metodları–hər nə olsa da, idilliya deyildir.

Pul və əmtəə, həmçinin yaşayış vasitələri və istehsal vasitələri özlüyündə kapital deyildir. Bunları kapitala çevirmək lazımdır. Lakin belə bir çevrilmə ancaq müəyyən şərtlər əsasında baş verə bilər ki, bu şərtlər də aşağıdakılardan ibarətdir: ən müxtəlif qəbildən olan iki əmtəə sahibi bir-biri ilə görüşməli və əlaqəyə girməlidir; bunlardan biri pul, istehsal vasitələri və yaşayış vasitələri sahibidir, digəri isə azad fəhlələrdir; birincisi, mənimsədiyi dəyər məbləğini daha da artırmaq üçün iş qüvvəsini satın almalıdır, ikincilər isə, öz iş qüvvəsini satır, deməli, əmək satır. Fəhlələr iki mənada azaddırlar: onlar heç də qul, təhkimli kəndli və sairə kimi, bilavasitə istehsal vasitələri cümləsindən deyillər, lakin onların müstəqil təsərrüfatla məşğul olan kəndlilər və başqaları kimi istehsal vasitələri də yoxdur; əksinə, onlar istehsal vasitələrindən azaddırlar, bunlardan azad edilmişlər, bunlardan məhrumdurlar. Əmtəə bazarının belə qütblərə parçalanması nəticəsində kapitalist istehsalı üçün əsas şərtlər yaranmış olur. Kapitalist münasibəti tələb edir ki, əməyin həyata keçirilməsi şərtləri üzərindəki mülkiyyət fəhlələrdən ayrılmış olsun. Kapitalist istehsalı ayaq tutan kimi həmin ayrılmanı nəinki davam etdirir, hətta daim artan bir miqyasda təkrar istehsal edir. Beləliklə, kapitalist münasibətini yaradan proses, fəhləni öz əmək şərtləri üzərindəki mülkiyyətdən ayırmaq prosesindən başqa bir şey ola bilməz; bu proses isə bir tərəfdən ictimai istehsal vasitələrini və yaşayış vasitələrini kapitala, digər tərəfdən də, bilavasitə istehsalçıları muzdlu fəhlələrə çevirir. Deməli, ibtidai yığım adlanan şey ancaq, istehsalçını istehsal vasitələrindən ayıran tarixi prosesdən başqa bir şey deyildir. Bu proses kapitalın və ona mütabiq olan istehsal üsulunun tarixqabağı dövrunü təşkil etdiyi üçün «ibtidai» görünür.

Kapitalizm cəmiyyətinin iqtisadi quruluşu feodalizm cəmiyyətinin iqtisadi quruluşundan doğmuşdur. Sonuncunun dağılması birincinin ünsürlərinə sərbəstlik vermişdir.

Bilavasitə istehsalçı, fəhlə, ancaq o zaman öz-özünün ağası olur ki, torpağa təhkim olunmaqdan və başqa bir şəxsin təhkimli və ya feodal asılılığından qurtarsın. Sonra, fəhlə öz iş qüvvəsinin azad satıcısı ola bilmək üçün və öz əmtəəsini alıcı olan yerlərə apara bilmək üçün sexlərin hökmranlığından, şagird və usta köməkçiləri üçün qoyulmuş sex nizamnamələrindən və əməyi buxovlayan başqa qaydalardan xilas olmalıdır. Beləliklə, istehsalçıları muzdlu fəhlələrə çevirən tarixi proses bir tərəfdən, feodalizm mükəlləfiyyətlərindən və sex məcburiyyətindən istehsalçının azad edilməsi kimi meydana çıxır; bizim burjua tarixçiləri də təkcə bu cəhəti görürlər. Lakin, digər tərəfdən, azad edilənlər ancaq o zaman özlərinin satıcısı olurlar ki, özlərinin bütün istehsal vasitələri və qədim feodalizm təsisatlarının təmin etmiş olduğu bütün yaşayış imkanları əllərindən alınmışdır. Onların əmlakdan belə məhrum edilmələri tarixi isə, bəşəriyyət tarixinə atəş və qılıncla yazılmışdır.

Sənaye kapitalistləri, bu yeni hökmdarlar, yalnız sex ustalarını deyil, sərvət mənbələrinin sahibi olan feodalları da sıxışdırıb aradan çıxartmalı idilər. Bu nöqteyi-nəzərdən onların yüksəlişi, feodal hakimiyyətinə və onun dözülməz imtiyazlarına qarşı, həmçinin sexlərə qarşı, istehsalın sərbəst inkişafına və insanın insanı sərbəst surətdə istismar etməsinə mane olan sex buxovlarına qarşı qalibiyyətli mübarizənin nəticəsidir. Lakin sənaye cəngavərləri qılınc cəngavərlərini ancaq, özlərinin əsla iştirakı olmadığı hadisələr sayəsində sıxışdırıb meydandan çıxara bilmişlər. Onlar da, bir zaman Romada azad buraxılan qulların dönüb öz sahibləri üzərində hökmran olmasına imkan verən çirkin vasitələrdən istifadə etməklə yüksəlmişlər.

Həm muzdlu fəhləni, həm də kapitalisti yaratmış olan inkişafın başlanğıc nöqtəsi fəhlənin qul vəziyyətinə düşməsi olmuşdur. Bu inkişaf, onun əsarət formasının dəyişilməsindən, feodal istismarının kapitalist istismarına çevrilməsindən ibarət idi. Bu prosesin gedişini başa düşmək üçün, çox da uzaq keçmişə əl atmağımıza ehtiyac yoxdur. Kapitalist istehsalının birinci rüşeymlərinə arabir hələ XIV və XV əsrlərdə Aralıq dənizi sahillərindəki ayrı-ayrı şəhərlərdə təsadüf edilirsə də, tarixdə kapitalizm dövrü ancaq XVI əsrdən başlanır. Bu dövr təhkimçiliyin artıq çoxdan məhv edildiyi və orta əsrlərin parlaq səhifəsi–sərbəst şəhərlər–xeyli solmuş olduğu yerlərlə başlanır.

Yaranmaqda olan kapitalistlər sinfinin yüksəlməsində ling xidmətini görən çevrilişlər ibtidai yığım tarixində bir dövr təşkil edir; lakin burada xüsusilə mühüm rol oynayan cəhət, yığın-yığın kütlələrin qəflətən və zorakılıqla öz yaşayış vasitələrindən məhrum edilib qanun xaricində qoyulan proletarlar halında əmək bazarına yeridilməsindən ibarət olmuşdur. Kənd təsərrüfatı istehsalçısının, kəndlinin torpaqdan məhrum edilməsi, bütün bu prosesin əsasını təşkil edir. Bu məhrum edilmə prosesi müxtəlif ölkələrdə müxtəlif çalarlarda olmuş, müxtəlif qaydada və müxtəlif tarixi mərhələlərdə müxtəlif fazalardan keçmişdir. Bu, klassik formada o ancaq İngiltərədə baş verdiyi üçün, biz də misal olaraq İngiltərəni götürürük. (Kapitalist istehsalının hər yerdən qabaq inkişaf etmiş olduğu İtaliyada, təhkimçilik munasibətləri də hər yerdən qabaq pozulmuşdur. Təhkimli burada hələ özünə torpaq hüququ qazanmamışdan təhkimli vəziyyətindən azad olmuşdu. Buna görə də bu azad edilmə təhkimlini dərhal qanun xaricində qalan proletara çevirir və o da çoxu hələ Roma dövründən qalmış şəhərlərdə özünə dərhal yeni ağalar tapır. XV əsrin axırlarından dünya bazarında baş verən inqilab58 Şimali İtaliyanın ticarət üstünlüyünü məhv etdikdən sonra əks istiqamətdə hərəkət başlandı. Şəhərlərdən sıxışdırılıb kəndlərə gedən yığın-yığın fəhlələr kəndlərdə bağçılıq şəklində qurduqları xırda əkinçilik işini görünməmiş dərəcədə tərəqqi etdirməyə başladılar.)


Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə