A ğ saqqals ö z ü



Yüklə 185,49 Kb.
səhifə3/3
tarix26.09.2017
ölçüsü185,49 Kb.
#2094
1   2   3

Dediyi kimi də oldu. Bilmirəm uşaqlarından onun adını götürən oldu , ya yox.

Payız vaxtı köç yaylaqdan təzə gəlibmiş. Nənəsi yağı əridib, soyumaq üçün baydalara süzübmüş. Abasqulu bir bayda yağın hamısını içir.(Abış da yağ içən idi, ancaq o qədər yox .) Sonra zoğallığa düşüb, zoğaldan yaxşıca yeyir , evdə hesab edirlər ki , yağı balaq içib. Abasqulu əhvalatı danışanda nənəsi hər şeyi anlayır.

Abasqulu ferma müdüri işləyəndə qoyun sürülərini Xustubdakı yaylaqlarımıza: Gığı başına , Daş başına , Çəmən yurda , Oğlancağa, Qapıcığa, Qurddaşına, Təpəsərə aparırmışlar. Yolda bir sürü dığa qoyun oğurlamaq istəyib. Abaqsulu hamısını döyüb tökmüşdü çaya. Kolxoz sədri əhvalatı eşidib onlara qonaqlıq verib. Qonaqlıqda İdrislə Abasqulu yeməkdən əlavə hər biri 40 dondurma yeyib. İdris deyib ki , Abasqulu , indiyə qədər ürəyim belə sərinləməmişdi.

Rəhmətlik deyirdi ki, dığaları döyüb çaya tökən mən , dondurmadan ləzzət alan İdris oldu.

Düzdür , Abasqulu oxumamışdı , ancaq fərasətli idi , zamanın nəbzini tutmağı bacarırdı . Elmə-təhsilə qiymət verərdi . Oturub-durub oğlanlarına deyərdi ki , adam görənə kimi yox , goruna kimi elm öyrənər . Sənlə mənim də bir qohumumuz var idi. Oğluna lazım olan kitabların hamısını almazdı. Deyərdi ki , birini oxu qurtar, sonra o birilərini alaram. Amma Abasqulu uşaqlarına kitab –dəfdər lazım olanda , hardan olsa , tapıb alardı. Ona görə də oğlanlarından Allahqulu oxuyub, bank işçisi oldu . Çox qohumçanlı , dost qədri bilən , el təsibi çəkən , böyüyün-kiçiyin yerini bilən oğlandır . Şəhərdə yaşasa da , bir ayağı kənddədir. Kəndin bütün xeyir-şərində iştirak edir .

Allahqulunun yaxşı yoldaşlığı və məzəli söhbətləri var. Pasport almaq üçün rayon mərkəzinə gedib, şəkil çəkdirməli idim , yoldaşlarımdan biri də Allah saxlamış idi. Dedi ki , Abdun əmi, sən nə yaxşı rayona gedirsən? Mən səni indiyə qədər rayon mərkəzinə gedən görməmişəm.

Dedim ki, qardaş oğlu, pasport ücün şəkil çəkdirməliyəm.

Dedi:

- Allah səni saxlasın , deyərdin, çəkdirib göndərərdim dayna, onsuz da Abas kişi elə çəkir ki, hamı bir – birinə oxşayır.



Mən də az qala inanmışdım.

Bir dəfə də Allahqulu sənək əlində su gətirməyə gedirmiş, çox bəduğur, xoşlamadığı bir qonşusu çıxır qabağına . Soruşur ki, hara gedirsən?

Deyir:

-Zoğal yığmağa gedirəm .



-Sənəklə zoğal yığmağa gedərlər? Sən məni aldadırsan, su gətirməyə gedirsən .

-Bəs onda bilirsənsə, niyə soruşursan.

Allah saxlamış diribaş və hazırcavab oğlandır .

Böyük oğlu Allahverdi zootexnikliyi qurtardı, ferma müdiri işləyir, atasının işini davam etdirir.

Məmmədqulu isə traktoristdir , zəhmətkeş oğlandır , 50-60 biçinçinin bafalarını Talıb dərz bağlayanda bəndəmini ancaq Məmmədquluyla Bayrış çatdıra bilirdi...

Abasqulu mərd və dəyanətli adam idi . Əyilməz vüqarı var idi. Onu bircə dəfə ağlayan gördüm . Rəhmətlik yoldaşı Tamam bacı dünyasını dəyişəndə, canazə namazını qıldım , meyidi götürmək istəyəndə Talıb (Allahqulunun uşaqlıq dostudur , ataları da bir-birinə əmioğlu deyə müraciət edərdi , özləri də indiyə qədər bir-birinə əmioğlu deyirlər , kaş bütün insanlar dost ola, qardaş da dost olsa yaxşı olar, öz qardaşına hörmət qoyan, əslində Allahına hörmət qoymuş olur.) mənə yaxınlaşıb dedi ki , Abdun əmi Allahqulunun anasına sonuncu dəfə sözü var , ona icazə ver .

İşarə elədim, Allahqulu gəlib yanımda üzü qibləyə durub , axırıncı dəfə anasını tükürpədici tərzdə səslədi:

Dağlara bax , dağlara,

Qara geymiş dağlara .

Səni səslərəm , ana !

Səsim düşdü dağlara!

Abasquluya yoldaşının ölümüylə bərabər, Allahqulunun düşdüyü vəziyyət –Tamamsız qalan oğlunun ana sevgisi də təsir etdi . Göz yaşı leysan olub , sifətini yudu, gözünü bir yumub , beş tökdü, sanki bir anlığa bulud olub leysan kimi yağdı . Ayaqları sözünə baxmadı, dizləri titrədi, beli büküldü , yarpaq kimi əsdi , o yekəlikdə Abasqulu oldu yumaq. Dərdinə dağlar da tab gətirmədi, baş əydi, yaylım atəşi açmış kimi qayalar bir-birinə çırpılaraq alov saçdılar.

Hamı kimi mən də heyrətimdən quruyub qaldım yerimdə, tüklərim biz-biz oldu, dilim tutuldu, dillənə bilmədim. Heç qanlı-qadalı, odlu-alovlu, dünyanı qana boyamış lənətə gəlmiş müharibədə belə həyəcanlanmamışdım.

Göydəki buludlar da sinəsi dağlı, od-ocağı kül olan Abasqulunun halına dözməyib, leysan olub töküldü yerə. Şimşəklər oynadı, ildırım çaxdı. Sel - su dünyanı aldı ağzına. Hec vaxt sahibini bu vəziyyətdə görməyən əncir ağacına bağlanmış Kəhər at da ehtibarlılığını göstərərək şahə qalxıb, bir neçə dəfə ardıcıl olaraq elə kişnədi ki, dağ-daş lərzəyə gəldi . Ağbilək də qaçıb, kəhərə sığındı. Ağbiləyin aramlı ulartı səsi dalğalanaraq ətrafa yayıldı...

Abasqulu dünyagörmüş adam idi , dünyanın gedişatını anlayırdı. Bilirdi ki, vaxt nə çalır, insan onu oynamalıdır. Fikirləşirdi ki , göy nə yağıb ki, yer onu götürməyib. Bu fikirlə də özünü toparlayıb, xəzəl olub tökülmüş bağçasından əzəmətli və vüqarlı Xustub dağına çatacaq tükürpədici bir səslə oğlunun səsinə səs verdi :

Eləmi , balam ağlar,

Hay çəkib , balam ağlar.

Ana deyib, yas tutar,

Bala dədəylə ağlar!

Allah çəmi ölənlərimizə rəhmət edər. Səni kövrəltdim, mövzunu dəyişsək , yaxşı olar . Mənə elə gəlir ki , belə anları tez-tez xatırlayıb, saflaşmaq lazımdır . Ağıllı adamlar deyib ki, ölüm öyüd götürmək ücün kifayətdir. Tanrı kədərlə sevinci tən yaradıb , bunların heç birindən qaçmaq mümkün deyil .

Baba aparmır e , gedəm o televizorun böyüyünə bir kəlmə deyəm ki, a kişi, o yarıçılpaqları, zırramaları göstərinçə, belə tərbiyəediçi tamaşalar göstərin, o üç gündən bir evlənib – boşananlar, ata – anasını aparıb qocalar evində qoyanlar, qohum - əqrəbasını of demədən öldürənlər, bəlkə , həyatın nə demək olduğunu qansınlar, başa düşsünlər, kişilərdən nümunə götürsünlər, sevməyin – sevilməyin nə demək olduğunu öyrənsinlər.

Abasqulunun Həmid əmimlə möhkəm saz – bazı var idi. Yəqin ki, əmimlə birgə onun erməniləri döyüb sərhəd dəyişməyin də eşitmisən...

Müharibədən əvvəlki illər idi , kolxoz 3-4 il olardı ki , qurulmuşdu. İl yaman quraqlıq oldu , həm də herağac gəldi . Yadımdadır, aprel ayının onu idi, öküzü tövlədən bayıra çıxardıq . Həmin ili yaylağa da tez getdik . Dağa köçəndə elliklə köçərdik . Nə başını ağrıdım , yurd yerlərimizdə - Gığı başında düşdük , alaçıqlar quruldu , arvad-uşaq səliqə-səhman yaratdılar. Cənnətməkan yerlərdir, bir tərəfdən Səslənən qaya, o biri tərəfən isə Keygidər qayası obamızı dövrəyə almışdı, axırıncı neçə ildir getmirik .

Dağda üç ay qonaq olardıq , quyruq doğanda – yay yarı olanda qayıdardıq arana, xırman işlərimizi yıkunlaşdırardıq.

Çox heyf ki, şura hökuməti gələndən sonra o cür yaylaqlarımızı hədiyyə etdilər gavurlara. Çox heyf , torpaqdan pay olmaz. Dədələrimiz deyərdi ki, öküzün yatdığı yer, özündən yüz dəfə bahadır. Bizimkilər onu qanmadı, bizim bu günümüzü fikirləşmədilər.

Abasqulu əhdinə sadiq olub, bir yaxşı qara üəc kəsdirdi. Həmişə deyərdi ki , ağ qoyunun yunu , qara qoyunun əti. Tonqal qalandı , qazanlar asıldı , təzəcə yeməyə başlamışdıq ki, yaz yağışı tutdu , nə tutdu , yaxşı deyib atalarımız:

-Yaz yağışından , analıq qarğışından bilinər . Düz üç gün, gecə-gündüz yağış kəsmədi . Piriş babamın təklifi ilə getdim pirdən ağ daş gətirdim , atdım ocağa, gün çıxdı .

Məhəmmədəli də gəldi çıxdı ora, kəndimizdə ilk ali təhsil alan o olub. Həm savadlı, həm də yüksək tərbiyəli oğlan idi . Boy-buxununa baxanda adam deyirdi bir də baxım , elə gözəl oğlan idi ki . Qızlar ona qibtə ilə baxırdılar, çoxlarının gözü onda qaldı. Zalım oğlu danışanda ağzından dürr süzülürdü , o vaxt böyük məktəb qutarmışdı. Kəndə gələn kimi, tay-tuşlarını başına yığıb elm öyrədərdi. Üçayaqlı fotoaparat almışdı özünə , dağa onu da gətirmişdi . Hamımızın şəklini çəkdi , sağ olsun , pulsuz da payladı.

Yaşasaydı , inan ,indi Bakıdakı böyüklərdən biri də o idi. Yəqin onun da taleyin Tanrı belə yazıbmış.

Həmid əmim həyat yoldaşı Məsti bacıma dedi ki , hazırlaş , bu yağışlı, dumanlı, çiskinli havadan bezdim , köçürük arana . Rəhmətlik Piriş kişi də dağdaydı . Məsti ağzında yaşmaq mənə yaxınlaşıb , yalvardı ki , ay qağa , Həmid səni eşidir , ona deynən inadından dönsün . Dağ belə olar da, dədəm də burdadır , eşitsə , mən nə deyim , heç olmasa , icazə verə , uşaqları qoyum dədəmgilin yanında.

Yaxınlaşıb təklifi əmimə dedim.

Dedi ki , bala , mənim bir ildə iki qış keçirməyə halım yoxdu . Abasqulu gördü ki , pərt oluram , söz atdı ki , Həmid qağa , hazırlaşın gedək Naxçıvandan hərəmiz bir yük duz gətirək, bir hissəsin qoyarıq burada , qalanını da apararıq kəndə. Yaxşı ki, razılaşdı. Sübh tezdən atları , qatırları minib yollandıq Naxçıvana – duz mədəninə . Rahat çatdıq. Duzu aldıq , bir az dincəldik . Çörəyimizi yeyirdik ki , birdən hay düşdü ki , pəhləvan gəlib , güləşməyə adam tapmır. Məmiş oğlu Alyar fırlanıb tez xəbər gətirdi ki , düzdən də pəhləvan meydanda dövrə vuraraq “ay mənə qənim , ay mənə qənim “,- deyir. Hamımız getdik meydana , adam çox idi .

Abasqulu dedi ki, bir ayağım boydadır , Həmid qağa , o bizi kim hesab edir ?

Əmim dedi ki , Abasqulu sıxarsan , ölüb eliyər , sən Allah , qoy rədd olsun , baxaq , görək işin axırı nə ilə qurtaracaq . Bu xamır hələ çox su aparacaq .

Belə də etdik , xeyli tamaşa etdik. İki –üç adam çıxdı. Çıxan kimi də pəhləvan onları aldı başına , vurdu yerə , sonra əlini par-par parıldayan başına çəkib, yənə də meydanda dövrə vurmağa başladı .

Birdən Hacı pambıqlısını çıxarıb üstümə ataraq meydana hoppandı . Meydanın lap mərkəzində durub, şəhadət barmağını pəhləvana tərəf silkələyərək nə isə deyirdi . Bilirsən də , nə demək istəyirdi . Bu hərəkəti ilə də pəhləvanı özündən çıxartdı .

Deyiblər insanı söz , kababı köz yandırar. Pəhləvan pörtdü, özündən çıxdı , əlini döşünə vura-vura Hacıya yaxınlaşdı .

-Ədə , yaxın gəlmə , nəfəsini kəsəcəyəm ,-deyə Haçı dilləndi .

Pəhləvan Haçıya əl atmaq istəyəndə , daz baş pəhləvanı bir an içində alıb başına , vurdu yerə . Pəhləvan əl çəkmədi ki , əl çəkmədi . Dedi ki , başlamaq fiti verilməmişdi . İkinci dəfə başladılar . Bu dəfə möhkəm tutuşdular , pəhləvan keçəl başını Hacının çənəsinin altına verib , güc göstərirdi . Hacı zoruna döndüyüm güc verib , pəhləvanı qaldırdı başının üstə , bərkdən dedi :

Ay Mədəd , gəl gör buncığazın fəndi-feli harasındadır , tez çıxart. Hamımız gülüşdük , bizi onda da Hacı sevindirdi . Çox qüvvəli , mərd namuslu-qeyrətli adamdır. Fələk Hacının da “bostanına daş atdı”. Onu da Şamamanın vaxtsız ölümü əritdi . İmanlı kişidir , oğlu Şükür anadan olanda düz yeddi qurban kəsdi, payladı kənd camaatına .

-Abdun qağa , kəndin sayılıb - seçilən oğlanlarından biri də Xəlil dayımın oğlu Cəmil idi .Yadımdan çıxmır onun Göy ürgənin belində cövlanladığı vaxtlar .

- Kəndimizdə yaxşı at çox olub, ancaq Həmid əmimin atı kimi güclü, nəfəsli , iti sürətlisini görməmişəm. Əmim Akaradan Kafana o qədər yük daşıyıb ki, o atla. ”Süsən “ meşəsindən Akaraya mil daşıyırdıq. Biz ikisini yükləyəndə əmim dördün yükləyirdi.

Atı saxlamağı da , gərək unutmayasan , onun atı həmişə ifcin nallı olardı, yemini də kəsməzdi, bol-bol verərdi.

-Hə, Cəmil igid oğlan idi . Xocahandan Qubadlıya əllə yol cəkirdik. Hal kəndinin yaxınlığnda işləyirdik . Hər kənddən 10 – 15 nəfər işçi gedirdi. Texnika yox idi. Qonşu Vənədli kəndindən də nümayəndələr var idi.

Mətiylə Budaq qardaşları dedilər ki , Abasqulu , səndən cox deyirlər. Gəl adama 3 daş ataq, görək çinarların başından kim daş keçirə biləcək. Razılaşdıq. Yarışa çox adam qoşuldu. Onların içində bizim Cəmil də var idi. Məti dedi ki, Abasqulu, bu başını başlara qoşmaq istəyən kimdi?

Dedi:


- Ə , dilini özündə saxla . O , çox qüvvətli , qürurlu, vüqarlı oğlandır. Kişinin gözəlliyi də onun vüqarındadır. Allah qorusun , çevik və qoçaqdır . Mənə görə sənə bir söz demədi , onunla danışanda bir az ehtiyatlı ol. Bayaqdan işləyəndə görmürdün onu? Hər oğulun işi deyil o işlətdiyi kvaltı işlətsin. Onun kvaltının çəkisi bir putdur.

Bizdə deyərlər ki , buğ burmaq Koroğluya, sakit -sakit baxmaq Cəmilə yaraşır . Onun kvaltının çəkisi bir putdur. Hələ, sən onun bir baxışlarına bax , sonra danışarsan.

-Kimlərdəndir?

- Səncə , kimlərdən olar ?

-Kürəyinin eninə görə Həmidə oxşayır .

-Əmioğlu , yanını qaşı , gözü çıxmışın pis gözü var .

Düz deyirsən, sizin o dana- duna oğrularınızın qənimi Həmidin qardaşı oğludur, Şərifin nəvəsidir, atası Xəlil də mahir ovçudur, göydə uçan quşları gözündən vurur.

- Oxşayır. Atalar düz deyib ki , ərdən ər törər , nərdən nər , ot kökü üstə bitər . Kök üstə bitən otlardandır. Allah qorusun . Həmidin xətrini çox istəyirəm , mərd və sözünə bütöv adamdır, onunla dəfələrlə duz-çörək kəsmişəm, qorxu-ürkü bilən adam deyil. O ili piristav molla Haçının xətrinə dəyəndə əlinin duzunu piristava da göstərmişdi.Yaxşı atı var . Bir dəfə Akaradan gəlirmiş, qonşu kəndlərin birindən keçəndə bütöv bir kənd yolu kəsib , onunla haqq-hesab çəkmək istəyib. Onu o vaxt cəsarəti, bir də sürətli çapan atı olmuşdu. Doğrudan da, ata yaxşı qulluq edəndə igidə qardaş ola bilir. Oğlunun vaxtsız ölümü onu çox məyus etdi, sarsıtdı. Salamımı çatdırarsan.

Hamımız yarışı maraqla izlədik. Cəmil kənarda sakitcə durub, əlindəki daşları atıb-tuturdu .

Çinarın başından 3 daş keçirən olmamışdı. Sevinən də oldu , pərt olan da. Abasqulu Cəmili səslədi. Sakit - sakit gəlib nişanlanmış yerdə durdu, hamı kimi o da üç daş atdı. Cəmilin atdığı daşların üçü də çinarın başından keçdi. Hamımız sevindik. Hamımızdan çox isə Abasqulu sevindi. Həmişə deyirdi ki, kişi kişiyə , el adamına təsib çəkər, arxa durar . Axşam kəndə gələn kimi kəndin ağsaqqallarını yığıb, qonaqlıq verdi .

Müharibə törədənləri lənətə gəlsin. Cəmil də çoxları kimi müharibəyə getdi, ancaq xəbəri gəlmədi. Yadımdadır, kəndimizdən müharibəyə 49 nəfər gedən oldu. Onlardan 17 nəfəri geri dönə bildi. Alcəfər, İsmayıl, Məhəmmədəli, Əmir, İslam, İsmixan ,Yarış , Baba və başqa oğlanlar müharibəyə qurban getdilər.

Ay Rəşid , dünyanın işini bilmək olmaz . Bu dünyanın şərbətini içən içib , içməyən içəcək , bu dünyadan koçən köçüb , koçməyən də köçəcək . Ölüm qaşla göz arasındadır. Süleymana qalmayan dünya heç kəsə qalmaycaq . Allah canımızı alanda torpağın altında taxt quracağıq. Ərkim çatan bütün qohumlara demişəm , qocaları köməksiz qoyub şəhərə axışmayın .

Çalışın gücünüzü tam itirməmiş kəndə qayıdın. Cəlil əmimin bir nəsihəti mənim heç vaxt yadımdan cıxmır . İnsanların qocalmağından söhbət düşəndə rəhmətlik deyərdi ki , insan əlli yaşından sonra ilbəil, altmış yaşından sonra aybaay , yetmiş yaşından sonra həftəbəhəftə , səksən yaşından sonra günbəgün, doxsan yaşından sonra saatbasaat qocalır . O vaxtlar , düzü , mən də bu fikri tam dərk etmirdim, ancaq indi tam dərk edirəm ki , əmim rəhmətlik necə də düzgün deyirmiş. İndi yaşınla fiziki gücün arasındakı əlaqəni özün hesabla.

Torpaqlarımızı alıb, bizi güclə kolxoz adıyla birləşdirdilər . Bu belə qalmayacaq , Allah bir yol açacaq , torpaq yenə sahiblərinə qayıdacaq . Kənddə olmasaq , torpaqlarımızı başqaları , yad-yalanlar alacaq , onda qəbrimiz od tutub yanacaq.

Rəşid , dəyirmanımızdan yuxarı , palıd şivlərinin ortasında 1 cüt dəyirman daşı var . Allah kömək olmuş Talıb gətirmişdi . Daşları şivliyə aparmaq üçün 12 öküz qoşduq, qızıl öküz , sağal öküz , çəvkənbuynuz , ağbal öküz , ildan , heyran öküz də bunların içində idi . Rəşid, həm yaraşığına , həm də çox güclü və rast olduğuna görə İdris deyirdi ki , Pirdavdan haqqı Qızıl öküzü volqaya dəyişmərəm. Nədənsə , dəyirmana baxan olmadı , dağıldı getdi . Bu da belə qalmayacaq .Vaxt gələcək su dəyirmanımızın ununu əl-əl axtaracaqlar. O zaman bu daşların qiyməti olacaq , axtarılacaq . Dəyirman daşları sizə əmanət.

Tamaş mamam yadındamı? Batdaxlıda çıxan bulağı o rəhmətlik düzəltmişdi. Suyu da çox gur idi , dəyirman işlədirdi. Şura höküməti gələndən sonra o bulağın gözünə qəlib basıb bağladılar. Gələcəkdə imkan olan kimi o bulağa da can verərsiniz.

Kəhrizin suyu 15-20 ildən bir azalacaq. Kankançılar çağırıb təmizlədərsiniz ki , suyu qayıdıb yerini azmasın , suyun başlanğıcı Salmanın armudu ilə üzbəüz qara əncirdən 5-10 metr yuxarıdan başlayır. Cəmi 17 quyu qazılıb , 5 quyu dərəyə kimi , 12-si isə dərədən sonra qazılıb. Ən dərin quyu 9 metrdir. Quyuları Cəbrayıllı kankançılara qazdırmışıq , tat Allahqulunun oğlu Mədətin də xidmətləri çox olub.

Kənddə əvvəllər tikililərimizi əhənglə tikərdik. Sonradan başladılar sementlə tikməyə, ancaq mən bunun əleyhinəyəm. Heyf deyil əhəng! Əhəng evi yayda sərin, qışda isti edər.Qışda işlərin azlığından istifadə edib , lazım olanda quyu yandırardııq. Hər quyudan 35-40 ton əhəng götürırdik. Nuruşun yerinin dabanında, su dərəsində, orta dərədə, xırman-mərək dərəsində, qarağaclıdakı quyular bizə yaxşı xeyir verib. Bu təbii sərvətlərin qədrini bilin .

Rəşid, bilirsən, bilmirsən bizim balacamız İlman su tikindi idarəsinin rəisi işləyir . Bu yaxınlarda mənə xəritə göstərdi . Deyir ki , dədə , Şeyidməmməddə yalın belində böyük su anbarları tikəcəyik. 1000 hektar üzüm sahəsi su altına düşür. Anbarlara su Araz cayından vurulacaq.

Xətti çəkib qurtarmaq üzrədirlər , tikinti işi qurtaranda demişəm Sofular pirinə də su xətti cəksin. Mir Yusif babama Allah rəhmət edər. Ocağı çox müqəddəs bir ocaqdır. Deyirlər ki , hər il ocağa maral gəlir . Niyyət edənlər müntəzəm olaraq bu ocağı ziyarət edirlər . Kəndimizin qəbiristanlığı elə bu Sofular pirinə yaxın ərazidə yerləşir. Allah orada uyuyanların yerini cənnət edər , qəbirləri nurla dolar.

-Amin.

Gələçəyimiz balalarımızın təhsilindən xeyli dərəçədə asılıdır . Uşaqlara təhsil verməyi unutmayın . Deyir çox oxuyan çox bilməz , çox gəzən çox bilər , ona görə də , uşaqları buraxın çəmiyyətin içinə , qoyun bərkə-boşa düşüb bərkisinlər , dünyagörüşləri artsın , ayılsınlar . Ancaq nəzarəti də unutmayın .



Dünya malı dünyada qalır , el-oba adamlarının qəlbində yaşamaq istəyirsinizsə , imkanlılar toplaşın , mən də kömək edərəm, kəhrizin suyunu çıxardın Xırmanlara , ordan paylayın evlərə . Su həyatdır , qoy gələcək nəsillərimiz bizə rəhmət oxusunlar . Su olan yerdə həyat , işıq olan yerdə yaraşıq olar . Babalarımız Keşkəranın, sonra da Dərəzəminin suyunu kəndə çəkmək istəyiblər , alınmayıb . Suya görə son vaxtlar çoxları dərənin ətrafında ev tikmək istəyinə düşdü, ancaq gördülər ki , kəndin yerini babalarımız düz seçiblər .

Hər bir müsəlman övladı gələcəyə nikbin gözlə baxaraq , ölümünü də unutmamalıdır. Kim nə əkib, onu biçər, bir gün gələn, bir gün köçər. Mən də İlmana vəsiyyət etmişəm ki, Allah qoysa, dünyamı dəyişəndə məni Sofularda, yalın belində adətimizlə dəfn etsin. Allahımı sevirem , yəqin sidq ürəkdən etdiyim niyyətimi də ulu Tanrı eşidib məni ulularımızın uyuduğu torpaqda imtahan edər. Bir şeyi də unutmayın ki , qəbrimin üsdünə gül qoymayın, əvəzində dualar edin , gülə verdiyiniz pulları yetim-yesir üçün xərcləyin. Bir dəfə dua etmək , bir ton gül qoymaqdan əfzəldir. Mənə dua etməkdən əvvəl imamlarımıza, peyğəmbərlərimizə, seyidlərimizə , üləmalarımıza , torpaqlarımızı bizlərə ərmağan edən insanlara , şəhidlərimizə , validiyenlərimizə dua edin.

O zaman cənubdan gələn azan səslərini eşidib , rahatlıq taparam. Ruhum doğma yurdumda , VƏTƏNİMDƏ dolaşacaq .

Payız qışdan əzəldir ,

Yarpaq tökən xəzəldir .

Vətən viran olsa da ,

O , cənnətdən gözəldir .

Abdun qağa , nə yaxşı bu gün gəlib səninlə görüşdüm , həmsöhbət olduq. 20 ildən çoxdur Bakıda yaşayıram , belə mənalı gün keçirməmişdim. Ayağım yer tutub , ağlım kəsəndən bu günə qədər gördüyüm , eşitdiyim bütün hadisələr gözümün önöndən gəlib keçdi , xatirələr yadıma düşdükcə, lap duyğulandım. İnanın, bugünkü günüm ömrümün ən yaddaqalan anları olacaq. Pərnaz rəhmətlik xırman üstündə hərdən zümzümə edərdi e :

Aşiq Minayə dəyər ,

Xalın min ayə dəyər.

İl var , bir günə dəyməz,

Gün var min ayə dəyər .

Bəs eşitməmisən ki , bir günün hökmündən yaranır min il . Çox sağ olun . Allah hər günümüzü yaddaqalan edər.

Rəşid , mən həmişə öyüd- nəsihət verməyi özümə borç bilirəm. Ədalətli, ləyaqətli, qədirbilən, xeyirxah olun. İşinizdə qanunsuzluğa yol verməyin, var -dövlət üçün deyil, yaxşı ad üçün çalışın. Yadınızda saxlayan ki, dövlətin bir iynəsini yeyən, qırx qıyıq qaytarar. Çalışın qarşı tərəfə qarşı qəzəblənməyin, fikirləşib danışın. Alyar demişkən , gərəklini gərəkməzdə görün.

İşinizdə düz və dəqiq olun ki, Allah-taala işində düz olanları sevir. Qonaqpərvər, qonşucanlı, əhdə vəfalı və cətinliklərdə əl tutan olun ki, sizdən sonra gələnləriniz cətinlik , zəlillik və möhtaclıq görməsinlər.

Düşmənçilikdən çəkinin, qohumlarla küsülülük saxlamayın.Var-dövlətinizin qədrini bilin, gəlhagəlin gethagedi də olur , çay həmişə qızıl alma gətirmir , yoxuşun enişi də olur, dolan boşalmalıdır , təbiətin hökmü belədir , yaradan hər şeyi qədərincə edər , gecə ilə gündüz bərabər olduğu kimi , ömrümüzün sevinci ilə kədəri də bərabər olur. Kasıblayarkən ruhdan düşməyin, özünüzdə güc tapıb dözün , iradəli olun , bir iş görəndə yüz ölçün bir biçin , çünki quyu dərin olanda suyu sərin olar . Allahın borcunu verməyənə borc verməyin, İşlərinizdə şəriətin tələblərinə əməl etməyə çalışın, onda ulu yaradan da sizə güc və iradə verər.

Heç vaxt ümidinizi itirməyin. Bizi ən yaxşı Allah bilir, qeyrisi ya səhv, ya da az bilir. Sizi peşman edənlərə görə ümidsiz olmayın, xoşbəxt olacağınız gün də gələr.Sizi incidənləri görüb hər kəsi elə bilməyin, sizi xoşbəxt edə biləcək insan da gələr. Bu gün çox dərdim var deməyin, o dərdi sizə verən Allahın dərman verdiyi gün də gələr. Rəbbinizə dua edin. Dua etsəm, nə olacaq deməyin, duanızın qəbul olduğu gün də gələr.

Hər kəs doğru yol göstərə bilməz, doğru yol göstərənlərdən olun.

Söhbətin bu yerində Hüsnüyyə qonşu otaqda radioya xod verir , ürəkləri heyrətə gətirən muğamat səsi eşidilir:

Özgədən heç zaman gözləmə kömək ,

Quru budaq kölgə salmaz , ey ürək .

Qənaət əzizlər , tamah xar eylər ,

Az olan şeylərə qənaət gərək .

Əzizinəm bir də mən,

Doldur içim, bir də mən.

Ömür keçdi, gün keçdi.

Cavan olmam bir də mən.

YAŞAR HƏMİDOV, filoloq, publisist .









Yüklə 185,49 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə