A n a r əsərlər I hekayələr, povestlər



Yüklə 3,36 Mb.
Pdf görüntüsü
səhifə14/171
tarix30.09.2017
ölçüsü3,36 Mb.
#2501
1   ...   10   11   12   13   14   15   16   17   ...   171

 43 

İnsan yalqızdır. O, insanlıq dənizinin içində böyük 

fırtınalarda iştirak edə bilər. Lakin həyatın əsas müşküllərini o 

özü tək, kimsəsiz həll etməlidir, açmalıdır. 

Ömür. Tale. Məhəbbət. Yaradıcılıq. İztirab. Ölüm. 

Bu  əzəli və  əbədi qüvvələr qarşısında insan təpə-tənha 

dayanmışdır. Quyu təkin. 

İnsan quyu kimidir. Quyunun suyunu içirlər. Lakin onun 

dibinə düşənlər çoxmudur? Həyat insanın güzgüsündə – 

quyunun suyunda əks olunur. Lakin günəşi, ağacları, otları, 

bütün ona baxanları üzünə yapışdıran bu suyun altında nələr 

vardır? Quyunun dibindən xəbərdar olanların çox qismi onun 

suyundan ikrah etmir? 

İnsan təkdir. Həyat, ölüm, eşq, yaradıcılıq problemlərini o 

tək etməlidir. 

O Robinzondur. Həyat – Cümə. O – Robinzondur. Ölüm – 

Cümə. O – Robinzondur. Sevgi – Cümə. 

O heç yerdən kömək diləmir, heç kəsdən yardım istəmir. Nə 

atadan, nə anadan, nə arvaddan, nə bacıdan, nə qardaşdan, nə 

övladdan, nə də dostdan. 

İnsan kiçik dənizdir. O böyük dənizdən – İnsanlıqdan su 

sızmaz, ün keçməz qayalarla – öz "mən"iylə, fərdiylə, taleiylə 

ayrılmışdır. O, heç vaxt böyük dənizlə qovuşa bilməyəcəkdir. 

İnsan  əkiz doğulduqda belə dünyaya tək gəlir. Sevdiyilə, 

sevdikləriylə, necə deyərlər "can bir qəlb" olsa da, hərfi 

mənada "can bir qəlb" ola bilmir. Yüz min adamla birlikdə bir 

bombadan, bir minadan bir partlayışdan ölsə belə tək ölür. 

İnsanlıq – insanlardan ibarətdir, fəqət insan insanlığın 

ayrılmaz bir hissəsi deyil. Ayrılan, hər an ayrıla bilən bir 

hissəsidir. Məsələ bundadır. Hər kəs insanlığın səadəti və ya 

bədbəxtliyi barəsində düşünür. Lakin insanlıq hər kəsin səadəti 

və ya bədbəxtliyi haqqında düşünmür. İnsanlığın nə borcuna? 

İnsanlığın dərdlərini çiynindən atan adam özü haqqında 

düşünməyə başlayır. O, mərəzlərin  ən dəhşətlisi olan 

özünüanaliz mərəzinə  tutulur. Quyunun dibinə, qəlbinin 

downloaded from KitabYurdu.org




 44 

quyusuna, könlünün gecəsinə düşür. O, öz daxilində  həqiqət 

axtarır ki, həyatın həqiqətini də anlaya bilsin. O həyatın 

inkaredilməz həqiqətlərini" öz daxili varlığının təcrübəsiylə 

yoxlamaq istəyir. Ona elə gəlir ki, əsl həqiqət – insanın özünün 

şəxsən tapdığı  həqiqətdir. O, bu həqiqəti axtarır, tapır, bəli, 

tapır, amma dalına qulaq asın, tapır, …tapır və  şübhələnir, 

tərəddüd edir, bir də, on da, yüz də yoxlayır və …itirir. 

Yenidən axtarır, yenidən tapır və yenidən itirir. Təzədən 

axtarır, tapır, itirir və s və i.a. Axır ki, o qəribə bir həqiqət icad 

eləyir: yeganə  həqiqi həqiqət yeganə  həqiqi həqiqətin 

olmamasıdır. Bütün qalan həqiqətlər nisbidir. Hər şey. Varlığın 

dərk olunub olunmaması haqqında mübahisə edən filosoflardan 

tutmuş bir kilo almanın qiyməti haqqında mübahisə edən 

alıcıyla satıcıya qədər bütün insanların rəyləri, fikirləri, 

əqidələri nisbidir. 

Bu böyük  həqiqəti tapan insan, onu tapdığı gün insanların 

əksəriyyətinin gözündə öz insanlığını itirir. 

Doğrudan da artıq o meyitdir. Canlı meyit. O Xeyir və Şəri 

dərk  etməkdən acizdir, deməli yaşamır,  çünki insanların 

çoxunun fikrincə yaşamaq – bu iki qüvvədən birinin tərəfinə 

durmaq deməkdir. Həqiqətin nisbiliyini anlayan insan heç bir 

tərəfə keçə bilmir. Çünki hər iki tərəf özünü Xeyir – müqabilini 

Şər sayır. Belə insan tərəfləri ayırmır. Onunçün hər tərəf 

eynidir. Şimal qütbündə dayanan adamçün hər tərəf cənub olan 

kimi.  Şimal qütbündə dayanan adam özünün Şimal qütbündə 

dayanıb dayanmadığından da şübhəlidir. Bəlkə  də o Cənub 

qütbündə dayanmışdır və  hər tərəf onunçün Şimaldır. Axı 

qütblərin adı da nisbidir. 

Qütbdə durub-durub üşüyürük. Darıxırıq. Donuruq. 

Hisslərimiz donur. Beynimiz buz bağlayır. Ürəyimizdə altı ay 

gecə olur. 

Boz, nimdaş, rəngi getmiş taksilər sevdiklərimizi bizdən 

aparırlar. Onları saxlamağa cəhd etmirik. Laqeydliyimizin 

buzunu əridə bilmirik. 

downloaded from KitabYurdu.org




 45 

Çünki yaxşı bilirik, taksini saxlamaq mümkündür. Vaxtı 

saxlamaq olmaz. Qadını qaytarmaq mümkündür. Keçib gedən 

dəqiqələri qaytarmaq olmaz. 

İztirab çəkirik. Amma bilirik, yaxşı bilirik ki, bu iztirab belə 

keçəri, gedəridir, "gəlimli-gedimlidir. Son ucu ölümlüdür". 

Ağrıyırıq, amma bilirik, yaxşı bilirik ki, ağrı da dönükdür, 

vəfasızdır. Vaxt onu bizdən döndərəcək, başqasına yar 

edəcəkdir. Ağlayırıq. Amma bilirik ki, göz yaşlarımız hərcayi 

muncuqlar kimidir. Vaxt sabah onu bizdən alıb başqasının 

gözünü bəzəyəcəkdir. 

Yarəb! Bəlayi – eşq ilə… 

Olmaz! Elə ona görə  ağrıdır. Uzun zaman iztirab çəkirsən, 

həqiqətən ağrıya bilmədiyinçün ağrıyırsan, hönkür-hönkür 

ağlaya bilmədiyinçün hönkür-hönkür ağlayırsan. 

Bəzən də aldanırsan. Könlün gecəsində  məhəbbət 

ümidlərinə inanırsan, Təskinat, Təsəlli axtarırsan. 

Bəzən məhəbbətin və onun işgəncələrinin ağrısı elə güclü 

olur ki, könlündəki diş ağrısını müalicə etməkçün Vaxt-təbibə 

yox, Ölüm-təbiətə müraciət edirsən. Lakin bu az-az olur. 

Yalnız hekayə 

qəhrəmanları sevgilisinin paltosunun 

vəfasızlığına dözməyib intihar edirlər. Bir də  həyatda bu 

qəhrəmanları yamsılayanlar. Qalan adamlar yaşamaqçün 

qalırlar. Çox yaşayırlar. Uzun yaşayırlar. Qocalanda isə onlara 

yalnız cihazların sabit ünsiyyəti qalır. Radionun, televizorun, 

maqnitafonun. Bir də telefonun. 

Bəzən içirəm. Amma bu bir yol deyil. Onsuz da axşam 

içəndə sabah ayıq olursan. Elə bil yuxudan ayılırsan. Yuxu – 

içkisiz sərxoşluqdur. Sərxoşluq-yatmaqsız yuxu, həmişə 

yuxularla keçinmək olmaz. Səhərlər sərt, mütləq və 

amansızdırlar. 

Daha bizə nə qalır? 

Yazmaq. Yazmaq. Mümkün olmayan şeylər haqqında 

yazırıq. Qəhrəmanlıramızı  bəxtiyar edirik. Qəhrəmanlarımızın 

sevdikləri taksilərdə  əbədi getmirlər. Getsələr də qayıdırlar. 

downloaded from KitabYurdu.org



Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə