A. Platon Akademiyası: Başlanğıc dövr, Riyaziyyat və Astronomiya



Yüklə 79,01 Kb.
Pdf görüntüsü
tarix04.12.2017
ölçüsü79,01 Kb.
#13777


A.

 

Platon Akademiyası: Başlanğıc dövr, Riyaziyyat və Astronomiya  

Akademiyanın riyaziyyatçı liderləri arasında Afinalı Teetetus (“-417”-“-

369”;Theaetetus/Teaitetos) və Knidli Evdokus (“-408”-“-355”) seçilirdilər. 

Teetetus həndəsi yolla ortaq ölçüsüz kəmiyyətləri tədqiq etmişdir, kvadrat 

köklərdən əmələ gələn irrasional ədədlər və bölünmə təlimininin müəllifi 

sayılır (Evklidin “Elementlər”ində 10-cu kitab). Platon cisimləri/fiqurları 

nəzəriyyəsini məhz Teetetus tam şəklə salmışdır-belə güman edilir; kub, 

düzgün piramida və dodekaedrı Pifaqorçular, oktaedr və ikosaedri isə 

Teetetus`un daxil etmiş, yalnız beş düzgün çoxüzlünün varlığını isbat 

etmişdir (Evklid “Elementlər”,13-cü kitab).  

Teetetus, eləcə də Platon özü riyaziyyatçı Kirenli (indiki Libyada) 

Theodorus`un (?“-465”-“-398”) tələbəsi olublar; ortaq ölçüsüz kəmiyyətləri 

(√17-yə qədər olan kvadrat kökləri) öyrənmiş, Teetetus bu məsələni ondan 

öyrənmişdir. Öz növbəsində, Theodorus Protaqoros`un tələbəsi olub. 

Platonun “Teetetus” dialoqunda Sokratın Theodorus`a verdiyi sual yada 

salınır: həndəsəni sevən ümidverici gənclər varmı? Theodorus cavabında 

Teetetus`un adını çəkmiş və Sokrat Teetetusu da söhbətə cəlb etmiş, “bilik 

nədir, o necə əldə olunur” məsələsi ətrafında müzakirə aparılmışdır.  

Eudokus (Evdokus) Akademiyanın ən güclü riyaziyyatçısı və astronomu 

idi; o, Antik dövrün ən böyük riyaziyyatçılarından biri olub. Evdoks 

Terentum`a gedib orada riyaziyyatçı hökmdar Arxitas`ın tələbəsi olmuş,  

riyaziyyatın müəyyən incəliklərini öyrənmişdi. Platondan dərs alsa da (çox 

kasıb olan gənc Evdoks dərsə gəlmək üçün hər gün piyada çox böyük 

məsafə qət edirmiş...), bir az sonra Misirə getmiş, orada yaşamış və riyazi-

astronomik biliklərini genişləndirmişdi. Kuzikos`da (Marmara dənizinin 

cənub sahilində) çox populyar olan bir məktəb açmış, Platon guya onun 

məktəbinə, populyarlığına qısqanırmış...Deyilənə görə Evdoks məktəbini 

bağlayıb öz tələbələri ilə Platon Akademiyasına qoşulmuşdu. O, cənubda-

Karia`da qalmış, səyahətlər boyu başına cəm olmuş tələbələri ilə birlikdə 

ikinci dəfə Afinaya qayıtsa da (-368 ətrafında), yenidən vətəninə dönmüş, 

orada dövlət işində çalışmış, öz məktəbində dərs demiş və elmi fəaliyyətlə 

məşğul olmuşdur. Evdoks`un Aratus adlı şairin Fainomena adlı dünyanın 

quruluşu haqqında poemasına eyni adlı astronomik şərhlər yazmışdır, 

Hipparxus o əsərdən alıntılar edib. 

Evdoks həqiqi ədədlərin təbiətini araşdırmışdı. O, kanonik həndəsi 

fiqurların (dairə, kürə, piramida, konus) sahə və həcmlərinin hesablanması 

üzrə mühüm nəticələr almışdır (Arximed). Evdoks irrasionallıq kimi ədədi 



çətinlikləri həndəsi isbatlarla aşmış, aksiomlar üzərində riyaziyyat 

qurulması ideyasının banisi və ya banilərindən biri sayılır.  

Ölçüyəgəlməzlik, yəni bəzi uzunluqların rasional ədəd olmaması meydana 

çıxdıqdan (çıxarıldıqdan!) sonra yunanlarda ədəd anlayışı müəyyən mənada 

böhrana girmişdi (onlar ədəd deyəndə tam və kəsr, yəni rasional ədədləri 

başa düşürdülər). Bu, həndəsənin riyaziyyatın canı, mərkəzi olmasına bir 

təkan vermişdi. Ölçüyəgəlməz kəmiyyətlərin nisbətlərini (məsələn, a:b və 

c:d) necə müqayisə etməli? Evdoks bu nisbətlər nəzəriyyəsini (xüsusi halda 

nisbətlərin eyniliyi və ya bərabərliyi ideyasını) inkişaf etdirmişdi. Evklid öz  

“Elementlər”inin 5-ci kitabında Evdoks`un nəzəriyyəsini sistemləşdirmişdir. 

Bu günkü dillə desək, Evdoks sonsuz proseslərin limiti anlayışına gəlib 

çıxmış, əyrixətli sərhəddi olan həndəsi fiqurların sahələrini və həcmlərini 

hesablamağa çalışmışdır. Dairənin daxilinə düzgün çoxbucaqlı çəkib onun 

tərəflərinin sayı iki dəfə artırılsa (daha kiçik tərəflərlə əvəz edilsə) yeni 

çoxbucaqlının sahəsi dairənin sahəsinə daha yaxın olur. Bu tərəflərin 

sayının iki dəfə artırılması prosesi nə qədər çox davam etsə, uyğun 

çoxbucaqlının sahəsi də dairənin sahəsinə daha yaxın olur. Sonralar bu yolla 

sahə və həcmləri hesablayan Arximed hesablamaları əsaslandırmaq üçün 

tətbiq etdiyi lemmanın Evdoksa məxsus olduğunu bildirir; lakin bu gün 

həmin lemma Arximed aksiomu adı ilə tanınır (istənilən a ədədi verildikdə, 

ondan böyük müsbət tam n ədədi tapmaq olur: a < n). Bu üsul 

tamamlama/bitirmə/исчерпывание/exhaustion metodu adını almışdır. 

Çağdaş riyaziyyat dilində sahə və həcmlərin bu yolla hesablanması 

müəyyən inteqral hesablamaq deməkdir.  

Platon planetlərin müntəzəm dairəvi hərəkətini, eləcə də zaman-zaman 

sanki dövri olaraq geriyə hərəkətini izah edən həndəsi model qurmaq 

məsələsini ortaya atmışdı. Evdoks belə bir model qurmuşdu (Kilikiyalı 

Simplisius`un məlumatı, 6-cı əsr). Bu geriyə hərəkərə “hippoped” 

deyirdilər, manejdə atları 8-ə bənzər hərəkət etdirmək adəti vardı; planetlər 

öz yollarında sanki 8-ə bənzər bir trayektoriya, yəni “at yolu” cızıb yenidən 

öz müntəzəm dairəvi yoluna davam edirdilər.  

“Planetlərin geriyə hərəkəti” gözlə görüntünün illuziya olabiləcəyi fikrini 

təsdiq edir. İş burasındadır ki, Yer Günəş ətrafında dövr edərkən daha az 

sürətlə dövr edən xarici planetləri ötüb keçir və öz növbəsində daha böyük 

sürətlə dövr edən daxili planetlər Yeri ötüb keçirlər. Bu ötüb-keçmə Yerdən 

baxanda planetin ulduzlar arasında bəzən geriyə hərəkət etdiyi təsəvvürünü 

yaradır

.

 




Evdoksun modeli beş məlum planetin hər biri üçün mərkəzi Yer kürəsi olan 

dörd müxtəlif sürətli və fırlanma oxları fərqli  olan sferanın müntəzəm 

hərəkəti  üzərində qurulmuşdu (5∙4 = 20 sfera). Bu modeldə Günəş və Ayın 

hərəkəti hər biri üç sfera ilə izah olunurdu (onlarda geriyə hərəkət olmadığı 

üçün artıq sferaya ehtiyac yoxdu). Evdoks hər planet ərtafında bir deyil, çox 

sferanın olmasını hər bir sferanın müntəzəm hərəkətinə baxmayaraq onların 

cəminin (yəni birgə hərəkətinin) müəyyən qeyri-müntəzəm hərəkət 

(“geriyə”) yaratması üçün düşünmüşdü.Tərpənməz sayılan ulduzlar üçün də 

bir sfera ayrılmışdı. Beləliklə Evdoks səma cisimlərinin hərəkətini 27 sfera 

ilə izah edirdi. Bu “Homosentrik sferalar nəzəriyyəsi” sonrakı astronomlar 

tərəfindən geniş təhlil və ümumiləşdirmələrə məruz qalacaq, homosentrik 

sferaların sayı uğrunda çalışmalar astronomiyada mühüm yer tutacaqdı. Bu, 

planetlərin hərəkəti haqqında ilk riyazi model idi.  

Evdokus`un əsərləri itmişdir, bu əsərlər haqqında məlumat Aristotel, Evklid, 

Arximed, Hipparxus və digər müəlliflərin yazılarında qalmışdır. Aristotel 

Evdoks`un insan həyatında həzzin mühüm rol oynaması haqqında fikirlərinə 

də toxunur. Evdoks təqvimin təkmilləşdirilməsi üzərində də işləmişdi.  

Babillər kimi Ay təqvimini işlədən yunanlar onu Günəş ili ilə 

uyğunlaşdırmağa məcbur idilər. “Ay ayı”, yəni Ayın Yer ətrafında 

bir tam dövretmə müddəti = 29,53059 gün, Günəş ili isə 365, 24220 

gündür. Onlar arasındakı dəqiq əlaqənin müəyyənləşdirilməsi 

astronomiyanın əsas məsələlərindən biri olmuşdur. Ay “hesab”ının 

Günəş “hesab”ına necə “yerləşdirilməsi” mühüm sayılmışdır; yəni 

elə m və n saylarını tapmaq lazımdır ki,  

                            m × (”Ay ayı”) = n × (Günəş ili)  

olsun (təqribən, amma mümkün qədər böyük dəqiqliklə və həyatda 

anlaşılan, tətbiq oluna bilən şəkildə). 12 Ay Ayı, yəni bir Ay ili  

354, 3671 gün bir Günəş ilindən təqribən 11 gün qısadır. Üç Günəş 

ili ərzində Ay təqvimi Günəş təqvimindən təqribən 33 gün geri qalır. 

Bu vəziyyətdən çıxmaq üçün üç ildən sonra növbəti ilə bir ay, yəni 

13-cü ay əlavə etmək olar. Lakin illər çox keçdikcə bu təqribi 

uyğunlaşdırma yeni xətalar verir, bu səbəbdən uyğunlaşdırmanı üç 

ildən bir deyil, daha uzun müddətli zamanı nəzərə alaraq etmək 

lazım gəlirdi.Məsələn, m =235 və n = 19 (19 illik düzəliş) sayları 

bu şərtlərə yaxşı cavab verir; Babillərdən götürülmüş bu sxemi 

təqribən “-433”-cü ildə astronom

 

Meton təklif etmişdi:  




    235 × (”Ay ayı”) = 6939, 69 gün və  19 × (Günəş ili) = 6939, 60 

Bu cür təqvimdə 19 ilin 7-də 13-cü ay əlavə edilirdi, yəni 12 ilin hər 

biri 12 “Ay ayı”ndan, 7 ilin hər biri isə 13  ”Ay ayı”ndan ibarət 

qəbul olunurdu (12∙12 + 7∙13 = 235).  



Kuzikos`lu Kalippus (t.”-370” - t.“-300”) həm Akademiyada, həm 

Aristotelin Liseum`unda oxumuşdu, Evdoksun ardıcılı olub. Evdoksun 

kainat riyazi modelinində sferaların sayını 34-ə çıxarmışdı. Kalippos 4 

Meton dövrünü birləşdirib daha dəqiq olan 76 (419) illik dövrə malik 

təqvim hazırlamışdı (t. “-334”-cü il). 19 illik təqvim dövrəsinin qəbul 

olunduğu yerlərdə təqvimdəki sıçrayışlar (13-cü ayın daxil edilməsi barədə 

əhaliyə xəbər xüsusi ayrılmış sütunlar və ya daş lövhəciklər vasitəsilə 

çatdırılırdı). Kalippus`un ən yadda qalan kəşfi fəsillərin uzunluğunu 

hesablamasıdır; Yaz gecə-gündüz bərabərliyindən başlayanda 94, 92, 89 və 

90 gün. Günəşin görünən dövretmə sürəti ilə bağlı olan bu fəsilllər 

Kalippos`dan azca öncəki hesablamalardan çox yaxşı olmaqla bü günün 

dəqiq məlumatına da (94,1; 92,2; 88,6; 90,4) xeyli yaxındır.  

Platondan sonra Platonun seçimi ilə Akademiyaya onun bacısı oğlu olan 

filosof  Speusippus (“-408”-“-339/8) başçılıq etmişdi. Aristotel`in bundan 

incidiyi və Akademiyanı biryolluq tərk etdiyi deyilir (aşağıda, Aristotelə aid 

hissəyə bax...). Platon Akademiyasında çalışan məşhurların heç də hamısı 

başçı (skolarx) olmayıb (o cümlədən, Aristotel, Evdokus, Heraklides).  

B.

 

  

Aristotel:

 

həyat tarixçəsi və Likeion/Liceum  

 [-4]-cü əsrin 1-ci yarısında Platon, 2-ci yarısında Aristotel (-384, -322) fəal 

idi. Aristoteles`in mənası “ən yaxşı/ ən gözəl məqsəd”dir. Yunan 

Makedoniya vilayətinin Staqira şəərində anadan olmuş,  saray həkimi olan 

atası Nikomaxos`un sayəsində yəqin ki, yaxşı təhsil almış, uçaqlıqda 

gələcək hökmdar 2-cii Filiplə dostluq etmişdir. Aristotel t.17 yaşında (-367-

də) Platon Akademiyasına getmiş, Platonun sevimli tələbəsi olmuş, 20 ilə 

yaxın Akademiyada oxumuş və çalışmışdı. Platonun ölümündən (-347) 

sonra Akademiyanın digər bir üzvü – Ksenokrates`lə birlikdə Aristotel 

Assos`da (Kiçik Asiya sahillərinin şimalında) Platonun tələbəsi (və əvvəllər 

kölə olmuş) hökmdar Hermeias`ın sarayına getmiş, orada yaxındakı Lesbos 

adasından gələn, sonra dostu və yaxın həmkarı olacaq Theofrastus`la birgə 

təqribən üç il çalışmışdır. Burada o, Hermiasın yaxın qohumu (ailə üzvü) 

olan Pifias`la evlənmişdi; bu evlilikdən olan qızına Pifias adı qoymuşdu. 

Hermeias perslər tərəfindən öldürüldükdən (-344) sonra Aristotel və 

Feofrast Lesbos adasına (Feofrastın vətəni) getmiş, orada təqribən bir il  




yaşamış, bioloji (xüsusilə dəniz canlıları və botanika üzrə) araşdırmalarla 

məşğul olmuşlar.  

(-343-də) Aristotel Makedoniya sarayına (Pella) dəvət edilmiş, yeni taxta 

çıxmış hökmdar 2-ci Filip`in oğlu gələcək imperator 13 yaşlı Aleksandrın 

(və hökmdarın digər uşaqlarının) 3 il müddətində təhsili və tərbiyəsi ilə 

məşğul olmuşdur. Aristotelin Aleksandrı Asiyaya, xüsusilə Persiya`ya 

hücum etməyə həvəsləndirdiyi deyilir; Aristotelin irqçı olduğunu Eratosfen 

tənqid etmişdi. B. Russell müəllimlə tələbə arasında faydalı və ibrətverici 

heç nəyin olmadını güman edir (onlar hər ikisi bir-birindən narazı olmalı 

idilər!?). Arvadı Pifias öldükdən sonra Herpillis`lə evlənmiş, yaşlı vaxtında 

ondan bir oğlu olmuş, atasının xatirəsinə onu Nikomaxos adlandırmışdı 

(Herpillis Aristotelin birinci arvadı Pifiasın kənizi imiş). 

Aristotelin Platona qarşı “böyük-kiçik münasibətini pozduğu və 

Akademiyadan bu səbəblə ayrıldığı deyilir. Laertli Diogen Platona aid 

edilən sözü gətirir: “Dayçalar onları doğan/bəsləyən analarına təpik atan 

kimi Aristotel məndən üz döndərdi/mənə təpik atdı/məni itələyib getdi” / 

"Aristotle spurns me, as colts kick out at the mother who bore them." Fərqli 

səbəb olaraq Aristotelin anti-Makedoniya hisslərinin güclənməsi ilə 

əlaqədar Afinanı məcburən tərk etdiyi göstərilir. Digər tərəfdən, Platon 

ölümündən bir az əvvəl Akademiyanın idarə olunmasını Speusippos`a 

tapşırır; bu, Aristotelin haqlı qısqanclığına səbəb ola bilərdi. Üstəlik, 

Akademiyada Platonun ideyalar və onların ədədlərlə ifadəsi fikrinin 

güclənməsini Aristotel yəqin ki, sevmirdi (metafizikanı fizikadan, fizikanı 

riyaziyyatdan mühüm sayırdı)və bu da onun Akademiyadan gedişinə 

müəyyən dərəcədə təsir edə bilərdi (“Platon mənim dostumdur, amma 

həqiqət daha qiymətlidir”). 

Aristotel təqribən 12 illik fasilədən sonra Afinaya qayıtmış (-336/335?; bu 

vaxt Aleksandr artıq Makedoniya hökmdarı idi), öz ətrafında cəm etdiyi 

tələbələrlə məşğul olmaq üçün xüsusi məktəb yaratmış (-335/4), onu Afina 

yaxınlığında yerləşdiyi məkana görə Likeion (Likey) adlandırmışdı. Apollo 

Liceus (canavar-allah) adlı məbədin yanında boş gimnaziumda yerləşdiyi 

üçün Likeion adlanan məktəbin adı latıncada Liceum şəklini aldı.  

Akademiyada başçı əsasən təyin olunurdu, mümkündür ki, razılaşma 

əsasında, çox az hallarda seçki olmuşdu. Aristotelin likeyində isə hər başçı 

özündən sonra gələni, öz varisini təyin edirdi. Aristotel Afinaya qayıdanda 

Lesboslu Theophrastus (-371, -286/7) da onun arxasınca gəldi, Liseum`da 

çalışdı, yaxın dostu və həmkarı oldu. Likey`də tələbələrin özünüidarə 



sistemi vardı, onlar özlərinə lider seçirdilər. 1996-cı ildə aparılan arxeoloji 

qazıntı Likeion`un qalıqlarını aşkara çıxardı. 

Aristotel Likeydə 12 il ərzində davamlı mühazirə oxumuşdu (səhərlər). 

Aristotelin əsərləri əksər hallarda onun oxuduğu mühazirə mətni 

şəklindədir. Bu mühazirə mətnləri bir sıra hallarda qısa olub dərsdə 

açıqlanmalı idi. Bu səbəbdən Aristotelin bəzi əsərləri bir qədər dumanlıdır. 

Sonralar, tələbələri və şərhçiləri, yəqin ki, müxtəlif zamanlara aid dərs 

qeydlərini birləşdirmişlər (əlavələr etmişlər, yeni fəsillər yazmışlar,..).  

Makedoniyalı Aleksandrın ölümü (-323) Yunanıstanda anti-Makedoniya 

hisslərini gücləndirmiş, Aristotel vətənə qayıtmağa, daha doğrusu qaçmağa 

məcbur olmuş (“Afina`da fəlsəfə əleyhinə ikinci cinayətə yol verməmək 

üçün”), çox keçmədən orada vəfat etmişdir (-322). Əslində, son zamanlar 

Aleksandrla Aristotelin arasının dəydiyi güman olunur. Aristotelin bacısı 

nəvəsi olan tarixçi Kallisthenes (?”-360”-“-328) Aleksandrın Asiya 

yürüşündə iştirak etmiş, Aleksandrın get-gedə güclənən Persiyasayağı 

mütləq hökmdarlığını tənqid etməyə başlamış, Aleksandrı yunan 

ənənlərindən uzaqlaşmaqda günahlandırmış, həbs edilmiş və həbsdə 

ölmüşdür. Bu, Aleksandrın Aristotel ilə münasibətlərinə də ciddi xələl 

gətiribmiş (Aleksandr Kallisthenesin Aristotelin təsiri ilə belə 

düşündüyündən şübhələnə bilərdi). Aristotel öz vəsiyyətində oğlu 

Nikamaxos həddi-büluğa çatana kimi onun qəyyumu olaraq bacısı oğlu (və 

kürəkəni) Nikanor`u təyin etmişdi.  

Aristotel`in başı daz, bir az kəkələyən, ailəsini sevən, səliqəli geyinən 

mehriban insan olduğu deyilir. 



C.

 

Aristotelin əsərləri və yaradıcılıq xüsusiyyətləri 

Əksər tədqiqatçıların qəbul etdikləri belə bir görüş mövcuddur: Aristotel 

əsərlərinin böyük qismini Liseum dövründə yazmış və ya tamamlamışdır. 

Əsərlərin bir qismi itmiş, bəzilərindən isə parçalar qalmışdır. Bununla 

yanaşı, əsərlərinin mühüm hissəsinin zamanımıza gəlib çatdığı güman edilir. 

İri sanballı əsərlər hər biri bir külliyyat olmaqla “Orqanon”, “Metafizika”, 

“Siyasət”, Fizika və astronomiya (o cümlədən “Göy haqqında”), 

biologiyaya aid kitabları (xüsusilə “Heyvanların tarixi”), Əxlaq fəlsəfəsi 

üzrə əsərlər (o cümlədən “Nikomaxos əxlaqı”), Ruh haqqında (əsasən 

latınca “De Anima” adı ilə tanınmış) kitabı qeyd olunmalıdır. Həmçinin 

sənət fəlsəfəsi (Poetika) və digər sahələrə aid bir sıra kiçik həcmli maraqlı 

kitablar yazmışdır. “Orqanon”a daxil olan “Kateqoriyalar” əsərinin bir (sona 




doğru) mühüm qismi, “Meteorologiya”nın bir fəsli (kimya hissəsi) 

Aristotel`ə deyil, onun məktəbinə, ardıcıllarına məxsus olduğu deyilir. 

Aristotel Platonla müqayisədə təcrübi fəlsəfəyə yaxınlaşırdı. O, Platondan 

fərqli olaraq riyaziyyatçı deyil, təbiətşünas idi. Aristotel məntiq elminin 

qurucusu, banisidir (“Orqanon”); bu baxımdan riyaziyyata, riyazi (formal) 

məntiqin əsaslarına töhfə vermişdir. Aristotel özündən əvvəlki elmləri, 

riyaziyyat istisna olunmaqla, sistemləşdirmiş, onların nəzəri əsaslarını 

vermişdir.  

Aristotel (m.ö. 384-322) geosentrizmin yayılmasında həlledici rol oynadı. 

O, elmə xas olan təsnifatçılıqda usta idi, o, sistem qurucusu idi. Aristotel 

cansız təbiəti, kainatı, bitki, heyvan və insan aləmini bütövlükdə görməyə 

çalışır, öz metafizikası ilə bu sahələr arasındakı oxşarlığı və fərqləri ortaya 

qoymağa çalışırdı. Düşüncə tərzinə görə o  fizik, təbiətşünas (xüsusilə  

bioloq/zooloq) və filosof idi. Aristotel həqiqəti dərk etmənin rolunu  sezgi, 

intuisiyanın köməyi ilə əldə olunan hissi təcrübənin və mücərrəd 

mühakimənin vəhdətində görürdü. Aristotel materiya və forma 

anlayışlarının mütləq olmadığını, bir-birini şərtləndirdiyini düşünür, hər şeyi 

materiya ilə formanın birləşməsində, vəhdətində görürdü (Platondan fəqli 

olaraq).   

Yeni Platonçuluq, Epikurçuluq və Stoaçılıq kimi fəlsəfi cərəyanların geniş 

yayılması Aristotelçiliyi müəyyən dərəcədə ikinci cərgəyə atmışdı. Lakin 

Aristotel (Ərəstu) İslam dövründə böyük şöhrət qazandı; Aristotel “ilk 

müəllim” (müəllimi əvvəl) adına layiq görülmüşdü, Fərabi`yə “ikinci 

müəllim” (müəllimi sani) adı verilmişdi.  

Aristotel`i müəyyən dərəcədə irqçi saymaq olar: “Barbar və qul öz 

təbiətlərinə görə eyni anlayışlardır” (“Politika”). Yunanlar barbar olaraq 

başqa dillərdə danışanları başa düşürdülər. Təbiətlərinə görə barbarlar 

ellinlərə nisbətən qul olmağa daha yaxındırlar, despot hökmdarlara tabe olan 

Asiya barbarları buna Avropa barbarlarından daha yaxındırlar. Yəni tək 

azad insanlar yunanlardır. Herodot və Platon yunan olmayanlara qarşı yaxşı 

münasibətdə idilər. Herodotu sevməyən Plutarx onu “philobarbaros” 

(barbarpərəst) adlandırmışdı. Platon qədim Misirlilərin çağdaş yunanlardan 

daha yüksək sivilizasiya yaratdıqlarını deyir, dünyanı ellinlər və barbarlar 

kimi iki hissəyə  bölməni səhv sayırdı (“Politika”).  

Aristotelçiliyi Peripatetik (İslam aləmində “Məşşaiyyun”) fəlsəfə/məktəb 

adlandırdılar.  “Peripotos” sütunlar sırası (colonnade) mənasını verən 

“peripatoi” sözündən əmələ gəlib. Aristotelin tələbələri və sonrakı Likey 



üzvləri burada görüşürdülər. Lakin sonralar digər izah daha populyar oldu. 

Deyilənə görə Aristotel fikirlərini gəzə-gəzə, addımlaya-addımlaya 

danışırmış; “peripatetikos” addımlamaq, gəzmək mənasını verir. Aristotelin 

Likeion`da böyük kitabxanası vardı (Avropa qitəsində ilk kitabxana!?) və 

çox güman ki, botanika və zoologiya kolleksiyası vardı (onların təşkilinə 

Makedoniyalı Aleksandr kömək edibmiş?!).  

Platon Akademiyasının skeptiklər dövründə, Epikurçu və Stoaçıların 

gücləndiyi dövrdə Aristotel bir qədər kölgədə qalmış, sanki unudulmuşdu. 

2-ci əsrin ikinci yarısı və 3-cü əsrin əvvəllərində yaşamış Afrodisias`lı 

(Caria`lı) Aleksandr əsl/saf Aristotel ideyalarının müdafiəçisi,əsərlərinin 

məşhur şərhçisi olmuşdur (onu “Commentator” adlandırmışlar). Şərhləri 

İslam qızıl çağında ərəbcəyə tərcümə olunmuş və öyrənilmişdir. Aleksandr 

peripatetik məktəbin canlanmasına yol açmışdır. 2-ci əsrin sonlarında 

Afinaya gəlib, orada yaşayıb, dərs deyib; onun Afinada Peripateik məktəbin 

başçısı olduğu deyilir.  

Akademia Platonun, Likey Aristotelin mirasını qorumağa, əsərlərini 

toplamağa çalışmışdı. Platon Akademiyası və Aristotel Likeyi heç biri 

diplom vermirdi. Aristotelçi Liseum davam etsə də, nə Platon Akademiyası, 

nə sonra gələn Epikurçuluq və Stoaçılıq qədər ün qazana bilmədi. 

D.

 

 Aristotelin fizikası 

Aristoteel öz fizikasını 4 element və efir üzərində qurmaqla geriyə addım 

atdı. Empedokles`in 4 elementinə (dörd hala, stixiyaya – torpaq, su, hava və 

oda) uzaq göylərə məxsus çox fərqli “efir”i əlavə etdi (stixiya hərf 

deməkdir, yəni sözlər hərflərdən təşkil olunduğu kimi  bütün əşyalar bu 

dörd ünsürdən təşkil olunub). Kainatın vahidliyini pozan ideya irəli sürdü. 

O, dünyanı bir-birindən çox fərqlənən, iki müxtəlif fiziki-riyazi qanunlara 

tabe olan iki hissədən ibarət kimi təqdim etdi: dörd ünsürdən təşkil olunmuş 

qeyri-mükəmməl və keçici “Ayaltı” və efirdən təşkil olunmuş mükəmməl 

və əbədi “Ayüstü” dünya. Ay özü də Ayüstü dünyaya daxil edilmişdi. Yerə 

yaxın olduqca səma cisimlərinin efir keyfiyyəti aşağı düşür, efirin saflığı 

azalır.  

Aristotelə görə (Empedokldan fərqli olaraq) dört təməl maddı-stixiyalar bir-

birinə keçə bilər, eyni ilə bir-biri ilə müəyyən kombinasiyalara girib 

müxtəlif əşyalar əmələ gətirə bilər. Stixiyalar ilkin qüvvələrin (dynameis) –

qaynar, soyuq, quru və yaşın təsiri alında əmələ gəlib. Dörd maddə hər biri 

bir-birinə əks olan iki xassəyə malikdir: quru-yaş və isti-soyuq. Məsələn, su 

yaş və soyuq, torpaq quru və soyuqdur, hava yaş və isti, od quru və istidir. 




Dörd maddə öz sıxlığına görə dörd ardıcıl konsentrik zolaq üzrə yer alır: 

Yeri su, suyu hava, havanı od əhatə edir. Bu dörd maddə təbii hərəkət 

istiqamətinə malikdirlər, onlar öz təbii yerlərini alırlar: maddələri öz 

yerlərindən çıxaranda torpaq və su aşağıya, hava və od yuxarıya can atırlar. 

Aristotelin iki səhv fikri də nisbətən uzunömürlü oldu: 1) ağır cisimlər 

yüngüllərdən daha sürətlə aşağı düşürlər (əslində sürət deyil, təcil, yəni 

sürətin dəyişməsi əsasdır) və 2) boşluq (vakuum) mümkün deyil. 

“Aristotel...insanlığın düşüncəsini zincirə vuracaq olan ensiklopedik 

sistemini yaratmışdır”

(Friedrich Albert Lange. Materializmin tarixi və günümüzdəki 

anlamının eleştirisi. 1-ci cild, Sosyal yayınlar, 1998; səh. 72).  

Göyü təşkil edən “beşinci varlıq” və ya “beşinci mahiyyət” (latınca quinta 

essentia/, kvintessensiya), yəni efir daimi hərəkətdədir, onun ağırlığı və 

yüngüllüyü yoxdur. Ulduzlar efirdən ibarətdir. Günəş, Ay və planetlər də 

əsasən efirdən ibarətdir, amma onlar tərpənməz ulduzlara nisbətən yerə 

yaxın olduqları üçün efirləri təmiz deyil, qarışığı var. Səma cisimləri hərəkət 

edərkən sürtünmə qüvvəsi havanı qızdırır, bu, (səma cisimlərində) istilik və 

işıq yaranmasına səbəb olur. Aşağı laylardan yuxarı-atəş və havanın bir-

birinə qarışdığı laylara qalxan buxar kütləsi alışıb yanır və biz düşən ulduz 

və kometləri görürük.  

Hərəkətdə və dəyişmədə olan varlıqlar mövcuddur; bu hərəkət və 

dəyişmələrin səbəbini araşdıran elm də var – bu fizika, yəni təbiət elmidir 

(“Fizika”). Tək canlılar deyil, cansız adlandırdığımız şeylər də, o cümlədən 

insan fəaliyyəti ilə yaradılanlar öz maddələrinin təbiətinə uyğun olaraq təbii 

hərəkət içindədirlər. Daşın təbii hərəkəti aşağıya doğrudur, ona yalnız qüvvə 

tətbiq edərək qeyri-təbii hərəkət vermək, məsələn, yuxarıya atmaq 

mümkündür. Aristotelə görə hərəkət xarici bir qüvvənin təsiri ilə baş verir; 

Qalileo-Newton prinsipi isə hərəkətin özünün deyil, hərəkət sürətinin və 

iqtiqamətinin xarici təsirdən asılı olduğunu deyir. 

Aristotel əvvəlki fiziklərdən fərqli olaraqtəbiət maddə deyil, formadır deyir. 

İnsanın qolunu səciyyələndirən şey onun ət, sümük kimi şeylərdən ibarət 

olması deyil, qolun hansı iş görməsindədir, onun məqsədli hərəkətindədir. 

İnsan da ət, sümük kimi şeylərlə deyil, düşünən varlıq (yəni forma) olması 

ilə fərqlənir, müəyyən edilir. Lakin formalar dəyişməz və hərəkətsizdir, bu 

səbəbdən maddə (yəni qüvvə!) də fizikanın mövzusudur. Yəni təbiətşünasın 

riyaziyyatçı kimi araşdırma aparması qəti kifayət etmir. Fizik forma 

halındakı maddəni və ya maddədə həyata keçmiş, gözə görünən formanı 

araşdırır.  




Bilmək səbəbi bilməkdir. Hərəkətin, dəyişmənin səbəbi nədir? Aristotel 

dörd  səbəb göstərir, 1) hadisənin səbəbini göstərən hərəkətverici 

(hərəkətetdirici) səbəb, 2) son məqsədi nəzərdə tutan səbəb. O, səbəb 

anlayışını daha geniş mənada şərh edərkən 3) maddə və 4) formanı da bu iki 

səbəb sırasına əlavə edir. Forma bir maddəyə verilir (su istiliyi və ya 

soyuqluğu-bu formaları qəbul edir, heykəltəraş seçdiyi maddəyə - daşa, 

ağaca,...düşündüyü formanı verir). Maddə, material əmələgətiricidir. Digər 

tərəfdən forma da səbəbdir (formal səbəb), dəyişmədə bir şey dəyişib başqa 

şey olur, nəticədə bir forma qarşıya çıxır. Heykəltəraşın Zevsin mərmər 

heykəli “mərmər+Zevs`in şəkli” deməkdir. Maddi və formal səbəblər 

çağdaş zamanımızda səbəb olaraq işlənilmir. Suyun isinməsi səbəbi od, 

heykəlin yaranması səbəbi isə heykəltəraşdır; Aristotel bunları 

hərəkətetdirici səbəb adlandırır. Uşağın səbəbi atadır deyir. O, mühüm 

səbəb olaraq məqsədəaparan səbəbi və ya teleoloji səbəbi göstərir. Təbiətdə 

son məqsəd var. Bitki toxumunun içində və ya təbiətində bitki olmaq 

proqramı var, doğru şəraitdə o, məhz həmin bitkiyə çevriləvək, başqa şeyə 

deyil (“palıd qozasının məqsədi palıd ağacına çevrilməkdir”). Zevs 

heykəlinin meydana çıxmasının bir səbəbi də heykəltəraşın beynində Zevsin 

heykəlini düzəltmək fikrinin, məqsədinin olmasıdır.  

Aristotelin fizikası və metafizikası teleolojilik səciyyəsi daşımaq kimi 

müştərəkliyə malikdirlər. Tanrının və insanın rolu varsa cüzidir. Aristotelin 

teleoloji baxışı Empedoklesin həyat uğrunda mübarizə/yalnız uyğunlaşa 

bilənlərin yaşaması prinsipinə ziddir, Aristotelə görə seçmə və ya mübarizə 

ilə deyil, təbii yolla məqsədə doğru gedilir. Bu teleoloji baxış, təbii ki, 

fiziki/elmi baxışdan uzaqlaşdırır. Aristotel zamanı saymaqla, hesabla 

əlaqələndirir (sayan olmasa zaman da olmaz). Əbədi olanlar zamandan 

kənardadırlar. Hərəkət həmişə olub, yəni zaman həmişə olub! 

Torpaq və su öz təbiətinə, amacına (formasına) görə aşağı, alov və hava 

yuxarı can atır, göz görür və s. Təbiət də sənətkar kimi hərəkət 

edir...Amacdan uzaqlaşan hadisələr də ola bilər (yəni teleoloji determinizm 

mütləq deyil), məsələn, kəsmək üçün düzəldilmiş qılınc onun məqsədində 

heç cür nəzərdə tutulmayan paslanmaya məruz qala bilər...Ay-üstü dünyada 

isə mütləq determinizm hökm sürür, orada mükəmməlliyə müqavimət 

yoxdur. 


 

Yüklə 79,01 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə