A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə9/116
tarix15.07.2018
ölçüsü6,93 Mb.
#55880
1   ...   5   6   7   8   9   10   11   12   ...   116

28 
 
IX-X əsr şirsiz keramika məmulatının dekorunda işlədilən xarakterik bəzək 
vasitələrindən  biri  də  yapışdırma  naxışlardır.  Nadir  qab  nümunələrində  təsadüf 
edilən  bu  bəzək  motivləri  əsasən  yastı  gil  düymələrdən  ibarət  olub,  qabların 
qulplarına,  boğaz  və  çiyin  hissəsinə  bərkidilirdi.  Bəzən  qabların  üstünə 
yapışdırılmış  şaquli  lentlərdə  təkrarlanan  çıxıntılar  da  verilirdi.  Sadə  dekor 
motivlərilə  yanaşı  dekorativ  cəhətdən  nisbətən  zəngin  işlənmiş  yapışdırma  relyef 
təsvirlər Beyləqan qazıntılarından məlum olan IX-X əsr nümunələrinin dekoru üçün 
çox xarakterikdir. Əsasən onların çiyin hissəsinə və ya enli qulplarına yapışdırılmış 
bu  təsvirlər  balıqqulağına  bənzər  dekor  motivlərindən,  qoyun  buynuzu  və 
simmetrik əyintili ilan təsvirlərindən ibarətdir. Mənşəyi etibarilə çox qədim olan bu 
motivlər,  çox  güman  ki,  öz  ayin  xarakterli  xüsusiyyətlərini  bu  dövrdə  də  saxlaya 
bilmişdir. Bunu dini mərasimlərdə işlədilən XII-XIII əsrin zəngin dekorlu irihəcmli 
küpləri də təsdiq edir. 
VIII-X  əsr  şirsiz  keramika  məmulatının  xarici  səthi  çox  vaxt  ağ  anqobla 
örtülürdü.  Keyfiyyətli  gil  məhlulu  olan  anqob  qabın  divarlarına  hopub  onun 
dənəvərli  səthini  hamar  göstərir,  gilin  tünd  rəngini  örtürdü.  Ağ  anqob  yerlikdə 
cızma  bəzək  motivləri  kontrast  surətdə  canlanır,  yarışdırma  relyef  motivlər  isə 
qabarıq surətdə üzə çıxırdı. 
Şirsiz  keramika  məmulatının  bəzəyində,  ağ  anqob  qatının  tətbiq 
edilməsinin  məişət  keramikasının  bədii  cəhətdən  formalaşmasında  xüsusi  rolu 
olmuşdur.  Anqobun  şirlə  vəhdətdə  tətbiqi  isə  məişət  keramikasının  hələ  ilk  inkişaf 
mərhələsində  bədii  cəhətdən  çox  görümlü,  zəngin  kolorlu  məişət  məmulatının 
yaranmasına səbəb olmuşdur. 
 
 


29 
 
 
ŞİRLİ KERAMİKA MƏMULATI 
 
Saxsı məmulatını müxtəlif təsirlərdən qorumaq və davamlı etmək üçün onun 
üzərinə şir çəkilirdi. Qabın divarlarına möhkəm yapışan şüşəyə bənzər, parıldayan şir 
qatı  onun  üzərindəki  boyalı  dekoru  mühafizə  edib  saxlamaqda  əvəzsiz  əhəmiyyətə 
malik idi. 
VIII-X əsr şirli  məişət  keramikasında qurğuşun tərkibli  şəffaf  şirdən  istifadə 
edilirdi.  Onun tərkibinə  metal  oksidləri  qatmaqla  müxtəlif  rənglər  alınırdı.  VIII-X 
əsr şirli məişət keramikasında açıq-sarı (dəmir oksidi), açıq-yaşıl (mis oksidi, nadir 
hallarda zümrüdü - yaşıl) və bənövşəyi (marqans oksidi) rəngli şəffaf şirdən istifadə 
edilirdi.  Şəffaf  şir  altından  görünən  dekor  şirin  rəngindən  asılı  olaraq  rəng 
kontrastlığı,  ya  da  rəng  ahəngdarlığı  ilə  canlanırdı.  Bu  isə  keramika  məmulatının 
bəzək, kolorit imkanlarını zənginləşdirirdi. 
Tərkibi  və  görünüşü  etibarilə  şüşəylə  yaxın  oxşarlığı  olan  şir  məişət 
keramikasında VIII əsrin sonu, IX əsrin əvvəllərindən tətbiq edilməyə başlanmışdır. 
Keramika məmulatı ilə paralel istehsal edilən qədim tarixə malik bədii şüşə nümunələri 


30 
 
yüksək inkişaf prosesi keçirdiyi halda, keramika məmulatında şirdən çox gec istifadə 
edilmişdir.  Lakin  VI-VIII  əsr  şirsiz  məişət  keramikasında  şüşə  fraqmentlərindən 
bəzək  vasitəsi  kimi  istifadə  edilmiş  nümunələr  göstərir  ki,  orta  əsr  dulusçuları 
texniki və bədii axtarışlara biganə olmamışlar, sadə görünüşlü qabları yeknəsəqlikdən 
qorumuş, maraqlı bədii görünüşlü keramika nümunələri yaratmışlar. 
Şirli  məişət  keramikasının  ilk  nümunələri  Qəbələ,  Qədim  Gəncə, 
Beyləqan,  Şabran,  Mingəçevir,  Şamaxı  qazıntılarından  məlumdur.  İstər 
hazırlanması,  istərsə  də  forma  və  bədii  xüsusiyyətlərinə  görə  onların  çox  oxşar 
olmasına baxmayaraq, ayrı-ayrı şəhərlərin bəzək üsulları, rəng qamması, dekorunun 
üslub xüsusiyyətlərilə fərqlənən keramikası yaranırdı. 
VIII-X  əsrlərdə  bədii  cəhətdən  yenicə  formalaşan  şirli  saxsı  məmulatın 
texnoloji  üsulları  Yaxın  Şərqin  bədii  keramikası  ilə  sıx  əlaqədə  və  xronoloji 
cəhətdən  eyni  vaxtda  inkişaf  edirdi.  Yerli  keramika  məmulatının  dekorunda  Yaxın 
Şərqdə  məlum  olan  bütün  texnoloji  üsullar  öz  əksini  tapmışdı.  Qab  üzərində 
anqobla  rəsm,  anqobla  və  rəngli  boyalarla  birgə  rəsm,  anqoblaşmış  yerlik  üzərində 
rəngli  boyalarla  rəsm  və  cızma  dekorla  işləmə  üsulu  geniş  inkişaf  tapmışdı.  Lakin 
Azərbaycan  şirli  keramikasının  ilk  orta  əsr  nümunələri  tamamilə  özünəməxsus 
xüsusiyyətlərə  malik  olub,  Zaqafqaziya  və  Yaxın  Şərqin  eyni  dövr  keramika 
məmulatından tamamilə fərqli, orijinal dekor üslublu sənət nümunələri kimi fərqlənir. 
Anqobla  rəsm  və  qabın  anqoblaşmış  səthində  polixrom  rəsm  üsulu  əgər  IX 
əsrdən  məlumdursa,  anqoblu  səth  üzərində  cızma  rəsmin  rəngli  boyalarla  birgə 
işlənmə  üsulu  X  əsrə  təsadüf  edir.  Bütün  bu  texniki  vasitələr  orta  əsr  keramika 
məmulatının  dekorunda  əsaslı  dönüş  etmiş  və  şirli  keramikanın  hələ  ilk  inkişaf 
mərhələsində yüksək bədii sənət nümunələrinin meydana çıxması üçün geniş imkan 
yaratmışdır. Bu ilkin texniki  və  bədii vasitələr,  sonrakı dövr (XII-XIII əsrlər) şirli 
keramika məmulatının əsas dekor vasitələri kimi inkişaf edib, orta əsr keramikasının 
yüksək sənət növü kimi formalaşmasında xüsusi rol oynamışdır. 
 
 
BOYALARLA RƏSM 
 
Bu  növ  keramika  məmulatı  dekorunun  üslub  xüsusiyyəti,  müxtəlif 
variasiyalı  ornamental  kompozisiyaları  və  zəngin  koloritinə  görə  IX-X  əsr  şirli 
keramika növləri içərisində xüsusi yer tutur. Əsasən həndəsi və stilizə edilmiş nəbati 
naxışlarla zəngin bu keramika məmulatının bəzəyində nadir hallarda heyvan, quş və 
insan təsvirinə də rast gəlinir. 
Ayrı-ayrı  orta  əsr  Azərbaycan  şəhərlərinin  üslubu  etibarilə  çox  oxşar 
keramika məmulatı çox vaxt fərqli dekor və kolorit xüsusiyyətlərinə malikdir. 
Bu  cəhətdən  Bakıdan  müxtəlif  vaxtlarda  tapılmış  sarımtıl  şəffaf  şirlə 
örtülmüş iki qab fraqmentinin dekoru çox xarakterikdir. 
Kasaya  aid  olan  birinci  fraqmentdə  həndəsi  xarakterli  dekor  qabın 
kənarında  cəmlənmişdir.  Enli haşiyələrdə  verilmiş  sınıq  xətlər  və  kəsişən  dairələr 


Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə