Abdulla şAİQİn dram əSƏRLƏRİNDƏ folklor romantiZMİ



Yüklə 267,85 Kb.
Pdf görüntüsü
tarix31.10.2018
ölçüsü267,85 Kb.
#77086


 

 42


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№2                           Humanitar elmlər seriyası                        2010 

 

 

 

 

ABDULLA ŞAİQİN DRAM ƏSƏRLƏRİNDƏ FOLKLOR ROMANTİZMİ 

 

F.H.AĞAMALIYEVA 

Bakı Dövlət Universiteti 

ay.fidan@mail.ru 

 

A.Şaiqin bir çox dram əsərlərinin mövzusu folklordan götürülmüşdür. Folklor materialı 



həyatı romantik rəngli tonlarda əks etdirdiyi kimi real göstərir. Yazıçı bir sıra pyeslərini («Ay-

doğdu», «Həqiqətə doğru», «Yazıya pozu yoxdur», «İldırım», «Aldanmış ulduzlar», «Nüşabə» 

və s.) romantik üslubda yazmışdır. 

 

Abdulla  Şaiqin dram yaradıcılığında folklordan istifadə geniş  şəkildə özünü 

göstərir. Onun pyeslərindəki folklor üslubu romantizmdən qaynaqlanır. Məmməd 

Arif qeyd edir ki, «Dram yazan şəxs  əvvəlcə öz əsərinin məfkurəvi qayəsini təyin 

etməlidir, yəni tamaşaçıya nə demək istədiyini, hansı böyük bir fikri təbliğ etmək 

istədiyini özünə aydınlaşdırmalıdır; bunsuz heç bir bədii əsər yarana bilmədiyi kimi, 

dram  əsəri də yarana bilməz (12, 240). Abdulla Şaiq də dram əsərləri yazarkən, ilk 

növbədə bu tələbləri nəzərə almışdır. Abdulla Şaiqin dram yaradıcılığı, xüsusən ilkin 

dövrlərdəki pyesləri folklorla çox bağlıdır. Abdulla Şaiq dramaturgiyasındakı folk-

lorla bağlılığı belə səciyyələndirir ki, «Ədəbi fəaliyyətə başladığım ilk illərdə məni ən 

çox məşğul edən sahələrdən biri xalq ədəbiyyatı idi. <...> Bakıya köçdükdən sonra 

xalq  ədəbiyyatını daha ətraflı öyrənməyə başladım, bildiyim nağılları, tapmacaları, 

bayatılar və atalar sözlərini bir böyük dəftərə yazdım. Yay tətili zamanı müxtəlif 

qəzalardan gəlmiş tələbələr evlərinə qayıdarkən onların hər birinə bir dəftər verib xalq 

nağılları, atalar sözləri və tapmacalar yazıb gətirmələrini tapşırırdım» (15, 192).  

A.Şaiqin uşaqlar üçün əsər yazmasının səbəbi, əsasən, onların nə teatr, nə kino, 

nə kitabxana, nə  də klublarının olmaması idi. O, bunu belə yazırdı: «Balalarımıza 

məxsus nə teatr, nə kino, nə kitabxana, nə də klub vardı. Gənc nəslimizin bu vəziyyəti 

məni çox düşündürürdü. Buna görə də, bir zamanlar məktəblərdə gördüyüm işin bir 

qismini bədii yaradıcılıqla əvəz etdim» (16, 209). XX əsrin yazıçısı uşaqlar üçün əsər 

yazarkən keçmiş  həyatın çətinliklərini, zülm və istismarı  uşaqların qavraya biləcəyi 

tərzdə, onların dünyagörüşünə uyğun şəkildə təsvir etməli idi. Biz bu cür yaradıcılıq 

üsulunu A.Şaiqdə görürük. Onun belə yaradıcılıq üsulunu nəzərə alan A.Zamanov 

qeyd edir ki, «Ədibin uşaq əsərlərində hər şeydən əvvəl onun müəllimliyi özünü büru-

zə verir. Bu əsərləri yazarkən müəllif öz kiçik oxucularının maraq və psixologiyasını nə-

zərə almış, onlara yüksək bəşəri keyfiyyətlər aşılamaq məqsədi güdmüşdür (19, 14). 

Əziz Mirəhmədov yazırdı ki, «İctimai vəziyyəti etibarilə  xırda burjuaziyaya 

mənsub olması, uzun müddət Azərbaycan, Rusiya hadisələrindən kənarda yaşaması, 

habelə yarı dini, yarı dünyəvi təhsil-tərbiyə görməsi və s. səbəblər onun 1905-ci il 

fırtınasının məna və əhəmiyyətini vaxtında, aydın dərk etməsinə mane oldu. Odur ki, 




 

 43


1905-ci ildən ta Azərbaycanda Sovet hakimiyyəti qurulana qədər olan dövr Şaiq üçün 

axtarışlar dövrü, enişli-yoxuşlu bir yaradıcılıq dövrü olmuşdur» (9, 18). Ə.Mirəhmə-

dovun bu yanaşmasında ziddiyyətli fikirlər özünü göstərir. O, belə bir həqiqəti nəzərə 

almaq istəmir ki, Şaiq yaradıcılığının ilk dövrünü folklor mərhələsi təşkil edir. A.Şaiq 

xalq içərisindən çıxmışdı.  Şifahi xalq yaradıcılığını çox gözəl bilirdi. Yaradıcı  şəx-

siyyətin ömrünə 1905 və 1917-ci il inqilablarının siyasi mənasından qiymət vermək 

ən azı onun yaradıcılığını qiymətləndirməməkdir. Y.Qarayev də bu fikirdə idi ki, 

yaradıcılığın mükəmməl təhlilini məhz yaradıcının özündən, onun uşaqlıq dövründən, 

təhsilindən, şəxsiyyətindən, mühitindən, həyatından başlamaq lazımdır (7). 

Abdulla  Şaiqin dram yaradıcılığında folklor düşüncəsindən bol-bol istifadə 

olunmuşdur. Həm də A.Şaiq ictimai mövzulara meyl edən sənətkardır. O, əsərlərində 

əzən və əzilənlər sinfini təqdim edir, bir dramaturq kimi əzilənlərin tərəfində durur. 

O,  əsərlərini oxunaqlı etmək üçün, həm də  bədii təsir qüvvəsini gücləndirmək üçün 

folklor motivlərindən istifadə edir. Onun «İntiqamçı xoruz» pyesi də haqqın, ədalətin 

aradan çıxmasına, kəndli sinfinin mənafeyinin tapdalanmasına, bir sözlə, ağalar-qullar 

dünyasının mərhəmətsizliyinə qarşı yazılmışdır. «İntiqamçı xoruz» pyesində  kəskin 

konflikt vardır. Əsər folklor motivləri ilə zəngin olsa da, dramaturq burada da ictimai 

ziddiyyətlərin baş verməsinin səbəblərinə toxunur. A.Şaiq  əsərdə  kəndli sinfinin 

nümayəndəsi Həsənlə  fəhlə Aslanı öz şəxsiyyətləri uğrunda mübarizədə birləşdirir. 

M.Ağamirov həmin surətlərin hər ikisini yoxsullar, əzilənlər qütbünə daxil edir (1, 

81). Onlarla varlılar arasında ictimai uçurum vardır. A.Şaiq bu uçurumu aradan 

qaldırmaq, problemi əzilənlərin xeyrinə  həll etmək üçün folklor düşüncəsindən 

istifadə edir. Problemin bu cür həllinin tapılmasına A.Şaiqin yaradıcılığında çox rast 

gəlirik. Bu problemin həll edilməsi də A.Şaiqin baxışlarından irəli gəlir. 

Dramaturqun  əvvəlki  əsərlərindən fərqli olaraq, bu pyesdə hadisələr dramatik 

şəkildə inkişaf edir, zülmün həddi-hüdudu qarşısında kəndlilər hüquqsuz insanlar 

kimi təsvir olunurlar. Əsərin hadisələrinin gedişatından aydın olur ki, müəllif ictimai 

münasibətlərin həllini inqilabda görür. Lakin inqilab etmək  şüuru hələ  əsərin qəh-

rəmanı Həsəndə formalaşmamışdır. Əslində bu çatışmazlığı A.Şaiqin romantizmində 

görürük. Sentimental düşünən bir dramaturq kimi A.Şaiq ictimai münasibətlərin 

həllini folklor motivinin köməyində görür. Son tikəsini yoxsul qadınla bölən Həsənə 

Sənəm qarı xoruz bağışlayır və deyir ki, bu intiqamçı xoruzdur. Keçələ həsr olunmuş 

nağıllarda axırıncı tikəsini kiminləsə bölməsindən sonra ona sehrli əşya verilir ki, bu 

sehrli vasitənin köməyi ilə keçəl sinfi düşməninə qalib gəlir. Folkloru gözəl bilən 

A.Şaiq bu motivdən istifadə edərək  əsərdə ictimai konflikti belə asanca həll edir. 

M.Ağamirovun A.Şaiqin fəlsəfi və dünyabaxışı haqqında, xüsusilə onun inqilaba 

meylli olduğu barədəki fikirləri ilə razılaşmaq olar. O, Şaiqin dram əsərlərində inqilab 

əhval-ruhiyyəsi görür və  Şaiqi bu fikirdə olan yazıçı hesab edir. Xüsusilə A.Şaiqin 

«İntiqamçı xoruz» əsərində «inqilabla doğar yeni bir cahan» fikrinə istinad edərək 

filosof bu əsərdə onun fikirlərində inqilabın zəruriliyi qənaətini görmüş, onun ictimai-

simyasi baxışlarının mahiyyətini inqilabla bağlamışdır. Lakin bu pyesdə dramaturqun 

inqilabi çağırışları çox dərindən hiss olunmur. Bu, ilk baxışdan da belədir. A.Şaiq 

bilirdi ki, ağa-nökər münasibətləri, ziddiyyətləri maarifləndirmənin köməyi ilə də həll 

oluna bilir. Səhnə  əsəri də maariflənmənin  ən tərbiyəvi üsuludur. Həm də pyes 

uşaqlar üçün yazıldığından, uşaq dünyasına uyğunlaşdırıldığından konfliktin folklor 

motivi əsasında həll olunması A.Şaiqin uğurudur. Nağıllardakı  əhvalatlar bu pyesdə 




 

 44


təkrar olunur. Həsən yol yoldaşı bəyin mehtəri olan oğlanın qisasını ağa və bəylərdən 

almağa gedir. Əsərin ikinci pərdəsində  Həsənin xoruzuna güvənib bəylərdən qisas 

alması  təsvir olunur. Xoruz sehrlidir, ona kim toxunsa yapışır. Kim köməyə  gəlirsə 

bir-birinə yapışır. Xoruz onları oynadır. Həsən xoruzun sehri ilə Aslanı xilas edir. 

A.Şaiq pyesdə konflikti həll edərkən uşaq dünyagörüşünü nəzərə almışdır. Bu 

zaman o, folklor romantizmi ilə realizmi birləşdirir. XX əsrin görkəmli tədqiqat-

çılarının da əsərlərində  Şaiqin ancaq romantizminin, realizminin xüsusiyyətlərindən 

danışılır. M.Arif Şaiqi yaxşı  və ya pis romantik olduğu üçün deyil, yaxşı realist 

olmadığı üçün tənqid etmişdir. Yaşar Qarayev onun fikrinə qarşı  çıxaraq öz fikrini 

belə ifadə edirdi ki, «tədqiqatçılar heç bir romantiki pis romantik olduğu üçün ittiham 

etmirlər,  əksinə, onları realist olmadıqları üçün tənqid edirlər… Halbuki belə ya-

naşma üsulunun özü elmi cəhətdən  şikəst və qüsurludur» (8, 25). XX əsrin ilk illə-

rindəki  ədəbi hərəkatdakı romantizmin mövqeyini M.Cəfər düzgün başa düşmüşdü. 

O, bu cərəyanın yaradıcılıq metodu kimi realizmdən fərqləndirsə də, ona qarşı durma-

dığını, lakin ona rəğbət bəslədiyini, ondan müsbət mənada təsirləndiyini qeyd edirdi 

(3, 24-31). Onun bu fikrini davam etdirən Kamal Talıbzadə də Şaiqin romantizminin 

ideya-bədii prinsiplərinin bəzi nöqtələrdə realizm ilə birləşdiyini qeyd edib yazırdı ki, 

bu iki əsas  ədəbi cərəyanı bir-birini rədd etmir, onlar bir-birilərini təsdiq edə-edə 

yaşayır, ədəbi prosesdə qabaqcıl rol oynayırdılar (18, 82). 

 A.Şaiqin xalqla bağlılığı, bu romantizmin və realizmin ideya köklərinin 

haradan qaynaqlandığı  məsələsinə toxunulmur. Məsələn, M.İbrahimov 1966-cı ildə 

yazdığı «Abdulla Şaiqin realizminin bəzi xüsusiyyətləri» məqaləsində  Şaiq yara-

dıcılığındakı ictimai mənanı, fəlsəfi fikirləri, ictimai mühiti diqqətə çatdırır, əsərlərin-

dəki romantizm və realizm görüşlərinə toxunur (4). O, Abdulla Şaiqin realizminə 

M.F.Axundovun, C.Məmmədquluzadənin, Sabirin davamı kimi baxır, bir sıra yeni 

xüsusiyyətlərini də göstərir (6, 354). Sənətkarın real və ya romantik-ideal qəhrə-

manları ilə mütərəqqi  şəxsi fikirlərini verməyə tam hüququ vardır. Sənət  əsərində 

eyni zamanda müəllifin hər şeyi dərindən hiss edən ürəyi döyünməzsə, gələcəyi aydın 

görən gözləri gülməzsə, xalq ruhunu, zəmanə ruhunu ifadə edən hər bir sözü, kəlməsi 

ürək qanı ilə yazılmazsa, sənətə səmimiyyət, böyük ehtiraslar, nəcib hisslər, duyğular 

yol tapa bilməz (2, 6). İnsan psixologiyasnda əmələ  gələn dəyişikliklər ədəbiyyatın, 

dramaturgiyanın mövzusunu, yaradıcılıq üsulunu, hətta üslubunu dəyişirdi. A.Şaiqin 

romantik üslubdan realist üsluba keçməsində  məhz bu meyarların təsiri olmuşdur. 

Təbiilik, sadəlik və səmimiyyət bədii yaradıcılığı zinətləndirən, zahirən sərt və soyuq 

görünən həqiqətləri belə mülayimləşdirən ilıq, hərarətli bir nəfəslə qızdıran, gözəlləş-

dirən, bununla da oxucu qəlbində  məhrəmlik vasitəsinə çevrilən sənətkarlıq keyfiy-

yətlərindəndir (14, 78). Bu sözlər də A.Şaiqi xarakterizə etmək üçün deyilmişdir. 

A.Şaiqin romantizmini başa düşmək üçün S.Hüseynin romantik sənətkarlara 

verdiyi qiymətə nəzər yetirək. O yazırdı ki, romantik mühərrirlər heç bir qanuna tabe 

olmaq istəməzlər. Onların şəxsi zövqləri onlar üçün bir qanundur. Onlar – romantiklər 

öz düşüncə  və mühakimələrində  sərbəstdirlər. Onlar hər  şeydə gözəlliyi görürlər və 

bu yolda hissiyyati-şədidəyə namütənahi bir surətdə qapılırlar. Hələ  bəziləri tarixi 

simaları istədikləri təbiət və xasiyyətləri vermək, tarixin xilafına hərəkət etdirib söz 

söylətdirmək səlahiyyətinə də malik bulunurlar (3, 12) Lakin burda deyilənlərin heç 

də hamısını A.Şaiqə ehtiva etmək olmaz. Məmməd Cəfər A.Şaiqin yaradıcılığında 

türkçülük ideyalarının özünü büruzə verdiyini qeyd edir (3, 216). 




 

 45


C.Cəfərov «Ədəbiyyat və incəsənət» qəzetində (1947, 25 fevral) A.Şaiqin ilk 

dramlarını nağıl-pyeslər adlandırır (10, 190). 

Məmməd Arif Hüseyn Caviddən danışarkən «Cavid teatrımıza nə vermişdir?» 

sualına cavab vermək lazım gəlsə, birinci növbədə onu deyə bilərik ki, Cavid səhnə-

mizə ilk dəfə  şeiriyyət gətirmişdir» qeydini edir (11, 115). Bu sualı A.Şaiqin də 

yaradıcılığına versək, onun dramaturgiyasının səhnəmizə  nə verdiyini düşünsək, ilk 

növbədə bütöv obrazlar sistemi verdiyini deyə bilərik. Bura uşaq dramaturgiyasının 

obrazlar qalereyası da bağlıdır. Dram əsəri nə qədər qüvvətli olarsa, səhnə də o qədər 

güclü olar (11, 122). 

M.Rzaquluzadə Şaiqin dram yaradıcılığını inkişaf etməkdə olan, yeni-yeni ide-

yalarla, obrazlarla zənginləşən dramaturgiya hesab edirdi. O, bu xüsusiyyəti qeyd 

edərək yazırdı ki, «Tənqid-təbliğ teatrı üçün ilk pyeslərini yazdıqdan sonra («Aydoğ-

du», «Həqiqətə doğru», «Yazıya pozu yoxdur» - 1921) ədib «İldırım» (1927), 

«Aldanmış ulduzlar» (1928), «Nüşabə» (1945) dramlarını yaradır (17, 356).  

Kamal Talıbzadə də A.Şaiqin dram yaradıcılığındakı folklor romantikasını yük-

sək qiymətləndirmişdir. O yazmışdır ki, «Azərbaycan uşaq və gənc tamaşaçılar teatrı-

mızın fikri-estetik inkişafında Abdulla Şaiqin əsərləri çox böyük rol oynamışdır. «Gö-

zəl bahar», «Çoban», «İntiqamçı xoruz», «Xasay», «Eloğlu», «Vətən», «Qaraca qız», 

«Bir saatlıq xəlifəlik» və s. pyesləri uşaq teatrımızın sütunları olmuşdur» (17, 9). 

C.Hacıyev də həmin  əsərləri A.Şaiqin ilk dram əsərləri adlandırır (40, 381). M.Arif 

qeyd edir ki, uşaq yazıçısı kimi şöhrət qazanan Abdulla Şaiq məktəb səhnəcikləri 

üçün bədii əsərlər yazmışdı və bu səhnəciklər o zamankı məktəb həyatında yeni bir 

hadisə idi. Bədii tərbiyə üçün məktəb səhnəsinin böyük rola malik olduğunu yəqin 

edən  Şaiq müəllim bir neçə  əsərini məktəb səhnələri üçün pyes halına salmaqla 

bərabər, sonralar Gənc Tamaşaçılar Teatrı üçün bir sıra dram əsərləri yaratmışdı (11, 

178; 13, 174-187). O, vətənpərvərlik ruhunda yazılan «Eloğlu», «Vətən», «Xasay» 

kimi dramları tərbiyəvi mövzuda yazılan əsərlər hesab edirdi. 

Abdulla  Şaiqin ilkin dramlarında folklordan bəhrələnmə daha çoxdur, bu 

pyeslər,  əsasən, nağıl süjeti və motivlərinə görə kiçikyaşlı oxucuların diqqətini cəlb 

edirdi. Şaiq pedaqoq olaraq bilirdi ki, folklorun tərbiyəvi əhəmiyyəti vardır. Sənətkar 

ona görə  də, ilk dramlarının süjet xəttini  şifahi xalq yaradıcılığının qaynaqları  əsa-

sında qururdu. O, həm də çalışırdı ki, süjetdə konfliktin həlli balacalar üçün anlaşıqlı 

olsun. Bunun üçün Azərbaycan nağılları əsas vasitə idi. 

 

ƏDƏBİYYAT 

1.

 



Ağamirov M. Abdulla Şaiqin dünyagörüşü. Bakı: Maarif, 1983, 242 s. 

2.

 



Cəfər M. Həyatın romantikası. Bakı: Azərnəşr, 1968, 172 s. 

3.

 



Cəfər M. Azərbaycan ədəbiyyatında romantizm. Bakı: Azərbaycan SSR EA, 1963, 217 s. 

4.

 



 «Ədəbiyyat və incəsənət» qəzeti, Bakı, 1976, 26 fevral. 

5.

 



Hacıyev C. XX əsr Azərbaycan  ədəbiyyatı tarixi. Bakı: Azərbaycan Universiteti, 1955, 

435 s. 


6.

 

İbrahimov M. Seçilmiş əsərləri. 4 cilddə, III c. Bakı: Azərnəşr, 1972, 484 s. 



7.

 

Qarayev Y. Meyar – şəxsiyyətdir. Bakı: Elm, 1988, 212 s. 



8.

 

Qarayev Y. Realizm: sənət və həqiqət. Bakı: Elm, 1980, 258 s. 



9.

 

Mirəhmədov Ə. Abdulla Şaiq. Bakı: Azərbaycan SSR Elmlər Akademiyası, 1956, 141 s. 



10.

 

Məmmədov Ə. Abdulla Şaiq. Bakı: Gənclik, 1983, 212 s. 



11.

 

Məmməd Arif. Sənətkar qocalmır. Bakı: Yazıçı, 1980, 368 s. 




 

 46


12.

 

Məmməd Arif. Seçilmiş əsərləri. 3 cilddə, I c. Bakı: Azərbaycan SSR Elmlər Akademi-



yası, 1967, 620 s. 

13.


 

Məmməd Arif. Şaiq müəllim. Şaiqanə yad et. Bakı: Gənclik, 231 s. 

14.

 

Mustafayev İ.N. Yazıçı idealı və həyat həqiqəti. Bakı: Yazıçı, 1989, 232 s. 



15.

 

Şaiq A. Xatirələrim. Bakı: Gənclik, 1973, 364 s. 



16.

 

Şaiq A. Xatirələrim. Bakı: Uşaqgəncnəşr, 1961, 224 s. 



17.

 

Şaiq A. Seçilmiş əsərləri. Bakı: Gənclik, 1984, 444 s. 



18.

 

Talıbzadə Kamal. Seçilmiş əsərləri. 2 cilddə, II c. Bakı: Azərnəşr, 1994, 431 s. 



19.

 

Zamanov A. Abdulla Şaiq. Bakı: Azərbaycan SSR siyasi və elmi bilikləri yayan cəmiy-



yət, 1956, 21 s. 

 

ФОЛЬКЛОРНЫЙ РОМАНТИЗМ  



В ДРАМАТИЧЕСКИХ ПРОИЗВЕДЕНИЯХ А.ШАИГА  

 

Ф.Г.АГАМАЛИЕВА 

 

РЕЗЮМЕ 

 

 

Тема  в  большинство  драматических  произведениях  А.Шаиги  взята  из  фольк-



лора.  Фольклорный  материал  отражает  жизнь  как  реально,  а  также  в  романтических 

красочных тонах. Писатель некоторые свои пьесы («Айдогду», «Хагигата догру», «Языя 

позу  йохдур», «Илдырым», «Алданмыш  улдузлар», «Нушаба»»  и  др.)  написал  в 

романтическом стиле. 

 

FOLKLORE ROMANTIZM IN DRAMATIC WORKS BY A.SHAIG 

 

F.H.AGAMALIYEVA 

 

SUMMARY 

 

 

The theme of the most dramatic works of A.Shaig refers to the folklore. Folklore 



materials reflect the life as real as in romantic colourful tones. The writer wrote a number of 

his plays (“Aydogdu”, “Hagigata dogru”, “Yazıya pozu yoxdur”, “İldırım”, “Aldanmısh 

ulduzlar”, “Nushaba”) in the romantic style. 

 

 



 

Yüklə 267,85 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə