STENOQRAM
ABŞ-ın Azərbaycan Respublikasındakı Səfirliyi
Müvəqqəti işlər vəkili Derek Hoqan
Açılış nitqi
Azərbaycanda İnsan Hüquqları Forumu
“Park İnn” Hoteli, Bakı, Azərbaycan
11 dekabr, 2013-cü il
Müvəqqəti işlər vəkili Hoqan: Hamınızın sabahınız xeyir. Beynəlxalq İnsan
Hüquqları Günü münasibətilə təşkil olunmuş bu tədbirdə sizlərlə birlikdə iştirak
etmək mənim üçün şərəfdir. Bu önəmli tədbiri təşkil etdiklərinə görə mən
Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutuna, Beynəlxalq Media Dəstəyi
təşkilatına, Britaniya Səfirliyinə və digərlərinə təşəkkürümü bildirmək istəyirəm.
Hər il biz BMT-in Baş Assambleyası tərəfindən 1948-ci ildə qəbul edilmiş İnsan
Hüquqları üzrə Beynəlxalq Konvensiyasını qeyd edirik. Həmin dövrdə BMT bizim
hər birimiz üçün daha yaxşı bir dünya təsvir etmişdir və bu sənəd bütün xalqlar və
bütün dövlətlər üçün ümumi nailiyyət standartı olaraq qalmışdır.
Birləşmiş Ştatlar, İnsan Hüquqları üzrə Beynəlxalq Konvensiyada əks olunmuş
əsas prinsipləri tam şəkildə dəstəkləyir, yəni hər hansı əlamətindən, irqindən,
rəngindən, cinsindən, dilindən, dinindən və yaxud siyasi və ya digər
düşüncələrindən asılı olmayaraq hər bir kəsin müəyyən hüquq və azadlıqlara malik
olduğunu qəbul edir. Bu hüquqlara hörmət uzun müddət ABŞ-ın bütün dünyada, o
cümlədən Azərbaycanda həyata keçirdiyi xarici siyasətin bir sütunu olmuşdur.
Keçmiş Dövlət Katibi Hillari Klinton 2012-ci ildə Bakıya səfəri zamanı qeyd etdiyi
kimi bizim ən yaxın qarşılıqlı əlaqələrimiz öz vətəndaşlarının bütün insan
hüquqlarına hörmət edən demokratik dövlətlərlədir. Bugünkü dünyanın artan
mürəkkəb çətinlikləri ilə mübarizə aparmaq üçün biz güclü tərəfdaşlarımızın
olmasını istəyirik və onlara ehtiyacımız vardır və güclü demokratik dövlətlər bizim
ən güclü tərəfdaşlarımızdır.
STENOQRAM
Bizim düşüncələrimizə görə demokratiya fərdlərə imkan və azadlığın təmin
olunması baxımından hər hansı digər idarəçilik sistemindən daha yaxşıdır.
Birləşmiş Ştatlar hesab edir ki, Azərbaycanın gələcək çiçəklənməsi və sabitliyi
insan haqlarına hörmətin gücləndirilməsi və demokratik islahatların tərəqqisi
vasitəsilə ən yaxşı formada təmin edilə bilər.
Digər azadlıqlarla bərabər biz Azərbaycan hökumətinə ifadə, sərbəst toplaşma və
birləşmə azadlıqlarını təmin etməyi tövsiyə edirik. Biz eyni zamanda müvafiq
mühakimə proseduruna və ədalətli məhkəmə mühakiməsinə, media plüralizminə,
rəy və informasiyaya sərbəst çıxış imkanlarına olan ehtiyacı da, vurğulayırıq. Biz
bu sahədə daha çox işlərin həyata keçirilməsini tövsiyə edirik, çünki biz hesab
edirik ki, bu cür hüquq və azadlıqlar demokratiyanın sütunlarıdır və Azərbaycanın
dostu olaraq biz, onun malik olduğu böyük potensialı reallaşdırmasını istəyirik.
Heç şübhəsiz ki, biz başlıca insan haqlarına hörmət edilən, qorxudan azad bir
mühit yaradırıqsa və həlledici məsələlərlə bağlı məqsədyönlü, yetkin və ictimai
müzakirələrin aparılmasına sadiqlik nümayiş etdiririksə bu halda bizim
cəmiyyətlərimiz daha da güclənir.
Biz hesab edirik ki, insan haqlarına hörmət və əsaslı narahatlıqların müzakirəsində
hökumətin vətəndaşlarla, xüsusilə gənclərlə birgə iştirakı hökumətlərin özlərinin
uzun-müddətli sabitliklərini qoruyub saxlaması baxımından ən yaxşı və ən effektiv
yoldur.
Mən Birləşmiş Ştatların Azərbaycanda insan haqları və demokratiyada maraqlı
olduğunu bir daha bəyan etmək istəyirəm. Biz, hamı tərəfindən qəbul olunan insan
haqlarına hörmət edilməsinin gücləndirilməsi və bu hüquqlardan istifadə
etdiklərinə görə insanların cəzalandırılmaması üçün hökumət, vətəndaş cəmiyyəti
və media ilə əməkdaşlığımızı davam etdirəcəyik.
Biz bunu ona görə edirik ki, biz Azərbaycanın müstəqil və çiçəklənən Azərbaycana
çevrilməsi istiqamətindəki baxışlarına kömək etmək istəyirik.
Təşəkkür edirəm.