Ad güNÜ HƏDİYYƏSİ



Yüklə 29,48 Kb.

tarix14.06.2018
ölçüsü29,48 Kb.


 

 



AD GÜNÜ HƏDİYYƏSİ 

(Günel Nağıyeva) 

Bu gün on səkkiz yaşı tamam olurdu. Qrup yoldaşları qəribə hədiyyə 

hazırlamışdılar. Hədiyyə güzgü idi. Qəribəlik də ondan ibarət idi ki, dediklərinə 

görə, güzgüyə baxan adam özünü yox, ürəyindəki surəti görürdü. Guya yaponlar 

ixtira eləmişdilər. Qızlardan biri göz vuraraq ikibaşlı danışdı: “Tək bax a, birdən 

mama da səninlə baxar, gələcək kürəkənini görər”. Hamı gülsə də, özünün bu 

zarafata nəinki gülməyi gəlmədi, hətta bərk qəzəbləndi. Lakin yenə də heç nə 

demədi. Elə bu sakitliyi də qrup yoldaşlarının marağını daha da artırırdı. Onun 

necə biri olduğunu bilmək istəkləri gündən – günə artırdı. Maraqlısı odur ki, o özü 

də bunu anlamaq istəyirdi. Şəlalə tək dalğalanan uzun saçları, ulduz kimi parlayan 

gözləri, bəmbəyaz bənizinə görə idi ki, qrup yoldaşları, Səhəri fakültənin ən gözəl 

qızı elan etmişdilər. Baxışları ilə insana sevinci də, kədəri də, qəzəbi də bəxş edə 

bilirdi. Üzündəki hər cizgi sanki bir duyğunun əksi idi. Çox adam ona ürəyini 

açmaq, sevgisini bildirmək istəyirdi. Qrup qızları inanmırdılar ki, Səhərin sevdiyi 

biri yoxdur. Neçəsi onunla yaxınlıq edib, ürəyindəkini öyrənmək istəyir, havayı 

zəhmət çəkdiklərini gördükdə dilxor olurdular.  

Axır ki, doğum gününə belə bir hədiyyə tapdılar.  

Bayıra çıxan kimi yenə həmin oğlanı gördü. Əsəbindən ayaqlarını yerə elə bərk 

çırpırdı ki, sanki yerdə ildırım çaxırdı. Hər gün yorulmadan onu izləyən bu oğlan 

bu gün də öz adəti üzrə Səhərin qabağa keçməsini gözlədi, sonra onun dalınca 

addımlamağa başladı.  

Səhər isə evə gedərkən yol boyu beynindəki fikirlər kələfinin ucunu axtara – axtara 

qaldı. Hərdənsə ona elə gəlirdi ki, fikir kələfinin ucu artıq beynindən kənara çıxıb 

saçlarına qarışıb. Ona görə arada əlini saçlarına atır, əlinə bir ip ucu keçirəcəyinə 

ümid edirdi. Bir tərəfdən əvvəlki ad günülərindən bəzi məqamlar yaddaşında yanıb 

– sönür, digər bir tərəfdən də evə tez çatıb güzgüyə baxmağa tələsirdi. 

Yoldaşlarının dediyinin həqiqət olub – olmadığını yoxlamaq istəyirdi. 

Düşüncələr 

ümmanının ən sərt dalğalarıyla boğuşarkən arxada onu izləyən birinin olduğunu da 

unutmuşdu.

 

Yadına lap balaca vaxtları düşdü. Ad günü idi. Yenə fikri qarışdı: “Ad günü, yoxsa 



doğum günü?! Əslində çox yerdə insanın dünyaya gəldiyi gün doğum günü 

adlanmalıdır. Türklərdə də belədir, ruslarda da. Bizdə isə nədənsə ad günü deyilir”. 

Başladı doğum günləri haqqında fikirləşməyə. Lap balaca olanda doğum günündə, 

yəni ad günündə onu iki güclü əl yuxarı qaldırıb, atıb - tuturdu. Uzun illərdi ki, bu 




 

 



əllərin yiyəsinin kim olduğunu bilsə də onu “ata” deyə xatırlamağı özünə qadağan 

etmişdi.  

Ondan sonrakı doğum günlərində onu heç kim atıb – tutmadı. Çoxlu qonaq 

gəlmişdi. Ona nəsə deyirdilər. Deyəsən, təbrik edirdilər. Bəzi sözləri tuturdu. Hiss 

edirdi ki, həmin güclü əllərin yiyəsini qəzəblə yada salırlar. Öz uşaqlarının necə 

atıb getdiyindən danışır, söyürdülər. Yaman qəzəblənmişdi onda. Evdən çıxanda 

ayağı büdrədiyindən yıxılıb ayağını bərk əzmişdi. Kimsə onu qucağına götürüb 

maşına mindirdi. Yana – yana ağlayıb, göz yaşlarını içinə süzürdü. Bir yandan 

ayağı ağrayırdı, o biri tərəfdən isə onu qucağına alan o güclü əllərin yiyəsi deyildi, 

dayısı idi. Beləcə bir ad günü də keçmişdi... 

Sonrakı doğum günündə öz evlərində deyildilər. Böyüklərin söhbətindən başa 

düşmüşdü ki, atası evlərini satıb onları evsiz qoyub. Ona görə də dayısıgildə 

yaşayırdılar. Hər çətinə düşəndə yanında dayısını gördüyü üçün ona çox 

bağlanmışdı. Ona elə gəlirdi ki, güclü əllər öz vəzifəsini dayısına tapşırıb.  

Doğum günündə gözəl süfrə bəzənmişdi. Stolun üstündə də parıltılı kağıza 

bükülmüş şokaladlar vardı. Onlara baxdıqca fikirləşirdi ki, birdən güclü əllərin 

yiyəsi gələr, Səhəri öz evlərinə aparar. Evlərində isə belə konfetlər yox idi. Ona 

görə doğum günü süfrəsindən bir ovuc konfet götürüb, balaca çantasına tökdü. Kaş 

ki, “eləmə” deyən olaydı o an. Kimsə bunu görüb böyüklərə xəbər vermişdi. Onu o 

qədər danlamışdılar ki, indi də yadına düşəndə əhvalı dəyişir. Sən demə, belə 

işlərin üstündə adamı polis tutrmuş. Hamı ona oğru kimi baxırmış. Uşaqlar belə pis 

yoldaşla oynamazmış. “Günah”ının nə dərəcədə “böyük” olduğunu düz - əməlli 

anlamasa da, polisdən çox qorxmuşdu. İnanmışdı ki, hamı ona oğru kimi baxacaq. 

Uzun müddət bu qorxu onu tərk etməmişdi. 

O güclü əllərin yiyəsini isə bir də yeddi yaşı olanda çox arzulamışdı. Artıq 

məktəbə gedirdi. Ad günündə sinif yoldaşları da zəng vurub təbrik edirdilər. Ona 

elə gəldi ki, nə olursa olsun o, zəng vuracaq. Axı o, güclü əllərin yiyəsindən 

inciməmişdi. Nə qədər böyük günah olsa belə böyüklərdən fərqli olaraq onu 

bağışlamağa, onunla çıxıb getməyə belə hazır idi. Çox gözlədi həmin gün. 

Telefonun hər zənginə sevinə - sevinə cavab verir, səsin həmin – qanına işləyən 

doğma səs olmadığını gördekcə əhvalı bir az da pisləşirdi.  

Növbəti ad günündə artıq ağlı bəzi şeyləri kəsirdi.  Qaşqabaqlı olan zaman , 

böyüklərdən eşitdiyi “atasının balasıdır” sözləri onu lap yandırıb tökürdü. Axı o, 

heç kimi incitməmişdi, heç kimi qəzəbləndirmək istəmirdi. Amma deyilənlərdən 

belə çıxırdı ki, o, balaca da olsa, nankorun, qədirbilməzin biridir. Yerli – yersiz 

hamının işinə yaramağa, üzünə gülməyə çalışırdı. Xeyri yox idi. Hamı üçün 

“atasının balası” olaraq qalırdı. Bəzən hamıya üsyan eləmək, “əcəb eləyirəm, bəs 



 

 



kimin balası olmalıyam?!” bağırmağı gəlirdi. Sonra tez özünü yığışdırırdı. Bunu 

ona bağışlamazdılar. Bir də düşünürdü ki: “Həqiqətən də insanların günahı yoxdur. 

O əgər bu qədər qəddar, işəyaramaz, öz uşaqlarını belə sevməyən biridirsə, buna 

camaat neyləsin?! Təəssüf ki, səhv demirlər, mən də onun qızıyam”. Bütün hirsini 

ətrafındakılardan çıxmaq istəyəndə yalnız bir səhnə gözünün önünə gəlirdi: 

“Onunla görüşməyə icazə verməyən həmin “adam”dır”. Bütün bu fikirlər heç vaxt 

Səhərin yaxasını buraxmırdı. Çünki hər gün həmin küçədən keçir, hər gün həmin 

anı yaşayırdı və yenə də insanlarda günah olmadığını anlayırdı. “Əgər o yanımda 

olsaydı heç kim məni incidə bilməz, ağlada bilməzdi” deyə hey düşünür, qeyri – 

ixtiyari bütün dünyaya qəzəb saçırdı.  

Uzun illər içindəki üsyanla baş – başa qaldı və nifrət hər şeyə üstün gəldi. Ürəyi, 

beyni bomboş qaldı. Elə indi də eləydi. Onun yoxluğunda çox şey yaşamışdı. 

Gözəl günlərin də, kədərli günlərin də sayı kifayət qədər idi. Amma bir də heç vaxt 

ürəkdən gülə bilməmişdi.  Sanki Səhərin həyatına bütün duyğular əskik gəlirdi. 

Buna görə də heç nəyi dərindən yaşaya bilmirdi. Yalnızca qoxu hissini bütün 

mənliyi ilə duyurdu. Qorxduğu tək şey isə həqiqətən də ona oxşamaq idi.  

Birdən qatarın səsi elə bil onu dərin yuxudan oyatdı. Tez vaqondan çıxmğa tələsdi. 

Anidən dönüb yol boyu onu izləyən oğlnın içəridə qaldığını görəndə içinə qəribə 

rahatlıq çökdü. Böyük bir bəlnı atlatmışcasına gülümsündü. Metrodan evə qədər 

olan yolu həmişəkindən tez getdi. Hər halda ona da maraqlı idi axı... Düşünürdü ki: 

“Bəlkə qızlar düz deyirlər, doğrudan da sevdiyim biri var, amma mən bilmirəm. 

Bəlkə həmin oğlandı. Bəlkə tamam başqa kimsə”. Bir tərəfdən də fikirləşirdi ki, 

güzgü boş qalacaq.  

Evə çatan kimi tələm-tələsik otağına keçdi. Güzgünü qutudan təlaşla çıxarıb stolun 

üstünə qoydu. Düşməsin deyə əlinə keçən əşyaları güzgünün qabağına yığıb, 

stulunu çəkib oturdu. Yerini rahatladıqdan sonra yavaş – yavaş gözlərini qaldırıb 

güzgüyə baxırdı. Bir az həyəcan, bir az da ən yaxşı bildiyi qorxu hissi onu əsir 

almışdı. Bəlkə də həyatının ən dəhşətli anını yaşayırdı.  Güzgüdə ona baxan, 

doğmalıqdan gözlərini yaşardan, güclü əllərin yiyəsi idi. Quruyub qalmışdı. Bir 

neçə dəqiqə donub dayandı. Gözlərindən muncuq dənələri tək bir – birinin ardınca 

yaşlar damcılamağa başladı. Axan hər damcıda onun surətinin əksi var idi. 

Güzgüdə bu mənzərəni gördükcə dəliyə dönürdü. Əllərini üzünə tutub için-için 

ağlamaqdan başqa heç nə edə bilmədi. Yəqin ki, bir də bu güzgüyə baxmayacaqdı. 

Bir qədər keçdikdən sonra sakitləşdi və güzgünü yavaş – yavaş götürüb qutuya 

qoydu.  Niyə belə olduğunu anlamamışdı. Heç vaxt da anlamayacaqdı. Amma qrup 

yoldaşlarının əlindən bərk hirslənmişdi: “Axı nəyinizə lazımdır mənim 

ürəyimdəkini bilmək?!” 



 

 



Birdən yerdə kağız parçası olduğunu gördü.  Götürüb açdı. Qrup qızları yazmışdı: 

“ Əzizimiz Səhər, ad günün mübarək! (Öz – özünə ad günü yox, doğum günü – 

deyə fikirləşdi). Çox düşündük ki, sənə nə hədiyyə alaq. Bu qərara gəldik ki, ən 

yaxşı hədiyyə bu güzgüdür. Doğrudur, bir az uydurmamız da var. Əslində, bu 

güzgü adi güzgüdür. Biz onu sənə belə təqdim etdik. Ümidvarıq ki, qəlbindəki 

surəti gördün. Çox xahiş edirik, kimi gördüyünü bizə də deyəsən. Sənə cansağlığı, 

xoşbəxtlik arzulayırıq”. 

O isə gördüyünü onlara deməyəcəkdi və onu da başa düşmüşdü ki, bütün fikirləri 

bir ömür Səhərin beynində durmadan canlanacaqdı. Bəlkə də ürəyindəki surətin 

həmin düşüncələrdə yaşayması idi onlardan əl çəkməyə imkan verməyən.  Yəqin 

ki, güzgünü də “atasının balası” hesab edilən, amma ürəyində “ata” dediyini dəfn 

edənlərdən birinə bağışlayacaqdı. 





Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə