Ağ atli oğlan (Azərbaycan xalq nağılı)



Yüklə 104,14 Kb.
tarix18.06.2018
ölçüsü104,14 Kb.
#49748

ATLI OĞLAN

(Azərbaycan xalq nağılı)

Biri varmış, biri yoxmuş, Döşgüvar adlı bir padşah varmış. Bu, çox zülmkar padşahmış. Padşahlığı öz əlinə almaq üçün atasına da zəhər verib öldürübmüş. Döşgüvar padşah taxta çıxan gündən camaatın günü qara olubmuş. Ən kiçik iş üstündə adam öldürməkdən çəkinməzmiş.

Döşgüvar padşahın üç oğlu varmış. Xan qızından olan oğlunun adı Xanbala, bəy qızından olan oğlunun adı Bəybala, dəvəçi qızından olan oğlunun adı Nərbala imiş. Padşah Xanbala və Bəybalanı Nərbaladan1 çox istərmiş. Nərbalanın anası dəvəçi qızı olduğuna görə, ona fikir verməzmiş. Amma Nərbala o biri qardaşlarından həm güclü, həm də ağıllı imiş.

Döşgüvar padşahın ölkəsində adamyeyən bir dərviş varmış. Padşahın oğlanları on beş yaşına çatanda dərviş padşahın oğullarının birini istəyir. Döşgüvar padşah deyir:



  • Nə istəyirsən verim, amma oğlanlarımı yox.

Dərviş deyir:

  • Mənə heç nə lazım deyil, əgər verməsən, elə bir şey elərəm ki, oğlanlarının üçü də ölər!

İşi belə görən padşah deyir:

  • Qoy Nərbala qurban olsun Xanbala ilə Bəybalaya, apar, nə istəyirsən elə!

Nərbalanın anası nə qədər yalvarır ki, oğlunu bədbəxt eləmə, padşah qulaq asmır, qəzəblənib onu da zindana saldırır.

Dərviş Nərbalanı götürüb yola düşür. Amma Nərbala anasının zindana salınmasından xəbər tutmur. Dərvişlə Nərbala az gedirlər, çox gedirlər, səhərə az qlmış, iki dağın arasına çatırlar. Nərbala qolları bağlı, dərvişin dalınca gedirdi. Birdən görür ki, bir quru kəllə dığırlana-dığırlana gedir, həm də danışır:



  • Nərbala, bu dərviş adamyeyəndi. Mən də sənin kimi cavan olanda atamdan-anamdan alıb gətirdi, təndirə salıb bişirdi, yedi. Özünü qoru, bizim də qanımızı al.

Nərbala bilmir nə eləsin, qolları bağlı olduğundan qaça da bilmir.

Dərviş birdən dayanır, deyir: – Çatdıq.

Nərbala görür ki, böyük bir binanın qabağındadır. Dərviş qapını açıb, Nərbalanı içəri salır, özü də onun dalınca girir, sonra qapını bağlayır. Dərviş Nərbalaya deyir:


  • Mənim heç kəsim yoxdur, səni özümə oğul eyləyəcəyəm.

Dərviş otaqdan çıxır, qapını bağlayıb gedir.Nərbala yorulduğundan, qolları bağlı uzanıb yatır. Səhər dərvişin ayaq səsi onu oyadır.

Dərviş içəri girir, Nərbalanın qollarını açıb deyir:



  • Bu mal, bu dövlət hamısı sənindir. Çörəyimiz yoxdur, gəl qabaqca təndiri çörək bişirək, sonra gör sənə nələr göstərəcəyəm.

Təndir sözünü eşidəndə, kəllənin dedikləri Nərbalanın yadına düşür. Amma qorxmur, əlləri açıqdı. Bilir ki, dərvişin ona güçü çatmaz. Nərbala dərvişin bütün danışığına diqqətlə fikir verir.

Dərviş Nərbalaya deyir:



  • Xəmir yoğurursan, yoxsa təndiri yandırırsan?

Nərbala deyir:

  • Baba dərviş, biz ki, qta-bala olduq, daha yaramaz ki, mən duran yerdə sən iş görəsən. Amma mən hələ bacarmıram. Bu günlüyə sən elə, mən baxim, öyrənim.

Dərviş deyir:

Dərviş təndiri yandırır. Sonra un gətirib, xəmiri yoğurmağa başlayır.

Təndir közərir. Dərviş yekə bir tiyan gətirib salır təndirin içinə.

Nərbala soruşur:


  • Baba dərviş, bu tiyan nə üçündür?

Dərviş deyir:

  • Oğlum, çörəyi bu tiyanın divarlarına yapacağıq ki, küt düşəndə xarab olmasın.

Nərbala başa düşür ki, dərviş yalan deyir. Kəllənin dedikləri yadına düşür. Dərviş istəyir ki, Nərbalanı həmin tiyanın içinə basıb bişirsin. Nərbala heç bir söz deməyib gözləyir ki, görsün işin axırı nə olur.

Dərviş xəmiri kündələyir, o qədər gözləyir ki, təndirdəki tiyan od kimi qızarır. O, tiyanın istiliyini yoxlayıb Nərbalaya deyir:



  • İndi gəl otur, çörəkləri yap.

Nərbala: – Baş üstə, – deyib, özünü elə göstərir ki, guya çörəyi yapmağa hazırlaşır. Aşağı əyləndə qoltuğunun altından dərvişə baxır, görür ki, dərviş barmaqlarının ucunda yeriyib, tiyanın qapağını götürdü. Bir əlinə də balaca bir balta alıb, ona tərəf gəlməyə başladı. Nərbala gördü ki, kəllənin dedikləri düz imiş.

Dərviş yaxınlaşanda Nərbala ayağa qalxıb deyir:



  • Baba dərviş, mən heç vaxt təndirə çörək yapmamışam. Al birini sən yap, baxım öyrənim, o birilərini də mən yaparam.

Dərviş acıqlı-acıqlı təndirin başına əyləşir. Nərbala o qədər gözləyir ki, dərviş əlindəki çörəyi yapmaq üçün başı aşağı təndirə sallanır. Nərbala “başqası üçün quyu qazan özü düşər!” – deyib dərvişə bir təpik vurur. Dərviş başı üstə düşür təndirə. Nərbala tez qapağı tiyanın ağzına basır. Bir azdan dərvişin səsi kəsilir.

Dərviş öləndən sonra Nərbala dərvişin sarayını gəzməyə başlayır. Sarayda qırx otaq var idi, hamısı bir-birindən gözəl. Dünyada nə istəsən burada tapmaq olardı.

Nərbala otuz doqquz otaq gəzdikdən sonra qırxıncı otağın qapısını açır, görür ki, bura gözəl bir tövlədi. Tövlədə bir at, bir aslan bağlanıb, qəfəsdə də gözəl bir quş var. Nərbalanı görəndə at kişnəyir, aslan nərildəyir, quş adam kimi danışıb, Nərbalaya deyir:


  • Xoş gəlmisən! Hiyləgər dərviş bizi neçə müddətdi burda əsir edib, deyirdik, görəsən elə bir igid tapılarmı ki, onu öldürsün?

Nərbala görür ki, dərviş atın qabağına ət qoyub, aslanın qabağına dən töküb, quşun da qabağına ot qoyub. Tez götürüb dəyişir, əti aslana, otu ata, dəni də quşa verir. Heyvanlar Nərbalaya “saq ol” deyirlər.

Nərbala deyir:



  • Mən siz açıb buraxıram.

Bunu deyib Nərbala onların üçünü də açıb buraxır. Heyvanlar qaçmaq əvəzinə, üzlərini Nərbalanın əllərinə, ayaqlarına sürtməyə, ona yalvarmağa başlayırlar. Quş deyir:

  • Biz gündüzləri gəzəcəyik, özümüzə yem tapacağıq, axşamları həmişə buraya gələcəyik.

Quş sözünü qurtaran kimi onlar gözdən itirlər.

Nərbala dərvişin bağçaslnl gəzməyə başlayır. Bağça o qədər gözəl idi ki, necə deyərlər, gül bülbülü, bülbül gülü çağırırdı. Burda elə gözəl meyvələr, güllər, çiçəklər var idi ki, Nərbala bunları heç atasının bağında da görməmişdi. Nərbala yığdığı meyvələrdən yeyir, bulağın başında görür ki, heyvanlar yanındadırlar. Aslan ona ceyran ovlayıb gətirmişdi. Qu. Da bir kəklik tutub gətirmişdi. Bu gündən Nərbala heyvanlarla dost olur. Günlər keçir, həftələr ötür, Nərbala darıxmağa başlayır. Heyvanlar bunu başa düşürlər.

Quş deyir:


  • Əgər çox darıxırsansa, səni şəhərə aparaq.

Yaxınlıqdakı şəhər atasının incitdiyi bir padşahın idi. Nərbala qorxurdu ki, atasının düşməni onu öldürər.

Quş deyir:



  • Qorxma, paltarını dəyiş, köhnə paltar gey.

Nərbala köhnə paltar geyinir, başına da ağ papaq qoyur, ata minir, aslan yanında, quş da başının üstündə, səhər açılmamış şəhərə çatır. At şəhərə çatanda uca bir hasarın yanında dayanır. Quş hasarı göstərib deyir:

  • Bura padşahın gül bağıdı.

Sonra quş öz tükündən birini Nərbalaya verib deyir:

  • Gəzib dolanarsan, biz gələnə qədər bir çətinliyə düşsən, tükü yandırarsan, biz sənin köməyinə gələrik.

Heyvanlar gedirlər. Nərbala da şəhəri gəzməyə çıxır. Şəhəri gəzib yorulduqdan sonra, yenə həmin hasarın yanına gəlir. Birdən bağdan ağsaqqal bir qoca çıxır. Nərbala ona ədəblə salam verir. Qoca salamı alıb deyir:

  • Oğlum, qərib adama oxşayırsan, kimsən, burada niyə dayanmısan? Bəlkə yatmağa yerin yoxdur?

Nərbala deyir:

  • Bəli, qəribəm. Birinci dəfədir ki, bu şəhərə gəlmişəm. Yoldaşlarımı gözləyirəm ki, onlara qoşulub kəndimizə gedim.

Qoca deyir:

  • Oğlum, mən bu bağın bağbanıyam. Bütün ağacları mən becərmişəm. Qonşu padşah bir necə dəfə qoşun çəkib, şəhərimizi talan eləyib. Mənim d var-yox bircə oğlum vardı, onu da öldürüb. İndi mənim heç kəsim yoxdur, səni gördüm, yaman ürəyimə yatdın. Əgər başqa peşən yoxsa, qal mənə şagird ol. Mənim ömrüm çox qalmayıb, məndən sonra bağ naşı adamın əliinə düşməsin.

Nərbala deyir:

  • Gələrəm, əmi. Amma gərək indi kəndimizə gedəm, anamdan icazə alam, sonra gələm.

Qoca öz evini Nərbalaya göstərib deyir:

  • Əgər gəlsən, qapını döyüb, məni çağırarsan.

Nərbala deyir:

  • Baş üstə.

Bağban evinə girir. Nərbala da hasarın yanına qayıdır. Amma Nərbala fikirləşir ki, görəsən bağban hansı qonşu padşahdan danışır. Bəlkə bunlara hücum edən onun atasıdır?

Bir azdan at, aslan, quş gəlir. Nərbala ata minib yola düşür. O, dostlarına deyir:



  • Mən işsizlikdən, adamsızlıqdan darıxıram. Gedib bağbana şagird olacağam.

Səhər heyvanlar onu həmin bağın yanına gətirirlər. Quş yenə də tükündən birini Nərbalaya verib deyir:

  • Nə zaman sənə lazım olsaq, tükü yandırarsan.

Nərbala dostları ilə görüşür, heyvanlar gedirlər. Nərbala da bağbana şagird olub işləməyə başlayır.

* * *


Padşahın üç qızı vardı. Qızlar hər gün bağda gəzirdilər. Nərbala bağa gəldiyi gün qızlar yenə bağa gəzməyə çıxmışdılar. Bağda güllər açılmışdı. Qızlar bağbanın yanına gəlib dedilər:

  • Niyə bu güllərdən dərib bizə gətirmirsən?

Bağban dedi:

  • Xanım, istəyirdim ki, özünüz gəlib dərəsiniz.

Ortancıl qız ağzını büzüb dedi:

  • Yaxşıdı... Gülü özümüz dərəcəyiksə, bəs səni niyə saxlayırıq?

Bağban dedi:

  • Gül dərməyin özünün ləzzəti var. İndi ki, belədi, baş üstə, sabah dərib Nərbala ilə göndərərəm.

Böyük qız soruşdu:

  • Kimnən göndərərsən?

Bağban Nərbalanı göstərib dedi:

  • Nərbalaynan.

Böyük qız Nərbalaya baxıb başladı gülməyə:

  • Nərbala... Nərbala... Ada bax ha... Nərbala...

Ortancıl qız dedi:

  • Nərbala, yəni dəvə balası.

Böyük qız dedi:

  • Yəni köşək2... elə özüü də lap dəvə balasına oxşayır.

Kiçik qız ona acıqlanıb bacılarına dedi:

  • Ona nə olub ki? Nə olsun ki, paltarı bir az köhnədir. Görün nə ağıllı gözləri var!

Qız üzünü Nərbalaya tutub dedi:

  • Bunlara fikir vermə, mənə gülü özün gətirərsən.

Nərbala dedi:

  • Xanımlar, varını verən utanmaz. Mən elə gül gətirərəm ki, balaca xanımın başı aşağı olmaz.

Qızlar gülüşə-gülüşə dedilər:

  • Səhər baxarıq.

Bağban Nərbalaya dedi:

  • Onların sözü sənə toxunmasın.

Nərbala dedi:

  • Yox, əmi, bu sözlər mənim üçün təzə deyil.

Bağban Nərbala ilə evə gəldi. Çörək yeyib yatdılar. Bağban yuxuya gedəndən sonra Nərbala qalxıb çölə çıxdı, quş verən tükü yandırdı. Bir azdan quş hazır oldu.

  • Nə olub, Nərbala?

Nərbala quşa dedi:

  • Səhər açılmamış gərək bir dəstə gül gətirəsən. Amma elə gül tapmalısan ki, bu padşahın ölkəsində olmasın.

Quş cavab verdi:

  • Baş üstə. Mən elə gül gətirərəm ki, gələn il bu vaxta qədər qalsın, heç solmasın.

Quş uçub getdi, Nərbala da gəlib yatdı.

Səhər tezdən bağban Nərbalanı oyadıb dedi:



  • Dur, bala. Mən böyük xanımlar üçün gül yıqmağa gedirəm. O balaca xanım böyüklərin ikisindən də ağıllıdır. Gərək ona elə dəstə tutasan ki, başı aşağı olmasın.

Nərbala dedi:

  • Sən get, mən də gəlirəm.

Bağban bağa getdi, iki dəstə gül düzəldib qızlara apardı. Amma Nərbala yox idi. Bir azdan Nərbala gəldi, ədəblə salam verib, əlindəki gül dəstəsini kiçik qızın qabağına qoyub dedi:

  • Xanım, bu güllər gələn il bu vaxta kimi solmayacaq.

Hərə öz gülünü otağına apardı. Gecəni yatdılar, səhər durub gördülər ki, bağbanın gətirdiyi güllər solmağa başlayır. Bir gün, iki gün, bir həftə keçdi, Nərbalanın gətirdiyi güllər solmadı ki, solmadı. Bacılar kiçik qızdan gizlin bağı gəzdilər, başa düşdülər ki, Nərbala gülləri ayrı yerdən gətiribdir. Bacılar paxıllıqdan azarladılar. Xəbər padşaha çatdı. Sabahı gün padşah Nərbalanı çağırıb dedi:

  • Ay gədə, o gülləri sən gətirmisən?

Nərbala cavab verdi:

  • Bəli.

Padşah dedi:

  • Bu gün gedib ondan iki dəstə yenə gətirərsən.

Bu vaxt vəzirin, vəkilin oğlanları da orada idilər. Vəzirin oğlu durub dedi:

  • Padşah sağ olsun, bunun özü nədi, gətirdiyi gül nə ola?

Vəkilin oğlu dedi:

  • Sən icazə ver, biz ondan da yaxşı gül tapaq.

Nərbala çox sakit dedi:

  • Sz ondan yaxşı gül tapa bilməzsiniz. O elə güldür ki, dəriləndən sonra bir il solmur.

Padşah dedi:

  • Sən onu hardan dərmisən?

Nərbala dedi:

  • O gülləri mən dərməmişəm, ağ atlı, ağ çuxalı, ağ papaqlı bir oğlandan almışam.

Padşah soruşdu:

  • Bəs bilmədin, oğlan o gülləri haradan gətirirdi?

Nərbala dedi:

  • Soruşdum. Dedi ki, o dağın dalından yığmışam.

Padşah dedi:

  • Yaxşı, get, yığ gətir.

Nərbala dedi:

  • Padşah sağ olsun, o kimdi ki, biz duran yerdə şahın qızlarına gül gətirə? Izin ver, biz gedək.

Padşah icazə verdi. Oğlanlar getdilər. Nərbala da bağa qayıtdı.

Birdən qapı döyüldü. Bağban qapını açdı. Padşahın kiçik qızı içəri girdi. Nərbaladan soruşdu:



  • Sən gülün yerini onlara dedinmi?

  • Bəli, xanım, dedim.

  • Sabah onlar o güldən gətirə biləcəklərmi?

  • Onlar o güldən tapa bilməzlər.

  • Deməli, sən gülün yerini düz deməmisən.

  • Mən yalan danışmamışam. Demişəm ki, gülü ağ atlı, ağ çuxalı, ağ papaqlı bir oğlan gətirib.

  • Bəs o oğlan kimdi? İndi o haradadı?

  • Xanım, mən sənə yalan danışa bilmərəm, düzünü də hələlik demirəm. Sən indi məndən bunu soruşmaa.

Qız gördü ki, Nərbala çox ağıllı oğlandır. O dedi:

  • Nərbala, mən istəyirəm ki, onlar o güldən gətirsinlər.

Nərbala soruşdu:

  • Niyə?

Qız dedi:

  • Mənim bacılarım çox hiyləgərdirlər. Mən onların söhbətini eşitmişəm. Əgər gül tapılmasa, onlar sənə cəza verdirəcəklər.

Nərbala gülüb dedi:

  • Xanım, sən mənim bağban oğlu olduğuma baxma. Onlar heç yel olub, mənim yanımdan da ötə bilməzlər.

Qız gördü ki, Nərbala həm də igid oğlandır, ürəyində sevindi və dedi:

  • Nərbala, onlar atamı da yoldan çıxaracaqlar ki, bağbana cəza versin.

Nərbala soruşdu:

  • O niyə?

Qız dedi:

  • Ona görə ki, o səni haradan tapıb gətiribdir.

Nərbala dedi:

  • Mən onun nəvəsiyəm. Mənim anam onun qızı idi. Biz kənddə yaşayırdıq. İndi anam ölüb, babamın yanına gəlmişəm.

Qız Nərbalaya dedi:

  • İndi ki, belədir, gərək sən razı olmayasan ki, atam sənin babana cəza verə. Onlar deyirlər ki, niyə bağban o güldən tapıb bağda əkməyib.

Nərbala fikrə getdi, sonra dedi:

  • Xanım, bir az məni gözlə, indicə gəlirəm.

Nərbala çölə çıxıb tükü yandırdı. Quş özünü yetirdi. Nərbala quşdan soruşdu:

  • O gülün toxumundan tapıb ətirə bilərsənmi?

Quş dedi:

  • Taparam!

Nərbala dedi:

  • Səhər açılmamış atı mənə çatdırarsan. Üstündə də atın öz rəngində bir dəst ağ paltar, ağ papaq olsun. Bir də mənə iki dəstə o solmayan güldən gətirərsən.

Quş – baş üstə, – deyib gözdən itdi.

Nərbala içəri qayıdıb qıza dedi:



  • Xanım, sən ki, bacıların kimi dikbaş deyilsən, mən ömrümün axırına qədər səninlə dost olacağam, hər bir arzunu yerinə yetirəcəyəm. Arxayın ol, sabah onlar gül tapacaqlar.

Qız çıxıb getdi, Nərbala ilə bağban da yatdılar.

Səhərə yaxın quş iki dəstə gül, atı, palatarı gətirdi. Nərbala paltarı geyindi, atı mindi, gülləri də götürüb, padşaha dediyi dağın dalına getdi. Səhər açıldı. Nərbala gördü ki, budur, vəzirin oğlu ilə vəkilin oğlu gəlirlər. Tez üzünü ağ bir dəsmalla örtdü ki, tanımasınlar. Oğlanlar gördülər ki, Nərbalanın dediyi ağ atlı adam gəlir, əlində də həmin güldən iki dəstə. Yaxınlaşıb, ondan soruşdular:



  • O gülü hardan alıbsan?

Nərbala səsini dəyişib dedi:

  • Bu gül mənim bağımda bitir.

  • Neçəyə deyirsən, sat, biz alaq.

  • Satmıram.

  • Onda elə-belə ver, xəstəmiz var. Həkimlər bu gülü dərman deyiblər.

  • İndi ki, xəstəniz var, verərəm. Amma, əvəzində hərənizin sağ qoluna bir damğa bir damğa basacağam.

Oğlanlar fikirləşdilər ki, paltarın altında bizim qolumuzda damğa olduğunu kim görəcək. Razılaşdılar. Nərbala hərəsinin qoluna bir damğa basıb, gülləri verdi, sonra gözdən itdi. Təpənin dalına yetişdi, atdan düşüb paltarını dəyişdi, atı yola saldı, özü evə gəldi.

Elə həmin gün vəzirlə vəkil padşahın yanına gəldilər. Vəzir baş əyib dedi:



  • Padşah sağ olsun, mənim oğlum böyük igidlik göstərdi, qızının istədiyi gülü tapıb gətirdi. Əgər icazə versən, böyük qızı oğluma istəyərəm.

Sonra vəkil baş əyib dedi:

  • Padşah sağ olsun, razılıq ver, ortancıl qızını da mənim oğluma nişanlayaq.

Padşah dedi:

  • Sizin oğlanlarınız igid olduqlarını sübut elədilər. Amma gərək mənim qızlarımın üçünün də toyu birdən ola. Bir də gərək qızlar özləri deyələr ki, kimə getmək istəyirlər.

Padşah əmr elədi, sabahısı gün hamı sarayın qabağına yığıldı. Qızların üçü də eyvanda oturdu. Hərəsinin əlinə bir alma verdilər. Tapşırdılar ki, kim hansı oğlanı istəyirsə, almanı ona atsın. Oğlanlar bir-bir eyvanın qabağından keçməyə başladılar. Hamı keçdi, ancaq kiçik qız almanı atmadı ki, atmadı. Padşah axırda adam göndərdi ki, öyrənsin, qız almanı niyə atmır?

Qız cavab veri ki:



  • Mənim gözlədiyim hələ gəlməyib.

Ha fikirləşdilər ki, kim qalıb, tapa bilmədilər. Axırda adamlardan biri dedi:

  • Bağbanın nəvəsi Nərbala qalıb.

Adam göndərdilər, o da gəldi. Nərbala eyvanın qabağından keçəndə kiçik qız əlindəki almanı ona atdı. Bunu görən padşah cin atına mindi, dedi:

  • O ki bu gədəyə alma atdı, daha mənim qızım deyil.

Padşah böyük qızı ilə ortancıl qızına çoxlu cehiz verdi, yaxşı toy elədi, kiçik qıza heç bir şey verməyib, bağbanın evinə göndərdi. Amma kiçik qız igid idi, nə özü fikir elədi, nə də Nərbala ilə bağbanı fikir eləməyə qoydu.

* * *


Bir gün padşah bərk azarladı. Boğazı elə şişdi ki, heç bir şey keçmədi. Heç bir dərman kömək eləmədi. Axırda tanınmış bir həkim gətirdilər. O, dedi:

  • Sən gərək bir neçə gün ov ətinin suyunu içəsən.

Kürəkənlər bunu eşidib, ov axtarmağa getdilər. Bu əhvalatı Nərbala da eşitdi. Quşun tükünü yandırdı. Quş atı, paltarı gətirdi. Nərbala ağ paltarı geyindi, ağ atı mindi, aslan yanında, quş başının üstündə, özünü yütirdi bir bulağın başına. Atdan düşdü heyvanlara dedi:

  • Nə qədər ov varsa, hamısını buraya yığın.

Bu ətrafda nə qədər ov var idisə, heyvanlar hamısını bulağın başına yığdılar. Bir tərəfi at, bir tərəfi aslan, bir tərəfi quş, bir tərəfi də oğlan özü kəsdi. Kürəkənlər hər yeri axtardılar, ov tapmadılar. Geri qayıdanda gördülər ki, bulağın başı ovla doludur. Oxla ov vurmaq istəyəndə Nərbala bir tərəfdən çıxıb dedi:

  • Nə eləyirsiniz, görmürsünüz onların sahibi burdadır?

Kürəkənlər gördülər ki, bu həmin ağ paltarlı oğlandır.

Nərbala dedi:



  • Mən bilirəm ki, sizin qayınatanız bərk naxoşdu. Həkimlər ona ov ətinin suyunu dərman deyiblər. Sizə ov verərəm; amma bir şərtim var: indi də hərənizin sol qoluna bir damğa basacağam.

Kürəkənlər gördülər ki, ayri çarə yoxdur. Razı oldular. Nərbala onların sol qoluna da damğa basdı. Ovun başını kəsdi. Kəsə-kəsə deyirdi: “Adı başına, dadı başına”.

Nərbala elə ki, işini qurtardı, ovun kəlləsini götürdü, atı mindi, aslan yanında, quş da başının üstündə, gözdən itdi.

Kürəkənlər ovu gətirdilər. Arvadları tez ovu bişirdilər, suyunu padşaha verdilər. Amma bu dərman kömək eləmədi, ondan ötrü ki, dadı yox idi.

Nərbala elə ki çatdı təpənin dalına, heyvanları buraxdı, paltarını dəyişdi, ovun kəlləsini götürüb evə gəldi.

Bağbanla qız kəlləni görüb soruşdular:


  • Bu nədir?

Nərbala dedi:

  • Padşahın kürəkənləri ov vurdular, başını kəsib atdılar, mən də götürüb gətirdim ki, bişirəsiniz. Əgər istəyirsən ki, atan yaxşı olsun, o kəlləni bişir, suyundan bir qab ona ver.

Qız kəlləni bişirdi, suyundan bir qab atasına apardı. Amma qorxudan yanına girə bilmədi, qoca dayəsinə verib göndərdi. Padşah kəllənin suyundan bir qaşıq içdi, gözləri işıqlandı. Bir qaşıq da icdi, elə bil boğazı açılmağa başladı. Qabi ikiəlli tutub başına çəkdi. Padşah kəllənin suyunu içib qurtardı. O, səhər sappsağ olub ayağa durdu. Padşah dayəni yanına çağırıb soruşdu:

  • Sən o xörəyi haradan almışdın, onun dadı başqa idi. Kürəkənlərimin vurduğu ovdan deyildi.

Dayə açıb əhvalatı danışdı. Padşah dinmədi. Əhvalat gizli qalmadı. Kürəkənlər də lovğalıqdan yerə-göyə sığmırdılar.

Bu işin üstündən bir müddət keçdi. Bir padşaha xəbər çatdı ki, Döşgüvar padşah yenə də qoşun çəkib, onların üstünə gəlir. Bütün camaat bir-birinə dəydi. Bu yerin camaatı Döşgüvar padşahın zülmünü görmüşdü.

Döşgüvar padşah belə bir məktub göndərdi:

“Ey padşah, gəlib şəhərin ətrafını tutmuşam. Qoşuna bircə dəfə əmr eləsəm, şəhərində daş, daş üstündə qalmaz. Sənə üç gün vaxt verirəm. Mənim iki oğlum var. Sənin iki kürəkənin. Birinci gün mənim Xanbala oğlum sənin böyük kürəkəninlə vuruşacaq. İkinci gün Bəybala oğlum o biri kürəkəninlə vuruşacaq. Üçüncü gün mən özüm səninlə vuruşacağam. Hansı tərəf basıldı, o tərəfə təslim olmalıdır. Ya şərti qəbul elə, ya da şəhəri xarabaya çevirib, yerində turp əkəcəyəm”.

Padşah saray adamlarını yığıb, məktubu oxudu. Çarəsiz qalıb şərti qəbul elədilər. Kürəkənlər hazırlaşmağa başladılar.

Səhər qoşunlar üz-üzə dayandı. Kürəkənlər geyinib getdilər. Nərbala kiçik qıza dedi:



  • Get atana de ki, mənə də bir at, bir qılınc versin. Heç olmazsa qoşunun içində dayanıb qaraltı elərəm ki...

Qız getmək istəmədi, ondan ötrü ki, sarayda hamı ona, bir də Nərbalaya çox pis gözlə baxırdı. Bacıları ilə yeznələri də Nərbalanın adını dəvə balası qoymuşdular.

Nərbala əl çəkmədi. Qız axırda durub atasının yanına getdi.



  • Ata, əmr elə, Nərbalaya da bir qılınc versinlər.

Padşah gülüb dedi:

  • Nə var? Yoxsa dəvə balası qeyrətə gəlib?

Qız dedi:

  • Ata, niyə bizi ələ salırsan?

Padşah hirslənib dedi:

  • Sən gərək elə oğlana ərə gedəydin ki, indi qoşunun qabağında dayana idi. Amma sən kimə getdin, gədənin birinə. Bacılarını görürsən?

Qız dedi:

  • Nə olar. Bütün bacılar ağıllı olmaz, kürəkənlər də igid olmaz.

Padşahın ürəyi yumşaldı. Birdən onun göndərdiyi xörək yadına düşdü, qıza dedi:

  • Bir mənə de görüm, sən o xörəyi haradan mənə göndərmişdin?

Qız əhvalatı danışdı:

  • O biri kürəkənlərin ov vurmuşdular, başını kəsib atmışdılar. Nərbala götürüb evə gətirmişdi. Mənə dedi ki, əgər atanın sağalmasını istəyirsənsə, bu kəlləni bişir, xörəkdən atana göndər.

Padşah heç bir söz demədi. Tapşırdı ki, Nərbalaya bir at, bir qılınc versinlər. Qoşunun böyüyü gülmək üçün Nərbalaya bir axsaq yabı, bir də yarısı qırılmış bir qılınc göndərdi.

Nərbala qabaqda, bağban da dalda, yabının ipindən tutub meydana gəldilər. Təbil vuruldu. Döşgüvar padşahın oğlu Xanbala meydana çıxıb pəhləvan istədi. Bu tərəfdən də böyük kürəkən meydana çıxdı. Elə birinci vuruşda Nərbala bildi ki, Xanbala kürəkəni basacaq, odur ki, bağbana dedi:


  • Sən burada dayan, mən bu saat gəlirəm.

Nərbala bir dalda yerə çəkilib tükü yandırdı. Quş hazır oldu.

Nərbala dedi:



  • Bu saat atı da, paltarımı da mənə çatdır.

Bir az keçməmiş hamısı hazır oldu. Nərbala atı mindi, təpənin üstünə qalxıb gördü ki, Xanbala kürəkənin qollarını bağlayıbdır. Xanbalanın adamları böyük kürəkəni əsir eləyib apardılar. Xanbala da lovğa-lovğa meydanda gəzib pəhləvan istəyir.

Nərbala atı sürdü. Bir də gördülər ki, ağ paltarlı, ağ atlı bir adam ildırım kimi gəlir. Nərbala meydanı bir dəfə dolanıb, Xanbalaya dedi:



  • Xanbala, lovğalanma. Padşahın kürəkəni mənəm. Tutub əsir elədiyin mənim nökərlərimdən biridir. İnanmırsan, əmr elə, onun qollarındakı damğalara baxsınlar.

Hamı məəttəl qaldı ki, görəsən bu kimdir?

Döşgüvar padşah əmr elədi, əsir tutulmuş böyük kürəkənin qollarına baxdılar. Gördülər ki, hər iki qolunda damğa var. Elə bildilər ki, əsl kürəkən, doğrudan da, meydandakı oğlandır, bu da onun quludur.

Təbil yenidən vuruldu. Xanbala ilə Nərbala vuruşmağa başladılar. Amma vuruşma çox çəkmədi. Nərbala elə birinci zərbədə Xanbalanı vurub atdan saldı, düşüb qollarını bağladı, padşahın qabağına gətirdi. Padşah Nərbalanı tanıya bilmədi, üzü örtülü idi. Nərbala Xanbalanı təhvil verib dedi:


  • Padşah, ona heç bir şey eləməyin, zindana salarsan, üç gündən sonra onu səndən istəyəcəyəm.

Sonra Nərbala atını bir qədər kənara sürüb, Döşgüvar padşaha dedi:

  • Padşah, dava qurtarana kimi mənim nökərim sizdə qalacaq. Başına bir iş gəlsə, özündən küs.

Bunu deyib, Nərbala ayını sürdü ki, getsin, elə bu vaxt Xanbalanın qardaşı Bəybala bi ox atdı. Ox Nərbalanın qolundan dəydi. Nərbala dönüb dedi:

  • Mən bilirəm, bu oxu atan Bəybaladır. Mən də onu oxla vura bilərəm. Amma mən namərd deyiləm. Sabah meydanda görüşərik.

Nərbala geri qayıdıb, bu biri trəfə gəldi. Üzünü camaata tutub dedi:

  • Qorxmayın sabah bu vaxt mən yenə gələcəyəm!

Padşah gördü ki, Nərbalanın qolundan qan axır. Tez cibindən dəsmalını çıxarıb, onun yarasını bağladı. Nərbala atını sürüb gözdən itdi. Elə ki, təpənin dalına keçdi, atdan düşüb paltarını dəyişdi, atı yola salıb, özü piyada bağbanın yanına qayıtdı.

  • Oğlum, gördün nə oldu?

Nərbala dedi:

  • Hamısını gördüm. O həmin oğlandı ki, solmayan gülləri mənə vermişdi.

Camaat geri qayıtdı. Bağbanla Nərbala da evə gəldilər. Əhvalat bütün şəhərə yayıldı, amma heç kəs bilmədi ki, ağ atlı oğlan kimdir.

Gecə yatdılar. Nərbalanın yarası onu incitməyə başladı. O, yuxuda ufuldayırdı. Qız yorğanı qaldıranda gördü ki, Nərbalanın qolu dəsmalla bağlıdır, dəsmal da qanlıdır. Əhvalatı bağbana dedi. Bağban Nərbalanı oyatdı. Nərbala gördü ki, işin üstü açılıb. Dedi:



  • Səhər meydanda bir əsgərin nizəsi qoluma batdı.

Nərbalanın yarasını açdılar, dərman qoyub, təzədən bağladılar. Nərbala yatdı, qız da dəamalı yuyub, həyətdəki ağacın budağına sərdi.

Səhər açıldı. Hamı durdu. Bağbanla Nərbala da meydana getdilər.

Padşah həyətdən kecəndə gördü ki, dünən meydanda vuruşan oğlanın qoluna bağladığı dəsmal kiçik qızın qapısındakı ağaca sərilib. Qızı çağırb soruşdu:


  • Bu nə dəsmaldır?

  • Dünən meydanda bir əsgərin nizəsi Nərbalanın qolunu yaralayıb. Bilmirəm hardansa bu dəsmalı tapıb qoluna bağlayıbdır.

Padşah fikrə getdi, amma bir qərara gələ bilmədi.

Meydanda döyüş təbili vurulurdu. Padşah da meydana gəldi. Bu gün də Bəybala ilə ikinci kürəkən meydana çıxdılar. Nərbala yenə də bir bəhanə ilə təpənin dalına keçdi. Gördü ki, heyvanlar onu orada gözləyirlər. Nərbala geyindi, atı minib hazır dayandı. Yarım saat keçməmiş, Bəybala ikinci kürəkəni vurub atdan yıxdı, qollarını bağladı. Nərbala atını tərpətdi. Yenə gördülər ki, ağ atlı oğlan yel kimi gəlir. Nərbala özünü meydana yetirib dedi:



  • Yenə də sizi aldatmışam. O tutduğunuz da mənim qulumdur. İnanmırsınız, qollarındakı damğalara baxın.

Baxıb gördülər ki, bu oğlanın da qolları damğalıdır. Yenidən döyüş başlandı. Nərbala Bəybalanı da tutub qollarını bağladı, gətirib padşaha tapşırdı. Amma bu dəfə Nərbala alnından yaralanmışdı. Dəsmal əhvalatı padşahın yadına düşdü. Tez cibindən bir dəsmal çıxarıb, onun alnına bağladı.

Nərbalagil evlərinə gəldilər. Nərbala dəsmalı açıb alnını təmizlədi, yatdı. Qız da dəsmalı yuyub, ağaca sərdi. Padşah səhər yenə qəsdən bu yolla getdi. Gördü ki, bu dəsmal da ağaca sərilib. Qızdan soruşdu:



  • Bu nə dəsmaldı?

Qız Nərbalanın dediyi kimi cavab verdi:

  • Əsgərlərdən birinin nizəsi Nərbalanın alnını cızmışdı, o da alnını bu dəsmalla bağlamışdı. Haman dəsmaldı, yumuşam.

Padşah nə qədr fikirləşdi, başa düşə bilmədi.

Döyüş təbili vuruldu. Döşgüvar padşah gəlib, padşahı meydana çağırdı. Padşah elə atını minmək istəyirdi ki, ağ atlı oğlan yenə də göründü, özünü Döşgüvar padşaha yetirib dedi:



  • Sənin tərəfindən hələ mənə üstün gələn olmayıb. Qanuna görə, sən qabaqca məni basmalısan.

Döşgüvar padşah onsuz da bu ağ atlı oğlanın əlindən yanıqlı idi. Qılıncını çəkib, Nərbalaya hücum etdi. Nərbala kəməndi atıb, yarıyolda onun boğazına keçirdi, çəkib atdan saldı. Hər iki tərəfin adamları əl vurub “saq ol” dedilər. Nərbala onu yerdən qaldırıb əllərini bağladı. Sonra ata mindi, uca səslə hər iki tərəfə dedi:

  • Dava qurtardı. Sabah bu vaxt elə burada danışıq aparılacaq. Özü də danışığı mən aparacağam.

Üzünü Döşgüvar padşaha tutub dedi:

  • Əmr elə ki, sabah, tutduğunuz iki nəfəri buraya gətirsinlər. Bir də sənin dəvəçi qızı olan arvadın da sabah burada olsun.

Döşgüvar padşah dedi:

  • Mən nə bilim indi o haradadır?

Nərbala dedi:

  • Bilmirəm, sabah o burada olmasa, sənin də, oğlanlarının da başını öz əllərimlə kəsəcəyəm.

Sonra Nərbala üzünü o biri padşaha tutub dedi:

  • Sənin tərəfindən də sabah sən özün, vəzirin, vəkilin, üç qızın, bir də qoca bağban burada olmalıdırlar. Əmr elərsən, bu padşahın əsir düşmüş oğlanlarını da gətirərlər.

Nərbala sözlərini qurtarıb gözdən itdi. Hər iki tərəf sabahın açılmasını gözləyirdi. Nərbala da evlərinə gəldi. Bağban gəldi:

  • Ay bala, o oğlan kimdisə, çox böyük igidlik elədi, davanın, qırğının qabağını aldı. Özü də sabah bizi meydana çağırıb.

Nərbala dedi:

  • Yaxşı-yaxşı qulaq asarsınız, sonra gəlib mənə də danışarsınız.

Gecəni yatdılar. Səhər meydan süpürüldü. Hər iki tərəfin adamları meydana toplaşdılar, ağ atlı igidi gözlədilər.

Düz dünənki vaxt çatanda Nərbala ağ geyimdə, ağ atın üstündə meydanın ortasına gəldi. İşarə elədi, qolları bağlı Xanbalanı, Döşgüvar padşahı gətirib bir tərəfdə oturtdular. Bu tərəfdən də kürəkənləri gətirib oturtdular. Sonra padşah, vəzir, vəkil, qızlar, bağban gəldi. Nərbalanın anasını da gətirtdilər. Nərbala gözaltı anasına baxdı gördü ki, yaman qocalıb.

Nərbala atını meydanın ortasına, hamının gözü qabağına sürdü, uca bir səslə dedi:


  • Bilirəm ki, hamı mənim kim olduğumu bilmək istəyir. Burada oturanlardan ikisi məni də elə bu geyimdə tanıyır. Onlar kimdirlərsə, dursunlar ayağa.

Heç kəs durmadı. Nərbala dedi:

  • Utanmaqdan keçib. Əgər durmasalar, mən özüm onların boğazından yapışıb qaldıracağam.

Kürəkənlər durdular. Nərbala üzünü padşaha tutub dedi:

  • Bunlar sənin kürəkənlərindir. Sən bunları qəhrəman biliridin. Qoy hamı eşitsin ki, o gülü onlara mən vermişəm, əvəzində hərəsinin sağ qoluna bir damğa vurmuşam. İnanmırsınız, baxın!

Açıb gördülər ki, doğrudur.

Nərbala padşaha dedi:



  • Sən azarlayanda onlar sənə ov gətirdilər. O ovu da bunlara mən tutub vermişdim. Əvəzində sol qollarına damğa vurmuşam. İnanmırsınız, baxın. Hamı gördü ki, mən olmasaydım, onlar da əsir getmişdi, sən də.

Hamı dedi:

  • Düzdür.

Nərbala dedi:

  • Qoy indi hamı görsün ki, mən kiməm!

Nərbala bunu deyib, üzünü açdı. Üstdən geydiyi ağ paltarı çıxartdı. Hamı gördü ki, Nərbaladı. Padşahın kiçik qızı ilə bağban bir-birini qucaqlayıb, sevindiklərindən ağladılar. Nərbala dönüb Döşgüvargil tərəfə getdi, üzünü onlara tutub dedi:

  • Məni tanıyırsınızmı?

Nə Döşgüvar, nə Xanbala, nə də Bəybala Nərbalanı tanıya bilmədilər. Nərbala anasının qabağına gedib dedi:

  • Sən necə, məni tanıya bilirsənmi?

Arvad ona baxdı: – Nərbala! Oğlum! – deyib özünü onun üstünə atdı. Onlar qucaqlaşdılar, öpüşdülər. Sonra Nərbala soruşdu:

  • Ana, de görüm, bu müddətdə sən harada idin?

  • Döşgüvar səni dərvişə verəndən sonra məni də zindana saldı.

Döşgüvar padşah onun Nərbala olduğunu bilən kimi durub yüyürdü:

  • Nərbala, oğlum!

Nərbala onun yaxasından tutub yerində oturtdu, acıqla dedi:

  • Mən sənin oğlun olsaydım, məni dərvişə verməzdin.

Sonra üzünü camaata tutub dedi:

  • Bunlar da, bu biriləri də həmişə məni ələ salardılar, adıma “dəvə balası” deyərdilər. Ona görə ki, mənim anam xan qızı, bəy qızı deyildi, yoxsul bir dəvəçinin qızıdır. Buna görə də Döşgüvar o biri oğlanlarını məndən üstün tutdu, məni dərvişə verdi, anamı da zindana saldı. Bu biri padşah öz kiçik qızını evindən qovdu. Nədi, nədi qızı məni istəyirdi... İndi bunlar mənim əlimdə əsirdirlər. Onları öldürməyə mənim haqqı var. Amma öldürməyə­cəyəm, hərəsinin alnına bir damğa vuracağam. Qoy hamı bilsin ki, bu damğaları kim vurub, niyə vurub.

Axırda üzünü bağbana tutub dedi:

  • Baba, dur, bunların hərəsinin alnına bir damğa vur.

Bağban iki padşahın, iki vəzirin-vəkilin, iki şah oğlunun, iki şah qızının, iki kürəkənin alnına qara damğa vurdu.

Nərbala hər iki tərəfə dedi:



  • Camaat, mən o iki dağın arasındakı qalaçada yaşayağam. Kim sizə zülm eləsə, mənə deyərsiniz. Həmişə xalqın qulluğunda hazıram.

Nərbala sözünü qurtarıb, anasını, bağbanı, bir də padşahın kiçik qızını götürüb qalaçaya getdi.

1 Nərbala “nər” sözündəndir, dəvə deməkdir. Anası dəvəçi qızı olduğuna görə ona belə ad verilmişdi.

2 Köşək – dəvə balası.

Yüklə 104,14 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə