Ağdam və Bərdədə məskunlaşan məcburi köçkün uşaqları “Elektron hökumət”ı tanıyırlar



Yüklə 32,2 Kb.
tarix22.05.2018
ölçüsü32,2 Kb.
#45597

"Azərbaycan vətəndaşının əli elektron hökum@ə çatırmı?"  

Azərbaycan vətəndaşının əli elektron hökum@ə çatırmı?


Ağdam və Bərdədə məskunlaşan məcburi köçkün uşaqları “Elektron hökumət”ı tanıyırlar

Get Yevlağa, DYP-dən arayış gətir”


Mingəçevir sakini İnqilab Maqsudov deyir ki, Ünvanlı Sosial Yardım almaq məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli mərkəzi hələ də müxtəlif təşkilatlardan arayış gətirilməsini tələb edir: “Hətta mənə dedilər ki, get Yevlağa, DYP-dən arayış gətir ki, şəxsi nəqliyyat vasitəsinə malik deyilsən. Mən isə cavabında bildirdim ki, indiki zamanda, hər işin internetlə bir anda görüldüyü vaxtda bir dövlət qurumu digərindən məlumatı özü ala bilmirmi?”
Mingəçevir Bələdiyyəsinin komissiya sədri Zahid Qasımlının fikrincə, bir çox yerli strukturlar hələ də köhnə üsullarla - kağız formasında arayışlar vermək, ənənəvi qaydada - zərfə sənədi qoyub, poçt şöbələri vasitəsilə məktub göndərnəklə işləyirlər: “Nəticədə tələb olunan məlumatların əldə edilməsində və ötürülməsində çətinliklər yaranır və müddət uzanır, bəzən bu hal korrupsiya və rüşvətə yol açır. “Elektron hökumət”lə əməkdaşlıq vətəndaşlara dövlət qurumlarının qapısına ayaq döyməkdən, məmurlarla canlı təmasdan xilas olmaq şansı verir”.
Azərbaycan hökuməti elektronlaşır
“Biz artıq başa düşürük ki, elektron hökumət portalı(e-gov.az) həm rahatlığımız üçündür, həm də rüşvət və korrupsiyanın qarşısını kəsməyə imkan verir”- Qarabağ bölgəsində fəaliyyət göstərən "Tərəqqi" Sosial İnkishaf İB -nin rəhbəri Telman Dadaşov belə deyir. Onun fikrincə, Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə ümummilli lider Heydər Əliyev tərəfindən 2003-cü ildə imzalanan Milli Strategiya şəffaflığın təmin olunmasına və informasiya tələbatının dolğun ödənilməsinə şərait yaradıb: “Son illərdə Prezidenti İlham Əliyevin məsələyə ciddi əhəmiyyət verməsi və onun icrasını bilavasitə nəzarətdə saxlaması nəticəsində ölkədə “elektron hökumət”in yaradılması istiqamətində ciddi addımlar atılıb”.

Müsahibimiz onu da vurğulayır ki, dövlət idarəçiliyi və ictimai həyatın bütün sahələrində “elektron hökumət” ideyalarının tətbiqi sayəsində vətəndaş-məmur münasibətləri yeni müstəvidə qurulub.Belə ki, “2013-2015-ci illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və “elektron hökumət”in inkişafına dair Dövlət Proqramı”, “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” dövlət orqanlarının əhaliyə beynəlxalq standartlara uyğun elektron xidmətlər göstərməsinə şərait yaradıb. Bir sözlə, Azərbaycanda hökumətin elektronlaşması vasitəsilə vahid informasiya məkanı formalaşır.


"Elektron hökumət"in formalaşdırılmasında 4 dayaq sütunu
Rabitə və İnformasiya Texnologiyalarınazirinin müavini Elmir Vəlizadənin mətbuata açıqlamasına görə,beynəlxalq təcrübəyə əsasən Azərbaycanda " Elektron hökumət"in (e-gov.az) formalaşdırılmasında 4 dayaq sütunu əsas götürülür: «Bunların birincisi, adətən formalaşma üçün müəyyən siyasətin müəyyənləşdirilməsi, yəni bununla bağlı olan hərəkətverici və istiqamətləndirici sənədlərin, strategiyaların, fəaliyyət proqramlarının işlənməsidir. İkincisi, infrastrukturla bağlı olan məsələlərdir.Sonra infrastruktur üzərində informasya sistemlərinin yaradılması və bunlar vasitəsi ilə vətəndaşlara, biznes qurumlarına xidmətlərin göstərilməsidir. …bəzi ölkələr "E-hökumət" yaratsa da, əhali ondan istifadə edə bilməyib. Bunları nəzərə alaraq bizim ölkədə internet şəbəkəsi genişləndirildi.Üstəlik, internetin qiyməti aşağı salındı, keyfiyyəti artırıldı ki, hər kəs bundan yararlana bilsin”.
Evdən çıxmadan, məmurun üzünü görmədən
Bu ilin iyul-sentyabr aylarında “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyi Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Məcburi köçkünlər arasında “Elektron hökumət”in(e-gov.az) təbliği” layihəsini gerçəkləşdirib. Layihə çərçivəsində Mingəçevir, Bərdə və Ağdamda məskunlaşan köçkünlər üçün kompüter kursları və onların uşaqları üçün yay məktəbi, elektron hökum@ə (e-gov.az) çatımla bağlı məlumatlandırma sessiyaları keçirilib. Layihənin eksperti, “İlin müəllimi” müsabiqəsinin qalibi Natəvan Mustafayevanın dediyinə görə, bütün təlim və görüşlər “Elektron hökum@”in (e-gov.az) təbliğinə, daha çox insanın onun imkanlarından istifadəsinə yönəlib: “Köçkünlərə “Elektron hökumət portal”nda (e-gov.az) birləşən xidmətlər barədə geniş məlumat verdik, eyni zamanda portaldan istifadə yollarını öyrətməyə çalışdıq. İnformasiya sessiyalarının iştirakçıları üçün evdən çıxmadan, növbəyə durmadan müxtəlif xidmətlərdən rahatlıqla istifadə etməyin mümkünlüyü barədə məlumatlarımız maraq doğurdu. Xüsusən pensiyaya çıxmağın, sürücülük vəsiqəsini dəyişməyin məmurun üzünü görmədən gerçək olduğunu başa saldıq ”.
Bu kartla kommunal borclarınızı ödəyə bilərsiniz”
Yaşı səksəni haqlamış Əli dayı hər dəfə özünə söz verir ki, təqaüdünü hamıdan sonra alacaq.Amma kommunal xidmətlərə görə borclarını gecikdirmək istəmədiyindən sözünə əməl edə bilmir.Saatlarla bankomatın qarşısında, basabasda dayanmaq zorunda qalır. Növbəsi çatanda ya adamları yola salan polis işçisinə, ya da cavanlardan birinə xahiş edir ki, onun pulunu da çıxardıb, versinlər.

-Bəlkə özünüz cəhd edəsiniz?-soruşuruq.

-Əvvəllər bəlkə də öyrənə bilərdim, öyrədən olsaydı… Amma qorxuram kartım yana, pulsuz qalam…

-Əli dayı, bilirsinizmi ki, siz kartınızdan pulu çıxartmadan elektron hökumət portalına girib,kommunal borclarınızı- suyun, enerjinin, telefonun haqqını ödəyə bilərsiniz. Üstəlik bu kartla alış-veriş etmək, restoranda nahar etmək də olar.

O, dediklərimizi yarı zarafat, yarı ciddi qəbul edir:

-Yəni deyirsən daha cibimizdə pul gəzdirməyək?


Gələn ildən "Elektron pul kisəsi" cibimizdə olacaq
Hazırda rabitə və kommunal xidmət haqlarının internetlə ödənilməsi "VİSA/VİSA Elektron” və "Master Card/Maestro” kartları vasitəsilə həyata keçirilir. Lakin banklar kartlarda olan məlumatların manual ötürülməsini tələb etdiklərindən Azərbaycanda elektron ticarətin inkişafında bu kartlardan geniş istifadə etmək mümkün olmur. Vəziyyətdən çıxış yolunu Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi Golden Pay şirkəti ilə birlikdə "Elektron pul kisəsi” layihəsinin tətbiqində görür. Bu barədə mətbuata açıqlanan məlumatda deyilir: "Elektron Hökumət” portalı (e-gov.az) və rabita.az saytlarında online ödəniş prosesində kartların seçimi zamanı siyahıda "VİSA/VİSA Elektron” "Master Card/Maestro” kartlarından başqa "Elektron imza kartı” da göstəriləcək. "Elektron pul kisəsi” üçün hesabın açılması MHM-də aparılacaq. Bunun üçün vətəndaş şəxsiyyət vəsiqəsini və onun adına olan istənilən növ elektron imza kartını təqdim etməli olacaq”.

İcrası ilin sonuna qədər planlaşdırlan bu texnologiyanın ən böyük üstünlüyü ödəniş prosesində vətəndaşın hesabında qalan vəsaiti dərhal görə bilməsi və kart məlumatlarının prosesinqə avtomatik ötürülməsi, həm də heç bir xarici şirkətdən asılı olmamasıdır.


Elektron formanı doldurub göndərirsən, vəssalam”
Aktiv internet istifadəçisi olan Yeganə Nəbiyeva belə hesab edir ki, bir çox vacib xidmətlərin elektron hökumət portalı vasitəsilə təqdim olunması əhalinin, xüsusən kasıb insanların ən böyük uduşudur: “Əvvəllər rayonda yaşayanlar adi bir sənədi, məlumatı almaq üçün rayon mərkəzinə, hətta Bakıya getməli olurdular. Bəzən ordakı məmurlar da vətəndaşı qəbul etmir, ya da dərdinə əncam çəkmir, kor-peşiman yola salırdılar.Amma indi vəziyyət dəyişib. Məsələn, şəxsiyyət vəsiqənin seriya №-sini, etibarlılıq müddətini və doğum tarixini portalın müvafiq bölməsində yazmaqla, Daxili İşlər Naziliyindən yol hərəkəti qaydalarının pozuntusu ilə əlaqədar tətbiq edilən cərimələr və cərimə balları barədə məlumatı ala bilirsən. Dövlət qulluğuna qəbul üzrə qeydiyyatla bağlı müraciətin və sənədlərin qəbulu, onlayn sınaq test imtahanları üçün də Prezident yanında Dövlət Qulluğu Komissiyasının qapısını kəsdirməyə ehtiyac qalmayıb. Elektron formanı doldurub göndərirsən,vəssalam”.

Yeganə xanım deyir ki, əvvələr Satınalmalar üzrə Dövlət Agentliyinin məlumatlarını izləmək mümkün deyildi: “Amma indi açıq tenderlər, kotirovka və təklif sorğuları, satınalma planları və s. barədə portaldan xəbər tutmaq mümkündür. Həm də maraqlı şəxslər elə burdan sorğu və təkliflərini, tender elanlarını göndərə bilirlər”.


Təxminən 80 xidmət uzun müddətdir ki, elektron formaya keçirilmir”
Bu gün əksər nazirliklərin fəaliyyəti portaldalazımi səviyyədə görünmür.Məsələn, Təhsil, Daxili və Xarici İşlər nazirlikləri, Azərenerji ASC, Diasporla İş, Ailə, Qadın və Uşaq Problemləri üzrə dövlət komitələri hələ ki, cəmi bir-iki xidmətlərini elektron formada təklif etməkə işlərini bitmiş hesab edirlər.

Azərbaycan İnternet Forumunun prezidenti, “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoruOsman Gündüzün fikrincə, elektron hökumət Portalını analiz edəndə diqqəti cəlb edən məqamlardan biri də uzun müddətdən bəri “Təsdiq olunan xidmətlər siyahısından qurumun öz saytında olanlar”ın parametri dəyişə bilməməsidir: “Bu isə o deməkdir ki, hökumət tərəfindən təsdiq edilən və sayı təxminən 450 olan olan xidmətlərdən elə təxminən 80 xidmət uzun müddətdir ki, elektron formaya keçirilmir. Yəni, əslində təsdiqlənən xidmətlərin elektron formaya keçirilməsi, Portala inteqrasiyası ilə bağlı Prezident Fərmanları və Hökumətin qərarları olmasına baxmayaraq, icra yoxdur.Nə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyi, nə də RYTN bununla bağlı hər hansı açıqlama verməyiblər.Sanki aidiyyatı qurumlar da bununla barışıblar”.


Asan imza”nın asanlığı və çətinliyi …
Son illər supermarketləridə, böyük mağazalarda “eManat” nağd ödəniş terminalları şəbəkəsi genişlənir. Sahibkar Zeynəddin Məmmədov bu terminallardan əhalinin get-gedə böyük hissəsinin istifadə etməyə başladığını alqışlayır: “Əvvəllər, mobil nömrəyə pul yükləmək, kommunl xərcləri ödəmək üçün vasitəçilərin xidmətindən istifadə edirdik, bunun müqabilində də əlavə ödəniş etməli olurduq. Üstəlik vaxt da itirir, poçt şöbələrində daha çox basabasla üzləşirdik. İndi isə günün əksər saatlarında həm bu mağazalarda alış-veriş etmək, həm də terminallardan istifadə etmək mümkündür.Bir neçə il əvvəllə müqayisədə müxtəlif xidmətlərə çatım imkanları xeyli asanlaşıb”.

Müsahibimizin fikrincə, 2014-cü il əmək müqavilələrinin online sitemə daxil edilməsi kimi böyük bir prosesə başlanması ilə də yadda qalacaq: “İndi nəinki idarə və müəssisələr, böyük şirkət və firmalar, hətta cəmi bir işçisi olan fiziki şəxslər də kağız üzərində bağladıqları müqaviləni Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin online resursuna daxil etməyə borcludurlar. Bu, həm də real iş yerlərinə dövlətin nəzarər etməsi baxımından çox vacibdir”.

Lakin oğlu ilə birgə foto xidməti göstərən İlham Şirinov prosesə kiçik sahibkarların hazır olmadığını dilə gətirir: “Təsəvvür edirsinizmi ki, asan imza nömrəsi almaq üçün nə qədər vaxt itirdim, çünki növbə idi. Üstəlik, nömrənin aktivləşdirilməsi də məni işimdən elədi. Təzədən adam axtarası oldum ki, internetə girib, bunları doldursun. Axı belə tələm-tələsik olmamalıdır, kimsə bizi öyrətməlidir”.
Yaşlılar üçün təhsil proqramı yaradılsa…
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev hesab edir ki, yaşlı insanların elektron xidmətlərdən müstəqil şəkildə istifadə edə bilməsi üçün onlara təlimlər keçməyə ehtiyac var: “Yaxşı olardı ki, təqaüdçüləri kartlarla təmin edən Beynəlxalq Bank Dövlət Sosial Müdafiə Fondu ilə birgə yaşlılar üçün təhsil proqramı yaradaydı. Yaxud başqa nazirliklər də bu istiqamətdə ciddi addımlar ata bilərlər.Dövlət Əmək Müfəttişliyinin müqaviləsi olmayanları cəzalandıra biləcəyini başa düşürəm. Amma bu müfəttişlikdə kimsə düşünürmü ki, bu sadə insanları başa salmaq da DƏM-in borcudur. Əslində bu gün də gec deyil.Təhsil Nazirliyinin imkanlarından, məsələn orta məktəblərin sinif otaqlarından və informatika müəllimlərinin gücündən istifadə etməklə problemi daha rahat həll etmək olar. Təsəvvür edin ki, nəvəsini məktəbə gətirən baba və nənə də sinfə girir və həftədə bir-iki saat məşğələlərdə iştirak edir. Ondan sonra da nəvəsini götürüb, evə qayıdır ”.
Avropada xidmətlərin 82%-nə onlayn çatım imkanı var
Audit fəaliyyəti ilə məşğul olan Telman İsayev rəqəmsal cəmiyyətin yaradılmasını dövlət orqanları, vətəndaşlar və biznes qurumlar arasında səmərəli əlaqənin qurulması üçün başlıca vasitə sayır: “Xeyli müddətdir ki, bir çox xidmətlər, məsələn, gəlir vergisi və məşğulluqla, sosial təminat, korporativ vergi, ƏDV, gömrüklə bağlı xidmətlər, şirkətlərin qeydiyyatı, vətəndaşların müraciəti onlayn qaydada həyata keçirilir. Bu, dövlət orqanlarına vətəndaş ehtiyaclarının ödənilməsində yardım göstərir. Eyni zamanda biznes qurumlar ilə sabit əlaqə yaratmağa xidmət edir. Ümumiyyətlə, onlayn xidmətlər sahəsində innovasiyalara qoyulan kapital həmişə geri qayıdır, çünki E-hökümət (e-gov.az) idarəetmə xərclərini 15-20% azalda bilər”.

T.İsayev bildirir ki, bu sahədə Avropa təcrübəsindən bəhrələnmək faydalı olardı: “Statistikaya görə, Avropa ölkələrində vətəndaşların 41%-i, biznes qurumların 84%-i onlayn xidmətlərdən istifadə edir. Ümumiyyətlə, ictimai xidmətlərin 82%-nə onlayn qaydada çatım imkanı yaradılıb. Doğrudur, dövlət orqanlarının veb səhifələrindən passiv istifadə dəyişilməz olaraq qalır, lakin elektron formada rəsmi sənədlərin yüklənilməsi və doldurulmuş formanın geriyə, müvafiq subyektə çatdırılması kimi interaktiv xidmətlərin kəskin şəkildə artımı müşahidə olunur”.


Fərman Nəbiyev
Məqalə "Elektron hökumət” portalının (e-gov.az) müsabiqəsinə təqdim olunur.
Yüklə 32,2 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə