Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsi nəzdində fəaliyyət göstərən



Yüklə 68,17 Kb.
tarix22.07.2018
ölçüsü68,17 Kb.
#57770

Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsi nəzdində fəaliyyət göstərən

Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Mərkəzi Kitabxananın Metodika və biblioqrafiya şöbəsi

related image

Şeirimizin fəxri - M. P. Vaqif 300

Metodik tövsiyə

Zərdab -2017



Görkəmli şəxsiyyətlər M.P.Vaqif haqqında

  • .Vaqif yaradıcılığı ilə Azərbaycan şeiri tarixində yeni dövr başlanır.

Akademik Həmid Araslı

  • .Vaqif təkcə böyük şair deyildi, o həm də görkəmli siyasi xadim və diplomat idi; xalq arasında da müdrik bir ağsaqqal kimi məşhurlaşmışdı.

Xalq şairi S.Vurğun

  • Yeni Azərbaycan şeirinin yaradıcısı, misilsiz qoşma və qəzəllər

ustası Molla Pənah Vaqifin poeziyası son dərəcə zəngin və

cazibədardır.

Ədəbiyyatşünas, alim M. Rəfili

  • Vaqif bütün varlığı, ilhamı ilə həyata, insan gözəlliyinə vurğun, həyat aşiqli bir sənətkardır.

Professor Mirzəağa Quluzadə

  • Vaqif öz şeirləri ilə Azərbaycanı tərənnüm edir, Azərbaycan isə onu yaşadır. Bu, nəsilbənəsil xalq arasında yaşayan sənətkar üçün böyük səadətdir.

Avar şairi Rəsul Həmzətov

  • Vaqif sadə dilli, zəngin məzmunlu şeir toxumunu münbit bir poeziya torpağına səpmişdir.

Türk alimi Əhməd Cəfəroğlu

  • Yüksək insani hislər aşılayan, coşğun və nikbin Vaqif poeziyası bu gün də bizimlədir.

Filoloji elmlər namizədi Araz Dadaşzadə

Mоlla Pənah Vaqif

(1717-1797 )
Görkəmli Azərbaycan şairi Molla Pənah Vaqif 1717-ci ildə Qazax rayonunun Qıraq Salahlı kəndində anadan olub. Vaqif yaxşı təhsil görmüş, fars və ərəb dillərini öyrənmişdi. Astronomiya, riyaziyyat, musiqi və poetika üzrə geniş biliyə malik idi.

 

Qazaxda, sonra isə Qarabağda mədrəsələrdə dərs deyib, elmi və bacarığı ilə fərqləndiyinə görə Molla Pənah adını alıb. Qarabağa gəldikdən az sonra Şuşada məktəb açan şair tez bir zamanda şəhər sakinləri arasında həm yaxşı müəllim, həm də istedadlı şair kimi tanınıb. Bunu nəzərə alan Qarabağ hakimi İbrahimxəlil xan Vaqifi baş vəzir təyin edib. 

 

1796-cı ildə qraf Valerian Zubovun başçılıq etdiyi rus qoşunları Qarabağ sərhədlərinə yaxınlaşanda İbrahimxəlil xan oğlu Əbülfət ağanın başçılığı ilə onun yanına elçilər göndərib. Bu heyətə Vaqif və tanınmış Qarabağ bəylərinin oğlanları da daxil idi. Səfarət geri dönərkən İbrahimxəlil xanla birlikdə Vaqifə də II Yekaterinanın adından qiymətli hədiyyələr verilir. 

 

1797-ci ildə Ağa Məhəmməd şah Qacarın Şuşaya hücumu zamanı İbrahimxəlil xan Çar-Balakənə qaçır. Şəhəri ələ keçirən Qacar bir gün sonra orada sui-qəsd nəticəsində öldürülür. Hakimiyyətə İbrahimxəlil xanın qardaşı oğlu Məhəmməd bəy yiyələnir. Vaqifdən xoşu gəlməyən Məhəmməd bəy onu oğlu Əli bəylə birlikdə öldürtdürür. Vaqifin evi talan olunur, əlyazmaları yandırılır. Qarabağda böyük mənsəb və nüfuz sahibi olan Molla Pənah Vaqifin həyatı belə bir faciəli sonluqla bitir.

 

Vaqif şərq poeziyasının bütün klassik formalarından istifadə etsə də, yaradıcılığında əsas yeri qoşma janrı tutub və o, heca vəznində Azərbaycan poeziyasının bir çox parlaq nümunələrini yaradıb.

 

Onun “Durnalar”, “Heyran olmuşam”, “Toy adamları”, “Sonalar kimi”, “Tel nazik” və başqa şeirlərinə mahnılar bəstələnib. Səməd Vurğun “Vaqif” dramını və Ramiz Mustafayev eyni adlı operanı istedadlı şairə həsr edib.



Bu il görkəmli şairin anadan olmasının 300 illik yubileyi qeyd olunacaq

Bu il böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının300 illik yubileyi qeyd olunacaq. Yubileyin layiqincə keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidenti 12 yanvar 2017-ci il tarixli Sərəncam imzalamışdır.

Yubiley tədbirlərinin keçirilməsi

Vaqif şərq poeziyasının bütün klassik formalarından istifadə edib. O, qəzəl, təcnis, müxəmməs, müstəzad, müəşşərə, müşairə, məsnəvi və mərsiyələr yazıb. Ancaq onun yaradıcılığının böyük bir qismi, aşıq poeziyasından götürülmüş qoşma növündə yazılmış şerlər təşkil edir. Həmin şerlərin dili xalqın canlı danışığına çox yaxındır. Vaqif ərəb və fars mənşəli sözlərdən bacardıqca az istifadə etmişdir. 2016-cı ildə YUNESKO-nun xətti ilə Azərbaycan klassik ədəbiyyatının iki görkəmli nümayəndəsi – İmadəddin Nəsimi və Molla Pənah Vaqif ili elan edilmişdi. YUNESKO-nun xətti ilə hər iki qüdrətli şairin anılması Azərbaycan üçün dəyərlidir. Dahi şairimiz Molla PənahVaqifin anadan olmasının 300 illik yubileyi ilə əlaqədar şairi sevdirmək, yaradıcılığını oxuculara tanıtmaq məqsədilə kitabxanalarda bir sıra tədbirlər; kitab müzakirəsi, oxucu konfransı, ədəbi-bədii gecə, kitab sərgisi, dəyirmi masa, məlumat həftəsi , sual -cavab gecəsi , xatirə gecəsi, şeir müsabiqəsi və sair tətbirlər keçirilə bilər.

Tədbirləri aşağıdakı başlıqlar altında təşkil etmək olar:“Şeirimizin fəxri “ “Vaqif-300”, “Vaqif müasirimizdir”, “Gözəlliyi tərənnüm edən şair”, “Dilin qüdrəti Vaqifin dili”, “Əsərlərdə yaşayan ömür”, “Var şirin sözü Vaqifin”, “Hər oxuyan Molla Pənah olmur”, “Vaqif sevirdi, Vaqif sevilir”, ”Vaqif, yad et, səni yad eyləyəni”və sair.

Yubiley tədbirlərinə ilk öncə şairin yaradıcılığını əks etdirən kitab sərgisi ilə başlamaq lazımdır.Şairin iri və kiçik əsərlərindən ibarət kitabları, ədiblərimizin şair haqqında yazılan kitabları və dövrü mətbuatda dərc olunan yazı materialları sərgidə nümayiş oluna bilər. Bundan başqa sərgidə şairin ayrı-ayrı rəssamlar tərəfindən çəkilən müxtəlif rəsmləri də yerləşdirilə bilər ki, bu da sərgini daha dolğun və maraqlı edər. Sərgidə dahilərin şair haqqında söylədikləri sitatlar və şeir parçaları da yer alır.

Şairin həyat və yaradıcılığını oxuculara tanıtmaq məqsədilə bir sıra tədbirlər keçirmək olar. Tədbirlərin məqsədi oxuculara mütailəni sevdirmək, oxu vərdişi aşılamaq və oxucuları kitabxanaya cəlb etmək məqsədi daşıyır. M. P. Vaqif yaradıcılığını oxuculara tanıtmaq üçün “Vaqıf poeziyasına səyahət” başlığı ilə bədii qiraət keçirilə bilər. Ilk öncə kitabxanaçı tədbirdə iştirak edən oxucuları salamlayır və böyük şair M.P.Vaqifin həyat və yaradıcılığı haqqında məlumat verdikdən sonra, tədbir davam edir.

Kitamxanaçı:Vaqif poeziyasında insan gözəlliyi sanki rəssam fırçası ilə çəkilmişdir. Onun şeirlərini oxuyarkən istər-istəməz XVIII əsrin Azərbaycan gözəlləri öz geyimi, canlı boyaları və real cizgiləri ilə göz qabağına gəlir:

Zər haşiyə al nimtənə üstündə,

Xallar üz yanında, çənə üstündə,

Buxağın altında, sinə üstündə

Zülfün burulması, hayıf ki, yoxdur. Sonra isə oxucular səhnəyə yaxınlaşıb mövzuya uyğun olaraq şeirlər deməyə başlayır: oxucu şairin “ Durnalar “ qoşmasını axiracan söyləyir

1-ci oxucu: Bir zaman havada qanad saxlayın,

Sözüm vardır mənim sizə, durnalar!

Qatarlaşıb nə diyardan gəlirsiz?

Bir xəbər versəniz, bizə, durnalar!(“ Durnalar “ qoşması

dinlənilir)

2-ci oxucu: Qış günü qışlağı Qıraqbasanın,

Gözüdür aranın, cümlə-cahanın,

Belə gözəl yerin, gözəl məkanın

Bir gözəl obası hayıf ki, yoxdur... (“Hayıf ki yoxdur” rədifli

qoşma dinlənilir)

3-cü oxucu: Ala gözlü, sərv boylu dilbərim,

Həsrətin çəkdiyim canan, bəri bax!

Gecə-gündüz fikrim-zikrim, əzbərim,

Üzüldü taqətim, aman, bəri bax!

4-cü oxucu: Qaşların qurulu yay tək çəkilir,

Kipriklərin dəyir, ciyər sökülür.

Danışanda qəndü şəkkər tökülür,

Dilin, dodaqların baldı, sevdiyim!

Kitabxanaçı: Gözəl şeir oz təravətini heç bir zaman itirmir. Əsrlər keçir, nəsillər bir-birini əvəz edir, əsl sənət əsəri olan şeirlər həmişə dodaqlarda səslənir, ürəklərə təsir edir, dillərdə əzbər olaraq yaşayır. Belə şeirlərin tərif və təbliğə ehtiyacı yoxdur. Onlar çap olunmasalar da, öz ömürlərini ecazkar bir qüdrətlə uzaqlaşdırırlar. Əsrlərin imtahanlarından çıxıb unudulmayan belə əsərlər klassik irsimizin ən gözəl nümunələridir. Molla Pənah Vaqif də öz təravətini əsrlərcə yaşadan klassik şeirimizin ölməz nümunələrini yaratmış sənətkarlardan biridir. Vaqif yüksək zövq, incə hisslər, dərin və nikbin duyğular şairidir. Onun yaradıcılığında məhəbbət lirikası əsas yer tutur. Onun qələmə aldığı gözəllər bütün xarici məlahəti və daxili zənginliyi ilə təsvir edilib. Vaqifin şeir dili ilə Vətənin-Azərbaycanın təbiəti, xalq məişəti və adətlərinin real mənzərəsi, azəri gözəllərinin təbii-mənəvi aləmi tam milli xüsusiyyətləri, zəngin koloriti ilə təsvir olunmuşdur. Vaqif lirik şairdir. Məzmunca zəngin, formaca rəngarəng yaradıcılığa malik olan şairin lirikası iki xətt üzrə inkişaf etmişdir. O, həm də klassik şeir üslubunda (qəzəl, müstəzad, müxəmməs,və s.) şeirlər yazmışdır. Vaqif qoşmalarının mühüm hissəsini gözəlliyin təsvirinə həsr etmişdir. Bu əsərlərdə təsvir olunan “sərv qədli”, “mina boylu”, “zülfi ənbər” gözəllər, eyni zamanda yerişi, gözəl duruşu, gözəl rəftar və danışığı ilə də şairin ruhunu oxşayan real insanlardır.

Oturuşun gözəl, duruşun gözəl,

Sallanışın gözəl, yerişin gözəl,

Xoyun, xülqün gözəl, hər işin gözəl,

Bəxş olub bu xubluq xudadan sənə.

Xarici gözəlliyin təsviri şairin şeirlərində əsas yer tutur. İnsan gözəlliyindən bəhs edən Vaqif sadə, həyati təşbihlər vasitəsilə təsvir etdiyi gözəli oxucunun gözü qarşısında məharətlə canlandıra bilir. Vaqifin gözəlin portretini yaratmasını şairin şeirində belə müşahidə edirik. Zülflərin sünbüldür, yanağın lalə,

Baxışı tən edir vəhşi qəzalə,

Gözləri məstanə, ağzı piyalə

Gərdəni minadır mənim sevdiyim.

Vaqif gözəllikdən danışarkən təkcə zahiri keyfiyyətlərlə kifayətlənmir. Şair gözəlliyin əsl mənasını forma ilə məzmun vəhdətində, birliyində axtarır. Insanın hüsnü, zahiri görkəmi ilə yanaşı əxlaqi, rəftarı, kamalı da gözəl olmalıdır. Şair qadınları mənəvi cəhətdən gözəl, həyalı, abırlı, incə zövqə malik insanlar kimi görmək istəyir. Vaqifin yaradıcılığında vəfa, namus, etibar, sədaqət, səmimiyyət kimi mənəvi keyfiyyətlər gözəlliyin əsası, tərkib hissəsidir. Onun görmək istədiyi gözəlin ən azı aşağıdakı əqli, mənəvi xüsusiyyətləri olmalıdır:

Öyünməsin kimsə, gözələm deyib,

Ayrı təhər olur, halı gözəlin.

Günəş üzlü, şirin gözlü, xoşqılıq

Ləblərindən axır balı gözəlin.

Yanağı gül, zülfü yasəmən gərək,

Dişləri inci, sinəsi gen gərək,

Haldan xəbər verən, dərdbilən gərək,

Heç olmaya məkrü alı gözəlin.

Vaqifin dili olduqca sadə, ahəngdardır. Şeir dilimizin saflığı onun adı ilə möhkəm bağlıdır. Vaqifi çoban da, alim də, qoca da, cavan da yaxşı başa düşür. Bahar səhərlərində günəşin gün işığı nə qədər yaxıcı və parlaqsa,Vaqifin dili də bir o qədər hərarətli, sadə və aydındır.Vaqif sadəliyinin primitilivliklə heç bir əlaqəsi yoxdur. Əksinə, bu sadəlik məna dolğunluğunu, fikirləri təbii, bədii təsir qüvvəsinə malik bir şəkildə əks etdirir. M.P.Vaqifi böyükdən-kiçiyə hamı sevir, oxuyur. Hər kəs onun əsərlərində təbiəti və təbiət gözəlliklərini bir daha sevir. Məktəblərdə yuxarı sinif şagirdləri ilə bərabər, kiçik yaşlı şagirdlər də onun əsərlərini oxuyur. Kiçik və orta yaş qrup oxuculara Vaqif yaradıcılığını daha dərindən tanıtmaq və sevdirmək üçün kitabxanada səhərciklər hazırlana bilər. Bunun üçün kitabxanaçı kiçik yaşlı oxucuları şairin kitabları ilə tanış edir. Şagirdlər Vaqifin bir çox şeirlərini oxuyur, əsərləri ilə tanış olurlar. Kitabxanada şairlə bağlı maraqlı tədbir forması kimi “Nağıl geçəsi” də keçirə bilər .

Kitabxanalarda ədəbiyyatın təbliğinin forma və metodları müxtəlifdir. Kitabxana işçiləri bu metodlardan istifadə edərək M. P. Vaqifin 300 illik yubileyini layiqincə qeyd etməlidirlər. Tədbirlərin keçirilməsinə kömək məqsədilə vəsaitin sonuna ədəbiyyat siyahısı əlavə edirik

ƏDƏBİYYAT

Əsərləri : Poeziya - Bakı : Şərq-Qərb, 2004. - 264 s.

XVIII əsr Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndəsi, heç şübhəsiz, Molla Pənah Vaqifdir. Zamanın qabaqcıl ideyalarının zövqü və əhvali-ruhiyyəsinin ən yaxşı ifadəçisi olan Vaqif şeri ilə ədəbiyyatımızda yeni mərhələ başlayır. Əsərləri : poeziya / V. Vidadi, P. Vaqif. - Bakı : Çaşıoğlu, 2004. – S.75-311.

Kiril qrafikası ilə

Əsərləri : şeirlər. - Bakı : Azərnəşr, 1968. - 183 s.

Əsərləri. - Bakı : Azərnəşr, 1968. - 280 s.

Əsərləri. - Bakı : Azərnəşr, 1960. - 258 s. Seçilmiş şeirləri. - Bakı : Maarif, 1978. - 160 s.

Sevmək gərək : lirik şeirlər. - Bakı : Gənclik, 1987. - 125s. : şək.

Haqqında:

Çəmənzəminli Y.V. Molla Pənah Vaqif haqqında // Əsərləri. 3 cilddə. III c. – B.: Avrasiya Press., 2005. – S. 320-324

Əlioğlu M. Gözəllik tükənməzdir : Molla Pənah Vaqifin yaradıcılığı haqqında // Darıxan adamlar. 2 cilddə. I c. - B. : Təhsil, 2009. - S. 78- 84.

Əlioğlu M. Vaqif və Vidadi // Darıxan adamlar. 2 cilddə. I c. - B. : Təhsil, 2009. - S. 85-93.

Əlioğlu M. Vaqif sevirdi, Vaqif sevilir : anadan olmasının 250 illiyi münasibətilə // Darıxan adamlar. 2 cilddə. I c. - B. : Təhsil, 2009. - S. 310-331

Həsənov F. Qacar, İbraim xan və Molla Pənah Vaqif // Müqəddəs duyğular. - B. : UniPrint, 2011. - S. 213-236.

Molla Pənah Vaqif // Azərbaycan ədəbiyyatı tarixi : 6 cilddə.III cild. - Bakı : Elm, 2009. – s. 650-678.

Mümtaz S. Molla Pənah Vaqif : məqalə // Azərbaycan ədəbiyyatının qaynaqları. - B. : Avrasiya Press, 2006. - S. 31-74.

Mümtaz S. Rudəki və Molla Pənah Vaqif : məqalə // Azərbaycan ədəbiyyatının qaynaqları. - B. : Avrasiya Press, 2006. - S. 276-283.

Dövri mətbuatda:

Bayramov A. Molla Pənah Vaqif və “Vaqif ” pyesi // Mədəniyyət. – 2016. – 16 mart.

Fərəcov S. Poetik fikrin Vaqifi : XVIII əsr Azərbaycan şairi Molla Pənah Vaqif haqqında // Mədəniyyət. - 2014. - 9 aprel. - № 26. - S. 15. Fərəcov S. Vaqif, yardan eşit gələn cavabı // Mədəniyyət. - 2015. - 7 oktyabr. - № 77. - S. 14.

Xəlilzadə F. Dövründən gileyli şair : Molla Pənah Vaqif - 290 // Azərbaycan. - 2007. - 21 noyabr. - S. 11.

Tərtib etdi : Metodika və biblioqrafiya şöbəsinin müdiri – G.Qasımova

Redaktor: Şöbənin baş biblioqrafı - B. Fətəliyeva
Yüklə 68,17 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə