Ağır daşlar altında (patetik fantaziya)



Yüklə 78,31 Kb.
tarix29.10.2017
ölçüsü78,31 Kb.

Ağır daşlar altında

(patetik fantaziya)



aa-20 02 2009+

Akif ƏLİ

…Məmməd Arazı gördüm.

Danışdıq, danışdıq, bir daha danışdıq…

Allahdan başqa kimsənin köməyi olmadan!

Sağlığında bu qədər danışamazdıq. Hər görüşəndə gözlərini gözümə dikib baxar, astadan nəsə pıçıldayardı. Üzündən öpəndə qulağımı yaxına tutardım ki, dediyini eşidəm. Ancaq təkcə nəfəsindən qopan səsləri duyardım. Sözləri anlaşılmazdı. Sövq-təbii hiss edərdim ki, mühüm məqamlar anlatmaq istəyir. Ancaq anlaşılmadığını sezdirmədən səsli fikirlərini havada tutub təxmin etdiyim qədər mənalandırmağa çalışardım. Zəif səsinin yalnız bəzi fraqmentlərini Sözə çevirə bilərdim  və Sözə çevirə bildiyim o nəfəs qırıqlarından cümlə qurardım… Hiss edirdim ki, ömrünü böyük səmavi amallara həsr edib yerdəki xırdalıqlarla çarpışmağa məhkum olan bu qeyri-adi İnsanın ürəyi qızıl yatağıdır; illərin deyilməmiş kəlmələri yığılıb ora ağırlıq verir, ağrı verir. Üzündəki əzab dumanı da o yataqdan qalxır. Lakin nəfəsini ordakı qızıl sözlərlə doldurub fırtına timsalı dünyaya püskürə bilmir, ürəyinə ağırlıq verənləri hər an deyə bilmir. Və yalnız ən adi istəklərini onu qəlbən duyan, sevən, dərk edən və ona qarşı onun özü qədər həssaslıq göstərənlərə anlada bilir, gözlərini həmfikrinin üzünə dikib səmimi sevgi ilə, ümidlə baxır, baxır, baxırdı…

“Dağılasan belə dünya!”

Bir Səbrli peyğəmbər sayağı zavallı xalqı üçün dinclik, rahatlıq, gözəllik axtara-axtara qırx il sitəm səhrasında dolaşan, bir Günahsız peyğəmbər kimi özgələrinin günahını çiyinlərinə alıb dərd dağında çarmıxa çəkilən, bir Müdrik peyğəmbər təkin cahillərə doğru yolu tanıtmaq üçün tənha hücrələrdə qayalardan Söz çapan bu göylər adamının hərdən mənə qarşı da xəfif lütfünü görüncə çox duyğulanar, qürurlanar, ona daha da isnişərdim. Belədə ən doğma adamlar kimi biz də hərdən ancaq bir-birimizə baxmaqla danışardıq…

***

…İndi nə vaxt gəldiyini bilmədim.



Bir onu gördüm ki, söhbət edirik. Allahdan başqa kimsənin köməyi olmadan danışırıq. Açıq, aydın, səmimi…

Mən daha qulağımı onun sifətinə yaxınlaşdırmırdım. Nəfəsini uzaqdan duyur, səsini aydın  eşidirdim. Yaşadığı bir ömürə min ömürlük əzab yüklənmiş, tikanlı səhralardan Söz atıyla mərd-mərdanə keçmiş, gücünü qapısı bağlı göylərdən almış bu günahsız cəfakeşin cənnət mehi kimi o  mülayim nəfəsindən qopan səslər dalğa-dalğa ətrafa yayılırdı. Gözlərindən axan aramsız fikir zərrələri göy üzündə sayrışırdı. Qətiyyətli səsi fəzada anidən əzəmətli sözlərə çevrilib işıq saça-saça qəlbimə, beynimə, yaddaşıma yağırdı. Tarıma çəkilən tar simi kimi gərilmiş səsinin metal qoxulu sədası ərşi  bürümüşdü…

Anladım ki, bütün vücudumu saran bu səs-səda haralardasa oralarda, lap yuxarılarda, Tanrıya ən yaxın yerlərdə qərar tutmuş Məmməd Arazın ruhudur. Fəzada sayrışanlar isə ölümsüz Söz ustadının qəlbindəki qızıl yatağından çıxan parıltılı fikir-düşüncə külçələridir. Hey axır, gəlir, keçir…

Ürəyi boşaldıqca Şair dincəlir.

Hər şey çox təbii, qavranılan idi. Təəccüblü təkcə o idi ki, mən böyük ədibi gördüyümün, səsini-sözünü aydın duyduğumun fərqində deyildim. Rahat-rahat danışmasına heyrət etmirdim. Sadəcə sakit-səssiz ənginlikdə əmin-arxayın gəzir, dolaşır, dərdləşirdik…

***


“…Qayğılısan, – dedi.- Dünyanı dağıdırsan… Nədən?”

Susdum. “Nədən?.. Siz də bu sualı verirsiniz, ustad? Siz də mi?!”- demək istədim.

Ancaq məni qabaqladı: “Yaxşı, yaxşı… Üzülmə…Vətən daşı yadındamı?”- dedi.

“Əlbəttə. “Vətən qayaları, Vətən daşları” silsiləsinin işığına tək mən yox, milyonlar şərikdi.”

Baxdım ki, mən xatırladıqca Məmməd Arazın fikir-düşüncələri canlanıb əngin fəzalara yayıldı, ruhunun əks-sədası aləmi tutdu:

“…Bir qayaya söykənmişəm, deyirəm kaş: bax beləcə daşa dönəm yavaş-yavaş… Danış görüm, a daş qardaş! Nə zamansa bu daşlarla bir dil tapan tapılacaq – Bu daşların, qayaların keçmişini oyadacaq, Ordu-ordu  qayalıqlar insanlığa qayıdacaq… Onda məni – bir balaca daş əsgəri qoyar yəqin qoşulmağa bu cərgəyə, Qayaların keçmişini qayalara yazdım, deyə. Onda Vətən sanar məni bir balaca Vətən daşı, Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı…”

Bu sözlərin sehiri mənim də ruhumu çəkib apardı, sonsuz fəzalara ucaltdı. Həzz dolu bu  uyğulu əhval içərisində öz-özümə düşündüm:

“…Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı!.. Bu sənət incisi də mən doğulduğum şəhərdə, Şuşada doğulub… Şair o misraları Cıdır düzünün sıldırım qayalarından dilim-dilim yonub vərəqlərə sərəndə mən uşaq idim, onları məktəbdə görüb əzbərlədim. Sonralar tez-tez qayıdardım o qaya kimi sərt misralara… Ancaq heyhat… Doğulduğum qayalar şəhərinə bir də qayıda bilmədim sonralar… Taleyimiz kədərli gəldi…”

“Ora daha heç kim gedə bilmədi, –Məmməd Araz düşüncələrimi duymuşdu. – Şuşada adam qalmadı… Mən o vaxtlar çox haray çəkdim, çox dedim, az eşidildim… Dedim: nə yatmısan qoca vulkan, səninləyəm!..”

Bu an yenə Məmməd Arazın narahat ruhu tarıma çəkilmiş sim kimi inlədi:

“…Səndən qeyri, biz hər şeyi bölə billik. Səndən qeyri biz hamımız ölə billik… Varım-yoxum, səninləyəm, azım-çoxum, səninləyəm, şirin yuxum, səninləyəm… Oyat bizi, ey yaradan, səninləyəm! Ya birmərrə yatırt bizi, ya birmərrə oyat bizi. Ya yenidən yarat bizi! Ey yaradan, səninləyəm! Səninləyəm yatmış vulkan. Səninləyəm! Ayağa dur, Azərbaycan, səninləyəm!”

Susduq. Xeyli susduq. Deyilməli sözlər deyilirdi…

Ruhunun səsi bitəndə özü dindi:  “Noldu?! – dedi.- Şuşada təkcə vətənin torpağı-daşı yox, namusu da tapdalandı, ayağa duran oldumu? Xırdalanan yatmışlara o karan kar etdimi? Bir qeyrətini satmışın papağı yerə soxuldumu? Bir adı batmışın başına güllə çaxıldımı?”

“Yox, – dedim. – Hamı öz yerində qaldı… Gedən təkcə qayalar üstündə bitən çiçəklər oldu… Bəs Yaradan necə, bizi yenidən yaratmağı düşündümü, ustad?”- soruşdum.

“Yox… O da yox… Mən gördüm ki, Yaradan hər nə yaratmışsa gözəl yaratmış, mükəmməl biçib düz yaratmış! Onun yaratdığı gözəlliklərə qıyan, doğrunu əyən isə yerdəki bəndələr özləridir. Nəfsini saxlamayıb İblisə baş əyənlərdir əyri iş görənlər… Düzəliş ordan olmalıdır, burdan yox.”

Bu amansız fikir məni aldı götürdü: “Düzəliş ordan olmalıdır… bəndələr özləri yumalıdır öz günahını… Demək ümid yoxdur… O düzəlişlər olanacan, yer üzündə iblisanəlik bitənəcən əzab-əziyyət çəkən, üzüntü-sıxıntı içində yaşayan yenə Tanrı ətəyindən tutub haqq Sözünə inananlar, Doğru yolla gedənlər olacaq! Vətən, Xalq, Millət deyib namusla çalışan, vicdanla yaşayan təmənnasızlar olacaq… Demək hələ bir müddət yer üzündə Tanrıya tapınan düzlər düzdə qalacaq, İblisə əyilən əyrilər üzdə… Bəs…”

Məmməd Araz acı fikirlərimi duyub məni qabaqladı:

“Tanrını sakit burax. Tanrı hamıya öz payını verib… Bizə də Vətən verib, Torpaq verib, Həyat verib… Bəxtimizə düşən bu Vətəni biz qurmalı, bu Torpağı biz qorumalı, bu Həyatı biz yaşamalıyıq… Bacarığımız qədərində… – Bunu dedi və xəyalı göylərdə pərvaz etdi. – Vətən mənə oğul desə nə dərdim, mamır olub qayasında bitərdim… Vətəni sevmək imandandır, dostum. Vətən yolunda şəhidlik də şərəfdir. Yalnız imansızlar öz bədbəxtliyinə  bəraət qazandırmaq üçün Vətənpərvərliyə istehza edər. Vətəni səmimiyyətlə sevib vicdanla xidmətində duran, Vətənin səsini təmənnasız yayan qeyrətli Vətən Daşlarından isə əsil Vətəndaşlar yaranar! Özünü düşünməyənlər – igid insanlar, işıqlı adamlar, həqiqi ziyalılar yaradar Vətənin simasını. Vətəni satan, Xalqı aldadan, Milləti oynadan bədxahlar yox!.. Mərdlər, ərlər, ərənlər yada düşər Vətən deyəndə, Vətəni quran, qoruyan, yaşadan cəsurlar yada düşər. Oğru, əyri, quldur, fəndgir bədbaxtlar yox!”

Susdum. Onun sözləri mənə təsir etmişdi: “Düzdür… Elə bu sayaq uca mənalara, parlaq amallara, ibrətli örnəklərə inanıb dözür, dözüb susur, susub yaşayır namuslu vətənpərvərlər, gözü tox olan insanlar… Amma nə yazıq ki, bəzən bir qarnı ac, bir qarnı tox… yaşayır… ” – düşündüm.

Bu çılğın düşüncələrimin davamını yenə şair gətirdi: “…Bəli. Əzabı böyük qəlbli  insanlar çəkər. Namussuz nə bilir əzab nədir? Vətənin dərdini çəkən bilər… Dünyanın bu sərt üzündən həmişə bəhs edərdim sənə, yadındamı? Sözə inanan adam kimi səni xəbərdar edərdim. Deyərdim bu acıları bil, nə um, nə küs…”

Heyrətlə şairə baxdım. Dediklərinin mənasını anlamağa çalışdım. Onun ruhu danışırdı: “Heç bir mükafatın yetmədi mənə, bircə “sağolun” da bəsimdi, Vətən! Bəsimdir, hər səhər təltif yerinə  qapımda küləyin əsibdi, Vətən! Qol verdin boynunu qucaqlamağa, göyünə baxmağa göz verdin, bəsim… Kürək söykəyənin ana torpağa, haqqı yox ayrı bir təltif istəsin…”

“Ustad, – dedim, – Siz bunları tək mənə yox, hamımıza demisiniz. Sizi sevən bütün Vətən Daşlarına bu örnəkləri aşılamısınız. Bu idealları, yaratdığınız bu gözəllikləri böyükdən kiçiyə hər eşidən qəlbinə sıxıb, sevib, inanıb… Amma…”

Sanki boş fəzada ildırım çaxdı. Şübhə çalarlı bir kəlmədən Məmməd Arazın sərt baxışları anidən üzümə saplandı: “…Nə amma?!” O heç nə demədi, ancaq gözlərilə sifətimi silib keçdi, dərin sonsuzluğa dikildi.

Mən ərklə davam etdim: “Amma bir təzad, bir müəmma var, ustad… Baxın, Yer üzündə, orda olanda Siz Vətənə nə qədər bağlı idiniz və Vətənə nə qədər önəm verirdiniz! Bu amala inanan, sözlərinizi qəbul edən milyonlar da eynən Vətənə sidq-ürəkdən bağlanıb. Ömrünü, həyatını, gəncliyini, gözəlliyini bəxş edib Vətənin azadlığına, abadlığına… Amma Sizdən əvvəlki atalar “Vətən üçün ağlayanın gözü kor olar” deyiblər. “Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı” deyiblər… O ataların balaları da Vətənə yalnız aparmağa gəliblər, heç nə verməyiblər. Kənarlarda gəzib-dolanandan, yaşayıb-yaradandan, bitib-tükənəndən sonra ölməyə, dəfn edilməyə, gömülməyə gəliblər… Kimdir haqlı?!.. Sizin kimi ağır, sanballı, dəyərli Vətən Daşı olan qeyrətli bir Vətəndaşın payına o nə zillət idi düşmüşdü Vətəndə?! Niyə bu əzab-əziyyət Sizə yaraşdırılmışdı? Kim yaraşdırmışdı? Tanrı vergisi dediyiniz o böyük Vətən amalına hansı fövqəlqüvvə üstün gələ bilmişdi?! Necə gəlmişdi?! Harda idi haqq-ədalət? Yaradan niyə öz seçdiklərini tək qoyur həmişə!”

Mənim çılğınlığım müqabilində o susurdu, nəhəng sirli-sehirli ehramlar önündəki sfinkslər təkin əzəmətlə susurdu. Və bir müddət sonra Şairin göylərdə gəzən ruhundan səda gəldi: “İşin yox Yaradanla… Mənim də yaşım az deyil, bu dünyada nə görmədim! Çiçəyindən alağı çox, Kişisindən papağı çox, Köpəyindən yalağı çox, – bu dünyada nə görmədim!..”

“Bəs onda yaxşı, ustad, elə isə niyə, niyə axı Sizə bu qədər etinasız olan dünyaya… Siz bu qədər mərhəmətli idiniz?..” – dedim.

Sanki inadıma Şairin xəyalı uzaqlardan qayıtdı, o dərin bir ah çəkib yenə mənə baxdı,  gülümsündü: “Eh, Akif ƏLİ… – dedi. – İti bazarında atından baha, mən belə dünyanın nəyindən küsüm?!..”

Və küskün-küskün başını sinəsinə əyib düşüncələrə daldı. Aramla, öz-özünə danışırmış kimi dedi: “…Nə ummurdum, nə küsmürdüm…- Yenə şairin narahat ruhu səmanı dolaşdı. – …Nədir günahınız, açıq danışın, üstümə qayıdan yazılarım, siz! Hansı bir naşının, bir ağlı çaşın, ələk baxışından  keçməmisiniz?! Sizi əbədi mi kor eləyəcək, bir duzsuz hırıltı, bir gizli yumruq!.. Hamı əritməyir həqiqətləri, hələ dolaşıqdır yer kürəsində, yalanla doğrunun sərhəd xətləri… Qayıdan haqlıdır, yoxsa qaytaran… Bəşər anamızda bu mərhəmət var: ölən qəhrəmana sahib tez tapar!.. – Və bir qəfər susub əlavə etdi: “Eh… Sonralar anladım, xeyli sonralar… Cibəgirən olur gözəgirənlər!”

Dedi və gəzib-dolaşdığımız ulduzlu göylər qədər dərin sükut çökdü aramıza. Qaranlıq kainatın sirli səssizliyində beynimdə dolaşan sualımı özüm də eşidirdim: “Sizin kimi… həqiqi Vətən Daşı olan… qeyrətli Vətəndaşın taleyinə… o nə zillət idi? Və niyə bu Sizə yaraşdırılmışdı?..   Bəs haqq-ədalət harda idi… hardadır haqq-ədalət?..”

Qəribə idi: eyni vaxtda Məmməd Araz da həmin dərin-dibsiz ənginliklərə, bizim bu dünyadan heç vaxt görmədiyimiz və görə bilməyəcəyimiz zil qaranlıq girdaba baxa-baxa sanki özü-özünə danışırmış kimi suallarımın cavabını verirdi: “Haqq burda – Tanrı yanındadır… Ədalətsə orda – bəndə əlində… Hər ikisi də uzaqda, əlçatmazda!.. Mənim zillətimə, zülmümə isə… Nə deyim, bilənlər bilir… Bu da bir ömürdü, yaşadım… bir ömürdü, yaşadım!

Söz məni tutdu. “Yaşadım? – Ərklə bu sözə qarşı getdim. – Bəlkə belə deyək, ustad: Bu da bir ömürdü – yaşamadım!”

Dərin xəyal içində fikirli-fikirli: “Bəlkə də…- pıçıldadı. – Olsun!.. O cür də ola bilir…” Və bir qədər duruxub keçmişləri xatırlayırmış kimi köksünü ötürdü: “Hə… Haqqın yox, Məmməd Araz, haqqın yox yaşamağa!.. Boğazına sarınan ilanı tumarladın, qazancın bu oldu ki, mülayim oldu adın. Haqq yolu göstərdiyin haqqını qamarladı… Haqqın yox, Məmməd Araz, haqqın yox yaşamağa!..”

Ürpəndim. Bədənim titrədi. İnsan özünə qarşı bu qədər amansız olarmı, ilahi! Yerdə belə insanlar qaldımı? İblisi yox etməyə, günahsızın kədərinə, qəminə, qüssəsinə yanmağa… Qaldımı?! Ürəyim qısıldı: “Yox! – dedim. – Mən o mənada demirdim, əmi… Bağışla… Əksinə, haqqın var  yaşamağa, Məmməd Araz, haqqın var!.. Çox tozanaq atlını təmkin atınla keçdin, Bütün keçilməzliyi, Vətən adıyla keçdin…  Haqqın var, Məmməd Araz, haqqın var yaşamağa!!. Məhz Sizin haqqınız var idi yaşamağa və yaxşı yaşamağa, ustad! Ona görə deyirəm… anlamaq olmur bu dünyanı… ”

O mənim üzrxahlığımı alicənablıqla eşitməzliyə vurdu:  “Eh, dostum! O təzadlar dünyasında nələr görmədim mən. Çox gördüm, az danışdım. Gördüm ki, Vətən Daşı olan qeyrətli Vətəndaşın işləri daşdan çıxır… Bunu orda olanda da deyirdim sənə, güman ki eşitmirdin… Səni özümə yaxın bilib hər görüşəndə deyirdim, yadındamı…”

Mən onunla yerdəki görüşlərimizi, arabir dinməzcə bir-birimizə baxıb söhbətləşdiyimiz anları yadıma salmağa çalışdım. Dinmədim. Həyəcanla susub sözünün sonunu gözlədim.

O isə nəyisə yadına salıb yenə gülümsündü:

“Eh, dünya, dünya… – dedi. – …Mən bir zaman şair idim, zirvələrdən zirvələrə şığıyan bir şahin idim…Bax donqar dəvənin səbət yükünə, bənzəyir içi boş şöhrət yükünə. Ömür karvanının sənət yükünə, bir-iki qeyrətli söz yükləməsək, sən kimə gərəksən, mən kimə gərək?!”

Müdrik sənətkarın səmimiliyi, hətta sadədilliyi riqqət doğururdu: “Amma siz çox gərəkli insansınız, ustad! – dedim. – Vətənə, Xalqa, Millətə! Həmişə gərəksiniz. Bu gün də, sabah da!”

O isə öz aləmində idi:

“…Günəş hər gün yerində, ulduzlar öz yerində. Sualım at belində: mən nəyəm, mən  nəçiyəm?.. Üfüqdə üfüq boyda od qalamaq istərəm. Bu dünyadan nə getmək, nə də qalmaq istərəm… Mən nəyəm, mən nəçiyəm?..  İt səsinə söz deyib, Sözü itə tokdülər. Bu nə durğun hərəkət, nə görünməz axmadı. Hər baxan anlamadı, hər anlayan baxmadı. Mən qamqalaq dalınca gedənlərdən deyiləm. Mən səhrada yolunu azan nər də deyiləm… Mən nəyəm, mən nəçiyəm?”

Özümdən asılı olmayaraq ona tərif deməyə başladım: “Siz səhrada yolunu azanlara ümidsiniz! Siz işığına milyonlar şərik olan inamsınız!” – dedim. Və söhbəti dəyişib hələ açıq qalan  bir məqama yönəltmək üçün: “Ustad, – dedim, – bayaq bir fikir başladınız, davamı qaldı… ”

Məmməd Araz heç mənə tərəf baxmadan: “Niyə? Dedim axı, Vətən Daşı olan Vətəndaşın işləri daşdan çıxar… Səni həmişə xəbərdar edərdim…”

“Axı, məni nədən xəbərdar etmək, nəyə hazırlamaq istəyirdiniz?!”

“Dözümə!.. Həyata!.. Yerdəki ömürü olduğu kimi yaşamağa!.. Bəlkə də, incimə, indi sən özün demişkən, – yaşamamağa! İstəyirdim darılmayasan, müvəqqəti dünya həyatını tanıyasan,  alışasan,  aldırmayasan… Ədalətsizlik görəndə iradəni toparlaya biləsən. Biləsən ki, Vətəni sevib  həqiqi Vətən Daşı olan qeyrətli Vətəndaşın Daşı çox Ağır olur yer üzündə. Daşı Ağır olanları isə  dünyanın get-gəllər bazarında daş-tərəzi oynadanlar sevməz. Bu həqiqəti bilib üzülməyəsən…”

“…?” – Donub qalmışdım. O amansız idi. Sərt idi. Zülmət gecədə sənətkarın ruhundan qopan işıqlı fikirlər yenə üstümə ulduz yağışı kimi yağdı. Sözlər qığılcım saça-saça aramsız axınla gəlirdi:

“…Daşı Ağır olan qeyrətli Vətən Daşının ruzusu ona görə daşdan çıxar ki, o – qayadır, çınqılla cərgədə durmaz. Ucadır – çörə-çöpə əyilməz, şaxdır – ütüyə gəlməz, vüqarlıdır – maşalıq yapmaz, inamlıdır – ipə-sapa yatmaz. Özü olar özü qalar… Ona görə də özü olmayıb özgəsinə ütü gəzdirənlərin, maşa tutanların, iynə saplayanların nəzərində ağır Vətən Daşları çox naqolaydı, narahatdı. Əyri, xəlvət iş görənə göz dağıdı… Varlığı pula bağlı, qəlbi qapana tapınaqlı, əlləri kilo  daşlarına öyrəncəli, fikri-zikri tamahla uğraşan kiçiklər böyük Vətən Daşına qiymət verəməz, həqiqi çəkisini bilə bilməz. Bu bacarıq onlarda olmaz, bu istedad hər yetənə paylanmaz!.. Yaxasına ağ önlük taxıb altdan tərəziyə barmaq basanın nə ağı, nə önlüyü təmiz qalmaz. Şəklinə yaraşıq verib üzündəki qaranı sildirən zatən gözə kül üfürən, çirkli pul bükəndirsə, üfürdüyü külün, pul bükdüyü qəzetin qarası üzündən getməz. Üzü qara qalar, üz qarası olar… Xalqa saxta mal sırıyan şərəfini düşünməz,  Vətəni, Torpağı, Milləti eynən satar uf deməz. Şərəfsizə güvənilməz, onunla el qorunmaz. Şərəfi qısırlıya şöhrətdən yüz pay verilsə, adı-sanı artmaz. Əməldə bir iz, nişanə qoymayanın yaxasına yüz nişan taxılsa, tarixdə tozu qalmaz… Mən də çox gördüm beləsini və bir gün dedim birisinə: Sən sözü alçaltdın özündən əvvəl, alçaltdın bir ağız afərin üçün. Düşün ki, bugünlə qurtarmır zaman,  sabah var, sabahın sabahı da var!.. Belə, dostum, dünya həyatındakı bu özəllikləri unutma, bunları bil və darılma. Dünya dağılsa da Doğru Yoldan dönmə, Düzə tapın, Dünyaya öncə gələn Sözə tapın…”

Xeyli düşünəndən sonra ehtiyatla, az qala qorxa-qorxa pıçıldadım:  “Ütü, maşa, iynə-sap… Daş, tərəzi, saxtakar… üz qarası, al-ver parası… Sabah, sabahın sabahı… döz, yaşa, yarat… Eh! Təsəllidir bu… yalnız təsəlli…”

“Yox, güc, qüvvət, inam, iradədir bu! – dedi dərhal Məmməd Araz.- Yaradanın sevdiklərinə  payı bu bilgidir! Çünki bilən güclüdür. Həqiqəti dərk edən, dünyanın gərdişini anlayan sənətkar heç nəyə baxmaz yaradar. Fitri yazar göydən gələn haqq Sözünü yazar. Həyat ağacı ötəri, sənət ağacı əbədidir – bilən bilir! Böyük sənət yaradan xırda tərif-təltifə, əbədiyyəti düşünən müvəqqəti şöhrətə uymaz. Bəşərə xidmət edər, çünki bəşəriyyətə qalan – yaradandır, yarıtmaz yox! Fatehlər qılıncı, padşahlar tacı bir sənətçiyə qibtəkar olar… Yaradan, yaşadan,  ad qoyan az tapılır, tək-təkdir. Adsız-sansız boz çoxluq isə dünyadan selləmə gəlir-keçir-gedir…”

Mən susub dinləyirdim. Ustadın qaynar sinəsindən püskürən qızıl külçələr ruhuma yağ kimi yayılır, beynimə dolub yaddaşıma hopurdu. Dünyanın hər üzünü görmüş müdrik sənətkarın üsyankar ruhu başımın üstündə narahat-narahat dövrə vurduğu an mənim də fikrim dünyanı dolaşırdı:

“…Vüqarla yaşamış söz babaları, onu yaşatmasın, sənətkar niyə? … Dünən əl çalındı bir sənətkara, bir kürsü qulunun rəngi dəyişdi… Şairin gözləri oyulanda da, kirpiyi qısmamış öz qürurunu. Təpədən dırnağa soyulanda da, vüqarı qoymamış “uf’ deyə onu… Şöhrət azarına tutulanları şohrətin özü də sağalda bilmir… Biri unudulur yaxşıdır deyə, biri təriflənir arxivlər üçün!.. Oxucu imzası olmayan şöhrət – oğurluq alınmış sənəd kimidir.”

“Düzdür, ustad, dedikləriniz min dəfə düzdür! – az qala qışqıra-qışqıra ucadan dedim. – Amma… Axı, o şöhrət azarına tutulanlar həmin “Oğurluq Alınmış Sənədlərlə” sənətdə at oynadır, aqillər meydanını nadanlar sulayır, aralıq qarışır, meyarlar itir, yağla şorun qiyməti bir olur. Dəstələr bağlanır, siz-biz bölgüsü, sənin-mənim çəpəri çəkilir… Bu ədalətsizlikdir! Sənətə həqarətdir! Mənəvi süqutdur bu süqut… Heç kimə qoşulmayan, dəstəbazlıq etməyən, saxtakarlıq sevməyən, oğru olmayan, halal yükünü çəkən, Tanrı ətəyindən tutub düz yolunu gedən, vəhylə yazan-yaradan, sağlam ruhlu adam neyləsin? Kimə, nəyə inansın? Necə, nə cür yaşasın, ustad?!”

Məmməd Araz ahəngini pozmadı, danışdı aramla, ahəstə-ahəstə:  “Bəli,bu da var… O da var… – dedi və bütün ruhu titrədi: – …O zamanmı bitdi bizim dilimizin “sənin”, “mənim” qabarı da? O zamanmı bitdi bizim dilimizin “haralısan” damarı da?.. Səninləyəm, ulu babam! Bu məsəli  kimdi yazan? Hansı soysuz ata idi ataların imzasını çəkıb, ona möhür basan?!.. Hansınızsa xalqa gələn bir qəzadan öz başını yana əydi – Məndən ötdü!… Məndən ötdü… Sevincə bax, qeyrətə bax! Bunu yazan xilqətə bax!.. Qulağımdan getmir bu səs, məndən ötdü deyənlərin qeyrətindən, namusunu yeyənlərin qeyrətindən! Məndən ötdü… Məndən ötdü!.. Səndən ötən mənə dəydi, məndən ötən sənə dəydi. Səndən, məndən ötən zərbə – Vətən, Vətən, sənə dəydi…”

Əzbər bildiyim bu Söz incilərini onu yaradanın öz dilindən eşitmək, onun nəfəsinin ahəngini duymaq qeyri-adi bir əhval, təntənə dolu bir yüksəklik gətirmişdi ruhuma:

“Dahiyanədir! – dedim. – İdrakın bu mərtəbəsi!.. Özü o qədər dərd, qayğı gəzdirən adam hələ mənə də qayğılısan deyir… Mədəniyyətdə, mənəviyyatda pislikləri, yanlışları görüb qələmə almaq həm istedaddı, həm cəsarət. Çünki dünənin saxtalıqlarını bugünün saxtakarlarına, dünənin qaranlıqlarını bugünün qəlbiqaralarına anlatmaq ən böyük problemdir! “Naəhl olana mətləbi qandırmaq olurmu?!” Yazıq dahi dad deyə-deyə çərlədi getdi… Vətənin canına daraşan “mikroblar” isə getmədi. Bəs nə zaman təmizlənəcək?! Kim bunu edəcək, ustad? Sənətkar bunu bacaracaqmı? Sözlər iş görə biləcəkmi? Biləndisə ulu Nizami Gəncəvinin Söz xəzinəsi ortadadır. Sözə görə soyulan Nəsimi divanı var. Böyük Mirzə Fətəlinin fədakarlığı, Həsən bəyin Vətənə səpdiyi mədəniyyət toxumları, Üzeyir, Əli, Cavid kimi bəy əfəndilərin əsərləri, amal və əməl qardaşları Mirzə Cəlillə Mirzə Ələkbərin köhnə dərdlərimizdən qalaq-qalaq yazıları var… O dərdlər  isə durur, durur, durur hələ, ustad! Yazdığınız, dediyiniz o pisliklər qurtarmır axı, Məmməd Araz! Dünya dəyişsə də, Vətənin qayaları, daşları belə abadlaşsa, düzəlsə də, əyrilər düzəlmir, iblisə uyanlar oyanmır, nadanlar mətləbi qanmır… Nə edək?..  İndi budur, Siz də dünyaya sonuncu sözünüzü deyib, qardaş qələminizi də özünüzlə aparıb getdiniz… Namərd dünyası gələndə qılıncı atıb qələmi tutmuşduq. Ancaq Xətainin qılıncından göyərən Məmməd Araz karandaşı da bizi qurtara bilmirsə əməli əyridən, əli əyridən… Söz daha ağsaqqallıq eləyə bilmirsə… Nə edək?  Necə edək?.. Qələmi qırıb ataqmı? Önlük taxıb ellikcə qapana tapınaqmı?!”

Həyəcan dolu sual yağışına şairin ruhu öz ahəngində ahəstə və amiranə cavab verdi:

“…Qələmə dəymə! Qələm mənim yol yoldaşım, Qələm mənim oxum, nizəm. Qələm mənim söz qardaşım, Qələm mənim mübarizəm… Haqq Sözünü yazan Qələmdir. Qələmin yazdığı orda, insanlar arasında dəyər almaya bilər, burda Tanrı qatında isə həmişə qiymətlidir. Fani dünyada yerin nahaq sərvəti göydən enən haqq Sözündən üstün ola bilməz… Heç bir mal sahibinə qalmaz, Söz isə həmişə sahibinindir. Yeyilən yerdə qalar, deyilən – ruhla birgə ucalar. Odur ki əbədiyyətə Sözlə, Sənətlə ucalmaq şərəfdir… Tarixdə çox fironlar özünü allah sanıb, çalıb-çapıb, yeyib-qudurub, dünya mənimdir deyib. Amma dünyanın sahibi həmişə tək bir Allah olub, gəldi-gedər fironlar Onun qolu bağlı qulları. Görəcəksən… Hamıya dözür Allah, səbr edir ta zamanı yetənədək. Hamının, hər şeyin əvvəli-sonu var, bunu O bilir! Əvvəli orda, sonu burdadır bəşərin. Dünya yaradılanın yox, Yaradanındır. Əmələ düz  qiyməti verən kimsə deyil, Odur. İnsan yerlə göy arasında bir nəfs sınağıdır: ya quldur, ya ağa… Yer üzünə zaman-zaman göndərilən Tanrı elçiləri məhz bu həqiqətləri min illər boyu hey cahillərə xatırladıb, xatırladıb… Sən ki cahil deyilsən, qürurunu itirmə! Olduğun kimi qal. Sözünü, sənətini, saflığını qoru. Yaradıcı insan üçün özü olmaqdan başqa həyat yoxdur! Əsil sənətkar özgə zəncirinə yox, öz ürəyinin işığına bağlanar. Ürək işığı – Tanrı vəhyidir, vəhy alanlar dəyərlidir… Dəyərini O bilir, sən də bil. Bunlara inan və bu inamla yaşa, yarat. Yaşadıqca, yaratdıqca yalnız qəlbinin səsini dinlə… Yalnız Tapındığını tanı…”

Şair sanki yüz ildi demək istədiklərini nəhayət, deyib dincəldi, dərindən nəfəs aldı:

“Bu da belə… – dedi. – Odur, zəng çalınır, vaxtdır. Mən daha gedirəm. Çox uzaqlara,  əbədi Söz mülkünə. Yaradanın dərgahında Yaradıcılar arasında olacam, qalacam… Məni görmək istəsən kitablarıma bax, yazdıqlarımı oxu, sözlərimi xatırla… Ancaq getməzdən öncə sənə Əbədiyyət yolunu göstərib gedəcəm…”

Heyrətləndim: “Əbədiyyət?!”

Söz sinəsindən qopar-qopmaz şairin ruhu bir anda məni sardı, aldı apardı. Kainatın dibində, ulduzlar arasında, sonsuzluq girdabında həzz dolu bir uçuş keçdik. Xeyli uçduq, uçduq, uçduq…  Sonra Məmməd Arazın çox sevdiyi sıldırım qayalardan birinin ən uca zirvəsində toxdayıb durduq. Baxdım ki, buralar eynən Cıdır düzüdür. Ətrafsa qaranlıq dağlar, dərələr, vahiməli mənzərələr…

Şair əlini qayalıqdan aşağı uzadıb: “Bax, – dedi.- Olacaqlar ordadır…”

Baxdım. Dərin dibsiz uçurumda, qaynar sulu çaylar arasında, od püskürən, atəş saçan yarğanlar qoynunda, isti qum-çınqıllı yollarda, başlarında Ağır Daşlar aparan insanlar keçib gedirdi. Hardansa uzaqlardan aramsız zəng səsi gəlirdi. Düşündüm ki, bu yəqin onlar üçün çalınan əcəl zəngidir.

“Ora haradı, ustad? Onlar kimdi qolu bağlı aparırlar?” – dedim və hiss etdim ki, heyrətdən gözlərim böyüyür.

“Ora Əbədiyyət yoludur, dostum… Axıra gedən, bəşərin son durağına aparan yoldur… Onlar isə haqqında danışdıqlarımızdır. Ağır Vətən Daşlarını sevməyənlərdi. Demişdim sənə görəcəksən. İndi bax və gör!”

“Baxıram, ustad. Hamısı ordadır… Başları aşağı, qolları bağlı… Bir cərgədə, bir zəncirdə…  Aman, Tanrım! Odur – oğru, quldur, dələduz… Odur – günahsızdan qisas alan məkrli qansız… Dünya mənim deyən lüt firon odur… Odur – əyri, xəlvət iş görən, o da ordadır… Vətəni satan, Xalqı aldadan, Milləti oynadan miskin ordadır… Qapana tapınan kirli önlüklü, tərəziyə barmaq basan kifir üzlü, gözə kül üfürən imtiyazlı, qəzetlərə çirkli pullar bükən üz qarası… O da ordadır!.. İnam oğurlayan, baş aldadan, adam soyan dələduz, hiyləgər dəllal – odur… Ordadır hamısı, ordadır bütün kinli kafirlər, məkrli kiçiklər ordadır, ustad!.. Axirət yolunda, son duraq üstə… Hamısı Ağır Daşlar  altında… Amma bəs axı… Bu necə olur… Onlar həm də yerdədirlər, bizimlə yaşayırlar, meydan sulayır, at oynadırlar, kimlərəsə qənim kəsilir, kimlərisə aldadır, satır, soyur, talayır, pul oğurlayır, gözlərə kül üfürür, yalan deyir, pislik edir, kin saxlayır, məkr göstərir, ara qarışdırırlar…”

Mənim çaşqınlığımı görən müdrik Şair amiranə və ciddiyyətlə:

“Gələcəklər! – dedi.-  Gətirəcəklər hamısını bura beləcə lüt, qolu bağlı! Hər şeyin, hər kəsin bir əvvəli-sonu var dedim sənə! Son budur! O körpüdən keçəcəklər tək-tək … Tanrı dərgahına axırıncı haqq-hesaba gedəcəklər bir-bir… Məşhəri görəcəklər… Özləri bilmir hələ. Onçu yerdə meydan sulayır, at oynadır, kiməsə qənim kəsilir, kimisə aldadır, satır, soyur, talayır, pul oğurlayır, gözə kül üfürür, yalan deyir, pislik edir, kin saxlayır, məkr göstərir, ara qarışdırırlar… Zamanları yetincə gələcəklər, gətiriləcəklər…”

Əbədiyyət qarşısında heyrətdən donub qalmışdım. Mən gələcəyi görürdüm. Tanrı qatında qərar tutmuş ulu Sənətkar göstərirdi mənə bəşər övladının gələcəyini. Yazdıqlarının, yaratdıqlarının  sübutu kimi. Haqq dünyasında haqlı o idi, ona qənim kəsilənlər haqsız.

Əcəl zəngi hey çalır, çalırdı…

Məmməd Arazla biz də Cıdır düzündəki sal qaya üstə bir-birimizə sığınaraq gələcəyə baxır, hey   baxırdıq… Yerdəki adamların gələcəyini görürdük, dünyadakı bütün pislərin, pisliklərin taleyini bilirdik.  “Nə miskin görkəmdədir onlar, ustad!” – dedim və bütün bədənim ürpəndi.

Şair gələcəyə baxa-baxa qətiyyətlə, inamla, məni inandıraraq cavab verdi: “Və bu fantastik əsər deyil, dostum, sənətkar yaratmayıb. Yaradan yaradıb bu müdhiş lövhəni. Bax, gör. Mütləq həqiqət budur! Tanrının hökmü, haqqın dərgahıdır! İnan!”

Mən gözümü uçurumdan çəkmədən eyni qətiyyətlə: “İnanıram, ustad! ”- dedim.

Heyrət, həyəcan içində nəfəsim kəsilə-kəsilə seyr etdiyim dəhşət dolu mənzərədən heç cür ayrıla bilmirdim.

Əcəl zəngi isə get-gedə daha gur çalınır, beynim az qalırdı çatlasın…

***

 …Zəng səsi ara vermirdi.



“Sudan gələn sürməli qız” heykəlli gecə lampasının altında durub hər saniyəmi izləyən balaca zəngli saat elə bil çox uzağa getdiyimi görüb həyəcan siqnalı çalırdı. Aramsız cingildəməklə şirin röyamı dağıtmaq, məni geri qaytarmaq istəyirdi. Əslində mən saatın bu xeyirxah təklifinə etiraz etmirdim. Ancaq nə illah edirdim qaranlıq, vahiməli Cıdır düzündən qayıda bilmirdim. Sanki ordakı havasızlıqdan bədənim sıxılır, nəfəsim çıxmırdı. Ha cəhd göstərirdim, ciyərlərimə hava getmirdi, boğulurdum. Artıq nəfəsim tam kəsilmiş,  bədənim gərilmişdi. Düşünürdüm ki, bu – sondur…

Və son anda möcüzə baş verdi: hardansa gələn siqnal əvvəlcə beynimə çarpıldı, sonra  ürəyimə sancıldı, elektrik kimi bütün bədənimdən keçdi və mən qəflətən sıçrayıb yerimdən dik atıldım. Var gücümlə yataqdan qalxıb oturdum. Nəfəsim qayıtdı… Gözlərim açıldım… Ürəyim gup-gup vurur, başım bərk ağrıyırdı. Dərindən nəfəs ala-ala ciyərlərimə çoxlu hava çəkdim.

Özümə gələndə birinci xilaskarımın, gecə lampasının altında keşiyimi çəkən balaca zəngli saatın başından basdım. Beynimi dələn zil səsi dərhal kəsildi. Səhər saat 6 tamam idi. Demək gecə  kitab oxuya-oxuya yuxuya getmişdim. Bütün yuxu boyunca davam edən nurlu söhbətimiz isə sanki bir an çəkmişdi. O an bitmiş, Məmməd Araz qeybə çəkilib getmişdi. Mən yenə İti Bazarında Atından Baha dünya ilə baş-başa qalmışdım…

Dahi Söz ustadının pak ruhu isə indi yəqin haralardasa çox uzaqlarda, əbədi Söz mülkündə, Sənət azmanları arasında asudə dolaşmaqda idi. Bəlkə də Tanrı dərgahına köhnəlmiş  dünyanın yeni  adamlarını sıxan, incidən, ağrıdan dərdlərdən danışmağa getmişdi: “Ya rəbbim, bu dünya sən quran deyil, fəzada yerini dəyiş dünyanın…” – deyib bizlər üçün dua edirdi…

 …Gördüyüm dəhşətli yuxunu düşündüm. Sirli röyama yozum tapmağa, mənasını anlamağa  çalışdım. Yuxuda yaşadığım təntənəli-pafoslu ab-hava beynimdən getmirdi. Şairin dediklərini unutmamaq üçün əlimi gecə lampasının altında, saatın yanında həmişə cazibədar ağ sinəsi açıq yatan qeyd dəftərçəsinə uzatdım. Xətai Qılıncından göyərən Məmməd Araz Karandaşına bənzəməz sadə Qələmi götürüb yadımda qalanları yazmağa başladım…

Və yaza-yaza köhnə söz meydanında təzə söz axtaranda böyük Söz sərrafı yadıma düşürdü. Onu bir də görmək istədim. Gecə yuxu aparanda əlimdən sürüşüb düşmüş kitabı götürüb açdım, qaldığım yerdən oxumağı davam etdirdim:

“Bir zərrənin işığına milyonlar şərik, Dünya sənin, Dünya mənim, Dünya heç kimin!.. Bu get-gəllər bazarına dəvədi dünya, bu ömür-gün naxışına həvədi dünya. Əbədiyə qəh-qəh çəkər əbədi dünya… Dünya sənin, Dünya mənim, Dünya heç kimin…”

-----------------------------



 28 avqust 2010


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə