Akademikin Son eseri



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə16/75
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52682
1   ...   12   13   14   15   16   17   18   19   ...   75

vaxt da qəhrəman şöh​rə​tinin kölgəsində gizlənməmişdi, ömrü boyu nəfəs dər​mə​-
dən çalışmışdı və qaraçı qızın dediyi yoldan yorulmamış, müharibədən sonra da
elmin ulduzlu zirvəsinə yük​səlmişdi. Söyüşcüldü, düz​dür, ancaq dustaqxanadan
buraxılıb cəbhəyə göndərilmiş, məhkumluq jarqonlarından başqa dil bilməyən
yüzlərlə canavar kimi cəsur igidi hər gün ağır savaş meydanına, ölümə başqa hansı
dillə apara bilərdi. Başındakı fəsi fərqlənmək xətrinə qoymurdu, yox, başından
aldığı zədənin ağrısı ömrü boyu onu tərk etməmişdi, qorunmalıydı.
Müharibənin ağır, əzablı yollarından, bu ölkənin hansı qanlar bahasına
qorunduğundan xəbərsizlər onu necə anlaya bilərdi? İndi budur Qorbaçov adlı
birisi düşüb ortaya, hərəyə bir cür yalan danışır, ölkə göz qabağında dağılır.
Azadlıq, müstəqillik gözəl sözlərdir. O da öz xalqının müs​təqilliyini və İran
tərəfindəki böyük hissəsiylə birləşməsini istəyir. Bəlkə hamıdan çox istəyir, çünki
atası hərbi tərcüməçi olmuş, İranda işləmişdi və o taydakı Azərbaycan türkləri
haqqında maraqlı söhbətləri kiçik yaşlarından bacı-qardaşlarıyla birgə onun da
yaddaşına hopmuşdu. Ancaq Qorbaçovun yolu demokratiya deyil, xalqları bir-
birinə düşmən edib, dünyanın cənnət guşələrindən biri olan Qafqazı qan çanağına
döndərməkdir. “Axı mən Rusiyaya bu gözlə baxmamışam, onu sevmiş, hər qarışı
uğrunda vuruşmuşam, arxada qalanlarımız gecə-gündüz bilmədən çalışıb, bəs
Qorbaçov hansı haqla məni ögey sayır, torpağımı kiməsə bağışlamaq istəyir? O,
hansı xid​mətinə görə məndən üstündür?”
Bütün bunları gizlətmədən yazdı, tək-tək alim, cəbhəçi dostlarına zəng vurdu,
bəzisiylə evdə, bəzisiylə işdə görüşdü. Hamı böyük razılıqla qol çəkdi. Qol
çəkməyənlər də oldu. “Bu da bir sınaqdır” deyə düşündü. Dinc günlərdə öz
millətinin dərd​lərini bildirən məktuba qol çəkməmək elə müharibə cəbhəsindən
qaçmaq kimi bir işdir.
Qorbaçovdan qorxurlar! Niyə? Onun kimliyini Stavropoldan bilirəm; xalqdan
xəbəri yoxdur, nə çalırlar, onu oynayır. Bu ölkəni dağıtmasa, əl çəkməyəcək.
Çəkinəcək işimiz yoxdur. Heç əvvəlkilərdən də çəkin​məmişik. Brejnev Sovet
İttifaqı qəhrəman​lığının qızıl ulduzlarını döşünə düzəndə ona da yazmışdı:
“Əlinizdə ixtiyar var deyə, xalqı alçaltmayın. Qızıl Ulduzu qəhrəmanlığa görə
alarlar, vəzifə borcunu yerinə yetirməyə görə yox!”
Məktubdan sonra Moskvadan bir məmur atdanıb xüsusi bir ədayla gəlmişdi
Bakıya. Bu nə deməkdir? Bu nə cəsarət? Bu adam kimdir ki, Baş katibə belə bir
məktub yazır? Akademik getməmişdi onun dəvətinə. Qonaq, başında bir dəstə
yaltaq yerli məmur, durub instituta onun yanına gəlmişdi. Yol boyu mübahisə
edirmiş ki, yəqin bu akademik deyilən adam Sosialist Əməyi Qəhrəmanıdır, SSRİ-
həm akademik, həm də müharibə qəhrəmanı olan adam yoxdur. Bir təhər başa


salıblar ki, belə bir adam var və əslinə qalanda bir yox, iki dəfə Sovet İttifaqı
Qəhrəmanıdır... Alim gələn qonağı sakit qarşılamış, Brejnevə yazdığı məktubu
əsaslandırmağa çalışmışdı. Axı dinc günlərdir, hərə öz vəzifəsini yerinə yetirir,
ölkədə elə bir qeyri-adi hadisə baş verməyib, sizlərin dediyiniz kimi, dinclik,
əmin-amanlıq şəraitində yaşayırıq. Belə olan halda bu qəhrəmanlığı harda
göstəriblər? Ölkə başçısı özü-özünü hansı mənəvi haqla mükafatlandıra bilər?
Qonağın qanmadığını görəndə qalxıb cərimə batalyonunun çoxmərtəbəli
söyüşləriyə ballanan dilini işə salmışdı: “Zırramanın biri zırrama! Sən kimsən
mənim üstümə gəlmisən? Sənin kimi padonokları çox görmüşəm. Düşündüyümü
məktubda yazmışam. Oxuyub nəticə çıxarmaqdansa, atıla-atıla bura niyə
gəlirsiniz? Minlərlə dostum bu ölkə üçün yaşamaq haqqından keçdi. İndi söz
haqqımızı da əlimizdən alacaqsınız? Lazım olsa, yazdıqlarımın ardınca özüm də
gələrəm və yazmadığım başqa sözləri də üzünə deyərəm onun”.
Məmur qarşısındakı adamı qorxutmağın və məntiqlə əsaslan​dırdığı sözə görə
cəzalandırmağın mümkünsüzlü​yünü görəndə quyruğunu qısıb qayıtmışdı. Berlinə,
Qələ​bənin ildönümünə Baş ka​tiblə birgə gedərkən ürəyini ona da boşaltmışdı.
“Qəh​rəmanlığı ucuzlaşdırmaq olmaz. Biz qan töküb almışıq onu...”
Bu cür danışması təkcə sinəsindəki Qızıl Ulduza gü​vəndi​yindən deyildi; ona
cəsarət verən anadangəlmə igidlik ruhu ilə yanaşı, öz zəhmətinin dəyərini bilməsi
və sevgisiydi. Bəli, adına SSRİ, ya çarizmin şəkil dəyişmiş davamı de, nə
deyirsən de, bu ölkə onun qoruduğu ölkəydi. Qafqazdan başlayaraq, Volqaboyu,
Qara dəniz sahilləri, Bessarabiya, Belarusiya... sürünə-sürünə keçmişdi bu
torpaqlardan. Sonra Polşanı, Almaniyanı arşınlamışdı. Ən yaxın dostlarına öz
əlləriylə qazdığı məzarlar vardı oralarda. Bir yerdə dünyanı xilas eləmişdilər.
Başçılıq elədiyi batalyon yeddi dəfə qırılıb yenidən təşkil olunmuşdu...
Dostlarının arasında ermənilər də vardı; hansının ağlına gələrdi ki, birgə
qoruduqlarını bölüşdürmək üçün bir gün vuruşacaqlar. Moskvada partiya
bürokratiyası o qədər varlanıb, o qədər cinayətə bulaşıb ki, aradan çıxmaq üçün
ölkəni dağıtmaqdan başqa yol tapa bilmir. Xalqlara, respublikalara iqtisadi
azadlıq ver, hüquqlarını genişləndir, qoy, asqırmaq icazəsini də səndən
almasınlar, müstəqil, amma həm də Avropa İttifaqında olduğu kimi yaxın olsunlar.
Dağıtmaq asandır, ancaq onun nəticələrini görən, düşünən varmı? Təhsil aldığı
Moskva, kitabxanalarını və arxivlərini ələk-vələk elədiyi Peterburq, xanımının
boya-başa çatdığı Daşkənd, oğlunun yaşadığı Şimali Qafqaz, dostlarının tez-tez
dəvət etdikləri Tiflis, elmi mübahisələrə və rəqiblərinə yerini göstərməyə getdiyi
İrəvan... Bunların bir yerdə olmağının kimə ziyanı var?
Belə düşünməyə haqqı çatır. Çünki həyatının bir his​səsini ümumtürk tarixinin


öyrənilməsinə sərf etmişdir, özbək tarixinin ən gözəl araşdırıcılarından biri
olduğuna görə ona orda da milli qəhrəman kimi baxırlar. İmkanı çatanda,
Gürcüstandakı tarixçi dostlarına da əl uzadır, qədim Şərq mənbələrində onları
maraqlandıracaq şeylər görəndə çevirib göndərir; həmkarlarının yanına bayrama
gedən kimi gedir. Bu bir xalqa yox, insanlığa xidmətdir. Canı-qanı ilə
qoruduğunun dünya tarixindəki yerini və dəyərini də açıb göstərir.
Əlbəttə, indi bu düşüncələri dilə gətirmək çə​tin​dir, kütlə qəbul etməz, Sovetlər
birliyini qorumalı olanların günahından ziddiyyət çox dərinləşib, ermənilərlə
münaqişənin də, xalqın ehtiyac içində yaşamasının da, müharibədə qorunub
saxlanmış sər​vətlərin hərraca qoyulmasının da günahkarı Mosk​​vadır, onun
gəncliyinin, ilk sevgisinin şahidi, uşaqlarının dünyaya gəldiyi doğma şəhər... İndi
öz cinayətlərini ört-basdır eləməkdən ötrü İttifaqı dağıtmaqdan başqa yol tapa
bilmirlər.
Ömrün bu yaşında sevdiklərindən, qoruduqların​dan, inandıqlarından qopmaq
çətindir. Mərkəzdən​qaçma elə bir yerə çatıb ki, bu dağılmanın qarşısını almaq
mümkün deyil; ancaq kaş bu gedişat ağılla aparıla, araya qan, düşmənçilik
düşməyə. Riyakar siyasət maşınını işə salanları tarixin həqiqətləri ilə, keçmiş
sənədləri ortaya tökməklə inandırmağın və dayandırmağın mümkün olmadığını
bilir. Bununla belə, onun təbiətində dinclik anlayışı yoxdur, əlini əlinin üstünə
qoyub otura bilməz. Öz xalqlarını uydurmalarla, qondarma tarixlərlə, miflərlə
xəstələndirən əldəqayırma erməni alimlərinə, gücü çatdığı qədər, təsir
göstərməklə, tarixi təhrif edənlərin önündə keçmişin əsl sənədlərini açmaqla
məşğul olacaq. Ancaq buna imkan vermədən, addım-addım onun xalqını savaşa
itələməkdəydilər. Er​mənistandan – keçmiş İrəvan xanlığı ərazisindən
çıxarılanların sayı artıq iki milyonun üstündəydi. İndi də Qarabağda yalın əllə
müqavimət göstərə bilməyən xalqı təhqir edir, incidir, öldürür və qovurlar. Sovet
ordusu, onun qürur mənbəyi olan ordu da onlara yardım edir.
Bütün bunları müşahidə etmək – elmi fəaliyyəti boyu ordu ilə əlaqəsini üzməyən,
tez-tez əsgərlərin görüşünə gedən, onlara müharibə xatirələrini danışan qəhrəman
üçün çətindi. 1988-ci ilin sonunda ordunu dinc Bakı mitinqlərini dağıtmağa
göndərən, lakin dəmir quzğun kimi insanların üstünə şütüyən tankların lülələrinə
qərənfil taxıldığını görən hərbiçilərin bakılı “əfqan müharibəsi iştirakçıları” ilə
sarmaşıb görüşdüklərini görən Moskva ermənipərəstləri müvəqqəti geri
çəkilmişdilər. Bu arada İrəvandan azərilərlə birgə sonuncu rus da qovulmuşdu.
Mərkəz bunu görmürdü sanki; Bakıda komendant saatını, hərbi vəziyyəti saxlamaq
mənasını itirsə də, təxribat ara vermirdi. İndi də Moskva mətbuatı gecə-gündüz
Azərbaycanda Xalq Cəbhəsinin radikallığını, İranla sərhədlərin sökülərək bütöv


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə