Akademikin Son eseri



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə2/75
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52682
1   2   3   4   5   6   7   8   9   ...   75

və mövqe bil​dirməməsi bizim planımızdır. Biz 3-cü minilliyi xristian erası
görmək istəyirik. Bundan ötrü bütün xristian dövlətləri də güclü olmalıdır.
Bodrus:
– Ermənistan və Dağlıq Qarabağ da o cümlədən! – deyərək əlavə etdi.
Papa bu əlavəni eşitmirmiş kimi sözünü davam etdirdi:
– Bizim iş metodlarımız və dünya ilə danışıq üslubumuz yüz illərlə biçimlənib.
Onu dəyişmək mümkün deyil, dinlərin özünü qoruması və genişlənməsi anlaşılan
bir yoldur. Mədəniyyətlər və dinlər arasında, Şərqlə Qərb, Şimalla Cənub
arasında güzəştsiz mübahisələrin savaşa çevrilməsinin qarşısını almaq üçün bütün
sahələrdə dialoq təklif edilir. Ancaq bu dialoq və ya multikulturalizm çağırışları
bizim üstünlüyümüzü göstərməklə yayılmağımıza yeni imkanlar qazandırmalıdır.
Avropanın və xristianlığın xilasının ən sivil yolu budur! Yüz illərlə islam
dünyasında öz toxumlarımızı səpib, müsəlmanların qanı ilə suvarmışıq; indi həmin
toxumlar göyərir. Yaxın Şərq və islam ölkələri iç savaşlarının, qardaş
qırğınlarının, məzhəb düşmənçiliklərinin alovuna bürünəndə sizin kiçik
problemləriniz öz-özünə həll olunacaq.
Bodrus onun sözlərindən razı qalsa da, mövqeyini daha da möhkəmləndirmək
istəyirdi:
– Ancaq orda Türkiyə var. Milli azlıqları bərabər tutması onu həmişə iç
savaşlardan qoruyur və gücləndirir. Vatikanın 1915-ci il erməni soyqırımını
tanıması xristian ölkələrinə bir mesaj olardı və Qarabağ ermənilərinin
Azərbaycandan qopmaq istəyinə haqq qazandırardı.
Roma Papası onun nə istədiyini bilirdi:
– Bu iş o qədər də asan deyil, hörmətli Patriarx. Məc​lisimizdən belə bir qərarı
keçirmək üçün çox çalışmalıyıq. Ancaq narahat olma, soyqırımı bizim qəbul
etməyimiz xaçpərəst ölkələrin əlini-qolunu açacaq. Çalışmamız o vaxtadək bir
nəticə verər. Biz bu işi Erməni Ortodoks kilsəsinin yox, sizin xətrinizə edəcəyik.
Bodrus:
– Allah razı olsun. Bu yolla siz bizim Qarabağ savaşımıza güc qatacaqsınız.
Papa:
– Təkcə bu yolla yox! Dünya xristianlığını qorumaq və yaymaq davamızı bu gün
silahdan çox, demokratiya, dialoq, qloballaşma, inteqrasiya, ortaq bazar,
multikulturalizm kimi, üzdə mübahisə doğurmayan şüarlarla aparırıq və
aparacağıq. Dünyanı bizim dildə danışmağa öyrədəcəyik.”
(Akademikin son əsərindən)


BİRİNCİ HİSSƏ
QIRMIZI QATAR
...Uzaq tarixlərlə bağlı bir sıra dəyərli əsərin müəl​lifi birdən-birə keçmiş
hadisələrə əv​vəlki marağının qalmadığını hiss eləmişdi. Parlaq qəh​rəmanlıq
səhifələrini nə qədər araşdırırsan araşdır, babaların igidliyindən neçə kitab
yazırsan yaz, göz önündə faciəli bir sonuc, param-parça olmuş, yeri-yurdu hissə-
hissə əlindən alınmış məzlum bir millət var və hələ də hədəfdədir, hələ də ondan
əl çəkmək istəmirlər. Nəyin in​ti​qamını alırlar ondan? Hər iyirmi-iyirmi beş ildən
bir nə qədər gözədəyən başıpapaqlısı var, yığıb aparmış, güllələmiş, dənizə
tökmüş, sürgün etmiş və milləti başsız qoymuşlar. Yerdə qalanlarını da inqilablar,
müharibələr udub. Bəs bu faciələr niyə pərdələnir; bu qədər vaxt keçib, heç
olmazsa, 1920-ci ildə Azərbaycanı işğal etmiş Qızıl Ordunun vəhşicəsinə
öldürdüyü on minlərlə şəhidin, 1937-ci ilin repressiya qurbanlarının taleyi
unudulmasın. Amma bu müsibətləri yada salan yoxdur. Niyə? Moskva izin vermir!
Bəlkə günah öz məmurlarımızdadır; elə sirlər var ki, açılması onlara sərf etmir...
Bu düşüncələr onu yerindən oynatsa da yeni əsə​rini hansı ildən, hansı epizoddan
başlamaq qərarına gələ bilmirdi.
Ölkədə akademik az deyildi. Ancaq bu söz deyi​ləndə, nədənsə, ilk ağla gələn O
olurdu və bütün mə​qalələrini də bu adla çap etdirirdi: “Akademik Ziyad Şıxlı”.
Yeni əsərə başlamaq onun nəzərində uzaq səfərə hazırlıq işinə bənzəyirdi,
günlərlə vaxtını alırdı. Əsər bitəndən sonra çox vaxt, heç o ilk cümlələr, ilk vərəq,
yəni giriş ona lazım da olmurdu. Cırıb atırdı. Ancaq o atılan vərəqlər olmasa,
əsas mətnə qapı açılmırdı. İndi də yeni əsərinə belə bir girişlə başladı:
“Qırmızı qatar.
İz izə, yol yola qarışır... Yeni yol salmaqdansa, köhnəni yeniləmək, ot basanların
otunu təmizləmək daha qolaydır. Yollar dağa-dərəyə əyilsə də zaman əyilmir. Yeni
yolun altında qədim bir yolun yatması da bundandır. Bir də baxırsan beş min il
əvvəlin və bu günün ayaq izləri sağa-sola dönmədən, qara kağızla köçürülən
yazılar kimi üst-üstə düşür; ayaqlar və ayaqqabılar dəyişilib, at yolu, dəvə yolu,
karvan yolu, maşın və qatar yolu bir-birini əvəz edib, daşınan yük və mənzili isə


dəyişilməz qalıb. Bu yollarla gedən adamlar da, onların apardıqları düşüncələr də
ancaq üzdə yeni görünür, boğçası, geyimi yeniləşir, içi isə insanın əbədi
qayğılarıdır.
Ancaq bu qatar bambaşqadır...
Bu qatara “Qırmızı qatar” deyirdilər, ara sö​züylə “deport qatarı”. Ancaq ağ, qara,
boz, sarı boyandığı vaxtlar da olurdu. Əlli ildən, yüz ildən bir, daha doğrusu,
siyasət fəsilləri dəyişiləndə bu qatar da ilan kimi qabıq atıb ayrı rəng alırdı.
Ancaq içini görmək çətindi. Çünki Qırmızı qatarın içi yox idi. Boşaldılmış kolxoz
tövlələrinə bənzəyirdi.
Elə belə vaxtlarda kimsə onunla maraqlanmırdı. Yol başlananda isə içinə insan
sifətlərinin rəngləri çökürdü. Mal-qara, təsərrüfat üçün lazım olan ayın-oyun
daşımaq üçün düzəldilsə də, çoxdan bəri bu “tovarnı” qatarların insandan başqa
yükü yoxdur. Əşya kimi, ot kimi, taxıl kisələri, qoyun sürüsü, at ilxısı kimi
doldururlar insanları bura; üst-üstə, yan-yana... Kimsə bu qədər adamın vaqonlara
sığışıb-sığışmayacağını düşünmür. Əsas odur sıxıb qapını bağlasınlar, vəssalam.
Yollar boyu ölənlərin hesabına yerləri genişlənəcək...
Günbatandan Günçıxana ara vermədən şütüyən dəmir ilanların bu qədər insanı
hara apardığını bilsələr də, nədən aparıldığını bilmirlər.
İndi gedən qatarlar qırmızı boyanmışdı. Deyəsən vaxtı, zamanı dartıb aparan da
bu qatarı sürənlərdi. Sərnişinlər onları görmür, tanımır, ancaq bir şeyi bilirlər –
qatar gedirsə, deməli, sürəni var...
Qırmızı qatar hər yerdə türk yurdlarından yol alır... Axısxa, Azərbaycan, Krım,
Quzey Qafqaz, Türküstan... Elə bil bu qatar Yer allahlarının əmriylə özəl olaraq
türklər üçün hazırlanıb. Buna Ölüm Qatarı da demək olardı, ancaq nədənsə
Qırmızı Qatar deyirdilər. Bəlkə “qırmızı” sözünün anlamı bu geriyədönməz insan
axınına daha çox yaraşırdı; çünki burda fərdlər qarışmış, onların yaşadıqları ömür
silinmiş, Allahın verdiyi həyatı istədikləri kimi yaşamaq haqları unudulmuş,
ortada bircə qırmızı qan qalmışdı, onları bu dünyayla bağlayan damarlarındakı
qandı, o da şırnaq-şırnaq axıb yad torpaqların açılmayan donuna qarışandan sonra
hər şey bitəcəkdi... Ola bilsin, qırmızı elə ölüm deməkdi, ölümdən daha müdhiş
bir şey varsa, o deməkdi, soyumayan nifrət, bitməyən savaş deməkdi.
Nəhəng bir ilan kimi qarşısına çıxan hər şeyi mədəsinə doldurub dünya boyu
sürünən, sürünə-sürünə mədəsindəkiləri həzm edib bitirən Qırmızı qatarın keçdiyi
yerlərdə yalnız viranə kəndlər və şəhərlər, dağıdılmış insan yurdları, canlı həyatın
müdhiş xarabalıqları qalır.
İnsan nəfəsi çəkilən kimi ən möhtəşəm saraylar, ən gözəl şəhərlər də ruhu uçub
getmiş cansız cəsədə dönür. Haray, səs-küy, layla, alqış, qarğış, ağlamaq, gülmək,


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə