Akademikin Son eseri



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə75/75
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52682
1   ...   67   68   69   70   71   72   73   74   75

Könüllü sürgün
Muradın bu dəfəki gəlişinin əvvəlkilərə bən​zə​mədiyi Əlican kişinin gözündən ya​-
yın​madı. Bir qutu kitab, xeyli kağız-kuğuz, qeyd dəftərləri, əyin-baş... əməllicə
yüklənmişdi. Rən​ginin soluxmasını, sınıxmağını başa düşmək olar, tək yaşayır, öz
dediyi kimi, ağır mövzuya girişib, elmi rəhbəri çox tələbkardır... Ancaq
dalğınlığının, sir-sifətinin açılmamasının bir səbəbi olmalıydı. Muradı belə
görməyə alışmamışdı. O, hələm-hələm ruhdan düşən, əziyyətə boyun əyən, ürəyini
qəm-kədərə qapdıran deyildi. Hər gəlişi evi bayram havasıyla, xoş ovqatla
doldurar, zarafatdan, Bakıda başına gələnləri bəzəyib danışmaqdan yorulmazdı.
Susqunluğuna öyrəşməmişdilər.
Həyatında nə isə bir dəyişiklik olduğunu sezmək çətin deyildi. Ancaq bu barədə
danışıb nə baş verdiyini aydınlaşdırmadan, Almatıya getmiş və yalnız bir həftə
sonra – bu dəfə qırışığı açılmış, üzünün buludları dağılmış halda – kəndə
qayıtmışdı.
– Nə oldu, ay bala, niyə getmişdin Almatıya, işlərin düzəldimi?
– Düzəldi, dədə, Almatı Universitetinin dissertantı oldum.
– Bəs Bakı? Axı orda müdafiə edəcəkdin? Həm orda, həm burda... Haça-paça
qalarsan ki!..
– Qalmaram, dədə, hələ ki, Bakıya qayıtmayacağam. İşlərimi burda davam
etdirəcəyəm.
– Bu çölün düzündə elmi əsər yazmaq olar? O boyda Akademiyanı qoyub
gəlməyinin bir səbəbi var hər halda...
– Səbəbini deyəcəyəm, əlbəttə! Ancaq əsas odur ki, elmdən ayrılmıram. Əvvəla,
Bakıdan lazım olan bütün sənədləri, mənbələri götürmüşəm, qalır oturub yazmaq.
İkincisi də repressiya tarixini öyrənən adam gərək elə o tarixin canlı şahidlərinin
arasında olsun...
– Bəs Almatıda nə dedilər buna?
– Nə deyəcəklər? Razılıqla qəbul etdilər. “Bu, bizim tariximizin də bir
parçasıdır” dedilər. Həm də sevindilər ki, Azərbaycan-Qazaxıstan əla​qə​lərini
öyrənən bir mütə​xəs​sisləri olacaq. “Sənin univer​sitetdə yerin hazırdır, müdafiə
edən kimi müəllimliyə başlaya bilərsən” dedilər. İstəsəm, indi də işə götürərdilər.
Ancaq çox vaxtım gedərdi, elmi işim yubanardı. Əvvəlcə yazıb bitirmək
istəyirəm...
Oğlunun sözü ağlabatandı. Buna görə də dərinə getmə​di. Bakıda bir incikliyi


olubsa, onu da məqamı gələndə söyləyər...
Murad ayrılıb otağına çəkiləndən sonra Münəvvər də ərini sakitləşdirdi:
– Çox üstünə getmə! Onsuz da söz gizləyən deyil... Kəm​hövsələ olma!
Qayıtmağına sevinirəm! Burda daha rahat olar. Onda o səbəbi də sən öy​rənərsən.
“Biz Bakıya, elçiliyə gəlməyə hazırlaşmışdıq. Nə oldu?” deyə maraqlan.
Onları razı salan bir şey vardı, o da Muradın sanki, aradan illər keçməyibmiş kimi
kənddə özünü rahat hiss etməsi, gələn gündən camaata qaynayıb-qarışmasıydı.
Otağına qapılıb saatlarla yazıb-pozur, kənd arasında adam​larla söhbət edir,
məktəbdə müəllimlərlə görüşür, arada həyət-bacada ev işlərinə də əl yetirirdi. Ev
canlanmış, işıqları gurlaşmışdı.
Uşaqlıq, yeniyetməlik xasiyyətlərini də tərgit​mə​mişdi. Gələn gündən, yenə
əvvəllər olduğu kimi, həyətdəki ürgəyə qulluq eləməyə başlamışdı. Əv​vəlki atları
qocaldığından bu ürgəni yeni-yeni əhliləş​dirirdilər. Allah Muradı yetirmişdi.
Atasına qalsa, bu iş uzanardı, ancaq Murada bu, yazı-pozu işinin davamı kimi
ləzzət verirdi. Yəhərə alışmamış atı nazlaya-nazlaya, sağına-soluna keçəndən,
qəndlə, konfetlə başını qatandan sonra yəhərləyir və quş kimi qonurdu belinə. At
da belindəkinin özünə arxayınlığını, yəhərdə möhkəm oturduğunu və əllərinin
gücünü hiss edir, kənd arası yolların sonundanca qanad açır çöllərə doğru. Murad
bu çöllərin genişliyindən, ətrindən, üzünə çırpılan küləklərindən, çıxanda-batanda
nəhəng qızmar məc​meyi kimi üfüqü tutan günəşindən ötrü darıxmışdı. Ürgə onun bu
həsrətini duyubmuş kimi uçur və uçduqca öz sahibinin yəhərdə yüngülləşdiyini
hiss edir, ayaqları yerdən üzülmüş kimi yerlə göy arasında tarixin ən uzun xəttini
cızan bir oxa çevrilirdi. Muradın düşüncəsiydi bu. At çölün genişliyinə
qanadlananda o, nədənsə özünü minillərlə Asiya bozqırlarının dərinliklərindən
qalxıb üzü günbatana şığıyan orduların bir əsgəri, köçlərin bir düşünürü sayırdı.
Ruhu Bakının sıxıntılarından qurtarmışdı. Ancaq ürgə nə qədər bərk qaçır-qaçsın,
onun Aysel haqqındakı düşüncələrini arxada buraxa, onu bircə anlığa bu xoş,
ancaq ümidsiz fikirdən, xatirədən, çöllərdə elə bu atın özü kimi qanadlanan
sevgisindən ayıra bilmirdi.
Anasının “deyikli” dediyi Dilbər qohumlarından olan bir zabitə ərə getmişdi və
deyilənə görə, Çimkənddə yaşa​yırdılar. Ürəyindən bir sızıltı keç​sə də, anası ilə
mü​bahisəyə son qoyulmuşdu və çiynindən dağ götürülmüşdü. Kənd öz həyatını
yaşayırdı və ixtiyarlardan başqa, kimsənin ürəyində dövlətin döyülmüşü,
incidilmişi, suçlanıb kənara, yəni bu çöllərə atılmışı olmanın sıxıntısı qalmamışdı.
İnsan üçün də çətini fidan kimi kök atmaqdır. Kök atanadək qurumadısa, harda
olur-olsun, böyüyüb bar-bəhrəsini verəcək...
Muradın Bakıda aspiranturanı yarımçıq qoymasının səbəbləri barədə heç nə


deməməsi, bu barədə sorğu-sualdan inadlı şəkildə yayınması ata-anasını
şübhələndirsə də, övladlarının yenidən öz ocaqlarına, köhnə yaşayış tərzinə
qayıtması ürəklərindən olmuşdu. Belə görünür ki, baş verənlərin hamısını özü
düzüb-qoşur. Bakıdan məhz ona görə qayıtmışdır ki, yaxında, Almatıda müdafiə
eləsin. Elmi işini sürgün edilmiş adamların arasında, onların dərdlərini daha
yaxından duyduğu bir yerdə yazıb bitirsin. Lakin həm Əlicanın, həm Münəvvərin
ürəklərinin dərin qatında bir şübhə közərirdi. Son gəlişində dil-ağıza qoymadan
Bakıda tanış olduğu ailədən bəhs edən, ata-anasını tezliklə Azərbaycanda hər
kəsin tanıdığı böyük alimin nəvəsinə elçiliyə göndərəcəyi barədə danışmaqdan
yorulmayan Muradın bu dəfə, həmin söhbətlər olmamış kimi susqunluğu kəndə
elə-belə qayıtmadığını göstərir. Atası Muradın köhnə vərdişlə yenə düzlərdə at
səyirtməsinin də təsadüf olmadığı fikrindəydi. Ürəyinə dammışdı ki, oğlu hansı bir
sıxıntıdansa uzaqlaşmağa, onu incidən bir düşüncədən xilas olmağa çalışır. Onu da
bilirdi ki, at qanadlanıb insanın ayağını torpaqdan üzsə də, insanı öz içindəki
dərddən qoparıb ayıra bilməz. Ona görə də sözünü bəhanəyə yer qoymayacaq bir
şəkildə, kəsəsinə dedi.
– Yaxşı, nə vaxt gedirik elçiliyə?
Murad güldü:
– Deyəsən, elçi getmək həvəsin o qədər güclüdür ki, mən yox desəm də, təsiri
olmayacaq. Amma məncə, siz Bakıya getməyə bəhanə axtarırsınız.
Atasının səsi sərtləşdi.
– Belə məsələlərlə zarafat olmaz. Tanıdığımız məşhur bir ailədən danışırdın. İndi
birdən-birə hər şeyi atıb geri dönməyində dalağım sancır. Millətinin qarşısında o
boyda xidmətləri olan adamın ailəsinə yol tapıb sonra aradan çıxmaq sənə
yaraşmaz. Bizimlə açıq danış, görək nə baş verib.
Murad:
– Düz deyirsən, dədə! Elə bir ailənin övladını aldatmaq, xəyanət eləmək olmaz!
Mən buna yol verə bilmərəm. Bəs onlar necə?
Əlican şübhələrində yanılmadığını hiss etdi və Muradla sorğu-sualını onun ürəyini
öyrənənə qədər davam etdirdi.
Murad onu aylar uzunu narahat etmiş, Aysellə arala​rına so​yuq​luq salmış arxiv
materialları, qızın ba​basının 37-ci il hadisə​lərində tutduğu mövqe ilə bağlı
bildiyini atasına danışdı. Həbs edildiyini demədi. Aysellə evlənmək fikrini
dəyişdiyinin və buna görə elçiliyə ehtiyac qalmadığının səbəbi buydu. Həyəcanla,
Amerikanı yeni kəşf edibmiş kimi danışırdı. Bu kənddə yaşayanların, ata-
babasının 37-ci ildə çəkdikləri ağrılarla öz sevdiyindən uzaq düşmək
məcburiyyətinin kədəri qarışmışdı bir-birinə. Ancaq Muradı təəccübləndirən bir


məsələ var idi. Onun bu qədər hissiyyatla söylədiyini atası çox sakit qarşılayırdı.
Axırda üzünü Murada tutub soruşdu:
– Sözünü deyib qurtardın? Elə buna görə qayıtmaq istəmirsən Bakıya?
– Hə! Buna görə! – dedi Murad.
Atası bir xeyli düşünəndən sonra üzünü oğluna tutdu:
– Düşüncən səhvdir oğul! 37-ci il, orda Azər​baycanın bir çox ziyalılarının
mövqeyi, bizim taleyimiz və bütün bunlardan xəbərsiz qız uşağı... Bunların bir-
biriylə nə əlaqəsi? Allah ədalətlidir! Məzlumun ahı yerdə qalmır. Stalin necə
çıxarılır tarix səhifəsindən? Adı silinir, dünyaya hökm etdiyi vaxtlar unudulur,
cəsədi mavzoleydən atılır, biz də öz həyatımızı yaşayırıq. Yollarımız da açıqdır.
İstəsək, vətənə də qayıda bilərik. O vaxt hamı qurbanlıq idi. Biz də, ziyalılar da.
Fiziki ağrılar keçib gedir, vicdan ağrısı unudulmur. Sən nə biləsən o vaxtkı
yazıçılarımız, alimlərimiz sağlığında nə zülmlərdən, dərdlərdən keçiblər? Bütün
sonrakı həyatlarını günahlarını yumaq üçün çalışıblar. Hamımız oyundaydıq. Necə
istəyirdilər, o cür idarə edirdilər. Birinə qol çəkdirirdilər, başqasını həmin
kağızlara əsaslanıb güllələyirdilər. Sənədə qol çək, ya çəkmə, onsuz da hökm
yerinə yetiriləcək, çünki millətin qaymağı yığılmalıdır. O cəhənnəm teatrında
hərəyə bir rol verilmişdi. Nə bütün öldürülənlər və sürgün edilənlər mələkdir, nə
də o kağızlara imza atanlar cinayətkar. Əsas qızın özüdür. Könlü varsa, sizi bu
məsələlərə qarışdırmaq olmaz. Sənin tərəddüdün ancaq buna görədirsə, biz elə bu
gündən hazırlaşırıq Bakıya getməyə. Elçiliyimizi də edəcəyik, Allahın
qismətidirsə, qızı da alacağıq.
Atasının söhbəti də eynilə Altayın məsləhəti kimi, Muradın tərəddüdlərini əzib
keçirdi. Bakıda başqa dostlarının münasibəti də eynilə atasının dediyi kimiydi –
nəvəni bu məsələyə qatmaq doğru deyil. 37-ci ildə baş vermiş olaylara görə 90-cı
illərdə öz sevgisini qurban vermək hər kəsə ağılsızlıq kimi görünür. Ona görə də
atası ilə razılaşmaqdan başqa yolu qalmadı, eyni zamanda, onlara qoşulub Bakıya
qayıtmaq da istəmədi. Şahinə zəng vurub ata-anasının qarşılanıb, istədikləri
yerlərə aparılacaqlarına arxayın olub, bir həftə sonra valideynlərini Bişkek
təyyarə limanından Bakıya yola saldı. İnzibati cəhətdən Almatıya bağlı olsalar da
Bişkek daha yaxındır və Bakıya gediş-gəliş üçün daha uyğundur. Sonra Ayselə
zəng vurdu:
– Bizimkilər gəlir.
– Xeyir olsun?
– Necə yəni xeyir olsun? Elçiliyə.
– Xəbərsiz getməyin bəs deyil, hələ bir elçi də gön​də​rirsən?
– Narazılığını elçilərə bildirərsən, mənə yox!


Telefonun o başında Aysel güldü.
– Çox arxayın danışırsan.
– Bura gələndən sonra mənə uçurum kimi görünən çox şey mənasını itirdi və elçi
göndərməkdən başqa çarəm qalmadı. Özümdən çox sənə arxayınam.
Ayselin səsi yüksəldi:
– Ay, ay, ay! Çoxbilmiş. Belə sözlərlə məni yumşaldacağını düşünürsən?
– Özün demişdin: “qismətdən qaçmaq olmaz!”


SEVGİ CƏZASI
Ata-anası iki həftədən artıqdı getmişlər. O ge​dən... Nə bir zəng, nə bir soraq!.. Nə
oldu, nə baş verdi? Yalnız bir dəfə dağdan, Qızıldaş kəndindən, bu gün artıq hər
daşı, ağacı ilə Muradın xəyalında canlı olan doğma yerlərdən zəng vurmuşdu. O
dağlarla bu çöllər arasında rabitənin mümkünlüyü uzaq planetlərlə danışmaq
qədər ağlasığmaz görünür. Ancaq səs çox aydın gəlirdi, yanında danışırmış kimi...
Ata-anasına doğma olan o yerlərdə qutsal bir əşyaya toxunurmuş kimi toxunmuşdu
hər şeyə, hər yana ziyarətə gedirmiş kimi əsə-əsə getmişdi: o ilk təəssüratı hələ də
canlıdır... Böyüklərin danışıqlarından beyninə həkk olunmuş yerlərdi. Gör orda
doğulmuş ata-anası nə çəkir indi?!
Elçilik barədə soruşmağa utanmışdı. Yarım əsrdən artıq sür​gündə yaşamış
adamların öz xaraba yurdlarına qayıtmasının nə demək olduğunu anlayır və başa
düşürdü ki, onların bu ağrıyla sevincin qarışığı ilə dolu günlərinə əlavə qayğıları
qatmaq günahdır. Onu da bilirdi ki, atası o vaxtdan bəri Azərbaycana getməsə də,
kimin qapısını döyəcəyini bilir, böyük bir həyat akademiyası keçib, adamlarla dil
tapmağı bacarır və Aysel fikrini dəyişməyibsə, barmağına nişan üzüyü taxmayana,
ola bilsin, hətta toyun vaxtını bəlirləməyənə qədər əl çəkən, geri qayıdan deyil.
Allah eləməsin, bircə qapını göstərib, “Siz kim, biz kim” deməsinlər! Belə
hadisələr o qədər olub ki, ömrü boyu “xalq, xalq!” deyən bir məşhurun qızını
oğluna istəməyə getmiş və kənddəki şəraitinə, var dövlətinə və camaat arasındakı
hörmətinə görə heç o məşhurdan geri qalmayan oğul atasına “bizim kəndə
verilməli qızımız yoxdur!” deyib az qala qovublar qapıdan. Ağsaqqal hər onu
televizorda görəndə ekrana tüpürürmüş, “Bu xalqı bəyənməyə-bəyənməyə nə haqla
xalqa sevgisindən danışır. Niyə unudub ki, özü də kənddən çıxıb, ayaqyalın,
başaçıq gedib şəhərə? Niyə unudub o günləri? Şəhərli olmaqla nəyi artıq olub
bizdən? Dördüncü mərtəbədə dörd otaqlı mənzili var, sağlığına qismət, ancaq
gəlib mənim bu kənd sarayıma da baxsın. Pulunun çoxluğuna güvənir? İnəyimi-
camışımı, sürümü pula çevirsəm, ondan beş qat varlı olaram. Qızını vermədi,
oğlumun arzusunu gözündə qoydu, öz arzusu da gözündə qalar!”
Allah eləməsin, atamın qulağına kəndçiliklə, sürgünlə bağlı sayğısız bir söz dəysə,
nəinki Aysel adını dilimə gətirməyi qadağan edər mənə, hətta bir daha
Azərbaycana buraxmaz...
Bu qatma-qarışıq düşüncələr içərisində ona ümid ve​rən iki adam da vardı: Səhər
xanım və Altay. Onlara güvənirdi. İlk tanışlığından inanmışdı Səhər xanıma.
Ayseli çox sevməsi bir yana, anadır, sevməlidir, həm də müdrik bir qadındır,


atasının şöhrəti halını dəyişməyib və gənclərin sevgilərinə ilk gündən anlaşıqlı
yanaşmış və söz-söhbət zamanı həmişə Muradın tərəfini saxlamışdır. Fikrini
birdən-birə dəyişməz, Muradın qəfildən Qazaxıstana qayıtmasından inciyər,
gələcək yerləri, yolları barədə mübahisə edər, ancaq ayrılmalarına imkan verməz.
Murad bu düşüncəylə atın başını buraxdı. Bir neçə saatdı çöllərdəydi və artıq
kəndə qayıtmaq vaxtıydı...
Çu vadisi tərəfdən bir maşın kəndə tərəf irə​li​ləyirdi. Bu yol Bişkekdən gələn,
Qırğızıstanla Qazaxıstanın sınır boyu bölgələrini birləşdirən əsas yoldur, gediş-
gəlişlidir.
Yaxşı sınaq imkanıydı, sürücüyə göstərəcək ki, hələ insanın bu etibarlı dostu
birinciliyi əldən ver​məyə hazırlaşmır və bu çöllərin sahibi o maşın yox, bu atdır...
Qəribə qoşalaşmaydı və doğrudan da maşının sürətinə baxmayaraq, at ondan bir
boy irəlidəydi...
Birdən qulağına tanış bir səs gəldi:
– Muraaaad!
Qanrılıb baxdı. Maşının arxa şüşəsindən bir yaylıq yel​lənirdi. Yaylığa qarışıb
bayrağa çevrilən Ayselin saçlarıydı. Cilovu çəkib atdan nə zaman yerə sıçradığını
bil​mədi. Maşın da dayandı. Qapını açıb düşən anasıyla, atasıyla qucaqlaşdı.
Aysel, bir əli ma​şının qapısında, gü​lüm​səyirdi.
Murad sevindiyindən özünü itirmişdi. Nə deyə​cəyini bilmirdi:
– Sən necə gəlib çıxmısan bura?
– Özü gəlməyib, onu mən gətirmişəm!
Bu, o biri qapını açıb düşən qadının səsiydi. Ayselin anasının, Səhər xanımın səsi.
Bu sözlərdə qəribə bir qürur və ötkəmlik vardı, yəni biz qərarımızı özümüz
veririk; ortada sözümüz, vədimiz varsa, kimsə qarşımızı kəsə bilməz.
Yaxınlaşıb Muradı qucaqladı.
Murad gözünə inanmırdı. Çaşqınlıqla:
– Hamınız xoş gəlmisiniz! – dedi.
Səhər xanım gülə-gülə:
– Ata-anan səndən güclü adamlardır. Üstəlik qapımıza elə adamlarla gəldilər ki,
tərəddüdə yer qalmadı. Hətta bizi buralara göndərə bildilər.
Əlican:
– Allah sizdən razı olsun. Oğlum da sağ olsun ki, bizi sizin kimi gözəl insanların
qapısına göndərdi. İnşallah, xoşbəxt olarlar.
Sonra “yolda dayanmayaq” deyib, hamını maşına dəvət edəndə Murad Ayselə
“Bəlkə, səni tərkimə alım?” dedi.
Aysel, üzündəki təbəssümü pozmadı və boyun qaçırmadı.


– Olar, – dedi, – uşaqkən atam məni atçılıq mək​təbinə aparmışdı.
– Onda qalx! – deyə Murad onun ayağını üzəngiyə keçir​məsinə və yəhərə
qalxmasına kömək etdi.
Əlican kişi qapını örtüb:
– Yaxşı, biz getdik, siz gəzə-gəzə gələrsiniz! – dedi.
Maşın aralanandan sonra Murad da yəhərdə Ay​seldən irəlidə özünə yer edib,
“qucaqla məni!” – dedi.
Aysel güldü:
– Qucaqlamıram!
Murad cilovu buraxdı:
– Bərk-bərk qucaqla!
Aysel qışqırıb zərif əliylə onun kürəyinə bir yumruq vurdu, sonra bərk-bərk sarıldı
Murada.
Murad sualını təkrar etdi:
– Doğrudan, sən necə gəlib çıxmısan bura?
Aysel üzünü onun kürəyinə söykəyib yavaşca:
– Ziyad bəy, Altay Qızılbaş, valideynlərin, yeri gəl​mişkən deyim ki, onları çox
bəyəndim, insan nə qədər saf və imanlı ola bilər! – anamı da, məni də inandırdılar
ki, səni cəza​landırmanın ən gözəl yolu budur. Bir də dedilər ki, o vəhşini bir
əhliləşdirən olmasa Qazaxıstan çöllərində məhv olub gedər. Yazıqdır! Yəqin elmi
rəhbərin toyumuza da gələcək. Yəqin onun da deyəcəkləri var... Bir sözlə,
gəlmişəm sənin yanında qalmağa! Babamın elədiklərinin cəzası kimi...
Muradı göz yaşları boğdu. Ayseli bağrına basardı, ancaq dönmək imkanı yoxdu.
Sağ əlini geri uzadıb çöl​lərinə və həyatına xoşbəxtlik gətirən sevgilisini sıxdı və
“Bu cəsarətlə ata-anama qoşulub gəlmisənsə, sənə cəza çəkdirmərəm!” – dedi.
At onları bir həftə sonra kəndə səs salacaq toylarına doğru aparırdı...
***
Ziyad Şıxlının son məqaləsi geri çəkilmədiyini gös​tərirdi. Ekologiya fəlakəti də
savaş fəlakəti ilə qoşa gəlir. Genləri dəyişdirilmiş ərzağı ölkəyə gətirənlər ekoloji
cəhətdən təmiz və daha ucuz yerli malların qarşısını almaqla ikiqat cinayət
işləyirlər. Ailə nizamlanması adı altında millətin artımının qarşısı alınır.
Televiziyalarda ge​niş təbliğatı aparılan qidaları yeyən ananın südü quruyur.
Doğmaq qabiliyyətini itirir, immunitet azalır, ruhi xəstələrin sayı artır. Bunlar
təsadüfi deyil, gen və qida savaşıdır. Milləti pula qurban verənlər məhkəmə
qarşısında dayanmalıdır. Onları da, əsillərini-nəsillərini də yaxşı tanıyırıq, lazım
olsa hər şeyi aşıb tökərik ortalığa.
Bu, nəzərdə tutulan silsilə məqalələrin birincisi, yəni kitabın ilk bölümü idi.


Axşam Rusiyadan oğlu zəng vurdu.
– Ata, darıxmışam səndən ötrü. Bu yay sizə qonaq gəlmək istəyirik.
– Sarışkanı gətirməyi unutma. Mən də darıxmışam sizin üçün.
– Ata, sağlamlığın yerindədir?
– Şikayətim yoxdur.
– Amma səsin xoşuma gəlmədi.
– Narahat olma, oğlum.
***
Neçə vaxtdan bəri ona dinclik verməyən fikirlərini deyib ürəyini boşaltmışdı.
Müharibə şəraitində olan ölkənin ordusundakı korrupsiyadan, əlindəki dəlil-
sübutu göstərə-göstərə, danışarkən millət vəkilləri bir-birinə dəydi.
Təkzibolunmaz faktlardı. Məclis sədrinin onun çıxışını yarımçıq kəsmək cəhdləri
baş tutmadı. Heç çevrilib sədrə tərəf baxmadı da... Daha doğrusu, ona əhəmiyyət
vermədən sözünü axıra kimi dedi və tələsmədən, Məclisdəkilərin heyrətli
baxışları altında kürsüdən enib öz yerində oturdu.
...Üstündən yarım ay keçmişdi. Məclisin növbəti yığıncağında masasının üstü
məktublarla doluydu. Sonuncu sərt çıxışının əks-sədası olaraq gələn yazılarda
ölkədəki vəziyyət, yerli başçıların qudurğanlığı, milləti qorxu-ürküsüz soyan
məmurlar haqqında içini qəzəblə dolduran şikayətlər gəlmişdi. “Alçaqlar! Biz
müstəqilliyi buna görə qazandıq ki, siz millətin qanını sorasınız?” – deyə
qışqırmaq istəyirdi. Ancaq səbrini basdı. “Qurban olsunlar Ağsaqqala! Sonuncu
görüşümüzdə ölkədəki vəziyyət barədə bildiklərimi ona dedim. Gördüm ki, özü də
hər şeyi bilir. “Bəs bu rəzalətin qarşısı niyə alınmır?”– deyə soruşdum. Rəngi
qaraldı, ovqatı pozuldu. O boyda kişi qalıb xırda yırtıcılar sürüsünün arasında.
Nədənsə sözümə axıradək qulaq asmaq istəmədi, dolayı yolla yazdıqlarımdan
narazılığını da gizlətmədi: “arxiv sənədlərini üzə çıxararkən ehtiyatlı ol, millətin
içinə nifaq düşər!” – dedi. Hansı yazıma işarə vurur görəsən?”
Ondan öndə Altayın yeri boş idi. “Bu şair dostum da qəribə adamdır. Bir yerdə
oturmur. Bu ölkə mənim, o ölkə sənin. Burda olsa, zarafatlaşardıq, ürəyim
açılardı. Bilmir ki, bir parodiya da ona yazmışam; Qızılbaşların sonuncu
nümayəndəsinə! Burda olsa, evə bir yerdə gedərdik.”
Bu gün Bakının səması açıqdı. Uzaqda Xəzərlə göy birləş​mişdi.
“Kaş tezliklə bu müharibə sıxıntısından çıxaq, Nargini gözəl bir dəniz ulduzuna
çevirək. İşdən sonra katerə oturub gedər, açıq dənizdən gələn havanı udardım.
Yəqin ki, ordan babalarımın balaca kəndi daha yaxşı görsənir...”
Bu düşüncələrlə qəhrəmanlar evinə doğru endi. Birdən yadına müharibə vaxtı
onun qabağını kəsib, yalvar-yaxarla falına baxmış qaraçı qız düşdü. Niyə


“zirvələrə doğru dikələn” yolunun onu hara kimi aparacağını deməmişdi? Öz-
özünə “ey, qaraçı qız! Müharibədə sənə güllə dəy​məyəcək, sağından, solundan
uçub keçəcək...” demişdin. Bəs niyə bu yerdə səsin qırılmışdı?
Sonra birdən təxminən əlli il öncə qaraçı qızın “uçub keçəcək” sözlərindən sonra,
pıçıltıyla, “gələ​cəyə doğru” dediyini də xatırladı. Daha doğrusu, o sözlər elə o
vaxtkı gizli təəssüflə doldu qulağına: “Gələcəyə doğru?” Hansı gələcəyə? Nə vaxt
yetişəcək hədəfə?”
Ağlına gəlmədi ki, 1945-ci ildə atılmış bir faşist gülləsi hələ də ona doğru
uçmaqdadır...
İyul 2015 – mart 2016
201
202

Document Outline

  • AKADEMİKİN SON ƏSƏRİ
  • Sabir Rüstəmxanlı. AKADEMİKİN SON ƏSƏRİ
  • GİRİŞ ƏVƏZİ VƏ YA MURADIN YUXUSU
  • BİRİNCİ HİSSƏ
  • BÖYÜK ATALARIN ZƏRİF YADİGARLARI
  • QARA SİYAHININ AXTARIŞI
  • İDARƏOLUNMAZ ALİM
  • Döyüş ovqatı
  • ATA VƏ OĞUL
  • Zİyad bəyİn gündəlİyİndən
  • Birinci qovluq
  • İkinci qovluq
  • Üçüncü qovluq
  • AYDINLA SÖHBƏT
  • İKİNCİ BÖLMƏ
  • VƏTƏNƏ DÖNÜŞ
  • BABA OCAĞINDA
  • BAKININ AĞIR GÜNLƏRİ
  • KÖHNƏ DƏFTƏRİN YAZISI
  • TALE ORTAQLARI
  • SEVGİ GÖZLƏNİLMƏDƏN GƏLİR
  • Güneydə qəza
  • Tərəddüd
  • Həbs
  • Könüllü sürgün
  • SEVGİ CƏZASI

Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə