Ali Akbar Amneziya (2010)



Yüklə 492,29 Kb.
Pdf görüntüsü
səhifə5/84
tarix21.03.2018
ölçüsü492,29 Kb.
#32857
1   2   3   4   5   6   7   8   9   ...   84

 
9
Qənirənin “dünya şöhrətli alim və xanım” olmaq ambisiyası əlbəttə ki, bircə diplomla, ya da titulla təmin oluna bilməzdi. 
Qənirə həm də əşya xəstəsi idi. Xarici ölkələrin rəsmiləri, yaxud da tanınmışları ona mütləq hədiyyə təqdim etməliydilər. 
Belə  hədiyyələr verilməyəndə, Qənirə DTN nazirinə  zəng vuraraq təhqir edir, bəzən də onu Prezident sarayına 
çağıraraq, hamının gözü qabağında alçaldırdı. Buna görə də, DTN-nin xüsusi gizli şöbəsi, hədiyyələrlə də məşğul olurdu 
və hər xarici səfərdə, o ölkənin siyasiləri və tanınmışları Qənirəyə “gözlənilmədən” bahalı hədiyyələr – brilyantlar, qədim 
çini qablar, xalçalar, zinət  əşyaları  və s. – təqdim edirdilər.  Əlbəttə, TV-lər də bu kadrları gündə on beş  dəfə göstərir, 
xalqın şüuruna “Qənirə Milliyə dünyada böyük hörmət var” təsəvvürü yeridirdilər.  
Milli cütlük Fars Körfəzində olanda, İordaniya kralı Hüseyn azərbaycanlı dostlarını  dəniz gəzintisinə  dəvət eləmişdi. 
Heyət gəminin göyərtəsinə qalxan kimi Qənirə, İslam Millinin qolundan dartıb demişdi: “Mən də belə bir gəmi istəyirəm! 
Dərhal!”. İslamla göz-gözə gələn Hüseyn, Azərbaycanlı qonağın üzündəki ifadədən hər şeyi başa düşmüş və səhəri gün 
öz nümayəndəsini İslam Millinin yanına göndərmişdi. “Təəssüf ki, kral bu gəmini sizə hədiyyə edə bilməyəcək. Allah özü 
bu gəmiyə xeyir-dua verib. Amma Nyu-Yorkda bu gəminin eynisini düzəltdirib sizə göndərəcək. Buna söz verir”.  
Bir il sonra prezident Hüseyndən xəbər gəldi ki, gəmi artıq hazırdır. Gəmini vaxt itirmədən Qara Dəniz üzərindən Azov 
dənizinə, oradan da Xəzərə üzdürdülər. Bakıda, gizli bir limanda lövbərini saldılar və Qənirə, bircə dəfə olsun, nəinki bu 
gəmiyə minmədi, heç ona gəlib baxmadı da.  
İslam Millinin 2000-ci ilin avqust ayında qəfildən və şübhəli şəkildə ürəyinin dayanmasından sonra, onun qurduğu klan 
rejiminin qondarma parlamentinin sədri Zahid Əsədov prezident səlahiyyətlərini icra etməyə başladı  və 2000-ci ilin 
oktyabr ayında keçirilən prezident seçkilərində müxalifətin vahid lideri Niyazi Salayev qalib gəldiyi halda, Qənirə Milli 
xalqı qırğına verərək, prezident kreslosuna əyləşdi. 
 
 
 


 
10
I FƏSİL 
 
 
 
POST REVOLUTİON - 1 
 
 
 
 
 
İnsan, öz həyatını bütün rəng və çalarlarla zənginləşdirməli,  
lakin xırda şeylərlə beynini doldurmamalıdır. Detallar həmişə banaldır. 
 
Oscar Wilde 
 
 


 
11
Koma 
 
 
 
 
Ölümdən qayıdanlar, “o dünyanı” görüb gələnlər bir qayda olaraq tuneldən; upuzun, dar və qaranlıq bir dəhlizin 
sonundakı işıqdan danışır. Hər kəsin xatirəsi, empirikası eynidir – “işıq məni özünə doğru çəkirdi”, “işıq topasının içindən 
məlahətli bir səs məni ağuşuna çağırırdı”, “mən işığa doğru qaçmağa başladım”, “sonra... oyandım”.  
Oyanandan sonra da əməliyyat otağında, ya da palatada olduqlarını görürlər. Başlarının üstündə  də mütləq kimsə 
dayanıb onları  səsləyir, ya da silkələyir. Ölümdən dönənlərin klişe hekayətlərini nə inkar etmək olur, nə  də  təsdiq. Bu 
şübhəli təcrübə, tanrının varlığı ilə yoxluğu kimi bir şeydir - inanan inanır, inanmayan isə ağız büzür. Lakin etiraf edək ki
bu “gediş-qayıdışın” PR-ı çox uğurlu qurulub - inananlar daha çoxdur.  
Məndə isə görünür nəsə çatışmır, çünki hər kəsin gördüyünü görməmiş, eşitdiyini eşitməmişdim. Ayılandan sonra 
danışılası, öyünüləsi hekayəmin, insanları təəcübləndirəsi “tunel” əhvalatımın olmaması məni məyus etsə də, işığa doğru 
yüyürmədiyim, uçmadığım üçün xoşbəxtəm həm də. Deməli “onlar” kimi ölümün bir addımlığında dayanmamışam – 
sadəcə yatmışam. Yaxşı, razıyam, çox yatmışam. 
Oyanmağım isə  mən bilən ağrıdan oldu. Adama ölüm arzuladan şiddətli, dözülməz ağrıdan. Yox, söhbət vücudumun 
ağrısından da getmir. Daha ziyadə ruhum ağrıyırdı.  Əlbəttə, fiziki ağrı duymurdum deyə bilmərəm - bütün bədənim 
qıvranırdı. Amma bu ağrılar da, ruhumun iztirabının məntiqi davamı idi elə bil. Ən azından mənə belə  gəlirdi. Sanki 
dərimi döşəküzü kimi içalatımla birgə tərs üzünə çevirib, yaxşıca çırpıb təzədən bədənimin içinə doldurmuşdular. Özü də 
bədənə əvvəlki “mən” yox, yeni bir “mən” doldurulmuşdu. Nəsə çatışmırdı bu yeni “mən”də. Elə bil doğma, yaxın, əziz bir 
parçamdan məhrum edilmişdim. Əzabımı artıran isə məhz nəyin çatışmadığı sualına cavab tapa bilməməyim idi.  
Cavabsız suallara qalsa, onlar heç saymaqla bitməz - kiməm, nəçiyəm, hardayam, neçə vaxtdır burdayam... Görün nə 
çoxdur.  Şüurumun sərhədlərində isə suallarıma cavab verməkdən çox, sualların sayını artıran bulanıq, qeyri-dəqiq 
xatirələr gəzişir. Nə  qədər gücənsəm də başa düşə, müəyyən edə bilmədiyim yuxu kimi, hallüsinasiya kimi uşaqlıq 
illərimə dair əyri-üyrü epizodlar. Nə bilmək olar, bəlkə  də valideynlərimi görürdüm. Bilmirəm,  əmin deyiləm. Bircə o 
yadımda qalıb ki, bu görüntülər də  qısa ömürlü oldu. Nəyi və kimi gördüyümü özüm üçün aydınlaşdırmağa macal 
tapmamış, kövrək bulud kimi əriyib getdi bu şirin, eyni zamanda əzablı ilğım. Getdi və bir daha qayıtmadı.  
Xatirələr buxarlanıb getsə  də, ağrılarım qalmaqda davam edirdi. Hər  şeyi  əhatə edən, bürüyən ağrılarım. Vücudumun 
hər bir hüceyrəsində, hər bir əzamda, sinirimdə, hətta saçlarımın uclarında da ağrı vardı. Bir-iki iztirablı oyanışdan sonra 
nəhayət yəqin etdim ki, bu ağrılardan qurtulmağın bircə yolu təzədən yuxuya getməkdir. Bunun üçün xüsusi səy 
göstərməyə də ehtiyac qalmırdı - istədim istəmədim yuxu sürüyüb aparırdı məni. 
Növbəti dəfə özümü anlaqlı hiss edəndə, vücudumun ağrıları bir az azalmışdı, bircə başım  əvvəlki  şiddətdə  ağrıyırdı. 
Göz qapaqlarımı aralamağa cəhd edəndə isə beynimdə şimşəklər çaxdı. Yenə də ağrıya müqavimət göstərib gözlərimi 
açmağa çalışdım. Amma yarıyacan aralaya bildiyim gözlərimi bir nöqtəyə zilləmək istəsəm də, bacarmadım.  Ətraf 
bulanıq idi, konkret heç nə görmürdüm deyə, gözlərimi açıq saxlayıb başımın ağrısını daha da artırmağın mənası 
qalmırdı. Ona görə də təzədən yumdum gözlərimi. Bircə onu anladım ki, olduğum yer nə qaranlıqdır, nə də aydınlıq – 
boz, yeknəsəq bir məkandayam. Bəlkə  də ömrümdə birinci dəfə heç nə barədə fikirləşmirdim, çünki ağlıma heç nə 
gəlmirdi. Sanki qafatasımın içini beyindən təmizləyib,  əvəzinə pambıq doldurmuşdular. Başımı yana çevirmək cəhdim 
isə, mənim üçün çox pis nəticələndi. Boynumdan elə bir ağrı qopdu ki, yaralı öküz kimi böyürmək istədim. Amma 
alınmadı - səsimə, boğazıma nəzarəti də itirmişdim. Huşumu itirməyim, oyanmağım kimi qəfil oldu.  
Sonra səslər məni narahat eləməyə başladı. Bu səslər mənə yatmağa, ağrılarımı unutmağa mane olurdu. Uğultu 
şəklində qarmaqarışıq, anlaşılmayan hay-küydən ibarət səslər sözlərə çevrilmirdi ki, nəsə başa düşüm. Deyəsən 
başımın üstündə iki nəfər söhbət edirdi amma nə dedikləri çatmırdı mənə. Səsimi idarə etmirdim deyə onlardan susmağı, 
rədd olub getməyi də  tələb edə bilmirdim. Deyəsən bir dəfə  nəsə deməyə  cəhd etdim, onda da boğazımdan civiltiyə 
bənzər səs çıxdı. Bundan sonra bir neçə saniyəlik səsləri kəsildi, susdular, amma sonra daha da canlanaraq, həyəcanla 
donquldanmağa başladılar. Səsimin sözümə qulaq asmaması, məni barmağımı  tərpətməyə vadar etdi. Tərpənən 
barmaq gözlərindən yayınmadı – bu dəfə daha ucadan qışqırmağa başladılar. Mən həyat əlamətləri nümayiş etdirdikcə 
başımın üstündə dayananların qudurduğunu başa düşüb yatmağa qərar verdim. Qərar verməsəydim də yatacaqdım. 
Yatacaqdım ki, uşaqlığıma dair xatirələr yenə canlansın şüurumda. Dənizkənarı parkda atamın mənə aldığı, dəmir qabın 
içindəki Sovet illərinin ucuz amma ləzzətli dondurması; artıq qırış düşən  əlində tutduğu yaylıqla dodaqlarımı silməsi, 
birlikdə mindiyimiz karusel. Bu, başqa uşağa, başqa bir ataya aid görüntülər də ola bilərdi, amma mənə elə  gəlirdi ki, 
uşaq da mənəm, ata da mənim atamdır. Yalnız mənim atam belə mehriban, gülərüz ola bilər. Yalnız mənim atam məni 
bu qədər sevə bilər. Nə üçünsə ağlayırdım belə yuxular görəndə. Yanağımdan axan yaşlar da qulaqlarımın içinə dolub 
narahat edirdi məni. 
Şirin, rəngbərəng yuxu gördüyüm növbəti gecələrin birində yenə ayıldım. Gecə olduğunu, hər tərəfi bürümüş zil 
qaranlıqdan başa düşdüm. Adətən sağ  tərəfdən həmişə gur işıq gələrdi (sonradan bildim ki, çarpayımın sağında iri 
pəncərə var). Gözlərimi bu dəfə tam aça bildim. Başım ağrısa da onları inadla açıq saxlayırdım. Tavana neçə dəqiqə, ya 
da neçə saat baxaraq ayıq qaldığımı deyə bilmərəm. Maşınların tavanda gəzişən bulanıq işıqlarına baxmaq maraqlıydı. 
İşıqlar palataya düşsə  də, küçədən maşın səsləri gəlmirdi. Ya da mən eşitmirdim. Məni bu mütləq səssizlik narahat 
etmirdi, yox. Elə olsaydı rahat-rahat yuxuya gedərdim. Məni uyuyan nəhəng binanın sükutu vahiməyə salırdı. Keçən 


Yüklə 492,29 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə