Ali Akbar Amneziya (2010)



Yüklə 492,29 Kb.
Pdf görüntüsü
səhifə6/84
tarix21.03.2018
ölçüsü492,29 Kb.
#32857
1   2   3   4   5   6   7   8   9   ...   84

 
12
səfərki uğursuz təcrübəni yada salaraq, başımı astaca pəncərəyə tərəf çevirdim. Bu dəfə bədənim sözümə qulaq asdı, 
ağrılarım da əvvəlki kimi kəskin olmadı. Dərin nəfəs alıb pəncərəyə baxdım. Göy üzündə şəhərin işıqları ilə aydınlanan 
buludlar üzürdü. Buludlara və ulduzlara sonsuzluğa qədər baxa bilərəm. Onda yuxuya getmək də asan olur.  
Səhər oyananda, arxasını mənə çevirib pəncərənin qabağında dayanmış bir qız gördüm. Bu qız, ilğıma oxşamırdı.  
Ona nəsə demək istədim, alınmadı. Xırıltılı, boğuq bir səs çıxdı boğazımdan.  
Qız diksindi. İldırım sürətilə üzünü mənə çevirdi, üstümə cumdu: 
- Murad! Murad, əzizim! Oyandın?!  
Gicgahlarım zoqquldayır, gözlərim dumanlanır, yenə huşumu itirməyə hazırlaşırdım. Üzünü düz-əməlli görə bilmədiyim 
bu qadına minnətdarlıq etməliyəm, halbuki onun zəhlətökən qayğıkeşliyi məni hövsələdən çıxarır. Kaş ki, bir az sussa
danışmasa, axı səsi başıma düşür.  
Nə düşündüyümü sanki hiss etdi, əyilib alnımdan, yanaqlarımdan öpməyə başladı. Alçaq səslə: 
- Neçə gündür özünə  gəlirsən amma təzədən sönüb gedirsən. Bu dəqiqə  həkimi çağırıram – deyib divara yaxınlaşdı, 
düyməyə basdı.  
Heyran-heyran ona tamaşa edirdim. Çox gözəl idi. Gəlib sakitcə yanımda dayanmasını, bayaqkı kimi məni öpməsini, 
qucaqlamasını istədim. Uzun olmayan şabalıdı saçlarını arxadan at quyruğu yığmışdı. Təbəssümlü üzü, yanaqlarında 
şirin çökəkliklər  əmələ  gətirən qəmzələri mənə bütün diskomfortumu unutdururdu. Gəldi yanıma,  əlimin üstünü 
sığallamağa başladı. 
Ağzım, boğazım qəribə, anlaşılmayan səslər çıxarmaqdan başqa bir işə yarayırammı görəsən? O danışır, başa 
düşdüyüm sözlər deyir mənə – “həkim”, “çağırmaq”, “Murad”... mən isə susuram. Murad... Əlbəttə, mən Muradam. Bəs 
o? 
Bütün gücümü toplayıb danışmalıydım. Mən danışa bilirəm, bunu bacarıram. Həmişə danışmışam, bundan sonra da 
danışacam. Başımın ağrısını azaltmaq üçün gözlərimi yumdum və: 
- Siz kimsiniz? – soruşdum. Deməli doğrudan da danışa bilirəmmiş. 
- Yorma özünü qurban olum. Həkim bu saat gəlir. 
- Siz... çox gözəlsiniz.  
Məntiqli cümlə qurub qadına kompliment deyə bilirəmsə, deməli başım işləyir, özüm də yaşayıram.  
Qız güldü, bir az da qızardı. Bu ifadə onu daha da gözəlləşdirirdi.  
- Gücünü qoru sən allah. Birdən yenə yatarsan.  
Mənimlə çox səmimi danışırdı. Həkim çağırırsa deməli özü həkim deyil. Bəlkə tibb bacısıdı? Tibb bacısı... Bəli, mən bilən 
həkimdən başqa tibb bacısı da olur. Bura da yüz faiz xəstəxanadır. Deməli mən xəstəxanadayam. 
- Yaxşı – dedim. – Amma siz danışın.  
Nədənsə gözləri doldu, dodaqları titrədi. 
- Üşümürsən?! – deyəsən bu sualı elə-belə, nəsə demək xətrinə vermişdi. 
- Yox – dedim və nə üçünsə soruşdum - bayır soyuqdu?  
Mənim üçün ağır olsa, sözlər çətinliklə cümlələrə çevrilsə də, danışmaq istəyirdim. Nə haqda danışmağın fərqi yox idi, 
təki danışım, bu vərdişi yenidən qaytarım.  
- Hə, çox soyuqdu. Deyəsən qar yağacaq. Üşüsən deyərsən, üstünə bir dənə də ədyal ataram. 
Qapı açıldı. Təlaşla palataya girən eynəkli, dazbaş həkimin qırx-qırx beş yaşı olardı.  
- Sevil xanım, xəstəmiz özünə gəlib? 
Qız əlimi sığallamağı dayandırıb, ayağa qalxdı. Həyəcanla: 
- Hə, bir az var – dedi və birdən hönkürtü ilə ağlamağa başladı.  
O ağlayırdı, məni isə gülmək tutmuşdu. Baş ağrısını saymasam, özümü yaxşı hiss edirdim. Ona görə də, qızın nə üçün 
özünü həlak etdiyini başa düşmürdüm. Həkim əlini onun çiyninə qoyub sakitləşdirməyə çalışdı: 
- Sevil xanım, sakit olun. Xahiş edirəm sakit olun. Hər şey qaydasındadı. Gedin əl-üzünüzü yuyun, sonra gələrsiniz. 
Çiyinləri titrəyən qız zəif səslə “yaxşı” deyib palatadan çıxandan sonra, həkim yanıma yaxınlaşaraq divardakı cihazları 
qurdalamağa başladı, qoluma taxılmış sistemi yoxladı. 
- Adım Zöhrabdır. Zöhrab Nəsibov. Sizin həkiminizəm. Özünüzü necə hiss edirsiniz? – soruşub nəbzimi tutdu, ardından 
da fənəri yandırıb iti şüanı göz bəbəklərimə tuşladı. Cavab vermədiyimi görüb, soruşdu: 
- Danışa bilirsiniz? 
- Hə – halsız dilləndim. Gözümə işıq salması başımın ağrısını şiddətləndirsə də, ona bir söz demədim. 


 
13
- Özünüzü necə hiss edirsiniz? 
- İntensiv terapiyada adam özünü necə hiss edə bilər?  
Zöhrab qımışdı. Zarafatım xoşuna gəlmişdi. 
- İntensiv terapiyada olduğunuzu hardan başa düşdünüz? – soruşaraq stula əyləşdi. 
- Necə yəni hardan? – sifətimi turşudub – görmürəm bəyəm hardayam? – dedim.  
- Deməli görürsünüz və başa düşürsünüz... – Zöhrab yenə qımışdı. – Çox gözəl. Amma mənə maraqlıdır, bunu nədən 
bildiniz? Bəlkə burdakı aparatları tanıyırsınız? 
Çarpayının sol tərəfindəki tumboçkaya gözümlə işarə elədim: 
– Adrenalin hidroxlorid, Aneksat. Bunları nədir bəs? 
- Deməli bu preparatları tanıyırsınız? 
Zöhrabı başa düşə bilmirdim. Məni dolayır, nədi? Şpris nasosu, aspirator, nə bilim defibrillyatorun olduğu palatanın nə 
palatası olduğunu bilməyə nə var? 
- Siz həkimsiniz Murad? – ciddi-ciddi üzümə baxıb soruşdu. 
- Necə yəni? – gülmək tutdu məni. – Həkiməm?  
- Özünüzü həkim hiss edirsiniz?  
- Yox.  
- Niyə? Preparatları tanıyırsınız, avadanlıqdan da yəqin başınız çıxır. 
Maraqlı sualdır. Amma cavab verməkdə çətinlik çəkirəm. Gözlərimi yumdum. Yuman kimi də yanağımda əlini hiss etdim. 
- Murad! Murad! Özünüzə gəlin! 
Gözlərimi aralayıb ayaq üstə dayanmış, həyəcandan sifəti əyilmiş həkimə təəccüblə baxdım. 
- Nə olub? Niyə qışqırırsınız? 
Doktor ürəkdən “off” deyib təzədən yerinə oturdu. 
- Dedim bəlkə yenə özünüzdən getmisiniz. Bilirsiniz son on gündə neçə dəfə ayılıb yatmısınız? 
- Doğrudan? 
Zöhrabın dedikləri ağlasığmaz idi. Onu başa düşməkdə  çətinlik çəkirdim. Hə, dəfələrlə oyanmağım, oyanıb təzədən 
yatmağım da yadımdadır. Tay on gün nədir?  
- Xahiş edirəm – dedim. – Başa salın. Niyə burdayam? 
Üzündəki ciddi ifadəni dəyişmədən dedi: 
- Siz Mərkəzi klinik xəstəxananın intensiv terapiya şöbəsindəsiniz. 
- Mənə nə olub? 
- Yadınıza heç nə düşmür? 
Gözlərimi tavana dikib bir müddət düşündüm və: 
- Yooox – dedim. 
Qapını tərəddüdlə aralayan bayaqkı qız içəri boylanıb: 
- Gəlmək olar? – soruşdu. 
Zöhrab oturduğu yerdə bir az ona tərəf çönüb: 
- Gəlin Sevil xanım, gəlin – dedi, təzədən mənə döndü.  
- Aha. Deməli heç nə yadınızda deyil. 
Qız gəlib çarpayının ayaq tərəfində dayandı. Gözləri ağlamaqdan qıpqırmızı olmuşdu. Məndən ötrü bu qədər ağlayırsa 
deməli çox qiymətliyəm onun üçün. Həkim getsin, ondan xahiş edəcəm ağlamasın. Özümü doğrudan da yaxşı hiss 
edirəm. Bircə bu zəhrimar baş ağrısı olmasa.  
- Murad, siz qəza keçirmisiniz. 
Doktorun bu sözlərini eşidəndə, gözlərimi qızdan ayırıb Zöhraba baxdım: 
- Nə qəzası – qaşlarımı çatıb soruşdum. 
- Avtomobil qəzası. 
Qəribədir, bəs bu barədə nə üçün heç nə bilmirəm? 


Yüklə 492,29 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə