Allahın isimləri


Sənə nə vəhy gəlirsə, ona tabe ol. Allah hökm verənə qədər səbr et. O, hökm verənlərin ən yaxşısıdır!



Yüklə 0,91 Mb.
səhifə4/15
tarix26.09.2017
ölçüsü0,91 Mb.
#1667
1   2   3   4   5   6   7   8   9   ...   15

Sənə nə vəhy gəlirsə, ona tabe ol. Allah hökm verənə qədər səbr et. O, hökm verənlərin ən yaxşısıdır! (Yunus surəsi, 109)

Nuh Rəbbinə müraciət edib dedi: “Ey Rəbbim! Oğlum mənim ailə üzvlərimdəndir. Sənin vədin, sözsüz ki, haqdır. Sən hakimlərin hakimisən!” (Hud surəsi, 45)

ƏZM

Çox əzəmətli, böyük olan

Göylərdə və yerdə nə varsa Onundur! O, ucadır, uludur! (Şura surəsi, 4)

Şübhəsiz ki, Allahın böyüklüyü və əzəməti  insanların qavrayış sərhədlərini aşır. Lakin insan yenə də öz ağlının sərhədləri çərçivəsində Allahın nə qədər güclü və qüdrətli olduğunu görüb anlaya bilər. Çünki bütün kainat Allahın böyüklüyünü göstərən saysız-hesabsız nümunə ilə doludur. İnsan sadəcə yaşadığı dünyanı bir az araşdırsa, hər şeyi yaradan Allahın əzəmətini hiss edəcək.



Ağırlığı tonlarla olan buludları daşıyan səma, minlərlə metr yüksəyə uzanan dağlar, milyonlarla növ canlının yaşadığı dənizlər, çaxan şimşək, onun ardından gələn göy gurultusu və Allaha boyun əymiş milyardlarla canlı... Bunlar və burada saymadığımız saysız detal Allahın böyüklüyünün açıq dəlillərindəndir.

İndi dünyanın bir az xaricinə çıxıb düşünək. Bu nümunə kainatı yaradan, sonsuz əzəmət sahibi olan Rəbbimizi bir az daha dərin qavramağımıza kömək olacaq:

Kainat adı verdiyimiz sərhədsiz məkanın içində yaşayırıq. Bu gün elm adamlarının araşdırmalarına görə kainatda milyardlarla qalaktika mövcuddur. Bəs bu qalaktikaların içində nələr var? Elmin bizə bildirdiyinə görə hər qalaktikanın içində milyardlarla ulduz olduğunu bilirik. Biz də içində milyardlarla ulduz ehtiva edən milyardlarla qalaktikadan birinin içində, Dünya adı verilən və saatda 1670 km sürətlə heç dayanmadan dövr edən planetin üzərində yaşayırıq. Şübhəsiz, bu rəqəmlərlə düşündükdə kainatdakı varlığımızın toz zərrəciyi ilə müqayisə edilməyəcək dərəcədə kiçik olduğu aydın olacaq.

İnsan, səmimi olaraq düşünəndə də milyardlarla qalaktikanı yaradan və hamısını hökmü altında saxlayan Rəbbimizin əzəmətini dərk edə bilər. Rəbbimiz bütün kainatı yaradan, milyardlarla ulduzu, qalaktikaların hamısını idarə edən üstün gücün sahibidir. Allah, Öz üstün sifətlərini bir ayədə belə xəbər verir:

Allah… Ondan başqa heç bir ilah yoxdur. Əbədi, əzəli varlıq Odur. O nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa Onundur. Allahın izni olmadan Onun yanında kim şəfaət edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini bilir. Onlar Allahın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. Ən uca, ən böyük varlıq da Odur! (Bəqərə surəsi, 255)

ƏZİZ

Üstün, qüvvətli, güclü, şərəfli, məğlub edilməsi mümkün olmayan, qalib olan

Allahın peyğəmbərlərə verdiyi vədə xilaf çıxacağını sanma! Həqiqətən, Allah yenilməz qüvvət sahibi, intiqam sahibidir! (İbrahim Surəsi, 47)

Allahın 'Əziz' sifəti, Onun məğlub edilməsinin qeyri-mümkün olduğunu, hər zaman qalib olanın Özü olduğunu ifadə edir. Allah kainatda mütləq qüvvət sahibidir və Ondan üstün heç bir güc yoxdur.

Kainatdakı bütün nizamı, insanların sirrini qavramadıqları və ya yeni-yeni kəşf etdikləri bütün qanunları yaradan Allahdır. Bununla yanaşı yer üzündə olan hər canlını yaradan da Odur. Allahın sonsuz gücü və qüdrəti qarşısında yaratdıqlarının acizliyi açıq-aşkardır. Yaratdığı bütün varlıqlar, ancaq Onun əmriylə hərəkət edir, həyatlarını davam etdirir, müəyyən nizam içində yaşayırlar.

Şübhəsiz, bu acizlik yer üzünə hakim olduğunu zənn edən insan üçün də etibarlıdır. İnsan nə qədər güclü, zəngin və etibarlı olsa da Allah qarşısında aciz və gücsüzdür. Nə malı, nə pulu, nə də ona etibar edən insanların sayı, onu Allahın əzabından qoruya bilməz. Ancaq Allaha təslim olan, Onun əmrlərinə tabe olan, razılığını qazanmağa çalışanlar xaric... Allah Quranda həmişə Öz tərəfdarlarına üstünlük verəcəyini vəd etmişdir. Ayələrdə belə buyurulur:

Allah: “And olsun ki, Mən və peyğəmbərlərim qalib gələcəyik!” – deyə yazmışdır. Həqiqətən, Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir! (Mübarizə surəsi, 21)

Daha öncə insanları hidayət etmək üçün Furqanı da O nazil etdi. Allahın ayələrini inkar edənlər şiddətli əzaba düçar olacaqlar. Allah yenilməz qüvvət, intiqam sahibidir! (Ali-İmran surəsi, 4)

Allah Özündən başqa heç bir ilah olmadığına şahiddir. Mələklər və elm sahibləri də haqqa-ədalətlə boyun qoyaraq o qüvvət, hikmət sahibindən başqa ibadətə layiq heç bir varlıq olmadığına şəhadət verdilər. (Ali-İmran surəsi, 18)

Onların sözləri səni kədərləndirməsin. Yenilməz izzət bütövlükdə yalnız Allaha məxsusdur. O, eşidəndir, biləndir! (Yunus surəsi, 65)

ƏR-HAMUR-RAHİMİN

Mərhəmət edənlərin ən mərhəmətlisi

Əyyubu da (yada sal)! Bir vaxt o, Rəbbinə yalvarıb dua edərək belə demişdi: “Mənə bəla üz verdi. Sən rəhmlilərin rəhmlisisən!” (Ənbiya surəsi, 83)

Yer üzündəki bütün canlılar kimi insan da ehtiyacları olan varlıqdır. Həyatının davam etməsi üçün çoxlu şərt vardır. Nəfəs almaq üçün oksigenə, bədəninin fəaliyyətlərini davam etdirmək üçün su və qidaya ehtiyacı olur. Əslində, bu nümunələri saymaqla bitirmək olmaz. Çünki insanın fiziki olaraq varlığının davam etməsi üçün saysız detala ehtiyacı var.

Ancaq yer üzündəki bütün insanlar ehtiyacları olan şeyləri əldə etmək üçün çox böyük səy göstərmədən həyatlarını rahat şəkildə davam etdirirlər. Hər birinin həm bədənlərində, həm də xarici dünyada ehtiyacları olan hər şey onlar üçün əvvəldən təyin olunmuş və onlara təqdim edilmişdir. Burada ilk ağla gələn nümunə yenə insanın nəfəs almasıdır. İnsanlar həyatlarını davam etdirmək üçün oksigen qəbul etməlidirlər. Bəs bu oksigenin atmosferdə lazım olan nisbətlərdə olmasını təmin edən kimdir? İnsanın bədəninə bu oksigeni qəbul etdirən və lazım olan hər hüceyrəyə bir-bir çatmasını təmin edən sistemi quran kimdir?

Əlbəttə, bunların heç biri insanın müvəffəqiyyəti deyil. Atmosferin və ya öz tənəffüs sisteminin meydana gəlməsində insanın heç bir rolu yoxdur.

İnsanın bu ən həyati ehtiyacından tutmuş, bütün detallar özü üçün hazırlanmış və lazım olduğu şəkildə var edilmişdir. Şübhəsiz, burada qarşımıza hər cür detalı insan üçün hazırlayan üstün ağlın varlığı və o ağlın sahibinin insana göstərdiyi sonsuz mərhəməti çıxır. Bu gücün sahibi isə mərhəmətlilərin ən mərhəmətlisi olan Allahdır.

Allahın mərhəməti, əlbəttə ki, insanların fiziki ehtiyaclarının qarşılanması ilə məhdud deyil. O, insanları yaratmış, yaşamaları üçün ən əlverişli olan məkana yerləşdirmiş və bunun qarşılığında da yalnız Özünə qulluq etmələrini istəmişdir. İnsanlara Özünü necə razı edəcəklərini də bildirmiş, bunu öyrətmək üçün onlara dərgahından kitablar endirmiş, bütün ayələrini açıqlayan peyğəmbərlər göndərmişdir. Beləliklə, Allah insanlara həm Öz Şəxsini tanıtmış, həm də onları dinə və gözəl əxlaqa dəvət etmişdir. Şübhəsiz, bunların hamısı Rəbbimizin sonsuz mərhəmətinin açıq dəlillərindəndir.

ƏVVƏL

İlk

O, Əvvəldir, Axırdır, Zahirdir, Batindir. O, hər şeyi biləndir. (Hədid surəsi, 3)

Kainatın başlanğıcı vardırmı?

Şübhəsiz bu sual əsrlərlə insanların cavab axtardıqları sual olmuşdur. Bu mükəmməl nizamın Yaradıcısının da olmasını qavrayan insanlar, kainatın başlanğıcı olduğuna inanmışlar. Ancaq insanların bir qismi də Yaradıcının varlığını qəbul etmək istəməmiş və buna görə kainatın başlanğıcı olmadığını, əzəldən gəldiyini və əbədə gedəcəyini iddia etmişlər. Ancaq bu gün elmin gəldiyi nəticə bu şəxslərin açıq-aşkar səhv etdiklərini sübut etmişdir.

Bu günə qədər kainatın yaranmasıyla əlaqədar müxtəlif tezislər ortaya qoyulub, ancaq bu dövrdə bütün elm sahələri ortaq nəticəyə gəliblər. Elmin yaxın zamanda kəşf etdiyi həqiqət bu vəziyyətə aydınlıq gətirib. 1929-cu ildə Edwin Habll tərəfindən kəşf olunduğu kimi kainat davamlı genişləyir. Bu həqiqətdən qaynaqlanan elm adamları belə bir nəticəyə gəliblər: Zaman anlayışını tərsinə çevirsək, genişlənməkdə olan kainatı büzüşən bir sistem olaraq, məsələn, yığılmaqda olan nəhəng ulduz kimi düşünə bilərik. Bu zaman ortaya çıxan nəticə belədir; keçmişə doğru səyahət etsək daralan kainatın nə vaxtsa bir nöqtə halında olduğunu görərik. Yəni kainatın başlanğıcı bir nöqtənin partlaması ilə olmuşdur.

Bizim bundan çıxarmalı olduğumuz nəticə budur: İçində yaşadığımız kainatın bir başlanğıcı var. Bu cür qüsursuz sistemin başlanğıcı olduğuna görə, əlbəttə, bu başlanğıcı hazırlayan bir gücün varlığı da aşkardır. Bu Güc Sahibinin varlığı əzəli və əbədidir. Yəni O, hər şeydən əvvəl də vardır, sonra da olacaq.

Bu sonsuz gücün sahibi Allahdır və canlıların, planetlərin, qalaktikaların, bütün kainatın yaradılmadığı və hətta zamanın da hələ var olmadığı anda yalnız Allah var. Çünki O “Əvvəl”dir.

FALİQ

Yaran (qaranlığı yarıb səhəri çıxaran, toxumu yaran)

Şübhəsiz ki, toxumu da, çəyirdəyi də cücərdib çatladan, ölüdən diri, diridən də ölü çıxardan Allahdır. Budur Allah! Axı siz Ondan nə cür döndərilirsiniz? Səhəri yarıb çıxaran, gecəni bir istirahət vaxtı, günəşi və ayı bir ölçü vasitəsi edən də Odur. Bunlar yenilməz qüvvət sahibi, bilən Allahın təqdiridir. (Ənam surəsi, 95-96)

Yer üzərində müxtəlif bitki növləri yetişir. Bunların hər birinin toxumu bir-birindən fərqlidir. Quru toxumları götürüb otaqda saxlasanız, illərlə eyni şəkildə qaldıqlarını görəcəksiniz. Amma bu toxumlar torpağın altına və ya uyğun bir mühitə düşdükdə birdən yarılaraq cücərməyə başlayırlar. Müəyyən bir müddətdən sonra baxanda görəcəksiniz ki, bu toxumdan nəhəng bir ağac əmələ gəlib.

Şübhəsiz, quru toxumdan fərqli növlərdə bitkilərin yetişməsi, ən əhəmiyyətlisi isə canlı orqanizmin meydana gəlməsi son dərəcə heyrətamizdir. Quru toxumdan ağacın meydana gəlməsi üçün toxumun torpaqdan lazımi vəsaitləri götürərək cücərməsi lazımdır. Toxumun ehtiyacı olan mineralları, su miqdarını özünün təyin etməsi isə mümkün deyil. Üstəlik bunu bacarsa belə bir-birindən çox fərqli meyvələr yetişdirən ağac növlərini və ya yaşıl bitkiləri meydana gətirmək üçün üstün qabiliyyətləri olmalıdır.

Əgər toxumun bu qərarı özünün verdiyini iddia etsək toxumun 'qabiliyyətli' olduğunu qəbul etməli olarıq. Ancaq əlbəttə ki, bəhs edilən qabiliyyətlərin toxumun özünə aid olduğunu iddia etmək mümkün deyil. Yuxarıdakı ayələrdə də bildirildiyi kimi "toxumu və çəyirdəyi yaran" Allahdır. Onun diləməsi ilə yer üzündə minlərlə növ ağac, bitki yetişir. Necə ki, bir başqa ayədə Allahın hər şeyin Yaradıcısı olduğu belə bildirilmişdir:

Göydən su endirən Odur. Biz onunla hər bir bitkini yetişdirdik, yaşıl fidanlar göyərtdik, onlardan bir-birinə sarmaşmış dənələr çıxartdıq. Biz xurma ağacından, onun tumurcuğundan bir-birinə sarmaşmış salxımlar yetişdirdik. Üzüm bağları, bir-birinə bənzəyən və bənzəməyən zeytun və nar yetişdirdik. Bar verdiyi vaxt meyvəsinə və onun yetişməsinə baxın. Şübhəsiz ki, bunda iman gətirən bir camaat üçün dəlillər vardır. (Ənam surəsi, 99)

FASIL

Ayıran, açıqlayan

Həqiqətən, Allah iman gətirənlər, yəhudilər, sabiilər, xaçpərəstlər, atəşpərəstlər və müşriklər arasında qiyamət günü hökmünü verəcəkdir. Şübhəsiz ki, Allah hər şeyə şahiddir! (Həcc surəsi, 17)

İnsanlardan bəzisi həyatlarını dünyəvi məqsədlər əldə etmək üçün keçirir və axirəti unudaraq dünya həyatı üçün çalışırlar. Gerçək məsuliyyətini unudaraq dünya mənfəətlərinin arxasına düşürlər. Allaha ortaq qoşduqları bu bütləri razı etmək, onların məmnuniyyətini qazanmaq üçün səy göstərir və bu şəkildə çox qazanclı iş gördüklərini düşünürlər.

İnsanlardan bəziləri də bütün həyatlarını özlərini yaradan Allahı razı etmək üçün keçirirlər. Dünya həyatındakı imkanları və nemətləri bu şüurla qiymətləndirirlər. Hədəfləri doğru yola yönəlmək, Allahın razı olacağı saleh əməllər işləmək, Onun tövsiyə etdiyi üstün əxlaqa sahib olmaqdır.

Əlbəttə, bu iki insanın vəziyyəti eyni deyil. Allah bu insanların vəziyyəti ilə əlaqədar Quranda belə bir nümunə verir:

Kor ilə görən eyni olmaz. Zülmətlə nur da (eyni deyildir)! Kölgə ilə isti (eyni olmaz). Dirilərlə ölülər də eyni deyillər! Şübhəsiz ki, Allah dilədiyinə eşitdirər. Sən isə qəbirlərdə olanlara (haqqı) eşitdirən deyilsən! (Fatır surəsi, 19-22)

Bir-birindən fərqli vəziyyətdə olan, tam fərqli yollara yönələn bu insanların arasını Allah qiyamət günü ayıracaq, hər birinə etdiklərini bildirəcək. O gün hər kəsə etdiklərinin qarşılığı tamamilə ödənəcək. O gün Allahın sonsuz ədaləti təcəlli edəcək...

Həqiqətən, sənin Rəbbin onların arasında qiyamət günü ixtilafda olduqları məsələlər barədə hökm verəcəkdir! (Səcdə surəsi, 25)

FATIR

Yaradan, icad edən

Ey Rəbbim! Sən mənə səltənətdən bir pay verdin. Mənə yuxu yozmağı öyrətdin. Ey göyləri və yeri yaradan! Sən dünyada da, axirətdə də mənim ixtiyar sahibimsən. Mənim canımı müsəlman olaraq al və məni əməlisalehlərə qovuşdur!” (Yusuf surəsi, 101)



Yaşadığımız dünyaya baxdığımız zaman üzərində həyatın olması üçün xüsusi olaraq yaradıldığını görürük. Dünyanın kosmosdakı mövqeyi, canlıların ehtiyacı olan hər cür detalın Dünyada var olması bu planetin üstün bir ağılın əsəri olduğunun açıq-aşkar dəlilidir. Həyat üçün son dərəcə əlverişli yaradılan bu planetin üzərində yaşayan canlılara baxdığımız zaman da eyni gerçəklə qarşılaşırıq. Dünya üzərində var olan bütün canlılarda heyrətamiz bir dizayn var. Hər canlı özü üçün uyğun mühitdə, uyğun bədən quruluşuyla həyatını davam etdirir.

Bununla yanaşı canlıların meydana gəlməsindəki detalları araşdırdıqca qarşıya çıxan yaradılış gerçəyi daha da dəqiqləşir. Bütün canlıların əsas quruluş mənbəyi olan hüceyrə mükəmməl sistemə malikdir. Hüceyrədəki nizam elə qüsursuzdur ki, canlıların təsadüfən meydana gəlmə ehtimalının qeyri-mümkünlüyünü öz-özlüyündə sübut edir.

Ətrafımızda gördüyümüz və ya görə bilmədiyimiz bütün detallarda açıq-aşkar dizaynın izləri var. Şübhəsiz, bunların hamısının dizaynı hər şeyin Yaradıcısı olan Allaha aiddir. Kainatdakı varlıqlara aid olan ən kiçik detalda belə Rəbbimizin qüsursuz sənətini görmək mümkündür. Allah, yaratdığı sistemin qüsursuzluğunu Mülk surəsində belə xəbər vermişdir:

Yeddi göyü qat-qat yaradan da Odur. Sən Rəhmanın yaratdığında heç bir uyğunsuzluq görməzsən. Bir gözünü qaldırıb bax, heç orada bir yarıq görə bilərsənmi?! Sonra gözünü qaldırıb iki dəfə bax. Göz orada zəif, yorğun düşərək yenə də sənə tərəf qayıdacaqdır! (Mülk surəsi, 3-4)

De: “Mən göyləri və yeri yaradan, hamısını bəsləyib Özü bəslənməyən Allahdan başqasını özümə Rəbbmi edərəm?!” De: “Mənə ilk müsəlman olmaq əmr edildi və müşriklərdən olma!” (deyə buyuruldu). (Ənam surəsi, 14)

Peyğəmbərləri də belə cavab vermişdilər: “Məgər göyləri və yeri yaradan Allaha da şübhə etmək olarmı?! (Allah) günahlarınızı bağışlamaq və sizə müəyyən bir vaxta qədər möhlət vermək üçün imana dəvət edir”. Onlar demişdilər: “Siz də bizim kimi adi bir insansınız. Bizi atalarımızın ibadət etdiklərindən döndərmək istəyirsiniz, elə isə açıq-aşkar bir dəlil gətirin!” (İbrahim surəsi, 10)

FƏTTAH

Çox yaxşı hökm verən, hökm edən

Əgər o məmləkətlərin əhalisi iman gətirib çəkinsəydilər, sözsüz ki, onların başlarına göydən və yerdən bərəkət yağdırardıq. Lakin onlar yalançı hesab etdilər, Biz də onları qazandıqlarına görə məhv etdik. (Əraf surəsi, 96)

Fəttah, Allahın açan sifətidir. Allah insanları çətinliklərlə sınayır, ancaq heç kimə qaldıra biləcəyindən çoxunu yükləmir. Allah, səmimi qullarına çətinlik verdiyi zaman ondan çıxış yolunu da açır; mütləq çətinliyin yanında bir asanlıq da göstərir. Necə ki, Quranda Peyğəmbərimizin (səv) qarşılaşdığı çətinliklər nümunə verilərək bunların asanlıqla birlikdə verildiyi belə bildirilmişdir:

Məgər Biz sənin köksünü açıb genişlətmədikmi?! Ağır yükünü səndən götürmədikmi?! (Elə bir yük ki) sənin belini bükürdü. Sənin ad-sanını ucaltmadıqmı?! Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr! Həqiqətən, hər çətinlikdən sonra bir asanlıq gələr! (İnşirah surəsi, 1-6)

Quranda Allahın iman edənlərə verdiyi asanlıqlara bir çox nümunə verilmişdir. Hz. Musa da Allahın müxtəlif çətinliklərlə sınadığı elçilərdən biridir. Ancaq Allah hz. Musanı köməyi ilə dəstəkləmiş və işlərini asanlaşdırmışdır.

Hz. Musa Firona təbliğ etməyə gedərkən qardaşı Harunu özünə köməkçi etməsini Allahdan istəmiş, Allah da onun duasını qəbul edərək hz. Harunu ona köməkçi etmişdir.

Quranda bir çox başqa hadisələrdə də göstərildiyi kimi, Allah möminlərə həmişə kömək edib. Onların başına gələn və aşılması qeyri-mümkün kimi görünən çətinlikləri ortadan qaldırıb. Ancaq bu inkarçılara aid deyil. Allah onların ürəklərini daraldır, sıxır və bütün nemətlərin qapısını bağlayır. Rəbbimizin diləməsi ilə bağlanan bu qapıları sonsuza qədər aça biləcək heç bir güc yoxdur.

Allah inkarçılar üçün nemət qapılarını bağladığı kimi onların üzərinə əzab qapısı açar. İnkarçılara verilən bu əzab bir ayədə belə bildirilir:

Nəhayət, onların üzünə bir əzab qapısı açdığımız zaman dərhal ümidsizliyə qapıldılar. (Muminun surəsi, 77)

HADİ

Hidayət lütf edən, doğru yola aparan

Və elm verilən kəslər də bilsinlər ki, haqq sənin Rəbbindəndir. Artıq ona inansınlar və ürəkləri ondan arxayın olsun. Şübhəsiz ki, Allah iman gətirənləri doğru yola yönəldər! (Həcc surəsi, 54)

Yer üzündə iki cür insan var: Allahın gücünü bilib təqdir edənlər və Allahın gücünü tanımayıb, buna görə də təqdir edə bilməyənlər.

İkinci qrupdakı insanlar normal həyat yaşayır və ölürlər. Həyatları ərzində nə üçün yaşadıqlarını, onları kimin yaratdığını, özlərini yaradan Allaha qarşı hər hansı bir məsuliyyətlərinin olub-olmadığını və ya özləriylə birlikdə bütün kainatı yoxdan var edən Rəbbimizin sonsuz gücünü düşünmək istəmirlər. Onların ağlını məşğul edən mövzular, ümumiyyətlə, necə təhsil alacaqları, iş yerində yaxşı bir mövqeyə gəlmək üçün nə etməli olduqları, uşaqlarını necə böyüdəcəkləri kimi gündəlik həyatla əlaqədar mövzulardır. Əlbəttə ki, bunların hamısı təbii istəklərdir və düşünülməlidir. Ətraflarındakı çox insan kimi üç-beş on il yaşayıb sona çatdırdıqları həyatlarını bu mövzuları özlərinə məqsəd edərək keçirirlər. Bu zaman dünyada və bütün kainatda var olan saysız möcüzələri görə bilmirlər. Üstəlik, görsələr də üzərində düşünmək istəmirlər.

Birinci qrup olaraq bəhs etdiyimiz Allahın varlığının dəlillərini və mütləq gücünü tanıyıb təqdir edən insanlar isə bundan tam fərqli həyat yaşayırlar. Vicdanları güclü olduğu üçün ətraflarını heyranlıqla müşahidə edir, gördükləri detalları yaradanın Rəbbimiz olduğunu bilirlər. Buna görə də kainatın Yaradıcısı, üstün güc sahibi Allaha qarşı məsuliyyətlərinin də şüurundadırlar. Həyatlarını Allahın məmnuniyyətini qazanacaqları işlər görərək, Onun tövsiyə etdiyi həyatı yaşayaraq və ən əhəmiyyətlisi də öldükdən sonra Ona hesab verəcəklərini bilərək keçirirlər.

Bu birinci qrup Allahın hidayət verdiyi insanlardır. Dünya üzərindəki sayları hər zaman çox az olub, amma doğru olan yol onlarınkıdır. Allah, hidayətə çatmış olanlarla inkar edənlər arasındakı fərqi ayələrində belə xəbər verir:

O kəslər ki, sənə nazil olana və səndən əvvəl nazil olanlara iman gətirir, axirətə də yəqinliklə inanırlar. Onlar öz Rəbbindən (gələn) doğru yoldadırlar. Məhz onlar nicat tapanlardır. Həqiqətən, kafirləri qorxutsan da, qorxutmasan da, onlar üçün fərqi yoxdur, iman gətirməzlər. Allah onların qəlblərini və qulaqlarını möhürləmiş, gözlərinə də pərdə çəkmişdir. Onlar üçün böyük bir əzab vardır. (Bəqərə surəsi, 4-7)

Şübhəsiz, bu insanlardan olmaq Allahdan verilən çox böyük bir nemətdir. Çünki O diləməsə hidayət verəcək, doğru yola çatdıracaq heç kim yoxdur:

Gerçək budur ki, sən, sevdiyini hidayətə çatdıra bilməzsən, ancaq Allah, dilədiyini hidayətə çatdırar; O, hidayətə çatacaq olanları daha yaxşı biləndir. (Qəsəs surəsi, 56)

HAFİD

Alçaldan

O alçaldacaq, ucaldacaqdır. (Vaqiə Surəsi, 3)

Hər insan müəyyən bir zəka səviyyəsi, görmə, düşünmə və düşündüklərindən nəticə çıxarma qabiliyyətinə malikdir. Məsələn, insan öz bədəninin quruluşundakı qüsursuzluğa baxdıqda mükəmməl bir dizayn görür. Bu dizaynın detallarındakı ağıl əlamətlərini düşündükdə bütün bunları planlayan, hazırlayan və var edənin olduğunu dərk edir.

Ancaq, şübhəsiz, bu sayılanlar sahib olduqları qabiliyyətləri istifadə edən insanlara aiddir. Bir də qarşılaşdıqları hadisələr üzərində heç düşünməyən insanlar vardır ki, bunlar yer üzündəki insanların əksəriyyətini təşkil edirlər. Daha əvvəl də ifadə etdiyimiz kimi, bu insanlar dünyaya gəlir, böyüyür, hər kəs kimi normal bir həyat yaşayır və ölürlər. Halbuki Allah Quranda düşünüb nəticə çıxaranları tərifləmiş, digərlərini isə alçaldacağını bildirmişdir. Ayələrdə belə buyrulur:

O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür (və deyirlər:) “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru! Ey Rəbbimiz! Sən Oda saldığın kəsi rüsvay edərsən. Zalımların köməkçiləri olmaz. (Ali-İmran surəsi, 191-192)

Düşünüb nəticə çıxaranlar Allahın ucaltdığı insanlardır. Bu insanlar Allaha qul olmaq üçün əmrləri tam olaraq yerinə yetirir və bu xüsusiyyətləri ilə digərlərindən tamamilə fərqlənirlər. Digər qrup (düşünməyən insanlar) isə insani qabiliyyətlərə sahib olmalarına baxmayaraq, bunları istifadə etmir və sadə həyat yaşayırlar. Heyvan kimi fiziki ehtiyaclarını təmin edəcəkləri həyatı seçirlər. Bu insanlar da Allahın yaratdığı, ancaq vicdanlarını istifadə etmədikləri, düşünmədikləri və adi yaşayışı seçdikləri üçün alçaltdığı şəxslərdir. Bu şəxslərlə əlaqədar Quranda belə bir nümunə verilir:

Kafirlərin məsəli çığırtı və bağırtıdan başqa bir şey anlamayanları haylayanın məsəlinə bənzəyir. Onlar kar, lal və kordurlar, anlamazlar. (Bəqərə surəsi, 171)

HAFİZ

Qoruyan, nəzarət edən, mühafizə edən

Əgər üz çevirsəniz, mənə əmr olunanı sizə çatdırdım. Rəbbim yerinizə başqa bir camaat gətirər və siz də Ona heç bir zərər yetirə bilməzsiniz. Şübhəsiz ki, Rəbbim hər şeyi hifz edir”. (Hud surəsi, 57)

Bu gün elm adamlarının çoxu kainatın yoxdan var olması mövzusunda ortaq fikirdədirlər. Çünki əllərindəki bütün dəlillər bu gerçəyə işarə edir. Kainatın yoxdan yaranması əsnasında ortaya çıxan atomlarla, bu gün canlı-cansız hər şeyi meydana gətirən atomların bir-birləri ilə eyni olduğunu da elm ortaya qoyur. Kainatın ilk yaradılış anında nə qədər atom varsa, hazırda da o qədər atom var. Ancaq bir fərqlə: Yoxdan yaranma anında böyük bir sürətlə ətrafa dağılan atomlar bu gün ulduzları, Dünyanı, atmosferdəki havanı, yer üzündəki suyu, torpağı və hətta sizin bədəninizi meydana gətirirlər. Üstəlik bunu elə qüsursuz bir şəkildə təşkil edirlər ki, hər bir atoma hakim olan yaradıcı gücün varlığı dəqiq şəkildə özünü göstərir. Çünki bir nizamın varlığı onu yaradanın varlığını zəruri edir.

Bu nöqtədə qarşımıza bu gerçək çıxır: Ortada heç bir şey yox ikən maddəni yaradan və qüsursuz bir nizam meydana gətirən Allah, əlbəttə ki, bu nizamın meydana gəlməsindəki hər mərhələdən də xəbərdardır. Çünki belə kompleks sistemin tək bir anının belə idarəsiz meydana gəlməsi mümkün deyil.

Budur, bu gerçək bizə kainatdakı sistemi təşkil edən, var edən Allahın sonsuz elmini göstərir. O, hər şeyi yoxdan var etmiş və qüsursuz bir nizam qurmuşdur. Hələ də bu nizamı müşahidə edir və qoruyur. Necə ki: " Həqiqətən, sənin Rəbbin nəzarət edir." (Fəcr surəsi, 14) ayəsi Allahın kainat üzərindəki davamlı qorumasını bizlərə bildirir.

Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə