Allahın isimləri


Biz əmanəti göylərə, yerə və dağlara təklif etdik. Onlar onu daşımaqdan imtina etdilər. Lakin insan onu boynuna götürdü. Doğrudan da, o, zalım və cahildir



Yüklə 0,91 Mb.
səhifə6/15
tarix26.09.2017
ölçüsü0,91 Mb.
#1667
1   2   3   4   5   6   7   8   9   ...   15

Biz əmanəti göylərə, yerə və dağlara təklif etdik. Onlar onu daşımaqdan imtina etdilər. Lakin insan onu boynuna götürdü. Doğrudan da, o, zalım və cahildir. (Əhzab surəsi, 72)

Həqiqətən insan, Rəbbinə qarşı çox nankordur. (Adiyat surəsi, 6)

İnsanı yaradan Allah, şübhəsiz, onun içindəkiləri də bilir. İnsanın hər an səhv edə biləcəyi, nankorluq, cahillik edə biləcəyi Onun elmi daxilindədir. Şübhəsiz, O, qullarına qarşı çox şəfqətli və mərhəmətlidir. Bu qədər mərhəmətli olduğu üçün insanlara xilas yolunu göstərmişdir: tövbə etmək.

Zalım, cahil və nankor olan insana nəfsindəki bu pisliklərdən qorunmaq və işlədiyi səhvləri düzəltmək üçün böyük bir imkan verilib. İnsanın hər cür pis hərəkəti ola bilər, hər cür səhv edə bilər, Allaha heç gözlənilməyən şəkildə nankorluq da etmiş ola bilər. Ancaq səmimi, Allaha qəlbən bağlı və Onun əzabından içi titrəyərək qorxub çəkinən insandırsa tövbə edər və bu şəkildə nicat tapar. Çünki Allah səmimi edilən tövbələri qəbul edəcəyini, Özündən qorxan qullarının səhvlərini bağışlayacağını vəd etmişdir.

Şübhəsiz, Allahın 'Kabil' sifəti insanlar üzərindəki şəfqətinin və mərhəmətinin açıq nümunəsidir. Allahın heç nəyə ehtiyacı yoxdur. Diləsəydi insanların bütün bu etdiklərinin heç birini qəbul etməzdi. Lakin Allah sonsuz rəhmətiylə insanların buna ehtiyaclarının olduğunu bilib, səmimi ürəklə edilən tövbələri qəbul edəcəyini xəbər verib. Allah bağışlayan olduğunu bir ayədə belə bildirir:

Məgər onlar bilmirlər ki, Allah qullarından tövbə qəbul edər, sədəqə alar və Allah tövbələri qəbul edəndir, rəhmlidir?! (Tövbə surəsi, 104)

KADİ

Hökmünü yerinə yetirən, işini bitirən

Göyləri və yeri icad edən Odur. O, bir işi yaratmaq istədikdə ona ancaq: “Ol!”– deyər, o da olar. (Bəqərə surəsi, 117)

Allah sonsuz qüvvət və qüdrət sahibidir. Ayələrdə də bildirildiyi kimi, bir şeyin olmasını istədiyi zaman ona yalnız 'OL' deyir və dilədiyi şey dərhal reallaşır. Şübhəsiz, bu, Allahın əzəmətinin, kainatdakı hakimiyyətinin açıq-aşkar təcəllisidir.

İnsanlar yer üzündə bəzi səbəb-nəticə əlaqələrindən asılı olaraq yaşayır. Məsələn, yer səthində sabit dayanmaq üçün cazibə qüvvəsinə, gəmilərini suda üzdürmək üçün suyun qaldırma qüvvəsinə və daha saysız-hesabsız səbəbdən, qanundan asılıdırlar. Halbuki, Allah bütün bunlardan münəzzəhdir. Çünki bütün səbəbləri və nəticələri yaradan Odur. Allah hər şeyi müəyyən qanunlar, səbəb-nəticə əlaqələri çərçivəsində yaradır və bu şəkildə insanları sınayır. Kimin həqiqətən qulluq edəcəyini, kimin də başqa ilahlar qəbul edərək inkar edəcəyini təyin edir. Heç şübhəsiz, Allah üçün səbəbsiz yaratmaq çox asandır. Necə ki, Quranda Allahın insanlara göstərdiyi möcüzələrdən bəhs edilir. Məsələn, hz. İsanın atasız doğumu bunlara bir nümunədir:

(Məryəm) dedi: “Ey Rəbbim! Mənə bir insan toxunmadığı bir halda necə övladım ola bilər?” (Allah) dedi: “Allah beləcə istədiyini yaradır. O, bir işin olmasını istədikdə ona ancaq “Ol!”– deyir, o da olur”. (Ali-İmran surəsi, 47)

Ayədən də göründüyü kimi, Allah 'Ol' dedikdən sonra baş verməyəcək heç bir hadisə yoxdur. Allahın sonsuz qüdrət sahibi, bütün kainatın maliki, bütün insanların hakimi olduğu ayələrdə belə xəbər verilir:

Həqiqətən, Allah yanında İsanın məsəli Adəmin məsəli kimidir.( Allah) onu torpaqdan yaratdı, sonra isə ona “Ol!”– dedi, o da oldu. (Ali-İmran surəsi, 59)

Göyləri və yeri haqq olaraq xəlq edən Odur. O: “Ol!”– dediyi gün (hər şey) olar. Onun Sözü haqdır. Sur üfürüləcəyi gün hökm Ona məxsus olacaqdır. Qeybi və aşkarı Bilən də Odur. O, Müdrikdir, Xəbərdardır. (Ən'am surəsi, 73)

Bir şeyi (yaratmaq) istədikdə ona təkcə: “Ol!” deyər, o da olar. (Yasin surəsi, 82)

Dirildən də, Öldürən də Odur. O, bir şeyin olmasını istədikdə ona ancaq: “Ol”– deyir, o da olur. (Mömin surəsi, 68)

KARİB

Yaxın olan

Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər. (Bəqərə surəsi, 186)

Allahı haqqıyla tanımayanlar və Quran ayələrindən uzaq yaşayanlar, Allahın varlığı haqqında çox səthi və az məlumata sahibdirlər. Bunlardan "yeri və göyləri yaradan kimdir?" - deyə soruşduqda: "Allahdır" - deyirlər. Lakin insanı ən incə detalına qədər planlayıb, ən gözəl surətdə yaradan Allahın göylərdə olduğunu və özlərindən çox uzaqda olduğunu zənn edirlər. Halbuki Allah qatından göndərdiyi ayələrlə Özünü qullarına tanıdır. İnsana nə qədər yaxın olduğunu Qaf surəsinin 16-cı ayəsində belə bildirir:

İnsanı Biz yaratdıq və nəfsinin ona nəyi vəsvəsə etdiyini də bilirik. Biz ona şah damarından da yaxınıq. (Qaf surəsi, 16)

Belə ki, "iki adam danışarkən üçüncüsü Allahdır, üç adam danışarkən dördüncüsü Allahdır". İnsan pıçıldasa da Allah onu eşidir, yerindən tərpənsə belə onu görür. Allah adamın içindən keçən hər düşüncəni bilir. O yatarkən də, yeriyerkən də, danışarkən də Allah onun yanındadır. O bütün bunları edərkən Allahı görə bilmir, lakin Allah onu görür.

... Elə isə ondan bağışlanma diləyin, sonra da Ona tövbə edin. Şübhəsiz ki, Rəbbim Yaxındır, cavab verəndir”. (Hud surəsi, 61)

De: “Əgər mən (haqq) yoldan çıxsam, öz əleyhimə çıxmış olaram. Yox, əgər doğru yolla gedirəmsə, bu da Rəbbimin mənə nazil etdiyi vəhyə görədir. Həqiqətən, O, Eşidəndir, Yaxındır”. (Səba surəsi, 50)

KASİM

Paylaşdıran, ruziləri, nemətləri ədalət, hikmət və rəhmət içində bölüb hamıya nəsibini verən

Sənin Rəbbinin mərhəmətini onlarmı bölüşdürürlər? Biz dünya həyatında onların dolanışıqlarını aralarında bölüşdürdük. Biri digərini öz yanına işçi götürsün deyə, bəzilərinin dərəcələrini digərlərindən üstün etdik. Sənin Rəbbinin mərhəməti onların yığdıqlarından daha xeyirlidir. (Zuxruf surəsi, 32)

Amazonda yüz illərlə yıxılmadan dayanan ağaclar, şimal qütbündə hər tərəfi buzlarla əhatə olunmuş adada yaşayan pinqvin dəstəsi, səhrada 30 il heç tərpənmədən dayanan kaktus, yağış meşələrində daşıdıqları yarpaqlardan istehsal etdikləri göbələklərlə bəslənən qarışqalar və bunlar kimi milyonlarla il həyatlarını davam etdirən canlılar dəstəsi...

Yuxarıda sadalanan və sadalanması mümkün olmayan canlıların hamısı yaşamaq üçün qidalanmağa möhtacdır. Bəzisinin həddən artıq suya ehtiyacı olur, bəzisi illərlə heç su içmir, biri istini sevərkən, digəri istidə yaşaya bilmir. Bununla yanaşı hamısının bir yerdə yaşaması üçün bir çox şərtin eyni anda olması vacibdir. Bütün bu canlıları yaradan Allah hər birinin ehtiyaclarını ayrı-ayrı yaratmışdır.

Allah 100 illərlə meşədə olan ağacı, burada adı çəkilən və ya çəkilməyən bütün canlıları qidalandırır və qoruyur. Bununla yanaşı hamısını eyni torpaqla ruziləndirir. Torpağın içindəki bütün mineralları, göydən endirdiyi yağışı canlılar arasında bərabər paylaşdırır.

Allah yaratdığı hər şeyin ehtiyacını qarşılaması və yaratdığı canlılar arasında rəhmətini paylaşdırmasıyla sonsuz şəfqətini, mərhəmətini göstərir. Əlbəttə, insan da bu canlılar arasındadır. Allah insanın yaşaması üçün növbənöv nemətlər yaratmış, ehtiyacı olan hər şeyi özünə vermişdir. Necə ki, bu əhəmiyyətli gerçəyə Quranda belə diqqət çəkilir:

O sizə istədiyiniz hər şeydən vermişdir. Əgər Allahın nemətlərini sayacaq olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, çox nankordur. (İbrahim surəsi, 34)

Kavi

Çox güclü olan

(Bunların əməli) Firon nəslinin və onlardan əvvəlkilərin əməlinə bənzəyir. Onlar Allahın ayələrini inkar etdilər, Allah da onları günahlarına görə yaxaladı. Şübhəsiz ki, Allah Qüvvətlidir, cəzalandırması da şiddətlidir. (Ənfal surəsi, 52)

Tarix boyu Allah müxtəlif qövmlərə elçilər göndərmiş, onların vasitəsiylə insanlara yönəlməli olduqları doğru yolu bildirmişdir. Göndərilən elçilər də tək ilahın Allah olduğunu, yalnız Allahdan qorxub çəkinməli və əmrlərini yerinə yetirməli olduqlarını qövmlərinə təbliğ etmişlər. Ancaq "Bu ona görə idi ki, elçiləri onlara açıq-aydın dəlillər gətirdikləri halda, onlar inkar edirdilər. Buna görə də Allah onları (əzabla) yaxaladı. Həqiqətən, O, Qüvvətlidir, cəzası da şiddətlidir". (Mömin surəsi, 22) ayəsində bildirildiyi üzrə qövmlərin çoxu inkar etmiş, elçiləri yalanlamış və Allahın əzabına düçar olmuşlar.

Hər dövrdə Allahın göndərdiyi elçiləri inkar edən, onlara mümkün olduğu qədər çətinlik yaratmağa çalışan inkarçılar Allahın əzabını görənə qədər bu hərəkətlərindən imtina etməmişlər. Onlar yer üzündə iqtidar, güc və sərvət sahibi olduqlarını düşündükləri üçün özlərini haqlı görmüş, təkəbbürlənmişlər. Halbuki, unutduqları çox əhəmiyyətli bir gerçək var: Allah ən böyük güc sahibidir.

Bu əhəmiyyətli gerçəyi qavramayan inkarçılar həmişə təkəbbürlənmişlər. Allah diləsə bütün mallarının bir fırtına ilə yox olacağını, şiddətli bir yağışla əkinlərinin məhv ediləcəyini, bir mikrobla bütün yaxınlarının ölə biləcəyini və bunun kimi bir çox səbəbi gözardı etmişlər. Nəticədə yer üzündə də, ölümdən sonra axirətdə də Allahın əzabı ilə üz-üzə gəlmişlər. Allah inkarçılara Quranda belə səslənir:

İnsanlardan elələri də vardır ki, Allahdan qeyrilərini (Ona) tay tutur, onları da Allahı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allaha olan sevgisi daha güclüdür. Kaş zülm edənlər əzabı gördükləri zaman bütün qüdrət və qüvvətin Allaha məxsus olduğunu və Allahın şiddətli əzab verdiyini görəydilər. (Bəqərə surəsi, 165)

Onlar Allahı lazımınca qiymətləndirmədilər. Şübhəsiz ki, Allah Qüvvətlidir, Qüdrətlidir! (Həcc surəsi, 74)

Allah kafirləri qəzəbli olduqları halda geri qaytardı və onlar heç bir xeyrə nail olmadılar. Döyüşdə Allah möminlərə kifayət etdi. Allah Qüvvətlidir, Qüdrətlidir. (Əhzab surəsi, 25)

KAFİ

Varlığı varlıqların bütün ehtiyaclarına kifayət edən

Məgər Allah Öz bəndəsinə kifayət deyilmi?! Onlar isə səni Ondan qeyriləri ilə qorxudurlar. Allahın yoldan çıxartdığı kimsəyə heç kəs yol göstərə bilməz. (Zumər surəsi, 36)

Allaha tam yəqinliklə iman etməyən insanların qorxduqları bir çox hadisə və varlıqlar var. Bəziləri insanlardan gələcək zərərlərdən qorxur, bəziləri təbiət hadisələrindən, bəziləri isə mal-dövlətini, sevdiklərini itirməkdən...

Halbuki Allah yəqinliklə iman edən insanlara Quranda belə buyurur:

Əgər yəqinliklə inanırsınızsa, (bilin ki, Allah) göylərin, yerin və onların arasında olanların Rəbbidir. Ondan başqa məbud yoxdur. O həm dirildir, həm də öldürür. O həm sizin Rəbbiniz, həm də əcdadlarınızın Rəbbidir. (Duxan surəsi, 7-8)

Ayələrdə də bildirildiyi kimi, göylərdə və yerdə tək ilah Allahdır. Möminlər bilir ki, Ondan başqa heç bir varlıq özlərinə zərər və ya fayda verməyə qadir deyildir. Əgər çətinliklə qarşılaşsalar Allaha yönəlir və Onun özlərinə kömək edəcəyini, dualarına qarşılıq verəcəyini bilirlər. Allahdan başqasından kömək, fayda ummurlar. Çünki yer üzündə tək güc sahibi olan Odur və heç bir varlığın Onun diləməsi xaricində zərər və ya fayda vermə qabiliyyəti yoxdur.

Buna görə də həqiqətən iman edən insan yalnızca Allahdan kömək istəyib, yalnızca Allahdan qorxur. Necə ki, yuxarıdakı ayələrdə xəbər verilən: “Məgər Allah Öz bəndəsinə kifayət deyilmi?” - şəklindəki sualdan sonrakı ayələr belə davam edir:

Allahın doğru yola yönəltdiyi kimsəni də azdıran olmaz. Məgər Allah Qüdrətli, intiqam almağa qadir deyilmi? Əgər sən onlardan: “Göyləri və yeri kim yaratmışdır?”– deyə soruşsan, onlar mütləq: “Allah!”– deyəcəklər. De: “Bir deyin görək, əgər Allah mənə bir zərər toxundurmaq istəsə, sizin Allahdan başqa ibadət etdikləriniz Onun zərərini aradan qaldıra bilərlərmi? Ya da O mənə bir mərhəmət göstərmək istəsə, onlar Onun mərhəmətinin qarşısını ala bilərlərmi?” De: “Mənə Allah yetər. Təvəkkül edənlər yalnız Ona təvəkkül edirlər!” (Zumər surəsi, 37-38)

KƏBİR

Çox böyük

(Allah) qeybi və aşkarı Biləndir, Böyükdür, Ucadır. (Rəd surəsi, 9)

Allah kainatdakı bütün canlıları öz idarəsi altında saxlayır; torpağın içinə atılan minlərlə toxumun nə vaxt cücərəcəyini, bir quyruqlu ulduzun dünyanın neçə kilometr uzaqlığından keçəcəyini, hansı canlının nə vaxt doğulacağını və nə vaxt öləcəyini, atomun nüvəsinin ətrafında fasiləsiz olaraq fırlanan elektronların orbitlərini və burada saya bilməyəcəyimiz hər şeyi bilir. Allah sonsuz böyüklüyü ilə yer üzündə yaşayan bütün insanların ağlından keçən düşüncələrə, hamısının şüuraltına, gördükləri işlərindəki niyyətlərinə də hakimdir.

Allah hamısının qədərini (qismətini) ən incə detalına qədər təyin edir. Qeybin elmi yalnız Allaha məxsusdur. Allahın sonsuz ağlını, elmini, bağışlamasını, mərhəmətini və əzabını insanın qavraması qeyri-mümkündür. Allah dilədiyi hər şeyi yaratmağa qadirdir.

Heç kim Onun qərarlarına kiçik bir müdaxilə belə edə bilməz. Allah kainatdakı hər hansı bir canlı üçün zərər diləsə onu heç kim qaldıra bilməz, rəhmət dilədiyində də Onun rəhmətinə heç kim mane ola bilməz.

İnsanın vəzifəsi isə sadəcə bu cür böyük gücün qarşısında hörmət dolu bir qorxu ilə səcdə etmək, hər şeyin hakimi olan Rəbbimizə sığınıb özünə mərhəmət etməsini istəməkdir. Çünki Allah mərhəmət etməsə insanın qurtulması mümkün deyil. Allahın böyüklüyü və Ondan başqa ilah olmadığı ayələrdə belə xəbər verilir:

Bu belədir. Çünki Allah Haqdır. Ondan başqa yalvardıqları isə batildir. Həqiqətən, Allah Ucadır, Böyükdür. (Həcc surəsi, 62)

Bu belədir. Çünki Allah Haqdır. Ondan başqa ibadət etdikləri isə batil (bütlərdir). Həqiqətən, Allah Ən Ucadır, Ən Böyükdür. (Loğman surəsi, 30)

KƏRİM

Kərəmi bol olan, comərd olan

... Kim şükr etsə, artıq o özü üçün şükr etmişdir, kim nankorluq etsə, həqiqətən mənim Rəbbim Gani (heç bir şeyə və kimsəyə ehtiyacı olmayan)dir, Kərim olandır. (Nəml surəsi, 40)

Allah kainatı ən incə detalına qədər yaratmış və Öz sifətləriylə şəkilləndirmişdir. Var olan hər şey Ondandır. Bütün gözəlliklər, incəliklər Onun ağlının təcəlliləridir. Digər bütün varlıqlar kimi insanlar da Onun diləməsi ilə yer üzünə gəlirlər. Ana bətnində bir tikə ət parçası olan insan doğulur, böyüyür, gözəl simaya sahib olur və beləliklə, Allahın yaratma sənətini əks etdirir. Necə ki, ayələrdə insanın üstünlüyü belə bildirilmişdir:

Ey insan! Səni Kərim olan Rəbbinə qarşı aldadan nədir? O Rəbbin ki, səni yaratdı, düzəldib qaydaya saldı. Sənə Özü istədiyi surətdə biçim verdi. (İnfitar surəsi, 6-8)

Ancaq bəzi insanlar düşünmə qabiliyyətinə sahib olduqları halda, bu cür mükəmməl təşkil edilmiş dünyaya necə gəldiklərini, ətraflarındakı saysız neməti kimin verdiyini düşünmürlər. Quranda bu insanlar üçün belə deyilir:

İnsanın elə bir dövrü olub keçmişdir ki, o, xatırlanmağa layiq bir şey olmamışdır! Həqiqətən, Biz insanı qarışıq bir nütfədən yaratdıq. Biz onu imtahana çəkəcəyik. Biz onu eşidən, görən yaratdıq. Biz ona haqq yolu göstərdik. İstər minnətdar olsun, istər nankor. (İnsan surəsi, 1-3)

Özünə verilmiş qabiliyyəti istifadə edən və görüb-düşünən insan isə özünü kimin yaratdığını, özünün əldə edə bilməyəcəyi saysız neməti ona kimin verdiyini, hiss etmə, düşünmə qabiliyyətlərinə necə sahib olduğunu düşünür. Bunları düşünən insanın qarşısına çıxan gerçək budur: Onu var edən və əsla gücünün çatmayacağı üstün nemətləri bağışlayan, son dərəcə comərd bir Yaradıcı var. Bu Yaradıcı göyün və yerin Rəbbi olan Allahdır və Quranda insanlara belə buyurur:

Yaradan Rəbbin adıyla oxu. O, insanı bir ələqdən yaratdı. Oxu, Rəbbin ən böyük kərəm sahibidir; O, qələmlə (yazmağı) öyrədəndir. İnsana bilmədiklərini öyrətdi. Xeyr; insan azğınlıq edər, Özünün ehtiyacsız olduğunu zənn etdiyinə görə. Şübhəsiz, son dönüş Rəbbinədir. (Ələq surəsi, 1-8)

Yuxarıdakı ayələrdən də göründüyü kimi insanın özünü yaradan “ən böyük kərəm sahibi” olan Allaha qarşı vəzifəsi şükr etməkdir. Allah insana saysız nemətlər vermiş və qarşısında da yalnız Özünə qulluq etməsini, təkəbbürlənməməsini istəmişdir. Bu Allahın səmimi qullarının sahib olduqları əxlaqdır. Onlar da dünyada göstərdikləri bu fəzilətli davranışlarının qarşılığını axirətdə daha gözəli ilə alacaqlar.

QAFFAR

Bağışlaması çox olan

Və dedim: “Rəbbinizdən bağışlanmağınızı diləyin. Çünki O, çox bağışlayandır!” (Nuh surəsi, 10)

Allahın bağışlaması sonsuzdur. O, yaratdığı bütün qullarına tövbə edərək təmizlənmə imkanı verir. İnsan cahilliklə etdiklərindən ötəri dünyada bağışlanma diləyərək cəhənnəm əzabından xilas ola bilər. Səmimi bir şəkildə Qurana tabe olaraq Allahın əmrlərinə dəqiq şəkildə itaət etdiyi təqdirdə Rəbbimizin bağışlayan və əsirgəyən olduğunu görər. Allah saleh əməllər işləyən qullarının bütün günahlarını bağışlayacağını müjdələmişdir. Allah bir ayəsində “Əgər siz şükür etsəniz və iman gətirsəniz, Allah sizə nə üçün əzab versin ki…” (Nisa surəsi, 147) deyərək insanlar üzərində nə qədər geniş bağışlama sahibi olduğunu onlara bildirmişdir. Necə ki, “cahil və nankor” olan insanların bir çox nemət içində həyatlarını davam etdirmələri də Allahın bağışlaması ilədir. Allah bu həqiqəti Quranda belə bildirir:

Əgər Allah insanları etdikləri günahlara görə cəzalandırsaydı, (Yer) üzündə bir nəfəri belə (sağ) qoymazdı. Lakin Allah onları müəyyən bir vaxta qədər gecikdirər. Nəhayət, onların vaxtı gəlib çatdıqda, artıq şübhəsiz Allah öz bəndələrini görəndir! (Fatır surəsi, 45)

Allah bütün insanlara nəsihət alanın nəsihət ala biləcəyi qədər müddət verir. Onlara özlərini xəbərdar edib qorxudacaq elçilər göndərir və bu elçilər vasitəsi ilə qorxub çəkinməli olduqları hər şeyi bildirir. Ancaq bütün bunlara baxmayaraq, inkarda dirənən insanlar da, əlbəttə, işlədikləri günahların cəzasını çəkəcəklər. Allah ayələrdə belə buyurur:

Şübhəsiz ki, Mən həm də tövbə edib iman gətirəni yaxşı işlər görüb, sonra da doğru yolu tutanı çox bağışlayanam! (Taha surəsi, 82)

Sonra Rəbbin cahillikləri üzündən pis iş görən, ondan sonra tövbə edib özlərini islan edən kimsələri (əfv edər). Həqiqətən, Rəbbin sonra bağışlayandır, rəhm edəndir! (Nəhl surəsi, 119)

Ey iman gətirənlər! Allahdan qorxun və Onun peyğəmbərinə iman gətirin ki, sizə Öz mərhəmətindən iki pay versin, sizə getməyiniz üçün nur bəxş etsin və sizi bağışlasın. Allah bağışlayandır, rəhm edəndir! (Hədid surəsi, 28)

QANİYY

Çok zəngin, hər şeydən müstəğni (münəzzəh) olan (heç kimə ehtiyacı olmayan)

Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə möhtac deyildir. O şükrə layiqdir! (Fatır surəsi, 15)

Tarix boyunca yaşayan azğın və özündənrazı şəxslərin ortaq xüsusiyyətlərindən biri də güc və mal-mülk sahibi olmalarıdır. Bu şəxslər Allahın verdiyi nemət və imkanlarla Allaha qarşı böyüklənmiş və Ondan üz çevirmişlər. Sahib olduqları hər şeyin gerçək sahibinin Allah olduğunu unutmuş, Onun özlərinə lütf edib bağışladığı mal-mülkü sahiblənməyə çalışmışlar. Sadəcə inkar etməklə qalmamış, iman edənlərə də təzyiq və zülm etmiş, Allahın elçilərinə də düşmənliklə baş qaldırmışlar. Sonda Allah dözülməz bir əzabla onları cəzalandırmış, özlərini də, mallarını da məhv etmiş və hər şeydən müstağni olduğunu (heç kimə ehtiyacı olmadığını) göstərmişdir. Allah bu qövmlərin vəziyyətlərini bir ayədə belə xəbər verir:

Çünki peyğəmbərləri onlara açıq-aşkar möcüzələr gətirir, onlar isə: “Məgər bizi doğru yola bir insanmı salacaqdır?!” – deyərək inkar edir və üz döndərirlər. Allahın ehtiyacı yoxdur. Allah heç bir şeyə möhtac deyildir. O, şükrə layiqdir! (Təğabun surəsi, 6)

Bu inkarçı və təkəbbürlü insanların unutduqları, ya da qavraya bilmədikləri həqiqət göylərin, yerin və bu ikisi arasında olan hər şeyin xəzinələrinin gerçək sahibinin Allah olduğudur. Allah bu gerçəyi Quranda belə bildirmişdir:

Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Biz sizdən əvvəl kitab verilənlərə də, sizə də Allahdan qorxmanızı tövsiyə etdik. Əgər Allahı inkar etsəniz belə, göylərdə və yerdə nə varsa, Allahındır. Allah ehtiyacsızdır, şükür olunmağa, (tərif olunmağa) layiqdir. (Nisa surəsi, 131)

Ayələrdə xəbər verilən bu şəxslər mal sahibi olduqları üçün böyüklənmiş, Allaha ibadət etməkdən və özlərinə haqqı gətirən elçilərdən üz çevirmişlər. Quranda inkarçıların bu davranışlarına qarşılıq hz. Musanın sözləri nümunə verilərək belə buyurulur:

Musa dedi: “Əgər siz və bütün yer üzündə olanlar nankorluq etsəniz, (bununla Allaha heç bir zərər yetirə bilməzsiniz). Çünki Allah möhtac deyildir. Tərifə layiqdir!” (İbrahim surəsi, 8)

Qurandakı bir çox ayədə xəbər verildiyi kimi, Allah güc və zənginliyin gerçək sahibidir. O heç kimə və heç nəyə möhtac deyildir, ancaq hər şey Ona möhtacdır. Bu gerçək bir ayədə belə bildirilir:

Məgər onlar yer üzündə dolaşıb özlərindən əvvəlkilərin axırının necə olduğunu görmürlərmi? Halbuki onlar bunlardan daha qüvvətli idilər. Göylərdə və yerdə Allahı aciz edə biləcək heç bir şey yoxdur. Həqiqətən, O biləndir, qadirdir! (Fatır surəsi, 44)

QADİR

İstədiyini istədiyi kimi etməyə gücü çatan

Yer üzünü qupquru görməyin də Onun dəlillərindəndir. Biz yerin üzərinə su endirdikdə o, hərəkətə gəlib qabarır. Şübhəsiz ki, onu dirildən, ölüləri də hökmən dirildəcəkdir. Həqiqətən, O, hər şeyə qadirdir. (Fussilət surəsi, 39)

Quranın bir çox ayəsində bildirildiyi kimi reallaşan hər hadisə Allahın elmi daxilindədir və Onun "Ol" deməsiylə yaranır. Yer üzündə hər bir yarpağın budaqdan qopub düşməyi Onun icazəsi ilədir, yenə heç bir dişi Onun icazəsi olmadan hamilə qalmaz və heç bir canlı Ondan xəbərsiz doğulmaz. Kainatda reallaşan hər hadisə, ancaq Onun diləməsiylə baş verir. O, iman etməyən bir qövmün yerinə dərhal yenisini gətirməyə qadirdir. Dilədiyinə tayı-bərabəri olmayan mülk verər, dilədiyindən bütün mülkünü alar. İman etməyən qövmə əzab heç gözləmədikləri anda və heç gözləmədikləri şəkildə gələr. Allah diləsə yer üzünün bütün bərəkətini alar, onu qurudar və üzərində həyata dair heç bir iz buraxmaz. Göylərdə və yerdə Allahı aciz buraxacaq heç bir qüvvət yoxdur. O, istədiyini istədiyi şəkildə etməyə qadirdir. Allahın sonsuz güc və qüdrəti ayələrdə belə bildirilir:

Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə