Allahın isimləri



Yüklə 0,91 Mb.
səhifə7/15
tarix26.09.2017
ölçüsü0,91 Mb.
#1667
1   2   3   4   5   6   7   8   9   10   ...   15

Məgər onlar yer üzündə gəzib-dolaşıb özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmürlərmi? Onlar ki bunlardan daha qüvvətli idilər. Göylərdə və yerdə Allahdan qaçıb xilas ola biləcək heç bir şey yoxdur. Həqiqətən, O, Biləndir və (hər şeyə) Qadirdir. (Fatir surəsi, 44)

And içirəm məşriqlərin və məğriblərin Rəbbinə! Biz doğrudan da, (elə bir) qüdrətə malikik ki, – (onları) daha yaxşıları ilə əvəz edə bilərik. (Bunda) qarşımıza çıxa bilən tapılmaz. (Məaric surəsi, 40-41)

QAHHAR

Qəhr edən, hər şeyə istədiyini edəcək surətdə qalib və hakim olan

O gün yer başqa bir yerlə, göylər də (başqa göylərlə) əvəz olunacaq (və insanlar) Tək olan, Qalib gələn Allahın hüzurunda duracaqlar. (İbrahim surəsi, 48)

Allah insanların çətinliklərini aradan qaldırma gücünə və onların ürəklərinə fərahlıq verməyə necə qadir isə onları böyük bir əzabla qəhr etməyə də qadirdir. Quranda Allahın Öz qatından göndərdiyi əzablarla həlak olmuş qövmlərdən nümunələr verilir. Bu insanlar haqq dindən üz çevirdikləri və Allaha baş qaldırdıqları üçün səhər vaxtı, heç şüurunda belə olmadan böyük bir fəlakətlə yox edilmişlər. Allah inkar edən qövmlərin üzərinə evlərini yerlə bir edən qasırğalar göndərmiş, palçıqdan daşlar yağdırmışdır. Xəbərdar etdiyi insanların yaşadıqları şəhərləri yerlə-yeksan edən leysanlar yağdırmışdır. Torpağın altını üstünə çevirən zəlzələləri üstlərinə göndərmiş, yalnız bir səslə hamısını yerin dibinə keçirmişdir. Açıq-aydın göründüyü kimi Allahın bir insanı qəhr etməsi heç nə ilə müqayisə edilə bilməz.

Lakin bütün bu saydıqlarımız Allahın dünya həyatında insanlara verdiyi əzablardır. Onları etdiklərindən ötəri dünyada yaşayarkən qəhr etməsidir. Amma insanın əsl əzabla qəhr edilməsi cəhənnəmdədir. Allahın sonsuz rəhmətinə qarşılıq olaraq Onun qədrini təqdir edə bilməyən və nankorluq edən insanlar axirətdə cəhənnəm əzabı ilə qarşılaşacaqlar. Dünyada işlədikləri günahların tam qarşılığı axirətdə özlərinə veriləcək.

Allah inkarçıları cəhənnəmə atmaqla daha əvvəl heç qarşılaşmadıqları əzabla cəzalandıracaq, cəhənnəm oduyla yanan dərilərini yeniləri ilə dəyişdirəcək və onların üzərinə oddan divarlar hörəcək. Belə ki, insanın dünyada çəkdiyi əzablar cəhənnəmdə qarşılaşdıqlarının yanında çox yüngül olacaq. Necə ki, Quranda cəhənnəmə girən insanların Allahdan özlərini öldürməsi və əzabdan qurtarması üçün yalvardıqları xəbər verilir.

Allah dünya həyatında Özündən üz çevirənləri cəhənnəmdə sonsuz gücü ilə qəhr edəcək. Allahın bu vədi ayələrdə belə xəbər verilir:

O Öz qulları üzərində mütləq hakimiyyət sahibidir. O, Müdrikdir, Xəbərdardır. (Ən'am surəsi, 18)

De: “Göylərin və yerin Rəbbi kimdir?” De: “Allahdır!” De: “Siz Onu qoyub özlərinə nə bir fayda, nə də bir zərər verməyə qadir olmayanlarımı özünüzə dost tutursunuz?” De: “Korla görən eyni ola bilərmi? Yaxud zülmətlə nur eyni ola bilərmi?” Yoxsa onlar Allaha, Onun yaratdığı kimi yaradan şəriklər tapdılar və (bu) yaradılış onlara bənzər göründü? De: “Hər şeyi yaradan Allahdır. O Təkdir, Qalib gələndir”. (Rəd surəsi, 16)

O gün (insanlar) (yer üzünə) çıxacaq və onların heç bir şeyi Allahdan gizli qalmayacaqdır. (Allah deyəcək:) “Bu gün hökm kimə məxsusdur? Tək olan, qalib gələn Allaha!” (Mömin surəsi, 16)

QƏDİM

Əvvəldən xəbərdar edən, əvvəldən bildirən

(Allah) deyəcəkdir: “Mənim hüzurumda höcətləşməyin. Mən əvvəlcədən sizi xəbərdar etmişdim. (Qaf surəsi, 28)

Allah sonsuz ədalət sahibidir. Özünə qulluq etmələri üçün yaratdığı insanlara elçilər göndərmiş, elçiləri vasitəsiylə onları xəbərdar edib qorxutmuşdur. Yenə elçilərinə endirdiyi haqq kitablarla onlara doğrunu səhvdən ayıran düşünmə qabiliyyəti vermiş, yerinə yetirəcəkləri ibadətləri açıqlamış, məmnun olacağı əxlaqı xəbər vermişdir. Həmçinin, kitablarında qeybdən xəbərlər vermiş; ölümün insanlara qəflətən gələcəyini, bütün kainatın yox olacağını, qiyamətin yaxınlaşaraq gəldiyini, hesab günündə bütün insanların “xurma dənəsindəki sap qədər belə haqsızlıq edilmədən” hesab verəcəklərini, dünyada Özünə qulluq etməyənlərin axirətdə sonsuz cəhənnəm əzabıyla qarşılaşacaqlarını bildirmişdir.

Şübhəsiz bütün bunlarla Allah insanları əvvəldən xəbərdar edir. Necə ki, Allah: " Xeyr! Şübhəsiz ki, bu, bir nəsihətdir. Kim istəsə, qoy onu xatırlayıb ibrət alsın." (Əbəsə surəsi, 11-12) ayələri ilə insanların Quran ilə öyüd alıb doğru yolu tapa biləcəklərinə diqqət çəkmişdir. Bundan başqa Allah digər ayələrində nankorluq edənlərin qarşılaşacaqları sonu və keçmiş qövmlərdə yaşamış inkarçıların başlarına gələnləri ətraflı təsvir etmiş və onların bu vəziyyətindən qullarının ibrət almalarını tövsiyyə etmişdir. Ayələrdə belə buyrulur:

Məni, (ayələrimi) yalan sayan var-dövlət sahibləri ilə tək burax və onlara bir az möhlət ver. Həqiqətən, Bizdə qandallar və Cəhənnəm hazırlanmışdır, boğazda tıxanıb keçməyən yemək və ağrılı-acılı bir əzab da (vardır). O gün yer və dağlar titrəyəcək, dağlar səpələnən qum təpəsinə dönəcəkdir. Həqiqətən, Biz Firona elçi göndərdiyimiz kimi sizə də şahidlik edəcək elçi göndərdik. Firon elçiyə asi oldu. Biz də onu şiddətli bir əzabla yaxaladıq. Əgər küfr etsəniz, uşaqların saçlarının ağaracağı gündən necə yaxa qurtaracaqsınız? (O gün) göy parçalanacaq. (Allahın) vədi mütləq yerinə yetəcəkdir. Həqiqətən, bu, bir nəsihətdir. Kim istəsə, Rəbbinə tərəf yönələr. (Müzzəmmil surəsi, 11-19)

Əlbəttə, Allahın xəbərdar edib qorxutmağı nəticəsində yuxarıdakı ayədə də bildirildiyi kimi “diləyən Rəbbimizə bir yol tapa bilər”. Amma bütün bunlara baxmayaraq, üz çevirənlər üçün də kədərli bir əzab haqq olmuşdur. Çünki Allah ən ədalətli şəkildə cavab verəndir.

QƏYYUM

İdarə edib qüvvədə saxlayan

Allah, Ondan başqa ilah yoxdur, Yaşayandır, Qəyyumudur. (Ali-İmran surəsi, 2)

Bəzi insanlar kainatdakı qüsursuz sistemin bir dəfə yaradıldığını və bundan sonra da özbaşına buraxıldığını düşünürlər. Bu səhv düşüncə həmişə deyilməsə də insanların şüuraltında hakim olan ümumi fikirdir. Bu düşüncə özlərini Allaha qarşı məsul saymayan, Allahın əmrlərinə tabe olmağı qəbul etməyən insanlar arasında bir növ qaçış yoludur. Belə düşündükləri zaman Rəbbimizə qarşı olan məsuliyyətlərinin azalacağını düşünürlər.

Ancaq varlığın təməlində o qədər incə və həssas detallarla nizamlanmış qanunlar, səbəblər var ki, hər an üstün bir gücün idarəsi olmadan fəaliyyətlərini davam etdirmələri mümkün deyil. Görən, eşidən və görüb-eşitdiklərindən bəsirətlə nəticə çıxarmağı bacaran insanlar bu böyük gerçəyi dərhal görürlər. Necə ki, Fatir surəsinin 41-ci ayəsində Allah göyləri və yeri Özünün saxladığını belə bildirir:

Həqiqətən, Allah göyləri və yeri zaval tapmasınlar deyə, tutub saxlayır. Əgər öz mehvərindən çıxsalar, Ondan başqa onları heç kəs tutub saxlaya bilməz. Doğrudan da, (Allah) Həlimdir, Bağışlayandır! (Fatir surəsi, 41)

Yuxarıdakı ayədən də göründüyü kimi, kainatı Allah yaratmışdır və onu hər an nəzarəti altında saxlayır. Kainatdakı həssas tarazlıqların, fövqəladə incəliklərlə dizayn edilmiş sistemlərin davam etməsi Allahın idarəsiylə mümkündür. O diləməsə heç nə varlığını davam etdirə bilməz. Allah yoxdan var etdiyi kainatı “Qəyyum” sifəti ilə qoruyub saxlayır. Bu gerçəyi xəbər verən ayələr belədir:

Allah, Ondan başqa ilah yoxdur, Yaşayandır, (bütün yaratdıqlarının) Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, (məxluqatın) gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Uludur. (Bəqərə surəsi, 255)

(O gün) üzlər Yaşayan, (yaradılanların) Qəyyumu qarşısında zəlil bir görkəm alacaq. Günaha batanlar isə ziyana uğrayacaqlar. (Taha surəsi, 111)

QUDDÜS

Səhvdən, qəflətdən və hər cür əskiklikdən çox uzaq, çox təmiz

Göylərdə və yerdə olanların hamısı Məlik, Quddüs, Əziz, Hakim olan Allahı təsbeh edər. (Cümə surəsi, 1)

Allah yerdə, göydə, kosmosda, torpağın altında olan hər şeyin, qısası mikro və makro aləmlərdəki hər şeyin tək Yaradıcısıdır. İnsanın gözünü çevirib ətrafına baxdığı zaman gördüyü və görmədiyi hər yerdə olan nizam, qanunlar, sabit quruluş tamamilə Allaha aiddir. "Həqiqətən, Allah göyləri və yeri zaval tapmasınlar deyə, tutub saxlayır. Əgər öz mehvərindən çıxsalar, Ondan başqa onları heç kəs tutub saxlaya bilməz..." (Fatir surəsi, 41) ayəsi ilə bildirildiyi kimi var olan bütün sistemi təşkil edən və qoruyan Odur.

Allahın yaratdığı aciz insanlar səhv edir, unudur, qəflətə düşürlər. Eyni zamanda həm bədəni, həm ruhi cəhətdən son dərəcə əskik və acizdirlər. Ömürləri boyu bədənlərinə baxmaq, yaşamaq üçün ona davamlı qulluq etmək məcburiyyətindədirlər. Bir az çox işləsələr, bir neçə gün yuxusuz, bir gün susuz qalsalar çox aciz vəziyyətə düşürlər. Ancaq hər şeyin Yaradıcısı və 'ən gözəl adların sahibi' olan Allah, bütün əskikliklərdən münəzzəhdir. Allahın sonsuz gücü, Ucalığı, ağlı və sərhədsiz elmi Quranda insanlara bildirilmişdir. Bir ayədə Allah belə buyurur:

Allah, Ondan başqa ilah yoxdur, Yaşayandır, (bütün yaratdıqlarının) Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, (məxluqatın) gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Uludur. (Bəqərə surəsi, 255)

LƏTİF

Lütf sahibi, lütf edən

Allah Öz qullarına qarşı Lütfkardır. O, istədiyinə ruzi verir. O, Qüvvətlidir, Qüdrətlidir. (Şura surəsi, 19)

Daha əvvəl də dediyimiz kimi dünyada iki cür insan yaşayır: Allaha təslim olanlar və Onu inkar edənlər. Allah çox sayda insan yaratmış, ancaq bunlardan çox az qismini Özünə təslim olanlardan etmişdir. Quranda bir çox ayədə insanların çoxunun iman etməyəcəyindən, doğru yola yönəlməyəcəyindən bəhs edilir. Bu insanlar şeytanın yoluna tabe olduqları, Allahı unutduqları, “vicdanları qəbul etdiyi halda” inkar etdikləri üçün cəhənnəm əhli olmağa layiq olmuşlar.

Allaha təslim olan, Onun razılığı üçün yaşayan insanlar isə dünyada və axirətdə xoşbəxt yaşayırlar. Şübhəsiz, insanların elçilərlə, kitablarla xəbərdar edilmələri və beləliklə, doğru yolu tapmaları Allahın lütflərindən biridir. Quranda Allahın möminlərə olan lütfü belə bildirilmişdir:

Allah möminlərə, öz aralarından onlara ayələrini oxuyan, onları təmizləyən, onlara Kitabı və Hikməti öyrədən bir Elçi göndərməklə mərhəmət göstərmişdir. Halbuki əvvəllər onlar açıq-aydın azğınlıqda idilər. (Ali-İmran surəsi, 164)

Lətif olan Allah mömin qullarına hər cür çətin vəziyyətdə kömək edərək də lütfünü göstərir. Quranda keçmiş qövmlərdən bəhs edilən hekayələrdə Allahın səmimi qullarına dəstək olması, onlara lütf etməsi ilə əlaqədar müxtəlif nümunələr verilmişdir. Məsələn, Allah hz. Musanın qövmünü Fironun zülmündən qurtarmış və onları yer üzünə varis etmişdir. Bu gerçək ayələrdə belə bildirilir:

Həqiqətən, Firon yer üzündə təkəbbürlük göstərib onun əhalisini zümrələrə bölmüşdü. (Firon) onlardan bir zümrəni zəiflədir, onların oğlan uşaqlarını öldürür, qadınlarını isə sağ buraxırdı. Həqiqətən, o, fitnə-fəsad törədənlərdən idi. Biz istədik ki, həmin yerdə aciz qalanlara mərhəmət göstərək, onları öndə gedənlər və varislər edək. (Qəsəs surəsi, 4-5)

Allah iman edənlərin dünyada tək dostu və vəlisi olduğu kimi, axirətdə də onlara kömək edəcək, pisliklərini yaxşılıqlara çevirəcək və onlara lütf edəcək. Necə ki, möminlərin cənnətdəki ifadələri bu gerçəyi belə bildirir:

Onlar deyəcəklər: “Biz əvvəllər ailəmiz içində olarkən qorxurduq. Allah da bizə mərhəmət göstərdi və bizi qızmar yel əzabından qorudu. Biz əvvəllər Ona dua edirdik. Həqiqətən, O, yaxşılıq edəndir, Rəhmlidir!” (Tur surəsi, 26-28)

Yaradan Lətif və Xəbərdar olduğu halda, ola bilərmi ki, O, bilməsin? (Mülk surəsi, 14)

Gözlər Onu dərk etmir. O isə gözləri dərk edir. O, Lətifdir, Xəbərdardır. (Ənam surəsi, 103)

Məgər Allahın göydən yağış yağdırdığını və yer üzünü yaşıllığa bürüdüyünü görmürsənmi? Həqiqətən, Allah Lütfkardır, Xəbərdardır. (Həcc surəsi, 63)

(Loğman dedi:) “Oğlum! (Gördüyün iş) bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın içində, yaxud göylərdə və ya yerin dibində olsa da, Allah onu aşkar edər. Həqiqətən, Allah Lətifdir, Xəbərdardır. (Loğman surəsi, 16)

MAKİR

Tələ quran

Bir zaman kafirlər səni həbs etmək, öldürmək və ya qovmaq üçün sənə qarşı hiylə qururdular. Onlar hiylə işlətdilər, Allah da hiylə işlətdi. Allah hiylə işlədənlərin ən yaxşısıdır. (Ənfal surəsi, 30)

Tarix boyu haqq dinə qarşı hiylə quran inkarçılar öz eqoist istəkləri üçün -iqtidar həvəsi, fərdi mənfəətləri kimi- insanları dindən uzaqlaşdırmağa çalışmış və onları axirətdə "... Siz bizə Allahı inkar etməyi və Ona şəriklər qoşmağı əmr edirdiniz…" (Səba surəsi, 33) deyəcəkləri vəziyyətdə qoymuşlar. Ancaq burada diqqət edilməli çox əhəmiyyətli bir nöqtə var, Allah bir ayəsində belə bildirir:

Onlardan əvvəlkilər də hiylə qurdular. Halbuki bütün hiylələr Allaha aiddir… (Rəd surəsi, 42)

Yuxarıdakı ayədə ifadə edildiyi kimi, hiylə Allaha aiddir, buna görə də inkarçıların qurduqları hiyləyə qarşılıq olaraq ən böyük hiyləni quran yenə Allahdır. Allah İbrahim surəsinin 46-cı ayəsində inkarçıların möminlərə qarşı tələ qurmaq istərkən içində olduqları çıxılmaz vəziyyətə belə diqqət çəkmişdir:

(Zalımlar) öz hiylələrini qururdular. Halbuki onların hiyləsi Allaha bəlli idi. Onların hiyləsi ilə dağlar yerindən tərpənən deyildir. (İbrahim surəsi, 46)

Ayələrdən də göründüyü kimi möminlərə qarşı qurulan hiyləli tələlərə qarşılıq olaraq, Allah qatında mütləq rəhmani, yəni möminləri qorumaq üçün nizam var. Bu, Allaha görə çox asandır. Allah elçilərini, möminləri hədəf seçən tələlərin hamısını puç edir və tələlərini inkarçıların öz başlarına keçirir. Çünki "...“Allah daha tez hiylə qurar”..." (Yunus surəsi, 21)

MALİK-İ YƏVMİD-DİN

Din gününün sahibi

Din gününün Malikidir. (Fatihə surəsi, 3)

İnsanların öldükdən sonra diriləcəkləri, bir yerə yığışaraq hesab verəcəkləri gün din günüdür. O gün insanın başqaları ilə, hətta öz anası, atası, yoldaşı və uşaqlarıyla belə maraqlanmağa nə halı, nə fürsəti var. Din gününün şiddəti və fövqəladə qorxusu hər kəsi öz dərdinə salmışdır. Allah o diriliş gününü, digər adıyla din gününü Quranda belə təsvir edir:

Sən haradan biləydin ki, Haqq-hesab günü nədir? Doğrudan da, sən haradan biləydin ki, Haqq-hesab günü nədir? O gün heç kəs, heç kəsə fayda verə bilməz və həmin gün hakimiyyət Allaha məxsus olacaqdır! (İnfitar surəsi, 17-19)

O gün dünya həyatında insanın ən çox dəyər verdiyi şeylərin Allahın əzabı qarşısında heç bir əhəmiyyəti yoxdur. Artıq insanlar arasındakı dünyəvi yaxınlıqların, qohumluqların heç bir mənası qalmayıb. Tək dəyər insanın imanıdır. Heç kim heç kimə kömək edə bilməz. İçində olduğu bu çətin vəziyyətdən onu, ancaq Allah qurtara bilər. O da yenə Allahın diləməsinə bağlıdır.

İnsan din gününün tək sahibi olan Allahın hüzurunda ilk yaradıldığı kimi təkdir. Dünyadakı həyatı ərzində hər etdiyi, hər düşündüyü din günündə qarşısına çıxmışdır. Ən kiçik bir detal belə unudulmamışdır. Allah əzəmət və şanına yaraşan bir mühit yaratmış və yaratdığı qullarını sorğu-suala tutmuşdur. Ancaq kimi diləsə onu rəhməti ilə qurtarar.

İnkarçıların çox böyük peşmanlıq yaşadıqları bu gün möminlər sevincli və coşğuludurlar.

"... O gün Allah, peyğəmbəri və onunla birlikdə iman edənləri utandırmayacaq..." (Təhrim surəsi, 8)

Çünki Allah Quranda "elçilərinə və iman edənlərə həm dünya həyatında, həm də şahidlərin (şahidlik üçün) gətiriləcəkləri gün kömək edəcəyini" vəd etmişdir.

O günün tək sahibi Allahdır və əmr Onundur. Ayələrdə belə buyrulur:

Bu, təkcə dəhşətli bir səs olacaq və onlar qəfildən görməyə başlayacaqlar. (Günahkarlar) deyəcəklər: “Vay halımıza! Bu ki, Haqq-hesab günüdür!” (Onlara deyiləcək:) “Bu, yalan saydığınız ayırd etmə günüdür!” (Saffat surəsi, 19-21)

O gün yalan hesab edənlərin vay halına! O kəslərin ki, Haqq-hesab gününü yalan hesab edirlər. (Amma) bunu, həddini aşan günahkardan başqa, heç kəs yalan hesab etməz. (Mutəffifin surəsi, 10-12)

MALİK-ÜL MÜLK

Mülkün əbədi sahibi

De: “Ey mülkün sahibi Allahım! Sən istədiyin kəsə mülkü verir və istədiyindən də onu geri alırsan; istədiyin kimsəni yüksəldir və istədiyini də alçaldırsan. Xeyir Sənin Əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən. (Ali-İmran surəsi, 26)

Hal-hazırda gördüyünüz hər şeyin bir sahibi var. Oturduğunuz kreslo atomlardan meydana gəlib. Bu atomların hər birinin Yaradıcısı Allahdır. Saxsıda açan çiçək Rəbbimizin ona təmin etdiyi imkanlarla (günəş, su və s.) böyüyür. Pəncərədən görünən dəniz və içindəki bütün canlılar Allah dilədiyi üçün ordadırlar.

Hətta öz bədəniniz də sizdən asılı deyil, sizi yaradan Allahın idarəsindədir. Bütün üzvləriniz, damarlarınız, sinir sisteminiz, hüceyrələrinizin hər biri Rəbbimizin elminin və üstün ağlının əsərləridir. Bu sayılanların heç biri sizin sahib olmağı düşünüb hazırladığınız, sonra da var etdiyiniz şeylər deyil.

Siz dünyaya gözünüzü açdığınız zaman həm öz bədəninizdəki qüsursuz sistemlə, həm də yaşadığınız dünya ilə və hətta bütün kainatla qarşılaşdınız. Ancaq bundan əvvəl bunların heç birinə sahib deyildiniz və bundan sonra da öz iradənizlə bunlara sahib olmağınız mümkün deyil. Əlbəttə, bu gerçək bütün insanlara aiddir. Deməli, bütün mülk hər şeyin Yaradıcısı və sahibi olan Allaha məxsusdur.

Bu həqiqətə baxmayaraq, insan bunları görməməzlikdən gəlir və Allahın açıq-aşkar varlığını gözardı edərək əlindəki hər şeyin özünə məxsus olduğunu zənn edir. Bütün acizliyinə baxmayaraq, özünü üstün görən insan təkəbbürlənir və inkar edir. Lakin bu inkar yalnız özünə zərər verir, çünki hz. Musanın söylədiyi kimi: "...Əgər siz və yer üzündə olanların hamısı kafir olsanız, (Allaha heç bir zərər yetirə bilməzsiniz). Çünki Allah, möhtac deyildir, tərifə layiqdir". (İbrahim surəsi, 8)

MƏCİD

Şanı böyük və yüksək

Ərşin sahibidir; Məcid (çox Uca)dır. (Büruc surəsi, 15)

Allahın şanı bütün kainatda özünü açıq-aşkar dəlillərlə göstərir. Onun şanının Ucalığını tanımayan heç bir insan yoxdur. Onu inkar edənlər, "inanmırıq" deyənlər belə Onun yaratdıqlarına şahid olduqları üçün gücünü və şanını tanıyıb bilirlər. Ancaq içlərindəki təkəbbürə görə inkar edirlər.

Allahın kainatda yaratdığı möhtəşəm gözəlliklər də, qüsursuz sistemlər də Onun şanına yaraşan şəkildədir. Səmada tonlarla ağırlıqda su daşıyan buludlar, milyonlarla işıq ili uzaqlıqdakı ulduzlar, böyük səs-küylə və inanılmaz güclə axan şəlalələr, ucsuz-bucaqsız genişlikdəki okeanlar, zirvəsi qarlarla örtülmüş minlərlə metr yüksəklikdəki dağlar, içində bir-birindən fərqli rəngdə və səsdə saysız canlı növləri olan meşələr Allahın yaratdığı gözəlliklərdən yalnız bir neçəsidir.

Bir neçə saniyədə bir şəhəri yerlə bir edən zəlzələ, bir anda partlayaraq minlərlə dərəcə istiliyi olan lavalarını boşaldan vulkan, hər şeyi önünə alıb aparan sel, düşdüyü yerə ölüm gətirən ildırım, hər şeyi dağıdan tayfun, yalnız Allahın gücünün nümunəsidir. Allah hamısını şanına yaraşan şəkildə yaradıb.

Sadalananlar və burada sadalanmayan milyonlarla nümunə yalnız Allahın şanının böyüklüyünün kainatdakı dəlillərindəndir. Allah ayələrdə belə buyurur:

Doğrudan da, Rəbbimizin şanı çox yüksəkdir. O, nə zövcə, nə də övlad sahibi olmamışdır. (Cin surəsi, 3)

Onlar dedilər: “Allahın əmrinə təəccübmü edirsən? Ey ev əhli! Allahın rəhməti və bərəkəti sizin üstünüzdə olsun! Həqiqətən, O, təriflənməyə layiq olandır, Məciddir". (Hud surəsi, 73)

MƏLCA

Özünə Sığınılan

Geri qalmış üç nəfəri də (bağışladı). Hətta yer üzü öz genişliyinə baxmayaraq onlara dar gəlmiş, ürəkləri sıxılmış və yəqin bilmişdilər ki, Allahdan, ancaq Onun Özünə sığınmaqdan başqa çarələri yoxdur. Sonra peşman olsunlar deyə onların tövbəsini qəbul etdi. Həqiqətən, Allah tövbələri qəbul Edəndir, Rəhmlidir. (Tövbə surəsi, 118)

İnsanların hamısı dua etməyə möhtacdır. Dua edən insan qarşısına çıxa biləcək çətin, ya da asan hər hadisəni kainatın Yaradıcısı və hakimi olan Allaha yönəltmiş, Ona sığınmışdır. Problemləri həll etmənin, ya da zərərin qarşısını almanın bütün yollarının Allaha dayandığını bilmək, bütün işlərdə yalnız Ona sığınmaq qullar üçün böyük güvən qaynağıdır.

Bu sığınma gücü məhdud və sonlu olan insanın sonsuz güc və qüdrət qarşısında acizliyini qəbul edərək ehtiyacını Ondan istəməsiylə reallaşır. İnsanı yalnız bir damla sudan yaradan, bütün varlıq aləmini yoxdan var edən Allah üçün hər hansı bir adamın çətinliyini, ya da ehtiyacını aradan qaldırmaq çox asandır. Ondan başqa sığınılacaq heç kim, heç bir məbud yoxdur. Göydə və yerdə nə varsa, ehtiyacını Allahdan istəyir. Allahdan başqa kömək axtaranlarınsa öz nəfslərinə belə gücü çatmaz. İstəyən aciz olduğu kimi, özündən istənən də eyni mövqedədir, acizdir. Allah, Özündən başqa kömək axtaranların içində olduqları vəziyyəti aşağıdakı ayədə bir nümunəylə belə açıqlayır:

Ey insanlar! Sizə bir məsəl çəkilir. Onu dinləyin. Şübhəsiz ki, Allahdan başqa ibadət etdikləriniz bir milçək belə yarada bilməzlər, hətta bunun üçün bir yerə yığışsalar belə. Əgər milçək onlardan bir şey götürüb aparsa, bunu ondan geri ala bilməzlər. (Bunu etmək) istəyən də aciz qalar, istənilən də! (Həcc surəsi, 73)

İnsanların hamısı çətinliyə düşdükləri zaman Allahdan başqa sığınacaq bir güc olmadığını anlayırlar və Allahın yardımını ümid edirlər. Bu gerçək Quranda belə bildirilmişdir:

Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə