Аллащын тя`рифи щаггында


MEHRİN TAcİRLƏRLƏ XARƏZMŞƏHRƏ ÇATMASI



Yüklə 3,1 Mb.
səhifə8/13
tarix11.04.2018
ölçüsü3,1 Mb.
#36915
1   ...   5   6   7   8   9   10   11   12   13

MEHRİN TAcİRLƏRLƏ XARƏZMŞƏHRƏ ÇATMASI
Könül, indi cavanlığın sübhü şadlıq çağıdır,

Belə gündə fərəhlənmək dərdü qəmi dağıdır.


Əvvəllər çox zəhmət çəkib qatlaşmısan möhnətə,

Ancaq bu gün yetişmisən arzuna, səadətə.


Əgər yolda yükün batdı palçığa, ya da gilə,

Axır gəlib yetişmişsən istədiyin mənzilə.


Qayda budur kim çalışsa əzm ilə bu dünyada.

Nəhayət, o çatacaqdır arzusuna, murada.


İndi yarın vüsalının badəsini çək başa,

Hicran dərdin unudaraq bu aləmdə şən yaşa!


Belə dedi, bu dastanı nəql eyləyən süxənvər,

Gün üfüqdən tülu edib çıxan zaman bir səhər.


Xarəzmşəhrin sərhədinə çatdı Şərəf karvanı,

Bu xəbəri eşidəndə şəhrin əhli, əyanı.


Sevinərək pişvazına çıxdılar izdihamla,

Şeylərilə maraqlandı hamı çox ehtiramla.


Mehr Şərəfə dedi: "Alqış səndə olan izzətə,

Minnətdaram sənin bizə eylədiyin hörmətə.


İndi əgər imkan varsa bizə yer ver iki gün,

Bəlkə yolun zəhmətindən xilas olaq büsbütün.


Gör nə qədər vermişik biz yol boyu sənə zəhmət,

Biz qəribə hörmətindən çəkirik çox xəcalət.


Şərəf dedi: "Əziz dostum, günəşdən də bu aydın,

Biz burada olmazıdıq əgər sən olmasaydın.


Bu şəhərdə siz nə qədər olsanız, ey Şəhryar!

Mənim evim sizinkidir, sizdədir hər ixtiyar.


Müştəri fal olan Mehrə müvafiqdir xanəmiz,

Bura qürbət deyil, siz də burda qərib deyilsiz.


Sizin ali vücudunuz bizə eyni səfadır,

Siz bizimlə olmasanız əhvalımız fənadır.


Xanəmizə təşrif buyur, sənə qurban bu canım,

Sizi qəbul etmək üçün hazırdır xanimanım".


Bunu deyib qulamlardan göndərdi neçə nəfər,

Qonaqları layiqincə evdə qəbul etsinlər.


Novşad qəsri kimi ali olsun gərək kaşanə,

Layiq olsun hər cəhətdən şərafətli mehmanə.


Sonra onlar təntənəylə şəhrə daxil oldular,

Dillərində şükrü səna, üzlərində iftixar.


Şahzadə çox heyran qaldı şəhərin cəlalına,

Təravətli cənnət bağı gəldi tez xəyalına.


Havası xoş, suyu şirin, bu səfalı şəhərdə,

Güman etdi əlac olar qəlbi sıxan hər dərdə.


Yarın xumar gözləritək cazibəli mənzərə,

Əhalisi mələk kimi xoş gəlirdi nəzərə.


Bu şəhərin adamları görünürdü şadiman,

Gülərüzlü, nəvazişli, bir-birinə mehriban.


Gəlin kimi bəzənmişdi onun gözəl surəti,

ceyhun çayı sulamışdı ondakı təbiəti.


Torpağın çərx gərdəninə mavi əklil salmışdı,

Misrin Nili həsədindən tutğun bir rəng almışdı.


Öz hüsnüylə üstün idi hər cəhətdən Bağdada,

ceyhunusa Şətti qoyar sürətilə arxada.


Bir cənnətdi içi dolu tatar pərilərilə,

Çaylar axır bulaqlardan topladığı tər ilə.


Xəllüx və Çin gözəlinin zülfü kimi hər səhər,

Havasından hər tərəfə səpilir müşk, ənbər.


Bazarında şənlik üçün var hər cürə şirniyyat,

Səhnəsində qəm görünməz, şadlıqla coşur həyat.


Gözəlləri işvəlidir, naz-qəmzəsi can alan,

Hesabsızdır xəridarı, müştərisi firavan.


Türk qızının ləblərindən pay alıbdır bal, şəkər.

Hər tərəfdə xuramandır ruh oxşayan gözəllər.


Mehr Əsədə pıçıldadı: nə gözəldir bu şəhər,

Diqqət elə, hər guşəsi bir cənnətə bərabər.


Küçələrdən keçən zaman yavaş-yavaş karivan,

Şəhər əhli bu calala baxırdı heyran-heyran.


Ayüzlülər axır gəlib yetişdilər mənzilə,

Sanki gəmi dalğaları yarıb çatdı sahilə.


Şərəf məmnun bir sifətlə qonaqlara yer verdi,

Ləyaqətlə qarşılayıb sonsuz xidmət göstərdi.


Qarşısında durub Mehrin kəmərbəstə qulamtək,

Sanki bilmək istəyirdi ağa nə əmr edəcək.


Qızılsaçlı Rum gözəli elə ki, qərbə çatdı,

Axşam çağı mənzilinə çəkilib rahat yatdı.


Uzaq yolun zəhmətindən asudə olmaq üçün,

Səhərədək yatıb onlar dincəldilər büsbütün.


Dan sökülüb, yavaş-yavaş üfüq nura boyandı,

Qonaqlar da günəş kimi səhər bir-bir oyandı.



MEHRİN HAMAMA GETMƏSİ VƏ HAMAMIN TƏSVİRİ
Hamam günəş çeşməsindən paydır yerdə insana,

Aşiqlərin qəlbi kimi qızışır yana-yana.


Pəriüzlü Mehr getdi hamama səhər çağı,

Günəş kimi nur saçırdı bu dəm onun yanağı.


İçəriyə girib gördü nə genişdir fəzası,

Son dərəcə ürək açır onun abü havası.


Burada su, atəş ilə birgə olub səfərbər,

Bu sülhdən faydalanır içəriyə girənlər.


Üstü gözəl cənnət bağı, altı müdhiş cəhənnəm,

Ürəkaçan bu sarayda ola bilməz kədər, qəm.


Asimanın tağı kimi göz oxşayır camları,

Günəş ilə ayın yoxsa burdan keçir mədarı?!


Gecə-gündüz gözlərindən su əskilməz heç zaman,

Ürəyinin hərarəti əskiləməz heç bircə an.


İçində bir sufi vardır müridləri yanında,

Hamısı da hazır durub gələnin fərmanında...


Həm xaricdə, həm daxildə olardı dadlı söhbət,

Bu hikmətli söhbətlərdən çoxu alardı ibrət.


Bu saraya girənlərin arasında fərq olmaz,

Üryan şahla, lüt dərvişi hər baxan heç tanımaz.


Qoca, cavan qarşılanar burda eyni hörmətlə,

Hər bir kəsə xidmət olar eldə olan adətlə.


Tez-tez başçı müridlərə işarələr edirdi,

Mürid isə yubanmadan haman səmtə gedirdi.


Tez qonağın hüzurunda durub əmrə müntəzir,

Gözlərdi ki, bu gəlişlə nə istəyir müsafir,


Səliqəylə, tezcə icra olunardı sifariş.

Dilindəsə şirin sözlər, könül açan nəvaziş.


Qonaqları qəbul üçün hər şey əldə mühəyya,

Qazanısa od üstündə saxlanardı daima.


Kimin hansı dərdi varsa deyən kimi o saət,

Ona dərman tapılardı bu sarayda ələlbət.


Mehr o səhər şərafətlə girən kimi hamama,

camalının əksi düşdü lalə bəzəkli cama.


Hamam Mehrə xoş göründü, Mehr ona bənd oldu

Sanki surət birdən-birə dərin mənayla doldu.


Elə bil ki, bənövşəni səpdilər qızılgülə,

Ya da nəsrin yarpağını caladılar sünbülə.


Sanki kafur üzərinə Çin müşkünü tökdülər,

Ya da ki, "Nur" surəsindən "Vəlleyl" oxundu əzbər.


Çarhovuzun kənarında belə zanbaq bitərkən,

Lütf əlilə su verildi ona güldən, şəkərdən.


Müridlərdən dəllək gəldi ay üzlünün yanına,

Ətirli gil xəzab etdi o günəşin canına.


Kilə təmiz su qataraq durulatdı haman dəm,

Sanki gülün ətrafında gül dəstəsi etdi cəm.


Çox çalışdı bircə tel də açammadı saçından,

Saçın belə qıvrımına özü də qaldı heyran.


Daraq alıb ələ saçı ehmallıca daradı,

Qaşa nəzər salan zaman gördü bir ayparadı.


Bir yıpranmış kisə alıb sürtdü simin bədəni

O, əlindən buraxmazdı bura gəlib-gedəni.


Təmizlərdi çox səy ilə çirki, tozu bu kisə,

Öz işində, əməlində fərq qoymazdı heç kəsə


Sonra gəldi ortalığa lif adında bir qoçaq.

Havalanıb baş üstünə köpük tökdü ağappaq


Hər nəfəsdən cuşa gəlib ağzı köpüklənirdi,

Sonra isə köpükləri bədən üstə enirdi


Meydən deyil, eşqdəndi lifdə olan bu məstlik,

Köpüklənmə - xasiyyəti, məqsədisə - təmizlik.


Göz-göz daşsa ayağını öpərdi öz tənilə

O ayağa aşiq idi bütün təbiətilə.


Bədəni bərk, üzü çopur, gözləri dar olsa da,

Belə qızğın zəhmətilə yetişirdi murada.


Dəllək, o Çin güzgüsünü pak etdi hind tozunda

Büllur kimi təmiz oldu, günəş kimi dirəxşan


Qara bulud silinərək açıldı günün üzü,

Şöləsilə işıqlandı arzu, ümid gündüzü.


Hovuzların sularında əks eylədi camalı,

Günəşdən də uca oldu onun şəni, cəlalı.


Qara zülfü barmağıyla gül üzünə tökəndə,

Elə bil ki, gün göründü gecə zülmət içində.


Lətif, nazik əndamında olan tər damlaları,

Sanki gümüş üzərindən süzülürdü mirvari.


Qızılgültək qönçəsindən çıxıb açılan zaman

Sərv kimi hərəkətə gəlib oldu xuraman.


Gülab səpib saçlarına al xələtə büründü,

Gündüz çağı xalq gözünə ulduz kimi göründü.


Qucaqlayıb onu Şərəf, öpdü bəyaz əlini,

Sonra isə məhəbbətlə açdı şirin dilini.


İşarəylə qulamlardan bir neçə gənc dilavər

Yubanmadan gətirdilər cürbəcürə şərbətlər.


Şərəf qulluq göstərərək aldı ələ büllur cam,

Şərbət verdi şahzadəyə göstərdi çox ehtiram.


Xosrov içdi bir nəfəsə dadlı, şirin şərbəti,

Elə bildi artdı xeyli bədənində qüvvəti.


İçən kimi o qəndabı, gəldi yenə qulamlar

Hərəsinin qucağında cürbəcür rəngdə paltar.


İpək, qumaş geyimləri, bahalı xəz xələti,

Hər birisi başqa cürə bəzərdi sərv qaməti.


Şərəf belə xidmət üçün üzrxahlıq eylədi,

Şahzadəsə əvəzində mədhü səna söylədi.


Geyindilər xara libas Əsəd, Səba, covhər də,

Hər birisi başqa cürə cilvələndi nəzərdə.


Dəbdəbəylə çıxan zaman qəhrəmanlar hamamdan.

Şəhər əhli bu calalı görəndə oldu heyran.


Atlanaraq hərəkətə gəldilər yol boyunca,

Əhalisə sağdan-soldan baxırdılar doyunca.


Deyirdilər: bəh-bəh bu nə boydur, bu nə qamətdir.

Bir-birindən daha gözəl yaradılmış surətdir.


Dallarınca gedirdilər hay-haray sala-sala,

Atlarının nallarını öpürdülər az qala.


Kişi, qadın, qoca, cavan tutmuşdu küçələri

Mehrin isə gül üzündən axırdı həya təri.


Bu minvalla yol gedərək Şərəfgilə çatdılar,

Əvvəl məclis qurub, sonra rahatlanıb yatdılar.



ŞƏRƏFİN KEYVAN ŞAHA MEHRİ TƏRİF ETMƏSİ
Şərəf səhər, ələ alıb neçə nadir ərməğan,

Əsrarəngiz bir ümidlə saraya oldu rəvan.


Keyvan şahın sarayına çatıb durdu ədəblə,

Qapıçılar tanıdılar onu əslü nəsəblə.


Onlar hər vaxt olduğutək təzim edib bir daha,

Qaçıb xəbər çatdırdılar xahişi Keyvan şaha.


Şah buyurdu: Şərəf gəlsin hüzura yubanmadan,

Yol verdilər, Şərəf gəlib yeri öpdü şadman.


Təxt önündə əl-əl üstə durdu, əmrə müntəzir,

Gətirdiyi ərməğanı təqdim etdi birbəbir.


Şaha dua, səna deyib verdi xəzinədara,

Şah da ona xələt verib qaldırdı səmalara.


Sonra durub şərəf ilə çəkildi bir xəlvətə,

Məhrəmanə başladılar xoş, xudmani söhbətə.


Mehribanlıq göstərərək şah soruşdu Şərəfdən

Qürbətdəki əzablardan, yollardakı xətərdən.


Soruşdu: "Ey bəxti cavan, xoş taleyin həmdəmi,

Səkkiz ilə yaxındır ki, dolanırsan aləmi,


Ulduz kimi seyr etmişsən ölkələri birbəbir,

Nə görmüşsən o yerlərdə əcib şeylər söylə bir!


Nağıl elə əhalidən eşitdiyin sözləri,

Çox sevirəm tarixlərdən verilən hər xəbəri".


Şərəf dedi: "Ey möhtərəm, nəcabətli padişah,

Bütün dünya şahlarına sənsən əsil qibləgah.


Mən görəni, eşidəni sonsuz geniş dünyada,

Heç kəs hələ görməmiş və eşitməmiş dünyada.


Bu sözlərim yalan deyil, əlimdə bol sübut var,

Bəs yubanma bir-bir nağıl eylə, - dedi Şəhryar.


Şərəf şahı çox biqərar və maraqlı görən vəqt,

cürəbəcür əhvalatlar söylədi və nəhayət,


Gəlib çatdı Mehrə, onu sonsuz tərif eylədi.

Başa gələn hadisəni bir-bir açıb söylədi.


Sonra təsvir etdi onun hüsnünü, camalını,

Mərdliyini, qeyrətini, ağlını, kamalını.


Onun gözəl xislətini açıb dedi müfəssəl,

Quldurları əzdiyini təsvir etdi mükəmməl.


Təriflədi ədəbini, hünərini o qədər,

Şahsa onun sözlərinə eyləməyib də bavər.


Dedi: "Yəqin şişirdirsən olmaz belə bir insan,

zənn etmirəm bir ölkədə ola belə qəhrəman.


Ya o cindir, ya pəridir, ya mələkdir, ya ifrit,

Ya da böyük şah nəslindən bir nihaldır, bəyan et!


Yubanma, tez gətir göstər, sübüt elə, inandır!

Gərək onu özüm görüb biləm necə insandır".



KEYVANIN MEHRİ ÖZ YANINA TƏLƏB ETMƏSİ
Bir əmiri Şərəfgilə göndərdi şah, sürətlə,

Gedib Mehri dəvət etsin böyük hörmət, izzətlə.


Əmir Mehri görən kimi camalına qaldı mat,

Hörmət ilə baş əyərək göstərdi çox iltifat.


Dedi: salam olsun sənə, ey möhtərəm mərd insan.

Dəvət edir sarayına səni bu gün şah Keyvan.


Deyir: əgər günəş üzlü məclisimə salsa nur,

Görüşündən, şübhəsiz ki, ürəyimiz şad olur.


Keyvan şahın dəvətini eşidəndə cavanmərd,

Dərhal durub hazırlaşdı, etdi əmrə itaət.


Geydi faxir libasını, papaq qoydu başına,

Kəmərini bağlayaraq, seyqəl verdi qaşına.


Bir həmayil dolandırdı çiyninə o dilavər,

Səpdi günəş camalına o dəm gülabla ənbər.


Deyirdin ki, düzəlmişdi nilufərdən bir əklil,

Sünbül isə əyilmişdi lalə üstə elə bil.


Gecəsində günəş vardı, gündüzündə qaranlıq.

Kəmərində tük nişanı, tükündə cansitanlıq.


Gözlərində canı şikar etmək əlaməti var,

Qaşlarısa kaman kimi dartınıb hey ox atar.


Simasını bürümüşdü zərif, incə təravət,

Ləblərində şəkər vardı, sözlərində məlahət.


Zülfü ona baxanları cəzb eyləyər aşikar,

Xalı isə gözlənmədən ürəklərə od salar.


Ay kimi Mehr evdən çıxıb düzələndə yoluna,

Atlılar da düzüldülər ulduztək sağ-soluna.


Bu calalı görəndə xalq xiyabana doldular,

Qoca, cavan Mehri görcək ona heyran oldular.


Şahzadəni görmək üçün çıxdılar damlara da,

Külək belə yol tapmırdı dolana bu arada.


Bu minvalla Mehr gəlib çatdı ali eyvana,

camaatın hay-harayı yetişəndə Keyvana.


Şah təşvişə düşüb sordu, aman bu nə xəbərdir

Bu nə fitnə, nə fəsaddır, yoxsa əsil məhşərdir?!


Dedilər ki, o cavanın hüsnü belə səs salıb,

Bütün şəhər şura gəlib, şöhrətinə mat qalıb.


Yəqin edin hansı yerdən keçirsə o sərv qamət,

Hər atdığı qədəmindən qopur böyük qiyamət.


Dedi onu tez gətirin yubatmayın yollarda,

Üzünə bir pərdə çəkin xalq etməsin tamaşa.



MEHRİN KEYVAN ŞAHIN HÜZURUNA GƏLMƏSİ
Bir işıqlı şam kimi Mehr daxil oldu qapıdan,

Sanki qızıl tac qoymuşdu başına o nocavan.


İçəriyə girən kimi Şərq günəşi, o sərvər,

camalının işığından məclis oldu münəvvər.


Əvvəlcə o dayandı bir düz qamətli sərvtək,

Sonra əydi şümşad qəddi, şaha təzim edərək.


Ay üzündən o büsata işıq halə çilədi,

Sonra incə sözlər ilə şaha dua elədi.


Surətini yerə sürtüb etdi onu gülüstan,

Gülüstanı sirab etdi öz dirilik suyundan.


Sonra şahı mədh eylədi, fəsih idi hər sözü,

Heyran qaldı onun belə sənətinə şah özü.


Yaratdı o ustadanə qəribə ibarələr,

İşlətdi çox şairanə məcaz, istiarələr.


Bədayedən faydalanıb göstərdi çox məharət,

Məanini bəyan etdi, nişan verdi fəzilət.


Şaha elə zərif, dərin mənalı söz söylədi

Ki, əfsunlu təlqinilə onu heyran eylədi.


Mehrin lütfü, bəlağəti heyran etdi Keyvanı,

Onun sözdə məlahəti bəzəndirdi mənanı,


Taxt önündə yer göstərib yaxın etdi özünə,

Məftun oldu şahzadənin baldan şirin sözünə.


Məhəbbətlə hər sahədən ona verdisə sual,

Hər suala layiqincə cavab verdi o dərhal.


Hər tərəzi gözünə şah Mehri qoyub çəkdisə,

Ağırlığı əskilmədi, layiq oldu məclisə.


Nə meyarla yaxınlaşıb eylədisə imtahan,

cavabına ən dəyərli qiymət aldı nocavan.


Danışdıqca tökülürdü dodağından dürr, gövhər,

Sözlərinin tərkibində dolu idi gül, şəkər.


Dinlədikcə şahın zövqü artıb edirdi heyrət,

ciyərini qızdırırdı sözlərdəki hərarət.


Hər əzası qulaq olub maraqla dinləyirdi,

Ara-sıra ona əhsən və mərhəba deyirdi.


Əmirlər də dinlədikcə onun şirin sözlərin,

Ağız dolu deyirdilər ona bəh-bəh, afərin!


Olmaz bütün aləm içrə belə fazil bir insan.

Belə hünər sahibi və belə nadir qəhrəman.


Axşam oldu, şah susaraq sual vermirdi daha,

Mehr hörmətlə üz tutaraq bu zaman Keyvan şaha.


Getmək üçün ondan rüsxət istədi nəzakətlə,

Şahsa durub yola saldı özünəxas xələtlə.


Öz əynindən çıxararaq ləbbadəni, kəməri,

Bəzəndirdi ləyaqətlə, şərafətlə sərvəri.


Tapşırdı ki, gətirsinlər külək yerişli bir at,

Başına tac qoyub ona göstərdi çox iltifat.


Mehr şaha baş əyərək durub çıxdı eyvandan,

Arxasınca baxa-baxa yola saldı şah Keyvan.


Keyvan şahın sarayından ildırımtək çıxaraq,

Mehr gedirdi külək kimi bütün yolu çaparaq.


Şərəfgilə çatıb verdi, dostlarına xoş xəbər,

Keyvan şahla söhbətini nəql eylədi sərasər.


Saraydan Mehr gedən kimi əyanları yığdı şah,

Mən tanıdım bu cavanı, siz də olunuz agah.


Bilin, nurlu səhər kimi oldu mənimçin əyan,

Ki, sultanlıq göylərinin günəşidir bu cavan.


Belə hüsnü vəcahət və belə fəzlü fərasət,

Edir onun yüksək, ali nəsəbinə dəlalət.


O nadir bir fərzanədir, sözlərimə inanın,

Belə övlad doğmamışdır anası bu dünyanın.


Hamı onu təsdiq edib dedilər ki, o təkdir

Bəni-adəm deyil sanki bir misilsiz mələkdir.


Yaradılış dənizində ən nadir bir incidir,

Qəhrəmanlar içindəsə bu cavan birincidir.



MEHRİN KEYVAN ŞAHA cAVAHİR APARMASI VƏ

NƏRD, ŞAHMAT OYUNLARINDA QALİBİYYƏTİ
Şərq taxtının padşahı başını qaldıranda,

Şöləsilə işıqlandı bütün aləm bir anda.


Keyvan şah da çıxıb bu dəm öz taxtına oturdu,

Əzəmətli barigahda onun tacı bərq vurdu.


Fərman verdi hacibə ki, xəlvət etsin məclisi,

Əyanlardan başqa, bu gün buraxmasın heç kəsi.


Göndərdi bir xas adamı tez özünü yetirsin,

Mehri izzət, ehtiramla sarayına gətirsin.


Eşidincə yenə şahın dəvətini şahzadə,

covhərə üz tutub dedi: gəl sən də ol amadə.


cavahirat qutusunu götür gedək bərabər,

Biz onları Keyvan şaha töhfə edək sərasər.


covhər Mehrin fərmanını eşidincə durmadan,

Keyvan şaha təqdim üçün hazırladı ərməğan.


Şan-şöhrətlə yetişdilər saray dərvazəsinə,

Qulaq verib şah bu zaman dadü haray səsinə.


Bildi gəlir gözlədiyi şəhamətli qəhrəman,

Mehr gəlib atdan düşdü yeri öpdü şadman.


Şah yerindən qalxıb onu qarşıladı şövq ilə.

Xoşa gələn sözlər dedi ona yüksək zövq ilə.


Öz yanında əyləşdirib mehribanlıq göstərdi,

Keyvan şahın hər kəlməsi sanki baldı, şəkərdi.


Söhbət vaxtı işarəylə Mehr dedi covhərə,

Hədiyyəni təqdim etsin şahi-mələkmənzərə.


covhər açıb sandıqçanı təqdim etmək istərkən.

Onu görüb təəccüblə şah soruşdu Mehrdən:


Bu şeyləri gətirməkdə məqsəd nədir, səbəb nə?!

Hörmətimə mükafatmı bəxş edirsən sən mənə?!


Mehr utanıb tez söylədi: ey qüdrətli hökmdar,

Bəşər sənin varlığınla etməkdədir iftixar


Əfv et məni, deyəsən mən öz həddimi aşmışam,

Belə yersiz iş görməkdə görünür bərk çaşmışam


Nurlu günəş qarşısına gətirmişəm zərrəni,

Ya da mühit dənizinə bəxş edirəm qətrəni.


Qarınca da unudaraq qarınca olduğunu,

Süleymana aparmışdı çəyirtkənin budunu.


Əgər mən də lovğalanıb incitmişəmsə səni,

Lütf eləyib, kərəminlə əfv elə bu bəndəni.


Yaxşı görməz qəriblərin gözləri, ey padişah,

Gözlü yəqin bağışlayar bir kor edərsə günah.


Bu dəyərsiz hədiyyəni qapınıza səpərək,

İstəyirəm qəbul olsun bu dəyərsiz canımtək.


Bu sözləri deyib səpdi büsata dürrü gövhər,

cavahirin şöləsindən saray oldu münəvvər.


Şah təəccüb eylədi bu kəramətə, dövlətə,

Giranbəha cavahirlər saldı onu heyrətə.


Heç bir şahın xəznəsində olmazdı bu incilər,

Hər birisi yeddi ölkə xəracına bərabər.


Öz-özünə deyirdi şah: Ey dünyanı yaradan!

Belə əta, səxavətdə varmı daha bir insan?!


Ümmanda da ola bilməz belə dövlət, səxavət,

Belə gəncin xəznədarı çəkərmi heç xəcalət?!


Şah istədi söz dəyişsin, rövnəq verilsin vaxta,

Əmr eylədi gətirilsin məclisə bir nərdtaxta.


Nərddə şahın bir vəziri sayılırdı dilavər,

Udmamışdı hələ onu bu sarayda bir nəfər.


Zər atmaqda çox mahirdi, nə istəsə atardı,

Daşlarını düzməkdə də qəribə fəndi vardı.


Xanələri tutmaqda o göstərərdi məharət,

Onunla nərd oynamağa etməzdilər cəsarət.


Göy qübbəsi, səyyarələr, ulduzlarla Günəş, ay

Verərdilər bu vəzirin mətləbini daima.


Möhrələri hərəkətə gətirən çərxi-dəvvar,

Zər atanda ona kömək göstərərdi aşikar.


- Gəlin indi nərd oynayaq, - söylədi şah nagəhan,

Özümüzü bu oyunla məşğul edək bir zaman.


Şah vəzirlə nərdi açıb daşlarını düzdülər,

Yanlarında oturaraq baxırdılar Mehr, covhər.


Çox çəkmədi vəzir tutdu bir-bir altı xanəni,

Şah mars oldu əl qaldırıb dedi: uddun sən məni.


Vəzir qalib gəlməyindən çəkdisə də xəcalət,

Dedi: günah zərdə olur, məndə isə qəbahət.


Mehrə dönüb dedi: əgər bacarırsan mükəmməl,

Yandan baxma, bu meydanda döyüşməkçün yaxın gəl!


Şah da dedi dur əzizim, vəzirdən al qanımı,

Onu bəndə salıb sən də, rahatlandır canımı.


Mehr durub cəsarətlə zərləri ələ aldı,

Qulağını burub onu tasın içinə saldı.


Atan kimi vururdu o, rəqibinin daşını,

Vəzir belə zərbələrdən itirmişdi başını.


Hər atanda zərlər Mehrin əmrinə baş əyirdi,

Hər dəfə də açıq qalmış daşa zərbə dəyirdi.


Yaman yerdə döv gəlmişdi vəzirə bir nocavan,

Hər oyunun gedişində döyülürdü anbaan.


Üç saatda altı oyun apardı Mehr vəziri,

Baş tutmadı oyunlarda onun heç bir tədbiri.


Baxanların sonsuz idi təəccübü, heyrəti,

Şahı da mat qoydu Mehrin nərddəki məharəti.


Tez-tez Mehri alqışladı, dedi: əhsən, afərin,

Ad, şöhrətin yüksəlmişdir üst qatına göylərin.


Şahın vardı bir nədimi, onun adı Fərhaddı,

Osa şahmat oyununda yenilməyən ustaddı.


Tərifisə yayılmışdı Xarəzmdən Reyədək,

Bu sahədə tapılmazdı bir nəfər də onuntək.


Pozubdur o Sərtabəkin ünvanını dəftərdən,

Ləclacın da şöhrətini salmış idi nəzərdən.


Oyunda kim top qoyubsa sərhəddini yarmağa,

Atla ona həmlə edib basdırmışdı torpağa.


Ona əyan olardı tez hər gedişin məzmunu,

Açıq-aydın görərdi o, vuruşmanın sonunu.


Bir neçə növ çox maraqlı başlanğıcı bilərdi

Buna görə hamı üçün bu sahədə sərvərdi.


Çox olmuşdu Keyvan şahın hüzurunda bu cavan,

Ustadları mat etmişdi heç taxtaya baxmadan.


Bir dəfə də olmamışdı qalib gələn Fərhada,

Elə güman edirdilər yeganədir dünyada.


Əcəmlilər at salanda Fərhadın şahmatına,

Yaxın dura bilməzdilər onun kəhər atına.


Şah Mehrə üz tutub dedi: bələdmisən şahmata?!

İstəyirəm öz gücünü göstərəsən Fərhada.


Əgər qalib gələ bilsən ona da, ey cavanmərd

Deməli ki ustadların ustadısan sən əlbət.


İki şahmat ustadının adı düşsə cahana,

"Mənəm, mənəm" deyənləri yaman salar həycana!


cavab verdi Mehr o dəm Xarəzm şahı Keyvana,

Mən ən kiçik bəndənizəm tabeyəm hər fərmana.


Fərhad haman yubanmadan hazırladı şahmatı,

Yenə maraq dənizinə qərq oldu şah büsatı.


Günəşüzlü, piyadanı sürdü əvvəl meydana

Atı, fili, vəziri də sonra saldı cövlana.


Bir möhrə də ölməmişkən qəribə hal yarandı,

Vuruşmanın sürətində bir etidal yarandı.


Şahzadə çox düşünərək topu verdi irəli,

Daha da çox möhkəmləndi qalasının təməli.


Fiqurları elə düzdü aralıqda, kənarda,

Ki, rəqibi zəif nöqtə tapmasın sıralarda.


Hər əsgəri öz yerində bərkidərək səngərdə,

Hazırladı qoşununu son döyüşə sərkərdə.


Rəqib nə cür kələk qurub nə hiylə işlədirdi,

Mehr ona yubanmadan ən düz cavab verirdi.


Özü isə bir hücumda işlədirdi elə fən,

cavab üçün xeyli zaman fikirləşirdi düşmən.


Şahzadə at səyirdərək şaha atdı kəməndi,

Şah mat qalıb açammadı heç vəchlə bu bəndi.


Mehr ustadı doqquz dəfə məğlub edib qoydu mat,

Utanaraq elə bildi canın uduzdu Fərhad.


Şahla birgə məclis əhli halı belə görərkən,

Hər ağızdan eşidildi alqış, afərin, əhsən.


Keyvan şahın heyranlığı olmuşdu binəhayət

Bu fəzilət mədəninə edirdi sonsuz heyrət.


Təəccübü çoxalırdı getdikcə bu cavana,

Məharəti möcüzətək görünürdü Keyvana.



KEYVANIN MEHRİ MİRZƏLİK İŞİNDƏ

İMTAHAN ETMƏSİ
Şah istədi bir işdə də Mehri etsin imtahan,

Ona dedi: ey fəzilət sahibi, ey qəhrəman!


Dəbirimiz burda yoxdur, lütfən götür bir xamə,

Tərəfimdən Hindistana gözəl xətlə yaz namə.


Qələm kimi baş əyərək dedi: "Fərman sizindir,

Bu namədə xətt mənimsə, söz və ünvan sizindir".


Hacibinə bir işarə edən kimi şah Keyvan,

Gətirildi ortalığa kağız, qələm, qələmdan.


Mehr dedi: "Qələm kimi batsam da qara suya,

Xidmətindən tük qədəri uzaşmaram mən əsla.


Davat sənin mədhin üçün ağız açar həmişə,

Qələm ancaq səni tərif sözüylə başlar işə.


Qayçı vursan kağıza sən deyər cana minnətdir,

Şah yolunda doğranmaq da ona əsil xidmətdir.


Ney qələmin başını da kəsib yarsan uf deməz

Bəlkə gözəl xətt salmaqçün artar onda şövq, həvəs.


Mən də sənə xidmət üçün qulluğunda durmuşam,

Xidmətindən başqa yoxdur ürəyimdə bir məram".


Sonra yüngül qanadlı bir quş çıxartdı qəfəsdən,

Dimdiyindən səpirdi o müşkü ənbər, nəstərən.


Gah uçurdu hində, gah da dönürdü Çin xəttinə,

Qayıdırdı sonra yenə vətənin sərhəddinə.


Qara xətli bir gözəldi, dili baldan şirindi,

Sadə, aydın kəlamının mənaları dərindi.


Həbəşi bir xadim ikən sakin idi Əhvazda,

Hər bir sirrə məhrəm idi xəlvətdə, ya pərvazda.


Üç at üstə minsə də o gəzərdi piyadə, tək

Zahirdə lal görünsə də ötərdi bir bülbültək.


Xızr kimi tapmışdı o zülmatda dirlik suyu,

Xof etmədən qət etmişdi çətin, qaranlıq yolu.


Aycamallı aldı ələ haçadilli xaməni,

Şahanə bir ifadəylə başladı o, naməni.


Qələm ona baş əyərək kafura səpdi ənbər,

Dəqiq, incə ləfzlərlə ağzından tökdü şəkkər.


Kövsər, inci töküldükcə qələminin ucundan.

Namə bir-bir ürəyinə doldururdu misli-can.


Hər kəlmənin mənasından Keyvan məbhut qalırdı,

Yazısının səbkindənsə başqa ləzzət alırdı.


Ağıl heyran olmuş idi ondakı bəlağətə,

Şüur valeh olmuş idi rəmzlə işarətə.


Bu naməni oxusaydı fələyin Tir katibi,

Heyrətindən ağzı onun bağlanardı lal kimi.


Sətirləri tar simi tək oxşayırdı nəzəri,

Kitablarda tapılmazdı hərflərinin bənzəri.


Qalxış, eniş, dövrə, nisbət, incə, qalın hüsn-xətt

Şahın nadir naməsinə verirdi başqa ziynət.


Qaralanmış məsahədən məna nuru parlardı,

Sanki gecə zülmatının içində günəş vardı.


Ya dilbərin qara saçı içində ay işığı.

Zülf ilə ay bir-birinin həmdəmi, yaraşığı.


Ya da qara gözbəbəyi içində nurlu aləm,

Ya günəşin zərrələri bir nöqtədə olub cəm.


Xülasə, Mehr qələmilə yazılıb bitdi namə,

Öpüb onu təqdim etdi yüksək, ali məqamə.


Şah məktuba nəzər salıb oxudu başdan-başa,

Nəhayətsiz valeh oldu, az qaldı əqli çaşa.


Dedi: əsla görünməmiş dünyada belə ustad,

Ki, qazansın zəkasilə hər bir fəndə yüksək ad.


Hər işində Mehr çatıb yüksək kamal həddinə,

Bəlkə gözəl bir pəridir girib insan cildinə.


Heç bir kəsdə ola bilməz bir bu qədər fəzilət,

Bunca kamal və istedad, bunca camal, fərasət.


Belə bir xətt yaratmağa heç bir kəs qadir deyil,

Sanki yazmış bu naməni öz əlilə cəbrəyil.


Ya Ütarid göydən düşüb belə gözəl xətt salmış,

Belə xəttin sahibinə qoy deyilsin min alqış!


Bəh-bəh dedi hamı onun xəttinə, mənasına,

Heyrət etdi hamı onun inşavü imlasına.


Şah söylədi: "Görməlidir bunu bütün əhali,

Zərif, lətif yazıdakı bu hüsnü, bu cəlalı".


Sonra dedi Hacibinə: "Al bu xətti get haman,

As şəhərin izdihamlı küçəsinin başından.


Qoy Xarəzmin əhli bilsin bizdə belə ustad var,

Gözlərə nur bəxş eyləyən misilsiz bir xəttat var.


Təliq ilə yazılmış bu xəttə bərabər hanı,

Bunun kimi xətt tapılmaz gəzsən bütün dünyanı."


Hacib alıb o naməni çıxdı, asdı meydanda,

Şəhər əhli toplaşaraq onu görən zamanda


Bir ağızdan söylədilər: "Edilərsə düz təhqiq,

Yaradılmış Xarəzmdə ilk dəfə xətti-təliq."



Yüklə 3,1 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə