Alma z pərdəli şəkilli pyes



Yüklə 405,5 Kb.
səhifə2/6
tarix11.09.2018
ölçüsü405,5 Kb.
#67989
1   2   3   4   5   6

İKİNCİ PƏRDƏ

 

Kənd şurasının qabağı. Beş - altı nəfər baş-başa çatıb söhbət edir.

Sonradan adamlar bir-bir, iki-iki gəlib onlara qoşulur.

 

H a c ı Ə h m ə d. Deyəsən bu qız doğrudan da gələnə oxşamır.



B a l a r z a. Ay kişi, ağzımda sizə nə deyirəm? Ona elə bir düdəmeyi-hindi gəlmişəm ki, daha papağını da atsalar, yığıncağa ayaq-mayaq basmaz.

H a c ı Ə h m ə d. Canın üçün elədir. Lap təcrübə eləmişəm. Yumruq çəkənin qabağına çomağnan çıxmasan, deyər qorxdu. Ancaq bu hələ təzə-təzə culus eləyir. Gərək bir görək sözünün əsli-məğzi nədir? Belədir, ya qeyri-belədir?

İ b a d. Sözünü də kəsirəm Hacı, oğlunun toyunda. Elə padlesdir, elə padlesdir, heç zəmanədə tayı yoxdur. Sən öləsən, elə Allah-Allah eləyirdim ki, bir ağzını açıb bir söz desin. Amma padlesliyini gör ki, dodağını dodağından ayırmadı.

H a c ı Ə h m ə d. Heç tələsmə, canın üçün gec-tez başı dəyər əlhəd daşına. Ancaq hələ bir dişimizə vuraq. Bərkini-boşunu bilək. Bəlkə elə yola yaxındır. Olmasa, yenə də ağa durub, ağacan durub. Belədir, ya qeyri-belədir?

B a l a r z a. Yox, Hacı, mən o qızda gördüyümü görmüşəm.

İ b a d. Bəs Molla Sübhan gəlməyəcək?

H a c ı Ə h m ə d. Yox, Molla Sübhan qoy hələ gəlməsin, işi korlar. O öz məsələsinə arifdir. Eybi yoxdur, özü Ocaqqulunun dərsini verib göndərər.

İ b a d. A kişi, Ocaqqulu iki eşşəyin arpasını bölə bilmir.

B a l a r z a. Odur, Baloğlan gəlir.

İ b a d. Mən belə arvadmərəkə adam görməmişəm. Dünən, deyirlər, qız elə ki döyüb ayaqlarını onunçun yerə, özünü itirib. Az qalıb yıxılsın əl-ayağına. Deyib ona: necə ki, necə? Mən on arvad üçün ərizə yazmışam, sən birinin də işinə baxmamışsan. İndi ki, belədir, sovsim gərək şuradan çıxasan. İspolkom gərək arvaddan olsun.

B a l a r z a. Arvad a... Vay atonnan səni! Əcəb dünya korlandı getdi.

H a c ı Ə h m ə d. Barakallah qız, barakallah qız!

İ b a d. Ondan hələ təzə-təzə qissələr çıxacaq.

H a c ı Ə h m ə d. Sözü dəyişin, Aftil gəlir.

 

Baloğlan və Aftil gəlir.



 

B a l o ğ l a n. Salaməleyküm, Hacı dayı!

H a c ı Ə h m ə d. Balam, bəs bu iclası haçan başlayırsınız?

B a l o ğ l a n. Hələ durun görək, bəlkə heç gəlmədi. Deyirlər naxoşdur.

B a l a r z a. A kişilər, deyirəm sizə o daha buralara gəlməz ey... O öz fitini başa düşübdür.

A f t i l. Necə? Heç elə şey yoxdur. Vallahı, deyir, kasıbla işim yoxdur, amma dövlətlilərin dərisinə lap saman təpəcəyəm.

H a c ı Ə h m ə d. Bizə nə var. Bizim də bir qarnımız var. Necə çalarlar, biz də elə oynarıq.

B a l o ğ l a n. Yox, canım, yox, yox. Lap elə də deyil. Yox, yox (Bəzən “yox” sözünü dilini nırçıldadaraq söyləyir).

H a c ı Ə h m ə d. Deyir: örkən nə qədər uzun olsa, axırda gəlib doğanaqdan keçəcəkdir.

İ b a d. Deyir, bəs dünən iki ayağını təpmişdi bir başmağa.

B a l o ğ l a n. Yox, canım, yox, yox. Əvvəl bir çımxırdı üstümə, mən də bir təpindim ona. Sonra gördüm həstədi. Lap mumdan da yumşaq olub. Özünüz görərsiniz də.

H a c ı Ə h m ə d. Yəni bir söz deyəndə, başa-maşa düşür?

B a l o ğ l a n. Bəli, ya... Bəli, bəli. Lap o elələrindən deyil, yox, yox.

 

Ocaqqulu gəlir.



 

O c a q q u l u. Bəs deyirlər, Xanımnazın qızı bu gün sübut eləyəcəkdir ki, Allah olmasın.

İ b a d. Belə, bilirsən, onun əsl dediyi nədir? Uzun sözün qısası; nə Allah olsun, nə peyğəmbər. Arvadları da doldurun bir dama, kişiləri də bir dama. Olsun hopçılıq. Heç bir kişinin də ixtiyarı olmasın ki, öz arvadına bir ağac vursun. Hamısının elə atdığı da bir yerdə olsun, yatdığı da. Başa düşdün? Bu vaxta qədər, deyir, arvadlar kişilərə tabedi, indi gərək kişilər arvadlara tabe olsun. Bildin? Buğda əkənlər də gərək zəfəran əksinlər. Bildin?

O c a q q u l u. Yəni Allaha da inanmır də?

B a l o ğ l a n. Yox, canım yox, yox. Onun dediyi o deyil. Belə fikir verəndə o çıxır. Ancaq onu demir, yox, yox, yox.

O c a q q u l u. Yəni peyğəmbər səlavatüllaha da inanmır?

B a l o ğ l a n. Yox, canım, inanmağına inanır. Ancaq belə, elə deyir ki, olmasın da, belə. Yoxsa ki, açıq desin. Yox, yox, yox.

Ş ə r i f. Bura bax, siz hələ bir spakoys olun. O kişinin qızı hələ subutalni, dakumentalni öz sözünü deməyibdir. Bu saat hamı qaranlıq quyuya daş atır.

İ b a d. Bəs bu neçə vaxtda bu zalımın qızı zurna-balabandır çalır? Sizin papağınızı başınızdan aparmasalar, ayılmazsınız. Qurtardı getdi.

B a l a r z a. Sən öləsən, işi bir çilləyə mindirəcək ki, axırda bir arvad öz ərini tanımayacaq. Bir uşaq öz atasının sözünə baxmayacaq...

İ b a d. Qurtardı getdi!

Ş ə r i f. Siz bir spakoys olun. Ibad dadaş, mən səni subutalni, dakumentalni başa salım. Dünən Kərbəlayı Balarzanın bir az hövsələsi təng oldu.

İ b a d. Kərbəlayı Balarza, yox ey! Belə, mən özüm qışqırdım. Mən söydüm. Yumruq çəkənin qabağına çomağnan çıxmasan, deyər qorxdu.

O c a q q u l u. Yəni Həzrət Abbasa da inanmır?

B a l o ğ l a n. Yox, canım, yox, yox. O, elə bir az Allah barəsində oyan-buyan eləyir. Yoxsa ki, o yerlərdə işi yoxdur.

B a l a r z a. Şərif deyir belə. Siz öləsiz, bir ay bundan qabaq bilmirəm nə oldu arvada... bir şillə vurdum ağzına ki, az danış. Görürəm mənə deyir ki, mənim hüququmu mənnəm neylirsən. Zakunda arvadı vurmağa polaqays yoxdur. Bunu o haradan bilir? Gündə bu bulaq başıdır, bu arvadların canı. De ki, deyəsən. Hələ uzun deyir cəmdəklərinə. Sonra bizim arvadlar olsun, belə söz... Eh, sən öləsən, qan vurdu başıma, elə əlimi atdım arabanın çilləsi gəldi əlimə, elə ki, endirməmişəm bunun ombasından... On beş gündü ayağını çəkə bilmirdi. Elə təzəcə ayağı yer tuturdu, dünən gəldi ki, məni kolxoza yazdılar. Eh, sən öləsən, qan vurmadı beynimə. Ay sənin atovun... ki, qapdım, bir sınıq ağlob var idi, onu.

Ş ə r i f. Balarza dadaş, sən bir spakoys ol! Odur ki, dünən o da şuranı subutalni, dakumentalni təqsirləndirirdi ki, siz arvadları müdafiə etmirsiniz. İndi nə edəsən? Baxasan, axı, Balarza dadaşdır. Baxmayasan da olmur.

B a l o ğ l a n. Mənə dedi, mən də dedim mənə arvad şikayət eləməyib. Bir də, sözsüz ev olmaz. Mən özüm də acığım çıxır, arvada bir şillə vururam. Daha mən köhnə kəndə təzə dəb sala bilmərəm ki. Özü bilər öz arvadı ilə. Sonra gördüm həstədi.

O c a q q u l u. Yəni sahibin zühuruna da inanmır?

 

Mirzə Səməndər gəlir.



 

H a c ı Ə h m ə d. Mirzə Səməndər, buyur-buyur, bu tərəfə, bu tərəfə, lap mənim yanıma.

M i r z ə S ə m ə n d ə r. Zəhmət çəkməyin, Hacı, mən elə burada oturaram.

H a c ı Ə h m ə d. Canım üçün olmaz, lap bu tərəfə, hay barakallah! Necəsən, yaxşısan ki? Dünən uşaqlar yaxşı şit yağ gətirmişdilər. Canın üçün, elə ayranı axırdı. Dedim: adə, ondan beşaltı girvənkə Mirzə üçün göndərim. O belə şeylərin xiridarıdır.

M i r z ə S ə m ə n d ə r. Gətirmişdilər. Hacı, payınız artıq olsun. İnsafən yaxşı yağ idi. Lap, Hacı, xəcalət verirsiniz.

H a c ı Ə h m ə d. A kişi, işində ol, nə xəcalət, deyir, dünya belə gəlib, belə də gedəcəkdir. Qazanıblar, yemişəm; qazanıram, yeyəcəklər. Adamdır, insandır: bu gün mən sənə əl tutaram, sabah sən mənə. Dedi ki, mənim əlimdən bu gəlir, sənin əlindən bir başqa şey.

M i r z ə S ə m ə n d ə r. Əlbəttə, əlbəttə, biz həmişə kiçikliyinizdə varıq.

H a c ı Ə h m ə d. Böyüyümüz varsınız. Əl əli yuyar, əl də üzü.

O c a q q u l u. Allah-taala hər kəs üçün bir ruzu qoyubdur, qismətdən artıq yemək olmaz.

M i r z ə S ə m ə n d ə r. İnsafən deyəndə, camaatın boynumda böyük haqqı var. O gündən ki, gəlmişəm, yağa, yumurtaya pul verməmişəm.

H a c ı Ə h m ə d. Elə olar da. Sən ki, camaatnan düz yola getdin, hər işə qatışmadın, aləmə ləxləxə salmadın, camaat da səni öz gözünün üstündə saxlar.

M i r z ə S ə m ə n d ə r. Bilirsən, Hacı, mən öz vəzifəsini bilən adamam. Hökumətdən məvacib alıram. Borcum odur, gündə dörd saat dərs deyəm, qurtardı getdi. Qalan işlərlə işim yoxdur. Hər işin öz adamı vardır. Kolxozdur, bilmirəm nədir, onun da öz adamı vardır.

H a c ı Ə h m ə d. Belə, burada məsələ kolxozda deyil ey. Belə, onu deməsinlər ki, sən min zəhmətlə yer əkmişsən, ya da türkün misalı, zəhmət çəkib əkdirmişsən, ya heyvan saxlamışsan, ya bağ salmışsan, götür ver Curubbu Xudaverdiyə ki, nə var, yoxsuldur. Belədir, ay kişilər, ya qeyri-belədir?

B a l o ğ l a n. Yox, canım, onu demir, yox, yox, yox.

A f t i l. Bəs onda Curubbu Xudaverdi nə yesin?

İ b a d. Nə yesin? Canı çıxsın, işləsin.

A f t i l. Nəynən işləsin? Malı var, heyvanı var?

B a l a r z a. Yəni Hacı Əhmədi görən Allah Xudaverdini görmür?

Ş ə r i f. Bircə spakoys olun. Sizin pırğıramdan xəbəriniz yoxdur. İngilis deyir ki, bu ingilis yox ey, firəng ingilisi.

O c a q q u l u. Yəni deyir Quran da olmasın?

H a c ı Ə h m ə d. Malı yoxdur, gəlsin, filani, mal ver, tum ver. Bir Allah bəndəsi versin də. Az vermişəm?

A f t i l. Elə verirsən də. Altı pud buğda verdin, axırda altımdan palazımı götürdün.

B a l a r z a. Bura bax, bayaq dedim ey. Yoxsuldur canı çıxsın, Allahın sizin kimi gözü yoxdur?

O c a q q u l u. Yəni bu Allah annamırdı? Necə oldu ki, Hacı Əhmədə yüz qoyun verdi, Curubbu Xudaverdiyə bir qoyun da vermədi?

A f t i l. Mən nə bilim necə oldu?

O c a q q u l u. Ona görə ki, o ona layiqdir, o ona. O, o yerin adamıdır, o, o yerin.

A f t i l. Xeyr a... O köhnə nağıldır, səninçin qalsın. O, oranın adamıdır. Elə nə üçün?

O c a q q u l u. Elə nə üçün, elə nə üçün? Hələ belə üçün. Bunlar hamısı hikmətdir. Hikmətə sorğu-sual yoxdur.

A f t i l. Odur gəlir. Görünür orada da yığıncaq varmış. Dəstəynən gəlirlər.

İ b a d. Odur ha, yenə də salıb oğul-uşağı dalınca... Tuman dizdən yuxarı, baldırları da ki, iltiriski kimi işıq salır. Sən öləsən, mən demişəm dünyanın axırıdır. Həzrət Abbas haqqı, xəlayiqə mən təəccüb qalmışam. Məxluq hamısı papağı  istisoyuqçun örtübdür.

 

İşıq sönür.



Kənddə yığıncaq.

 

B a l o ğ l a n. Yoldaşlar, danışır sizin üçün kəndin müəlliməsi, hansı ki, bir necə-necə işlər barəsində.



B a r a t. Danışsın, danışsın (Əl çalır, gənclər də əl çalırlar).

H a c ı Ə h m ə d. Buyursun görək (Əl çalır, Şərif də, Baloğlan da əl çalırlar).

A l m a z. Yoldaşlar, mən bilirəm ki, bu kənddə mənim dilimdən və mənim haqqımda bir çox əsassız sözlər danışılmaqdadır. Kütləyə əsaslanmayan hər bir təşəbbüs ölümə məhkumdur. Ona görə də biz istəyirik ki, kütlə bizim fikrimizi aydın bilsin. Bizim fikrimiz kütlənin fikri olsun.

G ə n c l ə r. Doğrudur, doğrudur (Əl çalırlar).

A l m a z. Yoldaşlar, mən özüm bu kənddənəm. Getmişəm oxumuşam, yenə də qayıdıb bu kəndə, sizin aranıza gəlmişəm. İndi burada mən bir dərs deyənəm, bir də vətəndaş. Biz razı olmamalıyıq ki, başqa kəndlər tərəqqi edib varlandığı halda, bizim kəndimiz geridə qalsın. Bu gün ölkəmizin ümumi şüarı: hər bir cəhətdən bütün mədəni ölkələrə yetmək və ötməkdir. Bu şüarı həyata keçirənlərin arasında biz birinci olmalıyıq.

B a r a t. Yaşa, yaşa! (Əl çalır).

İ b a d. Dayan, adə, yaşa, yaşa! Zəhrimar, dərd, yaşa. Heç bilmir harada bişib,

elə deyir bir çömçə tök.

 

Xanımnaz həyəcanla iclasın gedişini təqib edir.



Ocaqqulu səliqə ilə ayağa durub danışmağa başlayır.
O c a q q u l u. Yaxşı, sən hələ bir onu mənə de görüm ki, hər binanın bir ustası və hər məxluqun bir xaliqi olur, ya olmur?

A l m a z. Nə buyurursunuz?

B a l o ğ l a n. Ocaqqulu əmi, sən bir az səbir elə, hələ bir görək Almaz xanım nə deyir.

O c a q q u l u. Yox, qoy o hələ indicə mənə desin görüm: hər binanın bir ustası var, ya yoxdur?

Ş ə r i f. Ocaqqulu dayı, sən bir spakoys ol, onları müzakirədə danışarıq.

H a c ı Ə h m ə d. A kişi, sən bir səsini kəs, qoy görək kişinin qızı nə deyir də.

A l m a z. Yoldaşlar, bizim çalışdığımız, kəndin əməkçiləri üçündür. Hər işdə də dayanacağımız onlardır. Lakin məqsədimiz kəndliləri yoxsul görmək, hamını yoxsul etmək deyildir. Biz istəyirik ki, kəndimizdə yoxsul qalmasın, bütün yoxsullar varlansın, mədəniləşsin, bu günkü yürüşdə sağlam bir əsgər kimi yeriyə bilsin.

 

Hamı əl çalır.



 

H a c ı Ə h m ə d. Barakallah, kişi qızı, barakallah, kişi qızı, afərin, barakallah, fərasət! Halal olsun sənə anadan əmdiyin süd. Əsl pirğıram elə sən deyəndir (Əl çalır). Varlıları yoxsullaşdırmaq yox, yoxsulları varlandırmaq. Söz elə budur ki, var!

İ b a d. Baxma, tülküdür. Elə podlesdir, dabbaqxanada gönünü tanıyıram.

O c a q q u l u. Həzərat, mən ondan sual eləmək istəyirəm ki, hər binanın bir ustası var, ya yoxdur?

B a r a t. Eh, yumsanız onun ağzını.

H a c ı Ə h m ə d. Sözünü de, bacıqızı, əsl söz elə sən deyəndir. Sən ki, bu yol ilə, bu əda ilə bizə yaxın gəldin, biz kəndlilərin bütün malımız, canımız, hər bir şeyimiz sənə qurbandır. Bircə qulbeçəm var, gəl başını apar, kəs. Bir nəfər sənə yox deməz. Qaldı ki, mal cəhətincə, həmçinin, pul qoymaq, kömək etmək bizdən, bina qurmaq, tədbir tökmək səndən.

H a m ı. Yaşa! Yaşa! (Əl çalırlar).

B a l a r z a. Əsl pirğıramı elə bu kişi keçirdir. Yaşa, Hacı, yaşa! (Əl çalır).

B a l o ğ l a n. Yoldaşlar, sakit olun, Almaz xanım, hansı ki, neçəneçə şeyləri bizim üçün aydınlaşdırsın.

A l m a z. Yoldaşlar, mədəni cəmiyyət bu gündə yaşaya bilməz. Yenə kəndə yeni yaşayış lazımdır. Bunun üçün də “Yeni yol” adında bir kolxoz düzəlmişdir. Yoldaş Lenin deyir ki, əsrlərdən bəri donub qalmış kənd, ancaq kollektivləşmə ilə yoxsulluqdan və dilənçilikdən qurtara bilər. Biz, qadınlarımızın hüquqsuzluğunu da bu yol ilə aradan qaldıra bilərik.

İ b a d. Odur ey, yavaş-yavaş gəldi mətləb üstünə.

A f t i l. Doğru deyir də, dünən Kərbəlayı Balarza guplayıb ağlobu arvadın miyantənginə, hələ bir ay, Ocaqqulunun qatırı kimi axsayacaqdır.

O c a q q u l u. Qatırı axsaq olanın atasına lənət, cədd-əqrəbasına lənət, sonra da yalan deyənə!

B a l o ğ l a n. Kərbəlayı Ocaqqulu dayı, Kərbəlayı Ocaqqulu dayı!

O c a q q u l u. Siz istəyirsiniz mənim qatırımı ayağa salıb alasınız. Adə, Kərbəlayı Əlmərdan, sən olasan o qatırıvın balası, balovun qatırı... qatırıvın canı, balovun canı, mənim qatırım axsaqdır?

Ş ə r i f. Kərbəlayı Ocaqqulu, sən bir spakoys ol.

B a r a t. Yoldaş sədr, çıxardasınız bu qatırın məsələsini müzakirədən.

O c a q q u l u. Görmürsən, mənə deyir qatırın axsaqdır, hara gedirəm deyir qatır, elə deyir qatır, elə deyir qatır.

H a c ı Ə h m ə d. Canım, bir dayansana görək kişinin qızı nə buyurur.

O c a q q u l u. Eybi yoxdur, qalsın qırmızı qulluğunda. Əgər mən sənə o qatırın axsaqlığını sübut elədim, mən də oldum Molla Qulamhüseynin oğlu.

A l m a z. Yoldaşlar, bizim qadınlarımız Şura hökumətinin onlara verdiyi hüquqdan hələ də istifadə edə bilmirlər və cəmiyyətin irəliyə yürüşündə axsayırlar.

A f t i l. Ocaqqulunun qatırı kimi.

O c a q q u l u. Qatırı axsaq olanın atasına lənət.

A l m a z. Çarxın biri var, o biri yoxdur. Ox yerlə sürünür. Qadın əmək başına gəlməli və ikinci çarxı əvəz etməlidir.

İ b a d. Odur ey, vurdu kəlləçarxa. Pişim-pişimnən hara apardı çıxartdı.

A l m a z. Biz qadınlarımızı qəfəsdə saxlayan əlləri qırmalı, qadını azadlığa çıxarmalıyıq.

B a l a r z a (İbada). Bu sözü bizə atır a...

İ b a d. Sən öz dərdini çək. Bizim arvadlarımızın dərdini çəkmə.

H a c ı Ə h m ə d. Ibad, Ibad, sən heç danışma. Mən ölüm, heç dinmə, görək sözünün axırı hara çıxar.

B a r a t. Doğru söz acı olar. Qoymurlar danışsın.

A l m a z. Yoldaşlar, sizin arvadlarınızı yaman bir yola çıxartmırıq, doğru əməyə çağırırıq. Onları buraxsanız da gələcəklər, buraxmasanız da gələcəklər. Bu gün deyilsə, sabah gələcəklər, çünki həyat özü bunu tələb edir. Bunsuz həyat irəliləyə bilməz.

İ b a d. Nə üçün? Bu vaxta qədər xoruz yoxdu, sabah açılmırdı?

O c a q q u l u. Həzərat, mən bu yığılan camaatdan sual eləyirəm: hər binanın bir ustası var, ya yox?

Ş ə r i f. Yoldaşlar, siz bir spakoys olun, qoyun Almaz xanım öz sözünü danışsın, sonra siz öz sözünüzü subutalni, dakumentalni deyərsiniz.

A l m a z. Güc-xoş biz, qadınları evlərdən qoparmalıyıq.

İ b a d. Sən indi mənim arvadımı gücnən apararsan?

A l m a z. Aparmaram, özü gələr. Bu gün xoşla qoymasan, sabah qaçar gələr.

B a l a r z a. Əh, and olsun Həzrət Abbasa, ona bir toy tutaram ki... Daha bu xalq qiryətini çöldən tapıbdır.

H a c ı Ə h m ə d. Atam, qoyun kişi sözünü desin də, arvad oldu, nə oldu, söz danışır axı!

B a r a t. Yoldaşlar, bu nədir?

Ş ə r i f. Yoldaşlar, qulaq asın!

A l m a z. Ikinci nöqsan əməkdəki plansızlıq, təkçilik və anarxiyadır.

A f t i l. Yəni işdə gərək arxayınlıq olsun.

H a c ı Ə h m ə d. Dayan, dayan, ay Aftil. Burasını, deyəsən yaxşı başa düşə bilmədim.

A l m a z. Varlının bir atını alıb bir yoxsula, iki qoyununu o biri yoxsula verməkdən bir şey çıxmaz. Bundan yoxsul varlana bilməz.

H a c ı Ə h m ə d. Barakallah, barakallah, fərasət! (Xanımnaza) Bacı, bacı, uzaqda dayanma, buyur, bu yaxında otur. Yol verin, bacı yaxına gəlsin. Yaxşı, de, gözüvə dönüm, de!

A l m a z. Bizə tək-tək adamların varlanması lazım deyildir. Gərək ellik varlansın, cəmiyyət varlansın, kollektiv varlansın. Buna görə də əmək kollektivləşməli və istehsal vasitələri kollektivin əlində olmalıdır.

H a c ı Ə h m ə d. Yavaş, yavaş, deyəsən, burasını yaxşı başa düşə bilmədim. Zəhmət çək, burasını bir də de, bacıqızı.

A l m a z. Yoldaşlar, bunlar nəzəriyyədir. Sonradan bunu ətraflı danışmaq olar. İndilik əməli işə keçək. “Yeni yol” arvadlar üçün bir yunbirliyi düzəltmişdir.

İ b a d. Bizim arvadlarımızdan göz çək!

H a c ı Ə h m ə d. Dayan, dayan, ay Ibad, yaxşı-yaxşı başa düşək.

A l m a z. İkinci, meyvəbirliyi düzəldirik. Burada kişilər də, arvadlar da işləyə bilər. Bunlar üçün kurslar da açılır. Istəyənlər yazıla bilər.

B a r a t. Hamı yazılar, hamı yazılar!

A f t i l. Budur, mən yazılmışam.

A l m a z. Bunların işləməsi üçün çox şey lazım deyildir. Bircə kəndin altındakı Hacı Əhməd bağı bu elliyə verilsə, hələlik bəsdir. Kəndli maşının mənfəətini görsə, sonra özü işə girişər.

H a c ı Ə h m ə d. Necə, necə, bacıqızı? Səhərdən elə yaxşı gəlirdin, ancaq, deyəsən, burada bir azca dolaşdırdın, ya mənim qulağım yaxşı eşitmədi?

A l m a z. Mən deyirəm: bağ meyvəçilik üçün alınsın.

H a c ı Ə h m ə d. Mənim bağım?

A l m a z. Bilmirəm, ona Hacı Əhməd bağı deyirlər.

H a c ı Ə h m ə d. O bağ mənimdir.

A l m a z. Mən bilmirəm. Biz kənddə olan hər bir şeyi cəmiyyətin bilirik. Qoy kəndlilər qərar çıxartsınlar, o bağı kollektiv üçün alsınlar.

H a c ı Ə h m ə d. Bəs o bağın gəliri kimə yetişəcək?

A l m a z. Biz oraya cürbəcür maşınlar qoyacağıq. Əlbəttə, gəliri orada çalışanlara yetişməlidir.

H a c ı Ə h m ə d. Bəs mən ölmüşəm ki, diri-diri mənim bağımı hərraca qoyasan? Mən özüm hökumətə vergi verirəm. Özüm invalid, bu da mənim kağızlarım.

A f t i l. A kişi, bəlkə elə pulunu verəcəklər.

A l m a z. Hacı, siz ki, oğlunuzun başından keçirdiniz.

H a c ı Ə h m ə d. Adə, zalımın qızı zalım, oğul nədir? Sən burada lap mənim özümü öldürürsən. Oğlumu get öldür də, danışan moltanı oğludur. Sən burada mənim yekə bağımı keçirdirsən özündən o yana ki, nə var, iş bilmişəm, kəndi irəli aparıram. Cəhənnəm olsun sənin kəndin, təpövə dəysin! Səhərdən elə hıqqana-hıqqana bunu deyəcəkdin?

İ b a d. Yox bəs. Mən onun zatını tanımışam. Siz də deyirdiniz ki, bəs, yuxa arasında halva var?

K ə n d l i l ə r. Ay Hacı, dayan bir də, bəlkə sənə xeyri yoxdur, bizə var.

B a r a t. Yoldaşlar, bu fikir bizim fikrimizdir. Hamımız da bu yolda mübarizə edəcəyik.

A l m a z. Yoldaşlar, mənim sözüm yoxsul və ortabab kəndlilərədir. Sizin yaşayışınız çox ağırdır. Təbiət sizə çörəyi çox baha verir. Torpaq sizin ömrünüzü və əməyinizi udur. Bu ağır haldan siz ancaq fəhlə sinfinin və şəhərin köməyi ilə, dəmir atlarla, dəmir qanadlarla çıxa bilərsiniz!

H a c ı Ə h m ə d. Lazım deyil, bizə şəhərin köməyi! Şəhər bizi soymaq istəyir. Lazım deyil bizə şəhərin maşını!

K ə n d l i l ə r. Neyçin lazım deyil?

H a c ı Ə h m ə d. Atamız, babamız belə yaşayıb, biz də belə yaşayırıq.

A f t i l. Ey... Sağ yaşamasın ata-babamız. Allah vurmuşlar elə heyvan kimi tövlədə yaşayıblar də.

H a c ı Ə h m ə d. Acından ölən ki olmayıb.

A f t i l. Elə, elə olmayıb də. Budur, sən hər gün xoruz-beçə yeyirsən, mənim uşaqlarım bir çuxur bulama da tapa bilmir.

H a c ı Ə h m ə d. Heç kəs heç kəs üçün havayı işləmir.

B a l o ğ l a n. Yoldaşlar, qulaq asın, deyirəm. Hacı Əhməd, axı qaydası belə deyil ki, siz belə eləyirsiniz.

H a c ı Ə h m ə d. Belə? Yaxşı. Neynək!..

B a l o ğ l a n. Qoy kişi sözünü desin, görək nə deyir də.

B a r a t. Hacı Əhmədə söz verilməsin.

İ b a d. Sən səsini kəs. Axmaq. Boyuna bax, danışığına bax!

H a c ı Ə h m ə d. Ay gədə, Ibad, heç danışma, qoy sözün desin. İş ki, bu çilləyə yetdi, qoy desin. De sözünü.

H a m ı. Qoyun danışsın, danışsın.

A l m a z. Bir də, yoldaşlar, şura sədri kənddə ictimai işlərin sükançısı olmalıdır. Yoldaş Baloğlan bəlkə də, özlüyündə yaxşı adamdır, ancaq bu iş üçün zəifdir. Mənim yanımda beş-altı arvad ona şikayət vermişdir. Lakin o bir iş görməmişdir, ya da görmək istəməmişdir. Mən deyərdim ki, bir vətəndaş kimi, o öz nöqsanlarını bilib istefa versin. Ya da yığıncaq özü onu dəyişsin. Yerinə bu dəfə də qadın seçsin. Çünki bu saat qadın azadlığı yolunda apardığımız mübarizədə qadın sədr daha münasib olar.

B a l o ğ l a n. Necə, necə? Yoldaş müəllimə, mən sənə söz vermirəm!

B a l a r z a. Baloğlanın atası yandı.

İ b a d. Vurdu kəlləçarxa. Arvaddan sədr!?

M i r z ə S ə m ə n d ə r. Allah şənbəni cuhuda qismət eləsin.

B a l o ğ l a n. Sən köhnə kəndə təzə dəb qoyursan? Kişi arvadını döyür, mən ona nə deyə bilərəm? Nə üçün arvad özü şikayətə gəlmir?

A f t i l. Arvad yeriyə bilir ki, şikayətə də gəlsin? Elə zollamayıb ərəbə çilləsini miyantənginə ki, bir də ayağa dura bilsin. O yıxılmışdı ki, yıxılıb. Bir də gələn il tumakeşdə ancaq ayılar.

B a l a r z a. Arvad mənimdir, mənim deyil, hə? Arvad mənimdir, döymüşəm, istəyir şəriətə getsin, istəyir zakuna. Dünyada bir kişi var ki, öz arvadını döyməsin? Ay camaat, atam, mənim öz arvadımı döyməyə haqqım var, yoxdur?

B a r a t. Yoxdur!

O c a q q u l u. Nə şəriətnən, nə də zakunnan heç kəsin ixtiyarı yoxdur ərnən arvadın işinə qatışsın. Öz arvadıdır: döyər nə yaxşı, döyməz nə yaxşı.

B a l a r z a. Istəyəndə yaxşıdır, döyəndə pis? Adə, Mirzə Səməndər, zakunnan var ixtiyarı, yoxdur?

M i r z ə S ə m ə n d ə r. Vallah, mən bitərəfəm, belə işlərə qarışmıram.

Ş ə r i f. Yoldaşlar, siz bir spakoys olun.

B a r a t. Yoldaşlar, bunlar bilə-bilə şuluq salırlar ki, məclisi dağıtsınlar.

H a c ı Ə h m ə d. Heç kəsin sözü yoxdur. Deyir: Şura sədri yaramaz, neynək, yaramaz, ayrısını seçərik, arvad seçərik.

B a l o ğ l a n. Hacı dayı, siz də, demək mənimlə bu yolnan rəftar edirsiniz? Mən ki, Allaha şükür, sizə bir yamanlıq etməmişəm.

H a c ı Ə h m ə d. Daha nə yamanlıq, göz görə-görə bağımı istəyir salsın içəri, ağzuvı açmırsan.

B a l o ğ l a n. Nə bilirsən açmıram? Sən bir dayan, gör açıram, açmıram?

H a c ı Ə h m ə d. Yaxşı də. Sən məni tutmazsan, mən də yeri gələr tutmaram. Tutarsan məni, tutaram səni.

B a l o ğ l a n. Sən dayan, mən onun ağzını elə yumum ki, özü də afərin desin.

H a c ı Ə h m ə d. Yumacaqsan ki... çox yaxşı: bu xətt, bu da nişan!

B a l o ğ l a n. Yoldaşlar, daha bəsdir, qulaq asın (Nalı stola vurur).

Ş ə r i f. Yoldaşlar, siz bir spakoys olun, qaydası bu deyil axı.

B a l o ğ l a n. Şərif, sən də bir qulaq as! Yoldaş, sözünü qurtar. Daha sənə söz verilmir. Çünki biz baxanda baxıb görürük ki, doğrudandoğruya bu kəndə məxşuşluq salmaq istəyirsən. Hansı ki, istəyirsən kəndliləri bir-birinə salışdırasan.

A f t i l. Sənə də toxundu, hə?

B a r a t. Doğru söz acı olar axı...

B a l o ğ l a n. Yoldaş, sən də çox danışma.

İ b a d. Sənə də komsomol-komsomol deyiblər, havalanmışsan.

Ş ə r i f. Yoldaşlar, siz Almaz xanıma mane olursunuz. Bircə spakoys olun.

A l m a z. Yoldaşlar, söz sizindir. Siz nə qərar çıxartsanız, o olacaqdır. İkiüzlü sözlərə aldanmayın.

B a l o ğ l a n. Yoldaş, qurtardın?

A l m a z. Hələlik bir təklifim də vardır. Məktəb darısqaldır, maşınlarımız üçün yer yoxdur. Kənddə böyük bina bircə məsciddir. Qərar çıxardın: məscidi qadın yurduna, həyətini də uşaq bağçasına çevirək.

H a c ı Ə h m ə d. Necə? Məscidi bağlayaq? Məscidi oyunbazxanaya döndərək?

K ə n d l i l ə r. Ayə, məscid nə olsun dedi?

H a c ı Ə h m ə d. Ay camaat, nə o yan-bu yan salmışsınız? Bu, belə deyir ki, arvadları salın Hacı Əhməd bağına, olsun hamı hopçılığa, məscidi də bağlayın, olsun oyunbazxana, vəssalam, şüdtamam.

B a r a t. Yalan deyirsən, elə söz yoxdur!

H a c ı Ə h m ə d. Yalan deyənin atasına lənət!

O c a q q u l u. Vay, məscidlərə at bağlamaq istəyirlər. Kül başımıza. Ay camaat, ay müsəlmanlar, nə üçün dayanmışsınız? Daha Sahibin zühuruna az qalıbdır, cahaddır, cahad! Məscidlərə at bağlayırlar.

K ə n d l i l ə r. Qoy danışsın.

– Məscidlərə dolaşır.

– Sən qanmırsan!

– Sən özün qanmırsan!..

A l m a z. Yoldaşlar, qulaq asın!

B a l o ğ l a n. Yoldaş, sən kəndə məxşuşluq salırsan. Mən sənə söz vermirəm.

İ b a d. Hökumət zakununda bağ aldı yoxdur. Bağ polaqays deyildir.

H a c ı Ə h m ə d. Ibad, Ibad, bağnan işin olmasın. Sən məscidi qışqır, məscidi. Qoy bəhanə məscid olsun.

O c a q q u l u. Belə də iş olar?

A l m a z. Yoldaşlar, kəndlilər, biz ki, sizin üçün çalışırıq.

İ b a d. Aşna-aşna, axırda çıxdı ocaq başına. Arvadımıza sataşdı, keçdik, malımıza sataşdı, keçdik. Camaat, axırda da məscidimizə, dinimizə əl atdı.

Ş ə r i f. Yoldaşlar, bircə spakoys olun, qoy sözün desin qurtarsın.

A l m a z. Yoldaşlar, inanın ki, burada danışan dillər deyil, fikirlər deyil, ciblərdir, ciblər.

İ b a d. Sən get tumanını qısalt. Bizim arvadlarımıza, bizim məscidimizə əl ata bilməzsən. Şura hökumətinə vergi də veririk, naloq da. Zakunda məscidə dolaşmaq olmaz.

C a m a a t. Necə yəni məscid olmasın! Elə o qalmışdı!

H a c ı Ə h m ə d. Bunu çoxdan de, biz də bilək də!

X a n ı m n a z. Ay balam, bu camaat indi sənin üstünə tökülər, gəl tez qaçaq evə.

H a c ı Ə h m ə d. Ocaqqulu, nə üçün yummuşsan ağzuvı, oturmuşsan?

Səhərdən tamaşaqabaq kimi hey atılırsan ortaya. Dinsənən, başa salsanan xalqı!

O c a q q u l u. Həzərat, mən sual eləyirəm bu yoldaşdan, bütün bu icmanın qabağında sual eləyirəm: hər binanın bir ustası var, ya yoxdur, var, ya yoxdur?

A l m a z. Var.

O c a q q u l u. Atova rəhmət. Belə olanda yeri, göyü, küllü-hummövcudatı və cəmadatı bir xalq eləyən ki, olsun, olmasın?

A l m a z. Oldu mənə nə, olmadı mənə nə? Mənim Allahın varyoxluğunu aydınlaşdırmağa nə vaxtım var, nə də həvəsim.

O c a q q u l u. Neynək, sən elə de yoxdur, mən də sənə göstərim ki, vardır. Hələ binanı qoyarıq ona ki, yoxdur. Bəs peyğəmbər səlləllahü və səlləm də yoxdur?

Ş ə r i f. Kərbəlayı Ocaqqulu, sən bircə spakoys ol.

O c a q q u l u. Yox, yox, sən dayan. O da olmadı! Bəs Həzrət Abbasa sözün nədir ki, məğribdən məşriqəcən bütün maxəlaqullah onun kəraməti ilə nəfəs alırverir? Bəs ona nə deyə bilərsən ki, Əmirəlmöminin səlləllah əleyk zəmani ki, zülfüqarı əndirdi Mərhəbin təpəsinnən, dəbilqəni şəqq elədi, əyləşdi göbəyinə. Gördü gavi-mahinin belini böləcək, cənabi Cəbrayil nazil oldu, şəhpərini verdi zülfüqarın qabağına, şəhpəri şəqq olundu, bölündü düşdü yerə. Mən sual eləyirəm bütün yığılan camaatdan: bölündü, bölünmədi? Əgər Allah yoxdur, nöşün bölündü?

A f t i l. A kişi, olmaya sənin qatırıvun ombasına da elə onda dəyib ki, axsayır.

O c a q q u l u. Qatırı axsaq olanın atası itə dönsün. Genə də dedi qatır, genə də dedi qatır.

H a c ı Ə h m ə d. Ay camaat, daha neyçün dayanmışsınız? Ya aparın arvad uşağınızı doluşdurun o bağa, mən də elə o bağdan keçdim. Bir dənə qoca arvadım var, götürərəm, duraram qıraqda. Qalanını da doldurun məscidə. Çayxanasını da döndərin çaxırxanaya.

O c a q q u l u. Vay, kül olsun bizim başımıza, axırda məscidlərə at bağlayırlar.

A l m a z. Yoldaşlar, biz sizin üçün çalışırıq. Aldanmayın. Biz sizin dostunuzuq.

B a l a r z a. Gərək deyil, sən bizim məscidimizə toxunursan, qiryətimizə toxunursan.

A f t i l. Ay camaat, hara soxulursunuz?

Ş ə r i f. Yoldaşlar, bircə spakoys olun.

C a m a a t. Bizim məscidimizə at bağlamaq istəyənin atasını yandırarıq.

B a l a r z a. Adə, məni tutursan?

İ b a d. Adə, ay camaat, daha papağı nə günə örtmüşsünüz? Sizdə ki, qiryət olmadı, qoy mən din yolunda, qiryət yolunda gedim Sibirə (Hücum edir).

B a r a t. Hey-hey, əlini özünə yığ, həddini bil! O tək deyil.

İ b a d. Adə, tula, məni tutursan?

 

Tutuşurlar.



 

O c a q q u l u. Camaat, kimi durub gözləyirsiniz? Kəssəniz bu fəsadın dilini.

Ş ə r i f. Yoldaşlar, sakit olun, belə olmaz. Ay gədə, Tarverdi, o qapını aç!

Almaz xanım, sən gir içəri, bir dəqiqə, bir dəqiqə, Baloğlan, qoyma, bu nədir? Xalqın qızını gündüz günortaçağı öldürmək istəyirlər. Hamımız Sibirə gedərik. Siz beysabsınız.

H a c ı Ə h m ə d. O bizim kəndimizə məğlətə salır. Biz kəndlilər tələb edirik: bu saat o bu kənddən çıxsın! Ay gədə, Balarza, uşaqlara de, hamısı qışqırsın. Yoxsa, nacins oğrunun yadına daş salar.

B a l a r z a. Kəndimizdən çıxsın, çıxsın, çıxsın!

İ b a d. Ay camaat, qiryətiniz yoxdur? Gurrah verin içəri!

 

Hamısı gurrah verir.



 

X a n ı m n a z. Vay, balamı öldürdülər. Ay məscid sahibi, sən yetiş harayına! Vay, balamı öldürdülər.

Ş ə r i f. Yoldaşlar, qulaq asın, gurultu lazım deyil. Təklifdir, qəbul etmədiniz, etmədiniz. Deyirsiniz kənddən çıxsın, sakit olun, çıxsın getsin.

H a m ı. Çıxsın, çıxsın, çıxsın, getsin!

Ş ə r i f. Almaz xanım, gəlin gedək. Almaz sakit bir baxışla hamını süzür, gedir.

 

P ə r d ə



Yüklə 405,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə