Alma z pərdəli şəkilli pyes



Yüklə 405,5 Kb.
səhifə4/6
tarix11.09.2018
ölçüsü405,5 Kb.
#67989
1   2   3   4   5   6

DÖRDÜNCÜ PƏRDƏ
BİRİNCİ ŞƏKİL

 

Almaz qapı ağzında dayanmış, uşaqlar başına toplanmışlar.

 

S ü r m ə. Müəllimə, bəs siz bir-iki gündür heç əvvəlki kimi gülmürsünüz?



A l m a z. Yox, mənim nazlı qızım, ağıllı qızım! Mən əvvəlki kimi gülürəm.

S ü r m ə. Müəllimə, bəs neçin bir-iki gündür biz əvvəlki kimi oxuya-oxuya gəzmirik?

A l m a z. Çünki kəndin ağaları qoymurlar.

S ü r m ə. Müəllimə, bəs neçin o gün adamlar bizi daşnan vururdular?

A l m a z. Ona görə ki, onlar sizi də mənim əlimdən almaq, özləri üçün naxırçı, arabaçı eləmək istəyirlər. Amma biz sizi traktorçu, maşınçı, aeroplançı eləmək istəyirik. Onlar istəmirlər. Çünki bu onların cibinə zərərdir.

S ü r m ə. Müəllimə, gedək, oxuya-oxuya kəndi gəzək.

A l m a z. Yaxşı, uşaqlar! Indi ki, getmək istəyirsiniz, gedin. Tez qayıdın, işiniz vardır.

S ü r m ə. Müəllimə, hansını oxuyaq?

A l m a z. Hansını istəyirsiniz. Haydı! Sıraya düzül! Irəli, marş!..

 

Uşaqlar yüyürərək oxuyurlar.



 

Duman dumandan aşar,

İşıq dalından qoşar,

Yaman ölər, yaxşı yaşar,

Hey yeni dünya, hey!

 

Günəş doğar, işıq saçar,



Onu görüb duman qaçar.

Yaz yetişər, güllər açar,

Hey yeni dünya, hey!

 

Günəş buluddan ucadır,



Bu əski dünya qocadır.

Yüksəl, işıqlan, uca dur,

Hey yeni dünya, hey!

 

Uşaqlar oxuyaraq gedirlər. Almaz evə qayıdır.



Şərif qaçıb soldakı qapıdan başını içəri salır.

 

Ş ə r i f. Adə Baloğlan, Baloğlan, bəs hanı bu zalım oğlu, zalım?



 

Şərif tələsik getmək istərkən Hacı Əhmədə rast gəlir.

 

H a c ı Ə h m ə d. Ay gədə, Şərif!



Ş ə r i f. Hacı, xoş gördük!

H a c ı Ə h m ə d. Bizə sən gəlmişdin?

Ş ə r i f. Mən gəlmişdim, mən gəlmişdim. Bunu görmüşsən? (Əlindəki qəzeti göstərir).

H a c ı Ə h m ə d. Yox, hardan görəcəyəm, nə var məgər?

Ş ə r i f. Atası yandı. Gür-gurunbaz getdi kəlləsi üstə. Hamısını subutalni, dakumentalni, yerli yerində...

H a c ı Ə h m ə d. Nə deyirsən, əşşi? Canunçun bir belə şey olsa, sabah əbrəş qoçu kəsirəm.

Ş ə r i f. Mən əjdahalarla çəngəlləşmişəm Tülkü-mülkü mənim qabağımda nə dayana bilər?

H a c ı Ə h m ə d. Bir danış görək, nə olub?

Ş ə r i f. Budur, aşnanı yazıblar.

H a c ı Ə h m ə d. Sən allah, oxu bir görüm.

Ş ə r i f. Qoy hələ Baloğlanı da tapaq.

H a c ı Ə h m ə d. Sən elə bir-iki kəlmə əsli o maddəsini mənimçün oxu, indicə onlar da harada olsa gəlib çıxarlar.

Ş ə r i f. Dayan, hələ bu bir parçasını oxuyum. Başdan yazıb “Qudurğan müəllimə”, sonra dalınnan gəlir, burasında, bax, yazır: “Müəllimə kəndin cavanlarını başına yığıb məktəbdə kef çəkir və min cür nalayiq işlər görür. Özü bir yana, uşaqların da əxlaqını pozur. Onları soyundurub öz kef məclislərinə gətirir və öz dostlarının qabağında oynadır...”.

H a c ı Ə h m ə d. Ay barakallah, ay barakallah! Bax, burada Barat-maratı da ilişdirmək olardı.

Ş ə r i f. “...Bundan başqa, xırda uşaqları qovlayıb öz kef məclisləri üçün gizlindən yağ, pendir və sairə gətirməyə göndərir...”

H a c ı Ə h m ə d. Ay barakallah, ay barakallah! Daha atası yandı. Canunçun, kəsdim əbrəş qoçu.

Ş ə r i f. Hələ yaçeykadan xəbərin yoxdur. Bu gün səhər bir vurhavurdu ki, gəl görəsən.

H a c ı Ə h m ə d. Deyir, bəs deyirmiş ki, yaçeykanın da katibi yaramaz.

Ş ə r i f. Yaramaz? Yaramaz hansıdır? Deyir, yaçeykanın katibi Hacı Əhmədin kürəkənidir. Ona görə də ağzını yumub oturubdur.

H a c ı Ə h m ə d. Böyük padlesdir. Böyük ustadır. Bəs axırı nə oldu?

Ş ə r i f. Heç nə. Mən ley vuran görmüşdüm, belə tükü tökülən görməmişdim.

H a c ı Ə h m ə d. Necə məgər?

Ş ə r i f. Heç necə. Işi elə düzəltmişəm ki, hər kimə üz çevirir. Deyirlər ona ki, yoldaş, biz kəndə ləxləxə salan bir adamı müdafiə etmərik.

H a c ı Ə h m ə d. Ay barakallah, ay gözünə dönüm!

Ş ə r i f. Bir az Baratgil o yan-bu yan elədilər, ancaq bir qələt eləyə bilmədilər.

Səməd bir yandan döşədi, Rəcəb o yandan döşədi, axır ki, yumdular.

H a c ı Ə h m ə d. Ay barakallah! Ay gözünə dönüm! O indi mənimlə sikkəbərlik eləyir. Yaxşı, deyilən elə!

 

Baloğlan, Ocaqqulu gəlirlər.



 

B a l o ğ l a n. Budur, hər ikisi buradadırlar. Mən səhərdən size axtarıram.

O c a q q u l u. Möcüzə zahir olubdur.

Ş ə r i f. Biz eşitmişik. Sən get camaata de.

O c a q q u l u. Molla Sübhan bu gecə yuxu görüb... Yuxuda görüb ki, nurani bir kişi əlində ağ paltar, altında ağ at hazır-nazır olub. Deyib: ey Molla Sübhan, nə yatmışsan? Allah-taala bu kəndə bir bəlayi-taun göndərəcək ki, kəndinizi zir-zəbər eləsin. Ərz eləyib, atam-anam fəda olsun, bəs səbəb nədir ki, bizim kəndimizə bəla gəlir? Deyəndə, deyib ki...

H a c ı Ə h m ə d. Ay kişi, sən bunu get camaata danış ey, camaata. Bu yuxunu biz çoxdan eşitmişik.

O c a q q u l u. Sən bir dayan, mən sözümü qurtarım, gör nə deyirəm də...

H a c ı Ə h m ə d. Ay kişi, biz elə yeməmiş bundan tox idik ey, başa düşdün! Sən get Fatmansa arvad üçün danış, o biri adamlar üçün danış.

O c a q q u l u. Hələ odur ki, Allahın bəlası müsəlləh olub, tövqilənət kimi keçib xirtdəyinizə. Hələ elə eləmişsiniz ki, hələ elə də olubdur. Nə böyüyün yerini bilirsiniz, nə kiçiyin (Gedir).

Ş ə r i f. Oxumuşsan, aşnovi?

B a l o ğ l a n. Bəli ya...

Ş ə r i f. Hə, necə görürsən lələşüvün qələmini? Döşüvə yatır?

B a l o ğ l a n. Bəli ya... Qiyamətdir.

Ş ə r i f. Daha dirilən yeri-zadı qalmayıb ki?

B a l o ğ l a n. Yox a, yox, yox! Daha bal da yesə, irəli gəlməz. Gur-gurunbaz getdi ki, getdi.

Ş ə r i f. O, yəqin deyib ki, nə var, kəndlidir də, başa düşmürlər, qoyun kimi hara istərəm, sürərəm. Daha demir, bu kənddə elə əjdahalar var ki, onu bir hortumda hop eləyib udarlar.

H a c ı Ə h m ə d. Canunçun, Şərif, sabah əbrəş qoçu kəsdim.

B a l o ğ l a n. Ancaq, o axırı bir az məni açmır.

H a c ı Ə h m ə d. Axırında nə var məgər?

B a l o ğ l a n. O qəmisyə məsələsi.

H a c ı Ə h m ə d. Nə qəmisyədir o? Oxu bir görüm.

Ş ə r i f. O bir şey deyil. Mənim əlimdə subutalni-dakumentalni dəlillər var. Bir burasına bax! Deyir: “Onun bu fəna hərəkətlərini tənqid etmək istəyənləri müəllimə ləkələməyə çalışır. Ümumiyyətlə, müəllimə kəndlilər arasında intriqa salıb. Ona görə bütün kəndlilər bu əxlaqsız müəllimənin bilatəxir çağırılmasını və cəzalanmasını tələb edirlər”.

H a c ı Ə h m ə d. A barakallah, a barakallah!.. Bunun harası xarabdır? Canunçun, Baloğlan, lap atası yandı. Daha qəmisyə hansıdır?

B a l o ğ l a n. Bəli ya, yanmasına yandı, ancaq o qəmisyə məsələsi məni açmır.

H a c ı Ə h m ə d. Hansı qəmisyədir o axı?

Ş ə r i f. Belə, o bir şey deyil ey... Onu idarədən yazıb ki, bu işi tədqiq etmək üçün xüsusi bir qəmisyə göndərilir.

H a c ı Ə h m ə d. Hə, qəmisyə gəlir? Bu bir az yaxşı olmadı deyəsən.

B a l o ğ l a n. Mən də onu deyirəm də.

Ş ə r i f. Bura bax, siz bir spakoys olun. Bunu mən yazmışam. Siz durun, hamısını mən bir-bir subutalni, dakumentalni göstərim. Uşaqların çörək-mörək gətirdiyini sən görmədin, yalandır yəni? Uşaqlar hər gün lüt ətcəbala oynamırlar? Baratgil gəlib baxmırlar? Neçə kərəm mən özüm gedib tamaşa eləməmişəm? Özü mənə deməyib ki, gəl qızlarıma tamaşa elə?

H a c ı Ə h m ə d. Yaxşı, bəs sənə deməzlər ki, sən əgər yaxşı adamsan, neçin getmişsən?

Ş ə r i f. Yox da, sən bir spakoys ol, mən özüm şura katibi, bax, bu da mənim kağızlarım. Bu da qəzetdə şəklim. Özüm də müxbir. Əlimdə subutalni, dakumentalni kağızım. Ixtiyarım var, bu saat vurum onun gözünün altını qaraldım. Müxbirə söz yoxdur.

H a c ı Ə h m ə d. Qəmisyə haçan gələcək?

Ş ə r i f. Kim bilir, bəlkə hələ sabah gəldi, ya o biri gün gəldi.

H a c ı Ə h m ə d. Bura bax, bu işi boş tutmaq olmaz. Gərək bir məsləhətləşək. Bəlkə də tutub damlamaq yaxşıdır, hə? Çünki qız tutulsa, onda qəmisyə də ona dustaq kimi baxar. Sözlərinin bir elə ağırlığı olmaz, hə? Belədir, ya qeyri-belədir?

B a l o ğ l a n. Istəyirsiniz hələ bu saat tutum, salım tövləyə?

H a c ı Ə h m ə d. Yox, yox, gərək hər iş camaatın əli ilə olsun. Molla Sübhanın möcüzü də heç yaman deyil. Gedək İbadı da tapaq, o da öz adamlarını görsün.

Ş ə r i f. Ibad şəhərdədir.

B a l o ğ l a n. Oduvey, İbad dağın böyrilə dördayaq sürür. Yanında da qardaşı.

H a c ı Ə h m ə d. Yəqin qazamatdan buraxıblar də.

B a l o ğ l a n. Bəli ya, özüdür ki, var.

Ş ə r i f. Canım, siz İbadı neyləyirsiniz? O Allah bəndəsi deyir: vuran əl məndə. Haçan deyirsiniz, mən bir gecədə işi elə bitirim ki, nə iyi tapılsın, nə piyi. Odur, aşnan da gəlir.

B a l o ğ l a n. Aşnam hansıdır?

Ş ə r i f. Xalaqızı da.

H a c ı Ə h m ə d. Hə, gəlin daha bu yana.

Ş ə r i f. Dayanın bir görək. O, yanındakı şumalay oğlan kimdir?

H a c ı Ə h m ə d. Yox, yox, daha dayanmayın, gedək bənd-bərəni bağlayaq. Sonra gəlib xəbər bilərsən.

 

Gedirlər. Doktor Temurtaş və Almaz içəri girirlər.



 

T e m u r t a ş. Deməli, siz sakit oturmaq fikrində deyilsiniz?

A l m a z. İndi mən burada bir dustaq kimiyəm. Dünən mənə bildirmişlər ki, şura sədrindən icazə almamış kənddən çıxa bilmərəm. Fuada da adsız bir kağız yazmışdılar ki, mənim otağımda bir kişi yaşayırmış. Onlar, yəqin, sizi görmüşlər. Fuad da mənə yazmış...

T e m u r t a ş. Necə, mən? Bəs o nə deyir, acıqlanmır ki?

A l m a z. O, belə xırda şeylərə inanan və əhəmiyyət verən adam deyil. O da belə bir şeyə inansaydı, dünyada bütün ümidimi itirmiş olardım. Ən ağır dəqiqələrimdə o gəlir gözümün qabağında durur. Onda ruhum yüksəlir. Qollarım yenidən qüvvət alır.

T e m u r t a ş. Yaxşı, sən bu uşaqları küçələrdə nə üçün gəzdirirsən?

A l m a z. Mən istəyirəm ki, əsrlərdən bəri donub qalmış bu bataqlıq bir hərəkətə gəlsin. Gözlər günəş görsün, bu yeni yaranan aləmə alışsın. Oxunan mahnı bir vuruş çağırışıdır. O, hər gün bir səhər verilir, bir axşam.

T e m u r t a ş. Yaxşı, uşaqlar gələnədək mən də uşağa dəyib qayıdaram. Axşam yola düşəcəyəm.

A l m a z. Çox gözəl! Uşaqlar da indicə qayıdarlar. Odur, səsləri gəlir.

 

Doktor gedir. Almaz uşaqların səsini dinləyir. Mirzə Səməndərin səsi gəlir.



 

M i r z ə S ə m ə n d ə r. Bağırmayın, dağılışın, köpək uşağı...

 

Almaz diksinir, uşaqların səsi kəsilir. Mirzə Səməndər gurultu ilə səhnəyə çıxır.



 

M i r z ə S ə m ə n d ə r. Ax, qurban olum Məhəmmədin şəriətinə! Qurban olum Məhəmmədin şəriətinə! Dəvənin qanadı olsaydı, uçulmamış dam qalmazdı (Almaza) Mən bir bilmək istəyirəm ki, bu xarabada müdir kimdir? Sənsən, ya mən? (Almaz susur). Qəzet yazır məni, yazır ki, yaxşıdır, kənd əhli hamı görür ki, mən necə səy edirəm. Amma bu gəlib məktəbi döndərib vayenni ştaba. Zənənə hamam kimi biri girir, biri çıxır. Ax, qurban olum Məhəmmədin şəriətinə! Canım, o kişi arvaddakını bilirmiş də. Güc deyil ki, məxluq yasavul Ağabba kimi qulluq göstərir də.

A l m a z. Nə olmuşdur, Mirzə Səməndər?

M i r z ə S ə m ə n d ə r. Bircə sənin əlindən qurtarsaydım, bir yeyib, bir Allah yoluna verərdim. Daha bəsdir mən dözdüm. Bu saat gedib Maarif Komissarlığına yazacağam. Əgər müdir sənsən, mən burada nə qələt eləyirəm, əgər müdir mənəm, bu nə hoqqadır bəzəyirsən? Gündə uşaqları yığıb göndərirsən o küçə sənin, bu küçə mənim. Kəndi ayaqdan salırlar. Mən bu saat gedib Maarif Komissarlığına ərzhal yazacağam. Bu məktəbdə ya mən müdir olum, ya sən. Ya mən qalım, ya sən.

A l m a z. Mirzə Səməndər, mənə müdirlik lazım deyil, əmin ola bilərsiniz.

M i r z ə S ə m ə n d ə r. Hələ müdir deyilsən, kəndi vurmuşsan bir-birinə, müdir olsaydın, neylərdin? Ax, qurban olum Məhəmmədin şəriətinə! Yaxşı, nə üçün yığmışsan yenə də bu uşaqları?

A l m a z. Gəlin görün nə üçün yığmışam. Doktora göstərəcəyəm.

M i r z ə S ə m ə n d ə r. Yaxşı, müdir sənsən, mən?

A l m a z. Siz.

M i r z ə S ə m ə n d ə r. Mən qoymuram doktor mənim uşaqlarıma baxsın. Sənin nə haqqın var, mənsiz iş görəsən?

A l m a z. Vətəndaş müdir, siz ova getmişdiniz, doktor birdən gəldi. Daha sizdən icazə ala bilmədim. O ki qaldı sizin haqqınız, sizing razı olmağa ixtiyarınız yoxdur.

M i r z ə S ə m ə n d ə r. Adə, ixtiyarım yoxdur? İxtiyarım yoxdur? Mən müdirəm, yox? Müdirəm, yox? Mən köpək oğlu müdirəm, yox?

A l m a z. Müdirsiniz.

M i r z ə S ə m ə n d ə r. Mən sənə əmr edirəm!

A l m a z. Bu işdə mən sizin əmrinizə qulaq asmıram. Gedin, kimə istəyirsiniz yazın.

M i r z ə S ə m ə n d ə r. Sonra da deyirlər belə. Qurban olum Məhəmmədin şəriətinə! Məhəmməd yaxşı bilirmiş ki, bu arvadlar necə nüsxədirlər. A kişilər, vallah, billah, tumunuzdan bir gilə dənizə düşsə bütün balıqlar diplomat olar, bayraq götürüb ingilisə ultimatum verərlər. Hələ utanmaz-utanmaz deyir ki, şura sədri də arvad olsun. Sonra da gəl belə bir kənddə yaşa. Mənim ixtiyarım yoxdur? Bu saat gedib yazıram. Məktəbi döndərmişsən veçərnəbazara. Səhər arvad yığıncağı, günorta kişi yığıncağı, axşam tarxana, obaşdan qarmonxana. Daha bilmirəm nə xana, nə xana... Dərs qalıbdır bir yana, məktəb olub dava meydanı. Ləşkər ləşkərə söykənib. Bu saat gedib hamısını yazıram.

A l m a z. Elə də lazımdır, vətəndaş müdir. Mən bütün işlərim üçün məsulam.

M i r z ə S ə m ə n d ə r. Elədir ki!.. Elədir ki! Çox gözəl, tamaşa elərsən! Ya gərək burada sən qalasan, ya mən... Vəssalam!

A l m a z. Vətəndaş müdir, mən burada qalacağam. Siz istəməzsiniz, gedə bilərsiniz, yol açıqdır.

M i r z ə S ə m ə n d ə r. Hələ onu görə bilməzsən. Mən neçə ildir can çürüdürəm, sən yumurtadan dünən çıxmışsan. Kəndlilər kimi istər, o qalar, kimi istəməz, gedər. Bu aydan mən səninçin məvacib də yazmayacağam, vəssəlam, şüdtamam! Indi özün bil. Ax... qurban olun Məhəmmədin şəriətinə!

 

Acıqlı gedir. Almaz düşünür. Uşaqlar gəlir.



 

A l m a z. Uşaqlar, siz hara qaçmışdınız?

S ü r m ə. Müəllimə, hələ biz gəlirdik, hələ Gülverdi oxuyurdu, birdən müdir çıxdı, acıqlandı, bizi qovdu. Dedi ki: dağılışın, köpək uşağı!

A l m a z. Yaxşı, uşaqlar, girin içəri, soyunun tez (Özü də getmək istəyir. Bu aralıq üzü çadra ilə örtülü bir qadın onu tutub saxlayır). Kimsiniz?

Y a x ş ı. Almaz xanım, sizə iki kəlmə sözüm var.

A l m a z. Yaxşı, sənsən? Qorxmursan ki, bura gəlmişsən?

Y a x ş ı. İbad şəhərdədir, iki gündən sonra gələcəkdir. Daha səndən başqa bir adam tapmadım. Yenə də sənin yanına gəldim.

A l m a z. De görüm, nə olmuşdur?

Y a x ş ı. Yox, mən təklikdə demək istəyirəm.

A l m a z. Uşaqlar, qızlar, hamınız girin içəri! (Uşaqlar girirlər). Yaxşı, indi de görək.

Y a x ş ı. Almaz xanım, mən sənin yanında üzüqarayam.

A l m a z. Necə, Yaxşı?

Y a x ş ı. Mən sənin göndərdiyin qabı boş qaytardım.

A l m a z. Onları yadından çıxart, Yaxşı.

Y a x ş ı. Mən Allahdan qorxuram, neyləyim? Mənim anlağım orayacandır.

A l m a z. Eybi yoxdur, Yaxşı. Kaş ki, bütün dərd sənin bilməməzliyin olaydı.

Y a x ş ı. Almaz xanım, mənim bir dərdim var. Sən məscidə at bağlamaq istəyirsən, uçqulla eləmək istəyirsən, ancaq deyirlər sən yaxşı adamsan, bütün arvadlara kömək edirsən, mən də bircə sənə güman gətirirəm. Heç kəsim yoxdur. Dar gündəyəm. Mənə kömək elə.

A l m a z. Sənə nə kömək lazımdır, Yaxşı? Sən de, mən əlimdən gələn köməyi əsirgəmərəm.

Y a x ş ı. Yox, and iç, hər nəyə ki inamın var, ona.

A l m a z. Yaxşı, sən dəli deyilsən ki. Mənim sözüm anddır. Əlimdən gələn iş olsa, kömək edərəm.

Y a x ş ı. Almaz xanım, səni deyib gəlmişəm – yuxarıda Allah, aşağıda sən. Sən mənim bu balama kömək elə.

 

 



Əlindəki uşağı çadrasının altından çıxarıb Almaza göstərir. Almaz uşağı görüncə, birdən diksinib geri sıçrayaraq.

 

A l m a z. Yaxşı... bu uşaq kimindir?



Y a x ş ı. Mənimdir. Sabah, ya o biri gün ərim də gələcək, qaynım da. Hər ikimiz ölməliyik. Bir Allah şahiddir ki, mən neçə gündür çalışıram, onu tələf etmək istəyirəm. Ürəyimdən gəlmir. İndi də quyuya atmaq istəyirdim. Əlim varmadı. Almaz xanım, səni and verirəm bu vaxtın sahibinə, məni naümid qaytarma.

A l m a z. Mən sənə nə kömək edə bilərəm, Yaxşı?

Y a x ş ı. Bilmirəm. Mən öz balamı öz əlimlə öldürə bilmirəm. Üzünə baxıram, kiçik dodaqlarını əmir, süd istəyir. Əlim sustalır. Deyirəm, qoy ikimizi də öldürsünlər.

A l m a z. Yaxşı, axı mən bilmirəm ki, sənə nə kömək edə bilərəm. Bu saat mənim özümün də vəziyyətim çox ağırdır. Mənim də varlığım burada bir tükdən asılıdır. Mən sənə nə kömək edə bilərəm?

Y a x ş ı. Mənə bir məsləhət ver. Bir yol göstər. Mən bütün dünyada rüsvay olaram. Doqquz aydır günüm gün deyil. Gözə görünmürdüm, özümü gizlədirdim. Neçə il Allaha yalvardım, övlad istədim ki, bəlkə qara günümü işıqlandırsın. Axırda da öz əlimlə öldürməliyəm.

A l m a z. Yaxşı...

Y a x ş ı. Almaz xanım, dar gündəyəm. Ölüm qabağındayam. Bu südəmər uşağımı sənin ayaqlarına qoyub səndən kömək istəyirəm, bizə kömək elə!

 

Bu vaxt İbad cəld səhnəyə çıxır. İti baxışını Almaz ilə Yaxşıya dikərək, qara bir fəlakət kimi addım-addım onlara yaxınlaşır... Hər iki qadın bir səslə “Ah” – deyə saralır və ölü kimi olduğu yerdə donub qalır. İbad ağır addımlarla onlara yanaşır, dayanır, diqqətlə gah birinə, gah da o birinə baxır.



 

İ b a d (sakit və soyuq bir səslə). Sən burada neyləyirsən, hə? (Hər iki qadın susur). Eşitmirsən? Sən burada neyləyirsən? (Sükut) Bu uşaq kimindir?

Y a x ş ı (inləyərək). Uşaq... uşaq... (Hər iki qadın bir-birinin üzünə baxır).

İ b a d. Hə-ə-ə? Mən sizə demirəm, bəs bu uşaq kimindir? (Hiddətindən titrəyir).

A l m a z (Nəhayət, başını qaldırıb, sakit bir tərzdə). Uşaq mənimdir.

İ b a d. Sənin uşağın onda nə gəzir?

A l m a z. Mən... mən soruşmaq istəyirəm... Bəlkə uşağı saxlamağa razı oldu.

İ b a d. Soruşmaq ayıb olmasın, bu uşağın atası kimdir?

A l m a z. Atası... o sizin borcunuz deyildir.

İ b a d (uşağı Yaxşının əlindən dartaraq, bütün qüvvəsilə Almazın üstünə atır). Al, özün saxla, o səninçin dayə deyil. Dur ayağa, köpək oğlunun qızı! (Təpiklə Yaxşını vurur. Yaxşı üzüqoylu yıxılır). Gör nə sərələnibdir yerə. Ərin qapıda gözləsin, sən gəl burada xalqın atasız bicini oynat. Evə yeri, sənin divanını evdə elərəm.

A l m a z. Onda bir təqsir yoxdur, onu mən çağırtdırmışam.

İ b a d. Heç eybi yoxdur, sənin də qulluğuna yetişərik. Bizim aramızda çox qalmayıbdır. Ay köpək oğlunun zəmanəsi! Dünyada kişizad qalmayıb. Zəmanə arvad zəmanəsidir, arvad zəmanəsi!

 

Gedirlər. Səhnə qaranlıqlaşır.


İKİNCİ ŞƏKİL
Səhnə işıqlanınca məktəb qabağında meydançada bir yığın qoca, qarı, küçə uşaqları, Ocaqqulu, Balarza və başqaları toplaşıb qapının, hasarın dəliklərindən içəri boylanır. Tez-tez bir-birinə baxıb qaş-gözlərini oynadır və gülüşürlər.

 

K ə r b ə l a y ı F a t m a n s a (çubuğunu ağzından çıxardaraq). Sındır-a, sındır!.. Atamoğlanın qızına bax, ay başıva dönüm, sındır-a, sındır... Zalımın qızı gör bir nə sındırır!



O c a q q u l u. Camaat, Molla Sübhanın yuxusunu eşidən var?

F a t m a n s a. Yuxu nədir?

O c a q q u l u. Möcüzə zahir olmuşdur. Şeyx Molla Sübhan yatıb, əsnayiyuxuda görmüşdür ki, bir pirani kişi əynində ağ geyim, altında ağ at, zahirnümayan oldu, dedi: nə yatmışsan, ay Molla Sübhan! Xudavəndi-aləm bu kəndə bəlayi-taun göndərəcək. Kəndi zir-zəbər eləyəcəkdir. Ərz eləyib: atam-anam sənə fəda olsun, səbəb nədir ki, bizim kəndimizi dağıdırsan? Deyəndə, həzrət buyurur: səbəb odur ki, siz Allahın evini istəyirsiniz döndərəsiniz fəsad ocağına. Deyir: atamanam sənə qurban olsun, bəs biz istəmirik, onu bir zənən xaylağı istəyir. Deyəndə, deyir: bəs siz necə camaatsınız, necə kişisiniz ki, indiyəcən elə asi bir qız sizin kəndinizdə gəzir...

F a t m a n s a. Elədir, qardaş, heç kəs gözünü də piləmir. Özü də odur ey, içəridə sındırhasındırdır. Uy, zalımın qızı gör nə sındırır! Sındır-a!..

O c a q q u l u. Kərbəlayı Fatmansa, mənim gözlərim yaxşı seçmir, kim sındırır, nə sındırır.

F a t m a n s a. Aləm-aşkardır ki, korsan! Nə sındırır? Nə sındırır? Sənin qotur qatırıvun axsaq ayağını.

O c a q q u l u. Əh, bu da dedi qatır. Belə, qatırı axsaq olanın atası itə dönsün! Sonra da yalan deyənin! Qatırımın axsaq ayağı girsin sənin... kor gözünə. Tünbətün qızı, ovçu kimi heyvanciyəzi elə atdın ki... Bu da mənimçin tuladan, qardaş tünbətün oğlundan, Baratdan, ondanbundan söz öyrənib.

F a t m a n s a. Qatırıvun dırnağı itidir, belə batsın əzizlərüvün gözünə. Hələ o tay gözünü də çıxartsın töksün ovcuva.

A d a m l a r. Canım, bir durun görək, Molla Sübhanın yuxusu nə yerdə qaldı.

F a t m a n s a. Axmaq, ağılsız! Bu da o deyil ki, bildirdən dörd abbasımı salmışsan içəri. İstəyəndə də arvaduvun sımsığına dəyir. Arvaduvu uşağa qoydum, doğanda uşağı da tutdum, sonra da pul əvəzinə on altı dənə məscid şamı verdiniz, onun da altısı yanıq...

O c a q q u l u. Arvadımı sən neyçin uşağa qoyursan. Görüm sən, nəüzibillah, Allahsan, imamsan, nəsən?

F a t m a n s a. Kim ona məsləhət gördü ki, məscidə getsin, özünü minbərə bağlasın?

O c a q q u l u. Arvadıma uşağı o minbər sahibi veribdir. O şamları da sən nahaq yerə almışsan.

F a t m a n s a. Atovun şamı vardı? Məscid malı sənə çatdı, mənə çatmadı?

A d a m l a r. Ay balam, qoyun bir o möcüzədən xəbər bilək də.

O c a q q u l u. Əl çəksənə bizdən, hayasızın qızı, hayasız! Sən hələ çoxdanın tuman çıxardanısan.

F a t m a n s a. Tuman çıxardan olub, arvaduvun tumanını çıxartmamışam ki.

O c a q q u l u. Qələt eləmə ölü-dirinlə, arvadımın adını çəkmə. Bir budağa minib, min birini gəzmə. Elə eləmə ki, mən də ağzımdan çıxanı deyim...

F a t m a n s a. Deyirsən, mən də deyirəm. Bir deyərsən, beş deyərəm. Məni çox cin atına mindirmə. Allaha and olsun, bu saat bir-bir açaram sandığı, tökərəm pambığı.

A d a m l a r. Ay balam, bir dayanın görək bu yuxu məsələsi nə oldu?

O c a q q u l u. Tfu! Sonra həzrət buyurur ki, sizin bircə nicat yolunuz var...

 

Bu aralıq içəridə uşaqlar oxumağa başlayırlar.



 

F a t m a n s a. Uy zalım, başladılar yenə kos-nağaranı. Bircə dayanın görək nə deyirlər. Ay uşaq, siz də burda əl çalın. Gör bir Atamoğlanın qızı nə sındırır! Ay gözünə dönüm, sındır! Özü də lüt-ətcəbala.

O c a q q u l u. Yəni lap lüt, paltarsız?

F a t m a n s a. Lap lüt, anadangəlmə. Bir cunayı darbalağda. Lüt, madərzad.

O c a q q u l u. Çəkilsənən bir mən də baxım.

F a t m a n s a. Məmələr də ki, baş yarır. Ay gədə, Ağadayı, yeri bir o dəfi gətir. Biz də burada başlayaq (Uşaq qaçır). Ay zalım, gör bir nə sındır! Sındır a, sındır!

(Özü fırlanır, oxuyur).

Şux məmədən beş tümənə

Gəl-gəl, ay öyü dağılmış!

Min üstünə, sür çəmənə,

Gəl-gəl, ay öyü dağılmış!

 

Qurban olum qarış yarım



Zərzəri mil-mil tumana.

Gəl-gəl, ay öyü dağılmış!

Min gəl, ay öyü dağılmış!

 

Adə, ay uşaq, Xanımnaz gəlir, qaçın.



X a n ı m n a z (qapıya çıxıb yığışanları görüncə, qorxa-qorxa). Nə var, ay başınıza dönüm? Nə üçün yığışmışsınız?

F a t m a n s a. Daha bilməmişdik: oturma, durma, kəndə darğa gəlibdir. Yaxşı işdir, daha bundan sonra kəndimizdə də qoymazlar dolanaq.

X a n ı m n a z. Yox, ay Fatmansa bacı, mənciyəz budur şəhərə gedirəm.

Ancaq, vallah, uşaqciyəzimçin qorxuram. Salıblar onu dilağıza. Hələ iki adam yığışanda ürəyim düşür.

F a t m a n s a. Daha bilməmişdik: minməsin qoduq, verməsin cərimə. Canı çıxsın dilini saxlasın. Yumurtadan dünən çıxıb, xalqın başına ağıl qoymaq istəyir. Doğru deyiblər: atasından artan qatır olar.

O c a q q u l u. Əh, genə də dedi qatır, genə də dedi qatır. Allahü əkbər...

F a t m a n s a. Mənə deyir: səni kol-kosa götürmərəm, mollasan, cadupitikçisən, mamaçasan, arvadların qarnını korlayırsan. Şiş batsın arvadların qarnına, mən onlara neyləyirəm?

X a n ı m n a z. Vallah, ay Fatmansa, deyir pirğdamda yoxdu ki, cadu-pitikçi, dava-dərmançı arvadları götürmək. Mənə də, vallah, deyir, söz gələr.

F a t m a n s a. Nə üçün? Bəs özü hardan gəldi əziz girami? Görüm mənim atam onun atasından əskikdi, anam onun anasından əskikdi? Atası səhərdən axşamacan onun-bunun qapısında culfalıq eləyərdi. İndi qızı gəlib bizimçin güləbətin düzür. Dedi: atan soğan, anan sarımsaq, sən hardan oldun gülməşəkər? Hu, götürər özünü qoyar dağın başına. Doğru deyiblər: qatır atasını görməsəydi, özünü xanzadə bilərdi.

O c a q q u l u. Genə də dedi qatır, genə də dedi qatır. Allahü əkbər!

X a n ı m n a z. Vallah, Kərbəlayı Fatmansa, sən incimə, mən yenə yalvararam ki, səni də yazsın.

F a t m a n s a. Götürmədi, götürmədi də. Allaha qurban olum, o da dağıldı, getdi kişi kolkosunun yanına. Hu, çox lazımdı. Məni nöşün götürür, mənə kim rəğbət eləyəcək. Getsin hələ Atamoğlanın qızını götürsün, oynatsın öz aşnalarının qabağında. Gözəl-göyçək, nazənin sənəm, firiştə güftar, gəl məni gör, dərdimdən öl (Çalır və oynayır).

 

Döş üstünə alıb tarı,



Dəyməyin, çoxdur buxarı;

Yaxa göbəkdən aşağı.

Balaq göbəkdən yuxarı.

Gəl-gəl, ay öyü dağılmış,

Min gəl, ay öyü dağılmış!

 

Bu aralıq Şərif və başqaları gəlir.



 

Ş ə r i f. Yenə də vurhavurdur, nə olub, ay Fatmansa xala?

F a t m a n s a. Süz öləsüz, içəridə bir qiyamət var ki, vur-çatlasın, tabaq oynasın. Ora bax, ora bax, sındır a-a!..

Ş ə r i f. Yenə də oynayırlar?

F a t m a n s a. Vallahı, zalımın qızı elə sındırır ki, elə sındırır ki, bütün sümükləri beşatılan kimi şaraq-şaraq şaqqıldayır.

K ə n d l i l ə r (baxırlar). Doğrudan da bu nə qiyamətdir, adə? Hamısı da lütdür ki...

F a t m a n s a (öz-özünə oxuyur). “Şux məmədən...”.

Ş ə r i f (cibindən bir kağız çıxarır). Bircə bura qol çəkin!

A d a m l a r. Nədir o məgər?

Ş ə r i f. Daha belə iş olmaz ki. Abrımız getdi, hayamız getdi, Kərbəlayı Fatmansa xala, siz də, hamınız qol çəkin!

F a t m a n s a. Axı nədir o?

Ş ə r i f. Odur, hər nə ki, görürsünüz... Uşaqları soyundurub, onunbunun qabağında oynadır. Odur, ustul üstündə də dolu butılkalar.

F a t m a n s a. O butılkalarda nə var?

Ş ə r i f. Nə olacaq? Belə, yaxşıca araq var, çaxır var, konyak var. Qol çəkin görək!

F a t m a n s a. Mən necə qol çəkim? Yazı-pozum var?

Ş ə r i f. Ala, əlini batır mürəkkəbə. Budur, belə, bax, bas bura... belə... Siz də, hamınız qol çəkin! Sən də, sən də, çox gözəl! Bunu qoyaq cibimizə, bu subutalni, dakumentalni dəlildir. Qəzetdə yazılanları hamı gördü və təsdiq elədi. Yerdən göyə kup düzələr, bir-birinə bənd etsələr, altındakını çəksələr, onda gəl bax guppultuya.

 

Gülverdi, Barat və başqaları gəlirlər.



 

B a r a t. Yoldaş Şərif, nə haqq ilə sən müəllimə Almaz xanımı biabır edirsən? Ləkələyirsən?

Ş ə r i f. Yavaş, yavaş, bir qışqırma! Necə yəni biabır edirsən?

G ü l v e r d i. Bu nədir kağızında yazmışsan? Yalançının atası itə dönsün. Haçan kənddə belə şey olubdur?

Ş ə r i f. Yavaş, bircə, qışqırmaqla deyil ki.

B a r a t. Biz qərar çıxartmışıq, səni məsul eləyəcəyik. Sübut eləyin görək, haçan bu kənddə belə iş olubdur?

Ş ə r i f. Siz bir spakoys olun, mən hamısını subutalni, dakumentalni göstərim. Sübut budur, bütün camaat hələ bu saat subutalni, dakumentalni hamısını gördü. Ay camaat, siz özünüz hələ bu saat uşaqların lüt-ətcəbala oynadığını gördünüz, görmədiniz? Bu da, bax, hamısı qol çəkiblər.

B a r a t. Bu yalan-palan kağızlar mənim qulağıma girməz.

Ş ə r i f. Buyur, sən özün bax də.

G ü l v e r d i. O yan-bu yan yoxdur. Sabah qəmisyə gəlir. Siz gərək qəmisyə qabağında cavab verəsiniz.

Ş ə r i f. Qəmisyə? Gəlsin də. Bizim məgər dilimiz yoxdur? Get o üzə. Dana otarmaqdan gəlib mənə zakun öyrədəcək. Adə, mən kəllərlə kəllələşmişəm, kərtənkələlər mənə neyləyəcək? Yüz dənə idarədən kağızım var. Kağız içində basdıraram səni. Mən özüm elə Allahdan istəyirəm qəmisyə gəlsin, bizim komsomolları da, hələ bir para cavanları da görsün. Qəmisyə bu kağıza nə deyə bilər?

B a r a t. Sənə deyirəm, bizim üçün bu kağızların bir qəpik də qiyməti yoxdur.

Ş ə r i f. Əlbəttə, səninçin olmaz. Gecə səhərəcən Almaz xanımın yanında kef çəkəndən sonra mənimçin də qiyməti olmaz də.

B a r a t. Mən? Mən onun yanında kef çəkmişəm?

Ş ə r i f. Bəli, sən. Sən xalqın qızının qucağına bir uşaq verəndən sonra, əlbəttə, mən də qışqıraram də.

B a r a t. Uşaq nədir? Uşaq kimindir?

Ş ə r i f. Sizin, cənab Almaz xanımın. Atasız da uşaq olar? Sənin deyil, bəs kimindir? Qoy hələ bu camaat desin. Ay camaat, atasız da uşaq olar? Yoxsa bu da həzrət Isa kimi hələ piləməkdən doğulub?

B a r a t. Mənim uşağım olub? Mən uşaq harda görmüşəm? Vicdanın yoxdur?

Ş ə r i f. Daha sən vurmadın, mən yıxılmadım, bəs bu uşaq hardan gəldi? Nişanlısı da, Allaha şükür, ayağını buralara basmayıb. Hə, haçan oldu? Bu saat mən sənə sübut eləyim. Atam, üç ay sən mənə gələn, üç ay mən sənə gedən, pəcəb, şəban, ramazan, bu, doqquz ay, bu da uşaq. Hə, de də! Danışmırsan!

F a t m a n s a. Daha nə danışsın? Yeyib halvanı, minib eşşəyi.

G ü l v e r d i. Eybi yoxdur, qəmisyədə danışarıq.

Ş ə r i f. Çox əcəb, danışarıq.

 

Balarza, Aftil, Hacı Əhməd, İbad və başqaları gəlirlər.



 

B a l a r z a. Bu nə vurhavurdur?

F a t m a n s a. Odur hey, gör nə vur-çatlasındır! Səhərdən uşaqlaruvuzu  lütətcəbala oynadırlar.

İ b a d. Canım, bu xalq öz uşağının qiryətindən əl çəkib, hamı da ona pamağayıt eləyir. Sizə nə var düşmüşsünüz bu ortaya?

B a l a r z a. Mənim uşağımı oynadırlar?

Ş ə r i f. Bütün camaatın qızlarını onun-bunun qabağında.

B a l a r z a. Bu saat mən onun atasını yandıraram (İçəri gedir).

F a t m a n s a. Ay camaat, siz nə üçün dayanmışsınız? Uşaqlarınızdan əl çəkmişsiniz?

H a c ı Ə h m ə d. Sən o uşaq məsələsini Barata yaxşı tutuzdurdun. Ancaq bərk dur üstündə.

B a l a r z a (idman paltarı geymiş bir qızın əlindən tutub dartaraq). Ay arvadlar, bir çarşab verin bəri!

F a t m a n s a (bir örpək verir). Ala... Daha elin abrı töküldü.

A f t i l. A kişi, hara sürüyürsən o uşağı?

B a l a r z a. Sənə nə var? Uşağı mən əkmişəm, sən? Sənə nə var?

A f t i l. Necə mənə nə var? Bu mənim oğlumun nişanlısıdır, ya yox?

B a l a r z a. Çox da nişanlısıdır. Nə olsun? Sən razı olarsan gəlinüvün abrısı tökülsün?

A f t i l. Gəlin mənimdir, mən istəyirəm oxusun.

B a l a r z a. Çox da gəlin sənindir, bu xalq məgər abrısından əl çəkib?

A f t i l. Gəlin mənimdir, mən deyirəm qoy oxusun.

B a l a r z a. Nə qədər mənim evimdədir, mənim ixtiyarımdadır. Onda ki, getdi evinə, onda əri bilər.

A f t i l. Mən razı olmaram ki, mənim gəlinimi avam saxlayasan.

Ş ə r i f. Kişinin uşağıdır, öldürər nə yaxşı, öldürməz nə yaxşı...

A f t i l. Bu gəlin mənimdir, yox?

B a l a r z a. İndi ki, elə oldu, heç vermirəm. Gəl sabah apar avadanlığuvu. İtə verərəm onu, daha sənə vermərəm.

A f t i l. Burax, sənə deyirəm, uşağı, getsin paltarını geyinsin.

B a l a r z a. Burax, deyirəm, uşağı, Həzrət Abbas haqqı, qan salaram.

 

Deyinərək gedir. Barat və atası içəridən çıxırlar.



 

B a r a t. Kişi, ağlını başına yığ, burax uşağı...

A l l a h v e r d i. Qızı mən əkmişəm, sən? Mən əkmişəm, sən? Sənə nə var?

B a r a t. Necə mənə nə var? Bu mənim bacımdır, ya yox?

A l l a h v e r d i. Cəhənnəm ol, burax uşağın əlini.

B a r a t. Bacı mənimdir, mən qoymaram sən onu onun-bunun sözü ilə bədbəxt eləyəsən.

A l l a h v e r d i. Buraxmırsan, buraxmırsan?

B a r a t. Yox.

A l l a h v e r d i. Yox? (Ona bir şillə vurur). Necədir? Burax!

B a r a t. Hörmətini bil, kişi! Atamsan, danışmıram. Uşağı burax. Bunlar hamısı elə adamların işidir ki, öz ciblərini güdürlər. Camaat, bu bir iş deyil ki, siz görürsünüz: kişilər kolxozu düzəltdilər – dağıtdınız, arvad kolxozu düzəltdilər – dağıtdınız. İndi də məktəbə əl atmışsınız.

Ş ə r i f. A kişilər, bir arvad cin kimi məktəbi dağıtmadı!

B a r a t. Məktəbi siz dağıtdınız!

Ş ə r i f. Allaha şükür, camaat özü görür də.

İ b a d. Camaat, bir məktəbin ki, müəllimi bic doğa, o məktəbə uşaq vermək olar?

C a m a a t. Elə müəllimə bizə gərək deyil!

B a r a t. Siz yalan deyirsiniz!

İ b a d. Yalan deyənin atası itə dönsün, sonra da inanmayanın.

B a r a t. Mən sabah qəmisyə yanında səni məhşər ayağına çəkəcəyəm. Gərək sən sübut eləyəsən!

İ b a d. Sən haranın tulasısan məni məhşər ayağına çəkəsən?

B a r a t. Gərək sübut eləyəsən.

Ş ə r i f. Sübut məndə. Hamısı subutalni, dakumentalni öz yerində. Mən sabah sənin qırmızı qulluğunda sübut eləyim, özün də gör.

F a t m a n s a. Ay adamlar, bu işi çək-çevirə niyə salmışsınız? Bu kənddə mama mənəm, ya yox? Məndən soruşun da. Belə, uşağı mən özüm tutmuşam. Xanımnaz gecə gəldi, məni çağırdı ki, qızım doğur. Mən getdim uşağı tutdum. Daha örtüb-basdırmaq lazımdır?

 

Bu aralıq Almaz saçları dağınıq və çox da pərişan bir halda camaat arasına çıxır.



 

A l m a z. Kəndlilər, yoldaşlar... Siz onlara inanmayın, qoyun mən sizə sözün olanını deyim...

F a t m a n s a. İstəmirik. Sözün olanını biz özümüz səndən yaxşı bilirik. Öz gözümüz ilə görmüşük.

Ş ə r i f. Sözün olanı qəzetdə yazılmışdır, get oxu.

H a c ı Ə h m ə d. Sən Şura hökumətinin pirğramını poza bilməzsən.

A l m a z. Yoldaşlar, Şura hökuməti...

H a c ı Ə h m ə d. Necə? Indi də Şura hökumətini söyürsən? Şura hökumətilə işin olmasın. Bizim canımız da, malımız da hökumətə qurbandır.

A l m a z. Yoldaşlar, hökumət...

H a c ı Ə h m ə d. Hökumətin adını çəkmə... Biz razı olmarıq ki, sən bizim hökumətimiz haqqında güldən ağır bir söz deyəsən.

A l m a z. Yoldaşlar, qoyun mən də sözümü deyim...

Ş ə r i f. İstəmirik. Biz razı olmarıq ki, sən bizim yanımızda Şura hökumətini söyəsən. Camaat, hamınız şahid olun!

B a l o ğ l a n. Yoldaşlar, yoldaşlar, dağılışın! Səs salmayın! Şəhərdən qəmisyə gəlib.

H a c ı Ə h m ə d. Hə? Qəmisyə gəlib?

B a l o ğ l a n. Bəli, bəli ya, bir dəstə adamdır.

Ş ə r i f. Bəs haradadırlar?

B a l o ğ l a n. Getdilər bizə.

Ş ə r i f. Yaxşı oldu ki, hələ əsli vaxtında gəldilər. Qoy gəlsinlər, görsünlər ki, bizim üçün necə müəllimə göndəriblər. Hansı ki, can kimi məktəbi vurdu dağıtdı. Qoy gəlsinlər, öz gözlərilə görsünlər.

 

Almaz donmuş kimi, divara söykənir və quruyub qalır. Hamı tez dağılır.


P ə r d ə


Yüklə 405,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə