Alma z pərdəli şəkilli pyes



Yüklə 405,5 Kb.
səhifə5/6
tarix11.09.2018
ölçüsü405,5 Kb.
#67989
1   2   3   4   5   6

BEŞİNCİ PƏRDƏ
BİRİNCİ ŞƏKİL
Almazın otağı. Axşamdır, otaqda lampa yanır. Ara-sıra göy guruldayır, ildırım çaxır və pəncərədən yağış yağdığı görünür. Almaz stol üstündə kağız yazır.

Haradansa xəfif bir laylay səsi eşidilir.

 

Y a x ş ı.



Laylay dedim adına,

Allah çatsın dadına.

Məndən ayrı düşəndə,

Laylam düşsün yadına.

Laylay, bala, laylay!

 

A l m a z (durub uşağa baxaraq). Qız, şeytan, dodaqlarını büzmə. Bax, anan səninçin laylay çalır.



Y a x ş ı.

Laylay dedim, al məndən,

Ipək məndən, şal məndən.

Dedim, Allah, balamı saxla,

Demədim ki, al məndən,

Laylay, balam, laylay!

 

A l m a z. Eşidirsən, Yaxşı səninçin nə oxuyur? Yox, yox ağlamaq olmaz! Mən sənin əlindən ağlamaqdansa, sən mənim əlimdən ağlayırsan. Acsan, ay yazıq? Qarınciyəzin acdır? İndi mən səninçin nə edim, hə? Şeytan, yox, yox, izinsiz ağlamaq olmaz! Dayan, dayan, bu saat mən sənin boğazına kələm dolması suyu tökəcəyəm.



 

Uşağı yerindən oynadır, üstünü örtür və yanında oturur. Laylay səsi gəlir.

 

B a r a t (yavaşca girərək). Almaz xanım.



 

Almaz eşitmir. Barat laylay səsini dinləyir.

 

Y a x ş ı.



Yerin, göyün sayı var,

Ulduzu var, ayı var,

Gün görməsin, kim məni

Öz balamdan ayırar.

Laylay, balam, laylay!

 

B a r a t (dərin bir hərəkətlə). Bu odur?



Y a x ş ı.

Laylam səslər, bil səni,

Bağda gözlər gül səni.

Laylay, balam, laylay...

 

B a r a t. Özüdür, Almaz xanım...



A l m a z (diksinərək). Hə, Barat, sənsən?

B a r a t. Mənəm, Almaz xanım. Bu laylay deyən sizin qonşunuz deyilmi?

A l m a z. Qonşumuz hansıdır?

B a r a t. Yaxşı...

A l m a z. Gərək ki, odur.

B a r a t. Onun gərək uşağı olmasın. Əri hələ keçən həftə gəlibdir. İl yarımdır getmişdir.

A l m a z. Bilmirəm.

B a r a t. Mən bilirəm, mən uşaqlıqda onun atası ilə qoyuna gedirdim. Nə isə... Qəmisyə kəndlilərin tələbini qəbul etdi.

A l m a z. Hansı tələbini? Onların birinci tələbi məni qulluqdan çıxardıb, dustağa salmaqdır.

B a r a t. Yox, o hələ qalır. Silistin açıq aparılması... Sabahdan iclas açıqda olacaqdır.

A l m a z. Səni dindirdilər?

B a r a t. Bizim hamımızı. Məndən elə şeylər soruşdular ki, mən lap özümü itirdim.

A l m a z. Qorxdun?

B a r a t. Qorxmağına qorxmadım, ancaq lap boğazım qurudu. Bu bir-iki gündə, Almaz, sən də çox dəyişmişsən. Rəngin sapsarı saralıbdır.

A l m a z. Mən neçə gecədir yatmıram, Barat. Dünən gecə ağlamışam.

B a r a t. Görünür qorxursan?

A l m a z. Yox, qorxmuram. Ancaq vəziyyətim çox ağırdır. Barat, neçə gecədir düşünürəm, çıxacaq bir yol tapmıram. Barat, qulaq as. Sənin bir kəlmə sözündən bir adamın ölümü, ya yaşaması asılı olursa, nə edərsən?

B a r a t. Bilmirəm, yəni necə adamın?

A l m a z. Belə... büsbütün günahsız bir adamın. Yazıq bir adamın...

B a r a t. Əlbəttə, mən elə edərəm ki, o yaşasın.

A l m a z. Ancaq onun yaşaması mənim özümü öldürür. Təkcə məni də yox, mənim işimi, mənim tutduğum yolu, əqidəmi, hamısını ləkələyir. Başa düşdünmü?

B a r a t. Deyəsən bir o qədər də başa düşə bilmədim.

A l m a z. Bu saat, Barat, mən iki yol arasındayam: ya mən iki günahsız adamı ölümə verməliyəm, ya da özümü, öz adımı el içində həmişəlik ləkələməliyəm. Ləkəli adla yaşamaqdansa, ölüm yaxşıdır. Bilirsənmi, Barat, ya onlar ölməlidir, ya mən. Ya onlar yaşamalıdır, ya mən. Başa düşürsənmi? Mən fikrimi toplaşdıra bilmirəm. Sənin fikrində təbiətin saflığı var. Sən öz sağlam duyğunla mənə məsləhət ver. Başa düşürsənmi, Barat?

B a r a t. Yox, Almaz xanım, deyəsən yaxşı başa düşə bilmədim.

A l m a z. Yaxşı, qalsın, görək nə olur.

B a r a t. Biz, Almaz xanım, gərək çalışaq ki, onların bütün işləri açılsın.

A l m a z. Yox, açılmayacaqdır. Görünür, tale özü onların köməyidir. Nə etmək, əl-qolum bağlanıbdır. Vəziyyətim ağırdır, Barat, ağırdır!

B a r a t. Almaz xanım, nə etmək lazımdır, sən de, mən eləyim. İstəyirsən gedim Şərifi, ya Hacı Əhmədi çağırım bayıra, çəkim yumruğu qulağının dibinə, hə?

A l m a z. Bu yumruqdan nə çıxar?

 

Fənər gərək, həm də rentgen fənəri!



Görməzlərə göstərsin

Nələr çıxır əsrin bizə

Göndərdiyi ömürdən.

İndi artıq daş yaşayış,

Ağac gediş yaramaz.

Əsrin nervi poladdandır,

Düşüncəsi dəmirdən.

Fənər gərək, həm də rentgen fənəri!

 

B a r a t. Vallah, onun gözünün altına elə bir rəngi tünd fənər qoyardım ki, lap yüz prosent işıq verərdi. Hayıf ki, proqramda yoxdur. Vallahı, Almaz xanım, mən hələ durum soyunum, Rüstəmi-Zal kimi girim ortalığa, kənd boyu qışqırım, kim vuruşur, gəlsin!



A l m a z. Eh, Barat, Barat...

B a r a t. Sən, Almaz xanım, heç qorxma! Mən bayaqdan qorxurdum, indi qorxum lap keçdi. Biz onları təqsirləndirəcəyik.

A l m a z. Necə? Nədə?

B a r a t. Sən, axı bilmirsən! Onlar quru palçığı divara yapışdırırlar. Qıpqırmızı üzümə durub deyirlər ki, guya bizim aramızda bir şey var.

A l m a z (qorxaraq). Necə? Kimin arasında?

B a r a t. Guya bizim aramızda...

A l m a z. Deməli, onlar səni də dolaşdırmaq istəyirlər?

B a r a t. Özü də deyirlər ki, guya bizim bir uşağımız da olub.

A l m a z (getdikcə artan bir həyəcanla). Uşağımız olub?

B a r a t. Onlar belə deyirlər də... Odur ki, sabah biz hamımız tələb edəcəyik ki, sübut eləsinlər...

A l m a z (getdikcə üzülərək). Sübut eləsinlər?

B a r a t. Uşağı göstərsinlər. Onların ki, əlində bir sübut yoxdur.

A l m a z (çox yorğun bir tərzdə). Onların əlində sübut vardır.

B a r a t. Vardır? Nə vardır?

A l m a z. Axı nə vardır? Hanı vardır! Göstər də.

A l m a z (uşağı göstərərək). Budur onların sübutu!

B a r a t (qorxub çəkilərək). Necə, doğrudan da uşaq varmış?

A l m a z. Görürsən ki, vardır.

B a r a t. Hər iş batdı, getdi. Hamımız gedəcəyik padsud.

A l m a z. Sən neçin, Barat?

B a r a t. Deyirlər ki, uşaq mənimdir də. Sözün biri ki doğru çıxdı, deməli, hamısı doğrudur də. Daha bizim sözümüzə kim inanar? Kağız yazmışam, komissiya çağırmışam, gəlib Şərifgilə düşübdür.

A l m a z. Barat, sən də inanırsan ki, uşaq mənimdir?

B a r a t. Bəs kimindir? De də...

A l m a z. Yox, yox, onu deyə bilmərəm, deyə bilmərəm. Barat, deyə bilmərəm. Ləkə üstümdən qalxmaq üçün hamı bilməlidir. Hamının da bilməsi, iki günahsız adamın həyatıdır. Başa düşürsənmi?

B a r a t. Axı sənə deyərlər ki, uşaq kimindir? Deyərlər, ya deməzlər? Birinci, elə mən özüm deyirəm. Yox, daha hər şeyi boynumuza qoyub sübut edəcəklər. Qapı açılır. Ş ə r i f çox ehtiyatlı bir hərəkətlə daxil olur.

Ş ə r i f. Hi-hi-hi... Gəlmək olarmı? (Kimsə danışmır). Mane olmadım ki?

A l m a z (sinirli). Siz mənə heç bir vaxt mane ola bilməzsiniz, vətəndaş  Şərif!

Ş ə r i f (gülərək). Hi-hi-hi, elədir, elədir (Sükut). Yağış elə yağır ki, elə bil göyün qırantı açılıbdır.

A l m a z. Nə istəyirsiniz?

Ş ə r i f. Mən şura katibiyəm. Sizə şura sədrindən kağız gətirmişəm (Sükut) Ayrı tapşırığım da vardır.

A l m a z. Deyin.

Ş ə r i f. Mənə buyuruq belədir ki, təklikdə deyəm.

A l m a z. Mənim Baratdan gizli heç bir sözüm yoxdur...

Ş ə r i f. Sən bir spakoys ol. Orası bizə də, kəndimizə gələn təhqiqat qəmisyəsinə də məlumdur. Ancaq bizim sözümüz gizlindir.

B a r a t. Eybi yoxdur. Mən onsuz da gedəcəkdim.

A l m a z. Barat, getməyin!

B a r a t. Gedim, sonra gələrəm.

Ş ə r i f (kinayə ilə). Çox gözəl, sonra gələrsən.

A l m a z. İstədiyim adamlar hər bir vaxt mənim yanıma gələ bilərlər.

Ş ə r i f. Elədir, elədir (Sükut) Sabah qəmisyə sizi açıq məhkəmə iclasına çağırır.

A l m a z. Xəbər göndərmək üçün kənddə başqa bir adam yoxdurmu?

Ş ə r i f. Vardı. Ancaq qəmisyə bizim evimizə düşübdür. Ona görə mənə dedilər.

A l m a z. Sizin evinizə düşüblər?

Ş ə r i f. Bəli, bəli. Necə məgər? Mən özüm şura katibi, mərkəzi qəzetlərin ən fəal müxbiri, divar qəzetində çalışıram. Bu da mənim vəsiqələrim... Bu da istiqraz vərəqələrim. Almaz xanım, sabah qəmisyə sizi iclasa çağırır. Sizin vəziyyətiniz çox ağırdır, bilirsinizmi? Əxlaqsızlıq, qızları çılpaq oynatmaq, evlərdən şey daşıtdırmaq, şəxsi tənqidçiləri ləkələmək və nəhayət, atasız bir oğlan doğmaqla məktəbin dağılmasına səbəb olmaq. Budur, hamısı təqsirnamədə subutalni, dakumentalni göstərilmişdir. Hamısına da şahid vardır.

A l m a z. İndi siz nə istəyirsiniz?

Ş ə r i f. Mən bu dəfə də sizə kömək etmək istəyirəm. Yüz ki, olsa, sən yenə də bizimkisən. Biz də deyirik ki, belə olsun ki, sirrimiz bayıra çıxmasın: ev bizim, sirr bizim. Hər nə olub, öz aramızda qalsın: nə dil bilsin, nə dodaq. Yoldaşlarımı da razı etmişəm... Qəmisyə ilə də işi düzəltmək olar. Kəndlilər özləri xahiş edirlər ki, müəllimə bir neçə vaxt da qalsın, bəlkə arada darazumenni[i] var, düzəldi-getdi.

A l m a z. Yaxşı, bunların hamısının bahası nədir?

Ş ə r i f. Yox, Almaz xanım, elə deməyin. Vallah, billah, mən size dünyalar qədər istəyirəm. Bizim aramızda ayıbdır. Sən müəlliməsən, yenə də başla müəlliməliyə, daha o yan-bu yan məsələlər qalsın bir yana, hələ biz də hamımız sizə kömək eləyək. Neynək, kəndimiz tərəqqi eləsin də. İstəməyənin gözü çıxsın. Budur, bura dörd yüz kəndli qol çəkmiş.

A l m a z. Dörd yüz kəndli... Hamı mənə qarşı? Neçin? Mən onların zərərinə çalışmışam?.. Həyat, həyat, sənin dərsindən böyük dərs ola bilməz. Demək, mən razı olmasam, vuruş davam edir.

Ş ə r i f. Necə vuruş? Onda hələ-əlbət hər kəs öz təklifini biləcək də... Budur... bu da qəzetlər, bu da məqalələr, bu da kağızlar. Hamısını subutalni, dakumentalni göstərirəm. Indi sizin huşunuz yerində isə, yaxşı-yaxşı düşünün, sonra cavab verin.

A l m a z. Elə isə, al! (Bütün kağızlarını onun üzünə çırpır). Yoldaşlarınada deginən ki, mənim boynum təslim ipinə alışmamışdır.

Ş ə r i f. Hi-hi-hi. Sirkə tünd olar, öz qabını çatdadar.

 

Şərif çıxır. Bir azdan sonra Almaz pəncərənin qabağına keçir. Bayırda ildırım çaxır, göy guruldayır, külək bacaları taqqıldadır, yağış bütün şiddəti ilə pəncərəyə çırpır,



bu aralıq yavaşca qapı döyülür.

 

A l m a z. Kimdir? (Qapıdakı səs vermir. Ancaq qapı döyülür). Kimdir? (Qapıdakı yenə səs vermir. Ancaq yenə də qapı döyülür). Cavab verməsən, qapını açmayacağam. Kimsən? Cavab ver.



Y a x ş ı (yavaşca). Mənəm.

A l m a z (ehtiyatla qapını açır, baxır, sonra qapını geniş açaraq). Yaxşı, sənsən?

Y a x ş ı. Mənəm.

A l m a z. Gəl, heç kəs yoxdur (Yaxşı bir gecə paltarında yataqdan durmuş kimi içəri girir). Sən çılpaq gəlmişsən. Bu yağışda, bu qiyamətdə ölərsən ki!..

Y a x ş ı. Ərim yatmışdı, yorğan-döşəkdən durmuşam. İbad hələ gəlməmişdi. Gərək ki, o şəhərdən gələn hökumət onu çağırmışdı.

A l m a z. Bəlkə, birdən ərin oyandı, ya Ibada rast gəldin?

Y a x ş ı. Çarəm nədir? Allaha pənah, yatıbdır.

A l m a z (uşağı verərək). Süd qurtarmışdı. Bayaq boğazına kələm dolması suyu tökürdüm. Qarnı acdır. Ala!

Y a x ş ı (uşağı alıb bərk qucaqlayır, ağlayır, süd verir). Bu Allaha rəvadır? Uşaqçın ürəyim əzilir. Bayaq xəlvət evdə baldızım uşağının beşiyini qoymuşam qabağıma, boş beşiyə laylay deyirəm.

A l m a z. Mən sənin səsini eşidirdim.

Y a x ş ı. Sonra sənin bulaq başında danışdıqlarını fikirləşirdim.

A l m a z. Yazıq, elə bil yüz ildir acdır.

Y a x ş ı. Sonra da eşitdim, sabah səni divana çağırırlar. Məsciddən bir Quran gətirmişəm, onu açmışam, qoymuşam başıma, getmişəm bir xəlvət evdə yuxarı, gəlmişəm aşağı. Sənə dua eləmişəm ki, Allah sənə kömək olsun, çünki sən bütün əlsiz-ayaqsızlara kömək edirsən. Dahı gedim, Allah öldürmüş birdən ayılar (Uşağı Almaza uzadır. Almaz uşağı böyük bir tərəddüdlə alır. Yaxşı yola düzələrkən). Almaz xanım, Allahımdan istəmişəm: mənə elə bir mümkün versin ki, sənin bu yaxşılığını yetirə bilim. Sağ ol! (Yavaşca qapı tərəfə çəkilir. Birdən Almaz çox mütərəddid bir səslə Yaxşını çağırır).

A l m a z. Yaxşı... Mən sənə bir söz demək istəyirəm. Mən demək istəyirəm, mümkün olsa... Vallah, Yaxşı, mümkün deyil... Bəlkə sən bu uşağı aparasan...

Y a x ş ı (bir təlaşla). Aparım?.. Aparım.. Hara aparım? (Özünü itirmiş kimi yerində qalır).

A l m a z. Yaxşı, sabah məni açıq məhkəməyə çağırmışlar. Adını deməsəm, onda iş mənim boynumda qalacaqdır.

Y a x ş ı (uşağı alır və nə edəcəyini bilməyərək). Bəs mən nə edim?

A l m a z. Sən məni təqsirləndirmə. Əgər iş, tək mənlik olsaydı, mən öz ölümümə razı olardım, səni darda qoymazdım. Ancaq, Yaxşı, bu saat iş belə düşüb ki, mən özümünkü deyiləm. Mən ləkələnsəm, mənim bütün düşündüyüm işlər də, hamısı xalqın gözündə dəyərdən düşəcəkdir. Başa düşürsənmi?

Y a x ş ı (heç düşünməyərək, başı ilə təsdiq edir). Düşürəm.

A l m a z. İnan ki, Yaxşı, mən məcburam. Qaçacaq bir yol yoxdur. Onlar bu işdən istifadə etməyə çalışacaqlar. Başa düşürsənmi?

Y a x ş ı (başı ilə biixtiyar təsdiq edərək). Düşürəm (Haraya getdiyini özü də bilməyərək, bayıra doğru yönəlir).

A l m a z. Al şalımı bürün, yağışdır. Bir-iki gün keçsin, istəsən, sonra yenə də səndən alaram. Göndərərəm şəhərə, priyuta. Başa düşürsənmi?

Y a x ş ı (öz-özündən soruşurmuş kimi). Allah... bəs indi mən bunu hara aparım?

 

 



Qapıdan çıxarkən şal başından düşür, özü isə fikir vermədən çıxıb gedir. Almaz şalı götürüb ardınca çıxır. Bir az sonra tək qayıdıb pəncərənin yanına keçir. Sonra oturub kağız yazmağa başlayır, yaza bilmir... Göy gurultusu getdikcə şiddətlənir, yağış şüşələrə çırpır, ildırım üst-üstdən çaxır və evi göz qamaşdıran bir işıqla işıqlandırır. Almaz bir az yazdıqdan sonra, göy gurultusundan diksinib qalxır, yenə də pəncərəyə yanaşır, bu aralıq bayırdan səs gəlir.

 

A f t i l. Almaz xanım, Almaz xanım!



A l m a z (diksinərək). Kimdir?

A f t i l. Mənəm, Aftiləm (Almaz qapını açır). Şəhərdən bir nəfər gəlib sizi axtarır. Bu da onun şeyləridir.

A l m a z. Yağış getdikcə şiddətlənir.

A f t i l. Elə tufandır ki, göz açmaq mümkün deyil. Yağış elə bil tuluqdan tökülür.

A l m a z (həyəcanla). O yazıq bu havada hara gedəcəkdir?

A f t i l. Kim? O bu saat araba ilə buraya gələcək. Araba palçığa batmışdır. Mən şeylərin yarısını götürdüm ki, yüngül olsun.

A l m a z. Tək, kimsəsiz, gücsüz bir adam, təbiətin belə bir qasırğası içində.

A f t i l. Mən gələndə, o yuxarı döngədə, bilmirəm, kim idi, bir ağ paltarlı palçığın içində külək çaşdırmışdı, yeriyə bilmirdi.

A l m a z (həyəcanla). Yeriyə bilmirdi?

A f t i l. Bir yıxıldı.

A l m a z (qorxaraq). Yıxıldı?

A f t i l. Yox, yenə də durdu, düzəldi yola. Gərək ki, zənən xaylağı idi.

A l m a z. Hayana gedirdi?

A f t i l. Uçurumun kənarına tərəf aşırdı. Ancaq külək dolaşdırmışdı onu: gah o yana çırpırdı, gah bu yana.

A l m a z. Aftil dayı, sən heç uçurumun dibini görmüşsənmi?

A f t i l. Onun dibini bu vaxta qədər görən olmamışdır. Ayaq getmir, göz işləmir – zülmətdir, zülmət.

A l m a z. Adam o sıldırım qayalardan uçuruma atılarsa, sağ qalarmı?

A f t i l. Qiyamətə kimi heç tikəsi də ələ gəlməz.

A l m a z (həyəcanla). Heç tikəsi də ələ gəlməz? Ona kömək edən olmayacaq, – o çaşıb, uçuruma yıxılacaqdır,

A f t i l. Yox, canım, o indicə gələr (Almazın şaşqınlığını görüncə) Kim?

Arvad, ya şəhərdən gələn?

A l m a z. İndicə gələr. Yox, o bir daha gəlməz... Gəlməz... Bax gör ildırım necə vurur! Bütün dünyanı işıqlandırır, yenə də sönür. Bir nəfər günahsız adam bu qiyamətin içində öz canını götürüb gəzdirir. Bütün yaranmışlardan, bütün insanlardan kömək istəyir. Ancaq kimsə ona kömək etməyəcəkdir. Qatillərə, canilərə kömək edərlər, ona yox...

 

Bu aralıq birdən ildırım çaxır, bir qırpımda bayır işıqlanır. Almaz pəncərədən baxıb dəhşətli bir həyəcanla bağırır: “Ah, o uçuruma yıxılacaq!”.



 

A f t i l. Almaz xanım, Almaz xanım, sizə nə olub? Siz sakit olun! Mən bu saat onun dalınca gedərəm (Gedir).

A l m a z (bir qızdırmalı kimi sayıqlayaraq). Bu qiyamətin içində tək... Yox, yox, bu cinayətdir! Mən qoymaram, qoymaram! (Birdən yerindən qalxıb, həyəcanla bayıra qaçır).

 

Bu aralıq Aftil və Fuad içəri girir. Fuad – görünüşcə səliqəli görkəmli və daranmış bir gəncdir. Əynindəki yol paltarını yağış başdan-ayağa islatmışdır.

 

A f t i l. Almaz xanım, Almaz xanım! Elə bu saatca burada idi. Heç bilmirəm hara getdi...



F u a d. Siz mənim gəldiyimi ona söylədinizmi?

A f t i l. Söylədiniz? Bəli, bəli, söylədik. O çox narahat oldu.

F u a d (mənalı bir tərzdə). Narahat oldu? Görünür, o mən olduğumu duymuşdur.

A f t i l. Vallah, axtarsan, bir cür baş-ayaq vururdu. Belə, belə, halı bir cür idi (Sözünü deyə bilmir, dediklərini də əlləri ilə təkmil etməyə və Almazın həyəcanını təsvir etməyə çalışır). Mən heç onu o cür görməmişdim.

F u a d (divardakı şəklə diqqətlə baxır və cibindən bir şəkil çıxardıb ikisini tutuşduraraq). Siz bu adamı tanıyırsınız?

A f t i l. Tanıyırsan deyəndə ki, vallah, o gərək ki, Almaz xanımın dostudur, ya qohumudur. Axır vaxtlar Almaz xanımın yanına tez-tez gəlir.

F u a d. Necə? Tez-tez gəlir?

A f t i l. Bir neçə vaxt hələ Almazın yanında qaldı. İndi də gələndə elə bura düşər.

F u a d. Aha... Bəs belə... Almazın yanında qalır... Məsələ aydınlaşır.

A f t i l. Mənə elə gəlir ki, o sayıqlayan kimi idi, birdən özünü tələf eləməsin?!

F u a d. Axı ona nə oldu?

A f t i l. Bilmirəm, mən elə sənin gəldiyini ona dedim, elə gördüm altı-beş vurur. Mən bir gedim görüm bu hara getdi.

 

Çıxmaq istəyir, bu aralıq Almaz qucağında uşaq içəri girir. İçəridə adam olduğunu görüncə, diksinib divara söykənir və birdən Fuadı tanıyaraq.


A l m a z. Fuad! Əzizim, sənsən? Nə yaxşı gəlmişsən (Üstünə yüyürüb onu öpmək istəyir, birdən geri dönərək). Yox, yox, dayan, hələ bu uşağı yerinə salım, mən səni bərk-bərk öpmək istəyirəm. Sənin üçün lap qəribsəmişəm. Yaxşı ki, gəldin, Fuad. Bu saat sənin köməyin mənə bilirsənmi nə qədər lazımdır (Uşağa işarə ilə) Ay yazıq, gömgöy göyərmişdir. Bilirsən, Fuad, mən onu bu saat lap uçurumun üstündən, ölümün boğazından çıxartmışam. Hə. Hələlik sən yat (Bir sevinclə Fuada doğru atılaraq). Fuad, əzizim, nə yaxşı ki, sən bu ağır dəqiqəmdə özünü mənə yetirdin (Fuadı qucaqlamaq istəyir).

F u a d (soyuq bir hərəkətlə, onun qollarını özündən rədd edərək, soyuq bir tərzdə). Bir az yavaş.

A l m a z (duruxur, sonradan Aftili görüncə, yenidən sevinərək). Aha... yox, Fuad, Aftil dayı elə adam deyil. O çox gözəl kişidir. O mənə lap atalıq eləmişdir... O bilir ki, mən səninçin qəribsəmişəm.

A f t i l. Eybi yoxdur, bacıqızı, işini gör, mən elə gedəsiyəm. Sonra yenə gələrəm (Çıxmaq istəyir).

A l m a z. Aftil dayı, bu mənim nişanlımdır. Görərsən, o mənə hər şeydə necə kömək edər.

A f t i l. Allah eləsin, bacıqızı, Allah eləsin (Gedir).

A l m a z. Fuad, əzizim, bilsən mən sənsiz nələr çəkmişəm (Yenə onu qucaqlamaq istəyir).

 

Fuad acıqlı onun qollarını itələyərək.

 

F u a d. Yavaş, deyirəm sənə. Mənim hələ səndən soruşacaq sözlərim vardır.



A l m a z (birdən duruxaraq). Fuad, sənə nə olub, sən heç danışmırsan?

F u a d. Onu sən özün yaxşı bilməlisən ki, mənə nə olubdur? Sən özünü yaxşı apara bilsəydin...

A l m a z (yenidən sevinərək). Bilirsən, Fuad, bu saat elə bir haldayam ki, heç ağlım başımda deyil. Bu saat mən ölümlə pəncələşirəm. Anlayırsanmı? Ölümlə! Bu hələ yaxşı günümdür, heç olmasa mənə daş atan yoxdur. Sən də mənim yanımdasan. Bilirəm ki, məni qoruyan var. Bəs sən onda görəydin ki... (İxtiyarsız halda yenə də onu qucaqlamaq istəyir).

F u a d (daha sərt bir hərəkətlə onu itələyir). Yavaş, deyirəm sənə. Özünü bilməməzliyə qoyma. Sən hələ mənə cavab verməlisən.

A l m a z (büsbütün şaşqın bir halda durub ona baxaraq). Fuad, sən nə istəyirsən?

F u a d. Nə istəyirəm? Səndən cavab istəyirəm.

A l m a z. Cavab? Nə cavab?

F u a d. Nə cavab? Sən bilmirsən? O uşaq kimindir?

A l m a z (boğulmuş kimi, nəfəsini tez-tez alaraq). Uşaq?.. Fuad, onu, sonra, deyərəm.

F u a d. Səndən soruşuram: uşaq kimindir?

 

Almaz yavaş-yavaş özünə gəlir, yaxasını düymələyir, saçlarını düzəldir və yüngülcə bir gülümsəmə ilə Fuada baxaraq, görüşdə sakit, lakin çox sərt.



 

A l m a z. Uşaq... mənimdir!

F u a d. Sənindir?.. Hm... Atası kimdir?

A l m a z. O sizin borcunuz deyildir.

F u a d. Almaz, gözünü aç, yaxşı bax... Məni tanıyırsan yox?

A l m a z. Mən sizi çox gözəl tanıyıram, vətəndaş Fuad... Sizin adınız Fuaddır.

F u a d. Bu azdır.

A l m a z. Siz mənim nişanlımsınız...

F u a d. Mən səndən tələb edirəm, söylə, uşaq kimindir?

A l m a z (daha sinirli bir halda). Uşaq mənimdir!

F u a d. Mən deyirəm: atası kimdir?

A l m a z. O sizin borcunuz deyildir.

F u a d. Bəs kimin borcudur?

A l m a z. Heç kəsin borcu deyildir. Onu mən özüm bilərəm.

F u a d. Almaz, sənin ağlın başındadırmı? Sən ailə namusunun nə olduğunu bilirsənmi? Sən hələ də sayıqlayırsan.

A l m a z. Mən azad bir qadınam.

 

Sükut.


 

F u a d. Azad, azad... Siz on damcı dərman yerinə, təsirli olsun deyə, qırx damcı içən bir naxoşa oxşayırsınız. Azadlıq ki, əxlaqsızlıq deyildir.

A l m a z. Siz də, uşaqlarına çörək verib, atam xeyratına deyən xəsislərə oxşayırsınız. Azadlıq mənim haqqımdır. Azadlıq sədəqə deyil. Hamısı mənimdir. Onu çərçivəyə alıb, hər iki saatdan bir çay qaşığı verməyə kimsənin haqqı yoxdur. Mən bütün işlərimdə ya azadam, ya əsir, ya ağayam, ya qul.

F u a d. Sən nə qədər məndəsən – mənimkisən, mənimki olmalısan. Sənin ki, dediyin anarxizmdir.

A l m a z. Sənin də dediyin əski dərəbəyliyin yeni formasıdır. Mən heç bir zaman səninki olmamışam və səninki olmayacağam.

F u a d. Sən ki, mənim nişanlımsan.

A l m a z. Nişanlım... Yaxşı, olmamış olum (Barmağından üzüyü çıxardıb, onun üstünə atır. Sükut).

F u a d. Almaz, bu şəkil kimindir? (Sükut) Eşidirsənmi?

A l m a z. O mənim dostumdur.

F u a d. O, birinci gün, kəndə gəlmək üçün vaqona minərkən rast gəldiyin oğlan deyilmi?

A l m a z. Odur.

F u a d. O buraya da gəlmişdir?

A l m a z. Gəlmişdir!

F u a d. Çox təəccüb!

A l m a z. Sizinçin bəlkə də...

F u a d. O sənin yanında qalmışdırmı?

A l m a z. Qalmışdır.

F u a d. Çox təəccüb.

A l m a z. Burada təəccüb ediləcək bir şey yoxdur. Mənim qapım dostlarımın üzünə həmişə açıqdır.

F u a d. Bu da azad qadın!

A l m a z. Kimsəsiz gecələrdə göz yaşı boğazıma tıxanırkən, Fuad gələr və “sağ ol, Almaz, qoçaqsan”, – deyə şən bir gülüşlə məni oxşar deyirdim. Fəqət sən gəlib nələr soruşursan. Həyat bir kislata kimi bütün paxırları açır, hər kəsi öz rəngində göstərir. İndi mən kiməm, sən kimsən? Mən yeni yaşayış yolunda çarpışan fədakar bir əsgər, bir soldat. Sən isə dargözlü, dar düşüncəli bir meşşan. Budur, mən bu kağızda hamısını sənə yazmışdım. Səni köməyə çağırırdım. İndi isə, al, bu da bu!

 

Kağızı götürüb cırmaq istəyir. Fuad ona doğru atılıb kağızı əlindən almaq istəyir.



Fəqət Almaz ondan qabaq kağızı cırıb atır.

 

F u a d. Sən sayıqlayırsan, Almaz! Sən anla ki, bir ailənin səadəti ondakı qadının məsumluğundadır. Sən anla ki, qız ilə qadın arasında bir pərdə vardır ki, onu sökmək – külfət səadətini sökmək deməkdir. Sən dindirəndə qızaran, güldürəndə ağlayan bir qızdın, bu dil səndə yox idi.



A l m a z. Sən mənim sevgimi, səmimi duyğularımı gərəksiz bir pərdəyə fəda edirsən. Deyirlər ki, səmimi eşqin ürəyi geniş olar. Orada kainat belə yerləşər. O hər şeyi bağışlaya bilər.

F u a d. Mən səni anlamıram, Almaz. Mən bir şeyə inanardım, hər şeyi keçərdim. Lakin biz bu uşağa nə ad qoya bilərik. Belə işi bağışlamaq... Eşidən nə deyər? Cidanı ki, çuvalda gizlətmək olmaz. Bunu kim bağışlaya bilər?

A l m a z. Bağışlamaq olmaz... Al, Fuad, bu nədir? (Ona bir kağız uzadır).

F u a d. Bu... bu...

A l m a z. Nədir?

F u a d. Bu, aliment kağızıdır.

A l m a z. Aliment kağızıdır?

F u a d. Lakin, Almaz, gənclikdir, bu bir işdi düşmüşdü.

A l m a z. Bir işdi düşmüşdü! Neçin səninçin bir iş düşə bilər, mənimçin düşə bilməz?

F u a d. Axı, Almaz, mən kişiyəm, sən qadın.

A l m a z. Unut artıq. Mənimçin dünyada kişi-arvad yoxdur. İnsan var: insane hər bir işində azad və sərbəst olmalıdır.

F u a d. Axı, kişiylə arvad arasında bir fərq var, ya yoxdur?

A l m a z. Var. Sənin cəmiyyətin kişiyə hər bir cinayəti bağışlayır, qadına yox.

F u a d. Cəmiyyətə tabe olmaq gərəkdir, yox? Bizim ki, şüarımız kollektivlikdir.

A l m a z. Mən sənin o çürük meşşan cəmiyyətinə qarşı mübarizə aparıram. O haqsızdır. Mən onun ardınca getməli deyiləm. O cəmiyyətin özünü yıxmaq lazımdır.

 

Sükut.



 

F u a d. Almaz, uşağın olduğunu bir adam bilirmi?

A l m a z. Nə demək istəyirsən?

F u a d. Qoy heç kəs bilməsin. Bu sirr aramızda qalsın.

A l m a z. Yox, mən çalışacağam ki, bunu bütün dünya bilsin və hamı bilsin ki, mənim öz işim, ancaq öz işimdir və ona qarışmaq kimsənin borcu deyildir.  
Əlindəki kağızı yerə atır. Bu aralıq doktor Temurtaş içəri girir.
Aha, sizsiniz, mən çox şadam...

T e m u r t a ş. Külək, Almaz, məni əldən salmışdır. Gedə bilmədik, yoldan qayıtdıq.

A l m a z. Tanış olun!

T e m u r t a ş (Fuada yanaşıb, gülümsəyərək, əlini uzadır). Temurtaş.

 

Fuad acıqlı bir dönüşlə onun gah üzünə, gah da əlinə baxır və birdən sərt bir hərəkətlə onun üzünə bir şillə vurur. Hər üçü dinməz durub bir-birinin üzünə baxırlar. Bu aralıq sərt bir hərəkətlə qapını çırpıb çıxarkən.



 

F u a d. Görüşərik.



 

P ə r d ə

Yüklə 405,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə